Azərbaycanda
sahibkarlığın inkişafına böyük
diqqət göstərilir
Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd
Musayev www.yap.org.az saytına müsahibə verib:
- Məmməd müəllim, məlum olduğu kimi, sahibkarlıq fəaliyyət növü kimi zaman-zaman inkişaf edərək iqtisadi inkişafın, əhalinin həyat şəraitinin yaxşılaşmasında xüsusi rol oynamışdır. Azərbaycanda müasir sahibkarlığın formalaşması və inkişafı barədə nə deyərdiniz?
- Sahibkarlıq fəaliyyət növü kimi orta əsrlərdən meydana çıxmış, tacirlər, satıcılar, sənətkarlar bu fəaliyyət növü ilə məşğul olaraq əhalinin rifah halının yaxşılaşmasına, yaşadıqları ölkənin iqtisadi inkişafına müstəsna xidmətlər göstərmişlər. Azərbaycanda müasir milli sahibkarlığın inkişafı bilavasitə müstəqilliyimizin əldə olunmasından, xüsusən də 1993-cü ildən sonrakı dövrə təsadüf edir. Həmin dövrdə Ümummilli lider Heydər Əliyev demokratik həyat tərzinin diqtə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın yeni dövr üçün prioritetlərini müəyyənləşdirmiş və ölkənin iqtisadi siyasətinin təməlini qoymuşdur. Həmin dövrdə digər taleyüklü məsələlərlə yanaşı, respublikanın sosial-iqtisadi inkişafı, xalqın maddi - rifah halının yaxşılaşması bilavasitə yeni dövrün tələblərinə uyğun modernləşmədən, ilk növbədə azad sahibkarlığın inkişafından həlledici şəkildə asılı idi. Bu reallığı əsas götürən Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş sosial-iqtisadi islahatların ana xəttini də məhz sahibkarlığın inkişafı kimi həyati əhəmiyyətli məsələ təşkil edirdi. Məhz o illərdə Azərbaycanda biznes mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar nəticəsində respublikada güclü iqtisadi resurslara və inkişaf potensialına malik sahibkarlar təbəqəsi yaranmış və bu təbəqə hazırda müasir Azərbaycanın hərtərəfli inkişafında öz sözünü deyir.
- Ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, ölkə sahibkarlarına da diqqət və qayğısını əsirgəmir. Bu münasibət ölkədə sahibkarlığın inkişafına necə təsir göstərir?
- Elmi təməl üzərində reallaşdırılan effektiv iqtisadi islahatlar kursunu inamla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən möhtərəm Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri böyük səylə, elmə əsaslanaraq ardıcıl və sistemli şəkildə həyata keçirir. Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar da Azərbaycanın davamlı inkişafına yönəlmiş sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrinin siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır, orta təbəqənin formalaşması, aparılan inkişaf prosesində bir harmoniya yaradır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət sayəsində Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi mexanizmləri daha da təkmilləşdirilmiş, iş adamlarının fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, bu sahədə inkişafa mane olan problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılmışdır. Regionlarda mühüm infrastruktur layihələrinin həyata keçirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nın təsdiqlənməsi, “bir pəncərə” prinsipinin tətbiqi ilə biznes subyektlərinin qeydiyyat və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və digər tədbirlər bu istiqamətdə atılmış ciddi addımlardır.
- Sahibkarlığın inkişafında normativ bazanın zənginləşdirilməsi, tələblərə cavab verən sənəd və təlimatların hazırlanması, sahibkarların maarifləndirilməsi istiqamətində görülən işlər xüsusi önəm daşıyır. Atılan bu addımların əhəmiyyəti barədə nə deyərdiniz?
- Sahibkarlığın fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni dövrün tələblərinə cavab verən qanunvericilik bazasının yaradılması təbii ki, zəruri məsələlərdən biridir. Bu sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi, rəqabət mexanizminin formalaşması, həmçinin, rəqabətin qorunması ilə bağlı müddəalar əksini tapmalıdır. Bu sənədlər bir qayda olaraq ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi, rəqabət mühitinin və özəl mülkiyyətçilər təbəqəsinin formalaşdırılması məqsədi ilə qəbul edilmişdir. Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin ikinci dövlət proqramının uğurla həyata keçməsi özəl sektorun inkişafına ciddi dəstək olmuşdur. 4 fevral 2010-cu ildə Konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi və sosial-əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlamışdır. Konfederasiya öz fəaliyyətinin mərkəzi və yerli icra hakimiyyəti orqanları, Milli Məclis, məhkəmə orqanları, mətbuat və beynəlxalq təşkilatlarla əlaqəli şəkildə quraraq ölkədə sosial tərəfdaş kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, Beynəlxalq İşəgötürənlər Təşkilatı, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı davam etdirərək ölkədə sahibkarlığın inkişafına dəstək vermişdir. Konfederasiyanın əməkdaşları 2010-cu ildə respublika və xarici ölkədə keçirilən 18 biznes-forumda və 25 sərgidə iştirak etmişdir. ASK-da xarici iş adamları ilə təşkil olunmuş biznes-forum və görüşlər də səmərəli olmuşdur. Regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin artırılmasına xüsusi diqqət verilmişdir. Biznes mühitinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi üçün sahibkarlardan daxil olmuş təkliflər ümumiləşdirilərək Vergilər Nazirliyinə təqdim olunmuşdur. Vergilər Nazirliyi ilə bağlanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq vergi terminallarında sahibkarlara xidmət işi yaxşılaşdırılmışdır. Hazırda fəaliyyət göstərən 27 terminalda Konfederasiyanın əməkdaşları çalışırlar.
- Bu gün ölkəmiz regionda ən güclü dövlət kimi sürətlə Avratlantik məkana inteqrasiya olunur. Bu çağdaş zaman kəsiyində müxtəlif beynəlxalq əlaqələrin intensivləşməsi qlobal əhəmiyyət kəsb edən məsələlərin birgə müzakirəsi, yüksək polemik etiketə uyğun görüş və disputların keçirilməsi yəqin ki, dünyanın müxtəlif nüfuzlu təşkilatları ilə əlaqələrin inkişafından xəbər verir. Bu istiqamətdə ASK-nın apardığı işlər barədə nə deyə bilərsiniz?
- Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiya sahibkarlarla, dövlət orqanları ilə, yerli qurumlarla birgə işi ilə yanaşı, beynəlxalq qurumlarla, o cümlədən, Beynəlxalq İşəgötürənlər Təşkilatında, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyü davam etdirməklə, respublikada fəaliyyət göstərən bir çox dövlətlərin və Azərbaycanın xaricdəki səfirlikləri ilə, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da gücləndirmişdir. Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi, səfir Xəlil Akıncı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüş keçirmiş, həmçinin, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu, Türkiyənin Dış Ekonomik İlişkileri Kurulu (DEİK), Özbəkistanın Ticarət Sənaye, Auditorlar, Fransa-Azərbaycan Ticarət palataları, İteka Caspian MMC, Azərbaycan Banklar Assosasiyası, Polşa, Latviya, Litva İşəgötürənlər konfederasiyaları, Azərbaycan Mikromaliyyə, Gürcüstan İşəgötürənlər və Gəncə şəhər Sahibkarlar assosiasiyaları və “Marketinq Mütəxəssislər” İctimai Birliyi ilə əməkdaşlıq müqavilələri imzalanmış, hazırda bu qarşılıqlı faydalı əməkdaşlıqdan hər iki tərəf bəhrələnməkdədir. Bununla yanaşı, Azərbaycan Korporativ Direktorlar və Menecerlər Assosiasiyası, “Qadın dünyası” İctimai Birliyi, Türk Standartları İnstitutu, ATİB, TUSİAB, Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatası ilə əməkdaşlıq davam etdirilir. Fransa-Azərbaycan Palatası, Rumınya-Türkiyə iş Qadınları Assosiasiyası, Türk iş adamları ilə keçirilmiş tədbirlər də uğurlu olmuşdur. İran, Türkiyə, Küveyt, Misir, Pakistan, İtaliya, Macarıstan, Rusiya, Yunanıstan, Almaniya, Çin, İsveçrə, Mərakeş, Belarus, Hindistan, Fransa, ABŞ, Koreya və digər ölkə səfirliklərinin keçirdikləri tədbirlərdə Konfederasiyanın nümayəndələri də fəal iştirak etmiş, Azərbaycan sahibkarları ilə bu ölkələrdə çalışan sahibkarlar arasında işbirliyinin qurulması və inkişaf etməsi üçün tədbirlər görülür. Ölkə sahibkarlarının maarifləndirilməsi sahəsində bir çox seminar, konfrans və dəyirmi masalar keçirilmiş, kitabçalar dərc olunaraq sahibkarlara çatdırılması təmin edilmişdir. Onların ölkə daxilində və xaricdə keçirilən biznes-forumlarda iştirak etmələrini imkan daxilində təmin etməyə çalışırıq.
- Bu, bir həqiqətdir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının fəaliyyəti son zamanlar canlanır, cəmiyyətdə nüfuzu artır. Konfederasiyanın çoxşaxəli fəaliyyəti ilə əlaqədar daha nələri söyləmək mümkündür?
- Ölkə iqtisadiyyatının sürətli inkişafında əvəzsiz rolu olan, sahibkarlıq fəaliyyətinin genişlənməsinə dəstək verən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkə Prezidenti, cənab İlham Əliyevin sahibkarlığın inkişafı sahəsində müəyyənləşdirdiyi strategiyanın uğurla həyata keçirilməsinə öz töhfəsini verməyə çalışır. Ümumiyyətlə, Azərbaycanın bazar iqtisadiyyatına keçidlə bağlı ilkin təcrübəsi göstərdi ki, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi, əhalinin məşğulluğunu təmin etmək, infrastrukturu yeniləşdirmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyildir. Biz Sahibkarlar Konfederasiyası olaraq bunları dərk edir, ölkənin davamlı inkişafını təmin edəcək yeni iqtisadi siyasətin həyata keçirilməsində və bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak etməyə çalışırıq. Azərbaycanın inkişaf etmiş dünya ölkələrinə siyasi inteqrasiyası, bilavasitə iqtisadi inteqrasiya ilə əlaqəlidir. Azərbaycanda istehsal olunan mal və materialların, xüsusən də qeyri-neft sektoruna aid olan sənaye və kənd təsərrüfatı mallarının dünya bazarına çıxarılması üçün mövcud beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə, yeni əlaqələrin qurulmasına önəm veririk. Belə ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, həmçinin, Milli Qeyri-Hökumət Təşkilatları Forumu, Türkiyənin Dış Ekonomik İlişkilər Kurulu (DEİK), Özbəkistanın Ticarət Sənaye Palatası, Fransa Ticarət Palatası, Polşa və Litvanın İşəgötürənlər konfederasiyaları və digər təşkilatlarla da qarşılıqlı faydalılıq əsasında müqavilələr imzalamışdır. Konfederasiya xətti ilə Azərbaycan sahibkarları Azərbaycan-Vyetnam, Azərbaycan-İtaliya, Azərbaycan-Stavropol, Azərbaycan-Gürcüstan, Azərbaycan-Almaniya, Azərbaycan-Türkiyə və digər biznes-forumlarda təmsil olmaqla yanaşı, İqtisadi İnkişaf Nazirliyinin Bakı şəhərində, Quba, Xaçmaz, Göyçay, Gəncə-Qazax və Şəki-Zaqatala bölgələrində keçirdiyi tədbirlərdə yaxından iştirak etmişlər. Eyni zamanda, Konfederasiyada əcnəbi və azərbaycanlı iş adamlarının iştirakı ilə daxili biznes-forumlar təşkil olunmuşdur. Təbii ki, Konfederasiya öz fəaliyyətini daha da canlandırmalı, müasir dövrün tələbləri ilə uyğunlaşan iş ahənginə malik olmalıdır.
- Məmməd müəllim, məlum olduğu kimi 25 oktyabr 2007-ci il tarixdə ölkə Prezidenti, cənab İlham Əliyevin sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi haqqında Sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin vahid dövlət qeydiyyatına alınmasının əsası qoyuldu. Həmçinin, möhtərəm Prezidentimizin 23 may 2011-ci il tarixdə imzaladığı “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanı vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşlarının birbaşa təmaslarını məhdudlaşdırmaq, şəffaflıq yaratmaq istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülmüş işlər barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Cənab Prezidentin yuxarıda adıçəkilən məlum Fərman və Sərəncamı əsasında “bir pəncərə” sisteminin tətbiq edilməsi, hüquqi şəxsin yaradılması prosesini xeyli yüngülləşdirmiş, ayrı-ayrı dövlət qurumlarına müraciət etmək, sənədlər toplamaq zərurətini aradan qaldırmış, bu sahədə olan mövcud problemlərin, neqativ halların qarşısını almaqla yanaşı, hüquqi şəxsin qeydiyyata alınması prosesini həm yüngülləşdirmiş, həm də vaxt etibarı ilə tezləşdirmişdir. Belə ki, tələb olunan sənədlərin sayı minimuma endirilmiş, müəssisənin dövlət qeydiyyatına alınması müddəti dəfələrlə qısaldılmışdır ki, bu da sahibkarların işini xeyli asanlaşdırmış, lüzumsuz vaxt itkisinin aradan qaldırılmasını təmin etmişdir. Ölkə Prezidentinin son Fərmanına uyğun olaraq 2011-ci ilin 1 iyul tarixindən etibarən Azərbaycanda hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamları, qeydiyyat orqanına getmədən, vaxt itirmədən-internet vasitəsilə onlayn rejimində 3-5 dəqiqə ərzində qeydiyyata alına bilərlər ki, bu da, ilk növbədə, operativliyi təmin etməklə yanaşı, şəffaflığı təmin edəcək və beynəlxalq arenada Azərbaycanın müsbət imicinə öz təsirini göstərəcəkdir. Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Vergilər Nazirliyi arasında əldə olunmuş razılaşmaya əsasən ölkənin müxtəlif bölgələrində post terminallar yaradılmışdır. Sahibkarlar vergi işçiləri ilə təmasda olmadan öz hesabatlarını bu terminallar vasitəsi ilə ötürə bilirlər. ASK-nin işçiləri çalışan bu terminallar bütün lazımi texniki avadanlıqlarla, o cümlədən, internet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz olunmuşlar. Bu isə biznesə yeni qoşulanlara imkan verir ki, bizim terminallarda quraşdırılmış kompüterlər vasitəsi ilə qeydiyyata alınmaqla qısa bir zamanda fəaliyyətə başlaya bilsinlər. Gələcəkdə sahibkarın işini daha da asanlaşdırmaq, göstərilən vergi xidmətinin əhatə dairəsini genişləndirmək üçün bu cür terminalların sayını artırmağı nəzərdə tuturuq. Xəbər verildiyi kimi, gələn ildən etibarən hüquqi şəxslərin də internet vasitəsilə onlayn rejimində qeydiyyata alınması imkanı yaradılacaqdır.
- Məmməd müəllim, ölkə ictimaiyyəti sahibkarlığın inkişafı sahəsində təkliflərinizi maraqla qarşılayır. Təcrübəli iqtisadçı kimi sahibkarlığın inkişafı sahəsində həlli vacib olan yeni təkliflərinizi bilmək istərdik.
- Bu sahədə təkliflər çoxdur, lakin onların əksəriyyətinin icrası təbii ki, bir sıra çətinliklərlə bağlıdır. Odur ki, sahibkarlığın inkişafı ilə bağlı subyektiv olaraq onlardan bəzilərini göstərmək olar. Beləliklə, 2011-ci ilin ölkədə “Turizm ili” elan olunması ilə əlaqədar yeni yaradılacaq, eləcə də, mövcud olan turizm obyektləri üçün idxal olunan avadanlıqlar, mexaniki və qızdırıcı qurğular, mebel və digər ləvazimatların idxalı gömrük rüsumlarından və idxalda əlavə dəyər vergisindən azad olunması, qəbul olunmuş ərzaq təhlükəsizliyi proqramı çərçivəsində ölkədə quşçuluğun inkişafına nail olmaq üçün Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına bu sahəyə ayrılan vəsaitlərin artırılması, yüngül sənayenin, o cümlədən, toxuculuğun inkişaf etdirilməsi, kənd təsərrüfatının heyvandarlıq sahəsində cins mal-qaranın sayının artırılması üçün ayrıca maddə ilə dövlət tərəfindən bu sahələrə güzəştli şərtlərlə uzunmüddətli kreditlər ayrılması, həmçinin, ölkədə sahibkarlığı daha da inkişaf etdirmək üçün xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin yenidən nəzərdən keçirilməsi və sayının azaldılması, çox illik əkmələrin, o cümlədən, üzüm bağlarının salınması üçün investisiya yönümlü layihələrin maliyyələşdirilməsinə verilən kreditlər 8 ilədək, çay plantasiyalarının salınması üçün 10 ilədək müddətə nəzərdə tutulması məqsədəmüvafiq olardı. Eyni zamanda, gəlir vergisinin azaldılmasını-300 manatadək olan əməkhaqqından gəlir vergisinin tutulmamasını, 301 manatdan 3000 manatadək olan hissədən 14 faiz, 3001 manatdan yuxarı olan hissənin isə 30 faizlə vergiyə cəlb olunmasını təklif edirik. Haqqında qeyd etmək istədiyim məsələlərdən biri də nağdsız ödənişlərin həyata keçirilməsi ilə bağlıdır. Nağdsız ödənişlərin inkişafının ümumilikdə ölkə iqtisadiyyatında xüsusi yeri vardır. Məhz buna görə də, ölkə Prezidentinin “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanında dövlətə vergi, rüsum, icra haqqı və digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdankənar nağd qaydada aparılmasının aradan qaldırılması və bütövlükdə nağdsız ödənişlərin stimullaşdırılması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Ticarət və iaşə obyektlərində bu işin təşkili məqsədilə post terminallar quraşdırılmalı və ödənişlərin xarici ölkələrdə olduğu kimi plastik kartlar vasitəsilə aparılması təmin edilməlidir. Bu, həm nağd pul kütləsinə tələbatı azaldar, vətəndaşların pulunun təhlükəsizliyinə imkan verər, həm də vergidən yayınma hallarının qarşısını almaqla korrupsiyaya qarşı mübarizə tədbirlərindən birinə çevrilə bilər. Bu işdə dövlət qurumlarının, yerli idarəetmə təşkilatlarının, ictimaiyyətin və sahibkarların birgə fəaliyyəti zəruridir. Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq cənab Prezident İlham Əliyevin apardığı iqtisadi siyasəti dəstəkləyir, ölkənin dinamik inkişafına yönəlmiş bütün tədbirlərin həyata keçirilməsi prosesində yaxından iştirak etməklə öz töhfəmizi verməyə hazırıq.
Yeni Azərbaycan.- 2011.- 26 iyul.- S.5.