Güclü Azərbaycan diasporu dövlətimizin maraqlarının həmin ölkələrdə təminatçısıdır

 

Nazim İbrahimov: Bu gün Heydər Əliyev siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir dünyada diasporların rolunun gücləndiyini düzgün qiymətləndirərək diaspor quruculuğu işinə xüsusi diqqət yetirir

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov www.yap.org.az saytına müsahibə verib:

- Dünya Azərbaycanlılarının III Qurultayına hazırlıq işləri necə gedir? Dünya Azərbaycanlılarının II Qurultayında qarşıya qoyulan vəzifələrə nə dərəcədə əməl olunub?

- İyul ayının 5-də Bakı şəhərində Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 yanvar tarixində imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Sərəncamından irəli gələn “Tədbirlər Planı”na müvafiq olaraq baş tutacaq.

Qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcək. Bundan başqa, milliyyətcə azərbaycanlı olmayan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvləri də Qurultaya qonaq qismində dəvət olunublar.

Diasporla İş üzrə Dövlət Komitəsində Dünya Azərbaycanlılarının III Qurultayının təşkili ilə bağlı “Tədbirlər planı” hazırlanmış və İşçi qrup yaradılmışdır. Artıq Qurultaya dəvət olunan nümayəndə və qonaqların siyahısı dəqiqləşdirilib. Diqqətinizə çatdırmaq istərdim ki, Dünya azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilmişdir. Qurultayda dünyanın 42 ölkəsindən 595 nümayəndə və 205 qonaq iştirak edəcək. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 153, Türkiyə 94, Ukrayna 45, Almaniya 45, Gürcüstan 40, ABŞ 24, İsveç Krallığı 22, Niderland Krallığı 21 nəfərdən ibarətdir. Qurultayın digər nümayəndələrini Azərbaycan dövlət və hökumət orqanlarından, siyasi partiya və ictimai qurumlarından, mədəniyyət və incəsənət xadimləri arasından seçilmiş nümayəndələr təşkil edəcəkdir.

Dünya Azərbaycanlılarının III Qurultayı əlamətdar tarixdə - Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsinin 20-ci ildönümünü qeyd etdiyi ildə keçirilir. Bu Qurultay tarixi məzmunu və ictimai əhəmiyyətinə görə 2006-cı ildə keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayından bir çox cəhətləri ilə seçilir. Bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib, dünya miqyaslı layihələr gerçəkləşdirir, dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı tərəfdaş və müttəfiq kimi görməyə maraqlıdırlar. Azərbaycanın etibarlı tərəfdaş imici qazanması dövlətimizin yeritdiyi müstəqil xarici siyasət kursu ilə bağlıdır. Malik olduğu bütün bu üstünlüklər Azərbaycan dövlətinə dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılara, Azərbaycan diasporuna daha böyük qayğı göstərməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, Dünya Azərbaycanlılarının II Qurultayından keçən dövr ərzində qurultay zamanı qarşıya qoyulmuş vəzifələrə nail olunub. Bu gün biz artıq Azərbaycan diasporunun yaxşı təşkilatlandığını, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə təsir göstərə bilmək imkanlarının əhəmiyyətli dərəcədə artması sayəsində onların Azərbaycanın milli maraqlarını müdafiə etmək iqtidarında olduqlarını qəti şəkildə söyləyə bilərik. Bizim ötən müddət ərzində əldə etdiyimiz ən mühüm nailiyyətlərdən biri ayrı-ayrı ölkələrdəki diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirən strukturların yaradılmasıdır. Biz bu prosesi davam etdiririk, məqsədimiz hər qitə üzrə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirə biləcək strukturların yaradılmasıdır və bu məqsədlərə nail olmaq üçün biz səylərimizi davam etdiririk. Dünya Azərbaycanlılarının II Qurultayından sonra görülən işlər sırasında xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması prosesinin sürətlənməsi mühüm yer tutur. Diasporla İş üzrə Dövlət Komitəsində bu sahədə fəaliyyəti daha da səmərəli etmək məqsədi ilə Gənclərlə iş şöbəsi yaradılmışdır. Əldə etdiyimiz nailiyyətlərdən biri dünyanın müxtəlif ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının dost dövlət və xalqların icmalarının müvafiq təşkilatları, o cümlədən, türk, yəhudi diasporları ilə əməkdaşlığın əlaqələndirilməsidir. Bununla bağlı mən xüsusi olaraq 9 mart 2007-ci il tarixində Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunu, 17-19 noyabr 2007-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Türkiyədən kənarda - Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayını, 27 mart 2008-ci il tarixində Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclasını və bunun nəticəsi olaraq dünyadakı Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığının gücləndirilməsini qeyd edə bilərəm. Bütün bunlar Dünya Azərbaycanlılarının II Qurultayından sonra görülmüş işlərin kiçik bir hissəsidir və bu proses davam etdirilir.

-Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların problemlərinin həllində diaspor təşkilatları nə kimi rol oynayır? Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların problemlərinin həllində iştirak edirmi?

- Sizin sualınızı cavablandırmadan öncə diaspor təşkilatlarının yaranması zərurəti barədə fikir söyləmək istərdim. Elmi nöqteyi-nəzərdən bu və ya digər səbəbdən etnik vətənindən digər ölkəyə müvəqqəti və daimi yaşayış üçün gedən insanların hamısı həmin ölkənin yerli əhalisinə münasibətdə milli azlıq və ya miqrant statusunda olurlar. Və təbii ki, bu zaman onlar yad mühitdə yerli adət-ənənələrə, qayda-qanunlara adaptasiya olunması, öz həyatlarını qurması yolunda müəyyən maddi-mənəvi, hüquqi, məişət problemləri ilə üzləşirlər. Həmin ölkəyə daha əvvəl gəlmiş və qarşıya çıxan problemlərin həlli təcrübəsinə malik insanlar yenicə ölkəyə qədəm basmış soydaşlarına yardım göstərirlər. Bir-birinə köməkdən əlavə, milli azlığın nümayəndələri onlar üçün yad olan etnik-mədəni mühitdə öz adət-ənənələrini, doğma dilini qoruyub saxlamaq və yaşatmaq üçün bir araya gəlirlər. Diaspor anlayışı milli azlığın məhz bu amallar uğrunda birliyini özündə ehtiva edir. Bütün bunlar Azərbaycan diaspor təşkilatlarının yaranmasına da şamil oluna bilər. Azərbaycan xalqı öz kökünə, milli adət-ənənələrinə bağlı olub, assimilyasiyaya tab gətirə bilən xalqdır, yəni digər millətin içində əriyib itmir. Onlar yaşadıqları ölkələrdə bir-birinə arxadır, öz dillərini, adət-ənənələrini yaşadır, milli bayramlarını qeyd edirlər. Azərbaycanlıların diaspor təşkilatlarında birləşməsi onlara öz milli mənliklərini qoruyub saxlamağa yardım edir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında uğurlu diaspor fəaliyyətinin tərifini böyük müdriklik və uzaqgörənliklə vermişdir.

Ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamları, fikrimcə, diaspor fəaliyyətini izah edən ən yaxşı tərifdir.

Diaspor təşkilatlarının təşəbbüsü ilə keçirilən tədbirlər, bu təşkilatların nəzdində fəaliyyət göstərən musiqi və rəqs kollektivləri, “Həftəsonu” məktəbləri, müxtəlif dərnəklər onlara bu işdə dəstək olur. Diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin qanunvericiliyinə uyğun olaraq yaradılır və təbii ki, həmin ölkənin qanunlarından irəli gələn hüquqlara malikdirlər. Bu onlara azərbaycanlıların hüquqlarını qorumaq səlahiyyəti verir. Azərbaycan diaspor təşkilatlarının ayrı-ayrı üzvlərinin həmin ölkələrdə nüfuz sahibi olmaları, ictimai-siyasi proseslərə təsir göstərə bilmələri son nəticədə diasporun azərbaycanlıların maraqlarının daha ardıcıl və səmərəli şəkildə qorumasına gətirib çıxarır. Bu işdə diasporumuza Azərbaycan dövlətinin qayğısını artırır, onun gücünə güc qatır. Azərbaycan dövləti diaspor təşkilatlarına tam gücləri ilə fəaliyyət göstərmələri üçün lazım olan köməyi göstərir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan icma və birliklərinin nəzdində fəaliyyət göstərən “Həftəsonu” məktəblərinin sayı 2006-cı illə müqayisədə demək olar ki, 2 dəfə artaraq hazırda 127-yə çatıb. Müvafiq dövr ərzində Azərbaycan diasporunun dövri nəşrlərinin və elektron Kütləvi İnformasiya Vasitələrinin sayı 111-ədək artıb. Bundan əlavə Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif əlamətdar tarixlərdə, milli bayramlarda Azərbaycan diasporunun keçirdiyi tədbirlərə dəstək verir, onları əyani vəsait, kitab, broşür, şəkil, plakat və s. ilə təmin edir. Son illər Heydər Əliyev Fondunun Azərbaycan diasporuna verdiyi misilsiz dəstəyi xüsusi qeyd etmək istərdim. Məhz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın əksər ölkələrində keçirilən “Xocalıya ədalət kampaniyası” Azərbaycan diasporunun əldə etdiyi ən böyük uğurlardandır. Bu kampaniya sayəsində dünyanın elə bir ölkəsi qalmayıb ki, orada Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı aktından xəbərsiz olsunlar. Bu, bir daha onu göstərir ki, effektiv diaspor fəaliyyəti yalnız diaspor təşkilatlarının doğma Vətənlə əməkdaşlığı sayəsində mümkündür.

- Diaspor təşkilatlarının əsas funksiyalarından biri də Azərbaycan həqiqətlərinin, mədəniyyəti və incəsənətinin həmin ölkələrdə təbliğ olunmasıdır. Azərbaycan diasporu bu işin öhdəsindən necə gəlir?

- Hazırda dünyanın müxtəlif ölkələrində 410-dan çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Onların hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir. Hər il dünyanın bir sıra ölkələrində 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart-Azərbaycanlıların soyqırımı günü, Azərbaycan rayonlarının Ermənistan tərəfindən işğalının ildönümü münasibətilə yüzlərlə nümayiş, konfrans, dəyirmi masa, sərgi və s. tədbirlər keçirilir. 2010-cu ildə dünyanın 50-ədək ölkəsində keçirilən bu tədbirlərdə Azərbaycan diasporunun üzvləri ilə yanaşı, yerli ictimaiyyətin və digər xalqların diasporlarının nümayəndələri də iştirak ediblər. Onu da qeyd edim ki, ildən-ilə bu tədbirlərdə iştirak edən insanların sayı çoxalır, ən əsası isə mühüm keyfiyyət dəyişiklikləri baş verir - bu tədbirlərə həmin ölkələrin hökumət və qanunverici orqanlarının, siyasi partiya və ictimai təşkilatlarının nümayəndələri də qatılırlar ki, bu da Azərbaycan həqiqətlərinin get-gedə dünyada tanınması, qəbul edilməsi deməkdir. Bundan əlavə, Azərbaycan dövlətinin əlamətdar günləri - Ümummilli lider Heydər Əliyevin anadan olduğu gün, Respublika günü, Milli Qurtuluş günü, Müstəqillik günü, Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Azərbaycan diasporunun keçirdiyi tədbirlərə daha çox insan qatılır. Bütün bunlar Azərbaycan diasporunun gücünün artmasının göstəricisidir. Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə həsr olunmuş konfrans, konsert proqramları, sərgilərdə iştirak edən minlərlə insan Azərbaycanı, onun zəngin mədəni irsini, qədim adət-ənənələrini özləri üçün kəşf edir və bu insanlarda Azərbaycan xalqına və dövlətinə rəğbət daha da artır. Əlbəttə ki, bütün bunlar Azərbaycan diasporunun uğurudur. Güclü Azərbaycan diasporu isə Azərbaycanın maraqlarının həmin ölkələrdə təminatçısıdır.

- Gənclər istənilən cəmiyyət və təşkilatın əsas hərəkətverici qüvvəsi sayılır. Azərbaycan diasporunda gənclər necə təmsil olunub və onlar nə dərəcədə fəaldırlar?

- Son illər xaricdə yaşayan gənclərin təşkilatlanması işi geniş vüsət almışdır. Hazırda müxtəlif ölkələrdə azərbaycanlı gənclərin 50-dək təşkilatı fəaliyyət göstərir. 40 gənclər təşkilatının nümayəndələri Dünya Azərbaycanlılarının III Qurultayının işində iştirak edəcəklər. Onu da qeyd etmək istərdim ki, son 5 il ərzində Azərbaycan diasporunda gənclərin fəaliyyəti və rolu xeyli artmışdır. Bu müddət ərzində Benilüks Azərbaycanlı Gənclərinin Koordinasiya Şurası, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı, Çexiya-Azərbaycan Tələbə və Gənclər Birliyi, İstanbulda “Azərbaycan Birlik Təşkilatı”, “Buta” Azərbaycan-Koreya Tələbə Təşkilatı və digər təşkilatlar yaradılmışdır. Xaricdə fəaliyyət göstərən azərbaycanlı gənclərin təşkilatları arasında xüsusi yeri şübhəsiz ki, 2009-cu il aprelin 18-də Moskvada yaradılmış və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva seçilmiş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tutur. RAGT-in yaradılmasının Azərbaycan diasporunun, Rusiyada yaşayan azərbaycanlı gənclərin həyatında nə dərəcədə böyük hadisə olması artıq təşkilatın təsis konfransında məlum idi. Həmin toplantıda Rusiyanın 60-dan çox bölgəsindən 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak etmişlər. Hazırda RAGT-in bölmələrinin sayı 60-dan çoxdur, yəni, təşkilat bütün Rusiya Federasiyasını əhatə edir. Bu gün Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı Rusiyada Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, dövlətimizin maraqlarının müdafiəsi, milli-mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni irsimizin təbliği işinə olduqca mühüm töhfə verir.

Azərbaycan diasporunun gənclərinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 2010-cu il aprelin 12-də Ukraynada yaşayan azərbaycanlı gənclərin I forumu keçirilmiş və Ukraynada yaşayan Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurası yaradılmışdır. 2010-cu il mayın 15-də Gürcüstan azərbaycanlı gənclərinin I Qurultayı keçirilmiş və Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqı təsis edilmişdir. Bu istiqamətdə görülən işlər arasında 2010-cu il noyabr ayının 27-28-də Almaniyanın Frankfurt şəhərində Dünya azərbaycanlı gənclərinin I konqresinin keçirilməsi xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artması tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsinə xidmət etmişdir. Onu da qeyd edim ki, tədbirdə Azərbaycandan 41, dünyanın 23 ölkəsindən 131 gənclər təşkilatının nümayəndəsi, 25 ölkədən 41 diaspor təşkilatının rəhbəri iştirak etmişdir. Toplantının sonunda bir sıra sənədlər, o cümlədən, Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsini nəzərdə tutan “Dünya azərbaycanlı gəncləri I konqresinin qətnaməsi” qəbul edilmişdir. Gənc soydaşlarımız müasir informasiya texnologiyalarından istifadə edərək Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatları yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırırlar. 20 yanvar faciəsi, Xocalı soyqırımı, 1918-ci il mart soyqırımları ilə bağlı gənclər tərəfindən dünyanın müxtəlif ölkələrində mütəmadi olaraq etiraz aksiyaları, elmi-praktik konfranslar, foto və rəsm sərgiləri təşkil olunur.

- Bu gün Azərbaycan diasporu erməni diasporu və lobbisinin Azərbaycan dövləti və xalqının maraqlarına zidd fəaliyyətinə nə dərəcədə cavab vermək iqtidarındadır? Bu gün artıq söyləmək olarmı ki, dünyadakı yəhudi, erməni, yunan lobbisi ilə yanaşı, Azərbaycan lobbisi də vardır?

- Sizin bu sualınıza cavab olaraq mən tam məsuliyyət və səmimiyyətlə bildirirəm ki, hazırda Azərbaycan diasporu erməni lobbisinin Azərbaycanın maraqlarına zidd fəaliyyətini zərərsizləşdirmək iqtidarındadır. Bu ona görə baş verməyib ki, erməni lobbisi zəifləyibdir. Erməni lobbisi böyük tarixə, hakimiyyət və qanunverici strukturlarla sıx əlaqələrə malikdir və öz düşmənçiliyini davam etdirir. Bu, ona görə baş verib ki, dünyadakı Azərbaycan diasporu artıq 20 il, 10 il və hətta 5 il bundan əvvəlki diaspor deyil. Yaxşı təşkilatlanmış, əlaqəli şəkildə fəaliyyət göstərən, mövcud olduğu ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edən, hökumətdə və seçkili orqanlarda təmsil olunmağa başlayan, rəsmi strukturlarla əlaqələr yaratmış Azərbaycan diasporu hazırda erməni lobbisinin fəaliyyətinin bütün istiqamətləri üzrə ona tutarlı cavab verməyə qadirdir. Artıq erməni lobbisi əvvəlki kimi hər istədiyinə nail ola bilmir.

Bizim səylərimiz sayəsində Azərbaycan diasporu bir neçə dəfə erməni lobbisinin dünya ictimaiyyətində Azərbaycan haqqında mənfi rəy yaratmaq cəhdinin qarşısını almağa müvəffəq olub. Sözsüz ki, ermənilərin Azərbaycan əleyhinə təbliğatı daima aparılır. Ona görə də, biz həmişə “döyüş hazırlığı” vəziyyətindəyik. Azərbaycan dövlətinin apardığı xarici siyasət kursu sayəsində Azərbaycan dövlətinin maraqları ilə dünyanın aparıcı dövlətlərinin maraqları bir sıra məqamlarda üst-üstə düşür və ermənilərin bu cəhdləri iflasa uğrayır. Misal olaraq erməni lobbisinin bir vaxtlar Bakı-Tbilisi-Qarsın çəkilişini və yaxud bir neçə ay əvvəl Azərbaycanın süni peykinin buraxılmasını əngəlləmək üçün göstərdiyi cəhdlərinin iflasa uğramasını göstərmək olar.

O ki qaldı, Azərbaycan lobbisi məsələsinə, bilirsiniz ki, lobbinin formalaşdırılması kifayət qədər mürəkkəb sosial-psixoloji və siyasi prosesdir. Lobbi konkret maraqların müdafiəsi üzrə güc mərkəzidir və burada diaspor təşkilatları və dövlət aparatı qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməlidirlər. Hazırda bir sıra dünya xalqları lobbi formalaşdırılması təcrübəsinə malikdirlər və Azərbaycan öz maraqlarından çıxış edərək onlardan istifadə etməlidir. Deyə bilərəm ki, bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub. Konkret faktları açıqlamaq düzgün olmazdı. Bununla belə, mən deyə bilərəm ki, Azərbaycan lobbisi ifadəsi artıq utopiya deyil, tezliklə biz hamımız güclü Azərbaycan lobbisinin şahidi olacağıq.

- Dünya Azərbaycanlılarının III Qurultayında hansı məsələlərə diqqət yetiriləcək və qarşıya nə kimi vəzifələrin qoyulacağı gözlənilir?

- Dünya Azərbaycanlılarının III Qurultayında qarşıda duran vəzifələr qurultayda müəyyən olunacaq. Amma bəri başdan söyləmək olar ki, Azərbaycan diasporunun daha gücləndirilməsi, xaricdə yaşayan azərbaycanlılara öz milli-mənəvi dəyərlərini qoruyub saxlamaları, Azərbaycan həqiqətlərini təbliğ etmələri, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamaları üçün Azərbaycan dövləti bundan sonra da onlara qayğı göstərəcək. Müasir qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə rolunun getdikcə artması Azərbaycanın öz diasporu ilə sıx əməkdaşlığını labüd edir. 1993-cü ildə Ulu öndərimizin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışından və prezident seçilməsindən dərhal sonra etdiyi xarici səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşləri, onları yaşadıqları ölkələrdə bir-birilərinin maraqlarını müdafiə etməyə, xalqımızın zəngin mədəniyyəti və incəsənətini, adət-ənənələrini yaşatmağa, tarixi Vətənlə bağlarını daha da möhkəmləndirməyə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etməyə çağırması Heydər Əliyevin uzaqgörənliyinin daha bir sübutudur. Ümummilli liderimiz hələ o vaxt diasporların gələcəkdə rolunun artacağını, onların dövlət və hökumətlərin siyasətinə təsir göstərə biləcək dərəcədə güclənəcəyini görürdü. O zaman Azərbaycanın Ümummilli liderinin “Azərbaycan - bütün dünya azərbaycanlılarının Vətənidir” ifadəsi və onlara “azərbaycançılıq” ideyası ətrafında birləşmək çağırışı vaxtında verilmiş taleyüklü qərar idi. Həmin qərar Azərbaycanın gələcək bir neçə on ili üçün verilmiş bir qərar idi. Bu gün Heydər Əliyev siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir dünyada diasporların rolunun gücləndiyini düzgün qiymətləndirərək diaspor quruculuğu işinə xüsusi diqqət yetirir. 2006-cı ildə Bakıda Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi, dövlət başçımızın 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması bu diqqətin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi qayğısının nəticəsidir ki, Azərbaycan diasporu qısa müddət ərzində böyük inkişaf yolu keçərək gənc olmasına baxmayaraq dünyada ən dinamik inkişaf edən diasporlardan birinə çevrilmişdir.

 

 

Yeni Azərbaycan.- 2011.- 29 iyun.- S.6.