“Pensiya təminatında vahid prinsipin tətbiqi islahatların yeni mərhələsidir”

 

Yeni Azərbaycan Partiyası və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə bu mövzuda dəyirmi masa keçirilib

 

Dünən Yeni Azərbaycan Partiyası və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə “Pensiya təminatında vahid prinsipin tətbiqi islahatların yeni mərhələsidir” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu dəyirmi masa, hər bir Azərbaycan vətəndaşını, xüsusilə yaşlı əhalini maraqlandıran məsələ ətrafında fikir mübadiləsi aparmağa imkan yaradır. Onun sözlərinə görə, bu yaxınlarda Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərin edilməsi nəticəsində pensiya sahəsində əhəmiyyətli irəliləyiş əldə olunacaq. Əli Əhmədov vurğulayıb ki, iyulun 1-dən tətbiq olunacaq bu yenilikdən sonra insanların təqaüdlərində ciddi artım baş verəcək. Onun fikrincə, bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi siyasətin bilavasitə nəticəsi və Azərbaycan xalqının həyat səviyyəsinin, həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan ciddi addımlardır.

“Pensiya sistemi nə qədər dövlətin öz üzərinə götürdüyü əhəmiyyətli funksiya olsa da, bunun belə bir cəhətini vurğulamaq olar ki, işləməyən yaşlı əhalinin həyat səviyyəsinin və sosial statusunun təmin edilməsində işləyən əhali birbaşa iştirak edir. İnsanlar özlərinin gələcəkdə sosial statusunun təmin edilməsi üçün nə qədər ödəmələr etsələr də, nəticə etibarilə yaşlı əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsində işləyən insanlar yaxından iştirak edir. Bu da ictimai ahəngdarlığı və vətəndaş həmrəyliyini möhkəmləndirən məqamlardan biridir. Ölkəmizin bütün sahələrində genişmiqyaslı islahatlar həyata keçirilməkdədir və bu islahatlar pensiya sistemini də əhatə edir. Azərbaycanda 20 il ərzində oturuşmuş pensiya sistemi formalaşıb və bu, yaşlı əhalinin layiqli həyat səviyyəsinin, sosial statusunun təmin edilməsinə özünün böyük töhfəsini verir. Bununla yanaşı, həyatımızın inkişafından irəliyə gələrək bütün sahələrdə islahatların həyata keçirilməsinə ciddi ehtiyacların yarandığı kimi sosial müdafiə, pensiya sistemində də çox ciddi islahatların həyata keçirilməsinə ehtiyac yaranır və bu gün Prezidentimizin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi pensiya sistemində də əhəmiyyətli islahatlar həyata keçirilir. Bu islahatlar pensiya islahatlarının yeni mərhələsini özündə ehtiva edir. Biz inanırıq ki, bu islahatlar yaşlı əhalinin daha layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlib” - deyə, YAP Sədrinin müavini vurğulayıb.

Daha sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov pensiya sahəsində həyata keçirilən tədbirlərlə əlaqədar geniş təqdimatla çıxış edib. Səlim Müslümov öncə Azərbaycan Respublikasında pensiya islahatlarının qısa xronologiyasını verib. O bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 17 iyul 2001-ci ildə “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası” təsdiq olunub. 2001-2005-ci illərdə konsepsiyanın müddəaları gerçəkləşdirilib. Belə ki, 27 noyabr 2001-ci ildə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanun qəbul edilib. “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Prezidentinin 04 avqust 2003-cü il tarixli 908 nömrəli Fərmanı ilə vahid sığorta-pensiya orqanının fəaliyyəti təşkil olunub. 2003-cü ildən fərdi uçot sisteminin tətbiqi ilə bağlı layihələrin icrasına başlanılıb və 2005-ci ilin sonunadək pilot və hazırlıq işləri başa çatdırılıb. Fondun sədri əlavə edib ki, 2004-cü ildən etibarən pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə keçilib: “2005-ci ildə sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərini bir-birindən ayıran “Əmək pensiyaları haqqında” və “Dövlət sosial müavinətləri haqqında” qanunların layihələri hazırlanıb. 2006-cı il yanvarın 1-dən beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya sisteminə keçid baş verib. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minib. Həmin tarixədək tətbiq olunan “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədən salınıb. 2006-cı ildən məcburi dövlət sosial sığorta haqları hesabına müəssisə və təşkilatlar tərəfindən aparılan sosial ödəmələrin idarə olunması Dövlət Sosial Müdafiə Fonduna verilib”.

DSMF sədri nəzərə çatdırıb ki, 2007-ci il yanvarın 1-dən Dövlət Sosial Müdafiə Fondu vasitəsilə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin və dövlət qulluqçularının əmək pensiyaları ilə təminatına keçilib. 2007-cı il yanvarın 1-dən yeni təyin olunan pensiyaların əməkhaqqına məhdudiyyət qoyulmadan hesablanması reallaşdırılıb. 2008-ci il yanvarın 1-dən isə əvvəlki sistemlə (2006-cı ilin yanvarın 1-dək) təyin olunmuş pensiyalar əməkhaqqına qoyulmuş məhdudiyyət aradan qaldırılmaqla yenidən hesablanıb.

S.Müslümov islahatların növbəti mərhələsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirildiyini deyib. Onun sözlərinə görə, proqrama uyğun olaraq 2010-cu il yanvarın 1-dən yeni təyin olunan pensiyalar üzrə 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının əmək stajı göstəricisinə əsasən müəyyənləşdirilməsi həyata keçirilib. 2011-ci ildə yeni pensiya təyinatında tətbiq olunan əmək stajı göstəricisi əsasında hesablama qaydasının əvvəllər təyin olunmuş bütün pensiyalara da şamil edilməsi və bununla da pensiya təyinatının sistemin bütün iştirakçıları üçün vahid prinsiplə aparılması barədə qanun qəbul edilib. S.Müslümov vurğulayıb ki, Azərbaycanda islahatlar digər keçid dövrü ölkələrində olduğu kimi, “şok” effekti ilə deyil, əvvəlki sistemlə əhatə olunmuş insanların davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə mərhələlərlə tam inteqrasiyası yolu ilə reallaşdırılıb: “Ölkəmizdə 2006-cı ildən tətbiq olunan sığorta-pensiya modeli müasir sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Sığorta-pensiya modeli sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir. Ötən 5 ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 5 sərəncam verilib. Nəticədə, yeni sistem fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb”. DSMF sədri qeyd edib ki, hazırda ölkə üzrə pensiyanın orta aylıq məbləgi 115 manat təşkil edir. O cümlədən, 01.01.2006-cı ilədək pensiyaya çıxanlar üzrə bu göstərici 102 manat, 01.01.2006-cı ildən 01.01.2010-cu ilədək pensiyaya  çıxanlar üzrə 122 manat, 01.01.2010-cu ildən sonra pensiyaya çıxanlar üzrə 150 manatdır. “Azərbaycanda yeni sığorta-pensiya sisteminə keçidin xarakterik xüsusiyyətlərindən biri əvvəlki sistemlə əhatə olunmuş insanların da bu sistemə eyni şərtlərlə transfert olunmasıdır”-deyən S.Müslümov nəzərə çatdırıb ki, bu məsələ Dövlət Proqramında öz əksini tapıb. Onun sözlərinə görə, həyata keçirilən islahatlara uyğun olaraq yeni pensiya təyinatında tətbiq olunan qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqlarının yenidən hesablanması nəzərdə tutulur. Belə ki, 2006-cı ilin 1 yanvarınadək olan iş stajının hər ili üçün 170 manat pensiya kapitalı verilir. Sonra həmin kapital qanunvericiliklə müəyyən olunmuş gözlənilən pensiya ödənişi müddətinə, yəni 144 aya bölünür, alınan məbləğə 2006-2010-cu illərin inflyasiya faizi tətbiq edilməklə hər il üçün 1,94  manat pensiyanın sığorta hissəsi təyin olunur: “Hesablamalarımıza əsasən, 845 min nəfərin pensiyası orta hesabla 40 faiz artacaq və bu tədbirin illik maliyyə yükü 390 mln. manat, 2011-ci ilin 6 ayında isə 195 mln. manat təşkil edəcək. Hazırkı anlamda minimum pensiya alma halı aradan qaldırılacaq”. S.Müslümov konkret misallar çəkərək bildirib ki, məsələn, yaşa görə 1995-ci ildə pensiyaya çıxmış və ümumi stajı 38 il olan təhsil işçisinin pensiyası 85 manatdan 158,72 manata çatacaq. Yaxud, yaşa görə 1993-cü ildə pensiyaya çıxmış ümumi stajı 40 il olan səhiyyə işçisinin pensiyasının məbləği 85 manatdan 162,60 manata, yaşa görə 1992-ci ildə pensiyaya çıxmış ümumi stajı 44 il olan kitabxana işçisinin pensiyasının məbləği 85 manatdan 170,36 manata çatdırılacaq.

Qeyd olunan tədbirin reallaşdırılması ilə Azərbaycanda əhalinin pensiya təminatı vahid sistemə gətiriləcək. S.Müslümov vurğulayıb ki, Azərbaycanın sığorta-pensiya modelinin uğurlu nəticələri Ümummilli liderimiz Heydər Əliyevin sosial müdafiənin yenidən qurulması strategiyasının və onun icrası sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatların nə qədər düzgün və alternativsiz olduğunu sübut edir: “Eyni zamanda, həyata keçirilən islahatlar Prezident İlham Əliyevin “Son illər ərzində maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu gün pensiyaların orta həcmi əməkhaqqının orta həcminin 40 faizini təşkil edir. Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir” fikrini bir daha təsdiqləyir”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxışında bildirib ki, həyata keçirilən bu islahatlar xalqımızın firavanlığına xidmət edir. Onun sözlərinə görə, sosial inkişafın bazasında iqtisadi güc dayanır: “İqtisadiyatımızın son illərdə sürətli inkişafı sosial sahədə islahatların daha keyfiyyətli aparılmasını təmin edir. Ulu öndər Heydər Əliyevin məşhur kəlamı var: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Həqiqətən də, bu, çox müdrikcəsinə deyilmiş bir fikirdir. Bu gün Azərbaycan iqtisadiyyatının dinamik inkişafı digər sahələrdə də ciddi irəliləyişlərlə müşayiət olunur. Hazırda dövlət büdcəsinin 30 faizindən çoxu sosial məqsədlərə yönəlib. 10 il əvvəl ÜDM-də dövlət büdcəsinin xərcləri 13-15 faiz təşkil edirdisə, indi bu göstərici yüksəkdir. Hazırda ölkəmizdə adambaşına düşən büdcə xərcləri 1500-1600 manatdır”.

Komitə sədrinin fikrincə, pensiya sistemi demoqrafik şəraitlə birbaşa bağlıdır. Z.Səmədzadə qeyd edib ki, pensiyalar, əməkhaqları artıqdan sonra inflyasiya təzyiqləri də artacaq: “Ona görə də, bu məsələlər diqqətdə saxlanılmalıdır. Parlamentin İqtisadi siyasət komitəsi qiymətləndirmə haqqında qanuna yenidən baxmağı nəzərdə tutur. Kim deyir ki, azad bazar münasibətləri dövlətin iştirakını kənara qoyur, bu səhv fikirdir. Azərbaycan reallıqları göstərir ki, dövlətimiz öz funksiyalarından məharətlə istifadə etməklə sosial müdafiə sistemində görülən tədbirlərin səmərəsini xeyli dərəcə artırır. Biz bu yaxınlarda dövlət büdcəsinə əlavələr etdik, dövriyyəyə 3 milyard manatdan çox pul buraxılacaq. Bunun heç şübhəsiz ki, inflyasiya təzyiqləri artacaq. İnflyasiyadan əziyyət çəkənlər isə az əməkhaqqı, pensiya alanlardır. Adını çəkdiyim qanuna yenidən baxılması bu məsələlərlə əlaqədardır. Yəni, dünyanın inkişaf etmiş ölkələrində də aztəminatlı ailələrin, pensiyaçıların mənafeyinin qorunması üçün qiymətləndirmə siyasətinə diqqətlə yanaşılır”. Z.Səmədzadə bildirib ki, bu islahatlar bütövlükdə Azərbaycan cəmiyyətində yüksək həyat tərzinin formalaşması üçün yeni imkanlar açır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə çıxışında xatırladıb ki, 1990-cı illərin əvvəllərində pensiya sistemində vəziyyət qənaətbəxş olmayıb. Onun sözlərinə görə, məhz Ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində bu problemlər aradan qaldırıldı. Komitə sədri qeyd edib ki, o zaman öncə ciddi qanunvericilik bazası formalaşdırıldı. H.Rəcəbli bildirib ki, 2006-cı ildən pensiya sistemində fərdi uçota keçid inqilabi addım oldu. Hazırda bu sahədə ciddi informasiya bazasının olduğunu deyən natiqin fikrincə, bu çox vacib hadisədir. “Bu gün pensiyaçıların 97 faizi öz pullarını bankomatlar vasitəsilə alırlar. Yəni, daim bu sistem təkmilləşməkdədir. Bu isə o deməkdir ki, icra strukturları ilə qanunverici orqanın əməkdaşlığı ümumi işlərimizə böyük töhfələr verir. Qanunvericiliyə uyğun olaraq pensiyaların baza hissəsi ildə bir dəfədən az olmayaraq artırılacaq. Ümumiyyətlə, bizim qurduğumuz sistem üç hissədən ibarətdir: pensiyanın baza hissəsi, sığorta hissəsi və yığım hissəsi. Bu gün pensiyanın baza və sığorta hissəsi yaransa da, yığım hissəsində hələ də problem qalmaqdadır. Yığım hissəsini artırmaqla bu pulu bank kimi istifadə edib dividend qazanıb pensiyaların artımında istifadə oluna bilər. Digər məsələ budur ki, bu artımla pensiyalar orta aylıq əməkhaqqının 40 faiz nisbətində olacaq. Bu MDB məkanında böyük göstəricidir. Ancaq bizim hədəfimiz bu göstəricini 60 faizə çatdırmaqdır”. H.Rəcəblinin fikrincə, görülən işlər nəticəsində gələcəkdə DSMF-nın büdcəsinə dövlət büdcəsindən transfertlər azaldılmalıdır.

Çıxış edən AMEA-nın İqtisadiyyat İnstitutunun elmi katibi Rəsmiyyə Abdullayeva bildirib ki, pensiya islahatları çox təqdirəlayiqdir. Onun fikrincə, bu dəyişikliklərin həyata keçirilməsi pensiyaçılar arasında sosial ədalətsizliyin aradan qaldırılmasına gətirib çıxaracaq. R.Abdullayeva bəzi təkliflərlə də çıxış edib. O qeyd edib ki, dövlət büdcəsindən DSMF-nin büdcəsinə transfertlər tədricən azaldılmalıdır. Bunun üçün isə sosial sığortanın yığımı yüksəlməlidir. R.Abdullayeva, həmçinin, “Tibbi sığorta haqqında” qanunun tətbiq edilməsinin zəruriliyini vurğulayıb.

 

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2011.- 2 iyun.- S.3.