Azərbaycan mətbuatı yüksək inkişaf mərhələsini yaşayır

 

Prezident İlham Əliyev: Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyildir

 

Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 136 ili tamam olur. Bu, bir həqiqətdir ki, keşməkeşli tarixə malik Azərbaycan mətbuatı hazırda özünün inkişaf dövrünü yaşayır. Qeyd edək ki, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafı, ona qayğı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Sevindirici haldır ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də mətbuata böyük diqqət və qayğı göstərir. Dövlət başçısının mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin sürətlə irəliləməsinə, mətbu orqanların fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Məhz bunun nəticəsidir ki, hazırda milli mətbuatın bazasının möhkəmləndirilməsi, dövlət orqanları ilə mətbuat arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər planı həyata keçirilir. Prezident İlham Əliyevin 2005-ci ildə Milli Mətbuatın yaranmasının 130 illiyi münasibətilə ölkənin aparıcı jurnalistlərini dövlətin ali mükafatları ilə təltif etməsi, “Əməkdar jurnalist” fəxri adının bərpa olunması, aparıcı qəzet redaksiyalarına birdəfəlik maliyyə yardımlarının ayrılması, həmçinin, bu sahə ilə bağlı imzaladığı digər fərman və sərəncamlar dövlət başçısının mətbuata diqqət və qayğısının bariz nümunəsidir.

Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, mətbuatın, eləcə də, bütövlükdə KİV-in fəaliyyətini stimullaşdırmaq məqsədilə, həmçinin, jurnalist əməyinə verilən yüksək qiymətin göstəricisi olaraq Prezident İlham Əliyev 2005-ci il iyul ayının 21-də “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, həmçinin, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalayıb. Dövlət başçısının Azərbaycan mətbuatının 130 illik yubileyinin qeyd edilməsi haqqında 2005-ci ildə imzaladığı Sərəncamda müstəqil milli mətbuatımızın üzərinə düşən məsuliyyət ifadə olunur.

Prezident İlham Əliyevin 2006-cı il 8 fevral tarixli Sərəncamını isə Ulu öndərin mətbuatın maddi-texniki imkanlarının yaxşılaşdırılması yönündə həyata keçirdiyi siyasətin davamı kimi qiymətləndirmək olar. Çünki sözügedən tarixdə dövlət başçısının imzaladığı “Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının ödənilməsi barədə” Sərəncama əsasən qəzetlərin nəşriyyata olan 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənildi. Xatırladaq ki, qəzetlərin borclarının dondurulması haqqında mütərəqqi qərar hələ 2001-ci ildə Ulu öndər tərəfindən verilmişdi. Dövlət büdcəsinin gəlirlərinin artması və respublikamızın maliyyə imkanlarının yaxşılaşması borcların büdcə hesabına birdəfəlik ödənilməsinə şərait yaratdı. Qeyd edək ki, borcları ödənilən qəzetlər içərisində müstəqil və müxalifyönlü qəzetlər üstünlük təşkil edib. Bu isə bir daha təsdiq edir ki, siyasi mövqeyindən asılı olmayaraq, ölkədə bütün mətbuat orqanlarına dövlətin münasibəti, diqqət və qayğısı eynidir və onların azad fəaliyyətinə heç bir maneə yoxdur.

Yeri gəlmişkən, mətbuatın maddi durumunun yüksəldilməsi istiqamətində görülən işlərin davamı olaraq Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamlarını göstərmək olar. Məlumat üçün deyək ki, adıçəkilən konsepsiya dövlət orqanları ilə KİV arasında səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, milli mətbuatın problemlərinin həllinin sürətlənməsi, demokratik, qərəzsiz, azad mətbuatın inkişafına hərtərəfli dəstək verilməsi, jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi baxımından çox vacib sənəddir. Konsepsiyada dövlət orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması KİV-in mühüm vəzifələrindən biri kimi göstərilir. Həmçinin, dövlətin informasiya siyasətinin başlıca vəzifələrindən biri KİV-in fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Dövlətin mətbuatın inkişafına göstərdiyi dəstək şəffaflıq, qarşılıqlı məsuliyyət, əməkdaşlıq və s. prinsiplərə söykənir.

Prezident İlham Əliyevin 2009-cu il aprelin 3-də imzaladığı “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncam isə mətbuatın inkişafı yönündə görülən işlərin sistemli və davamlı xarakter daşıdığını təsdiqləyən daha bir addım oldu. Qeyd edək ki, bu Sərəncam “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda öz əksini tapan məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından böyük önəm kəsb edir. Sərəncamla, həmçinin, “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə” təsdiq edildi. Yaradılan Fond KİV-lərə, o cümlədən, mətbuatın fəaliyyətinə təşkilati-texniki, metodiki, konsultativ, maliyyə və digər formalarda yardım göstərir. Fond KİV-in inkişafı, söz, mətbuat azadlığı və s. bu kimi mövzularda keçirilən seminarların, konfransların, təlimlərin təşkili, KİV-in fəaliyyətinin təkmilləşdirilməsi, onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi, jurnalistlərin ixtisas və peşə hazırlığının artırılması üçün tövsiyələr, materiallar, məlumat kitabçalarının hazırlanması və digər yollarla KİV-in fəaliyyətinə dəstək verir. Ümumiyyətlə, Fondun yaradılmasının əsas məqsədi və fəlsəfəsi azad medianı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, o cümlədən, mediada çalışan jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir. Fəaliyyətə başladığı müddətdə qarşıya qoyulan məqsədlərə doğru uğurla irəliləyən Fond heç şübhəsiz, Azərbaycan mətbuatının bundan sonrakı inkişafı tarixində böyük iz qoyacaq. KİVDF-nin keçirdiyi qrant müsabiqələri KİV-lərin, yazı müsabiqələri isə jurnalistlərin sosial durumunun yaxşılaşdırılmasına kömək edir.

Yeri gəlmişkən, ötən müddət ərzində KİV-in inkişafı ilə bağlı təkcə sərəncamlar və fərmanlar imzalanmayıb, eyni zamanda, bir sıra qanunlara əlavə və dəyişikliklər edilib. Daha dəqiq desək, ölkə mətbuatının inkişafını sürətləndirmək üçün Milli Məclis “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək azadlığı haqqında”, “Əməliyyat axtarış fəaliyyəti haqqında” və “Məlumat azadlığı haqqında” qanunlara müasir dövrün tələblərindən irəli gələn mütərəqqi dəyişikliklər edib.

Bir sözlə, Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, KİV-in inkişafına dəstək verilməsi istiqamətində dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlər bu gün də davam edir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev 2010-cu il 10 iyun tarixində “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Əksər ekspertlərin də qeyd etdikləri kimi, bu Sərəncam, eyni zamanda, jurnalistika qarşısında da yeni vəzifələr qoyur. Onu da bildirək ki, məhz bu Sərəncama əsasən respublikamızın müxtəlif bölgələrində, həmçinin, Bakının ayrı-ayrı rayonlarında və müxtəlif qurumlarda milli mətbuatımızın 135 illik yubileyi münasibətilə tədbirlər keçirilib.

Məhz bu qayğının nəticəsi olaraq jurnalistlər 2010-cu ildə Prezident İlham Əliyevi “Jurnalistlərin dostu” seçdilər. Ötən il dekabrın 29-da bu mükafatın təqdim olunması mərasimində Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan hüquqi dövlət quruculuğu işində çox böyük nailiyyətlərə çatmışdır. Biz sözün əsl mənasında azad, müasir, demokratik, hüquqi dövlət qururuq. Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyildir. Məhz buna görə Azərbaycanda söz azadlığı, vicdan azadlığı, plüralizm meyilləri gücləndirilməlidir. Azərbaycan dövləti və Azərbaycan iqtidarı, əlbəttə, bu sahədə öz işini elə qurmalıdır ki, bu azadlıqlar Azərbaycanda tam şəkildə bərqərar olunsun. Son illər ərzində görülmüş işlər onu göstərir ki, biz düzgün yolla addımlayırıq, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Azərbaycanda yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Yüzə yaxın həftəlik, 30-dan çox gündəlik qəzet nəşr edilir, 8 ümumrespublika telekanalı fəaliyyət göstərir. Azərbaycanda internetin yayılması çox sürətlə gedir və əlbəttə ki, bu dövlət siyasəti olmasaydı, proses sürətlə getməzdi. Bu gün artıq internet istifadəçilərinin sayı Azərbaycanda 50 faizə yaxınlaşır. Mən xatırlayıram, Mətbuat Şurasının üzvləri ilə bu ilin yayında görüş əsnasında bu məsələyə də toxundum. O vaxt qeyd etmişdim ki, Azərbaycanda 40 faizdən çox internetdən istifadə edənlər vardır. Mənə verilən son məlumata görə bu insanların sayı artıq qısa müddət ərzində 50 faizə çatmışdır. İKT-nin inkişafı istiqamətində atılmış addımlar nəinki Azərbaycanda təqdirlə qarşılanır, dünya birliyində də bunu yüksək qiymətləndirirlər. Bu, bir də onu göstərir ki, bizim niyyətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları informasiya mənbələrinə çata bilsinlər. Yəni, müxtəlif informasiyanı əldə etmək hər bir vətəndaşın təbii hüququdur və Azərbaycan dövləti bu hüquqları təmin etməlidir”.

Bir sözlə, istər silsilə tədbirlərin keçirilməsi, istərsə də dövlət başçısının milli mətbuatımızın 135 yaşının tamam olduğu gün, yəni, iyulun 22-də imzaladığı sərəncamlar əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan mətbuat siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla və yeni keyfiyyətdə davam etdirilməsini bir daha təsdiqləyir. Məlumat üçün deyək ki, həmin sərəncamlarla bir qrup mətbuat işçisinə fəxri adlar və mükafatlar verilib, bir sıra KİV orqanlarına birdəfəlik maliyyə yardımları edilib, həmçinin, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə dövlət başçısının Sərəncamı əsasında 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. Yəni, bu, bir həqiqətdir ki, Prezident İlham Əliyevin mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin sürətlə inkişaf etməsinə, mətbu orqanların fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Məhz bunun nəticəsidir ki, hazırda milli mətbuatın bazasının möhkəmləndirilməsi, dövlət orqanları ilə mətbuat arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər planı həyata keçirilir.

 

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2011.- 22 iyul.- S.4.