15 İyun-Milli Qurtuluş günü müasir, qüdrətli və lider Azərbaycanın təməlinin atıldığı gündür

 

Hər bir vətəndaş müstəqil Azərbaycanımızın Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük zirvələri fəth edəcəyinə qəlbən inanır

 

Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu dövlətçiliyimizin xilas günüdür. Bu baxımdan, Vətənini, xalqını sevən, həmçinin, o çətin və ağrılı günləri görən, yaşayan insanlar 15 İyun-Milli Qurtuluş gününün dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazıldığını yaxşı bilir. Hər kəs yaxşı bilir ki, 15 İyun - Ümummili liderimiz Heydər Əliyevin xalqının, dövlətinin taleyinə sahib çıxdığı bir gün olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda dünya siyasi arenasında xüsusi yerə malik, mühüm iqtisadi göstəricilərə və inkişafa imza atan, qısa müddətdə yerləşdiyi regionun lider dövlətinə çevrilən müasir Azərbaycanın təməlinin atıldığı gündür. 1993-cü ilin iyununda parçalanmanın, sözün əsl mənasında məhvin astanasında dayanan, müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü təhlükə ilə üzləşən Azərbaycan Ulu öndərimiz Heydər Əliyevin xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıdışının ardından nəinki bu ağır günləri arxada qoydu, hətta qısa bir müddətdə siyasi stabilliyinə qovuşdu. 1994-cü ilin sentyabrın 20-də Ümummilli liderimizin əsasını qoyduğu neft strategiyasının məntiqi nəticəsi və ölkəmizin inkişafında böyük paya malik “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın həyatında, iqtisadiyyatımızda inkişafa təkan verdi. Eyni zamanda, sonrakı illərdə atılan addımlar, görülən işlər modern, qüdrətli, varlı, vətəndaşının sosial rifahını təmin etməyi bacaran bir Azərbaycanın ortaya çıxmasında rol oynayan səbəblərə çevrildi. Bu mənada, 1995-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ölkə Konstitusiyasının yeri xüsusi və əhəmiyyətlidir. Demokratik inkişaf yolunda əldə olunan nailiyyətlər, insan hüquq və azadlıqlarının qorunması, genişləndirilməsi istiqamətində aparılan davamlı fəaliyyət, ölkəmizdə yaradılan siyasi sabitlik bugünkü müasir və inkişaf etmiş Azərbaycanın təməl prinsiplərinə çevrildi. Bəli, məhz bu mənada 15 İyun – Milli Qurtuluş günü həm də qüdrətli və güclü Azərbaycanın təməlinin atıldığı gündür.

Daha dəqiq desək, 15 iyun 1993-cü il bu günümüzün uğurları fonunda tariximizin dönüş nöqtəsidir. Çünki 1993-cü ilin 15 iyunu Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və böyük dühası sayəsində siyasi stabilliyinə qovuşmuş Azərbaycanın inkişafının əsasının qoyulduğu tarixdir. Müstəqilliyimizin əldə olunmasından ötən 20 il tarixi baxımdan çox qısa müddət sayılır. Amma əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla inkişaf etdirilən siyasi kurs ölkəmizin bu qısa müddətdə böyük inkişaf yolu keçməsinə, çoxsaylı göstəricilərə imza atmasına imkan verib.

Azərbaycanın siyasi-iqtisadi, ictimai-sosial, elmi-mədəni inkişafının dərin təməllərini və respublikamızın iqtisadi-siyasi-sosial siyasətinin konseptual əsaslarını yaradan Ümummilli lider Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyev tərəfindən davam etdirilərək daha da zənginləşən mükəmməl strateji konsepsiyalar müasir Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ sayılır. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları yeni inkişaf erasının tələblərinə uyğun olaraq respublikamızın tərəqqisi və zənginləşməsi üçün islahatlar kursunun miqyasını daha da genişləndirməklə yanaşı, ölkəmizin dünya dövlətləri içərisində nüfuzlu və etibarlı tərəfdaşa çevrilməsində müstəsna rol oynayıb.

Xüsusilə qeyd etmək lazımdır ki, 2003-2008-ci illərdə respublikamızın inkişafına zəmin yaradan iqtisadi strategiyanın daha da möhkəmləndirilərək keyfiyyət və kəmiyyət baxımından zənginləşməsi, dinamik iqtisadi artıma, dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsinə və maliyyə sabitliyinin qorunmasına dərin təməllər yaradan strateji proqramların gerçəkləşməsi 2008-ci ildən sonrakı dövrdə Azərbaycanın siyasi və iqtisadi həyatında yeni  üfüqlər açdı. Qəbul olunan yeni inkişaf konsepsiyaları, miqyasına görə bütün ölkə ərazisini əhatə edən dövlət proqramları əhalinin sosial rifahının inkişafına, iş yerlərinin artmasına, neft və qeyri-neft sektorunun daha da yüksəldilməsinə, makroiqtisadi göstəricilərdə dayanıqlılığın və inkişafın əldə olunmasına yol açdı.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının imzaladığı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkənin iqtisadi inkişafına yeni dinamizm elementləri qatdı.

Bu baxımdan, 2009-2013-cü illər üçün nəzərdə tutulan və sayca ikinci olan “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” iqtisadi və sosial prinsipləri özündə əks etdirməklə iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənəddir. Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsi, regionlarda iş yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icrası, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi kimi məsələlər yüksək səviyyədə həyata keçirilir. Bu mənada 2011-ci ilin “Turizm ili” elan olunması olduqca mühüm bir əhəmiyyətə malikdir. Ölkəmizdə İKT, sənaye, kənd təsərrüfatı kimi sahələrin inkişaf etməsi, bunun nəticəsində isə ərzaq təhlükəsizliyi məsələsinin öz həllini tapması, hətta süni peykimizin orbitə buraxılması kimi fundamental məqamlar onu deməyə əsas verir ki, turizm sahəsinə diqqətin artması bu istiqamətin də az bir zamanda yuxarıda adıçəkilən sahələrlə rəqabət aparmasına imkan verəcək.

Bundan başqa, ölkə iqtisadiyyatının ildən-ilə artması, bunun da nəticəsində dövlət büdcəsinin artımı sosialyönümlü layihələrin həyata keçirilməsinə və əhalinin problemlərinin öz həllini tapmasına imkan verir. 2010-cu ildə Azərbaycan iqtisadiyyatı 5 faiz artıb, bu isə olduqca böyük bir rəqəmdir. Bu ilin birinci rübündə isə ölkə iqtisadiyyatı bütövlükdə 1,6 faiz artıb. Göründüyü kimi, həm dünyanı öz ağuşuna almış iqtisadi böhranın hələ də davam etməsi, həm də yeni dövrün tələbləri fonunda Azərbaycan mühüm nailiyyətə imza atıb. Yeri gəlmişkən, Azərbaycan az saylı dövlətlərdəndir ki, hər il maaşların və təqaüdlərin baza hissəsinin artmasına baxmayaraq, inflyasiya aşağı düşüb. Belə ki, ötən il inflyasiya cəmi 5,7 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 12,3 faiz artıb. Təbii ki, əldə olunan bu iqtisadi uğurun təməlində əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən siyasi kursun nailiyyətləri dayanır.

Bir məqama xüsusi toxunmaq gərəkir ki, ötən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsaitin qoyulması 2011-ci il üçün mühüm bir mesaj olmuşdu. Bu qədər böyük rəqəm və investisiyaların strukturu ölkəmizdə inkişafın qarşıdakı illərdə daha böyük müstəvini əhatə edəcəyini göstərir. Bu artıq bir həqiqətdir ki, qoyulan investisiyalarda qeyri-neft sektorunun payı ildən-ilə artır. Məsələn, 2010-cu ildə bu rəqəm artaraq 9,3 milyard dollara çatmışdı. 2011-ci ilin birinci rübündə qeyri-neft sektorumuz 5,6 faiz artıb. 2011-ci ilin sonunda isə bu rəqəmin daha da artma ehtimalı olduqca yüksəkdir. Digər tərəfdən, bu gün ölkəmizdə 550 min nəfər dövlətdən ünvanlı sosial yardım proqramı çərçivəsində yardım alır və Prezident İlham Əliyevin bildirdiyi kimi, ölkəmizdə yoxsulluğun səviyyəsinin aşağı endirilməsi istiqamətində mühüm işlər görülür.

Azərbaycan ildən-ilə varlanan bir ölkəyə çevrilir və bu varlanma ən əsası vətəndaşların həyatında özünü göstərir. Bu ilin birinci rübünə olan məlumata görə, ölkəmizdə yığılan valyuta ehtiyatlari 34,2 milyard dollara bərabərdir. Bu, göstərici ölkəmizin iqtisadi və maliyyə gücünü göstərir.

Onu da qeyd edək ki, torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal olunub və bu gün Azərbaycan işğal altında olan torpaqlarının azadlığı uğrunda diplomatik müstəvidə mühüm xarici siyasət kursu aparır. Prezident İlham Əliyevin apardığı hücum diplomatiyası öz bəhrəsini verir və bu gün Ermənistan konkret olaraq dalana dirəndiyini özü də dərk edir. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin başçılarının bir müddət öncə Dovil şəhərində verdikləri bəyanatda da özünü göstərir.

Azərbaycan problemin həllində diploma

tiya müstəvisi ilə yanaşı, digər variantları da istisna etmir. Möhtərəm Prezident İlham Əliyev cənablarının da bildirdiyi kimi, Dağlıq Qarabağ qədim Azərbaycan torpağıdır və Azərbaycanın ərazi bütövlüyü heç bir zaman müzakirə mövzusu ola bilməz. Bu baxımdan ölkəmizin müdafiə xərclərinə ayırdığı vəsait də Azərbaycanın qüdrətini özündə əks etdirir desək, yanılmarıq. Yəni, bu gün Azərbaycanın müdafiə xərcləri Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu isə özlüyündə çox böyük anlamdır.

Azərbaycanın əldə etdiyi uğurlar təkcə sosial-iqtisadi müstəvi ilə yekunlaşmır. Son 8 ildə möhtərəm Prezident İlham Əliyev cənablarının fəaliyyəti nəticəsində Azərbaycanın bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunması üçün təşəbbüskarlığı və digər dövlətlərə örnək olması təmin olunub. Ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətdə açıq və çevik xətt Azərbaycanın dünya ölkələri və beynəlxalq təşkilatlarla münasibətlərinə yeni çalarlar bəxş edib. Azərbaycan Prezidenti ölkəmizin mövqeyinin yalnız və yalnız qarşılıqlı maraqlara və bərabərhüquqlu tərəfdaşlığa söykəndiyini bəyan edib: “Azərbaycanın mövqeyi birmənalıdır. Biz bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı maraq, qarşılıqlı hörmət, bir-birimizin işinə qarışmamaq prinsiplərini üstün tuturuq və görürük ki, hətta bəzi hallarda bir-biri ilə o qədər də yaxın münasibəti olmayan ölkələrlə də Azərbaycanın münasibətləri yaxşıdır”.

Bir daha vurğulamaq yerinə düşər ki, bütün bu uğurların və nailiyyətlərin əsasında 15 İyun-Milli Qurtuluş günü atılmış dövlətçilik təməli dayanır. Və biz Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanımızın hörmətli Prezidentimiz İlham Əliyevlə daha yüksək zirvələr fəth edəcəyinə, bu ideal uğrunda aparılan siyasətin qalibiyyətinə hər zaman qəlbən inanırıq!

 

 

Azər BADAMOV,

Millət Məclisin üzvü

 

Yeni Azərbaycan.- 2011.- 9 iyun.- S.3.