Azərbaycanda elmin inkişafı
daim dövlətin diqqət mərkəzindədir
Əhliman Əmiraslanov: Ölkəmizdə hər bir xəstəliyin
müalicəsi üçün mütəxəssislər var
və tibb sahəsi böyük inkişaf yolundadır
Azərbaycan Tibb Universitetinin
rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov
www.yap.org.az saytına müsahibə verib:
- Əhliman müəllim, Azərbaycanda
elmin inkişafı istiqamətində son vaxtlar ciddi
addımlar atılır. Dövlət başçısı
tərəfindən bu yöndə bir sıra sərəncamlar
imzalanıb. Ölkəmizin nüfuzlu elm xadimi kimi elmin
inkişafı ilə bağlı görülən işləri
necə qiymətləndirirsiniz?
- Əlbəttə, ölkəmizin,
cəmiyyətimizin inkişafı bu və ya digər dərəcədə
elmin inkişafı ilə bağlıdır. Əgər bu
gün biz fundamental elmləri inkişaf etdirməsək, ciddi
elmi-tədqiqat işləri aparmasaq, gələcəkdə hər
hansı böyük nailiyyətlərdən danışa bilmərik.
Bu mənada cənab Prezident İlham Əliyevin Azərbaycan
elminə, elmin inkişafına qayğısı yüksək
dəyərləndirilməlidir. Dövlət
başçısının son vaxtlar imzaladığı sərəncamlar
elmin inkişafının daim dövlətimizin diqqət mərkəzində
olduğunu bir daha təsdiqləyir.
Ümumiyyətlə, bu
istiqamətdə son illər bir sıra vacib addımlar
atılıb. Elmin İnkişaf Fondunun yaradılması da bu
prosesin tərkib hissəsidir. Bu fondun yaradılması
çox vacib bir məsələdir. Çünki biz həmişə
deyirdik ki, perspektivi olan tədqiqat istiqamətləri, Azərbaycan
üçün vacib olan elm sahələri, xüsusən də
bizim ölkə üçün son dərəcə
böyük əhəmiyyət kəsb edən elmin bu və
ya digər sahələrini maliyyələşdirmək
üçün qrant sisteminə keçmək lazımdır.
Qrant sistemi dünyada mövcuddur və bu sistemdən Avropada,
Amerikada geniş istifadə olunur. Rusiyada da bu istiqamətdə
xeyli irəli gediblər. Yəni, bu amil elmin inkişafına
güclü təkan verən bir məsələdir. Azərbaycanda
Elmin İnkişaf Fondunun yaradılması və bu sahədə
qrantların ayrılması, pilot layihələrin həyata
keçirilməsi elmin inkişafına xeyli təsir göstərən
amillərdən biridir. Fondun vəsaitinin az olmasına
baxmayaraq hesab edirəm ki, bu məsələ elmi tədqiqatçılar
arasında həddindən artıq çox maraq doğurur.
Keçirilən müsabiqələr də çox obyektiv
aparılır, seçilən işlərdə obyektivlik
qorunur. Mən, bütövlükdə bu fondun fəaliyyətini
müsbət qiymətləndirirəm və fikrimcə, fondun əhatə
etdiyi sahələr gələcəkdə genişləndirilməlidir.
Onu da xüsusi vurğulamaq
istəyirəm ki, AMEA-nın illik ümumi
yığıncağında Azərbaycan Prezidentinin
iştirakı və dərin məzmunlu
çıxışı tarixi bir hadisədir. Bu fakt onu
göstərir ki, Prezidentimizin ölkədə elmin
inkişafına marağı son dərəcə yüksəkdir
və elmin inkişaf etməsi üçün əlindən gələni
edir. Ümumiyyətlə, elmlə məşğul olan bir
adam kimi demək istəyirəm ki, belə hallara bu və ya
digər ölkələrdə çox nadir hallarda təsadüf
olunur. İstər hər hansı bir elmi qurumun, elmə rəhbərlik
edən bir təşkilatın illik
yığıncağında ölkə
başçısının iştirak etməsi və orada
alimlərin mövcud problemlərini dinləməsi,
çatışmazlıqları dinləməsi və məhz
bundan sonra təcili olaraq qərarlar qəbul edilməsi, sərəncamlar
verilməsi bir daha ölkə başçısının
elmə olan qayğısının təzahürüdür.
Həmin yığıncaqda elmin elə bir sahəsi olmadı
ki, cənab Prezident o sahəyə toxunmasın. Xüsusilə
gənclərin elmə cəlb olunması, AMEA-nın
institutlarının maddi-texniki bazasının möhkəmləndirilməsi,
akademiyadan vaxtilə bu və digər səbəblərə
görə alınmış binaların geri
qaytarılması, akademiya əməkdaşlarının əməkhaqlarının
artırılması, akademiya şəhərciyində akademik
kitabxananın tikintisi ilə bağlı Sərəncamın
verilməsi çox ciddi hadisədir. Hesab edirəm ki, bu
yığıncaqdan sonra elmdə mövcud problemlər öz
həllini tapacaq. İllik yığıncaqda bir daha təsdiqləndi
ki, bütövlükdə ölkədə elmə rəhbərlik
edən bir təşkilat varsa o da AMEA-dır. İndi bundan
sonra qarşıda duran vəzifələrin həlli ilə
bağlı bu sahəyə rəhbərlik edən
insanların üzərinə ciddi məsuliyyət
düşür. Mən də akademiyada biologiya elmləri
bölməsinə rəhbərlik edirəm və həmin sahənin
inkişafı ilə bağlı ciddi işlərin
görüləcəyini bildirmək istəyirəm.
Bütövlükdə, akademiyada çox böyük
islahatların həyata keçirilməsi nəzərdə
tutulub və əminəm ki, bu islahatlar öz nəticəsini
verəcək.
- Elm sahəsində nə
kimi problemlər mövcuddur? Bu gün həmin problemlərin həlli
ilə bağlı hansı addımların atılması zəruridir?
- Qeyd etdiyim kimi, Azərbaycanda
elmin inkişafı sahəsində çox böyük
işlər görülür. Amma problemlər də var. Bu
problemlər akademiyanın ümumi iclasında müzakirə
olunub. Müəyyən islahatların aparılmasına ehtiyac
var. Məsələn, elə qurumlar var ki, bir-birini təkrar
edir. Həm müəyyən nazirliklər sistemində institut
var, həm də akademiyada o istiqamətdə institut
mövcuddur. Bunlar birləşməlidir, bir qədər
ixtisar aparılmalıdır. Elə adamlar var ki, onların
adları guya elmi-tədqiqat işi aparan kimi gedir, amma özləri
başqa işlə məşğul olurlar. Bu istiqamətdə
hesab edirəm ki, mobil işləyən, nisbətən gənc,
bizim elmimizin gələcəyini irəli apara bilən qurumlar
yaradılmalıdır. Mən hər zaman deyirəm ki,
dünyada elmi irəli apara biləcək tək-tək
insanların dövrü qurtarıb. Nyutonların, Eynşteynlərin
dövrü bitib. Tək bir adam elmin inkişafında heç
nə edə bilməz. Hazırda elmdə böyük
kollektivlərin, komandaların dövrü başlayıb. Bu
gün təkcə tibb mütəxəssisi olmaqla elmi irəli
apara bilməzsən. Gərək sən bununla yanaşı, sənə
yaxın olan digər sahələrin insanları ilə
yanaşı addımlayasan. Komanda yaradaraq müəyyən
ideyaları həyata keçirmək olar. Təkcə bir adam
bu gün elmdə heç nə edə bilməz. Yəni, elmdə
fərdiçilik dövrü bitib.
- Bu gün həyata
keçirilən siyasət nəticəsində ölkəmiz
yeniləşir və müasirləşir. Sizcə, bu prosesdə
elm ictimaiyyətinin üzərinə düşən vəzifələr
nədən ibarətdir?
- Mən hesab edirəm ki,
müasirləşmə bilavasitə elmi-tədqiqatlarla
bağlıdır. Hansı sahələr olur olsun -səhiyyə,
təhsil, innovasiyalar, müasir texnologiyalar və s. sahələrin
ölkəyə cəlb edilməsinin elmi əsasları
olmalıdır. Əgər biz bu gün səhiyyəmizi
inkişaf etdirmək istəyiriksə onu elmi əsaslar üzərində
inkişaf etdirməliyik. Əgər təhsilin bütün
istiqamətləri üzrə müvəffəqiyyət
qazanmaq, dünya təhsil sisteminə inteqrasiya etmək istəyiriksə,
bu sahədə elmi-tədqiqatların nəticəsindən bəhrələnməliyik.
Ona görə də, düşünürəm ki, həyata
keçən hər bir işdə akademiyanın müvafiq
bölmələri bilavasitə iştirak etməlidir.
Bütün dünyada belədir ki, hər hansı bir sahədə
müəyyən islahatlar həyata keçirəndə,
köklü islahatlar aparanda, hətta ölkə rəhbərliyi
səviyyəsində islahatlarla əlaqədar komissiya
yaradılanda hökmən akademiyanın bu və ya digər
qurumları həmin prosesdə iştirak edir. Keçmiş
SSRİ-də də belə idi. Çünki məlumdur ki,
elmi əsaslandırma olmadan hər hansı bir sahəni
inkişaf etdirmək mümkün deyil. Akademiya və elmi-tədqiqatla
məşğul olan mütəxəssislər bütün bu
proseslərdə yaxından iştirak etməlidirlər. Əgər
belə olmasa, aparılan islahatlar tam ola bilməz.
- Əhliman müəllim,
son vaxtlar Azərbaycan cəmiyyətində müzakirə
olunan əsas mövzulardan biri dövlət büdcəsindən
maliyyələşən təşkilatlarda
çalışanlar üçün yaş məhdudiyyətinin
tətbiq olunmasıdır. Məlumdur ki, parlament bu məsələ
ilə bağlı müvafiq qanunlara dəyişikliklər
edib. Amma cəmiyyətimizdə bu dəyişikliyə
müxtəlif cür yanaşılır. Bir ziyalı olaraq məsələyə
sizin yanaşmanız necədir?
- “Qızıl orta” deyilən
bir anlayış var. Bu prinsip gözlənilməlidir.
Dünyada elə bir ölkə yoxdur ki, orada yaş məhdudiyyəti
olmasın. Mən parlamentdə çıxışım
zamanı da bunu demişəm. Yaş məhdudiyyətinin
olması günün tələbidir. Biz kimisə əvəz
etmişik, bizi də yetişən nəsil əvəz etməlidir.
Bütün sahələrdə yaş məhdudiyyəti
olmalıdır. Ancaq bunun birdən-birə inqilabi qaydada həyata
keçirilməsi, elmdə, xüsusilə ali təhsilimizdə
müəyyən boşluq yarada bilər. Əgər ali təhsil
müəssisələrində sabahdan 65 yaşla bağlı
məhdudiyyəti tətbiq etsək çox çətin bir
vəziyyətə düşəcəyik. Məsələn,
bu qayda tətbiq olunsa, Tibb Universitetinin professor-müəllim
kollektivinin təxminən 30 faizi ixtisara getməlidir. Hələ
bizim universitetdə vəziyyət yaxşıdır,
çünki elə ali məktəblərimiz var ki, bu rəqəm
gəlib 65-70 faizə çatır. Təsəvvür edin ki,
professor-müəllim heyətinin 70 faizini birdən kənarlaşdırıb
onun yerini mütəxəssislə doldurmaq çox çətin
məsələdir. Mütəxəssis, alim yetişdirmək
çox çətin məsələdir. Dosent yetişdirmək
bir ilin, iki ilin işi deyil. Mənə belə gəlir ki, bu
proseslər tədricən həyata keçməlidir. Hətta
Milli Məclisdə mən belə bir təklif verdim ki, bu
prosesi təhsildə və səhiyyədə 70 yaşdan
başlayaq.
Yenə də qeyd edirəm
ki, ümumilikdə mən bu yeniliyin tərəfdarıyam.
Çünki gənclərimizin inkişafı
üçün buna getməliyik. Elə kafedra müdirləri,
professorlar var ki, yaşı çoxdan 70-i keçib, hətta
80-i də keçib. Həmin mütəxəssislər də
fikirləşməlidir ki, onun arxasınca gələn gənc
mütəxəssislər də var. Artıq həmin yaşda
olanların arxasınca gələn nəslin yaşı
60-ı keçib. Onlara da bir meydan verilməli, şərait
yaradılmalıdır. Ona görə də, mən
ümumilikdə yaş senzinin tərəfdarıyam. Bunu isə
birdən-birə inqilabi dəyişikliklər formasında
yox, tədricən etmək lazımdır. Artıq pensiya ilə
bağlı da yeni qanun qəbul olunub. Burada elmi dərəcələrə
görə pensiyalara əlavələrin olunması məsələsi
yer alır. Mənə elə gəlir ki, bu qayda işləyən
elmi dərəcəsi olan insanlara da şamil edilsə
çox yaxşı olar. Amma bu fakt təqaüd yaşına
çatmış professorların pensiyanın
azlığı ilə bağlı arqumentlərinin
qarşısını alır. Bu gün artıq professor təqaüdə
çıxanda hardasa 500 manat təqaüd alacaq. Bu da normal bir
göstəricidir.
- Necə hesab edirsiniz, sovetlər
dövründə yetişmiş elm ictimaiyyətini əvəz
etmək üçün hələ gənc nəsil
formalaşmayıbmı?
- Mən də
keçmiş SSRİ dövründə təhsil
almışam, professor olmuşam, 20 il Moskvada
çalışmışam. Əlbəttə, SSRİ
dövründə də elmə çox böyük fikir
verirdilər. Həmin dövrdə də hökumət elm sahəsini
yaxşı maliyyələşdirirdi. Elmin inkişafı
üçün mütləq maliyyə dəstəyi,
maddi-texniki baza olmalıdır, elmi-tədqiqatçıya
yaxşı maaş verilməlidir. Onun işləməsi
üçün normal şərait lazımdır. Bunlar
olandan sonra elmi-tədqiqata da maraq artır. SSRİ
dövründə də istər respublikalarda, istərsə də
ölkənin mərkəzində yüksək elmi-tədqiqat
işləri gedirdi. Hətta elə elm sahələri vardı
ki, keçmiş SSRİ həmin sahə üzrə
dünyada birinci yeri tuturdu. Bununla belə, o dövrün də
müəyyən çətinlikləri, çərçivəsi
vardı. Müəyyən elmi işləri Sovet
ideologiyası çərçivəsinə
salırdılar. Mən belə fikirlə razı deyiləm
ki, o dövrdə hər şey yaxşı idi, indi o səviyyədə
deyil. Hazırda yaxşı elmi-tədqiqatlar aparılır,
yaxşı tədqiqatçılarımız, böyük
alimlərimiz var, çox gözəl elmi nailiyyətlərimiz
mövcuddur. Mən AMEA-da biologiya elmləri bölməsinin
akademik katibiyəm və hər il bizdə universitetlər
hesabat verirlər. SSRİ dövründə çox
tanınmış, reytinqi, indeksi yüksək olan jurnallarda
respublikadan bəlkə də ildə bir məqalə dərc
olunurdu. İndi isə Azərbaycandan belə jurnallarda
çap olunan elmi məqalələrin sayı ilbəil
artır. Bəzən deyirlər ki, jurnal da
özümüzündür, tədqiqatı da
özümüz aparıb çap edirik. Amma belə deyil.
Xaricdə nəşr olunan jurnallarda Azərbaycandan olan işlərin
xüsusi çəkisinin artması ölkəmizdə elmi-tədqiqatların
səviyyəsinin yaxşı olmasından xəbər verir.
Elə alimlərimiz var ki, dünyanın yüzlərlə,
minlərlə alimləri onun elmi işlərinə istinad
edirlər. Onların apardığı elmi-tədqiqat
işini dünyanın hansısa mötəbər jurnalı
qəbul edir. Və o jurnalı oxuyan insanlar dünyanın bu və
ya digər nöqtəsində həmin alimə istinad edirlər.
Bu göstəricilər şükürlər olsun ki, ilbəil
bizim ölkədə artır.
Təkcə Azərbaycan Tibb
Universitetində bu fakt onlarcadır. Bu onu göstərir ki, elm
sahəsində inkişaf var. Bəzən deyirlər ki, təhsilimizdə,
səhiyyəmizdə inkişaf yoxdur. Bu iddialar əsassızdır.
Mən 1971-ci ildə ali məktəbi bitirmişəm.
İndi müəllim kimi dərs deyirəm, tələbələrdən
imtahan götürürəm. Mən imtahan
götürdüyüm tələbələrin səviyyəsi
ilə özümün təhsil aldığım
dövrü müqayisə edəndə görürəm ki,
tələbələrimizin səviyyəsi qat-qat yüksəkdir.
Halbuki, mən də universiteti yaxşı oxumuşam.
Düzdür, bütün tələbələr haqqında
bu sözü demək olmaz, müəyyən qrup tələbələr
var ki, zəifdirlər. Amma onların faizi azdır,
bütövlükdə bu gün buraxdığımız məzunların
səviyyəsi çox yüksəkdir. Onlar gedib
dünyanın müxtəlif ölkələrində,
Avropada, ABŞ-da diplomlarını təsdiq edirlər, imtahan
verirlər və həkim kimi fəaliyyət göstərirlər.
Hər il azı 100-120 məzunumuz xaricdə diplomunu təsdiq
edərək fəaliyyətə başlayır. Təkcə
Səudiyyə Ərəbistanında Azərbaycan vətəndaşı
olan 300-dən çox artıq məzunumuz
çalışır. Bu gün bizdə olan məlumata
görə, məzunlarımız dünyanın 24 ölkəsində
fəaliyyət göstərir, onların sayı minlərlədir.
Bildiyiniz kimi, Avropa, bütün dünya ölkələri
öz sağlamlıqlarının qayğısına
çox yaxşı qalırlar. Əgər bizim verdiyimiz təhsilin
səviyyəsi aşağı olsaydı, məzunlarımızı
heç vaxt qəbul etməzdilər.
Məlumat üçün
bildirim ki, Azərbaycan Tibb Universitetinə ildə təxminən
200-ə yaxın xarici ölkə vətəndaşı daxil
olur. Bu gün universitetdə 1000-dən çox xarici vətəndaş
təhsil alır. Bizim təhsilimizin, elmimizin səviyyəsi
aşağı olsaydı, bu insanlar gəlib burada təhsil
almaq istəməzdilər.
- Deməli, Azərbaycan
elminin yaxşı perspektivi var. Bəs gənclərimizin xaricə
təhsil almağa göndərilməsi bu prosesə nə dərəcədə
təkan verir? Nə qədər azərbaycanlı tələbə
tibb sahəsi üzrə xarici ölkələrdə ali təhsil
alır?
- Möhtərəm Prezidentimizin Sərəncamı ilə təsdiq olunmuş dövlət proqramına əsasən xeyli sayda tələbəmiz xaricə oxumağa göndərilir. Qeyd edim ki, təkcə tibb sahəsində 500-600 tələbə xaricdə təhsil alır. Tibb Universiteti olaraq bizim xarici ölkələrlə müqavilələrimiz var. Təkcə Türkiyə ilə ildə 70-80 tələbə mübadiləsi aparırıq. İstanbul Universiteti ilə tələbə mübadiləmizin tarixi 1992-ci ildən başlayır. Yalnız tələbə kimi deyil, diplomdan sonrakı təhsil dövründə də bizim məzunlar çox böyük müvəffəqiyyət qazanıblar. Türkiyədə xüsusi uzmanlıq var, diplomdan sonra mütəxəssis hazırlanır. Oraya təxminən hər il 17 min universitet bitirən məzun gedir. Üç il bundan qabaq o tələbələrin içində bizim iki məzunumuz biri birinci, digəri ikinci oldu. Bu, çox ciddi faktdır. Almaniyanın Təhsil Akademiyası var ki, ildə gəlib seçim aparır. Hər il Tibb Universitetinin 15-20 məzunu oraya gedir. Bu sahədə də inkişaf var. Belə suallar da var ki, niyə xaricə göndərirsiniz uşaqları, bizim universitetlərin səviyyəsi aşağıdırmı? Yaponiya kimi, Çin kimi dövlətlər ABŞ-a ildə minlərlə təhsil almaq üçün tələbə göndərir. O deməkdir ki, həmin dövlətlərdə təhsilin səviyyəsi aşağıdırmı? Bu da vacib bir işdir, dövlətin imkanı var, bu tələbələr göndərilməlidir, onlar da gedib həmin ölkələrin də təcrübələrini öyrənməli, inkişaf etməlidirlər. Mən heç də gənclərimizin hamısının da qayıdıb gəlməsinin tərəfdarı deyiləm. Əgər imkanları varsa, onlara orada iş təklif olunursa, qalıb işləmələri faciə deyil. Əksinə, biz buna sevinirik, orada Azərbaycan diasporası formalaşır. Onlar çalışırlar, işləyirlər, sonradan başqa azərbaycanlı mütəxəssisləri də oraya cəlb edirlər. Bu, dünyada çox geniş yayılmış bir məsələdir.
- Əhliman müəllim, hazırda ölkəmizdə səhiyyə sahəsində böyük islahatlar aparılır, ciddi inkişaf gedir. Bəzi mütəxəssislər hesab edirlər ki, Azərbaycanda tibbi sığorta sisteminin tətbiqi bu sahədə sağlam mühit baxımından daha yaxşı nəticələr verə bilər. Siz bu fikirlə razısınızmı?
- Dünya ölkələrində tibbi sığortadan geniş istifadə olunur. Azərbaycanda isə bu məsələnin geniş tətbiq edilməməsinin səbəbini müvafiq qurumlar cavablandıra bilər. Ümumiyyətlə, dediyiniz kimi, son illər ölkəmizdə səhiyyə xeyli inkişaf edib, xəstəxanaların imkanları çox genişlənir, yeni-yeni tibb ocaqları açılır. Təkcə, Tibb Universitetinin 4 klinikası yaradılıb, bu klinikalar ən müasir avadanlıqlarla təmin olunub. Bölgələrimizdə də müalicə diaqnostika mərkəzləri açılır. Onlar üçün kadr hazırlanır. Bütün bunlar Azərbaycan xalqı üçündür. Bu gün ölkəmizdə çox savadlı, öz işini dərindən bilən həkimlər ordusu var. Bütün sahələr üzrə mütəxəssislərimiz var. Ola bilsin ki, kim isə müalicə üçün xaricə gedir, burada reklamın, kiminsə şəxsi istəyinin rolu var. Vətəndaşların xaricə müalicəyə getməsi o demək deyil ki, ölkəmizdə səhiyyə zəifdir. Əgər bizim vətəndaşlar, məsələn, Türkiyəyə gedirlərsə, Türkiyə vətəndaşları da müalicə üçün Almaniyaya, ABŞ-a gedir. Yəni, burada insanların öz düşüncəsi və maddi imkanları əsas rol oynayır. Bütövlükdə, Azərbaycanda hər bir xəstəliyin müalicəsi üçün mütəxəssislər var və tibb sahəsi böyük inkişaf yolundadır.
Yeni Azərbaycan.- 2011.- 11 iyun.-
S.8.