Prezident İlham Əliyevin
uzaqgörən siyasəti ölkəmizi daha təhlükəsiz
və təminatlı gələcəyə aparır
Qərib Məmmədov: Dövlət
Proqramlarını yerinə yetirmək hər birimizin vəzifə
borcudur
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri Qərib Məmmədov www.yap.org.az
saytına müsahibə verib:
- Qərib müəllim,
2010-cu il ölkəmizin iqtisadi, siyasi uğurlar
qazandığı illərin siyahısına
düşdü. Bu il ərzində dünyada baş verən
proseslərin, iqtisadi böhranın bir çox ölkələrə
öz mənfi təsirini göstərməsinə baxmayaraq,
Azərbaycanın qazandığı, əldə etdiyi nailiyyətlər
dünya mətbuatında, beynəlxalq qurumlarda müzakirə
edildi, yüksək qiymətləndirildi. Bu uğurların
qazanılmasında aqrar sahənin rolu danılmazdır. Aqrar
sahənin formalaşmasında, inkişafında xüsusi rolu olan
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
də yəqin ki, 2010-cu ildə qazanılmış nailiyyətlərdə
öz payı olmuşdur.
- Bəli, Azərbaycan
dövlətçiliyinin memarı Ümummilli lider Heydər Əliyevin
uzaqgörən siyasəti, təşəbbüsü və
Azərbaycan xalqına diqqət və qayğısının
nəticəsi olaraq həyata keçirilməyə
başlanmış və bu gün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə uğurla davam etdirilən, ölkəmizin
inkişafında iqtisadi və siyasi əhəmiyyət kəsb
edən torpaq islahatının qarşıya qoyduğu vəzifələrlə
bağlı ötən illərdə olduğu kimi, 2010-cu ildə
də bir sıra təxirəsalınmaz tədbirlər
görülmüşdür. 2010-cu ildə də Komitənin
struktur vahidlərinin, o cümlədən, tabeçiliyində
olan Dövlət Yerquruluşu Layihə İnstitutunun, Dövlət
Aerogeodeziya Müəssisəsinin, Dövlət Torpaq
Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin və
Bakı Kartoqrafiya Fabrikinin üzərinə torpaq, geodeziya və
kartoqrafiya sahəsində Azərbaycan Respublikasının
qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına
müvafiq olaraq mühüm dövlət
tapşırıqları qoyulmuş və bu
tapşırıqlar uğurla yerinə yetirilir.
- Ölkənin torpaq fondunun
müəyyən bir hissəsi bələdiyyə mülkiyyətinə
aiddir. Bələdiyyələrin Dövlət reyestrinin aparılması
və onlara şəhadətnamənin verilməsi məqsədilə
Komitə hansı tədbirləri görmüşdür?
- Torpaq islahatının
qarşıya qoyduğu vəzifələrə müvafiq
olaraq, bələdiyyələrə yerquruluşu sənədlərinin
verilməsindən danışsaq, deyə bilərəm ki,
ölkənin 8 641 506 hektar vahid torpaq fondunun 2 032 744 hektarı
(23,5 faiz) bələdiyyə mülkiyyətinə aiddir.
1999-cu ildə hüquqi status almış 2667 bələdiyyənin
torpaqları və 1999-cu ildən 2009-cu ilədək yeni
hüquqi status almış bələdiyyələrin
torpaqları zəruri yerquruluşu xəritələri tərtib
edilməklə özlərinə təhvil verilmişdir. Azərbaycan
Respublikasının yeni qanunvericiliyinə müvafiq olaraq bələdiyyələrin
birləşməsi nəticəsində Ədliyyə
Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi
ilə birlikdə Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin rayon və şəhər şöbələri
tərəfindən yenidən formalaşmış 1718 bələdiyyənin
torpaqları əvvəlki bələdiyyələrdən təhvil-təslim
olmuşdur.
Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən bələdiyyələrin
Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin
verilməsi məqsədilə Komitə tərəfindən bələdiyyələrin
sərhədlərinin müəyyənləşdirilməsi,
razılaşdırılması, sərhədlərinin əsas
döngə nöqtələrində mərz
nişanlarının basdırılması və nəticəsinin
xəritələşdirilərək Azərbaycan
Respublikası Prezidenti Administrasiyası vasitəsilə Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim edilməsi
üçün zəruri tədbirlər
görülmüşdür. Belə ki, bələdiyyələrin
xəritələrinin hazırlanması məqsədilə zəruri
olan və qanunvericilikdə nəzərdə tutulmuş
bildiriş və aktların nümunələri qısa
müddətdə hazırlanmış və Komitənin
2010-cu il 7 iyun tarixli kollegiya iclasında baxılaraq təsdiq
edilmişdir.
Respublika üzrə
mövcud 1959 inzibati ərazi dairəsindən və 4593 ərazi
vahidindən 47 rayon üzrə 403 inzibati ərazi dairəsinin
və 846 ərazi vahidinin sərhədlərinin döngə
nöqtələrinin koordinatlarının müəyyən
edilməsi, mərz nişanlarının
basdırılması və xəritələşdirilməsi
işlərinə başlanılmış və bundan 200
inzibati ərazi dairəsinin və 344 inzibati ərazi vahidinin
Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin
verilməsi məqsədi ilə xəritələri
hazırlanıb, təsdiq edilərək digər sənədlərlə
birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə
təqdim olunmuşdur.
- Vətəndaşların
qanuni istifadəsində olan həyətyanı, bağ sahələri
və fərdi yaşayış evi altındakı torpaqların
sənədləşdirilməsi ilə bağlı nə deyə
bilərsiniz?
- 2010-cu ildə 30398 vətəndaşın
adına fərdi qaydada yaşayış evi və bağ sahələrinə
görə plan və ölçü sənədləri
hazırlanıb təqdim olunmuşdur. Qeyd etmək
lazımdır ki, indiyədək Komitə tərəfindən
2637 yaşayış məntəqəsi üzrə 801688 vətəndaşın
adına kompleks və fərdi qaydada şəhadətnamə,
551 yaşayış məntəqəsi üzrə 190635 vətəndaşın
adına isə kompleks qaydada plan və ölçü sənədi
hazırlanıb verilmişdir. Ötən il, həmçinin,
Bakı və Sumqayıt şəhərləri üzrə fərdi
yaşayış evi və bağ sahələrinə görə
4695 vətəndaşın adına plan və
ölçü sənədləri
hazırlanmışdır.
Torpaq-kadastr xəritələri,
yerquruluşu, mərzçəkmə və mərz
nişanlarına gəldikdə isə demək istəyirəm
ki, Komitənin tabeliyində olan Dövlət Yerquruluşu
Layihə İnstitutu tərəfindən 2010-cu ildə
respublikanın 23 rayonunun 137 inzibati ərazi vahidi üzrə
elektron taxeometr və CPS alətləri ilə elektron kadastr xəritələrinin
hazırlanması üçün planaalma işləri, 89
hektar ərazidə torpaqların ekologiyası və
rekultivasiyası üzrə layihə-tədqiqat işləri,
16 rayonda 26 bələdiyyənin mülkiyyətinə aid
torpaqlar üzərində hüququ təsdiq edən sənədlərin
verilməsi məqsədi ilə inventarlaşdırma işləri,
2 rayonda 4 təsərrüfat üzrə rayon kadastr xəritələrinin
hazırlanmasına dair işlər, 22 min 823 hektar dövlət
mülkiyyətində olan qış otlaqlarının
inventarlaşdırılması üzrə çöl tədqiqat
işləri, 17 rayonun ərazisində 133 min 626 hektar sahədə
suvarılan torpaqların inventarlaşdırılmasına dair
çöl və kameral işləri, torpaqların keyfiyyət
göstəricilərinin dəqiqləşdirilməsi üzrə
142 min 916 hektarda bonitirovka və xəritələşdirmə
işləri, 22 rayon 260 inzibati ərazi dairəsi üzrə
698 min 811 hektar ərazidə torpaqların elektron formatda
iqtisadi qiymətləndirilməsi işləri, 3 rayonda
xüsusi mülkiyyətdə olan 8 min 61 hektar ərazidə kənd
təsərrüfatına yararlı torpaqların meliorasiya tədbirlərinə
ehtiyacını müəyyənləşdirmək
üçün inventarlaşdırma işləri
aparılmışdır. Bununla belə, torpaqların
şorlaşma, şorakətləşmə və eroziyaya
uğrama dərəcələrinin müəyyənləşdirilməsi
üzrə kameral işlərin, münbitlik göstəricilərinin
müəyyən edilməsi məqsədilə 8 rayonda 382 min
34 hektar kəndətrafı örüş, yay otlaqları və
asudə dövlət ehtiyat fondu torpaqlarında, 6 rayonun
inzibati ərazisində isə 84 min 368 hektar bələdiyyə
mülkiyyətinə aid kəndətrafı örüş
sahələrində geobotaniki tədqiqat işləri həyata
keçirilmişdir.
Komitənin tabeliyində olan
Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi
tərəfindən 2010-cu ildə respublikanın 23 rayonunun 40
yaşayış məntəqəsində vətəndaşların
qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin
və 28 bələdiyyənin mülkiyyətinə aid
torpaqların, habelə torpaq islahatı ilə bağlı və
müxtəlif növlü təsərrüfat formaları
üzrə 10714 ədəd texniki torpaq kadastrı sənədləri
(plan və ölçü) hazırlanmış və 8
rayonun (Göyçay, Qobustan, Masallı, Şabran, Kürdəmir,
İsmayıllı, Zərdab və Beyləqan) 111 təsərrüfatının
kadastr məlumatlarının ilkin vahid bazası
yaradılmışdır.
- Ötən il Komitə tərəfindən
geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində də bir
sıra mühüm işlər görüldüyü haqda mətbuatdan
mütəmadi məlumatlar əldə edirik. Bu haqda nə deyə
bilərsiniz?
- 2010-cu ildə Dövlət
Aerogeodeziya Müəssisəsi vasitəsi ilə 69 məntəqədə
I-IV sinif trianqulyasiya və poliqonometriya məntəqələrinin
müşahidəsi (təyini), 114,23 poqon km I-IV sinif nivelirləmə
işləri, 981 vərəq (4648,84 km) topoqrafik planaalma və
planların təzələnməsi işləri, 353 vərəq
topoqrafik planların xəritə tərtibatı işləri,
818 vərəq topoqrafik planların və xəritələrin
nəşrə hazırlanması və 25 layihə-smeta
işləri, 53 atlas və xəritələrin (5140 nüsxə)
tərtibatı və çapı işləri yerinə
yetirilmişdir. Bununla belə, 675 nomenklatura vərəq
1:2000-1:10000 miqyaslı topoxəritələrin çapı
işləri yerinə yetirilmişdir.
Komitənin Bakı
Kartoqrafiya Fabrikində ötən il Azərbaycan
Respublikasının Kompleks Atlası, Bakı şəhərinin
1:10000 miqyaslı Turist Atlası, Azərbaycan
Respublikasının Ekoloji Atlası (Azərbaycan və ingilis
dillərində), Azərbaycan Respublikasının Milli
Ensiklopediyası ilə bağlı xəritələrin tərtibatı,
Zərdab, Biləsuvar, Ağcabədi, Beyləqan, Astara, Lənkəran,
Masallı və Cəlilabad rayonlarının 1:100000
miqyasında ümumcoğrafi xəritələrinin tərtibatı
və çapı işləri yerinə yetirilmiş, 1:2000
miqyasında 508 nomenklatura, 1:5000 miqyasında 83 nomenklatura və
1:10000 miqyasında 84 nomenklatura olmaqla, cəmi 675 nomenklatura
topoxəritələr nəşr edilmiş, 1:1000 miqyaslı
ortofoto xəritələrinin və 1:5000 miqyaslı xəritələrinin
hazırlanması üçün nəzərdə
tutulmuş aerofotoçəkiliş, ortofoto xəritələrinin
peyk geodeziya çəkilişi və emalı işləri,
habelə ölkə ərazisində qurulması nəzərdə
tutulan daimi fəaliyyət göstərən peyk şəbəkəsinin
37 qəbuledici stansiyalarının tikintisi işləri həyata
keçirilmişdir. İlk dəfə olaraq ölkə ərazisində
132 qravimetriya məntəqəsinin qurulması və
müşahidəsi işləri həyata
keçirilmişdir. Həmin 37 qəbuledici stansiyadan biri olan
mərkəzi idarəetmə sistemi Komitənin Dövlət
Aerogeodeziya Müəssisəsinin əsas binasında
quraşdırılmışdır.
- Azərbaycan Respublikası
Prezidentinin 28 noyabr 2000-ci il tarixli 422 saylı Fərmanı ilə
təsdiq olunmuş “Torpaqlardan istifadəyə və
onların mühafizəsinə Dövlət nəzarəti
haqqında” Əsasnamə ilə verilmiş səlahiyyətlər
çərçivəsində Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsində 2010-cu ildə hansı işlər
görülmüşdür?
- Torpaqlardan istifadəyə
və onların mühafizəsinə dövlət nəzarəti
daim diqqət mərkəzindədir. 2010-cu ildə də 1370
torpaq qanunvericiliyinin pozulması halı müəyyən
edilmişdir. Bundan 451 hal xəbərdarlıq (bildiriş)
edilməklə aradan qaldırılmış, 919 inzibati xəta
halı ilə bağlı protokol tərtib edilmiş, 43485
manat cərimə olunmuş, bundan 14046 manat ödənilmiş,
29439 manat ödənilməmiş cərimə ilə
bağlı müvafiq sənədlər tədbir
görülməsi üçün məhkəmə
orqanlarına göndərilmişdir. İnzibati xəta
hallarının 2-si vəzifəli, 93-ü hüquqi və
1275-i isə fiziki şəxslər tərəfindən
törədilmişdir.
- Geodeziya, topoqrafiya,
kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti və
bu fəaliyyətlə bağlı lisenziyaların (xüsusi
razılıq) verilməsi işi hansı vəziyyətdədir?
- 2010-cu ildə kartoqrafiya sahəsində
fəaliyyət göstərməsi üçün (lisenziya
alınmasına) təşkilatlar tərəfindən Komitəyə
edilmiş 6 müraciət əsasında təqdim olunan sənədlər
ekspertizadan keçirilməklə müvafiq komissiyanın qərarı
ilə onlara lisenziya verilmiş və nəticədə
dövlət büdcəsinə 6600 manat məbləğində
vəsait ödənilmişdir.
- Qərib müəllim, siz
bütün çıxışlarınızda Dövlət
Proqramları üzrə görülən işlərə
xüsusi önəm verirsiniz. Dövlət
Proqramlarının icrası rəhbərlik etdiyiniz Komitədə
necə həyata keçirilir?
- Deməliyəm ki, Dövlət
Proqramlarını yerinə yetirmək hər birimizin vəzifə
borcudur. Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi olaraq ölkəmizin Prezidenti cənab İlham Əliyevin
bütün tapşırıqlarını qüsursuz olaraq
yerinə yetirməyə çalışırıq. Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə
2010-cu ildə sərhədlərinin 794 min döngə
nöqtəsinin koordinatları CPS qlobal mövqemüəyyənetmə
aləti vasitəsilə müəyyən edilərək
torpaqların texniki uçotunun elektron formatda
aparılması, 275 min hektar ərazidə torpaqların
bonitirovkasının nəticələrinin elektron formatda xəritələşdirilməsi,
265 obyekt üzrə torpaqların iqtisadi qiymətləndirilməsi
işləri həyata keçirilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı”
üzrə 2010-cu ildə torpaq ehtiyatlarının
inventarlaşdırılması, onların kəmiyyət və
keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi
üzrə respublikanın 17 rayonunun ərazisində 133626 ha
suvarılan torpaqların inventarlaşdırılması, 13
rayon üzrə 104 inzibati ərazi dairəsinin 186 min ha
torpaqlarının bonitirovkası, 22 rayon üzrə isə
260 inzibati ərazi dairəsi üzrə torpaqların iqtisadi
qiymətləndirilməsi elektron formatda həyata
keçirilmişdir.
Eroziyaya uğramış,
şoranlaşmış, şorakətləşmiş və
digər səbəblərdən deqradasiyaya məruz
qalmış torpaqların müəyyən edilməsi və
xəritələşdirilməsi, onlardan səmərəli
istifadə olunması ilə bağlı təkliflərin
hazırlanması üzrə 2010-cu ildə 23 rayonun ərazisində
1623809 ha sahədə torpaqların şorlaşma, şorakətləşmə
və eroziyaya uğrama dərəcələri əsasında,
şorlaşma və torpaq xəritələri tərtib
edilmişdir.
Meliorasiya tədbirlərinə
ehtiyacı olan torpaqların müəyyən edilməsi,
onların irimiqyaslı xəritələrinin
hazırlanması ilə əlaqədar 2010-cu ildə 3 rayon
üzrə kənd təsərrüfatına yararlı
xüsusi mülkiyyətdə olan 8061 ha torpaq sahəsi
inventarlaşdırılmışdır.
Çirklənmiş və
deqradasiyaya uğramış torpaqların rekultivasiyası
layihələrinin həyata keçirilməsi ilə
bağlı 2010-cu ildə 89 ha ərazidə neftlə
çirklənmiş, lay suları altında qalmış, məişət
və istehsalat tullantıları ilə çirklənmiş ərazidə
topoqrafik planaalma işləri həyata keçirilmişdir.
Torpaqların münbitliyinin
və suvarılan torpaq sahələrinin artırılması
istiqamətində işlərin genişləndirilməsi məqsədi
ilə 2010-cu ildə Respublika üzrə 533446 ha yay və
qış otlağında irimiqyaslı torpaq tədqiqatı
işləri aparılmışdır.
İnzibati rayonlar üzrə
elektron (rəqəmli) torpaq kadastr xəritələrinin
hazırlanması - 14 rayonda 50 inzibati ərazi dairələri
üzrə elektron (rəqəmli) torpaq-kadastr xəritələrinin
tərtibi üçün planaalma işləri
aparılmışdır.
“2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan
Respublikasında bioloji müxtəlifliyin qorunması və
davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət
Planı”, “Azərbaycan Respublikasında yay və qış
otlaqlarından səmərəli istifadə olunması və
səhralaşmanın qarşısının
alınmasına dair Dövlət Proqramı” və digər
dövlət proqramlarının icrası ilə bağlı
Komitənin üzərinə qoyulmuş vəzifələr də
nəzərdə tutulan müddətlərdə icra olunaraq
müvafiq qaydada hesabatlar aidiyyəti üzrə təqdim
edilir.
2010-cu ildə Kür və
Araz çaylarının daşması nəticəsində
subasmaya məruz qalmış Sabirabad rayonunun 128154 ha,
Saatlı rayonunun 18692 ha və İmişli rayonunun 15698 ha ərazilərində
çöl tədqiqatı, torpaqların mülkiyyət
növləri üzrə inventarlaşması və xəritələşdirilməsi
işləri həyata keçirilmiş və həmin
torpaqların yaxşılaşdırılması məqsədilə
Tədbirlər Planı hazırlanıb Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim
olunmuşdur.
Araz çayının yeni
qolunun açılması məqsədi ilə uzunluğu 130
km olan trassın altına düşən 75856 ha torpaq sahələri
ayrı-ayrı rayonlar və mülkiyyət növləri
üzrə inventarlaşdırılaraq xəritələşdirilmiş
və tikinti işləri üçün layihə işlərinin
aparılması məqsədi ilə Azərbaycan
Respublikasının Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinə təqdim
edilmişdir.
2010-cu ildə
açılışı olan, Bakı şəhərinin
içməli suya olan tələbatının 75 faizini təmin
edən Oğuz-Qəbələ-Bakı su kəmərinin
torpaqayırma sənədlərini yerquruluşu qaydasında
Komitənin struktur vahidləri tərəfindən həyata
keçirilmiş və müəyyən olunmuşdur ki, kəmərin
uzunluğu 251,47 km, mühafizə zonası 25 metr olmaqla 628,8
hektar torpaq sahəsini əhatə edir ki, bundan da 301,7
hektarı dövlət mülkiyyətinə, 126,9 hektarı bələdiyyə
mülkiyyətinə və 200,2 hektarı isə xüsusi
mülkiyyətə aiddir.
Azərbaycan
torpaqlarının erməni silahlı qüvvələri tərəfindən
işğalı nəticəsində məcburi
köçkün düşmüş və çadır
düşərgələrində müvəqqəti yerləşdirilmiş
məcburi köçkünlərin müvafiq rayonların ərazilərində
məskunlaşdırılması məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli, 562 saylı,
2001-ci il 7 sentyabr tarixli 577 saylı və 2002-ci il 13 may tarixli
700 saylı fərmanlarından və həmin fərmanlara
müvafiq olaraq Nazirlər Kabinetinin sərəncamlarından
irəli gələn qaydada Komitə öz üzərinə
düşən torpaq ayrılması ilə bağlı
funksiyasını bu günə kimi yüksək səviyyədə
yerinə yetirmişdir. Belə ki, məcburi
köçkünlərin məskunlaşdırılması məqsədi
ilə qəsəbələrin salınması, həyətyanı
və kənd təsərrüfatı ilə məşğul
olmaq üçün 2010-cu ildə Abşeron rayonu inzibati ərazisindən
12 ha, Ağcabədi rayonu inzibati ərazisindən 627,4 ha,
Göygöl rayonu inzibati ərazisindən 20 ha, Beyləqan
rayonu inzibati ərazisindən 634,4 ha və Füzuli rayonu
inzibati ərazisindən isə 291 ha olmaqla, cəmi 1582,8 ha
torpaq sahəsinin yerquruluşu qaydasında ilkin torpaqayırma
işlərinin hazırlanması və naturada sahələrin
seçilib müəyyən edilməsi Komitə tərəfindən
aidiyyəti orqanlarla birlkdə təmin edilmişdir.
- Azərbaycan
Respublikasının Dövlət sərhədlərinin
delimitasiyası və demarkasiyası məsələləri
ilə bağlı məlumat almaq istərdik.
- Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası və Gürcüstan arasında dövlət sərhədlərinin
delimitasiyası və demarkasiyası üzrə Dövlət
Komissiyası haqqında” 1995-ci il 3 yanvar tarixli 140 nömrəli,
2002-ci il 30 iyul tarixli 965 və 966 nömrəli Sərəncamlarının
və bu sərəncamlara uyğun olaraq Nazirlər Kabinetinin
“Dövlət sərhədlərinin delimitasiyası və
demarkasiyası üzrə Dövlət Komissiyasının
ekspert qrupu haqqında” 1999-cu il 20 aprel tarixli 76s nömrəli,
2002-ci il 23 oktyabr tarixli 223 nömrəli sərəncamlarının
icrası məqsədi ilə Azərbaycanın Rusiya
Federasiyası və Gürcüstanla dövlət sərhədlərinin
delimitasiya işlərinə başlanılmışdır.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında uzunluğu 390 km olan (Balakən, Zaqatala, Qax,
Oğuz, Şəki, Qəbələ, Qusar və Xaçmaz
rayonları ilə həmsərhəd) dövlət sərhədinin
delimitasiyası işlərinə 1996-cı ildən
başlanılmış və 2010-cu ilin avqust ayında bu
işlər başa çatdırılaraq Azərbaycan
Respublikasının və Rusiya Federasiyasının Prezidentləri
tərəfindən Bakı şəhərində imzalanan 3
sentyabr 2010-cu il tarixli “Sərhəd müqaviləsi”nin təsdiqi
ilə tamamlanmışdır. Azərbaycan Respublikası və
Rusiya Federasiyası arasında imzalanan bu müqavilə Azərbaycanın
müstəqilliyinin qorunub saxlanılması sahəsində
olduqca böyük tarixi əhəmiyyətə malik bir
hüquqi sənəddir. Qeyd etmək lazımdır ki,
keçmiş Sovetlər Birliyinə daxil olan MDB dövlətləri
arasında Azərbaycan Respublikası da Rusiya Federasiyası ilə
dövlət sərhədlərinin müəyyən edilməsinə
- delimitasiya işlərinə nail olmuşdur. “Azərbaycan
Respublikası və Rusiya Federasiyası arasında dövlət
sərhədi haqqında” müqavilə artıq Azərbaycan
Respublikasının 2010-cu il 21 dekabr tarixli 27/IVQ nömrəli
Qanunu ilə təsdiq edilərək qüvvəyə
minmişdir. Yaxın vaxtlarda həmin müqavilənin
Rusiyanın Dövlət Duması tərəfindən də
ratifikasiya ediləcəyi gözlənilir. Həmin müqavilənin
ayrılmaz tərkib hissəsi olan “Sərhəd xəttinin
yazılı təsviri” və “Sərhəd xəttinin
keçməsini əks etdirən xəritələr toplusu”
1996-2010-cu illər ərzində Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin ekspertlərinin və tabeliyində olan müvafiq
icraçı struktur vahidlərinin sahəvi ixtisaslı və
uzun illərdən bəri formalaşmış mütəxəssisləri
ilə birlikdə yerinə yetirdikləri topogeodeziya,
yerquruluşu, dövlət torpaq kadastrı və xəritəçəkmə
işlərinin nəticəsində
hazırlanmışdır. Yaxın vaxtlarda Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri
tərəfindən Rusiya Federasiyasının müvafiq idarəetmə
orqanlarının mütəxəssisləri ilə birlikdə
təsdiq olunmuş dövlət sərhəd xəttinin
demarkasiyası (dövlət sərhəd nişanlarının
basdırılması) işlərinə
başlanılacaqdır.
Azərbaycan Respublikası ilə
Gürcüstan arasında dövlət sərhədinin
uzunluğu 480 km təşkil edir. Delimitasiya ilə
bağlı işlər 1996-cı ilin dekabr ayından bu
günədək davam edir. Hazırda sərhədin təxminən
300 km hissəsi hər iki tərəfin Dövlət
Komissiyaları tərəfindən
razılaşdırılmışdır. Sərhədin qalan
hissələrində hər iki ölkənin ekspertləri tərəfindən
torpaqların faktiki istifadə vəziyyətinin dəqiqləşdirilməsi,
arxivlərin öyrənilməsi və digər zəruri tədbirlər
həyata keçirilir.
- Azərbaycan Respublikası
Hökuməti və Dünya Bankı tərəfindən birgə
maliyyələşdirilən “Daşınmaz Əmlakın
Qeydiyyatı Layihəsi” çərçivəsində
görülmüş işlər barədə məlumat vermənizi
istərdik.
- “Daşınmaz Əmlakın
Qeydiyyatı Layihəsi” üzrə işlər Azərbaycanda
2007-ci ildən başlayaraq həyata keçirilir. Azərbaycan
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi həmin layihənin “C” komponenti üzrə (baza xəritəçəkmə,
ortofoto və kadastr xəritələrinin hazırlanması)
görülən işlərin təşkilinə, texniki nəzarətinə
və qəbuluna cavabdehdir. Həmin komponent üzrə yerinə
yetirilmiş işlər bunlardır:
1. Ölkə ərazisinin 65
min kv. km sahəsində aerofotoçəkiliş və kosmik
çəkilişi əsasında 1:1000, 1:5000 və 1:10 000
miqyaslarda ortofotoplanların hazırlanması.
2. Ölkə ərazisində
37 stansiyadan ibarət olan Daimi Fəaliyyət Göstərən
Peyk Geodeziya Şəbəkəsinin qurulması. Həmin
şəbəkənin mərkəzi idarəetmə
stansiyası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsində qurularaq Komitənin Dövlət Aerogeodeziya
Müəssisəsi tərəfindən idarə olunacaqdır.
3. Ölkə ərazisinin 4
mln ha sahəsini əhatə edən torpaq kadastrı xəritələrinin
hazırlanması. Bu subkomponent üzrə artıq Beynəlxalq
Tender keçirilib və müvafiq araşdırmalardan sonra
qalib seçilmiş şirkətlə tezliklə müvafiq
müqavilə imzalanacaqdır.
26 dekabr 2010-cu il tarixində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2009-cu il
tarixli 201 s nömrəli sərəncamı ilə təsdiq
edilmiş Koreya Respublikasının Xarici İşlər və
Ticarət Nazirliyi ilə Azərbaycan Respublikasının
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
arasında imzalanmış “Azərbaycanda Torpaq Kadastr Sisteminin
Təkmilləşdirilməsi layihəsi”nin Komitədə təqdimatı
keçirilmişdir. Komitənin Dövlət Torpaq Kadastrı
və Monitorinqi Elm-İstehsalat Mərkəzi Koreyanın
Kadastr Korporasiyası Təşkilatının əməkdaşları
ilə birgə Azərbaycan Respublikası Bakı şəhəri
Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində
seçilmiş 1000 ha pilot sahədə torpaq kadastr işlərini
uğurla həyata keçirmişlər. Layihənin
icrası ilə bağlı artıq müsbət nəticələr
əldə olunmuşdur. Layihə çərçivəsində
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
Aparatının və Dövlət Torpaq Kadastrı və
Monitorinqi Elm-İstehsalat Mərkəzinin 20 nəfər
mütəxəssisi 2009-cu ilin noyabr ayında Koreya
Respublikasına ezam olunmuş, təcrübə mübadilələri
apararaq Koreyada həyata keçirilən torpaq kadastr işləri
ilə yaxından tanış olmuş və əldə
olunmuş təcrübə əsasında müvafiq işlərin
yerinə yetirilməsində bu təcrübənin tətbiqini
təmin etmişlər. Layihə çərçivəsində
müasir geodeziya ölçmə alətləri və
çap avadanlıqları alınmışdır.
Pilot sahədə bu
avadanlıqlar vasitəsi ilə torpaq kadastr işləri
üçün mərzçəkmə işləri yerinə
yetirilmiş və çöl ölçmə məlumatları
dərhal rəqəmli kadastr xəritələrinə
inteqrasiya olunmuşdur ki, bu da həm vaxt, həm də maliyyə
vəsaitinə qənaət cəhətdən çox önəmlidir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, Dövlət Torpaq
Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzində
dörd terabayt həcmində müasir serverin qurulması
yekunlaşmışdır. Dörd terabaytlıq server şəhər
kadastr sisteminin məlumat bazasının sistemləşdirilməsi
və saxlanması, eyni zamanda, Coğrafi İnformasiya Sisteminin
(GİS) daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Komitənin rəhbərliyi Koreya tərəfi ilə
müvafiq danışıqlar apararaq Xəzər rayonu üzrə
bütövlükdə bu işlərin aparılması
razılığına gəlinmişdir.
- Heydər Əliyev Fondunun rəhbərliyi
ilə Qobustan dövlət tarixi-bədii qoruğunun virtual
muzeyinin yaradılması və Azərbaycan Portalında yerləşdirilməsi
ilə bağlı görülən işlərlə əlaqədar
nə deyə bilərsiniz?
- Qobustan dövlət tarixi-bədii
qoruğu ərazisində yerləşən milli sərvətlər
xəzinəsinin qorunması və gələcək nəsillərə
çatdırılması, eləcə də, Azərbaycan
Respublikasının qədim mədəni irsinin geniş
miqyasda təbliğ olunması məqsədi ilə Azərbaycan
Respublikasının Prezidenti möhtərəm cənab
İlham Əliyev 11 iyun 2007-ci il tarixli Sərəncam
imzalamışdır. Heydər Əliyev Fondu və Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi bu Sərəncamdan
irəli gələn vəzifələri həyata keçirmək
məqsədilə Azərbaycanın qədim irsi olan
Qobustanın dünya miqyasında tanıdılması və təbliğ
olunmasına kömək etmək məqsədi ilə birgə
layihə həyata keçirir. Layihə çərçivəsində
Qobustan dövlət tarixi-bədii qoruğunun virtual muzeyinin
yaradılması və Azərbaycan portalında yerləşdirilməsi
nəzərdə tutulmuşdur.
- Bakı şəhəri və
Abşeron yarımadasında nəqliyyatın intellektual idarəedilməsi
layihəsi üzrə hansı işlər görülür?
- Bakı şəhərinin
2200 km2 ərazisində nəqliyyatın intellektual idarə
edilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi tərəfindən rəqəmsal xəritələr
hazırlanmışdır. Bu xəritələrdə 57 növdə
3D formatında məlumatlar həm mətn, həm də qrafiki
formada hazırlanmış, aidiyyəti üzrə təhvil
verilmişdir. Bu işin əsas sifarişçisi Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyidir və işin
Koreyanın SKCS şirkəti tərəfindən yerinə
yetirilməsi tapşırılmışdır. İşin əsas
hissəsi olan rəqəmsal xəritələr Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən
hazırlanmışdır. Bu xəritələr əsasında
Bakı şəhərinın və Abşeron
yarımadasının ərazilərində nəqliyyat vasitələrinin
hərəkəti üçün yolların gediş istiqaməti,
yol nişanları, döngələr, binalar, bina nömrələri,
yolların adları, strateji obyektlərin adları və
ünvanları, parklar və s. barədə vizual
görüntü yaranır və eləcə də, istənilən
yerdən tələb olunan yerə qədər olan məsafə
və vaxt tez bir zamanda təyin edilir.
- Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il
yanvarın 14-də keçirilmiş Nazirlər Kabinetinin
2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və
2011-ci ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında verdiyi tapşırığa uyğun olaraq
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
Mübarizə üzrə Komissiyasının sədri cənab
Ramiz Mehdiyevin 2011-ci il 27 yanvar tarixində keçirdiyi
müşavirədə qarşıya qoyduğu vəzifələrlə
bağlı nə deyə bilərsiniz?
- Cəmiyyətin
inkişafına mənfi təsir göstərən neqativ təzahürlərə
qarşı mübarizə Azərbaycan Respublikasında daim
diqqət mərkəzində olmuş, bununla əlaqədar
müvafiq qərarlar qəbul edilmiş və təşkilati
tədbirlər həyata keçirilmişdir. Lakin bəzi
müxalifət qüvvələri öz ənənəvi adətlərinə
sadiq qalaraq hər zaman ölkədə aparılan iqtisadi və
sosial inkişafa göz yumur, qara yaxır, müstəqil
respublikamızda hökm sürən sabitliyi dünyada baş
verən hadisələrə, o cümlədən, ərəb
ölkələrindəki etiraz proseslərinə söykənərək
pozulacağını öz xəstə təxəyyülləri
ilə əsaslandırmağa cəhd edirlər, ictimaiyyətin
fikrini çaşdırmağa çalışırlar.
Onlar bilməlidirlər ki, Azərbaycan ictimaiyyəti dövlətçilik
naminə aparılan bütün işləri yüksək
qiymətləndirir və müxalifətin heç bir
hüquqi və mənəvi əsası olmayan fikirlərini qətiyyətlə
rədd edir.
Hələ Ulu öndər
Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi
dövrlərdə, əsasən də keçid
dövründə sosial-iqtisadi inkişafa mane olan hallara
qarşı mübarizə metodları və üsulları
genişləndirilmiş, cinayətkarlığa, o cümlədən,
korrupsiyaya şərait yaradan halların aradan
qaldırılmasına yönəldilmiş əməli tədbirlər
gücləndirilmişdir. Ulu öndərin “Cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi,
qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi
tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli,
“İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə
dövlət nəzarətinin qaydaya salınması və əsassız
yoxlamaların qadağan edilməsi barədə” 1996-cı il
17 iyun tarixli, “Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi
və sahibkarlığın inkişafı sahəsində
süni maneələrin aradan qaldırılması
haqqında” 1999-cu il 7 yanvar tarixli fərmanları, “Azərbaycan
Respublikasında iqtisadi cinayətkarlığa qarşı
mübarizə sahəsində bəzi tədbirlər
haqqında” 1998-ci il 27 yanvar tarixli Sərəncamı cinayətkarlığa,
o cümlədən, korrupsiyaya qarşı mübarizəni
dövlət siyasətinin mühüm istiqamətlərindən
biri hesab etmiş, onun daha da məqsədyönlü
aparılmasına şərait yaratmışdır. Ulu
öndərin 28 noyabr 2000-ci il tarixli 422 saylı Fərmanı
ilə təsdiq olunmuş “Torpaqlardan istifadəyə və
onların mühafizəsinə Dövlət nəzarəti
haqqında” Əsasnamə ilə verilmiş səlahiyyətləri
çərçivəsində torpaqlardan istifadəyə və
onların mühafizəsinə Dövlət nəzarəti
işinin Komitənin müfəttişləri tərəfindən
həyata keçirilməsi də torpaq sahələrinin
mülkiyyətə və icarəyə ayrılması
işlərində öz növbəsində şəffaflığı
təmin etmiş, torpaq sahəsinin ayrılması zamanı
korrupsiyaya gətirib çıxara bilən halların
qarşısı alınmışdır.
Korrupsiyaya qarşı
mübarizə tədbirlərinin gücləndirilməsi
ölkə rəhbəri cənab İlham Əliyevin hər
zaman diqqət mərkəzində olmuşdur. Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli 377
nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət
Proqramı (2004-2006-cı illər)” çərçivəsində
Komitədə daxili nəzarətin təşkilini və
dövlət qulluğunun nüfuzunun
artırılmasını tənzimləyən tədbirlərin
həyata keçirilməsini təmin etmək məqsədilə
korrupsiyaya qarşı mübarizə ilə bağlı
2005-ci il 23 mart tarixli 59 nömrəli əmrlə komissiya
yaradılmışdır.
Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə milli strategiyanın həyata keçirilməsi ilə
bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)” əsasında
Komitənin 2007-ci il 3 sentyabr tarixli 211 nömrəli Əmri ilə
təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq
2011-ci ildə 30.12.2010-cu il tarixli 376 nömrəli əmrlə
müəyyən edilmiş və həyata keçiriləcək
tədbirlərin (müraciət, ərizə və şikayətlərlə
əlaqədar effektiv araşdırmaların aparılması,
elektron poçt vasitəsilə ərizə və şikayətlərin
qəbulu işinin təşkili, məlumat əldə edilməsi
qaydalarının və üsullarının, məlumat əldə
edilməsi üzrə məsul olacaq struktur bölmələrinin
fəaliyyətinin təkmilləşdirilməsi, hesabatlarda
dövlət qulluğuna qəbul və qulluqla bağlı digər
məsələlərin əks etdirilməsi, ərizə və
şikayətlərə baxılması, şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
sahəsində həyata keçirilən tədbirlərə
dair hesabatların hazırlanması, hesabatların dərc
edilməsi və ictimaiyyətə açıqlanması,
şəxslərin birbaşa daxili nəzarət orqanlarına
müraciət imkanlarının yaradılması, daxili nəzarət
orqanları tərəfindən müraciətlərə
operativ və qısa müddət ərzində
baxılması, daxili nəzarət qurumlarının maddi və
texniki resurslarla təmin edilməsi, internet saytlarında məlumatların
mütəmadi yeniləşdirilməsi, göstərilən
xidmətlərə görə ödənişlər barədə
məlumatları əks etdirən lövhələrin yerləşdirilməsi,
göstərilən xidmətlərə görə nağd
ödəmələrin azaldılması, Komitənin
Aparatında və struktur bölmələrində ödənişlərin
plastik kartlar vasitəsilə həyata keçirilməsinin təmin
edilməsi, qaynar xəttə daxil olan məlumatlarla əlaqədar
operativ tədbirlərin görülməsi, etik
davranış məsələləri üzrə tədris və
treninqlərin təşkil edilməsi, dövlət
qulluqçularının ixtisasartırma üzrə treninqlərə
cəlb edilməsi və rotasiya sisteminin tətbiq ediləcəyi
sahələrin müəyyən edilməsi və rotasiya
prinsipinin tətbiq edilməsi) icrasının daim nəzarətdə
saxlanılması, korrupsiyaya gətirib çıxara biləcək
halların əvvəlcədən müəyyən edilərək
bu barədə ciddi qabaqlayıcı tədbirlərin həyata
keçirilməsinin təmin edilməsi və bu işlər
üzrə görülən tədbirlərə dair
hesabatın müəyyən olunmuş qaydada Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı Mübarizə
üzrə Komissiyasına göndərilməsinin təmin
edilməsi barədə müvafiq olaraq Komitədə
yaradılmış Komissiyaya, aidiyyəti rəhbər vəzifəli
şəxslərə və Komitənin tabeliyində olan
icraçı struktur vahidlərinin rəhbərlərinə
tapşırıqlar verilmişdir.
“Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun (29 iyun 2001-ci il, 160-IIQ) 9-cu bəndində
nəzərdə tutulduğu kimi bələdiyyələr
mülkiyyətlərində olan torpaq sahələrini bilavasitə,
torpaq hərracları və müsabiqələri vasitəsilə
icarəyə, mülkiyyətə və istifadəyə verməli
olduqları halda bu əməliyyatları birbaşa həyata
keçirməyə üstünlük verirdilər ki, bu da
neqativ halların yaranmasına şərait yaradırdı.
Komitənin təklifi əsasında bələdiyyə
torpaqlarının yalnız müsabiqə və ya hərracla
mülkiyyətə və icarəyə verilməsi ilə əlaqədar
“Bələdiyyələrə dair Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının 2007-ci il 23 oktyabr tarixli, 466-IIIQD nömrəli
Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin Sərəncamında ölkədə
bələdiyyə torpaqları üzərində mülkiyyət,
istifadə və icarə hüquqlarının yalnız torpaq
hərracları və ya müsabiqələri vasitəsilə
əldə oluna biləcəyi, torpaq sahələrinin ayrılmasında
şəffaflığın təmin edilməsi məqsədi
ilə görülmüş tədbirlərdəndir. Bu qanun
bələdiyyələrin mülkiyyətlərində olan
torpaq sahələrinin bilavasitə qanunsuz olaraq
satışına son qoydu. Torpaq müsabiqələri və hərraclarının
keçirilməsi təşkilatçı olaraq Komitəyə
həvalə olundu. Komitənin əmri ilə
yaradılmış 5 nəfər tərkibdən ibarət
torpaq müsabiqə və hərrac komissiyalarında şəffaflığın
təmin edilməsi məqsədi ilə yalnız 2 nəfər
Komitə əməkdaşlarından, qalan 3 nəfərdən
isə biri ictimaiyyət nümayəndəsindən, biri bələdiyyə
assosiasiyalarının nümayəndələrindən, biri
isə yerli icra hakimiyyətinin nümayəndəsindən
ibarət oldu. Bildirmək istəyirəm ki, 2009-2010-cu illərdə
3000-ə yaxın müsabiqə və hərrac
keçirilmiş, bu müsabiqə və hərraclarla
bağlı vətəndaşlar tərəfindən
yalnız 2 müraciət daxil olmuşdur ki, onlar da
araşdırma zamanı öz təsdiqini
tapmamışdır.
Bütün bu dediklərimiz
bir daha sübut edir ki, xalqımızın gələcək
rifah halının durmadan yaxşılaşması Prezidentimiz
cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörən
siyasəti nəticəsində öz müsbət həllini
tapmaqla ölkəmizi və insanlarımızı daha təminatlı
və təhlükəsiz gələcəyə
aparacaqdır.
Yeni Azərbaycan.- 2011.- 1 mart.- S.4-5.