Müasir Azərbaycan
mətbuatı böyük inkişaf yolu keçib
Ümummilli
liderimiz Heydər Əliyev: Jurnalist əməyi qeyri-adi əməkdir.
Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq,
öz peşəsinə vurğunluq tələb edən əməkdir
136 il öncə
başlanan yol...
136 il öncə nəşrə
başlayan “Əkinçi” qəzeti Azərbaycanın milli mətbuatının
əsasını qoydu. Həsən bəy Zərdabinin
naşirliyi ilə işıq üzü görən “Əkinçi”nin
ardından dünya mətbuatı müstəvisinə can atan
Azərbaycan mətbuatı ötən 136 ildə böyük
inkişaf yolu keçib. 1875-ci il iyulun 22-də ilk nömrəsi
nəşr olunan “Əkinçi” qəzetində Həsən
bəy Zərdabi türk millətinin yaşamasını, irəliyə
getməsini, elm və mərifət sahibi olmasını
arzulayırdı və cəmiyyətə dilin verilməsini
mütləq sayırdı. Zərdabi dönə-dönə
vurğulayırdı ki, millətin ayılması
üçün mütləq maariflənməsi gərəkdir.
Xalqın maarifləndirilməsi prosesində isə öndə
ziyalılar gedirdi. “Əkinçi” ilə başlanan bu estafet
sonradan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, Məmməd
Ağa Şaxtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi
Rus”, “Həyat”, Əhməd bəy Ağaoğlunun
yaradıcısı olduğu “İrşad”, “Füyuzat” kimi
mübariz mətbu orqanlarla davam etdirildi. Ziyalıların bu
addımları cəmiyyətin aparıcı
simalarını, o zamanın iş adamlarını da vahid
platforma ətrafında birləşdirirdi. Bakının azərbaycanlı
milyonçuları millətin oxuya biləcəyi, maariflənəcəyi
mətbu orqanların nəşrinə maddi dəstək
göstərirdi. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü
və maddi köməyi ilə Bakıda rus dilində “Kaspi” qəzeti
dərc olunurdu. Ölkədə dini xürafatın
qarşısını almaq, insanların gözünü
açmaq üçün ən böyük addım C.Məmmədquluzadənin
redaktorluğu ilə bütün müsəlman
dünyasında məşhur olan “Molla Nəsrəddin”
jurnalının nəşri idi. Məhz “Molla Nəsrəddin”
o dövrün ən populyar nəşri sayılırdı.
Xalqın gözünün bağlı qalmasını, min bir
fəndlə insanları aldatmaq istəyənlər
jurnalın nəşrinə mane olmağa səy göstərirdilər.
Amma artıq vüsət almış prosesi dayandırmaq
qeyri-mümkün idi.
1918-ci ildə Azərbaycanın müstəqillik
əldə etməsi milli mətbuatımızın
inkişafında yeni mərhələnin əsasını
qoydu. O dövrün görkəmli ziyalılarından Şəfi
bəy Rüstəmbəylinin, Cəmo bəy Hacinskinin,
Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilərin, Cəfər
Cabbarlının mətbuatın inkişafında göstərdikləri
xidmət həddindən artıq böyük idi. Həmin illərdə
ilk dövlət qəzetimiz işıq üzü
gördü, ardından isə digər müstəqil mətbu
orqanlar nəşrə başladı. Müstəqil respublika
dövründə Azərbaycan mətbuatı sözün əsl
mənasında demokratik meyarlarla inkişaf edirdi. Avropanın,
Qərbin hələ demokratiya haqqında mülahizələri
mövcud olanda, Azərbaycanda bütün sahələrdə,
o cümlədən, mətbuat sahəsində demokratik prinsiplər
tətbiq olunurdu.
Təəssüf ki, Azərbaycan
Demokratik Respublikasının ömrü qısa oldu və
ölkədə qurulan Sovet rejimi bütün sahələr
kimi milli mətbuatın da
boğulmasına gətirib çıxardı.
1969-cu il: Mətbuatın
inkişafında dönüş nöqtəsi
1920-ci ildə qurulan Sovet rejimi ilk
vaxtlarda ölkənin ziyalılarının, xalqın maariflənməsində,
vətənpərvərlik ruhunun oyanmasında böyük
rolu olan şəxsiyyətlərin repressiyasına və
mütərəqqi, demokratik fikri boğmağa başladı.
Rejimin rəhbərləri ölkənin istər mətbuatının,
istərsə də ədəbiyyatının aparıcı
simalarını sıradan çıxarmaqla keçmişi
unutdurmağa, gələcəyi isə yalnız öz
arzularına uyğun qurmağa cəhd edirdilər.
1936-40-cı illər arasında məhv edilən ziyalılar
dövrün ən aparıcı şəxsiyyətləri,
mütərəqqi fikir sahibləri idilər.
Sonrakı dövrlərdə isə
artıq Sovet təbliğatı tam şəkildə öz
istəklərini tətbiq etməyə başladı.
Düzdür, ali məktəb səviyyəsində jurnalistika
tədris edilsə də, Azərbaycan dilinin artıq
sıradan çıxmaq üzrə olması, get-gedə milli
vətənpərvərlik hisslərinin boğulmasına cəhd
göstərilməsi Azərbaycanda mətbuatın
inkişafında böyük maneələr yaradırdı.
Bununla belə totalitar rejimin senzura maşını milli mətbuat
ənənəsinin inkişafını dayandırsa da,
peşəkarlıq baxımından müəyyən yol qət
edildi. 1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçilməsi digər sahələr kimi, mətbuatın
inkişafında da əsaslı dönüş yaratdı. Məhz
həmin dövrdə istər ədəbi, istərsə də
mətbu sahədə yüksək irəliləyiş nəzərə
çarpırdı. Həmin vaxtlarda Azərbaycan dilində qəzetlərin
sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan
dilində yayımı genişləndirildi. Ulu öndər
Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) jurnalistika fakültəsində ixtisaslı
kadrların hazırlanması istiqamətində əhəmiyyətli
addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı
demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə
və digər parametrlərinə görə seçilirdi.
Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə
qadağan olunan milli adət-ənənələrimizdən,
milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən
yazmağa başladı, bu məsələlər geniş təhlil
olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin
şəxsi təşəbbüsü ilə o zamanın Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsinin əlaçı
tələbələri Moskva Dövlət Universitetinə
oxumağa göndərildilər. Bu isə Azərbaycan milli
jurnalistika məktəbinin formalaşmasında, müasir
jurnalistikanın inkişafında mühüm və müstəsna
rol oynadı.
Sovet İttifaqının
dağılması ilə müstəqillik əldə edən
Azərbaycanın mətbuatının da taleyi keşməkeşli
oldu. Həmin dövrlərdə mətbuatın necə
böyük çətinliklərlə üzləşdiyi
hamıya bəllidir. O baxımdan, müasir, müstəqillik əldə
etdiyimiz 1991-ci ildən sonrakı dövrü bir neçə
istiqamətə görə qruplaşdırmaq
mümkündür.
1991-1993-cü
illər: Başsız ölkənin cansız mətbuatı
1991-ci ildə əldə olunan müstəqilliklə
bərabər ölkənin başını qara buludlar
aldı. Təsadüfi şəxslərin ölkə rəhbərliyinə
gəlməsi, silahlı qruplaşmaların hakimiyyət
uğrunda mübarizə aparması və ölkədə
qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın
da inkişafına maneələr törədirdi. Həmin
vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə
yaradılan bürokratik əngəllər əsl həqiqətin
xalqa çatdırılmasına mane olurdu. AXC-Müsavat
hakimiyyətinin jurnalistikaya, jurnalistlərə münasibəti
hakimiyyətdə təmsil olunma səviyyələri ilə
adekvat idi. Məhz bu hakimiyyətin dövründə jurnalistlərə
qarşı sui-qəsdlərin planlaşdırılması,
özbaşınalıq, mətbuat işçilərini təqib
etmə sanki dəbə minmişdi. Hətta bəzi
hüquq-mühafizə orqanlarına rəhbərlik edən
şəxslər açıq-aşkar televiziyalara silahlı
basqın etməkdən, canlı efirdə jurnalisti təhqir,
təhdid etməkdən çəkinmirdi. Məmurlar istənilən
jurnalist haqqında istədiyi qərarı verirdi və söz azadlığı, fikir
plüralizmi kimi mövhumlar Azərbaycana yad meyarlara
çevrilmişdi. İstər Həsən bəy Zərdabi
dövründən miras qalan, istərsə də Ümummilli
liderimiz Heydər Əliyev tərəfindən
formalaşdırılan milli mətbuat ənənələri
kobud şəkildə dağıdılırdı. Millətin
gərgin psixoloji durumundan istifadə edərək şantaj, hədə-qorxu
yolu ilə pul qazanmaq hərisliyi bəzi məqamlarda jurnalist
adına ləkə vurulması ilə də nəticələnirdi.
Hətta bu gün belə mübarizə aparılan,
jurnalistikanın ən ağrılı yeri sayılan “reket
jurnalistikası” da məhz o günlərdən bizə qalan
yadigardır. Özbaşınalığa, tamahkarlığa,
qanunu pozmağa öyrənmiş bu insanlar hətta mətbuata
da ləkə vurmaqdan çəkinmədi və Azərbaycan
ziyalısının adına qara yaxmağa başladı.
Belə çətin bir vəziyyətdə
Azərbaycan jurnalistikası məhv olmaq təhlükəsi ilə
qarşı-qarşıya dayanmışdı. Ölkəyə
başçılıq edən şəxslər nəinki vətəndaşların
söz azadlığı hüququnu tanımır, hətta
imperiya dövründəki basqıların, senzuranın daha
da gücləndirilməsinə şərait
yaradırdılar. Mətbuatın inkişafına mane olmaq,
azad sözü boğmaq üçün 1992-ci ildə
yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini
daha da ağırlaşdırdı. Milli maraqları maddi
maraqlara satanlar qorxurdular ki, onların əleyhinə hər
hansı bir informasiyanın, əslində isə həqiqətin
xalqa çatdırılması onların siyasi iflasına gətirib
çıxaracaq. 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin
miqyasının genişləndirilməsi və bütün
informasiya yayımını əhatə etməsi haqqında
verilən sərəncam məlumat azadlığını,
jurnalistlərin sərbəst məlumat əldə etmək və
yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə
məhdudlaşdırırdı. Bu problemlər, Azərbaycan
mətbuatının istənilən səviyyədə fəaliyyət
göstərə bilməməsinə gətirib
çıxarmışdı. Amma hər bir qaranlıq gecənin,
bir işıqlı səhəri olduğu kimi Azərbaycanın
da bu çətinliklərdən, böhrandan xilas olduğu
gün gəlib çatdı...
1993-2003-cü
illər: Müasir Azərbaycan mətbuatı dünya
standartları səviyyəsinə yüksəldi
Ümummilli liderimiz Heydər Əliyevin
1993-cü ilin iyununda xalqın təkidi və tələbi ilə
yenidən siyasi hakimiyyətə qayıtması bütün
sahələrdə olduğu kimi mətbuatın da
inkişafında mühüm dəyişikliklərə səbəb
oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların
təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin
həlli söz, fikir azadlığının qorunması sahəsində
əsaslı irəliləyişlərə şərait
yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə
yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi
istiqamətində görülən tədbirlər ölkədə
fikir plüralizminin genişləndirilməsinə yol açdı.
Ümummilli liderimiz Heydər Əliyevin
rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata
verilən qiymət öz əksini tapdı: “Demokratiyanın,
siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas
atributlarından hesab olunan söz və məlumat
azadlığının başlıca daşıyıcıları
kütləvi informasiya vasitələridir”.
1998-ci ildə “Azərbaycan
Respublikasında söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında” Fərmanın imzalanması ölkə
mətbuatının inkişaf tarixində mühüm hadisə
kimi qiymətləndirilir. Bu Fərman kütləvi informasiya
vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin
dinamik şəkildə demokratikləşməsinə təsir
edən qüdrətli vasitəyə çevrilməsi yolunda
dövlət siyasətinin həyata keçirilməsində
mühüm addım idi. Məhz bu Fərmanla Mətbuatda və
digər Kütləvi İnformasiya Vasitələrində
Dövlət Sirlərini Mühafizə edən Baş İdarə
ləğv edildi, hərbi senzura yaradılması haqqında
16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya
yayımı üzərində nəzarət tətbiq edilməsi
ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam
qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul
olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni
qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə
xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın
inkişafına mane olan bir sıra bürokratik əngəllərin
aradan qaldırılmasına yol açdı. Dövlət
qeydiyyatı ləğv olundu və yeni mətbuat
orqanlarının təsis olunması prosedurası
asanlaşdırıldı. Ümummilli liderimiz Heydər Əliyevin
mətbuatın inkişafı ilə bağlı tədbirləri
davamlı şəkil aldı. 2000-ci il martında Ulu öndərin
Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi
informasiya vasitələrinin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üzrə tədbirlər
Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya
Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və
İnternet Şurası yaradıldı.
Ümummilli liderimiz Heydər Əliyev
bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına
olan borclarını dondurmaqla iqtisadi böhranın
girdabında boğulan mətbu vasitələrini xilas etdi.
Bundan başqa, Ulu öndərimiz cəmiyyətdə jurnalistlərə
yüksək münasibətin formalaşmasında
mühüm rol oynadı. Şəxsi təşəbbüsləri
ilə jurnalistlərlə, qəzet baş redaktorları ilə
görüşlər keçirən Ümummilli liderimiz Heydər
Əliyev mətbuatın problemləri ilə daha yaxından
tanış olaraq, müvafiq qərarlar qəbul etdi, mətbuatın
inkişafına nail oldu. Bütün ölkə jurnalistləri
Ulu öndəri həm də bir dost, onların zəhmətinə
qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi
idi ki, 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyev
“Ruh” Jurnalistləri Müdafiə Komitəminin təsis etdiyi
“Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
2001-ci ildə kütləvi informasiya
vasitələrinin rəhbərləri ilə görüşən
Ulu öndər Heydər Əliyev demişdir: “Biz mətbuat
haqqında bir neçə ciddi addım atmışıq:
söz azadlığının, mətbuat
azadlığının təmin olunması, senzuranın
aradan qaldırılması, bütün mətbuat
orqanlarına sərbəstlik verilməsi. Əgər bu
gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”.
Əsası Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən qoyulan mətbuatın
inkişafına dövlət qayğısı siyasəti bu
gün Prezident İlham Əliyev tərəfindən davam
etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir
azadlığının yaradılmasını,
demokratiyanın inkişafını özündə əks
etdirən bu siyasət nəticəsində Azərbaycan
dünyada sözə, insan hüquqlarına hörmət edən
ölkə kimi tanınıb, şöhrət tapıb.
Pərviz
SADAYOĞLU
Yeni Azərbaycan.-
2011.- 22 iyul.- S.3.