Azərbaycanın müstəqilliyinin
xilası günü...
Ötən əsrin son on
illiyi bir sıra xalqların, dövlətlərin tarixində
dönüş nöqtəsi sayılır. Bu illər bəlkə
də illərlə, əsrlərlə müzakirə olunacaq,
araşdırılacaq. Məhz bu illərdə 70 il dünyaya
hökm etmək iddiasında olan, müstəqil dövlətləri
boğaraq zor gücü ilə özünə birləşdirib
“qardaşlıq imperiyası” yaradan SSRİ tarixin ədalət
mühakiməsində layiqli “cəzasını” aldı...
Bu tarixi keşməkeşin
içində yer alan Azərbaycan da SSRİ-nin
dağılması ilə bir əsrdə ikinci dəfə
öz müstəqilliyinə qovuşdu. Hələ 1918-ci ildə
Şərqin ilk demokratik respublikasını quran Azərbaycan
xalqı, eyni yüzillikdə ikinci dəfə azadlıq
eşqinin sönməz bir atəş olduğunu dünyaya
nümayiş etdirdi. 1990-cı ildə öz qanı ilə
tarix yaradan xalqımız müstəqilliyinə qovuşdu...
Lakin 1991-ci ildə müstəqillik
əldə etmiş Azərbaycan qısa bir zamandan sonra xaosun,
özbaşınalığın hökm sürdüyü
bir ölkəyə çevrildi. 1992-ci ildə zor
gücünə, xalqın deyil, silahların iradəsi
altında hakimiyyətə gələn təsadüfi şəxslər
qısa müddətdə ölkədə bütün sahələri
kompleks şəkildə iflic vəziyyətinə gətirib
çıxarmışdılar. Ermənistanın ölkəmizə
qarşı elan edilməmiş müharibəsi,
torpaqlarımızın işğalı və bununla paralel
olaraq daxili separatçı qüvvələrin ölkəni
regionlara bölməsi, xanlıqlar yaratmaq istəməsi və
yerlərdə hakimiyyəti ələ almaları həm millətin,
həm də dövlətin gələcəyini sual altına
qoymuşdu.
Həmin dövrdə ölkədə
bütün dövlət qurumlarında yaranan vəziyyət
müstəqillikdən çox anarxiyanı
xatırladırdı. Bir-birini əvəz edən hakimiyyət
rəhbərləri xalqın ürəyində həmişə
yaşatdığı və həsrətində olduğu
müstəqilliyi qoruyub saxlamaq, habelə, möhkəmləndirmək
üçün zəruri tədbirlər görmək,
ölkənin iqtisadi gücündən və potensialından
səmərəli istifadə etmək əvəzinə, milli
maraqları şəxsi mənafeyə qurban verərək fəaliyyətdə
və inkişafda olan hər şeyi
dağıdırdılar. Ölkədə
özbaşınalığa şərait yaradan AXC-Müsavat
hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti
demək olar ki, böyük yerüstü və yeraltı sərvətə,
böyük sənaye komplekslərinə malik Azərbaycanı
uçurumun kənarına gətirib
çıxarmışdı. Milli sərvətlər,
xalqın malı təsadüfən vəzifə əldə
etmiş bir qrup tərəfindən talan olunurdu. Mərkəzi
hakimiyyətə tabe olmayan, guya siyasi partiyaların himayəsində
yaradılan, əslində isə, bir neçə şəxsin
korporativ maraqlarının girovuna və icraedicisinə
çevrilən başıpozuq silahlı qruplaşmaların
hər biri ayrı-ayrılıqda hakimiyyətə
iddialarını ortaya qoyurdu. Bu isə vəziyyəti daha da
ağırlaşdırırdı, ölkə vətəndaş
müharibəsinə sürüklənirdi. Dağlıq
Qarabağ münaqişəsini alver predmetinə çevirən,
“özünümüdafiə, könüllü batalyonlar”
adı altında özünə silahlı dəstələr
yaradan, bununla da, ölkəni qorxu altında saxlamaq istəyən
şəxslər hətta cəbhədə düşmən
qarşısında dayanan əsgərləri də təhdid
edir, öz maraqlarına xidmət etməyə məcbur edirdilər.
Hakimiyyət uğrunda gedən çəkişmələr
torpaqlarımızın böyük bir hissəsinin, demək
olar ki, düşmənlərə müharibəsiz,
döyüşsüz təhvil verilməsinə gətirib
çıxarmışdı.
Məhz, belə ağır
vəziyyətdə-1993-cü ilin iyununda Müdafiə
Nazirliyi tərəfindən ləğv edilən, Gəncədə
yerləşən 709 saylı hərbi hissə mərkəzi
hakimiyyətə tabe olmadığını bəyan etdi. Azərbaycanın
ilk tarixi paytaxtına qoşun yeridən, Milli Qvardiyanı 709
saylı briqadanı zərərsizləşdirmək
üçün Gəncəyə göndərən
AXC-Müsavat hakimiyyəti faktiki olaraq vətəndaş
müharibəsinə rəvac verdi. Belə ki, hakimiyyətin
bu addımına cavab olaraq hərbi hissəsinin zirehli
maşınları və silahlı birləşmələri
Bakıya yol aldı. Artıq AXC-Müsavat hakimiyyəti
ölkənin taleyindən çox öz gələcək
aqibətlərindən qorxuya düşmüşdülər.
Xalq onların hakimiyyətindən birdəfəlik üz
döndərmişdi. Artıq cana doymuş xalq
anlayırdı ki, AXC-Müsavat cütlüyü bu dövlətə
təhlükədən başqa heç bir perspektiv vəd
etmir. Belə bir məqamda bütün ümid dolu gözlər
Naxçıvana dikilmişdi. Çünki, Azərbaycan
dövlətçiliyinin, millətin bu çətinliklərdən
xilası yalnız Ulu öndər, dahi siyasi xadim,
xalqının böyük oğlu Heydər Əliyevin
Bakıya gəlişi ilə mümkün ola bilərdi. Beləliklə,
Ümummilli liderimiz Heydər Əliyev bu məsuliyəti
öz çiyinlərinə götürdü və
xalqının təkidi, tələbi ilə yenidən siyasi
hakimiyyətə qayıtdı, Bakıya döndü və Azərbaycanı
xilas etdi.
Şübhəsiz ki, Ulu öndər Heydər Əliyev XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyətidir. Ümummilli lider Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət və azərbaycançılıq ideyası məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı o ağır günlərdə dövləti və milləti yalnız Heydər Əliyev dühasının xilas edəcəyinə inanırdı. Ulu öndər sonralar həmin vaxtları xatırlayaraq deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
1993-cü il iyunun 9-da Heydər Əliyevi Bakıya gətirən təyyarə Binə hava limanında yerə endi. İlk olaraq Gəncədə yaranan vəziyyətlə tanış olmaq üçün ora yollanan Ulu öndər bir daha nümayiş etdirdi ki, Onu yalnız xalqının və dövlətinin taleyi maraqlandırır. Dahi şəxsiyyətin Gəncəyə gəlişi bütün hadisələrin sakitləşməsinə, xalqın bütünlüklə Ulu öndərin ətrafında birləşməsinə şərait yaratdı. Xalqı bir yumruq kimi fenomenal şəxsiyyət olan Heydər Əliyevin ətrafında birləşdi. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin gün Azərbaycan parlamentinin tarixi iclasında Heydər Əliyevin çıxışı ölkənin gələcəyinin əmin ələ keçdiyini, dövlətçiliyimizin əbədi və sarsılmaz olacağına inamı bir daha artırdı... “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”...
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2011.- 8 iyun.- S.3.