Azərbaycanda əhalinin sosial
müdafiəsi istiqamətində siyasət uğurla həyata
keçirilir
Füzuli Ələkbərov:
Azərbaycan bu gün həyata keçirdiyi
sosialyönümlü siyasət strategiyası, eləcə də,
onun səmərəlilik əmsalının yüksək
olması baxımından nümunəvi bir mövqeyin sahibi
kimi çıxış edir
Azərbaycan
Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri Füzuli Ələkbərov www.yap.org.az
saytına müsahibə verib:
- Füzuli müəllim, bu gün hərtərəfli tərəqqi tempinə malik Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətin prioritetləri, başlıca meyarları ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Hər bir cəmiyyətin, dövlətin tərəqqisini sürətləndirən ən mühüm amillərdən biri yüksək səmərəliliyə malik sosial siyasətin həyata keçirilməsidir. Belə vəziyyətdə həm bütöv halda götürülmüş cəmiyyətin özü, həm də onun tərkibini formalaşdıran müxtəlif təbəqələr, ayrı-ayrı fərdlər inkişaf prosesində maraqlı tərəf kimi çıxış edir, eyni zamanda, bu prosesə özünəməxsus töhfələr verməyə çalışaraq onun davamlı xarakter alması istiqamətində fəaliyyətlərini genişləndirirlər. Bununla inkişaf prosesinin daha dinamik xarakter alması, onun əsas məqsədlərindən biri olan maddi rifah halının cəmiyyətin hər bir fərdinin həyatında əks olunması, vətəndaşın həyat səviyyəsinin müsbət istiqamətdə sürətlə dəyişməsi, gəlirlərinin ədalətlilik prinsipi əsasında bölünməsi təmin edilir.
Sosial-iqtisadi sahədə inkişafın özünəməxsus modelini yaradan və böyük nailiyyətlərlə müşayiət olunan tərəqqi göstəricilərini nümayiş etdirən Azərbaycan bu gün həyata keçirdiyi sosialyönümlü siyasət strategiyası, eləcə də, onun səmərəlilik əmsalının yüksək olması baxımından nümunəvi bir mövqeyin sahibi kimi çıxış edir. Qazanılan möhtəşəm müvəffəqiyyətləri şərtləndirən əsas amillər sırasında iqtisadi zəmində sosial ziddiyyətlərin uğurla aradan qaldırılması, ədalətlilik prinsipinin hər zaman gözlənilməsi, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi mühüm məqamlar ehtiva olunur. Makroiqtisadi sabitliyin qorunub saxlanması şəraitində ölkədə yoxsulluğun azaldılması, işsizliyin minimuma endirilməsi, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin davamlı şəkildə artırılması, insan kapitalının, sosial infrastrukturun inkişafı və nəticə etibarilə əhalinin həyat səviyyəsinin ötən illərlə müqayisədə daha da yüksəlməsi müasir Azərbaycanı xarakterizə edən əsas reallıqlardandır.
Azərbaycanın davamlı şəkildə artan iqtisadi imkanları fonunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı Sərəncam və fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sosial xidmətlərin, həcminin, keyfiyyətinin və ünvanlılığının mütəmadi artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr daim ön planda yer alır. Digər tərəfdən, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin elmi-nəzəri, iqtisadi əsaslara söykənməsi, bu zaman sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi nəticə etibarilə xalqın maddi rifah halının daha da yaxşılaşdırılmasını, eyni zamanda, Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdədir və bu, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir.
- Nazirlik tərəfindən həyata keçirilən tədbirlərdən biri də ünvanlı dövlət sosial yardımı sisteminin icrasıdır. Bu sahədə görülən işlər barədə məlumat verərdiniz...
- Öncə qeyd edim ki, bu gün ölkəmizdə uğurla həyata keçirilən modern sosial siyasətin malik olduğu konkret parametrlərdən biri yoxsulluğun azaldılmasıdır və qeyd edilən istiqamətdə Prezident İlham Əliyevin 2008-ci il sentyabrın 15-də təsdiq etdiyi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” uğurla icra edilir. Bunun nəticəsidir ki, 2010-cu ilin yekunlarına əsasən, ölkəmizdə yoxsulluq səviyyəsi 9 faiz təşkil etmişdir və 2015-ci ilə kimi ölkədə yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir.
2003-2010-cu illər ərzində ölkəmizə 900 mindən çox iş yerinin açılması yoxsulluğun ləğvinə uğurlu töhfə vermiş, digər tərəfdən, əməkhaqqı sisteminin mütəmadi təkmilləşdirilməsi, vətəndaşların məşğulluq imkanlarının artırılması və onların potensial imkan və qabiliyyətləri sayəsində gəlirlərini artırmasına münbit şəraitin yaradılması və s. amillər bu uğurun əldə edilməsində mühüm rol oynamışdır.
Azərbaycanda yoxsulluğun azaldılmasına yönələn tədbirlərlə yanaşı olaraq, eyni zamanda, ünvanlı dövlət sosial yardımı proqramı icra olunur və özlərindən asılı olmayan səbəblərdən yoxsulluq şəraitində yaşayan hər bir vətəndaş bu proqrama cəlb olunaraq, dövlətin yardımından faydalanır. Cari ilin 1 iyununa olan məlumata əsasən, Azərbaycanda 131122 ailə ünvanlı sosial yardım alır. Hər ay adambaşına düşən ÜSY-ın orta aylıq məbləği 23,60 manat, bir ailəyə düşən orta aylıq ÜSY məbləği isə 105,82 manatdır. Yardım təyin olunan ailələrdən 51628-i tərkibində 3 və daha çox uşaq olan ailələr, 195-i qəyyumluq (himayəçi) təyin edilmiş ailələr, 35-i şəhid ailələri, 558-i tərkibində müharibə əlili olan ailələr, 16339-u tərkibində ümumi səbəblərdən əlil üzvü olan ailələr, 10049-u məcburi köçkün ailələri, 258-i isə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin ailələridir.
Onu da bildirim ki, ötən dövr ərzində ünvanlı dövlət sosial yardımı mexanizminin təkmilləşdirilməsi məqsədi ilə müvafiq qanunvericilikdə bir sıra əlavə və dəyişikliklər edilmiş, nəticədə ünvanlı yardımın əhatə dairəsi genişləndirilməklə, yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları daha da artırılmış, bu sahədə sənədləşdirmə qaydaları sadələşdirilmişdir. Ünvanlı yardımın hesablanması üçün əsas götürülən ehtiyac meyarının həddi ötən müddətdə 30 manatdan 75 manata qaldırılmışdır ki, bu da 2,5 dəfə artım deməkdir.
Ünvanlı dövlət sosial yardımı mexanizminin qiymətləndirilməsi və onun yoxsulluğa təsirinin öyrənilməsi məqsədilə Dünya Bankının “Pensiya və sosial təminat layihəsi” çərçivəsində ölkə üzrə 6660 ev təsərrüfatında aparılmış monitorinqin nəticələrinə görə, ünvanlı yardımların təyinatlarında ünvanlılıq prinsipinə 90 faizinə qədər əməl olunduğu müəyyən edilmiş və bu göstərici ünvanlı sosial yardım tətbiq edən ölkələr arasında ən yaxşı nəticələrdən biri kimi qiymətləndirilmişdir.
Tədqiqatlar onu da göstərmişdir ki, Azərbaycanda sosialyönümlü proqramların icrası üçün ayrılan vəsaitlərin xərclənməsinin effektivlik göstəriciləri digər ölkələrlə müqayisədə daha yüksəkdir. Belə ki, ünvanlılığın səmərəliliyi sahəsində Azərbaycan MDB ölkələri arasında Ukrayna ilə 1-ci və 2-ci yerləri bölüşdürür. Bütün bunları nəzərə alsaq, ölkəmizdə ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqi ilə bağlı görülən işləri müsbət qiymətləndirərdik. Bu günlərdə DB tərəfindən qeyd olunan istiqamətdə yeni monitorinqə start verilib və yaxın günlərdə onun nəticələri məlum olacaq.
Yeri gəlmişkən, bildirim ki, bir qədər öncə Dünya Bankı tərəfindən Efiopiyanın Əddis-Əbəbə şəhərində təşkil olunan beynəlxalq səviyyəli forumda müxtəlif ölkələrdə ünvanlı yardım tipli proqramların məhz xarici donorlar hesabına maliyyələşdiyi, Azərbaycanda isə bu proqramın məhz dövlət tərəfindən icra edildiyi, həmçinin, ünvanlılıq səviyyəsinin yüksək olması qeyd olunmaqla, Dünya Bankının və digər aparıcı maliyyə təşkilatlarının nümayəndələri tərəfindən ölkəmizin bu sahədə təcrübəsinin təqdirəlayiq olduğu vurğulanmışdır.
- Nazirlik tərəfindən yoxsul ailələrin yaşayışında müsbət dəyişikliklərə xidmət edəcək hansı yeni layihələr icra olunur?
- Əlbəttə, ünvanlı yardım proqramı bu yardımları alanların yaşayışına müsbət təsirini göstərir, lakin bizim əsas hədəfimiz yoxsul ailələri aktiv sosial müdafiə tədbirlərinə cəlb etməklə onların yaşayışının ünvanlı yardımdan asılılığını tədricən aradan qaldırmaq, həmin ailələrin mövcud potensiallarını nəzərə almaqla onların özünütəminetmə imkanlarına sahib olmasına şərait yaratmaqdır. Bu məqsədlə ünvanlı yardım proqramının icrası prosesində yardım alan ailələrlə bağlı məlumat bankının yaradılmasına başlanılıb. Bankda toplanan məlumatların təhlili əsasında hansı ailəyə hansı formada dəstək göstərilməklə onun yoxsulluq vəziyyətindən çıxarılması məsələsi müzakirə edilir. Artıq nazirlik tərəfindən “Azərbaycan Respublikasında aztəminatlı ailələrin sosial reabilitasiyası üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanmaqdadır. Bu proqram yoxsulluq vəziyyətində yaşayan ailələrin hər birinin fərdi imkan və qabiliyyətləri müqabilində aktiv tədbirlərə cəlb olunmasını, bununla onların sosial reabilitasiyasını nəzərdə tutan layihələri əhatə edir.
Möhtərəm dövlət başçımızın sərhədyanı yaşayış məntəqələrinin əhalisinə göstərdiyi xüsusi diqqət və qayğıya uyğun olaraq, biz ilkin təcrübə kimi Tovuzun Ermənistanla həmsərhəd kəndi olan Vahidli kəndində “Özünədəstək” adlı layihənin icrasına start vermişik. İlk olaraq ölkənin bu ucqar kəndində mart ayından etibarən maldarlığın inkişaf etdirilməsi üçün ünvanlı sosial yardım alan 52 ailədən 15-nə şəxsi istehsalla məşğul olmaqla özlərini təmin edə bilmələri üçün yerli ictimaiyyətin nümayəndələrindən ibarət şuranın fəal iştirakı ilə mal və materiallar alınıb verilmişdir. Bu layihənin icrasına başlanılmasında təbii ki, başlıca milli xüsusiyyət olaraq ölkə əhalisinin əməksevərlik hissi də vacib stimuldur. Belə tədbirlər gələcəkdə bütün ölkə üzrə davam etdiriləcək. Cari il ərzində Masallı, İsmayıllı və Quba rayonlarında da bu istiqamətdə pilot işləri aparılacaq və gələn ildən layihə ölkənin bütün rayonlarını, o cümlədən, Bakı şəhərini əhatə edəcək.
- Qeyri-məşğul vətəndaşların səmərəli məşğulluğunun təmin olunması istiqamətində nə kimi işlər görülür? Aktiv məşğulluq tədbirləri müsbət nəticələrini verirmi?
- Təcrübə göstərir ki, ailənin yoxsulluğa məruz qalmasına səbəb olan amillər müxtəlifdir və bunlardan biri də ailə üzvlərinin peşə-əmək qabiliyyətlərinin müasir əmək bazarının tələblərinə cavab verməməsidir. Deməli, burada artıq əmək qabiliyyətlərinin keyfiyyətcə yüksəldilməsi yolu ilə ailəyə aktiv dəstək verilməsi tələb olunur. Yəni, bizim məqsədimiz həmin amilləri diqqətlə öyrənməklə müxtəlif formalı aktiv dəstək proqramları hazırlayıb həyata keçirməkdir. Bu gün ölkəmizdə yeni iş yerlərinin açılması bu problemin də həllində əhəmiyyətli rola malikdir. Qeyd edim ki, bu ilin yanvar-may aylarında Dövlət Məşğulluq Xidməti orqanlarına müraciət edən şəxslərdən 9657 nəfəri münasib işlə təmin olunub, 331 nəfər haqqı ödənilən ictimai işlərə, 1219 nəfər peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına cəlb olunub. Onu da bildirək ki, son illərdə Bakıda, Naxçıvanda və Göyçayda yaradılan Regional Peşə Tədrisi Mərkəzləri bu sahədə əsas maddi-texniki baza kimi geniş imkanlara malikdir və gələcəkdə ölkənin digər regionlarında da belə mərkəzlərin yaradılması nəzərdə tutulur. Qeyd olunan dövrdə Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən 1544 nəfər müvəqqəti xarakterli işlərə göndərilmişdir.
Əhali tərəfindən həmişə maraqla qarşılanan tədbirlərdən biri də aktiv məşğulluq tədbiri olan əmək yarmarkalarıdır. Cari ilin 5 ayı ərzində ölkənin 4 rayon və şəhərində keçirilmiş “əmək yarmarkalarında” 105 müəssisədən 739 boş iş yeri təqdim olunub və 218 nəfər münasib işlərlə təmin olunublar. 26 nəfər peşə hazırlığı kursuna, 33 nəfər isə ictimai işlərə cəlb olunublar. Respublika üzrə 61100 nəfər şəxs peşəyönümlü məsləhətlərə cəlb edilib.
- Sosial cəhətdən həssas əhali qruplarından biri də əlillərdir. Həmin insanların tibbi-sosial reabilitasiyası, yaşayış vəziyyətinin yaxşılaşdırılması sahəsində hansı işlər görülür?
- Əminliklə qeyd edərdim ki, əlillərlə bağlı çevik siyasət və konkret işlər görən ölkələrdən biri də məhz Azərbaycandır. Həmin insanların istər dövlət müavinətləri, istər bərpa-müalicə xidməti, müxtəlif reabilitasiya vasitələri ilə təminatı, onlar üçün regional əhəmiyyətli və müasir avadanlıqlara malik bərpa mərkəzlərinin yaradılması, onların məşğulluq və eləcə də, özünüməşğulluq imkanlarının artırılması və digər sahələrdə intensiv işlər görülür.
Ölkəmizdə səhiyyə sahəsində uğurlu işlər görülür, yeni müalicə-diaqnostika mərkəzləri yaradılır, eyni zamanda, bərpa-müalicə sistemi daim təkmilləşir. Bu proseslər, digər tərəfdən tibbi-sosial ekspertiza xidmətinin təşkilinə, əlillik təyinatlarının aparılmasına nəzarətin gücləndirilməsi nəticəsində respublikada əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya göstəricisi isə 2009-cu ildə 5,3 faiz, 2010-cu ildə 6 faiz, cari ilin ilk rübündə isə 4,8 faiz təşkil edib. Onu da bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlillərin əhali tərkibində faiz göstəricisi 10 faizdir, Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdəndir. Lakin bizim qarşımızda duran əsas vəzifələrdən biri müalicə və bərpa mədəniyyətini daha da inkişaf etdirməklə bu göstəricinin minimuma enməsinə nail olmaqdır. Qeyd edək ki, əlillərin problemlərinə kompleks yanaşmanı təmin etmək məqsədi ilə, respublika üzrə lazımi məlumatları özündə əks etdirən vahid məlumat bazasının yaradılması işləri davam etdirilir və hazırda bu bazada artıq 100 min nəfərdən artıq əlil haqqında məlumat toplanmışdır.
Əlillərin müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı işləri də ilbəil yüksək səviyyədə davam etdirilir və əlillərin hər hansı reabilitasiya avadanlıqlarına olan ehtiyacı vaxtlı-vaxtında aradan qaldırılır. Bu təbəqələrdən olan insanlar üçün son illərdə Naftalanda, Xaçmazda, Yevlaxda yeni regional bərpa mərkəzləri yaradılmışdır. Bu gün nazirliyin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa mərkəzi fəaliyyət göstərir ki, müasir tibbi reabilitasiya avadanlıqlarına malik olan həmin müəssisələr hər il 8 min nəfərdən çox əlilə bərpa-müalicə xidməti göstərir. Hazırda bizim üçün prioritet məsələlərdən biri də həmin mərkəzlərin fəaliyyətində tibbi reabilitasiya ilə yanaşı, sosial reabilitasiya xidmətlərinin də geniş şəkildə tətbiqinə nail olmaqdır.
Onu da bildirim ki, əlillərin cəmiyyətə inteqrasiyasının daha dolğun şəkildə təmin olunması məqsədilə yeni bir müəssisənin - Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin inşası, həmçinin, Yetkinilik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzlərinin və Sosial Sığınacaqların inşası nəzərdə tutulur və bunlar modern proseslərin geniş vüsət aldığı Azərbaycan cəmiyyətində, eyni zamanda, sosial sahədə yeni xidmət tendensiyalarının formalaşmasını şərtləndirir.
- Füzuli müəllim, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin təşkilində şəffaflığın artırılması məqsədilə hansı işlər görülür?
- Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı vətəndaşlara dövlət qayğısının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair 14 yanvar 2011-ci il tarixdə keçirilmiş iclasında qarşıya qoyduğu vəzifələri rəhbər tutaraq və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının 27 yanvar 2011-ci il tarixli iclasında verilmiş tapşırıqların həyata keçirilməsi ilə bağlı konkret və məqsədyönlü işlər görür. Ünvanlı sosial yardım və tibbi-sosial ekspertiza ilə bağlı əhaliyə göstərilən xidmət səviyyəsinin, tibbi-sosial ekspert komissiyalarında (TSEK) və rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərində çalışan işçilərin məsuliyyətinin artırılması, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir. Vəzifələrinin icrasında, həmçinin, vətəndaşlara xidmət sahəsində yol verdikləri ciddi nöqsanlara görə Quba, Yardımlı və Xızı rayonlarının əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorları və 13 nəfər məsul əməkdaşı vəzifələrindən azad edilmiş, 5 rayonun (Kürdəmir, Sabirabad, Zərdab, Biləsuvar, Ağcabədi) mərkəz direktorları müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılmış, 15 nəfərə isə töhmət verilmişdir. İctimai nəzarətin gücləndirilməsi məqsədilə “Ünvanlı sosial yardım təyin edən komissiya haqqında Əsasnamə”yə əlavə və dəyişikliklər edilərək, həmin komissiyaların üzvləri siyahısına təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların (qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqları daxil olmaqla) nümayəndələri də daxil edilmişdir.
Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət hesabına mənzillərin və avtomobillərin verilməsi üçün yaradılmış xüsusi komissiyanın işində şəffaflığın daha da artırılması məqsədilə 2011-ci ilin mart ayında komissiyanın tərkibinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilmişdir.
Beynəlxalq Əmək Təşkilatının prinsiplərinə uyğun olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti fəaliyyətini sosial tərəfdaşlarla - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə sıx əməkdaşlıq şəraitində qurur. Bu istiqamətdə işlərin davamı kimi iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsində, habelə istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatının aparılmasında sosial tərəfdaşların iştirakının təmin olunması məqsədilə Sosial Şuranın yaradılması qərara alınmışdır.
Digər tərəfdən, 1997-ci ildə qəbul edilmiş “Tibbi-sosial ekspert komissiyaları (TSEK) haqqında Əsasnamə”yə dəyişiklik edilməklə Zona TSEK-lər ləğv edilmiş, əvəzində TSEK-lərin sayı artırılmaqla onların iş yükü azaldılmışdır. Vətəndaşların qəbulunu asanlaşdırmaq və onlara göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədilə zona TSEK-lərin sayı 22-dən 38-ə artırılmışdır. Eyni zamanda, əlilliyin müəyyən edilməsi meyarları barədə 1997-ci ildə qəbul edilmiş 99 nömrəli əsasnaməyə dəyişikliklər barədə təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.
Korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılması, ərizə və şikayətlərin vaxtında və yerində araşdırılması məqsədilə həkim-ekspertlər zonalara ezam edilmişdir. Bununla yanaşı, 7 zona üzrə tibbi-sosial ekspert komissiyalarının sədrləri müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılmış, 8 nəfər həkim-ekspertə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
Vətəndaş
müraciətlərinin daha operativ cavablandırılması
ilə bağlı olaraq nazirlikdə artıq müasir elektron
nailiyyətlərdən geniş istifadə olunur. Nazirliyin informasiya-kommunikasiya texnologiyaları
(İKT) sahəsində potensialının
artırılması istiqamətində görülən
işlərin effektiv nəticələrindən biri olan VC
sistemi videokonfransların, distant təlimlərin təşkili
ilə bərabər, distant qəbul prosesinin keçirilməsinə
də imkan yaradır. Bu sistem nazirliyin daim
təmasda olduğu həssas əhali üçün
xüsusilə əhəmiyyətlidir və regionlarda
yaşayan vətəndaşların nazirliyin məsul şəxslərinin
qəbuluna düşmək üçün zəhmət və
xərc çəkərək, uzaq məsafə qət edərək
Bakı şəhərinə gəlməsinə
artıq ehtiyac qalmır. Onlar
regional mərkəzə gələrək həmin sistem vasitəsilə
qəbul prosesinə nail olurlar. Hazırda Gəncə
və Göyçay rayon ƏSMM-lərində videokonfrans
sistemi vardır və cari ildə daha 33 regional mərkəzdə
bu sistemin quraşdırılması nəzərdə tutulur.
Əhaliyə göstərilən
xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə
şəffaflığın artırılması, korrupsiya
hallarına qarşı mübarizənin gücləndirilməsi
istiqamətində işlərin davamı olaraq 22 aprel 2011-ci
il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı Mübarizə üzrə Komissiyasının,
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman)
Aparatının və Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının “Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində
ictimai nəzarətin daha da gücləndirilməsi”
mövzusunda birgə müşavirəsi keçirilmişdir.
Müşavirədə qəbul olunan qərara uyğun olaraq,
nazirliyin fəaliyyətində ictimai nəzarətin gücləndirilməsi,
QHT ilə birgə layihələrin təşkili və
müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi
məqsədilə aidiyyəti dövlət qurumları və
vətəndaş cəmiyyəti institutlarının
nümayəndələrindən ibarət olmaqla və tərkibində
dörd fəaliyyət istiqaməti üzrə işçi
qrupların formalaşdığı “İctimai Şura”
yaradılmasına başlanılmışdır. Həyata keçirilən tədbirlərin müsbət
nəticəsi kimi vətəndaşlar tərəfindən
nazirliyə və ayrı-ayrı instansiyalara ünvanlanan
şikayət xarakterli müraciətlərin sayında ciddi
azalma müşahidə olunmaqdadır.
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin
tapşırıqlarını rəhbər tutaraq, bundan sonra
da sosial məsələlərin uğurlu həllinə öz
töhfələrini verəcəkdir.
Yeni Azərbaycan.- 2011.- 24 iyun.-
S.4.