Ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş qarşıdurmasının və parçalanmanın qarşısını aldı

 

4 iyun 1993-cü il hadisələrindən 18 il ötür

 

4 iyun 1993-cü il Gəncə hadisələrindən 18 il ötür. 1991-ci ildə ikinci dəfə azadlığına qovuşmuş Azərbaycanın müstəqilliyi və bütövlüyü məhz həmin gün təhlükə ilə üzləşmişdi. SSRİ-nin dağılmasının ardından hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün siyasi səriştəsizliyi ucbatından ölkədə baş alıb gedən özbaşınalıq, xaos, hərc-mərclik hələ yaranmamış, fərdlərin nəzarətində olan ordu hissələrindəki vəziyyətə də sirayət edirdi. Bunun nəticəsi idi ki, həmin silahlı qruplaşmaların əksəriyyəti şəxsi mənafelərə xidmət göstərir, düşmənlə vuruşmaqdansa maddi maraqların əsirinə çevrilirdi.

Təbii ki, bu cür hakimiyyət boşluğundan hər zaman yararlanmaq istəyənlər tapılır. Düşmənlərin əsas hədəfi isə Azərbaycanın müstəqilliyinə qarşı istiqamətlənmişdi. Gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə başlanmışdı. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən qeyri-sağlam fəaliyyəti ilə yadda qaldı. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar bu şəxslərin ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Problemlər getdikcə artırdı. Artıq hakimiyyətin ən yüksək ranqlarında qruplaşmaların yarandığı açıq-aydın görünürdü və bu qruplaşmalar silahlı qarşıdurma həddinə çatmışdılar. Hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə-Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birliklər seperatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.

Belə bir məqamda o zamanki Azərbaycan hakimiyyəti vəziyyətin daha da kritikləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə davam edir, silahlı birləşmələri demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil təslim olması barədə qərara tabe olmayan Surət Hüseynov tabeçiliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Gəncədə, o cümlədən, Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. Vəziyyət get-gedə pisləşirdi. 709-cu briqadanı tərki-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş oldu. Ölkə vətəndaş müharibəsinin astanasında dayanmışdı.

Bu cür çətin zamanda xalqın yeganə ümidi Naxçıvana idi. Düşmən blokadasında belə Muxtar Respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Heydər Əliyev dövlətin nicat yolu idi. Vətənin bu ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli lider Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, qısa zaman ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarına-müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı.

Həmin günlərə bir daha nəzər salmaq üçün 1993-cü ildə Azərbaycanın müstəqilliyinin qorunması üçün Heydər Əliyevin Bakıya gəlişinin yeganə çıxış yolu olmasını təkidlə bildirən millət vəkili Eldar İbrahimova müraciət etdik. Millət vəkili bildirdi ki, AXC-Müsavat qruplaşmasının hakimiyyətə gəlişi ilə atılan məntiqsiz addımlar, verilən səriştəsiz qərarlar xalqın onlara olan inamını tam itirmişdi: “Bu dönəmdə AXC-Müsavat iqtidarının fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. İyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda “Talış-Muğan Respublikası” elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanması təhlükəsinin artması xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu. Bu çıxılmaz vəziyyətdə Azərbaycan xalqının gözü Naxçıvana, yeganə ümid yeri olan Heydər Əliyevə dikilmişdi. Ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi tələb olunurdu. Belə bir vaxtda möhtərəm Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Hər şeyi yerli-yataqlı öyrəndikdən sonra Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi: “Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş, cinayəti təşkil etmiş adamlar hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdır”.

E.İbrahimovun fikrincə, siyasi böhran və ya Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam o dövrün fonunda sadəcə detallar idi: “Məsələ əslində, çox dərin və uzaqdan - 1980-ci illərdən gəlirdi. Ümumiləşdirilmiş qaydada desək, köhnə quruluş ləğv olunmuşdu, təzə quruluşu yaratmağa, onu idarə etməyə də iqtidarda olanların heç birinin nə bacarığı, nə siyasi səriştəsi çatırdı. Nə Əbdürrəhman Vəzirov, nə Ayaz Mütəllibov, nə Yaqub Məmmədov, nə də Elçibəy bunu edəcək potensila sahib idilər. Cəmiyyətdə, idarəetmədə, dövlət orqanlarında elə bir yer yox idi ki, orda ürəkaçan mənzərə şahidi olasan. İnsanlarda ümidsizlik yaranmışdı. Çünki hakimiyyətdə bu böhranı aradan qaldıracaq bir insan yox idi. Ulu öndər Heydər Əliyev dövlətçilik təcrübəsinə, siyasi səriştəsinə, dünyagörüşünə arxalanaraq bu böhrandan ölkəni çıxarmağa qadir yeganə şəxs idi. Sonrakı hadisələr də göstərdi ki, xalqımız düzgün seçim etdi. Nəticəsini isə bu gün hamımız görürük”.

Millət vəkili bildirdi ki, Ulu öndər Heydər Əliyevi xalq sevirdi: “Ona görə də, AXC-Müsavat cütlüyünün təmsilçiləri 1992-ci ilin 24 oktyabrında Heydər Əliyevi qəbul etmək istəmirdilər və Əbülfəz Elçibəy də başda olmaqla onlar Naxçıvanda dövlət çevrilişinə cəhd etdilər. Baxmayaraq ki, Xalq Cəbhəsinin üzvləri bütün yolları bağlamışdılar, xalq Heydər Əliyevə sevgisini Onun ətrafında sıx birləşməklə, Onu müdafiə etməklə göstərdi. Heydər Əliyevi hakimiyyətə xalqın sevgisi, iradəsi gətirmişdi. Gəncə hadisələri zamanı isə Surət Hüseynovun üstünə getməyə çalışdılar, özləri Surət Hüseynova əsir düşdülər. Çünki səriştəsiz, qabiliyyətsiz idilər. Ondan sonra da başladılar çıxış yolları axtarmağa. İyun ayının 5-6-da Rəsul Quliyevi Naxçıvana Heydər Əliyevin dalınca göndərmişdilər. Heydər Əliyev isə ayın 7-də məni Bakıya vəziyyəti öyrənməyə göndərdi. O müəyyənləşdirməyə çalışırdı ki, Onu doğrudandamı istəyirdilər, yoxsa bu sui-qəsd planı idimi? Onu da deyim ki, planda bu da var idi. Mən gəldim gördüm ki, vəziyyət doğrudan da çox pisdir və Heydər Əliyevin gəlməsi vacib idi. O baxımdan ki, artıq cəbhə hakimiyyəti çıxılmaz vəziyyətdə qalmışdı, Surət Hüseynov gəlib Nəvaidə dayanmışdı, Prezident Aparatını dağıtmağa hazırlaşırdı. Hakimiyyətin də bundan xəbəri var idi. Ona görə də Heydər Əliyevi dəvət etmişdilər. Heydər Əliyev də ayın 9-da Bakıya gəldi, 13-də isə Gəncəyə getdi, orda baş verənləri öz gözləri ilə gördü və dəqiq vəziyyəti müəyyənləşdirdi”.

Millət vəkili qeyd etdi ki, Ulu öndər Heydər Əliyev həmin dövrdə Azərbaycanı xaosdan, anarxiyadan, müharibədən, qardaş qırğınından, vətəndaş müharibəsindən, dövlət çevrilişlərindən qurtardı: “4 iyun Gəncə hadisələrindən danışarkən bir məsələ qeyd olunmadı ki, söhbət Rusiya qoşunlarının Gəncədən çıxarılmasından gedirdisə, niyə Naxçıvandakı Sovet qoşunları çıxarılarkən dava, qarşıdurma olmadı. Amma bunların siyasi təcrübəsizliyi vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Heydər Əliyev dövlətçilik ustadı idi, müdrik insan idi. Azərbaycana əmin-amanlığı gətirdi. 1997-ci ilin 17 iyununda 15 İyun-Milli Qurtuluş Gününün bayram kimi qeyd olunması təklifini mən irəli sürmüşəm. 10 gündən sonra 45 millət vəkili çıxış edərək mənim təklifimi dəstəkləyib. Beləliklə də, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 15 İyun günü həyatımıza Milli Qurtuluş Günü bayramı kimi daxil olub. Mənim üçün bundan əziz bayram yoxdur. Çünki 15 İyun olmasa idi, nə Azərbaycan, nə artan iqtisadiyyat, nə də suveren dövlət ola bilməyəcəkdik”.

Millət vəkili Aydın Mirzəzadə 1993-cü il 4 iyun hadisələrindən artıq 20 ilə yaxın bir vaxt keçdiyini, bununla belə, vaxtaşırı həmin hadisələrə qayıtmağın və ciddi analiz etməyin vacibliyini önə çəkdi: “Çünki həmin hadisələr ona qədər gedən neqativ proseslərin məntiqi nəticəsi idi. Xalqımız, gənclərimiz bir daha belə neqativ hadisələrin təkrarlanmaması üçün həmin dövrü dərindən öyrənməlidir. Vurğulamaq lazımdır ki, ötən əsrin 80-ci illərinin axırı, 90-cı illərinin əvvəli Sovet Birliyinin dağılması dövrü idi və təəssüf ki, dağılma prosesi məxməri yolla deyil, müəyyən konfliktlər, gərginliklər, xalqların öz müqəddəratının həll edilməsinə ciddi maneələr törədilməsi fonunda baş verirdi. Qeyd etmək yerinə düşər ki, ən ağrılı proses məhz Azərbaycanda baş verdi. Qonşu Ermənistan Moskvadakı havadarlarının, ilk növbədə o dövrün SSRİ rəhbəri Mixail Qorbaçovun köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ ərazilərinə iddialar səsləndirməyə başladı. Sonradan o ərazidə quldur dəstələri yerləşdirildi və hətta həmin torpaqların zorla Azərbaycandan qoparılması üçün hərbi əməliyyatlara başlanıldı. Keçmiş SSRİ rəhbərliyi Ermənistana kömək etməyin bir yolunu da məhz Azərbaycan daxilində demokratik, sağlam qüvvələrin siyasi həyatdan uzaqlaşdırılmasında görürdü. Bununla yanaşı, süni iddialı görüntülü, amma heç bir siyasi səriştəsi olmayan, milli köklərdən uzaq qüvvələrə dəstək verilməyə başlanıldı. Bir tərəfdən Vəzirov və Mütəllibov qüvvələri, digər tərəfdən xalqla heç bir əlaqəsi olmayan Xalq Cəbhəsi yaradıldı və Əbülfəz Elçibəy, İsa Qəmbər, Əli Kərimli, Etibar Məmmədov, Leyla Yunus kimi adamların Azərbaycana gələcək rəhbərlər kimi yerləşdirilməsi cəhdləri müstəqillik ərəfəsində və ilk illərdə ölkəmizdəki situasiyanı nəinki yaxşılaşdırırdı, daha da gərginləşdirirdi. Heydər Əliyev şəxsiyyətinin məqsədli şəkildə böyük siyasətdən uzaqlaşdırılması, Onun tərəfdarlarına qarşı təqiblərin olması vəziyyəti tamamilə xoşagəlməz bir situasiyaya tərəf yönəldirdi. 1991-ci ildə Mütəllibovun, 1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi ilə heç nə dəyişmədi. Situasiya daha da gərginləşir, Qarabağ əldən gedir, bununla yanaşı, cəmiyyətdə parçalanma, qarşıdurma güclənirdi. 1992-ci ildə hakimiyyəti zorla ələ keçirən Xalq Cəbhəsi ölkəni idarə etməkdə tamamilə səriştəsizlik nümayiş etdirirdi. İqtisadiyyat bərbad vəziyyətə düşmüşdü, hər hansı bir sosial inkişafdan söhbət gedə bilməzdi, ordu quruculuğu səriştəsiz və ölkənin milli maraqlarına zidd siyasət yeridən insanlara tapşırılmışdı. Bu situasiyada nəinki müstəqilliyi itirmək, həm də parçalanaraq ayrı-ayrı xanlıqların yaranması təhlükəsi ortada idi. Elçibəy hakimiyyətinin daxilində bir neçə qrup bir-biri ilə mübarizə aparırdı və o qrupların hərəsinin fərqli siyasəti vardı. Azərbaycan daxilində xarici kəşfiyyat orqanları istədikləri kimi hərəkət edir, daxili siyasətə ciddi təsir göstərə bilirdilər. Belə bir ağır durumda qarşıdurmalar 1993-cü ilin əvvəllərindən başlayaraq daha kəskin şəraitdə artmağa başladı, hakimiyyətin özündə parçalanmalar daha intensiv şəkil aldı. Faktiki olaraq Azərbaycan özünün müstəqilliyini itirmək dövrünə qədəm qoyurdu. Ən qorxulusu isə siyasi qarşıdurmanın artıq hərbi qarşıdurmaya çevrilməsində idi. Ordu faktiki olaraq bir neçə səhra komandirinin nəzarəti altına keçmişdi”.

A.Mirzəzadə bildirdi ki, həmin dövrdə artıq hakimiyyət faktiki olaraq ölkə üzərində nəzarəti tamamilə itirmişdi və Azərbaycanda xaos yaşanırdı: “Və bu da, 1993-cü ilin 4 iyununda hakimiyyətin ayrı-ayrı qolları arasında artıq hərbi qarşıdurmaya gətirib çıxardı. Surət Hüseynovun hərəkatı həm də Azərbaycanda hakimiyyətin heç bir təsirə və rola malik olmadığının göstəricisi idi. Belə bir situasiyada gələcək də perspektivsiz görünürdü. Azərbaycan xalqının proseslərə təsir etmək imkanı sıfıra endirilmişdi. Ən əsası Ermənistan bu vəziyyətdən istifadə edərək həm Dağlıq Qarabağ ətrafı zonanı işğal etdi, eyni zamanda, Azərbaycanın zəifləndirilməsi üçün maksimum variantlardan istifadə olundu. Bir sözlə, 4 iyun Azərbaycanın ən faciəvi günlərindən biri idi. Bu faciəvi günü yaradanlar isə AXCP-Müsavat siyasi qruplaşması- həmin dövrdə hakimiyyətdə olanlar, həmin dövrdə orduya rəhbərlik edənlər, həmin dövrdə Azərbaycanda söz sahibləri olanlar idilər. Aydın məsələdir ki, hakimiyyətdən yaranmış situasiyaya heç bir reaksiya yox idisə belə, cəmiyyət buna öz münasibətini mütləq şəkildə bildirməli idi. Cəmiyyətdə isə seçim birmənalı idi. Həmin dövrdə ərazicə Azərbaycandan kənarda, anklab vəziyyətdə olan Naxçıvana rəhbərlik edən Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi tələbi cəmiyyətdə günü-gündən güclənirdi. Heç də təsadüfi deyil ki, həm o dövrə qədər, həm də 4 iyundan sonra Heydər Əliyevin böyük siyasi hakimiyyətə qayıdışı xalq tərəfindən ciddi şəkildə qoyulurdu. Əgər bunu əvvəllər cəmiyyət tələb edirdisə, baş verənlərdən sonra artıq bunun qaçılmazlığını Elçibəy-İsa Qəmbər hakimiyyəti də dərk etməyə başladı. 4 iyundan sonra onlar Heydər Əliyevi Bakıya siyasi hakimiyyəti götürməyə dəvət etdilər. Amma Heydər Əliyevə hakimiyyət yox, vəziyyətin düzəldilməsi lazım idi. Buna görə də, Ümumilli lider ancaq vəziyyəti dərindən öyrəndikdən sonra Azərbaycanın böyük siyasətində iştiraka razılıq verdi. Çox yaxşı ki, 4 iyun faciəsindən sonra 15 İyun Milli Qurtuluşu gəldi. Azərbaycan 15 İyun 1993-cü ildə özünün yeni, inkişaf, tərəqqi, dünya birliyində layiqli yerini tutmaq dövrünü yaşamağa başladı”.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2011.- 4 iyun.- S.2.