Azərbaycan - Rumıniya münasibətlərinin inkişafında gənclərin rolu

 

Azərbaycan müstəqilliyinin bərpa edilməsindən 20 il ötür. Bu illər ərzində Azərbaycan böyük uğurla xarici siyasət yürüdür. İlk onillikdə əsas məqsəd 86,6 min km2 ərazidə yerləşən və böyük tarixə malik olan ölkəmizi tanıtmaq idisə, sonrakı illərdə artıq məyyən nailiyyətlərə əsaslanaraq regionda öz sözünü daha güvənli, əminliklə deyən Azərbaycanı görmək olar.

Bu gün regionda həyata keçirilən hər hansı bir layihəni Azərbaycansız təsəvvür etmək mümkün deyil. Xəzər dənizi hövzəsindən karbohidrogen zənginliklərinin dünya bazarlarına daşınmasında, Şərq-Qərb və Şimal-Cənub enerji dəhlizlərinin effektiv çalışmasında, region dövlətlərinin Avropa təsisatlarına inteqrasiyası prosesində, son illər qlobal təhlükəyə çevrilmiş terrorla dünya dövlətlərinin mübarizəsində Azərbaycan Respublikasının rolu çox vacib və danılmazdır. Xarici dövlətlərin Vətənimizə olan marağının bariz nümunəsi kimi, son illərdə Bakı şəhərinə rəsmi səfərlə təşrif buyurmuş ölkə və hökumət başçıları, müxtəlif dövlət və qeyri-dövlət strukturları rəhbərləri, biznes qurumlarının təmsilçiləri tərəfindən səsləndirilən fikirləri yada salmaq olar.

Eyni zamanda, dünya mədəniyyətlərarası dialoqun qurulması və inkişaf etdirilməsi, bu platformalardan istifadə edərək köklü mədəniyyətimizin dünya xalqları arasında təbliğ olunması dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri sayılır. Bu istiqamətin vacibliyini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 may 2011-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə Fərman”dan bir daha anlamaq olar.

Digər bir istiqamət, Azərbaycan Respublikasının müxtəlif platformalarda tərəfdaş formatında təmasda olduğu ölkələrlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsindən ibarətdir. Avrointeqrasiya prosesində aktiv rol oynayan Azərbaycan bir çox Avropa təsisatlarının üzvü və yaxud müxtəlif proqramlar iştirakçısı kimi bu istiqamətdə ciddi nailiyyətlər əldə etməkdədir. Təbii ki, bu uğurların təməlində ikitərəfli münasibətlərin çox yüksək səviyyədə qurulması dayanır. Son illər həm ölkə rəhbərləri arasında olan münasibətlər, həm də ikitərəfli ticarətin inkişafı nöqteyi-nəzərdən Azərbaycan – Rumıniya münasibətləri gənclər arasında xüsusi maraq kəsb edir.

İki ölkə arasında əlaqələr müxtəlif müstəvidə inkişaf etdirilməkdədir.

Diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan və Rumıniya bu illər ərzində 50-dən çox müxtəlif sənəd imzalamışdır. Bu sənədlərdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rumıniyaya son səfəri zamanı imzalanan “Strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında birgə bəyannamə” və Rumıniya Respublikasının Prezidenti cənab Trayan Baseskunun 2011-ci ilin aprel ayında Azərbaycana səfəri zamanı imzalanan “Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı”nın ikitərəfli münasibətlərin möhkəmlənməsi baxımından xüsusi önəm daşıdıqlarını qeyd etmək lazımdır.

2011-ci ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub qaz dəhlizi” üzrə bəyannamə imzalanıb. Avropanın enerji təhlükəsizliyi məsələlərinin, bu bəyannamə əsasında, o cümlədən Azərbaycanın resursları hesabına həll olunması nəzərdə tutulub. Azərbaycanın zəngin qaz ehtiyatlarının müxtəlif yollarla dünya bazarına çıxarılması baxımından Rumıniya-Azərbaycan əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Çünki Rumıniya həm NABUCCO layihəsinin fəal üzvüdür, eyni zamanda, AGRİ layihəsinin də təşəbbüskarıdır.

Humanitar sahədəki əməkdaşlıq öz nəticələri ilə bizləri sevindirməyə bilməz. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsinin Buxarestdə, Rumıniyanın görkəmli bəstəkarı Corce Eneskunun abidəsinin isə Bakıda ucaldılması bu sahədəki əlaqələrə də çox müsbət təsir göstərməkdədir.

Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi kimi müxtəlif ölkələrdə fəaliyyət göstərən siyasi partiyaların Azərbaycanın lider partiyası olan Yeni Azərbaycan Partiyası ilə geniş əlaqələrin qurulmasında maraqlı olmalarını qeyd etmək olar.

Ölkələr arasında geniş əlaqələrin bir təzahürü kimi Yeni Azərbaycan Partiyası və PDL (Demokrat Liberal Partiyası) arasında mövcud əməkdaşlığı vurğulamaq olar.

Rumıniyanın hakim partiyası olan PDL (Demokrat Liberal Partiyası) 1990-cı ildə təsis edilib. Ölkə prezidenti T.Basesku partiyanın keçmiş, Baş nazir Emil Bok isə hal-hazırkı sədridir. Bu gün Rumıniyanın ən güclü siyasi qruplarından biri olan PDL-in ölkənin Avropa strukturlarına inteqrasiya prosesində müstəsna rolu mövcuddur. Müxtəlif qurumlarda (AŞ PA, AP) partiyalarını təmsil edən deputatların sayına görə PDL ön sıralarda yer almış təşkilatlar arasındadır. Misal üçün qeyd etmək lazımdır ki, Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyasında PDL 11 deputatla təmsil olunur. Bu, sayca Avropada 3-cü göstəricidir.

17 fevral 2011-ci il tarixində Ruminıyanın Buxarest şəhərində PDL və YAP arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. PDL sədrinin birinci müavini A.Videanu və YAP Sədrinin müavini, İcra Katibi Ə.Ahmədov öz imzaları ilə aşağıdakı məqamlara dair birgə mövqedən cıxış etdiklərini bəyan ediblər:

1. Partiyalararası əlaqələrin Azərbaycan və Rumıniya münasibətlərinin mühüm tərkib hissəsi olduğunun nəzərə alınması;

2. Müstəqillik, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik və tərəfdaşlıq prinsiplərinə asaslanmaq;

3. Ölkələrin ikitərəfli və çoxtərəfli əlaqələri ilə bağlı məsləhətləşmələrin və informasiya mübadiləsinin aparılması, beynəlxalq əlaqələr və digər sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsi;

4. Partiyaların gənclər təşkilatları arasında əlaqələrin qurulmasına, gənclər siyasəti sahəsində təcrübə mübadiləsinin reallaşdırılması.

Sonuncu prinsipə uyğun olaraq, cari ilin 16-20 may tarixlərində YAP Gənclər Birliyi sədri Seymur Orucov, beynəlxalq məsələlər üzrə müavin Ramin Məmmədov və ümumi məsələlər üzrə müavin Emin Əliyevdən ibarət olan nümayəndə heyəti Rumıniyada səfərdə olub. Səfərin əsas məqsədi ölkələrində lider siyasi qurumları təmsil edən gənclər arasında əməkdaşlığın genişləndirilməsi, Avropa Xalq Partiyası çərçivəsində gənclərlə bağlı həyata keçirilən tədbir və layihələrdə YAP gənclərinin iştirakının təmin olunması kimi məsələlərdən ibarət idi.

Rumıniya Parlamentində keçirilən görüşlərdə birmənalı şəkildə iki ölkə arasında mövcud olan geniş əlaqələrin əsas götürülməsi vurğulanaraq, gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi, Avropa İttifaqı çərçivəsində aparılan gənclər siyasətindən Azərbaycan gənclərinin faydalanmasının vacibliyi qeyd olundu. Senator Radu Aleksandru və Deputatlar Palatasının üzvü Danuts Liqa gənclərlə görüşlərdə iki ölkə gəncliyi arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi istiqəmətində aparılan işlərə tam dəstək verəcəklərini bəyan edərək bir daha göstərdilər ki, Rumıniya və Azərbaycan arasındakı münasibətlər sadəcə enerji sahəsində deyil, eyni zamanda bir neçə istiqamətdə inkişaf etməkdədir.

PDL Gənclər Təşkilatının liderlərindən biri olan Sorin Moldovanla görüşdə Azərbaycanın Avropa təsisatlarında geniş və güclü iş apardığını qeyd edərək, bu sahədə gənc siyasətçilərin də ciddi iş aparmalarının vacibliyi səsləndirilib.

Müzakirə mövzusu olan Avropa Xalq Partiyası gənclər qruplarında Azərbaycanın təmsil olunması istiqamətində aparılacaq işlər haqqında fikir mübadiləsi yekununda Avropa Xalq Partiyası Gəncliyi (YEPP), həmçinin Avropa Demokrat Tələbələr (EDS) kimi mühüm təşkilatlarda YAP Gənclər Birliyinin geniş və aktiv şəkildə təmsil olunması istiqamətində birgə fəaliyyət proqramının hazırlanmasına dair razılıq əldə olunub.

Azərbaycan gənclərinin Rumıniyaya səfəri Azərbaycan - Rumıniya ikitərəfli münasibətlərində yeni bir istiqamət yaradaraq, mövcud ölkələrarası əməkdaşlıq miqyasının genişləndirilməsinə imkan yaradıb.

 

 

Ramin Məmmədov,

YAP Gənclər Birliyi sədrinin

Beynəlxalq məsələlər üzrə müavini

 

Yeni Azərbaycan.- 2011.- 3 iyun.- S.4.