136 yaşlı
Azərbaycan mətbuatı yeni inkişaf dövrünü
yaşayır
Prezident İlham Əliyevin KİV-ə
göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin
sürətlə inkişaf etməsinə, mətbu
orqanların fəaliyyətinin genişlənməsinə və
peşəkarlıq səviyyəsinin yüksəlməsinə
səbəb olub
Məlum olduğu kimi, hər il iyulun 22-si, yəni, ilk milli mətbuatımız olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu il isə, Azərbaycan milli mətbuatının 136 illiyidir. Ölkəmiz ötən əsrdə növbəti dəfə müstəqillik əldə etdikdən, daha doğrusu, Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda bütün sahələrdə inkişaf qeydə alınıb. Təbii ki, bu inkişafdan ölkə mətbuatına da pay düşüb. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız özünün yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) həyata keçirdiyi layihələr və elan etdiyi qrant müsabiqələri isə KİV-in fəaliyyətinə əsaslı stimul verir.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda KİV-lə bağlı həyata keçirilən islahatlar çərçivəsində 2000-ci ildə KİV-lərin fəaliyyətinə dövlət nəzarəti funksiyasını yerinə yetirən Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Ulu öndər Heydər Əliyevin 20 iyul 2001-ci il tarixli Fərmanı ilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı və Əsasnaməsi təsdiq edildi. Şuranın yaradılmasında məqsəd KİV haqqında qanunvericiliyin tələblərinə əməl olunmasında ictimai nəzarətin təmin edilməsi, dövlət orqanları ilə KİV arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığı üçün daha geniş imkanların yaradılmasından ibarət idi.
Bir sözlə, hər zaman mətbuat işçilərinə diqqət və qayğı göstərən Ulu öndər jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirir, onların azad fəaliyyətinin təmin edilməsi üçün hər cür şərait yaradırdı. Milli mətbuatımızın 125 illiyində jurnalistlərlə görüşündə Ümummilli lider Heydər Əliyev demişdi: “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq verməkdir. Söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir”.
2001-ci il dekabrın 18-də Prezident Sarayında ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu öndər Heydər Əliyev demişdi: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”.
2002-ci il mayın 11-də Ulu öndər Heydər Əliyev “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Fərman imzaladı. Həmin il iyulun 25-də isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Prezident Sarayında Bakı Mətbuat Klubunun təsisçilərini qəbul etdi. Görüşdə Ulu öndər Heydər Əliyev mətbuata dövlət tərəfindən lazımi köməklik göstəriləcəyini bildirdi.
Ulu öndərin jurnalistikaya ayırdığı diqqətin daha bir göstəricisi yuxarıda
da qeyd etdiyimiz
kimi, Onun 2000, 2001 və
2002-ci illərdə media
quruluşlarının rəhbərləri ilə keçirdiyi görüşlərdir. Bu görüşlərdə O, mətbuat sahəsində
mövcud olan problemləri
birbaşa olaraq media nümayəndələrinin özlərindən
öyrənirdi. Bu davranışları
ilə Ümummilli liderimiz
məmurlara da əsl nümunə olurdu. Ulu öndər, hətta mətbuata informasiya
verməkdən yayınan məmurlara müraciət edərək
onları mətbuata açıq olmağa,
xalqın lazımi informasiya ilə
vaxtında təmin olunması üçün
jurnalistlərlə əməkdaşlıq etməyə
çağırmışdı. Bütün
bu sadalananlara görə
də, Ulu öndər mətbuat
işçiləri üçün ən
yaxın dosta çevrilmişdi.
Təsadüfi deyil ki,
Ümummilli lider
2002-ci ildə “Ruh” Jurnalistləri
Müdafiə Komitəsinin təsis etdiyi
“Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Mətbuat
Şurası üzərinə düşən işlərin
öhdəsindən layiqincə gəlir
Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə mətbuatla, KİV-lə bağlı atılan addımlardan danışarkən Mətbuat Şurasının yaradılmasını da xüsusi olaraq vurğulamaq yerinə düşər. Məlumat üçün deyək ki, Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan kimi fəaliyyət göstərən Mətbuat Şurası 2003-cü il martın 15-də ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb və həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanların yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.
Ötən müddət ərzində “reket nəşrlər”ə qarşı aparılan effektiv mübarizə isə Mətbuat Şurasının qarşıya qoyduğu məqsədlərə çatmaq istiqamətində fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.
Beləliklə, yuxarıda Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra KİV sahəsində görülən işləri xronoloji ardıcıllıqla oxuculara təqdim etdik. Lakin bu xronoloji ardıcıllığın özündə zəngin bir tarix yatır. Çəkinmədən qeyd etmək olar ki, 1993-2003-cü illəri əhatə edən bu dövr Azərbaycan mətbuatının inkişaf tarixinin ən zəngin mərhələsidir. Çünki məhz bu illərdə Ulu öndər tərəfindən əsası qoyulan siyasi kurs, reallaşdırılan islahatlar, eyni zamanda, müasir Azərbaycanda mətbuatın inkişaf istiqamətlərini müəyyənləşdirdi. Birmənalı olaraq, qeyd etməliyik ki, Ulu öndər Heydər Əliyevin mətbuatın inkişafına verdiyi böyük önəm, davamlı diqqət və qayğısı sayəsində müasir Azərbaycanın müstəqil milli mətbuatı formalaşdı, ölkədə demokratiyanın əsas göstəricilərindən biri olan söz, fikir və məlumat azadlığı bərqərar oldu, obyektiv, qərəzsiz informasiya vermək mətbuat orqanlarının müntəzəm qaydada riayət etdiyi əsas prinsipə çevrildi. Azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şəraiti yaratdı. Mətbuat təsis etmək üçün bütün dövlət icazəvermə mexanizmləri ləğv olundu, mətbuat haqqında qanun tam liberallaşdırıldı və Avropa standartlarına uyğunlaşdırıldı. Mətbuat vasitələri və çap mediası dövlət vergilərindən azad olundu. Mətbuatın inkişafı istiqamətində həyata keçirilən islahatlar, əməli tədbirlər nəticəsində sabit inkişaf yoluna qədəm qoyan milli mətbuatımız yeni-yeni nəşrlərlə daha da zənginləşdi, eyni zamanda, mətbuatda peşəkarlıq və keyfiyyət ön plana çıxdı.
Beləliklə, əksər
ekspertlərin də qeyd etdikləri kimi, mətbuat sahəsində dövlət
siyasətinin mahiyyəti ondan ibarətdir ki, mətbu orqanlar
xalqın maariflənməsi, məlumatlanması, ümumbəşəri
ideyaların, milli dəyərlərin təbliği,
vətəndaş cəmiyyətinin qurulması, demokratiya, aşkarlıq və ədalətin
bərqərar olması istiqamətində atılan
addımlara mümkün qədər daha böyük dəstək
versin.
Prezident İlham Əliyev
də mətbuata böyük diqqət və
qayğı göstərir
Sevindirici haldır ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də mətbuata böyük diqqət və qayğı göstərir. Dövlət başçısının mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin sürətlə irəliləməsinə, mətbu orqanların fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.
Məhz bunun nəticəsidir ki, hazırda milli mətbuatın bazasının möhkəmləndirilməsi, dövlət orqanları ilə mətbuat arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər planı həyata keçirilir. Prezident İlham Əliyevin 2005-ci ildə Milli Mətbuatın yaranmasının 130 illiyi münasibətilə ölkənin aparıcı jurnalistlərini dövlətin ali mükafatları ilə təltif etməsi, “Əməkdar jurnalist” fəxri adının bərpa olunması, aparıcı qəzet redaksiyalarına birdəfəlik yardımların ayrılması, həmçinin, bu sahədə imzaladığı digər Fərman və sərəncamlar dövlət başçısının mətbuata diqqət və qayğısının bariz nümunəsidir.
Eyni zamanda, mətbuatın, eləcə də, KİV-in fəaliyyətini stimullaşdırmaq məqsədilə, həmçinin, jurnalist əməyinə verilən yüksək qiymətin göstəricisi olaraq Prezident İlham Əliyev 2005-ci il iyul ayının 21-də “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalayıb. Dövlət başçısının Azərbaycan mətbuatının 130 illik yubileyinin qeyd edilməsi haqqında 2005-ci ildə imzaladığı Sərəncamda müstəqil milli mətbuatımızın üzərinə düşən məsuliyyət ifadə olunur. Sərəncamda da göstərildiyi kimi, bu gün mətbuat müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamalıdır. Hazırda ölkəmizdə həyata keçirilən bütün bu proseslərin mətbuatın, KİV-lərin iştirakı olmadan reallaşdırılması isə təsəvvür edilə bilməz.
Prezident İlham Əliyevin 2006-cı il 8 fevral tarixli
Sərəncamını isə Ulu öndərin
mətbuatın maddi-texniki
imkanlarının yaxşılaşdırılması
yönündə həyata keçirdiyi
siyasətin davamı kimi qiymətləndirmək
olar. Çünki
sözügedən tarixdə dövlət
başçısının imzaladığı “Qəzetlərin
“Azərbaycan” nəşriyyatına olan
borclarının ödənilməsi barədə” Sərəncama
əsasən qəzetlərin nəşriyyata olan
450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənildi.
Xatırladaq ki, qəzetlərin
borclarının dondurulması haqqında mütərəqqi
qərar hələ 2001-ci ildə Ulu
öndər tərəfindən verilmişdi.
Dövlət büdcəsinin gəlirlərinin
artması və respublikamızın maliyyə
imkanlarının yaxşılaşması borcların
büdcə hesabına birdəfəlik ödənilməsinə
şərait yaratdı. Qeyd edək ki, borcları ödənilən qəzetlər
içərisində müstəqil və müxalifyönlü
qəzetlər üstünlük təşkil edib. Bu isə bir daha təsdiq edir ki, siyasi mövqeyindən
asılı olmayaraq, ölkədə bütün mətbuat orqanlarına dövlətin
münasibəti, diqqət və qayğısı eynidir və onların azad
fəaliyyətinə heç bir maneə yoxdur.
KİVDF azad mətbuatın
inkişafına dəstək olur
Yeri
gəlmişkən, mətbuatın maddi durumunun yüksəldilməsi
istiqamətində görülən işlərin davamı
olaraq Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinə
birdəfəlik maliyyə yardımı göstərilməsi
haqqında”, eləcə də, “Azərbaycan Respublikasında
kütləvi informasiya vasitələrinin inkişafına
dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi
haqqında” sərəncamlarını göstərmək
olar. Məlumat üçün deyək ki, adıçəkilən
konsepsiya dövlət orqanları ilə KİV arasında səmərəli
əməkdaşlıq əlaqələrinin inkişaf
etdirilməsi, milli mətbuatın problemlərinin həllinin
sürətlənməsi, demokratik, qərəzsiz, azad mətbuatın
inkişafına hərtərəfli dəstək verilməsi,
jurnalistlərin peşəkarlığının
artırılması, vətəndaş cəmiyyəti
quruculuğunda kütləvi informasiya vasitələrinin
rolunun gücləndirilməsi baxımından çox vacib sənəddir.
Konsepsiyada dövlət orqanlarının fəaliyyəti barədə
ictimaiyyətin məlumatlandırılması KİV-in
mühüm vəzifələrindən biri kimi göstərilir.
Həmçinin, dövlətin informasiya siyasətinin
başlıca vəzifələrindən biri KİV-in fəaliyyətində
şəxsiyyət, cəmiyyət və dövlət
maraqlarının tarazlaşdırılmasına yönəlmiş
hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin
müəyyən edilməsidir. Dövlətin mətbuatın
inkişafına göstərdiyi dəstək şəffaflıq,
qarşılıqlı məsuliyyət, əməkdaşlıq
və s. prinsiplərə söykənir. Əlavə edək
ki, bu dəstək mətbuat orqanlarının azad fəaliyyətinə,
öz sözünü deməyə nəinki heç bir məhdudiyyət
yaratmır, əksinə, onların müxtəlif ölkələrin
maraqlarına xidmət edən xarici donorların təsiri
altına düşməsinin qarşısını alır.
Prezident
İlham Əliyevin 2009-cu il aprelin 3-də imzaladığı
“Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncam
isə mətbuatın inkişafı yönündə
görülən işlərin sistemli və davamlı xarakter
daşıdığını təsdiqləyən daha bir
addım oldu. Əksər ekspertlərin də qeyd etdikləri
kimi, bu Sərəncam “Azərbaycan Respublikasında kütləvi
informasiya vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası”nda öz əksini tapan məsələlərin
praktik surətdə gerçəkləşdirilməsi
baxımından böyük önəm kəsb edir. Sərəncamla,
həmçinin, “Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
inkişafına Dövlət Dəstəyi Fondu haqqında
Nizamnamə” təsdiq edildi. Yaradılan Fond KİV-lərə,
o cümlədən, mətbuatın fəaliyyətinə təşkilati-texniki,
metodiki, konsultativ, maliyyə və digər formalarda yardım
göstərir. Fond KİV-in inkişafı, söz, mətbuat
azadlığı və s. bu kimi mövzularda keçirilən
seminarların, konfransların, təlimlərin təşkili,
KİV-in fəaliyyətinin təkmilləşdirilməsi,
onların informasiya əldə etmək imkanlarının
genişləndirilməsi, jurnalistlərin ixtisas və peşə
hazırlığının artırılması
üçün tövsiyələr, materiallar, məlumat
kitabçalarının hazırlanması və digər
yollarla KİV-in fəaliyyətinə dəstək verir. Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun da dediyi
kimi, Fondun yaradılmasının əsas məqsədi və
fəlsəfəsi azad medianı inkişaf etdirmək, onu dəstəkləmək,
mətbuatın maddi-texniki bazasını gücləndirmək,
o cümlədən, mediada çalışan jurnalistlərin
sosial vəziyyətinin yaxşılaşdırılmasına
xidmət göstərməkdir. Fəaliyyətə
başladığı müddətdə qarşıya qoyulan
məqsədlərə doğru uğurla irəliləyən
Fond heç şübhəsiz, Azərbaycan mətbuatının
bundan sonrakı inkişafı tarixində böyük iz qoyacaq.
Fondun
icraçı direktoru Vüqar Səfərlinin sözlərinə
görə, KİVDF-nin keçirdiyi qrant müsabiqələri
KİV-lərin, yazı müsabiqələri isə jurnalistlərin
sosial durumunun yaxşılaşdırılmasına kömək
edir. Yeri gəlmişkən, ötən müddət ərzində
KİV-in inkişafı ilə bağlı təkcə sərəncamlar
və fərmanlar imzalanmayıb, eyni zamanda, bir sıra qanunlara
əlavə və dəyişikliklər edilib. Daha dəqiq
desək, ölkə mətbuatının inkişafını
sürətləndirmək üçün Milli Məclis
“Kütləvi informasiya vasitələri haqqında”,
“İnformasiya əldə etmək azadlığı
haqqında”, “Əməliyyat axtarış fəaliyyəti
haqqında” və “Məlumat azadlığı haqqında”
qanunlara müasir dövrün tələblərindən irəli
gələn mütərəqqi dəyişikliklər edib.
KİV-in inkişafına dəstək
verilməsi istiqamətində dövlətin həyata
keçirdiyi məqsədyönlü tədbirlər davam edir
Bir
sözlə, Azərbaycanda söz və mətbuat
azadlığının təmin olunması, KİV-in
inkişafına dəstək verilməsi istiqamətində
dövlətin həyata keçirdiyi məqsədyönlü
tədbirlər davam edir. Məhz bunun nəticəsidir ki,
Prezident İlham Əliyev 2010-cu il 10 iyun tarixində “Azərbaycan
milli mətbuatının 135 illik yubileyinin keçirilməsi
haqqında” Sərəncam imzalayıb.
Əksər
ekspertlərin də qeyd etdikləri kimi, 10 iyun Sərəncamı,
eyni zamanda, jurnalistika qarşısında da yeni vəzifələr
qoyur. İrəli sürülən yeni vəzifələrin
birincisi, peşəkarlığın yüksəldilməsidir.
Yəni, əgər həmin Sərəncama qədər
jurnalistikanın qarşısında obyektiv, operativ, qərəzsiz
və tərəfsiz informasiya toplayıb cəmiyyətə
yaymaq vəzifəsi qoyulurdusa, bundan sonra peşəkarlığın
yüksəldilməsi də önə çəkilir. Bu,
çox vacib məqamdır. İkinci vəzifə yüksək
milli şüur və vətənpərvərlik prinsipidir. Bu
da vacib və dəyərli məsələdir. Çünki
milli mənafeləri qorumaq hər bir vətəndaşın
borcudur. Onu da unutmaq olmaz ki, torpaqlarımızın 20 faizi
işğal altındadır və onların geriyə
qaytarılmasında müharibə variantı istisna deyil. Deməli,
KİV gənclərin vətənpərvərlik hisslərinin
gücləndirilməsinə xüsusi diqqət yetirməlidir.
Qarşıya qoyulan vəzifələrdən biri isə
söz və mətbuat azadlığından sui-istifadəyə
qarşı qətiyyətli mübarizədir.
Onu
da bildirək ki, məhz bu Sərəncama əsasən
respublikamızın müxtəlif bölgələrində,
həmçinin, Bakının ayrı-ayrı rayonlarında və
müxtəlif qurumlarda milli mətbuatımızın 135 illik
yubileyi münasibətilə tədbirlər keçirilib. Yubileylə
bağlı yekun mərasim isə iyulun 22-də
“Gülüstan” sarayında gerçəkləşib.
İstər
tədbirlərin keçirilməsi, istərsə də
dövlət başçısının milli mətbuatımızın
135 yaşının tamam olduğu gün, yəni, ötən
il iyulun 22-də imzaladığı sərəncamlar əsası
Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
mətbuat siyasətinin Prezident İlham Əliyev tərəfindən
uğurla və yeni keyfiyyətdə davam etdirilməsini
növbəti dəfə təsdiqləyir. Məlumat
üçün deyək ki, həmin sərəncamlarla bir
qrup mətbuat işçisinə fəxri adlar və mükafatlar
verilib, bir sıra KİV orqanlarına birdəfəlik maliyyə
yardımları edilib, həmçinin, Azərbaycan mətbuat
işçilərinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması və onlar
üçün yaşayış evlərinin tikilməsi məqsədilə
2010-cu il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. Yəni,
bu bir həqiqətdir ki, Prezident İlham Əliyevin mətbuat
sahəsinə göstərdiyi xüsusi diqqət və
qayğı bu sahənin sürətlə inkişaf etməsinə,
mətbu orqanların fəaliyyətinin genişlənməsinə
və peşəkarlıq səviyyəsinin yüksəlməsinə
səbəb olub. Məhz bunun nəticəsidir ki, hazırda
milli mətbuatın bazasının möhkəmləndirilməsi,
dövlət orqanları ilə mətbuat arasında əməkdaşlığın
inkişaf etdirilməsi istiqamətində məqsədyönlü
tədbirlər planı həyata keçirilir.
Prezident
İlham Əliyevin ötən il iyulun 22-də Mətbuat
Şurasının yeni binasının
açılışında iştirak etməsi isə bu qayğı
və diqqətin daha bir bariz nümunəsidir. Qeyd edək ki, əsaslı
şəkildə və müasir üslubda yenidən
qurulmuş ikimərtəbəli binada şura üzvlərinin
və əməkdaşların fəaliyyəti
üçün hər cür şərait yaradılıb.
Binada xidməti otaqlarla yanaşı, konfrans zalı, müraciətlərin
qəbulu, monitorinq qrupu və komissiyalar üçün
otaqlar yerləşir. Xidməti otaqlar müasir texniki vasitələr,
kompüterlər və mebellə təchiz olunub.
Son
olaraq bir daha vurğulamaq yerinə düşər ki, bu
gün öz inkişaf tempinə görə Cənubi
Qafqazın lider dövlətinə çevrilən Azərbaycanda
bütün sahələrə olduğu kimi, KİV-ə də
dövlət və şəxsən Prezident İlham Əliyev
tərəfindən xüsusi diqqət və qayğı
göstərilir. KİV-in hərtərəfli inkişafı
üçün lazımi Fərman və sərəncamları
imzalayan dövlət başçısı, eyni zamanda, mətbuatın
üzləşdiyi problemlərin aradan qalxması istiqamətində
hərtərəfli dəstək göstərir. Bu isə
milli mətbuatımızın inkişafına əlavə
stimul verir.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2011.- 21 iyul.- S.4.