Azərbaycanın müstəqilliyinin
dönməzliyi Milli Qurtuluş Günündən
başlayır
Bahar Muradova: Ulu öndər Heydər Əliyevin Azərbaycan
parlamentinin rəhbəri seçilməsi o zaman
atılması vacib olan ən düzgün addım idi
Milli Məclisin sədr
müavini,
- Bahar xanım, bu günlər
ölkəmizin bütün guşələrində 15
İyun - Milli Qurtuluş Günü təntənəli şəkildə
qeyd olunmaqdadır. Bu əlamətdar tarixin bir dövlət
kimi Azərbaycanın taleyinin müəyyənləşməsində
rolu və əhəmiyyəti haqqında fikirlərinizi bilmək
istərdik...
- 15 İyun - Milli Qurtuluş
Gününün Azərbaycan tarixindəki yeri və rolundan
danışarkən, ilk növbədə, həmin günə
qədərki vəziyyəti dəyərləndirmək,
xatırlamaq yerinə düşər. Böyük problemlər
içində müstəqilliyini elan etmiş Azərbaycan o
zaman qısa müddət ərzində daha böyük
çətinliklərlə üz-üzə qaldı.
Bildiyiniz kimi, 1990-cı illərin əvvəlində cərəyan
edən ictimai-siyasi proseslər 70 il mövcud olmuş
SSRİ-nin dağılmasına gətirib çıxardı
və ittifaqın tərkibində olan respublikalar müstəqilliklərini
elan etdilər. Digər respublikalardan fərqli olaraq Azərbaycanda
bu prosesi gücləndirən amil Dağlıq Qarabağ məsələsi
oldu. Bu münaqişənin ortaya çıxması isə
öz növbəsində Azərbaycanda ictimai-siyasi
oyanışın, mərkəzi hakimiyyətə, erməni
separatizminə etirazın yaranmasına səbəb oldu. Bununla
yanaşı, keçmiş SSRİ hakimiyyətinin erməniləri
dəstəkləməsi bu prosesi daha da gücləndirdi. Bir
sözlə, çox ciddi, gərgin, perspektivi görünməyən
ağır bir durum yaranmışdı. Təbii ki, Azərbaycan
belə bir durumda öz düzgün addımını
atmalıydı. Və belə bir zamanda Azərbaycanın Ali
Soveti müstəqilliklə bağlı Konstitusiya
aktını qəbul etdi. Bundan sonrakı dövrdə isə
Azərbaycana qarşı təhdidlər və təzyiqlər
daha da artdı. Təbii ki, ilk illərdə müstəqillik
sadəcə, kağız üzərində qalırdı.
Çünki müstəqilliyi yalnız elan etməklə
iş bitmirdi, bir sıra müvafiq addımlar atılmalı
idi. Amma atılmalı olan addımların reallaşması
istiqamətində işlər görülmürdü. Ən
azından o vaxt ölkə rəhbərliyi daxili və xarici təzyiqlərin
fonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq
imkanına malik deyildi. Çünki həmin hakimiyyət Azərbaycanın
ittifaqsız necə yaşayacağını təsəvvür
etmək iqtidarında deyildi. Əslində, o zamankı
iqtidarın səyləri əsasən xalqı ittifaqsız
yaşamağın mümkünsüzlüyünə
inandırmağa yönəlmişdi. Yəni respublikada
qüvvələrin səfərbər olunmasıyla müstəqilliyi
təmin etmək yerinə bir qrup özünü təsdiq etməyə
cəhd göstərir, digər qrup isə Qarabağ hadisələrinin
dalğası üzərində meydan hərəkatından
istifadə edərək hakimiyyətə gəlmək istəyirdi.
Nəticədə ərazilərimizin işğalı,
Xocalı soyqırımının baş verməsi,
insanların qaçqın və məcburi köçkün
durumuna düşməsi fonunda AXC-Müsavat cütlüyü
hakimiyyətə gəldi. Lakin qısa müddət ərzində
bu qüvvələr də çox ciddi problemlərlə
üz-üzə qaldı. Əgər onlardan əvvəlkilər
Azərbaycanı idarə etmək iqtidarında deyildilərsə,
AXC-Müsavat cütlüyü də Azərbaycanın idarəçilik
sükanını təsadüfən ələ
keçirmiş qüvvə idi. Bu da çox qısa bir
zamanda özünü göstərdi. Hakimiyyəti ələ
almış insanlar ölkəyə rəhbərlik etməyi
bacarmadılar. Sosial dayaqlardan demək olar ki, tam məhrum
oldular. Xalq içində nüfuzlarını itirdilər və
Azərbaycanı böhrana sürüklədilər. Artıq
xalqın onlara heç bir inamı qalmamışdı. Ermənilər
də Azərbaycanda yaranmış bu durumdan istifadə edərək
bölgələrimizi işğal etməyə
başlamışdılar.
Məhz belə bir vaxtda
ölkənin gələcəyini düşünən
ziyalılar bir araya gəldilər. Bunu xüsusi olaraq
vurğulayım ki, Azərbaycanı düşdüyü
çətin vəziyyətdən xilas edilməsi ilə
bağlı müəyyən fikirlər səslənirdi,
müzakirələr aparılırdı, ziyalıların o
zaman Naxçıvanda olan Ulu öndər Heydər Əliyevə
müraciəti isə xüsusi əhəmiyyətə malik
idi. Beləliklə, məhz Heydər Əliyevin Yeni Azərbaycan
Partiyasının rəhbərliyində dayanması, həmçinin,
partiyanın proqram və nizamnaməsinin Ulu öndərin rəyi
ilə yazılması, qarşıda duran vəzifələrin
müəyyənləşdirilməsi ölkənin gələcəyini
düşünən bütün insanları səfərbər
etdi. Qısa zamanda ölkənin bölgələrində Yeni
Azərbaycan Partiyasının yerli təşkilatları
yarandı və insanlar Heydər Əliyevin hakimiyyətə gəlməsinin
vacib olduğunu vurğulayaraq bunun üçün də hərəkətə
keçdilər. Bu prosesi həm də o zaman hakimiyyətdə
olan qüvvələrin öz sosial dayağını itirməsi
şərtləndirirdi. Çünki ölkəni idarə edə
bilmədiklərini, öz daxilindən olan müxalifəti
cilovlaya bilmədiklərini və xüsusilə hərbi
müxalifətlə üz-üzə qaldıqlarını
gördükdə həmin vaxt hakimiyyətdə olan insanlar ən
azı özlərini xilas etmək üçün Heydər Əliyevi
Bakıya çağırmaq məcburiyyətində
qaldılar. Bu proses bizim hər birimizin gözü
qarşısında baş verdi və o günlərin nə qədər
çətin, ağrılı olması həmin günləri
yaşayan insanların yaddaşlarından heç zaman silinməyəcək.
Bir sözlə, Ulu öndər
Heydər Əliyevin Azərbaycan parlamentinin rəhbəri
seçilməsi o zaman atılması vacib olan ən
düzgün addım idi. Heydər Əliyevin baş verən
proseslərlə bağlı düzgün qərar qəbul
etməsi, Gəncəyə səfər etməsi və Azərbaycanın
maraqlarını hər şeydən üstün tutan
insanların Ulu öndərin ətrafında cəmlənməsi
dövlətimizin həm daxili, həm də xarici təzyiqlərə
qarşı müqavimət göstərməsinə imkan
verdi. Beləliklə, ikinci dəfə hakimiyyətə
qayıdan Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən
xilas etdi.
Ümumiyyətlə, bu
xatırlatmalarım o dövrdə baş verən hadisələrin
xronologiyasıdır. Amma bu xronologiyanın içində nə
qədər hadisələr cərəyan edir. Bütün
bunları görən, yaşayan və kitablardan oxuyan gənc
nəsil çox yaxşı dərk etməlidir ki, həmin
dövrdə yalnız Ümummilli lider Heydər Əliyevin
uzaqgörənliyi və qətiyyəti Azərbaycanı bir
dövlət kimi məhv olmaqdan xilas etdi. Bu, Qurtuluşun
başlanğıcı idi. Ona görə də, hesab edirəm
ki, o dövrə qədərki hadisələrin mahiyyəti və
məzmunu bir çox araşdırmalar tələb edir. O
dövr çox ciddi tədqiq olunmalıdır. Fikrimcə,
bir sıra siyasi qüvvələrin, təşkilatların, o
dövrdə fəaliyyət göstərən dövlət
qurumlarının və onların rəhbərlərinin həmin
hadisələrdəki rolu, iştirakı, günahı və
xidməti hələ bundan sonra uzun illər tədqiqat obyekti
olaraq qalacaq.
- Ümumiyyətlə, 15
iyun tarixini Azərbaycan dövlətçiliyinin tarixində
dönüş anı hesab etmək olarmı?
- Dövlətçilik
tariximizə nəzər salanda görürük ki, bizim
öyündüyümüz, qürur duyduğumuz, ölkələri
fəth edən, Azərbaycanın ərazilərini genişləndirən
tarixi şəxsiyyətlərimiz olub. Ötən əsrin əvvəllərində
Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq
Cümhuriyyəti yaradıldı. Onun taleyi isə bizə bəllidir.
Bundan sonra Azərbaycan keçmiş SSRİ-nin tərkibində
respublika kimi mövcud olsa da, müstəqil deyildi. Azərbaycanın
həqiqi mənada müstəqilliyi Ulu öndər Heydər Əliyevin
1993-cü ildə ikinci dəfə hakimiyyətə
qayıdışından sonra-15 İyun - Milli Qurtuluş
Günündən başlayır. Qeyd etdiyim kimi, həmin vaxta
qədər formal olaraq müstəqillik elan edilsə də,
ölkədə idarəçilik sistemi yox idi. O dövrdə
hakimiyyətdə təmsil olunan hər siyasi partiyanın bir silahlı
qrupu vardı. Qarabağda gedən döyüşlərdə
vahid komandanlıq, nəzarət yox idi. Silahlı qrupların
bir-birinə qarşı dayanması, mənafe mübarizələri
və bu prosesin özündə də siyasi maraqların
güdülməsi Azərbaycanı çox çətin bir
duruma salmışdı. O baxımdan, 15 İyun - Milli
Qurtuluş Günü Azərbaycanın həqiqi mənada
müstəqilliyinin əldə olunması və bu müstəqilliyin
daimiliyinin, əbədiliyinin təmin edilməsində
başlanğıc nöqtə sayılır. Çünki
Azərbaycan dünyaya yalnız həmin gündən sonra
özünü müstəqil dövlət kimi təqdim edə
bildi. Bu müstəqil dövləti təmsil edən bir şəxsiyyət
olaraq Heydər Əliyev bütün dünya dövlətlərinə
göstərə və sübut edə bildi ki, Azərbaycanın
müstəqilliyi daimidir. Bu gün Azərbaycan həm
dünyada, həm regionda nüfuzu ilə fərqlənən
dövlətdir. Biz artıq inkişaf etmiş ölkələr
sırasına qoşulmaq prosesindəyik. Təsadüfi deyil
ki, Prezident İlham Əliyev Azərbaycanda keçid
dövrünün başa çatdığını elan
edib. Bu tarixi fikrin arxasında böyük zəhmət, fəaliyyət
dayanır. Bu nöqteyi-nəzərdən Ulu öndər Heydər
Əliyevin 1993-2003-cü illəri əhatə edən ikinci
hakimiyyətinin 10 ili ərzində məhz ən
başlıca vəzifələr yerinə yetirilib. Məhz bu
zaman kəsiyində Azərbaycan dövləti öz müstəqilliyini
tam mənada bərpa etdi, Azərbaycanın güclü ordusu
formalaşdı, Azərbaycan Respublikasının bütün
iqtisadi imkanları səfərbər olundu və həyata
keçirilən iqtisadi layihələr ölkəmizi bir
çox böyük dövlətlərin yaxın tərəfdaşına
çevirdi. Ölkəmiz bu layihələrin nəinki
iştirakçısı, hətta təşkilatçısı
oldu. Azərbaycan eyni zamanda malik olduğu coğrafi, iqtisadi
imkanlardan, təbii sərvətlərindən təkcə
öz maraqları üçün deyil, bütövlükdə
bölgənin və dünyanın enerji təhlükəsizliyi
üçün istifadə edən bir ölkə olduğunu
sübuta yetirdi. Bütün bunlar isə Azərbaycanda siyasi
sabitlik olmadan əldə edilə bilməzdi. Bu dövr ərzində
ən böyük uğur ölkə daxilində sabitliyin əldə
olunması və onun qorunub saxlanması idi. Bu isə Azərbaycanda
silah yolu ilə hakimiyyətə gəlməyin
mümkünsüzlüyünü hər kəsə göstərdi.
Bəlli oldu ki, Azərbaycanda hakimiyyətə yalnız
seçkilər, yəni xalqın iradəsi əsasında gəlmək
mümkündür. Siyasi sabitliyin fonunda isə iqtisadi-sosial
layihələrin həyata keçirilməsi ölkəmizin
dünyaya etibarlı tərəfdaş kimi təqdimatına
imkan yaratdı. 10 il ərzində bunu əldə etmək
mümkün oldu və nə qədər çətin olsa
da, Ulu öndər Heydər Əliyev bu işlərin öhdəsindən
gəldi. Bunun nəticəsidir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi,
Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsində
əksini tapan ideoloji və siyasi kurs Azərbaycan xalqı tərəfindən
birmənalı olaraq qəbul və müdafiə olunur. Bu
gün də xalq bu siyasi kursa inanır və bu da Azərbaycanın
uğurlarında böyük əhəmiyyət
daşıyır. Ümumilikdə, bütün bunların
kökündə isə yuxarıda qeyd etdiyimiz
dönüş anı dayanır.
- O dövrü xarakterizə
edərkən diqqət çəkən məqamlardan biri də
həmin zaman hakimiyyətdə olan qüvvələrin
bacarıqsızlığı və qətiyyətsizliyidir.
Amma maraqlıdır ki, indi müxalifətdə olan həmin
partiyalar yenə də hakimiyyətə iddialıdır. Sizcə,
onların belə bir iddia ilə çıxış etməyə
mənəvi haqları çatırmı?
- Onların Azərbaycanda
hakimiyyət başına gəlməyə mənəvi
haqlarının çatmaması bir faktdır. Həmin dairələrin
bu günə qədərki durumu, Azərbaycan xalqının
onlara münasibəti bunu deməyə əsas verir. Xalqın
bu insanlara zərrə qədər də etimadı yoxdur, bu mənada
getdikcə vəziyyətləri daha da pisləşir. Onu da
qeyd edim ki, onların iddiaları ilə imkanları arasında
çox böyük ziddiyyət var. Başqalarının
hesabına layiq olduqlarından qat-qat artığına iddia
edirlər. Çox qəribədir, həmin insanlar hesab edirlər
ki, Azərbaycanı vaxtilə məhv olmaqdan xilas edən,
bugünkü nailiyyətləri qazanan siyasi qüvvə
hakimiyyətdən imtina etməlidir və onlar da gəlib
hakimiyyətə yiyələnməlidirlər. Biz isə
onları sağlam rəqabətə, mübarizəyə dəvət
edirik. Bu xalq, bu meydan, bu siz, bu da biz. Qoy, xalq sizə münasibətini
bildirsin. Yoxsa, hansısa ultimativ şərtlərlə
danışmaq, kimlərinsə dəstəyinə bel
bağlamaq, başqa ölkələrdə baş verənlərdən
təsirlənmək və buna da inanmaq həmin müxalif
partiyaların nə qədər uzaqgörən
olmadıqlarının sübutudur. O baxımdan, hesab edirəm
ki, məsələ onların hakimiyyətə gəlməyə
mənəvi haqqı olub-olmaması cəhətindən dəyərləndirilməməlidir.
Bu iddialar onların imkanlarına uyğun dəyərləndirilməlidir.
Fikrimcə, əsas məsələ budur. Gücün
çatmadığı işin qulpundan yapışmaq isə
1992-93-cü illərdəki hadisələrə gətirib
çıxarır. Azərbaycan isə nə daxildəki bəzi
qruplar üçün, nə də ölkəmizin
inkişafını istəməyən xarici qüvvələr
üçün eksperiment meydanı deyil. Bəzən bu
qüvvələrin xaricdəki müəyyən dairələrlə
maraqları üst-üstə düşür və bunu da
guya “beynəlxalq dəstək” kimi qələmə verməyə
çalışırlar. Bəli, həmin müxaliflərin
Azərbaycanı istəməyən xarici dairələrlə
bəzi məqamlarda maraqları və fikirləri
üst-üstə düşür. Amma bu, onların fikirlərinin
doğruluğunu yox, ölkəmizə qarşı qəsdlərin
hələ də qaldığını sübut edir.
- Bahar xanım, bu gün Heydər
Əliyev siyasəti uğurla davam edir. Bu siyasi kursun perspektivləri
haqqında nə deyə bilərsiniz?
- Bu gün Azərbaycanda Heydər
Əliyev siyasəti daha çevik, daha yaradıcı, daha
sürətlə həyata keçirilir. Ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu siyasi kursun
davamlılığını təmin edən amil Azərbaycan
xalqının mövqeyidir. Çünki xalq artıq əminliklə
qət edib ki, Azərbaycanın yeganə uğurlu
inkişafı Heydər Əliyev yolu ilə
bağlıdır. Bu gün hər kəs əmindir ki, bu
siyasətin alternativi yoxdur. Baxmayaraq ki, bu yola alternativ görə
bilən insanların bəziləri hələ də meydanda
qalmaqdadır. Amma bu da Azərbaycandakı demokratik
ab-havanın nəticəsidir. Bizim heç nədən
qorxumuz yoxdur və kimlərinsə fəaliyyətini məhdudlaşdırmaqla
siyasət yürütmürük. Onsuz da bizim siyasətimiz
genişləndikcə onların fəaliyyəti məhdudlaşır.
Bizim onları sona qədər sıradan çıxarmaq kimi
bir fikrimiz və qəsdimiz də yoxdur. Hətta bəzən
zaman-zaman bizi bunda ittiham edənlər tapılır. Amma bu sadəcə
sözdür. Həmin dairələrin vaxtilə törətdiklərinə,
bütün bu illər ərzində Azərbaycan
xalqının inkişafına mane olmaq istədiklərinə,
xarici faktorlara istinad edərək Azərbaycan dövlətini
öz yolundan döndərmək istəmələrinə
baxmayaraq biz onlarla düşmənçilik aparmırıq.
Azərbaycanın inkişafı bundan sonra da davam edəcək
və bizim uğurlarımız davamlı olacaq. Azərbaycan
qısa müddətdə böyük inkişaf yolu
keçib. Bu inkişaf hər addımda özünü
göstərir. Bu gün Azərbaycan bütün istiqamətlərdə
bölgəyə və dünyaya nümunə ola biləcək
səviyyədədir. Bütün bunlar çox qısa bir
zamanda xalqımızın öz əməyi ilə əldə
olunub. Mən gələcəkdə Azərbaycanın daha
böyük inkişafa imza atacağına inanıram.
İnanıram ki, yaxın zamanlarda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi də öz ədalətli
həllini tapacaq. Vaxtilə Ulu öndər Heydər Əliyev
tərəfindən müəyyənləşdirilən siyasət
bu gün qətiyyətlə və dönmədən həyata
keçirilir. Prezident İlham Əliyevin də bildirdiyi kimi
ölkəmizin ərazi bütövlüyü bu gün
danışıqlar predmeti deyil və ola da bilməz. ATƏT-in
Minsk qrupunun həmsədrlərinin status-kvonun dəyişdirilməsinin
vacibliyini vurğulaması və bu istiqamətdə fəaliyyətə
keçməsi, “buzu əritmək” istəklərinin ortaya
qoyulması məhz Azərbaycan tərəfinin yeritdiyi siyasətin
nəticəsidir. Ölkə rəhbərliyinin bu məsələdə
qətiyyətli və davamlı siyasəti,
düşünülmüş və ardıcıl diplomatik
addımları son nəticədə Azərbaycan
xalqının istəyini əks etdirən və qələbəyə
hesablanmış mövqeyin möhkəmlənməsini təmin
edir.
Yeni Azərbaycan.- 2011.- 15 iyun.-
S.3.