Sumqayıt kimi şəhərdən
millət vəkili seçilmək üzərimə
böyük məsuliyyət qoyur
Muxtar Babayev: Bu, mənim
üçün həm şərəfdir, həm də
YAP-ı təmsil edən bir millət vəkili kimi Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən dövlət proqramlarının reallaşdırılması
işində yaxından iştirak üçün verilmiş
gözəl şansdır
Məlum olduğu kimi, ötən il noyabr ayının 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbəti seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) böyük üstünlüklə qalib gəldi və partiyanın irəli sürdüyü namizədlərdən 71 nəfəri parlamentdə təmsil olunmaq hüququ qazandı. Parlamentdə hakim partiyanı təmsil edən millət vəkillərinin 21-i yeni seçilmişlərdir. Onlar, eyni zamanda, respublikamızın müxtəlif sahələrində göstərdikləri səmərəli fəaliyyətlə ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu baxımdan da, “Yeni Azərbaycan” qəzeti YAP-ın parlamentə seçilmiş yeni deputatları ilə cəmiyyəti daha yaxından tanış etmək üçün layihə həyata keçirir. Layihəmizin budəfəki qonağı isə Milli Məclisin üzvü, ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Muxtar Babayevdir.
Əvvəlcə
müsahibimiz haqqında qısa dosyeni təqdim edirik. Babayev
Muxtar Bahadur oğlu 16 oktyabr 1967-ci ildə Bakı şəhərində
anadan olub. Atası mühəndis-inşaatçı,
anası müəllimədir. 1984-cü ildə orta məktəbi
bitirib və həmin il Moskva Dövlət Universitetinə daxil
olub. 1986-1988-ci illərdə hərbi xidmətdə olub.
1991-ci ildə Moskva Dövlət Universitetini fərqlənmə
diplomu ilə bitirib. 1991-1992-ci illərdə Azərbaycan
Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində, 1992-1993-cü illərdə
Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr
Nazirliyində işləyib. 1994-2003-cü illərdə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
Xarici İqtisadi Əməliyyatlar İdarəsində
şöbə rəisi, sonradan isə həmin idarənin rəis
müavini vəzifəsində çalışıb.
2003-2006-cı illərdə ARDNŞ-in
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində
rəis müavini, sonradan isə rəis vəzifəsində
çalışıb. 2007-ci ilin dekabr ayında Azərbaycan
Respublikası Prezidentinin Fərmanı ilə ARDNŞ-in
Ekologiya üzrə vitse-prezidenti vəzifəsinə təyin
olunub. 2010-cu ilin aprel ayında ARDNŞ-in “Azərikimya”
İstehsalat Birliyinin Baş direktoru, sonradan isə Müşahidə
Şurasının sədri vəzifəsinə təyin
olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir,
iki övladı var.
Sumqayıt olduqca maraqlı və
perspektivli bir şəhərdir
Söhbətimizə ona göstərilən etimada görə, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə və hakim partiyaya minnətdarlıqla başlayan Muxtar Babayev “Öncə mənə yüksək etimad göstərərək, adımı partiyanın millət vəkilliyinə namizədlər siyahısında təqdim edilməsinə görə, başda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev olmaqla hakim partiyaya minnətdarlıq edirəm. Hesab edirəm ki, mən daha böyük məsuliyyətlə işləməliyəm ki, bu etimadı doğruldum. Partiyamızın gücü Ulu öndər Heydər Əliyevin ideyalarında və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdədir. Xalqımız Ulu öndərimizin ideyalarına sadiq olmaqla bərabər, dövlət başçısının siyasətini tam dəstəkləyir. Bütün bunlar partiyamızın uğurlarını şərtləndirən əsas amillərdir” - deyib.
Onun sözlərinə görə, Sumqayıt olduqca maraqlı və perspektivli bir şəhərdir: “Bu şəhərdə yaşayanları çox zəhmətkeş və fədakar insanlar adlandırmaq olar. Bu insanları Milli Məclisdə təmsil etmək mənim üçün həm şərəf, həm böyük məsuliyyətdir, həm də bir YAP üzvü kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramlarının reallaşdırılması işində yaxından iştirak üçün verilmiş gözəl şansdır. Çalışacağam ki, bütün bu 5 il ərzində bir millət vəkili kimi üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlim”.
“Ümumiyyətlə millət vəkilliyi sizin üçün vəzifədir, yoxsa məqsəd” sualını cavablandıran M.Babayev aşağıdakıları bildirib: “Həm vəzifədir, həm də məqsəddir. İlk növbədə, Sumqayıt kimi şəhərdən millət vəkili seçilmək üzərimə böyük məsuliyyət qoyur. Sumqayıtın çox böyük və parlaq sənaye tarixi var. SSRİ dağılandan sonra bu şəhərdə sənayenin zəifləməsi bu sahədə bir qədər ümidsizlik yaratmışdı. Müstəqilliyimizin ilk illərində istər kimya kompleksinin, istərsə də digər komplekslərin zəif inkişaf etdirilməsi burada yaşayan və işləyən insanlara müəyyən mənfi təsir göstərmişdi. Hazırda isə Sumqayıt böyük bir inkişaf dövrünü yaşayır. Buna görə də, bu şəhərdə çoxşaxəli islahatların reallaşdırılması, sənaye potensialının daha da inkişaf etdirilməsi, cənab Prezidentin tapşırıq və tövsiyələri əsasında Sumqayıtın Azərbaycanın sənaye mərkəzinə çevrilməsi işində iştirak etmək mənim üçün həm vəzifədir, həm də məqsəd. Bunun üçün də biz çox işləməliyik. Çünki istər kimyaçıların, istərsə da Sumqayıtda çalışan və yaşayan digər insanların bu islahatlara hazır olmaları, bu islahatların keçirilməsi, həmçinin, həmin islahatların dəstəklənməsi çox vacibdir. Eyni zamanda, Sumqayıt sakinləri də burada yaradılacaq yeni müəssisələrdə, sənaye mərkəzlərində özlərinə layiqli peşə ilə iş yerləri tapmalıdırlar. Ona görə də, burada insanların həm tələb olunan peşələrə yiyələnmələri, həm mütərəqqi texnologiyaları qəbul etməyə hazır olmaları istiqamətində bizim üzərimizə böyük vəzifə düşür”.
Əgər qayğı ilə
yanaşmasaq, o zaman təbiət bizdən üz döndərəcək
ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Baş direktoru təyin edilməzdən öncə ARDNŞ-in Ekologiya üzrə vitse-prezidenti vəzifəsini həyata keçirən M.Babayev deyib ki, ölkəmizdə ekoloji islahatlar, ekoloji tarazlığın bərpası məsələsi 2006-cı ildə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı”na uyğun olaraq öz həllini tapır: “Bu kompleks tədbirlər planı yalnız Bakı, yaxud da Abşeron yarımadasına deyil, Azərbaycanın digər bölgələrinə də şamil olunurdu. Eyni zamanda, ARDNŞ bu işin əsas icraçılarından biridir. Əlbəttə ki, Sumqayıtda sovetlər dönəmində yaradılmış və böyük əksəriyyəti öz fəaliyyətini dayandırmış istehsalat obyektlərinin bizə “miras” qoyduğu çoxsaylı ekoloji problemlərin aradan qaldırılması da ARDNŞ-in əsas fəaliyyət planlarına daxildir. Təbii ki, bu məsələ bir millət vəkili kimi mənim də diqqət mərkəzimdədir. Artıq biz Sumqayıtda bu istiqamətdə bir sıra layihələrin icrasına başlamışıq. Bu məqsədlə ilk olaraq geniş təbliğat işləri həyata keçiririk. Çünki hər bir işin uğuru onun təbliğatının lazımi şəkildə qurulmasından da asılıdır. Bu təbliğatın mahiyyətini isə “peşəsindən və vəzifəsindən asılı olmayaraq, hər bir kəs başa düşməlidir ki, biz təbiətə qayğı ilə yanaşmasaq, o zaman təbiət bizdən üz döndərəcək” fikirləri təşkil etməlidir. Yəni, təbiətə qarşı amansız olmağımızın yaxşı nəticələr vermədiyinin bir dəfə şahidi olmuşuq və bir daha Sumqayıtın həmin duruma düşməsinə imkan verməməliyik. Sumqayıtda kimya sənayesində demək olar ki, bütün zərərli istehsalatlar dayandırılıb və hazırda onların demontajı, təmizlənməsi, yaxud da sökülməsi işi həyata keçirilir. Bunun ardınca isə çirklənmiş torpaqların reabilitasiya proqramı həyata keçiriləcək. Ona görə də, ekoloji istiqamət bizim işimizdə başlıca yeri tutur və çalışırıq ki, bu layihələrə mümkün qədər çox insan cəlb edək. Bunun nəticəsidir ki, apardığımız yaşıllaşdırma, həmçinin, ekoloji siyasətin reallaşmasına xidmət edən tədbirlər zamanı bizimlə yanaşı, Sumqayıt məktəbliləri, incəsənət işçiləri, Sumqayıtın dövlət strukturlarının təmsilçiləri, jurnalistlər və digər qurumların təmsilçiləri yaxından iştirak ediblər. Məhz birgə əməkdaşlıq nəticəsində Bakı-Quba yolunun sağında olan yaşıl zolaqda bir il ərzində, 50 mindən artıq ağac əkilib, əraziyə su çəkilib və hazırda orada ağaclara aqrotexniki qulluq göstərilir. Bir sözlə, Sumqayıt əhalisi bilir ki, biz ekologiyaya, təbiətə zərər vurmaq yox, təbiəti yaşatmaq proqramlarını həyata keçiririk. Eyni zamanda, şəxsən mən hər zaman bu sahədə əlimdən gələni etməyə çalışacağam”.
Azərbaycanda kimya sənayesinin gələcək inkişafına gəlincə, M.Babayevin sözlərinə görə, kimya sənayəsi Azərbaycanda var idi, var və gələcəkdə daha yaxşı, daha güclü olacaq: “Bu sahə yeni, mütərəqqi texnologiyalar əsasında qurulacaq. Təbiətə dost olaraq fəaliyyət göstərəcək. Bu proqramlara ARDNŞ-də baxılır və artıq onların bəzilərinin icrasına belə başlamışıq. Eyni zamanda, yeni istehsalatların yaradılmasına da başlanılıb. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Sumqayıtda sənaye şəhərciyinin yaradılması da gündəmdə olan məsələdir. Bu sənaye şəhərciyinin yaradılması üçün İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə böyük bir layihə hazırlanır. Bunu bir tapşırıq kimi ilk olaraq hörmətli Prezidentimiz qarşımızda qoyub. “Azərikimya” tərəfindən istehsal olunan və gələcəkdə istehsal olunacaq məhsulların bu gün xaricdən idxal olunan və Azərbaycanda böyük tələbatı olan məhsullara çevrilməsi üçün həmin şəhərcikdə müxtəlif müəssisələrin yaradılması da bizim planlarımıza daxildir. Təbii ki, bu sənaye şəhərciyinin yaradılması yeni iş yerlərinin açılması, kiçik və orta biznesin inkişafı, həmçinin, yeni texnologiyaların əsasında Azərbaycana lazım olan istehsalat sahələrinin yaradılması deməkdir.
Təbii ki,
hazırda qanunverici sahəyə daha çox
üstünlük verirəm. Amma istər-istəməz bəzi
qanunların qəbulu zamanı məsələyə bir
istehsalat adamı kimi yanaşıram. Heç şübhəsiz
həmin məsələdə də Sumqayıtı təmsil
edən millət vəkillərinin, ilk növbədə isə,
bir istehsalat adamı olaraq mənim üzərimə müəyyən
vəzifələr düşür”.
“Seçicilərin hər bir
xahişinə diqqətlə yanaşaraq, onlara hansısa
köməkliyi etməyə çalışıram”
M.Babayevlə söhbətimizdə bir məqama da toxunmağı vacib bildik. Belə ki, o, parlament seçkiləri ərəfəsində seçicilərlə görüşdə “Azərikimya”da gəncləşmənin zəruri olduğunu bəyan etmişdi. Ötən müddət ərzində axtarılan bacarıqlı gəncləri tapmağın mümkün olub-olmamasına gəlincə, millət vəkili “Açığı mən inanmırdım ki, bizim bu qədər şanslı və bilikli gənclərimiz var. Lakin işə qəbul üçün burada təşkil etdiyimiz birinci test imtahanlarının nəticəsi göstərdi ki, Sumqayıtda bilikli, bacarıqlı və perspektivli gənclər kifayət qədərdir. Bu gün artıq həmin gənclər bizim kimyaçılar ailəsinə qoşulublar və işləyirlər. Eyni zamanda, təkcə bizimlə işləyənlər deyil, Sumqayıtın digər perspektivli gəncləri də bir millət vəkili kimi mənim diqqət mərkəzimdədir. Çalışıram ki, digər qurumların rəhbərlərinə də həmin perspektivli gənclər barədə tövsiyələr verim. Onu da deyim ki, cənab Prezidentin tövsiyə və tapşırıqlarına əsasən Sumqayıtda peşə məktəblərinin gücləndirilməsinə xüsusi diqqət ayırırıq. Biz hazırda peşəkar, gənc fəhlə kadrlara böyük ehtiyac duyuruq. Çünki bu gün “Azərikimya” orta yaş nöqteyi-nəzərindən yaşlı bir kollektivdir və Sumqayıtda sənaye potensialının inkişafı istər-istəməz gəncləşmə ilə bağlıdır. Gənc və perspektivli kadrlara ehtiyac, həmçinin, Azərbaycanda yeni neft-kimya kompleksinin yaradılması layihəsindən irəli gəlir. Biz istəyirik ki, bu gənclər bir neçə ildən sonra fəaliyyətə başlayacaq yeni neft-kimya kompleksində öz yerlərini tapa bilsinlər” deyib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü kimi bir sıra qanun layihələrinin hazırlanmasında yaxından iştirak edən, həmçinin, hazırlıq prosesində olan qanunvericilik aktlarına müəyyən təkliflər verən M.Babayev seçiciləri də yaddan çıxarmır: “Hər həftənin üçüncü günü mənim qəbul günümdür. Həmin gün axşam saat 17:00-dan etibarən qəbul otağında seçicilərlə görüşürəm. 9-cu mikrorayonda və “Azərikimya”dakı qəbul otağımda da seçiciləri qəbul edirəm. Daha çox iş problemi ilə bağlı müraciət edənlər olur. Mən də çalışıram ki, imkan daxilində onların hər bir xahişinə diqqətlə yanaşaraq, hansısa köməkliyi edim”.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2011.- 18 iyun.-
S.8.