Özümü çox şanslı müğənni hesab edirəm

 

Tünzalə Ağayeva: Ölkəmizdə qazanılan hər bir uğurda, eyni  zamanda, mədəniyyət sahəsində əldə edilən nailiyyətlərdə YAP-ın da özünəməxsus əməyi, zəhməti var

Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycanın bir qrup tanınmış mədəniyyət və incəsənət nümayəndəsi Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulub. Bu münasibətlə partiyanın mərkəzi qərargahında onlara YAP-ın üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib. Əlbəttə ki, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan və yalnız dövlətçiliyimizə xidmət edən YAP-ın öz fəaliyyətində xalqın maraqları mövqeyindən çıxış etməsi Azərbaycanın sənət adamlarını, mədəniyyət və incəsənət nümayəndələrini də bu partiyanın sıralarına qoşulmağa sövq edir. Partiya sıralarına qəbul olunmuş tanınmış incəsənət adamlarından biri də Əməkdar artist Tünzalə Ağayevadır.

Tünzalə Ağayeva 1976-cı il oktyabrın 21-də Tovuz rayonunda doğulub və özünün dediyi kimi, sadə, ziyalı bir ailənin övladıdır. Gəncə şəhərində Q.Hüseynli adına musiqi texnikumunu fortepiano sinfi üzrə bitirib. 1997-ci ildə isə Azərbaycan Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə qəbul olunub.

Öncə onu vurğulamaq yerinə düşər ki, mahnılarında hər zaman vətənpərvərliyi, torpağa bağlılığı, qəhrəmanlığı, ən əsası isə azərbaycançılığı təbliğ edən Tünzalə Ağayeva ilə müsahibəyə məhz bununla bağlı sualla başlamağı düşünürdüm. Lakin onun müsahibəyə gələrkən əlində tutduğu kitabı (Hüseyn Cavidin əsərləri-N.A) görüncə, fikrimdən vaz keçdim. Çünki bu, əslində, mənim sualıma sənətçinin hansı cavabı verəcəyinə işarə edirdi. Bu barədə bir qədər sonra...

 

Həyatımı musiqiyə həsr etmişəm

 

Həyatını musiqiyə həsr edən, musiqisiz özünü təsəvvür edə bilməyən Tünzalə Ağayeva bizimlə söhbətə aşağıdakı sözlərlə başladı: “Bütün hisslərimi, düşüncələrimi, potensialımı, Allahdan verilən bütün bacarıqları məhz bu sahədə göstərmək mənə rahat və doğmadır. Eyni zamanda, tale elə gətirdi ki, 2001-ci ildən Azərbaycan tamaşaçısı, xalqımız məni həm bir sənətçi, həm bir müəllif, həm də öz mahnılarının ifaçısı kimi tanıdı. Belə ki, həmin il “Bakı payızı” gənc ifaçılar müsabiqəsinin qalibi oldum. Onu da deyim ki, 2002-ci ildə “Türksoy” Beynəlxalq müsabiqəsinin laureatı, 2003-cü ildə Beynəlxalq “Yalta-2003” müsabiqəsinin Qran-pri mükafatçısı olmuşam”.

“Artıq 11 ildir səhnədəyəm və özümü bir çox mənalarda şanslı müğənni hesab edirəm” deyən sənətçi bunun səbəbini aşağıdakı kimi izah edib: “Birincisi, 2001-ci il “Bakı payızı” müsabiqəsindən bu yana tamaşaçının məni isti qəbul etməsi və mahnılarımın insanların qəlbinə tez yol tapması ilk uğurum idi. Çünki yaradıcılığın insanlar tərəfindən necə qarşılanacağı öncədən bilinmir. Yəni, bu sahədə səni uğur da gözləyə bilər, uğursuzluq da. Tanrıya şükürlər olsun ki, mən uğur qazandım. Növbəti uğurum isə torpağa bağlılığım, tamaşaçılarımıza, tamaşaçılarımızın simasında bütün xalqa bağlılığımdır. Çünki, bu, sənətçi üçün çox vacib məsələdir. Sənətçi mədəniyyətin təmsilçisidir. Yəni, mədəniyyət sənin simanda nə qədər gözəl şəkildə görünsə, o qədər də sən səni dinləyən auditoriya, xüsusilə gənclər tərəfindən sevilə bilərsən. Çünki mənim ən öndə gedən hədəflərimdən biri gənc tamaşaçıların zövqünə yönəlmiş hədəfdir. Məsələn, mən mahnılarımda azərbaycançılıq, insanlıq, vətənpərvərlik, mərhəmətlilik, sevgi paylaşmaq, dostluq paylaşmaq, torpağa bağlı olmaq, öz soydaşına sevgi bəsləmək kimi dəyərləri yaşatmağa çalışıram”.

 

Klassiklərimizə borcluyam

 

Tünzalə xanım deyib ki, o, bu dəyərlərin musiqi vasitəsilə gənc nəslə çatdırılmasında əldə etdiyi uğurlara görə klassiklərimizə borcludur: “Mən buna görə Azərbaycan poeziyasına, Azərbaycan musiqisinə borcluyam. Çünki Nizami, Füzuli, Nəsimi, Səməd Vurğun, Mikayıl Müşfiq, Hüseyn Cavid, Mirvarid Dilbazi, Əliağa Vahid, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev və s. bu kimi dahilərimiz olmasaydı, heç təsəvvür etmirəm ki, bu dəyərlər hansı formada olardı. Onlar təkcə Azərbaycanı deyil, bəşəriyyəti düşünən dahilər olub. Biz Azərbaycan xalqı olaraq çox xoşbəxtik ki, bizim bu qədər zəngin bazamız, bir çox örnəklərimiz var. Onlar Azərbaycan üçün yaşayıblar. Elə isə niyə biz də onlardan öyrənməyək. Mən də bacara bildikcə, mütaliə edir, bu dahilərdən öyrənməyə çalışıram. Bir sözlə, bugünkü uğurlarıma görə, ilk növbədə, klassiklərimizə borcluyam”.

Beləliklə, əslində, bu, mənim sənətçiyə verəcəyim “müsahibəyə gələrkən əlinizdə kitabı gördüm. Hüseyn Cavidin əsərlərini sevirsiniz, yoxsa ümumiyyətlə, mütaliə etməyi çox sevirsiniz” sualına cavab idi.

 

Vətənpərvər olduğum üçün özümü xoşbəxt sayıram

 

Bir sözlə, torpağa, vətənə, insana bağlılıq hissinin, dəyərlərinin olmasını xoşbəxtlik sayan Tünzalə Ağayeva bu hisslərdən məhrum insanların hallarına acıdığını da dilə gətirib: “Bəzən baxırsan ki, bir ölkənin vətəndaşıdır, onun çörəyi, suyu ilə böyüyür. Amma vətənə, torpağa bağlılıq hissini içində yaşada bilmir. Bir növ müqəddəs dəyərlərdən uzaqlaşır. Mən hesab edirəm ki, insanı sağlam formalaşdıran bu dəyərlərdir. Çünki bütün peyğəmbərlər insanlara bir şeyi tövsiyə edib-Vətəninizə sadiq olun. Təmsil olunduğunuz millətə sadiq olun. Bu dəyərlərdən uzaq düşənlər isə heç zaman sağlam, xoşbəxt ola bilməz. Yəni, sən ən varlı insan ola bilərsən, müxtəlif titullara layiq görülə bilərsən. Amma daxilində Vətən sevgisi yoxdursa, deməli heç kimə faydalı olmayacaqsan. Mən isə Vətənimi, torpağımı, xalqımı sevdiyim üçün, belə demək mümkünsə, vətənpərvər olduğum üçün özümü xoşbəxt sayıram”.

 

YAP, eyni zamanda, vətənpərvərlərin partiyasıdır

 

Sənətçinin sözlərinə görə, hakim Yeni Azərbaycan Partiyasını seçməyi də məhz vətənpərvərliyi ilə bağlı olub: “Mən bunu birmənalı şəkildə bəyan edirəm ki, bu seçimi etməyimin əsasında həm mənim vətənpərvər olmağım, həm də hakim Yeni Azərbaycan Partiyasının xalqın partiyası olması, Ulu öndər Heydər Əliyev ideyalarını özündə yaşadan və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların reallaşdırılmasında yaxından iştirak edən partiya olmasıdır. Mənim 34 yaşım var və bu illər ərzində, həm SSRİ-nin son, həm də Azərbaycanın müstəqilliyinin ilk dövrlərində ölkəmizdə cərəyan edən hadisələrin canlı şahidi olmuşam. Yəni, Azərbaycanın hansı təhlükələrlə baş-başa qaldığının, ölkəmizin növbəti dəfə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyinin real şahidiyəm. Həmçinin, onun da şahidiyəm ki, məhz Ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra müstəqil Azərbaycan dövləti yox olmaq təhlükəsindən qurtuldu. Bunun ardınca Ulu öndərin həyata keçirdiyi quruculuq siyasətinin reallaşmasında dahi rəhbərin bir nömrəli köməkçisi məhz Yeni Azərbaycan Partiyası oldu. Mən Ulu öndərin əsasını qoyduğu və Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin yeni keyfiyyətdə davam və inkişaf etdirdiyi siyasət nəticəsində Azərbaycanın qüdrətli bir dövlətə çevrildiyinin də şahidiyəm. Mən görürəm ki, ölkəmizdə qazanılan hər bir uğurda, eyni zamanda, mədəniyyət sahəsində əldə edilən nailiyyətlərdə YAP-ın da özünəməxsus əməyi, zəhməti var. YAP, həmçinin, Ulu öndərin azərbaycançılıq ideyasının reallaşdırılmasında birinci sırada gedən partiyadır. Məhz buna görə də, Yeni Azərbaycan Partiyasına üzv oldum. Onu da deyim ki, Ulu öndərin əsasını qoyduğu YAP, eyni zamanda, vətənpərvərlərin partiyasıdır. Yəni, Yeni Azərbaycan Partiyasına üzv olmağımın bir səbəbi də içimdəki vətənpərvərlik hissidir”.

Azərbaycanın tanınmış sənətçilərinin YAP-a üzv olmalarını da yuxarıdakı amillərlə əlaqələndirən Tünzalə Ağayeva deyib: “Yeri gəlmişkən, bizə üzvlük vəsiqəsinin təqdim olunması mərasimində YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun dediyi sözləri xatırlatmaq istəyirəm. Əli müəllim dedi ki, çox hörmətli, dəyərli sənətçilərin partiyanın üzvlük vəsiqələrini alması həm onların, həm də YAP-ın həyatında əlamətdar hadisədir. YAP üzvlərinin sayının 540 min nəfərdən çox olduğunu deyən Əli Əhmədov indiyə kimi Azərbaycanda bu partiya qədər güclü siyasi təşkilatın olmadığını qeyd etdi. O, bildirdi ki, hər bir üzv YAP-ın şərəfi, gücüdür. Gücümüz partiyanın nüfuzunda, cəmiyyət tərəfindən dəstəklənməsindədir. Gücümüz insanların partiyamıza inanmasıdır. Yəni, əgər bu inam olmasaydı, partiyamızın 540 mindən çox üzvü olmazdı. Bir daha bildirmək istəyirəm ki, bu inamın əsasında Ulu öndər Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə insanların etimadı dayanır. Partiyamızın Sədri, ölkəmizin Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu günə kimi sürətlə inkişaf edib və bundan sonra ölkəmizi daha böyük, sürətli inkişaf gözləyir. Hər birimizin istəyi budur ki, bu dəyişikliklər davamlı olsun, bu dəyişikliklər Azərbaycan xalqının həyatının mənasını gözəlləşdirsin. Bütün bunlar Prezidentimizin siyasətində özünün əksini tapır. YAP isə bunların uğrunda çalışır. Deməli, ölkəsinin daha da qüdrətli olmasını istəyən hər bir azərbaycanlının, o cümlədən, sənətçilərin seçimi məhz YAP olmalıdır. Mən də YAP-a üzv olmağı özümə şərəf, missiya və hədəf sayıram”.

 

Dövlətimizin sənət adamlarına daim diqqət və qayğı göstərməsi məni çox sevindirir

 

Hazırda ölkəmizdə sənət adamlarına xüsusi diqqət və qayğı göstərildiyini deyən müsahibimin sözlərinə görə, bu elə bir prosesdir ki, bunun başlanğıcı var, amma sonu yoxdur: “Bu, elə bir prosesdir ki, bunun heç vaxt nöqtəsi qoyula bilməz. Çünki hər nəslin, hər dövrün öz istedadları, öz ziyalısı var. Dövlətimizin və YAP kimi güclü partiyanın istedadlı insanlara, istər yaşlı, istərsə də gənc nəslin nümayəndələri olan sənət adamlarına daim diqqət və qayğı göstərməsi məni çox sevindirir. Mən bunu şəxsən öz təcrübəmdə dəfələrlə görmüşəm. Sizə adi bir misal çəkim. 2001-ci ildən səhnədə olmağıma baxmayaraq, cəmi 5 il sonra, yəni, 2006-cı ildə hörmətli Prezidentimiz İlham Əliyev cənablarının Sərəncamı ilə mənə Əməkdar artist fəxri adının verilməsi dövlətin sənətə, sənət adamlarına, xüsusilə də, gənc nəslə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. İnanın ki, mənə bu adın veriləcəyini bilmirdim və hətta, ilk anlar buna inanmırdım. Sevincimin həddi-hüdudu yox idi. Eyni zamanda, düşünürdüm ki, bu dövlətin mənə və mənim kimi digər sənətçilərə qayğısı, sənətimizin daha da inkişaf etməsi üçün dəstəyidir. Bu bir stimuldur ki, biz öz sənətimizlə millətimizə, Vətənimizə, dövlətimizə xidmət etməkdə davam edək. Bir sözlə, sənət dostlarımın da vurğuladıqları kimi, başqa ölkələrlə müqayisədə Azərbaycanda sənət adamlarına qayğı daha yüksəkdir. Bu isə biz sənət adamlarını daha da ruhlandırır”.

Əməkdar artist onu da əlavə edib ki, bu gün sənətçilərimiz təkcə hansısa mahnını ifa etməklə işlərini bitmiş hesab etməməlidirlər: “Bizlər dövlətimizin, xalqımızın malik olduğu mədəniyyət incilərinin dünyada təbliğ olunmasında da yaxından iştirak etməliyik. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın bu yöndəki fəaliyyəti bizim üçün nümunə olmalıdır. Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva muğam sahəsinə xüsusi diqqət və qayğı göstərir. Ümumiyyətlə, həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən, həm də ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən maddi və mənəvi mədəniyyətimizə göstərilən diqqət nəticəsində muğam sənətimiz, aşıq sənətimiz, milli xalçalarımız YUNESKO-nun Qeyri-maddi, mədəni irs siyahısına daxil edilib. Mədəniyyət sahəsində yaxın vaxtlarda əldə olunan uğurlardan biri də, təbii ki, “Eurovision” mahnı müsabiqəsindəki qələbəmizdir. Sevindirici haldır ki, təkcə muğam və aşıq sənəti ustaları deyil, müasir musiqimizin təmsilçiləri də Azərbaycanın adını zirvələrə ucaldır”.

Sonda bir daha YAP üzvü olduğu üçün fəxarət hissi keçirdiyini deyən Tünzalə Ağayeva, eyni zamanda, hakim partiyanın sıradan bir üzvü olmayacağını da bildirib: “Məlum olduğu kimi, biz bir qrup sənətçiyə üzvlük vəsiqəsi partiyanın mərkəzi qərargahında keçirilən mərasim zamanı YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov tərəfindən verildi. Və mən tədbirdən sonra hörmətli Əli müəllimə yaxınlaşaraq bir sıra gələcək planlar barədə söhbət etdim. Deyim ki, Əli müəllim bu təklifi dəstəklədi və inşallah tezliklə özündə bir çox gözəl dəyərləri əks etdirən geniş bir layihənin reallaşmasına start veriləcək. Bu da mənim bir YAP üzvü kimi həm partiyamın fəaliyyətinə dəstək verməyimə, həm də xalqımızla daha sıx təmasda olmağıma yardım edəcək”.

 

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2011.- 28 iyul.- S.5.