Azərbaycanın gələcəyi
gənclərlə bağlıdır
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili
Əli Əhmədov partiyanın Suraxanı rayon təşkilatı
Gənclər Birliyinin fəalları ilə görüş
keçirib
Dünən Yeni Azərbaycan
Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili
Əli Əhmədov partiyanın Suraxanı rayon təşkilatı
Gənclər Birliyinin fəalları ilə görüş
keçirib. Tədbiri giriş sözü ilə açan YAP
Suraxanı rayon təşkilatının sədri Vüqar
Seyidov bu görüşün 15 İyun - Milli Qurtuluş
Gününə həsr olunduğunu bildirib. Gənclərin
ölkəmizin ictimai-siyasi həyatında fəal rol
oynadığını qeyd edən rayon təşkilatının
sədri belə görüşlərin zəruri olduğunu
vurğulayıb. V.Seyidov, həmçinin, Milli Qurtuluş
Günü haqqında da fikirlərini bildirib.
Görüşdə
çıxış edən YAP Sədrinin müavini-İcra
katibi, millət vəkili Əli Əhmədov öncə Milli
Qurtuluş Günü münasibətilə gəncləri təbrik
edib. Əli Əhmədov bildirib ki, 15 İyun - Milli
Qurtuluş Günü bir tərəfdən Heydər Əliyevin
əzəmətinin və qüdrətinin, digər tərəfdən
Azərbaycan xalqının müdrikliyinin və siyasi
kamilliyinin təntənəsidir. Onun sözlərinə
görə, Ulu öndər Heydər Əliyevin hakimiyyətə
tarixi qayıdışına qədər Azərbaycan tənəzzül
etməkdə olan bir ölkə kimi tanınırdısa, bu
gün o, bütün dünyada ən yüksək sürətlə
inkişaf edən iqtisadiyyata malik bir dövlət kimi qəbul
olunur: “Ümummilli lider Heydər Əliyevin tarixi
qayıdışı Azərbaycanın bir ölkə olaraq həyatının
tamamilə dəyişməsi ilə müşayiət edildi.
Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra
Azərbaycanın keçdiyi yola nəzər salsaq görərik
ki, ölkəmiz hərtərəfli iflas və tənəzzül
yolundan Ümummilli liderin müəyyənləşdirdiyi
siyasət nəticəsində inkişaf, tərəqqi və
yüksəliş dövrünə qədəm qoydu”.
YAP Sədrinin müavini
vurğulayıb ki, Heydər Əliyevin hakimiyyətə
qayıdışı həyatımızın bütün
sahələrindəki inkişaf, tərəqqi, yüksəlişlə
müşayiət olunur. O bildirib ki, bu gün ölkəmiz
Ulu öndər Heydər Əliyevin möhtəşəm
qayıdışı ilə əsası qoyulan
inkişafın böyük mərhələsini keçərək
yüksələn, müasirləşən, yeniləşən
bir Azərbaycan kimi özünü tanıda bilib: “Azərbaycanın
müasir tarixinin ən əzəmətli hadisəsi Heydər
Əliyevin qayıdışında özünü ehtiva edən
qurtuluş məfkurəsi ilə əlaqədardır.
Qurtuluş məfkurəsi Azərbaycana nə verdi sualına
cavab axtararkən ölkəmizin bugünkü həqiqətlərini,
mənzərəsini, vətəndaşlarımızın əhval-ruhiyyəsini,
bütövlükdə Azərbaycanın gözəl gələcəyi
üçün yaradılan imkanları göstərmək
lazımdır. Ötən müddət ərzində Azərbaycan
fəlakətlərdən, hərtərəfli iflasdan
geniş inkişaf yoluna çıxaraq sabitliyin təmin
olunduğu, iqtisadiyyatı sürətlə inkişaf edən,
dünyada rolu durmadan artan bir ölkə kimi özünü təsdiq
edib. Bütün bunlar Ulu öndər Heydər Əliyev qətiyyətinin,
müdrikliyinin bəhrəsidir”.
Əli Əhmədov qeyd edib
ki, ölkəmizin bugünkü inkişafı Azərbaycan gəncliyi
üçün böyük imkanlar açıb. YAP Sədrinin
müavini Azərbaycan dövlətinin uğurlu gənclər
siyasəti həyata keçirdiyini bildirib. Əli Əhmədov
qeyd edib ki, dövlət hər zaman gəncliyə önəm
verib və bu gün də verməkdədir. “Bu fakt bir daha təsdiqləyir
ki, dövlətimiz Azərbaycan gəncliyinin inkişafına
xüsusi diqqət yetirir” - deyə, o vurğulayıb.
Azərbaycanın sürətlə
inkişaf etdiyini deyən YAP Sədrinin müavini qeyd edib ki,
Prezident İlham Əliyevin siyasətinin məqsədi ölkəmizi
zəngin, firavan və qüdrətli dövlətə
çevirməkdən ibarətdir. “YAP Azərbaycanın ən
güclü, qüdrətli siyasi təşkilatıdır.
Partiyamız gələcəkdə də Azərbaycanın
inkişafında həlledici rol oynayan, bu inkişafı təmin
edən siyasi təşkilat olaraq qalacaq” - deyə Əli Əhmədov
qeyd edib.
O bildirib ki, Azərbaycan
müasirləşir, modernləşir və bu proses davamlı
xarakter daşıyır. Əli Əhmədovun sözlərinə
görə, cəmiyyətimiz bu yeniliklərə
uyğunlaşmalı, müasir dövrün
çağırışlarına cavab verməlidir: “Təbii
ki, bu prosesdə yenilikçi qüvvə olaraq gənclərin
üzərinə böyük məsuliyyət
düşür. Gənclərimiz bu prosesi irəli aparmaq
üçün fəal olmalıdırlar. Sevindirici haldır
ki, partiyamızın sıralarında təmsil olunan gənclər
yüksək intellektual potensiala malikdir və bu məsuliyyətin
öhdəsindən gəlmək iqtidarındadır”.
Əli Əhmədov YAP
üzvlərinin 40 faizinin gənclərdən ibarət
olduğunu da diqqətə çatdırıb. O gənclərin
öz siyasi talelərini Ulu öndər Heydər Əliyevin
qurucusu olduğu partiya ilə bağlamalarının əhəmiyyətini
vurğulayıb: “Gənclər bu qənaətdədirlər
ki, özlərini ifadə etmək üçün ən əlverişli
mühit YAP-dadır və bu partiyanın üzvü olmaqla Azərbaycanın
ictimai-siyasi həyatında fəal iştirak etmək
imkanları əldə etmiş olurlar. YAP gənclərə ən
düzgün yol göstərən əzəmətli siyasi təşkilat,
Azərbaycanın yaxın keçmişini, bu
gününü və gələcəyini özündə
ifadə edən güclü bir partiyadır. YAP-ın
gücü, əzəməti və gələcəklə
bağlı olan perspektivləri, ilk növbədə,
partiyanın istinad etdiyi ideya və prinsiplərə söykənir.
YAP-ın yaradıcısı Heydər Əliyev bu
partiyanın formalaşmasının elə əzəmətli
və əbədiyaşar prinsiplərini müəyyənləşdirib
ki, bu prinsiplərə istinad edən partiya mövcudluğu
dövründə həm üzvləri, həm də Azərbaycan
xalqının bəslədiyi bütün ümidləri
doğrulda bilib. Sevindirici haldır ki, gənclərin
partiyamıza axını böyük vüsət alıb”.
Əli Əhmədovun
sözlərinə görə, Azərbaycan hökumətinin
fəaliyyətində gənclərlə bağlı siyasət
əsas yerlərdən birini tutur. Gənclərin yaxşı
təhsil alması, müasir dünyagörüşünə
yiyələnməsi, malik olduğu potensialı ifadə etməsi
və bu potensialı Azərbaycanın inkişafı istiqamətinə
yönəltməsi bu gün hökumətimizin həyata
keçirdiyi siyasətin əsas qayəsini, ideya
bazasını təşkil edir. Ölkə Prezidentinin Sərəncamı
əsasında 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin
inkişafı ilə əlaqədar Dövlət
Proqramının hazırlandığını deyən Əli
Əhmədov bildirib ki, bu proqramda gəncliyin
inkişafını təmin etmək üçün ən
ümdə vəzifələr öz əksini tapacaq. YAP Sədrinin
müavini qeyd edib ki, proqramın qəbul olunub həyata
keçirilməsi Azərbaycan gəncliyinin daha da
inkişafına ciddi təkan verəcək.
“YAP-ın mövqeyi bundan
ibarətdir ki, ölkəmizin müasirləşməsi və
modernləşməsində, bütövlükdə
inkişaf, quruculuq prosesində Azərbaycan gəncliyi
yaxından iştirak etməlidir. Gənclərimiz yüksək
biliklərə, müasir dünyagörüşünə
yiyələniblər. Bütün bu və digər amillər
gənclərin Azərbaycanın inkişafında çox əzəmətli
güc olduğunu ortaya qoyur. Hökumətimiz və
partiyamız da bu gücdən faydalanmaq, Azərbaycanın
inkişafı naminə bu amildən səmərəli istifadə
etmək yolunu tutub” - deyə, o vurğulayıb.
Əli Əhmədov bildirib ki, ölkəmizdə sabitliyin, əminamanlığın möhkəmləndirilməsi hər bir Azərbaycan vətəndaşının, xüsusilə, gənclərin borcudur. Çünki Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Ona görə də, gənclər bugünkü sabitliyin, əminamanlığın, dincliyin qorunmasında maraqlı olmalıdırlar ki, bütün bunların əsasında Azərbaycan daha da inkişaf etsin və gənc nəsil üçün daha yüksək rifahın təmin edildiyi bir Azərbaycan qurulsun. “Təəssüf ki, gənclərimizin kiçik bir hissəsini Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin sifarişini həyata keçirən müxalifət partiyalarının radikal qanadı öz ətrafına toplayıb. Bəzi siyasi partiyalar var ki, gənclərdən özlərinin mənfi məqsədləri üçün istifadə edirlər. Onlardan ictimai-siyasi sabitliyi pozmaq, hansısa xarici qüvvələrin maraqlarını həyata keçirmək üçün istifadə etməyə çalışırlar. Səhv yola gedən gəncləri isə bu yoldan çəkindirməkdə onlara kömək etməlisiniz. Az da olsa gənclərimiz kimlərinsə maraqlarının həyata keçirilməsi üçün alətə çevrilirlər. Dünyada baş verən proseslər sübut edir ki, kənar qüvvələrin müdaxiləsi ilə heç bir millət xoşbəxt, firavan olmayıb. Əksinə, belə müdaxilələr o ölkələrdə fəlakətlərlə, dağıntılarla müşayiət olunur. Ona görə də, gənclərimiz ayıq olmalı, proseslərə düzgün qiymət verməlidirlər” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fariz Cəfərov gəncliyin inkişafı ilə bağlı fikirlərini bildirib. Dövlətin gənclərə qayğısından bəhs edən F.Cəfərov buna nümunə kimi özünün iki il Londonda təhsil almasını göstərib. Təşkilatın sıralarında 2675 gəncin birləşdiyini deyən sədr müavini bu gənclərin sosial şəbəkələrdə fəallıq göstərdiyini bildirib.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında 15 İyun-Milli Qurtuluş Gününün əhəmiyyəti haqqında fikirlərini bildirib. O qeyd edib ki, bugünkü inkişafın əsası qurtuluşdan başlayır. Son illər ərzində Azərbaycanın bütün bölgələrinin inkişaf etdiyini deyən İ.Abbasov Suraxanı rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər haqqında da ətraflı məlumat verib.
Görüşdə, həmçinin, YAP Sədrinin müavini Əli Əhmədov gənclərin suallarını cavablandırıb.
Daha sonra bir qrup partiya fəalları fəxri fərmanlarla təltif olunub, YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı iştirak edib.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2011.- 15 iyun.- S.2.