Qəbələ
özünü Azərbaycanın musiqi paytaxtı kimi təsdiq
edir
Heydər Əliyev Fondunun təşkil
etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı
dünya əhəmiyyətli mədəniyyət hadisəsinə
çevrilməkdədir
Heydər
Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq
Musiqi Festivalı artıq dünya əhəmiyyətli mədəniyyət
hadisəsinə çevrilməkdədir. Bir neçə
gün öncə öz işinə başlayan festivalda
müxtəlif ölkələrdən gəlmiş
musiqiçilərin konsertləri keçirilib. Təşkil
olunmuş konsertlərdən formalaşmış təəssüratlar
isə onu deməyə əsas verir ki, budəfəki musiqi
festivalı da yüksək əhval-ruhiyyə içərisində
keçir.
Ümumiyyətlə, bu cür musiqi festivallarının keçirilməsi Azərbaycanın dünyada nüfuzunun artmasına və ölkəmizlə bağlı həqiqətlərin əyani şəkildə müxtəlif dövlətlərin mədəniyyət və incəsənət nümayəndələrinin diqqətinə çatdırılmasına xidmət edir. Digər tərəfdən, Azərbaycan coğrafi əhəmiyyəti baxımından Avropa ilə Asiyanın arasında yerləşən dəhliz, eyni zamanda, böyük sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu unikal bir məkan kimi dünya xalqlarının diqqətini cəlb edir. Qərb və Şərq dünyasının ideyalarının qarışığından formalaşmış yeni fəlsəfi düşüncələr sistemi, təfəkkür və yaradıcılıq ruhunun dünyanı əyani sübutlarla heyran qoyması və postsovet məkanına daxil olan Azərbaycanın bəşəriyyətə “möcüzə” modeli təklif etməsi insanlarda bir daha həmin marağı doğurur. Artıq dünya ictimaiyyəti bu söylənilənləri öz gözlərilə görür və əsl həqiqətləri anlayır.
Eyni zamanda, bu tədbir vasitəsilə Qəbələnin timsalında Azərbaycanın turizm potensialının dünya ictimaiyyətinin diqqətinə təqdim edilməsi faktını da qeyd etmək lazımdır. Çünki bu gün Qəbələdə yaradılmış turizm infrastrukturu bu bölgənin dünyanın öndə gedən istirahət məkanları ilə rəqabətə girməyə hazır olduğunu sübut edir. Dağlıq relyef, sıx meşə, beş ulduzlu hotel əsl cənnət məkanını xatırladır. Qədim tarixi, zəngin mədəniyyəti ilə seçilən Qəbələ şəhəri Azərbaycanın ən gözəl guşələrindən biridir. Azərbaycanın siyasi, iqtisadi və mədəni keçmişində aparıcı rola malik olan Qəbələ şəhəri bu gün də respublikamızın mədəni həyatının mühüm tərkib hissəsinə çevrilməkdədir. Bu gözəl məkanın tarixi şöhrətini yenidən özünə qaytarmaq, onu bütün dünyaya tanıtdırmaq üçün dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük işlər görülür.
Son illərdə respublikanın bütün regionlarında olduğu kimi, Qəbələdə də həyata keçirilən irimiqyaslı layihələr, tikinti-quruculuq və abadlıq işləri şəhərin simasını xeyli dərəcədə dəyişdirib. Bu qayğı və diqqətin nəticəsidir ki, Qəbələ bu gün öz tarixində növbəti yüksəliş dövrünü yaşayır. İqtisadi cəhətdən sürətlə inkişaf edən, əhalisinin həyat şəraitinin gündən-günə daha da yaxşılaşdığı Qəbələ şəhəri artıq dünyada “musiqi paytaxtı” kimi şöhrət qazanmaqdadır.
Bununla yanaşı, bu cür musiqi festivalları yeni istedadların aşkara çıxarılmasına, gənclərin peşəkarlarla görüşünə və onlardan sənətin incəliklərini öyrənməsinə imkan verir.
Xatırladaq ki, 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ şəhərində keçirilmiş I Beynəlxalq Musiqi Festivalı və Pianoçuların Beynəlxalq Müsabiqəsinə göndərdiyi təbrik məktubunda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qeyd edirdi ki, dünyanın tanınmış musiqi xadimlərinin iştirakı ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı və Pianoçuların Beynəlxalq Müsabiqəsi yeni istedadların aşkara çıxarılmasına, gənclərin peşəkarlarla görüşünə və onlardan sənətin incəliklərini öyrənməyə imkan verəcəkdir. Festival çərçivəsində məşhur pianoçuların təşkil edəcəyi ustad dərsləri gənc musiqiçilər üçün böyük töhfə olacaq.
2010-cu ildə isə yenidən Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ şəhərində keçirilmiş II Beynəlxalq Musiqi Festivalının açılış mərasimində çıxış edən YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Qəbələnin əsrarəngiz Azərbaycan mədəniyyətinin mühüm bir parçası olan gözəl və qədim bir şəhər olduğunu vurğulayaraq burada keçirilən tədbirin əhəmiyyətindən söz açıb: “Bu gün dünya xəritəsində Qafqaz Albaniyası artıq yoxdur. Lakin Qəbələ bu gün yenə də paytaxtdır - mədəniyyət, musiqi paytaxtı. Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq gözəl bir ənənəyə çevrilib. Bu festival günləri bu səhnədə dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcəkdir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər bu səhnəyə çıxacaqlar. Kamera, klassik, folklor, caz musiqisi səslənəcək, bölgədə olan musiqi məktəblərinin şagirdləri ilə ustad dərsləri keçiriləcək, peşəkarlıq əməkdaşlığı yaranacaqdır. Bir sözlə, bütün bu günlər bizim hamımızı - həm tamaşaçıları, həm ifaçıları bir amil - musiqi birləşdirəcəkdir. Musiqinin dili tərcümə tələb etmir. Bu dil millətdən, dindən asılı olmayaraq hər kəs üçün aydındır”.
Qeyd edək ki, Azərbaycan bu günə qədər dünya musiqi aləminə onlarla dahilər bəxş edib. Lakin müəyyən zamanlarda həmin dahilərin təbliği zəif aparıldığından dünya ictimaiyyəti onlar haqqında çox az informasiyaya malik idi. Amma Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra mədəniyyətə, incəsənətə olan diqqət və qayğı artırıldı. Bu sahədə çalışan insanlar dövlətin qayğısı ilə əhatələndi, korifeylər dünya miqyasında tanıdılmağa başlandı. Bu gün də həmin kurs Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Heydər Əliyev Fondu da dövlətin bu sferadakı fəaliyyətinə xüsusi töhfələr verir. Rəsmi açılışı olacaq Qəbələ III Beynəlxalq Musiqi Festivalı da həmin xidmətlər sırasındadır.
Bu festivalın nəticəsi olaraq, Azərbaycana dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqlar ölkəmizlə bağlı, adət-ənənəmiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz, eyni zamanda, Azərbaycanın musiqi tarixində dünya miqyasında xidmətləri olmuş dahilər haqqında geniş bilgiyə sahib olacaqlar.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən musiqi festivalını tanınmış insanlar da yüksək qiymətləndirirlər.
III Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli bildirib ki, bu tədbirlərin təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır: “Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən bu tədbirlər ildən-ilə dünyada daha çox tanınır. Bu festival və müsabiqələrin belə yüksək səviyyədə təşkili üçün biz hamımız Mehriban xanım Əliyevaya minnətdarıq. Bu günlər Qəbələyə 1000-ə yaxın yerli və xarici qonağın, klassik musiqi həvəskarlarının toplaşması tədbirin həqiqətən də böyük marağa səbəb olmasından xəbər verir”.
Qəbələ III Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonskinin sözlərinə görə, musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ festivalının builki proqramı çox zəngindir: “Dünyanın məşhur musiqiçiləri bu günlərdə Qəbələyə gələcəklər. Onların iyulun 30-da festivalın rəsmi açılışı ilə bağlı keçiriləcək qala-konsertdə və sonrakı günlərdə, yəni, avqustun 5-dək davam edəcək musiqi proqramında rəngarəng çıxışları olacaqdır”.
Bədii rəhbər Qəbələ musiqi bayramı çərçivəsində keçirilmiş və dünyanın müxtəlif ölkələrini təmsil edən gənc musiqiçilərin qatıldıqları pianoçuların II Beynəlxalq müsabiqəsinin də uğurla başa çatdığını bildirib. Musiqiçi festival çərçivəsində gənclər üçün ustad dərslərinin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.
Milli Məclisdə Qəbələ seçicilərini təmsil edən deputat Fəttah Heydərov isə vurğulayıb ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı ənənəvi keçirilən gözəl bir bayrama çevrilib: “Festival günlərində Qəbələdə xüsusi ab-hava hökm sürür. Bura gələn xarici qonaqlar ölkəmizin sürətli inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti ilə, milli musiqimizlə, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar. Qəbələ torpağında, füsunkar təbiət qoynunda istirahət edən yerli və xarici turistlər hər axşam festivalın konsertlərində dünya musiqisinin incilərini dinləyirlər. Buranın havası, təbiəti, yüksək səviyyəli xidmətləri turistləri valeh edib. Sevindirici haldır ki, festivala təkcə klassik musiqi biliciləri deyil, həm də Motsartın, Çaykovskinin, Şubertin, Bramsın, Hacıbəylinin musiqisini simfonik orkestrin ifasında ilk dəfə canlı dinləyən Qəbələ sakinləri də həvəslə gəlirlər”.
Festivalda musiqiçilərin gözəl və yaddaqalan çıxışlarını xüsusi vurğulayan Fəttah Heydərov festivalın gözlənildiyi kimi yüksək səviyyədə keçdiyini və böyük marağa səbəb olduğunu bildirib.
Qəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Azərbaycanın Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Yalçın Adıgözəlov deyib ki, ölkəmizin beynəlxalq nüfuzunun formalaşması və inkişafında siyasət, idman, iqtisadiyyat və mədəniyyət əsas rol oynayır. Bu baxımdan paytaxtdan kənarda, kurort zonasında belə möhtəşəm musiqi festivalının keçirilməsi mühüm hadisədir.
Tanınmış dirijor bildirib ki, dünyada böyük şəhərlər festival paytaxtı statusunu tədricən itirir və bu yeri mənzərəli kiçik şəhərlər - sənət və təbiət gözəlliyinin çox uğurla uzlaşdığı məkanlar tutur: “Qəbələ şəhərində artıq üçüncü ildir ki, keçirilən beynəlxalq musiqi bayramı buna əyani sübutdur. Burada dörd tərəfi sıx meşəliklə əhatə olunan gözəl dağların ətəyindəki səssizliyi musiqi ritmləri pozur”.
Bir sözlə, Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalını musiqimizin dünyada təbliğində böyük əhəmiyyət daşıyan mədəni hadisə kimi dəyərləndirmək olar.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2011.- 30 iyul.- S.
3.