Möhkəm əqidəli insan, fədakar
elm xadimi
YAP İdarə Heyətinin üzvü, fizika-riyaziyyat
elmləri doktoru, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun
70 yaşı tamam olur
İyun ayının 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun 70 yaşı tamam olur. Ş.Əsgərov Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan şəxs kimi də cəmiyyətimizdə yaxşı tanınır. Qeyd edək ki, 1941-ci ildə Azərbaycanın ən füsunkar guşələrindən birində - Kəlbəcər rayonunda anadan olmuş Şahlar Əsgərov 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olub. 1963-cü ildə həmin fakültəni bitirib və 1964 -1967-ci illərdə ADU-nun əyani aspirantı kimi Leninqrad Sabit Cərəyan İnstitutunda elmi iş üzərində çalışıb. Aspiranturanı bitirdikdən sonra ömür yolunu universitetlə bağlayaraq əvvəlcə müəllim, sonra dosent, dekan müavini və prorektor vəzifələrində çalışıb. Elmi tədqiqatlarını BDU-da uğurla davam etdirən Şahlar Əsgərov 1992-ci ildə Bakı Dövlət Universitetində “Toxunma sərhədinin qeyri-bircinslilik dərəcəsinin metal-vakuum və metal-yarımkeçirici strukturlarının elektrofiziki xassələrinə təsiri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1993-cü ildən BDU-nun professorudur. 1995-2005-ci illərdə Milli Məclisin deputatı, 2000-2005-ci illərdə Milli Məclisin Elm və təhsil daimi komissiyasının sədri olub.
Şahlar Əsgərovu cəmiyyətə daha yaxından tanıdan amillərdən biri onun 1990-cı illərin əvvəlində ziyalı olaraq ölkəmizin üzləşdiyi problemlərə görə narahatlıq keçirməsi və problemlərdən qurtulmaq üçün millətimizin dəyərli oğlu Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi uğrunda apardığı mübarizə idi. Belə ki, Şahlar müəllim məşhur “91-lər hərəkatı”nın üzvüdür. O zaman Azərbaycanın bir çox ziyalısı kimi Ş.Əsgərov da ölkəmizin üzləşdiyi çətinliklərdən yeganə xilas yolunu Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyət sükanının arxasına keçməsində görürdü. Bu səbəbdən də o, Ulu öndər Heydər Əliyevə müraciət edən ziyalıların sırasına qoşulub və bu işin təşkilatçılarından biri olub. “Zaman göstərdi ki, biz öz fikrimizdə yanılmamışıq” – deyən Şahlar müəllim, Yeni Azərbaycan Partiyasının yaranma tarixini belə xatırlayır: “O illərdə YAP-ın yaradılması tarixi zərurət idi. Əvvəlcə 91-lər hərəkatını yaratdıq, sonra da Naxçıvanda YAP-ın təsis konfransını keçirdik və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP qısa müddətdə təşkilatlanaraq əsl ümumxalq partiyasına çevrildi. Əlbəttə ki, YAP-ın gücü Heydər Əliyev şəxsiyyəti, Onun ideyaları ilə bağlı idi. Bu səbəbdən yarandığı zaman minlərlə insan YAP-ın sıralarına qoşulurdu. O vaxtkı AXC-Müsavat hakimiyyəti bu axının qarşısını ala bilmirdi. Yarandığı gündən indiyə qədər Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə olaraq, ölkəmizin inkişafı üçün böyük xidmətlər göstərib”. Ş.Əsgərov o vaxt hakimiyyətin ciddi təzyiqləri ilə üzləşdiyini belə xatırlayır: “Biz 91-lər ciddi təzyiqlərlə qarşılaşırdıq. Xatırlayın, o zaman dövlət nazirinin biri deyirdi ki, olmasın Azərbaycanda 500 ziyalı, onların hamısını qıracağam. Biz 91-lər olaraq, Naxçıvana YAP-ı yaratmağa gedəndə üç-üç, dörd-dörd gedirdik. Hamımız bir təyyarə ilə uçmadıq, çünki təyyarəni partlada bilərdilər. Sonra Heydər Əliyev hakimiyyətə gələndə 91-lərin potensialından da istifadə etdi. Ulu öndər Heydər Əliyev Azərbaycanın ağır zamanlarında hakimiyyətə qayıdaraq xalqımızı bəlalardan xilas etdi. Və çox sevinirəm ki, bu gün hörmətli Prezidentimiz İlham Əliyev Ulu öndərimizin siyasətini uğurla davam etdirir, Azərbaycanımız günü-gündən inkişaf edir, çiçəklənir”.
Bu gün 70 yaşın astanasında olan Şahlar müəllim hesab edir ki, çox yaşamağın yolu qocalıqdan keçir: “Burda alternativ yol yoxdur. Müsbət hisslərim üstünlük təşkil edir. İnsan ömrünün elə nöqtələri var ki, ömürlük yaddaşa həkk olunur. İnstituta girdiyin gün, ailə qurduğun gün, övladlarımın dünyaya gəldiyi və onların toy günləri, nəvələrin doğulduğu gün və s”.
Ş.Əsgərovun həyatında ən əlamətdar, yaddaqalan hadisələrdən biri də Ulu öndər Heydər Əliyevin onu “Şöhrət” ordeni ilə təltif etməsidir.
Şahlar müəllim bu gün YAP İdarə Heyətinin üzvü kimi ictimai-siyasi proseslərə öz münasibətini bildirməklə yanaşı, elmi fəaliyyətini də uğurla davam etdirir. 1993-cü ildən BDU-nun professoru olan Şahlar Əsgərov elmi fəaliyyəti dövründə bir sıra böyük və ciddi uğurlara imza atıb. Onun elmi yaradıcılığını 3 istiqamətdə qruplaşdırmaq mümkündür:
- ionlarla bərk cismlərin bombardmanı zamanı müşahidə olan proseslərin (katod tozlanması) öyrənilməsi;
- metal-yarımkeçirici kontaktı üzrə araşdırmalar;
- sosial fəlsəfə və pedaqogika.
Yeri gəlmişkən, alçaq enerjili civə
ionları ilə bir çox metalların katod tozlanmasını və bir çox metal-civə cütü üçün astana enerjisinin qiyməti məhz Şahlar Əsgərov tərəfindən dəqiqliklə ölçülmüşdü. Bəzi mütəxəssislər bunu keçən əsrin ən dəqiq təcrübələrindən biri sayır. Məlumdur ki, orijinal elmi işlərin ömrü orta
hesabla 4-6 il olur. Elm sürətlə inkişaf etdiyi
üçün, sonrakı illərin tədqiqatları əvvəlki
elmi nəticələrə kölgə salır və orijinal
işlər tez qocalır. Çox nadir işlər
uzunömürlü olur və klassik elmi iş statusu alır.
Professorun hələ 40 il öncə əldə etdiyi nəticələri
bu gün “NASA” və AİAA (Amerika Aeronavika və Astronavika
İnstitutu) öz tədqiqatlarında, həmçinin, kosmik
tədqiqatlarda geniş istifadə edirlər. Bu isə onu
göstərir ki, Şahlar müəllimin elmi işləri,
kölgədə qalan deyil, uzunömürlüdür. XX əsrdə
raketlər kimyəvi yanacaqla işləyirdisə, XXI əsrdə
onları ion mühərrikləri əvəz edəcək.
Hal-hazırda, kosmosa aparatların çıxarılmasında
bu mühərriklərin rolu getdikcə artır. Bu mühərriklərin
ömrünü uzatmaq üçün Ş.Əsgərovun
elmi işləri müstəsna əhəmiyyət
daşıyır. Bu elmi araşdırmaları ilə
Şahlar Əsgərov dünya üzrə 10 alimlər
sırasında layiqli yer tutub.
Qeyd etmək lazımdır
ki, professor Ş.Əsgərov “Qeyri-bircins
metal-yarımkeçirici kontaktın fizikasının”
yaradıçılarından biri olduğu üçün
onun əməyi xarici həmkarları tərəfindən
yüksək qiymətləndirilib. Belə ki, Moldova və
Ukrayna Elmlər Akademiyası alimlərinin birgə
yazdıqları monoqrafiyada (E.F.Venqer, R.V.Konakova,
Q.S.Korotçenkov, V.V.Milenin, G.V.Russu, İ.V.Prokopenko,
“Mejfaznıe vzaimodeystviə i mexanizmı deqradaüii v
strukturax metall- İnP i metall- GaAs) bu elmin formalaşmasına və
inkişafına töhfə vermiş S.M.Zi (ABŞ), E.Roderik
(Böyük Britaniya), A.B.Rjanov (RF) kimi dünya şöhrətli
alimlər sırasında Şahlar Əsgərovun da adı
çəkilir.
Elmi işlərin
masştabını və dinamikasını artırmaq
üçün o, Təhsil Nazirliyinin məmurlarını
1976-1991-ci illərdə inandıraraq nəticədə “Amorf
təbəqələr” Elmi-Tədqiqat Laboratoriyasının
yaradılmasına nail olub.
Ş.Əsgərov həmçinin,
keçid dövrünü yaşayan ölkəmizdə
ictimai-siyasi mühiti aydınlaşdırmağa kömək
niyyəti ilə böyük öndər Heydər Əliyevin
söylədiyi müdrik kəlamları, fəlsəfi fikirləri
toplayaraq, 1997-ci ildə üç kitab (“Müstəqillik
yolu”, “Aforizmlər” və “Quotations, Aforizmı, Aforizmlər”)
çap etdirib. Onun yazdığı “Keçid dövrünə
fəlsəfi baxış” kitabı (Bakı, 1998)
böyük oxucu rəğbəti qazanıb.
Tanınmış alimin fəlsəfi mövzulara həsr
olunmuş “Milli birlik probleminə fəlsəfi baxış”
(2001), “Toplantının fəlsəfəsi”, “Heydər Əliyevin
liberal-maarifçilik ideyaları” (2005), “Heydər Əliyevin fəlsəfəsi”
(2004), “Tarixi şəxsiyyət” (2003), “Konfliktlərin
qloballaşması” (2001), “Səkkizguşəli ulduz” (2003),
“Birliyin mayası haqq-ədalətdir” (Bakı-1998),
“Hamımızın bir vətəni var, bu da Azərbaycandır”
(Bakı-2000), elmi, fəlsəfi, publisistik kitabları, həmçinin,
“Təhsilimiz dünən, bu gün və sabah” (2003),
“Düşüncə tərzi” (2008) və digər əsərləri
özünün yüksək ideya-məzmunu, analitik səviyyəsi,
aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi
dəyərləri önə çəkməsi ilə diqqəti
cəlb edir.
Son zamanlar Ş.Əsgərovun
tədqiqatlar apardığı digər sahə isə sosial fəlsəfə
və pedaqogikadır. Alim hesab edir ki, bugünkü dövlətimiz
keçmiş dövlətin davamı olmadığı
üçün, bugünkü təhsil də Sovet təhsilinin
davamı olmamalıdır. Yeni təhsil sistemi yaratmaq
üçün əvvəlcə yeni təhsilin fəlsəfəsini
yaratmaq lazımdır. Bu istiqamətdə aparılan tədqiqatların
nəticəsi kimi, “Biliyin qiymətləndirilməsinin yeni
şkalası”, “Biliyin qiymətləndirməsinin yeni
kriteriyası”, “Pedaqogika üçün yeni paradiqma” və
“Biliyin qiymətləndirilməsinin fəlsəfəsi” məqalələri
2009-2010-cu illərdə Rusiya Federasiyasının mötəbər
jurnallarında çap olunub. Bu məqalələrdə
biliyin qiymətləndirilməsinin yeni modeli və yeni qiymətləndirmə
meyarı təklif edilir.
Professor Ş.Əsgərov
elmi məktəbi olan alimlərimizdəndir. Bu səbəbdən
də onun elmi fəaliyyəti haqqında məlumat Rusiya
Federasiyasında çap olan “Rossiyskie nauçnıe
şkolı” (t.3, str. 32, Moskva, 2010) kitabında verilib, elmi məktəbin
banisi kimi “Nauçnae şkola imeni Ş.Q.Askerova”
sertifikatı ilə təltif edilib. Həmçinin, onun elmi fəaliyyəti
və tərcümeyi-halı “Vıdaöhiysə
uçenıe Rossii” ensklopediyasının 6-cı cildinə
daxil edilib.
BDU-nun “Fiziki elektronika”
kafedrasının professoru Ş.Əsgərov bir neçə
beynəlxalq akademiyaların (“Rossiyskaə Akademiə
Estestvoznaniə”, “Akademiə pedoqoqiçeskix i
soüialğnıx nauk” “Beynəlxalq Elmi İnkişaf
Şurasının/ Beynəlxalq Elmlər Akademiyası”nın
(BEIŞ/BEA) üzvüdür. O, BEIŞ / BEA həqiqi
üzvü olmaqla bərabər, həm də həmin
akademiyanın qızıl medalının laureatıdır.
Şahlar müəllim, həmçinin,
cəmiyyətdə maraqlı və orijinal fikirləri ilə
də diqqəti cəlb edib. 70 yaşı ərəfəsində
onunla söhbət zamanı da bunu bir daha müşahidə etdik.
Məsələn, “Kimə müəllim demək olar”
sualına Ş.Əsgərov belə cavab verir: “Belə bir bəşəri
dəyər var: heç kəs sənin düşmənin
deyil, hər kəs sənin müəllimindir. Təhsil verən
hər kəs müəllimdir. Amma bu müəllimlərin
statusu müxtəlif ola bilər. Sənət öyrədən
müəllim usta adlanır. Orta məktəbdə bilikləri
öyrədənlər müəllimlərdir. Ali məktəblərdə
bilik və elmi bilik öyrədən müəllimlər alimlərdir.
Bu dediklərim bir türk misalında dəyər formasına
necə gözəl alınıb: “Çörəyini əli
ilə qazanan fəhlə, əli və ağlı ilə
qazanan usta, əli, ağlı və ürəyi ilə qazanan
isə ustaddır”. Əsas budur ki, gərək ürəyi
işə qoşa biləsən”.
Son olaraq qeyd edək ki, dəyərli
ziyalımız Şahlar müəllim 70 yaşın
astanasında da elm, təhsil ocaqlarında
çalışır, gənc nəslə biliklər verir,
onları vətənpərvərlik ruhunda tərbiyə edir.
Artıq ömrünün 70 illik zirvəsinə yüksələn
Şahlar müəllim, gələcəkdə də bu
yöndə fəaliyyətini davam etdirmək əzmindədir.
Bu yolda ona yalnız uğurlar diləyə bilərik.
“Yeni Azərbaycan” qəzeti
olaraq Şahlar müəllimi 70 illik yubileyi münasibətilə
təbrik edir, ona cansağlığı, işlərində
uğurlar arzulayırıq.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2011.- 11 iyun.- S.7.