YAP Gənclər
Birliyi beynəlxalq əlaqələrini
genişləndirir
Seymur Orucov: Beynəlxalq əlaqələrimizi
gücləndirməklə Avropa gəncləri arasında Azərbaycanın
lobbiçiliyinin təməlini qoymaq istəyirik
Yeni
Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) dəvəti
ilə Rumıniyanın hakim Liberal-Demokrat Partiyasının
(PDL) Gənclər Təşkilatının (GT) üzvlərindən
ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində rumıniyalı
gənclər paytaxtda, eləcə də, Azərbaycanın
bir sıra rayonlarında olub, yerli gənclər təşkilatlarının
nümayəndələri ilə görüşüblər.
YAP GB-nin sədri Seymur Orucov əməkdaşımızla
söhbətində bu səfər, eləcə də, YAP
GB-nin beynəlxalq əlaqələri ilə bağlı fikirlərini
bölüşüb.
-
Seymur müəllim, öncə, YAP GB-nin beynəlxalq əlaqələri
barədə məlumat verərdiniz...
- Məlum
olduğu kimi, bu ilin yanvarında Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin hesabat-seçki konfransında yeni heyət
seçildi. Yeni tərkibdə fəaliyyətə başlayan
YAP GB-nin qəbul etdiyi qərarlar sırasında beynəlxalq əməkdaşlığın
genişləndirilməsi də mühüm yer tuturdu. Bundan
sonra həmin əlaqələri genişləndirmək
üçün əməli fəaliyyətə
başladıq. Məlum olduğu kimi, Avropa Xalq Partiyası Gənclər
Birliyi (AXPGB) kimi nüfuzlu bir təşkilat var. Biz artıq həmin
təşkilata üzv olmaq üçün müraciət
etmişik. Bu yaxınlarda YAP GB-nin beynəlxalq əlaqələr
üzrə sədr müavini Ramil Məmmədov AXPGB-nin
Vyanada keçirilən tədbirində iştirak edib və
oradan mühüm nəticələrlə qayıdıb. Belə
ki, yaxın vaxtlarda YAP GB-nın həmin təşkilata
üzv qəbul ediləcəyi gözlənilir. Bundan əlavə,
qeyd etmək istərdim ki, AXPGB il ərzində müxtəlif
ölkələrdə öz tədbirlərini keçirir.
Biz təklif etmişik ki, belə toplantılardan biri də, məhz
Bakıda keçirilsin. Bu, həm Azərbaycanın Avropada, eləcə
də, dünyada günü-gündən artan nüfuzu deməkdir,
həm də YAP-ın Avropa ölkələrinin qabaqcıl
partiyaları tərəfindən dəstəklənməsinə
dəlalət edir.
Yeri
gəlmişkən, qeyd edim ki, bu günlərdə
Rumıniya prezidenti Trayan Beseskunun sədri olduğu
Liberal-Demokrat Partiyasının (PDL) Gənclər Təşkilatının
(GT) üzvlərindən ibarət nümayəndə heyəti
Azərbaycana səfərə gəlib. Bu, bir daha onu göstərir
ki, biz Rumıniya gəncləri ilə əməkdaşlıqdan
artıq strateji tərəfdaşlığa keçmişik.
Bunun da əsasında ölkə prezidentləri cənab
İlham Əliyevlə Trayan Besesku arasındakı səmimi
dostluq münasibətləri dayanır. Burada bir haşiyə
çıxmaq istərdim. Bir qədər öncə YAP GB-nin
nümayəndə heyəti Rumıniyada səfərdə
olarkən, biz özümüzü heç də yad hiss
etmirdik. Bizim dövlətimizə qarşı bu ölkədə
xüsusi münasibət var. Elə siz özünüz də
şahidsiniz ki, rumınlar burada özlərini necə səmimi
aparırlar, sanki, öz evlərindədirlər. Bu, bir daha təkrar
edirəm, hər şeydən əvvəl, Azərbaycan və
Rumıniya prezidentləri arasındakı səmimi münasibətlərdən
irəli gəlir.
O ki
qaldı sizin sualınızın cavabının davamına,
burada qeyd etmək istərdim ki, YAP GB bir sıra ölkələrin,
o cümlədən, Bosniya və Hersoqovina, Xorvatiya, Ukrayna,
Rusiya və Türkiyənin hakim partiyalarının gənclər
təşkilatları ilə əməkdaşlığı
davam etdirir. Biz, bu ilin payızında Avropadakı iqtidar
partiyalarının gənclər təşkilatlarının
Bakıda forumunun keçirilməsini
planlaşdırırıq.
-
Sözügedən forumun keçirilməsində əsas məqsəd
nədir?
- Məqsədimiz
avropalı gənclərə Azərbaycandakı bu inkişaf,
iqtisadi yüksəlişi göstərmək, eləcə də,
Yeni Azərbaycan Partiyası, onun gənclər təşkilatının
gördüyü işlər barədə məlumat verməkdir.
Eyni zamanda, həmin gənclər təşkilatları ilə
birgə fəaliyyət planını müzakirə etməkdir.
Xatırlatmaq istərdim ki, Avropadakı indiki gənc fəallar
bir neçə ildən sonra öz ölkələrində
müəyyən vəzifə sahibi olacaq, dövlət
işində və idarəçiliyində iştirak edəcəklər.
Odur ki, biz indidən həmin gənclər-gələcəyin
dövlət adamları arasında Azərbaycanın diaspor
nümayəndələrini formalaşdırmaq,
lobbiçiliyin təməlini qoymaq istəyirik.
- Rumıniya
ilə əlaqələrdən danışarkən,
qarşıdakı aylarda, hansı tədbirləri qeyd etmək
istərdiniz?
- Məlum
olduğu kimi, bir qədər öncə bir sıra gənc
müğənnilər Yeni Azərbaycan Partiyasının
sıralarına qəbul olunublar. Biz bu ilin payızında,
daha dəqiq desək, oktyabrın 18-də müstəqilliyimizin
20 illiyi münasibətilə Buxarestdə gənc müğənnilərimizin
iştirakı ilə təntənəli bir tədbir-geniş
konsert proqramı keçirməyi planlaşdırırıq.
Hazırda bu istiqamətdə hazırlıq işləri davam
etdirilir.
- Bu
günlərdə Azərbaycanın üç bölgəsində
- Oğuz, Qəbələ və Lerikdə YAP GB-nin “Yay məktəbləri”
keçirilir. Tədbirlərdə əsas məqsəd nədir?
-
Bildiyiniz kimi, gənclər üçün “Yay məktəbləri”nin
keçirilməsi təşəbbüsü Yeni Azərbaycan
Partiyasına məxsusdur. Və ildən-ilə bu tədbirin həm
məzmunu, həm də keyfiyyəti, planları müsbətə
doğru dəyişməkdədir. Məlum olduğu kimi,
builki yay düşərgələrində rekord həddə,
təqribən 600-dək gənc fəal iştirak edib. Burada
maraqlı məqamlardan biri də odur ki, təlimlərdə təkcə
paytaxt gəncləri deyil, müxtəlif rayonlardan gəlmiş
gənclər də iştirak edirlər. Bundan əlavə, təlimlərin
mövzularını gənclər elə özləri müəyyənləşdirirlər
ki, bu da onların intellektual səviyyələrinin yüksəlməsinə
xidmət edir. Mən hesab edirəm ki, biz bu il
qarşımıza qoyduğumuz məqsədə nail olduq. Belə
ki, 4 mərhələdə keçən “Yay məktəbləri”ndə
gənclərimiz həm mənalı istirahət etdilər, həm
bir-birləri ilə yaxından tanış oldular, həm də
öz intellektual səviyyələrini yüksəldə
bildilər. Düşünürəm ki, təlimləri
başa vurduqdan sonra gənclərimiz sosial şəbəkələrdə,
həmçinin, müxtəlif görüşlərdə
burada qazandıqları təcrübələri bir-biriləri
ilə bölüşəcəklər ki, bu da onların fəallığını
daha da yüksəldəcək.
-
Cari il ərzində gənclərlə bağlı daha
hansı tədbirlər keçirməyi
planlaşdırırsız?
-
Payız aylarında gənclərimizə
ünvanlanmış daha bir neçə layihələrimiz
olacaq. Bunların sırasına dil kursları, karyera mərkəzlərinin
yaradılması və digərləri var. Yeri gəlmişkən
qeyd edim ki, karyera mərkəzlərini yaratmaqda məqsədimiz
ali məktəbləri bitirən gənclərin işlə təminatına
kömək etməkdir. Belə ki, mərkəzdə gənclərimizin
uçotu aparılacaq, boş iş yerləri haqda məlumat
bazası toplanacaq. Bu, bir o qədər də asan iş deyil.
Bunun üçün şirkətlərlə, təşkilatlarla
danışıqlar aparmaq, boş ştatların
siyahısını tərtib etmək lazımdır. Amma hesab
edirəm ki, biz də YAP GB olaraq, cənab Prezidentimiz İlham Əliyevin
ölkədə həyata keçirdiyi sosialyönümlü
siyasətə öz əməli işimizlə dəstəyimizi
verə biləcəyik.
Səlim
Yeni Azərbaycan.-
2011.- 28 iyul.- S.6.