Türkiyə-Azərbaycan əlaqələri
ən yüksək səviyyədədir
Ortaq etnik-mədəni mənşəyə,
tarixi keçmişə sahib olan iki qardaş xalqı mənəvi
tellərlə yanaşı, ümumi milli, siyasi, iqtisadi
maraqlar birləşdirir
Müasir
dünyada dostluq və qardaşlıq əlaqələri
baxımından nümunə göstəriləcək
Türkiyə-Azərbaycan əlaqələri
özünün yeni inkişaf mərhələsinə qədəm
qoyub. Bu, bir həqiqətdir ki, bizim xalqlarımızı ortaq
tarix, ortaq mədəniyyət birləşdirir. Daha
doğrusu, əsrlər boyu xalqlarımız bir yerdə olub,
bir-birinə dayaq olublar. Ortaq etnik-mədəni mənşəyə,
tarixi keçmişə sahib olan iki qardaş xalqı mənəvi
tellərlə yanaşı, ümumi milli, siyasi, iqtisadi
maraqlar birləşdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi “Müstəqil dövlətlər kimi bu gün Türkiyə və Azərbaycan uğurla əməkdaşlıq edir və bu əməkdaşlığın demək olar ki, bütün sahələrdə çox gözəl nəticələri vardır. Biz bir köklərə mənsubuq”.
Çox sevindirici haldır ki, bu gün dostluq və qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri uğurla inkişaf etməkdədir. Artıq arxada qoyduğumuz 2010-cu il və bu ilin ilk 6 ayı isə Türkiyə-Azərbaycan əlaqələri üçün iki ölkənin liderləri arasında keçirilən görüşlərin intensivliyi baxımından xüsusilə yaddaqalan olub. Məsələn, ötən il ərzində Türkiyənin Respublikasının Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan Bakıda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə müxtəlif beynəlxalq qurumların zirvə toplantılarında iştirak etmək üçün 3 dəfə İstanbulda səfərdə olub. Azərbaycan və Türkiyənin liderləri üçüncü ölkələrdə keçirilən toplantılarda da bir araya gəliblər.
Ən nəhayət, bir
neçə gün öncə Türkiyə
Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan
Azərbaycana növbəti səfərini edib.
Elə bu səfər haqqında jurnalistlərə
açıqlama verən Baş nazirin aşağıdakı sözləri də
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin
əhəmiyyətinə işarə edir:
“Bildiyiniz kimi, bizim məlum ənənəmizə uyğun olaraq, seçkilər
keçirildikdən sonra ilk
işimiz Azərbaycana və ya Şimali Kipr Türk Respublikasına
səfər etməkdir. Xarici səfərlərimizi
belə başlayır, belə həyata keçiririk.
Bu il ilk
səfərimi 37-ci müstəqillik ildönümü
olması münasibətilə 19-20 iyulda Şimali Kipr Türk Respublikasına həyata keçirdik. Bu gün də 20-ci ildönümü
münasibətilə Azərbaycanda həyata keçiririk.
Yəni, iki xoşbəxtliyi bir yerdə yaşadıq. Amma
həm də ona görə xoşbəxtəm
ki, 20 il əvvəlki
Azərbaycanı bugünkü ilə
müqayisə etsək, həqiqətən, çox
fərqli bir dəyişiklik,
inkişafın içərisindədir”.
Ulu öndər Heydər Əliyev
Türkiyə ilə hərtərəfli əlaqələrin
inkişafına xüsusi diqqət
göstərirdi
Məlum olduğu kimi, 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev qardaş Türkiyə ilə hərtərəfli əlaqələrin inkişafına xüsusi diqqət göstərirdi. Təsadüfi deyil ki, Ulu öndər müstəqil Azərbaycanın dövlət başçısı kimi ilk xarici rəsmi səfərlərindən birini 1994-cü il fevral ayının 8-də, məhz qardaş ölkəyə etdi. Səfər çərçivəsində imzalanan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Ulu öndərin hər zaman söylədiyi və bu gün də dillərdə əzbər olan “bir millət, iki dövlət” kəlamı Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun ən mükəmməl ifadəsinə çevrilib.
Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev də Türkiyə ilə strateji əlaqələrin möhkəmləndirilməsinə
xüsusi önəm verir.
Belə ki, Prezident İlham Əliyev də dövlət
başçısı kimi ilk xarici səfərlərindən
birini məhz Türkiyəyə edib. Türkiyə rəsmiləri
ilə keçirdiyi çoxsaylı
görüşlərdə dövlət
başçısı qarşılıqlı əlaqələrin
inkişaf perspektivlərini dəyərləndirərək
əməli addımların davam etdirilməsinin
önəmini vurğulayıb. Əksər müşahidəçilərin
də qeyd etdikləri kimi,
iki ölkə arasında müxtəlif
sahələri əhatə edən çoxsaylı protokollar və müqavilələr Azərbaycan-Türkiyə
münasibətlərinin hərtərəfli inkişafına stimul verir. Bir
sözlə, bu gün
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı
bütün sahələrdə özünü göstərməkdədir. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, ölkələrimiz arasında böyük tarixi
keçmişə malik əlaqələr
yüksək səviyyədədir: “Bu gün ölkələrimiz arasındakı əlaqələr
ən yüksək səviyyədədir. Bu
əlaqələrin xüsusi əhəmiyyəti
vardır və əlaqələrimiz bütün
sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni
sahələrdə - bütün sahələrdə
aramızda çox ciddi
işbirliyi, əməkdaşlıq
aparılır və bütün istiqamətlərdə
yaxşı nəticələr vardır”.
Türkiyə
işğalçı Ermənistana qarşı
barışmaz mövqedədir
Məlum olduğu kimi, beynəlxalq aləmdə bütün məsələlərdə bir-birinin mövqeyini dəstəkləyən Azərbaycanla Türkiyə ümumi maraqlar uğrunda da mübarizə aparır. Sirr deyil ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti kimi 1993-cü ildən etibarən Türkiyə işğalçı ölkə ilə əlaqələrə son qoyaraq sərhədləri bağlayıb. Eyni zamanda, Türkiyə dövləti beynəlxalq təşkilatların Azərbaycanın işğala məruz qalması faktını təsdiqləyən və Ermənistanın beynəlxalq hüquqa zidd əməlinin dayandırılmasını tələb edən qərarların qəbul olunmasında ölkəmizi hər zaman dəstəkləyib. Öz növbəsində, Azərbaycan da qardaş ölkəni hərtərəfli dəstəkləyir, ermənilərin Türkiyəyə qarşı apardıqları qondarma “soyqırımı” təbliğatını pisləyir.
Onu da qeyd etmək yerinə düşər ki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, cənab Ərdoğanın budəfəki səfərində də əsas müzakirə mövzusu olub. Həmin məsələyə toxunan Prezident İlham Əliyev deyib ki, bu gün biz regional məsələlərə də toxunduq, regional təhlükəsizlik məsələlərini müzakirə etdik: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar mən hörmətli Baş nazirə Azərbaycanın mövqeyini bir daha ifadə etdim və danışıqların son durumu haqqında məlumat verdim. Bir daha demək istəyirəm ki, Türkiyənin bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqı və Azərbaycan dövləti çox minnətdardır. Bu həqiqətən də dostluq, qardaşlıq münasibətidir. Biz bunu çox yüksək qiymətləndiririk”.
Öz növbəsində, Baş nazir Rəcəb Tayyib Ərdoğan bu məsələdə ölkəsinin mövqeyinin dəyişməz olduğunu bəyan edib: “Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik”.
Qardaş ölkənin Baş naziri, həmçinin, “Bunun
təkrar bilinməsini istəyirəm: bilin
- Türkiyə olaraq, xüsusilə
iqtidarımız olaraq biz
bu 9 illik müddətdə
hər zaman, hər yerdə, hər
toplantıda azərbaycanlı qardaşlarımızın yanında
olduğumuz kimi, bundan sonrakı müddətdə də Ədalət
və İnkişaf Partiyası
iqtidarı bütün gücü
ilə, Türkiyə olaraq hər zaman Azərbaycanın, qardaşlarının
yanında olacaqdır. Buna heç
kim şübhə etməsin” sözlərini
də əlavə edib.
İki ölkə arasında strateji əməkdaşlıq daha
da möhkəmlənir
Yeri gəlmişkən, Türkiyə Azərbaycanı regionda çox əhəmiyyətli bir strateji tərəfdaş olaraq görür və müxtəlif sahələrdə möhkəm təməllərə əsaslanan əhatəli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səy göstərir. Bu mənada “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə iki ölkə arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni, elmi sahədə əlaqələrin bütün istiqamətlərini əhatə edən bir çərçivəyə malikdir.
Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün ötən il respublikamıza rəsmi səfəri çərçivəsində avqustun 16-da imzalanan həmin Müqavilə iki ölkə arasında strateji əməkdaşlığın möhkəmlənməsi yönündə atılan mühüm addımdır. Sənədin imzalanmasından sonra jurnalistlər qarşısında çıxışında Prezident İlham Əliyev Müqavilənin tarixi əhəmiyyətini vurğulayıb: “Bu gün imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra, onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətlərini müəyyən edəcəkdir”.
Onu da bildirmək yerinə düşər ki, ötən ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən İstanbulda “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə” imzalanıb. Və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılıb. Bu günlərdə Bakıda səfərdə olan Baş nazir Rəcəb Tayyib Ərdoğan tezliklə qardaş ölkədə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının keçiriləcəyini bildirib: “Bundan sonrakı proses istiqamətində atacağımız addımlar içərisində, xüsusilə, Türkiyə-Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının toplantısı da həqiqətən həyəcanla gözlədiyimiz toplantı olacaqdır. Xarici işlər nazirlərimiz öz aralarında görüşməklə ilk addımı atacaq, inşallah, genişmiqyaslı bir toplantını həyata keçirmiş olacağıq”.
Müşahidəçilərin fikrincə, Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması qarşıdakı dövrdə iki ölkə arasındakı əlaqələrin inkişafına yeni stimul verə bilər. Buna əsas kimi, Türkiyənin başqa ölkələrlə bu formatda qurduğu əlaqələrin nəticələri və bu ölkə ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakter daşıması göstərilir.
Bir sözlə,
görünən odur ki,
Azərbaycan-Türkiyə strateji
münasibətləri ən yüksək səviyyədə inkişaf edir. Bu iki qardaş
ölkə arasında əməkdaşlıq isə
bütövlükdə regionun
inkişafına və türkdilli dövlətlər
arasında əlaqələrin genişlənməsinə stimul verir.
Tərəflər
arasında iqtisadi əməkdaşlıq
da yüksək səviyyədədir
Yeri gəlmişkən, iki qardaş ölkə arasındakı xoş münasibətlər iqtisadi sahədə əməkdaşlıq üçün yeni-yeni imkanlar açır. Bunu Bakıda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı qəbul edən Prezident İlham Əliyev də bəyan edib: “Bir daha bəyan edirik ki, siyasi əlaqələr ən yüksək səviyyədədir, deyə bilərəm ki, zirvədədir. İqtisadi sahədə çox gözəl perspektivlər var. Çox şadam ki, bu il ölkələrimiz arasındakı ticarət dövriyyəsi artmışdır. Yeni planlar, yeni təkliflər var. İnvestisiya yönümlü təkliflər nəzərdən keçirilir. Türkiyə şirkətləri Azərbaycana, Azərbaycan şirkətləri Türkiyəyə sərmayə qoyur. Azərbaycan şirkətləri indiyə qədər Türkiyə iqtisadiyyatına 4 milyard dollardan çox vəsait qoymuşdur. Növbəti illərdə təkcə neft kimyası sənayesinə 6 milyard dollar əlavə sərmayə qoyulması nəzərdə tutulur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrinin icrasında türk şirkətləri fəal iştirak edir və biz onların fəaliyyətindən çox razıyıq”.
Dövlət başçısı onu da vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdə nəqliyyat məsələləri də mühüm yer tutur: “Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi uğurla gedir. Demək istəyirəm ki, Azərbaycan tərəfi bu dəmiryolunun tikintisi üçün Gürcüstana təxminən 800 milyon dollar kredit ayırmışdır ki, məsələ tezliklə öz həllini tapsın və gələn ilin sonuna qədər dəmiryolu istifadəyə verilsin”.
Baş nazir
Rəcəb Tayyib Ərdoğan isə deyib ki, 2010-cu ildə tərəflər
arasında ticarət dövriyyəsi təxminən 2,5 milyard dollar olub: “Ancaq bu
ilin ilk beş ayında bu göstərici
1,4 milyard dollara
çatmışdır. Bu gedişlə,
inşallah, bu ilin sonunda 3 milyard dollara çatdıra bilərik. Bütün bunlarla
yanaşı, Türkiyə-Azərbaycan
əlaqələrində təbii
qaz xətti, “Bakı-Tbilisi-Ceyhan” neft boru kəməri
böyük əhəmiyyət
kəsb edir. Düşünürəm ki, inşallah,
“Şahdəniz-2” ilə bağlı
atılacaq addımlar
iki qardaş ölkənin strateji addımı olacaqdır.
Bu məsələdə də qardaşımla aramızdakı razılığımız
açıq-aşkar ortadadır.
Məsələ ilə əlaqədar
biz müzakirələr apardıq
və enerji nazirlərimiz də fəaliyyətlərini davam
etdirəcəklər.
Təbii ki, bütün bununla bərabər hörmətli Prezidentin ifadə etdiyi kimi, həqiqətən “Qars-Tbilisi-Bakı” dəmiryolu xətti böyük əhəmiyyət
kəsb edir. Bunun davamı
vardır. Bu, işin ilk mərhələsidir
və biz onu daha da irəliyə
- Orta Asiyaya çatdırmağı hədəf
qoymuşuq. Belə bir
hədəf, belə bir böyük layihə, hazırda onun məmnunluq doğuran bir sürətlə həyata
keçirilməsi də
bizi strateji olaraq bir-birimizə bağlayır”.
O da bildirilib ki,
Bakı görüşündə
tərəflər enerji
məsələlərinə də toxunublar. Məlum olduğu kimi, bu əlaqələrin böyük tarixi var. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri
uğurla fəaliyyət
göstərir.
Beləliklə, bütün bu sadalananlar real mənzərini
ortaya qoyur. Daha doğrusu, Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi iki qardaş ölkə arasındakı
əlaqələr yüksək
səviyyədədir: “Türkiyə-Azərbaycan
əlaqələri indi
ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır.
Bizi birləşdirən həm
tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Biz
çox şadıq ki, Türkiyə-Azərbaycan
əlaqələri sürətlə
inkişaf edir və hörmətli cənab Baş nazirin səfəri zamanı apardığımız
danışıqlar və
etdiyimiz söhbətlər
bir daha onu göstərir ki, biz bir-birimizə nə qədər yaxınıq”.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2011.- 30 iyul.- S.
4.