Yeni stadionun təməlinin qoyulması yubiley üçün böyük töhfədir

 

Ağasəlim Mircavadov: AFFA-da yeni şöbə yaradılmalı keçmiş futbolçular, məşqçilər ora cəlb olunaraq futbolun inkişafı üçün çalışmalıdırlar

 

Tanınmış məşqçi Ağasəlim Mircavadov qəzetimizə 100 illiyi qeyd olunan futbolumuzla bağlı fikirlərini söyləyib:

- Futbolumuzun 100 illik yubileyinin keçirilməsi çox yaxşı haldır. Mən deyərdim ki, yubiley tədbirləri çox yüksək səviyyədə keçdi. Ən əsası Bakıda 65 minlik tutumu olan stadionun təməli qoyuldu. Bu, yubiley üçün böyük töhfədir. MərdəkandaDalğaarenasının açılışı da yubiley çərçivəsində baş tutdu. Yeni arenaların açılması çox yaxşı haldır. Mən AFFA rəhbərliyi ilə söhbət etmişəm, onlar Mərdəkandakı arenanın yaxınlığında yığma üçün təlim-məşq bazası inşa etmək istəyirlər. AFFA-nın belə bir planı var. Orada bunun üçün yer var. MDB səviyyəsində baxanda görürük ki, bizdə milli komanda üçün təlim-məşq bazası yoxdur. Belə bir bazaya yığmanın ehtiyacı var. Bildiyimə görə, böyük bazanın inşası nəzərdə tutulur, hansı ki, orada hər cür şərait olacaq. Ümumiyyətlə, Azərbaycan futbolunun tarixini bir çox mərhələlərə bölmək olar. 1956-cı ildən sonra baş verənlərin hamısı mənim gözümün qarşısında olub. Dahi futbolçuları, “Neftyannik”, sonra adıNeftçiolan komandanın oyunlarını xatırlayıram. Əsas hissə müstəqillik dönəminə düşür. Bizdə dövlət tərəfindən futbolun inkişafı ilə bağlı proqram qəbul edilib bütün işlər bu proqram əsasında həyata keçirilir. Gənclər İdman Nazirliyi ilə AFFA birgə proqramdan irəli gələn işləri həyata keçirirlər. Amma təbiidir ki, görüləcək işlər hələ çoxdur. Mən çox istəyərdim ki, AFFA-da bir şöbə yaradılsın keçmiş futbolçular, məşqçilər, mütəxəssislər ora cəlb olunaraq futbolun inkişafına xidmət göstərsinlər, aşağı yaş qrupları üzrə yığmaların məşqçiləri ilə işləsinlər, təcrübələrini bölüşsünlər. Bu ancaq futbolumuzun xeyrinə olar. Yerli məşqçilər daim öyrənməli, hazırlıqlarını artırmalıdırlar. Mən sizə bir fakt deyim, o vaxtlar biz oxuyarkən tez-tez müxtəlif klublarda sınaqda olurduq. Yadımdadır, bir həftəlik MoskvaSpartak”ında olduq. Orada Moskva klubunun məşqçisinin dediyi söz indi yadımdadır. O, bildirirdi ki, məşqçi neçə yaşında olmasından asılı olmayaraq daim öyrənməlidir. Mən indi Rusiyadakı dostlarla əlaqə saxlayıram. Orada bu işi yaxşı qurublar. Futbola aid müxtəlif kitablar, broşürlar çap edilir, məşqçilər bunlardan istifadə edirlər. Təzə kitab, broşür çap olunan kimi mənə göndərirlər. Bizdə bu sahədə bir az kasadlıqdır, vəsaitlər azdır. Bizdə hələ indi bununla məşğul olurlar. Mən hesab edirəm ki, federasiyanın kitabxanası olmalıdır. AFFA-ya gələn mütəxəssislərimiz, cavan ya yaşlı məşqçilər federasiyanın kitabxanasından istifadə etsinlər, oxusunlar.

- Milli komandamız futbolumuzun 100 yaşına layiq oyun göstərmir. Təcrübəli mütəxəssis kimi buna münasibətiniz necədir?

- Doğru deyirsiz, təxminən yubiley tədbirləri ilə eyni vaxtda yığmanın keçirdiyi oyunlarda aldığı nəticələr bir az qan-qaraçılıq yaratdı. Xüsusilə, Qazaxıstanla oyun hamımızda böyük məyusluq doğurdu. Mən çox inanırdım ki, bu oyunda yığmamız qələbə qazanacaq. Baş məşqçi Berti Foqtsun oyundan əvvəl futbolçuların hazırlığı ilə bağlı inamlı açıqlamaları var idi. Yığma təxminən iki həftə təlim-məşq toplanışında olmuşdu. Bu hazırlıq fonunda mən inanırdım ki, yığma Astanada qələbə qazanacaq, amma olmadı, zəif oynadı. Yığma komanda Almaniya ilə oyundakı kimi oynasaydı, Astanadan qələbə ilə dönə bilərdi.

- Bəs, niyə oynamadılar?

-  Mən dəqiq deyə bilmərəm, bunun üçün gərək komandanın içində olasan. Onda dəqiq fikir söyləmək olar. Mən sadəcə müşahidələrimə əsasən deyə bilərəm ki, yığma Astanada çox həvəssiz oynadı, futbolçular çox ağır idilər, özlərini meydançada yüngül hiss etmirdilər. Futbolçularda əzmkarlıq yox idi. Amma Almaniya ilə oyunda fərqli oynadılar. Mən almanlarla oyundan qabaq məşqi izlədim və elə oradaca dedim ki, bu oyunda məğlub da olsaq futbolçularımız yaxşı oyun göstərəcəklər, mübarizə aparacaqlar. Bilirsiniz, hər bir məşqçi oyuna hazırlaşarkən baxır ki, oyunu nəyin hesabına uda bilər, taktikanı da ona uyğun qurur. Məsələn, biz Almaniya ilə birinci oyunda bütün meydan boyu birə-bir oynayırdıq. Bu, düzgün taktika deyildi. Gərək futbolçunun gücünə uyğun taktika seçəsən. Zonalarda pressinq tətbiq edilməlidir. Əsas məsələ odur ki, top bizdə olanda futbolçular bilməlidirlər ki, nə etməlidirlər, topu necə özümüzdə saxlayıb, necə hücum qurmalıyıq? Almaniya yığması ilə oyunda futbolçularımız elə startdaca uduzdular, mövqe səhvinə yol verdilər. Azərbaycan çempionatında futbolçularımız belə mövqe səhvinə çox yol verirlər, amma futbolçuların ustalıq səviyyəsi imkan vermir ki, həmin vəziyyətdən yararlanaraq qol vursunlar. Almaniya ilə oyunda belə səhvə yol vermək olmaz, onlar belə səhvi bağışlamırlar.

- Bu səhvlər təkrarlanırsa deməli, bunda baş məşqçinin də günahı var.

- Mən millinin baş məşqçisi Berti Foqtsla bu məsələlərlə bağlı çox söhbət etmişəm. Ona bildirmişəm ki, ən böyük səhvi klub məşqçiləri ilə sıx əlaqəsinin olmamasıdır. Bir-iki dəfə görüşməklə iş bitmir. Mən 1987-ci ildə “Neftçi”nin baş məşqçisi olarkən iki yığma var idi, biri əsas yığma, o biri olimpiya yığması. Bizdən İqor Ponomaryov olimpiya yığmasına, İsgəndər, Maşallah əsas yığmaya düşürdü. Əsas yığmaya Valeri Lobanovski başçılıq edirdi. O vaxt bizə həmin futbolçularla bağlı fərdi plan verilirdi. Oyunçunun məşqinə baxıb qiymət verilirdi, özü də bunlar quru statistika olmurdu. Bu plana əsasən futbolçunun zəif cəhətləri üzərində iş aparılır, yaxşı tərəfləri bir qədər də inkişaf etdirilirdi. Bütün bunların hamısı futbolçunun inkişafına hesablanmışdı. Yığma məşqçisi ilə klub məşqçiləri arasında müntəzəm əlaqə var idi, bir plan əsasında iş qurulurdu. İstər xarici olsun, istər yerli, klub məşqçiləri yığma üçün işləməlidir. Doğrudur, klubların hər birinin öz məqsədi var, məşqçi qarşısında müvafiq vəzifə qoyulur. Hər bir klub yığmada oyunçusu varsa, onun hazırlığını nəzarətdə saxlamalıdır. Mən “Xəzər-Lənkəran”da çalışarkən baş məşqçi ilə əlaqə saxlayırdım. Berti Foqts tez-tez çempionatın oyunlarını izləməli, klub məşqçiləri ilə əlaqə saxlamalı, oyunçuların durumunu müzakirə etməlidir. İqor Ponomaryov yığmanın baş məşqçisi olarkən məşqçilər şurası yaradılmışdı. Ayda iki dəfə məşqçilər şurası ilə görüş keçirilirdi. İclaslarda futbolçularla bağlı, oyunlarla bağlı geniş müzakirə aparılırdı. 15, 17 yaşlı futbolçulardan ibarət yığma komandanın heyətində yaxşı oyunçular olur, amma gərək bu yığmaların heyətinin 60-70 faizi sonradan 19 yaşlı yığmanın heyətinə düşsün. Bunları düşünmək lazımdır.

 

 

Anar Miriyev

 

Yeni Azərbaycan.- 2011.- 18 iyun.- S.12.