Azərbaycanda turizm sənayesinin böyük potensialı var

 

Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının prezidenti Nahid Bağırovun “Yeni Azərbaycan” qəzetinə müsahibəsi

 

Turizm tükənməyən gəlir mənbəyidir. Bu sahənin gəlirləri bir sıra inkişaf etmiş ölkələrdə dövlət büdcəsinin formalaşmasında əsas faktor kimi çıxış edir. Turizm mövsümünün ilboyu davam etməsindən ABŞ, Böyük Britaniya, Çin, İspaniya, Turkiyə kimi ölkələrin dövlət büdcəsinə milyardlarla əlavə vəsaitlər daxil olur. Mütəxəssislərin fikrincə, yaxın illərdə “Şahdağ” Qış-Yay Turizm Kompleksinin istismara verilməsi ilə Azərbaycan da ilboyu turistlərə xidmət göstərən ölkələr sırasına daxil olacaq. Sözsüz ki, ölkəmizdə turizmin inkişafına dair dövlət tərəfindən mühüm işlər görülüb və bu işlər davam etdirilir. Lakin turizm sənayesinin inkişafı daha çox özəl sektora aid olduğundan, bu prosesdə onların yaxından iştirakı daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının (AZTA) prezidenti Nahid Bağırovla söhbətimizdə də elə bu məsələlərə aydınlıq gətirməyə çalışdıq.

- Nahid müəllim, ölkə Prezidenti cənab İlham Əliyev tərfindən 2011-ci il Azərbaycanda “Turizm ili” elan olunub. Sizcə, rəhbərlik etdiyiniz təşkilat “Turizm ili”nin uğurla başa çatması üçün nə kimi işlər görməyi planlaşdırır?

- Əvvəla onu qeyd edim ki, turizm müasir dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. Odur ki, əksər Avropa ölkələri, eləcə də, ABŞ, Çin, Yaponiya kimi inkişaf etmiş dövlətlər turizm sənayesinin inkişafına çox böyük önəm verirlər.

Özünün iqtisadi inkişafına görə nəinki Cənubi Qafqazda, eləcə də, MDB və Şərqi Avropa ölkələri arasında liderə çevrilən Azərbaycanda da turizm sahəsinin inkişafı istiqamətində dövlət tərəfindən mühüm addımlar atılıb. Sözsüz ki, burada Ümummilli liderimiz Heydər Əliyevin respublikamızda turizmin inkişafı istiqamətində gördüyü işləri qeyd etməmək olmur. Məhz həmin dövrdə atılmış addımlar ölkəmizdə turizm sənayesinin sağlam bünövrəsini təşkil etdi və bu sektor dirçəlməyə başladı. Sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, qəbul olunan Dövlət proqramları Azərbaycanın turizm ölkəsinə çevrilməsi istiqamətində mühüm rol oynadı. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzalanan Sərəncam isə bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcını qoydu və ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verdi.

Təkcə Bakıda deyil, regionlarda da beynəlxalq standartlara uyğun bir sıra hotellər, istirahət mərkəzləri fəaliyyətə başladı. Sözsüz ki, bütün bunlar Azərbaycanın bir turizm ölkəsi kimi şöhrətini daha da artırdı.

  Məlum olduğu kimi, cənab Prezident İlham Əliyev tərəfindən 2011-ci il respublikamızda “Turizm ili” elan olunub. Sözsüz ki, bu işdə dövlətin turizm sahəsindəki siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyinin üzərinə böyük iş düşür. Lakin turizm şirkətlərinin yaxından iştirakı olmadan bu ölkə əhəmiyyətli tədbirdə uğur qazanmaq bir qədər çətindir. Odur ki, Azərbaycan Turizm Şirkətləri Assosiasiyası olaraq, “Turizm ili”nin respublikamızda uğurla keçirilməsi üçün hər bir köməyi göstərməyə hazırıq.

- Yeri gəlmişkən, AZTA-nın yaradılması zərurəti necə meydana gəldi?

- İlk öncə onu bildirim ki, Azərbaycan həm ərazi, həm də əhalisinin sayına görə Avropa ölkələri ilə müqayisədə çox da böyük ölkə olmasa da, turizm şirkətlərinin sayına görə, bəlkə də həmin ölkələri qat-qat üstələyir. Bunun bir neçə səbəbi var. Hər şeydən əvvəl onu qeyd edim ki, əvvəllər Azərbaycanda turizm sahəsinə bir hobbi kimi baxıblar. Hər bir imkanlı şəxs, hətta bəzi dövlət məmurları belə öz yaxınları üçün bir turizm şirkəti qeydiyyatdan keçirib. İlk illər həmin şirkətlər öz vəsaitləri hesablarına bazarda duruş gətirməyə çalışıblar, az-çox səy göstəriblər. Lakin effekti olmayıb. Odur ki, tez də sıradan çıxıblar. Amma, bununla belə, hazırda ölkəmizdə kifayət qədər ciddi turizm şirkətləri də var. Onlar ölkəmizin turizim potensialını dünyada təbliğ etmək istiqamətində mühüm işlər görürlər. Lakin həmin şirkətlərin pərakəndə fəaliyyəti respublikamızın turizm potensialının lazımi səviyyədə dünya ölkələrində təbliğinə mane olurdu, bu fəaliyyətin vahid mərkəzdən idarə olunmasına ehtiyac duyulurdu. Elə bu səbəbdən də, 2006-cı ildə Azərbaycan Turizm Assosiasiyası yaradıldı. Həmin dövrdə paralel olaraq Azərbaycan Hotellər Assosiasiyası da fəaliyyət göstərirdi. Bu bir növ qüvvələrimizin parçalanması demək idi. Odur ki, uzun müzakirələrdən sonra, hər iki təştilatın vahid bir mərkəzdə birləşməsi qərara gəlindi. Ötən il oktyabrın sonunda keçirilən ümumi yığıncaqda bu təşkilatlar birləşdi. Beləliklə də, Azərbaycan Turizm Şirkətləri Assosiasiyası yarandı. Digər tərəfdən isə, AZTA-nın yaranması Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı turizm şirkətlərini vahid bir ictimai qurumda birləşdirmək, onların dövlət orqanları ilə münasibətində meydana çıxa biləcək problemləri vaxtında həll etmək zərurətindən irəli gəlirdi. Bizim əsas məqsədimiz, sözsüz ki, dünyada mövcud 11 iqlim qurşağından 9-na malik olan Azərbaycanın turizm potensialını lazımi şəkildə təbliğ etmək, onun dünyada öz layiqli yerini tutmasına yardım göstərməkdir. Yeri gəlmişkən qeyd edim ki, AZTA-nın təsis edilməsi Azərbaycan şirkətlərinin dünya turizm sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradır. Bundan əlavə, assosiasiya ölkədəki turizm şirkətləri arasında sıx əməkdaşlıq əlaqələri yaratmaq, onların maraqlarını müxtəlif səviyyədə qorumaq və təmsil etmək kimi mühüm işləri də həyata keçirir. Digər tərəfdən isə, əgər birləşmədən əvvəl turizm şirkətləri ilə hotelçiliklə məşğul olan şirkətlər arasında qiymət siyasəti və sair məsələlərdə müəyyən qədər narazılıqlar var idisə, birləşmədən sonra bu kimi məsələlər daha sivil qaydada, vahid masa arxasında ümumi müzakirələr zamanı öz həllini tapır. AZTA-nın yaranmasından qısa müddət ötməsinə baxmayaraq, təşkilata 60-a yaxın turizm şirkəti və 40-dən artıq hotel daxil olub. Hər ay yeni-yeni şirkətlər AZTA-ya üzv olmaq üçün müraciətlər edirlər. Yaxın aylarda isə respublikamızda fəaliyyət göstərən ayrı-ayrı restoran, ictimai-iaşə müəssisələri, eləcə də, nəqliyyat və bank sahələrində fəaliyyət göstərən şirkətlərin turizm sektoru ilə əməkdaşlıq etmək niyyətlərini nəzərə alaraq, onların da AZTA-ya üzvlük məsələlərinə baxılacaq.

- Turizm sektoru spesifik bir sahə olduğundan, burada beynəlxalq əməkdaşlığın genişlənməsi çox mühümdür. Bəs AZTA-nın beynəlxalq əlaqələrindən danışarkən nələri qeyd etmək istərdiniz?

- Assosiasiyamız özünün fəaliyyət istiqamətini “Azərbaycan Respublikasının 2010-2014-cü illərdə Turizmin inkişafına dair Dövlət Proqramı”nın əsasında qurub. Təbii, bu zaman, beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi olaraq diqqət yetirilir. Qeyd etmək yerinə düşərdi ki, artıq AZTA ilə MDB-yə üzv olan bir neçə dövlətin turizm assosiasiyaları arasında əməkdaşlıq memorandumları imzalanıb, digərləri ilə də analoji sazişlər imzalanmaq ərəfəsindədir. Bundan əlavə, Türkiyənin Turizm və Otellər Assosiasiyaları ilə əməkdaşlıq və tərəfdaşlıq məsələləri müzakirə olunub. Həmçinin, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) ilə əməkdaşlıq çərçivəsində bir sıra turizm şirkətlərinə bu qurumun sertifikatları təqdim olunub. Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan Turizm Assosiasiyası Ümumdünya Turizm Təşkilatına müşahidəçi qismində qəbul olunub ki, bu da ölkəmizin turizm potensialının dünyada təbliği baxımından böyük bir uğurdur. Yeri gəlmişkən, martın 15-də Moskvada MBD məkanında turizmin inkişaf məsələlərinə həsr olunan I Beynəlxalq konfrans keçiriləcək və AZTA burada ölkəmizi təmsil edəcək. Hesab edirəm ki, MDB çərçivəsində fəaliyyətimizi gücləndirməklə, yaxın qonşu dövlətlərdən ölkəmizə daha çox turist cəlb edə bilərik. Axı, necə olsa, 70 il eyni bir imperiyanın tərkibində birgə yaşamışıq, keçmiş ittifaqa daxil olan həmin respublikalar haqda daha çox məlumatımız olub. Əlaqələrimizi bərpa etmək, yalnız işimizin xeyrinə ola bilər.

Bundan əlavə, AZTA may ayında Qazaxıstanda keçiriləcək digər bir beynəlxalq konfransa dəvət alıb və bu toplantıda iştirak edəcək turizm şirkətlərimiz öz həmkarları ilə gələcək əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Bu kimi dəvətlər çoxdur, onlar müxtəlif qitələrdən daxil olmaqda davam edir. Hesab edirəm ki, beynəlxalq əməkdaşlığın güclənməsi Azərbaycanın turizm potensialının dünya ölkələrində təbliğinə öz töhfəsini verəcək.

- Bəs “Turizm ili”ndə daxili turizmin inkişafı istiqamətində nə kimi planlarınız var?

- Ümumiyyətlə bu sahədə planlarımız və görüləsi işlərimiz çoxdur. Daxili turizmi inkişaf etdirmək üçün, ilk növbədə, regionlarda turizm və hotelçilik sahəsində fəaliyyət göstərən şirkətlərdə kadr potensialını gücləndirməliyik. Belə ki, Azərbaycana gələn turistlər daha çox bölgələrimizə səfərlər etməyə çalışırlar. Buradakı istirahət mərkəzlərində peşəkar kadrlara hələ də ehtiyac duyulur və xidmətin səviyyəsini yüksəltməklə, biz regiondakı istirahət mərkəzlərimizə daha çox turistlər cəlb edə bilərik. Bu sahədə Azərbaycan Turizm İnstitutu ilə sıx əməkdaşlıq edirik və mütəmadi olaraq regionlarda təlim kursları təşkil edirik. Məlum olduğu kimi, Bakıda hər il ənənəvi olaraq Azərbaycan Beynəlxalq Turizm Sərgisi (AİTF) keçirilir. Ötən il AİTF-lə birgə həm də I Ümumrespublika Daxili Turizm Sərgisi də təşkil olundu. Sərginin rəsmi açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev də iştirak edirdi. Bu isə ölkədə turizmin inkişafına dövlət səviyyəsində necə böyük önəm verildiyini göstərirdi. Sərgidə iştirak edən Prezidentimiz ölkədə daxili turizmin inkişafına dair öz dəyərli tövsiyələrini verdi. Bu ilin aprel ayında da analoji sərgi keçiriləcək və turizm şirkətləri ilə birlikdə bu sərginin yüksək səviyyədə keçirilməsinə calışırıq. Biz nə qədər vətəndaşlarımızı maarifləndirə bilsək, turizm potensialımızı nə qədər çox təbliğ edə bilsək, daxili turizm də bir o qədər çox inkişaf edəcək. Bir var ki, xarici ölkə vətəndaşı bir neçə ölkədən keçməklə, ildə bir dəfə, qısa müddətə Azərbaycana istirahət etməyə gəlir. Amma ölkə vətəndaşlarımız əlavə xərc çəkmədən, hava limanlarında vaxt itirmədən, ildə bir neçə dəfə müxtəlif istirahət mərkəzlərimizdə dincələ bilərlər. Bu isə, həm onların ailə büdcəsinə uyğundur, həm də dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olması deməkdir. Odur ki, indidən yeni turizm mövsümünə hazırlıq işlərinə başlanılıb. Hər il olduğu kimi, bu il də bir sıra yeni turist marşrutları hazırlanıb. Turist şirkətləri üçün infoturlar təşkil olunub. Hesab edirəm ki, həmin marşrutlar turistlər tərəfindən də bəyəniləcək.

Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istərdim. Daxili turizmi təşviq etmək məqsədilə, turizm şirkətləri və hotellər arasında müsabiqənin keçirilməsi, eləcə də, qaliblərin mükafatlandırılmasını nəzərdə tutmuşuq. Hesab edirəm ki, belə tədbirlərin keçirilməsi turizm şirkətlərinin işinə daha da stimul verəcək.

- Nahid müəllim, gəlin səmimi olaq. Ölkəyə turistlərin cəlb olunmasında əsas faktorlardan biri lazımi infrastrukturun olmasıdır. Sizcə, hazırda ölkədə fəaliyyət göstərən hotellərin vəziyyəti qənaətbəxşdirmi? Burada turistlərə beynəlxalq standartlara uyğun xidmətlər göstərilirmi?

- Əvvəla qeyd edim ki, ötən əsrin 90-cı illərində və XXI əsrin əvvəllərində inşa olunan və fəaliyyətə başlayan bir sıra otellərin layihələri düzgün verilməyib və onların inşa olunduğu yerlər düzgün seçilməyib. Buna misal kimi, İçərişəhərdəki çoxsaylı hotelləri göstərmək olar. Bu hotellərə avtomobillərin gəlişi, çıxışı, dayanacaq və s. imkanlar məhduddur. Toxunmaq istədiyim digər bir məsələ isə fəaliyyətdə olan hotellərdə peşəkar kadrların qıtlıq təşkil etməsi, eləcə də, Azərbaycanın turizm potensialını təbliğ edən reklam və çap məhsullarının olmamasıdır. Bu hotellərdə demək olar ki, milli musiqimiz, milli yeməklərimiz, mədəniyyət və incəsənətimiz lazimi səviyyədə təbliğ olunmur. “Konsyerj” xidmətlərin (əlavə xidmətlər) çeşidi və keyfiyyəti aşağı səviyyədədi. Odur ki, AZTA öz səylərini bu kimi problemlərin aradan qaldırılmasına yönəldib. Belə hotellərin menecerləri və rəhbərləri bilməlidirlər ki, yalnız yüksək keyfiyyətli xidmət, beynəlxalq standartlara uyğun şəkildə fəaliyyətini quran hotellər rəqabətə dözə bilərlər.

Digər tərəfdən isə sevindirici haldır ki, ölkədə yüksək keyfiyyətli xidməti göstərən, işini beynəlxalq standartlara uyğun təşkil edən hotellərimiz çoxdur və bunların sayı ilbəil artır. Yeri gəlmişkən qeyd edim ki, Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasda yekun nitq söyləyən Prezident İlham Əliyev qeyd etdi ki, “Turizm ili”ndə təkcə Bakı şəhərində  5 beşulduzlu hotel istifadəyə veriləcək. Bundan əlavə, cari ildə regionlarımızda da beynəlxalq standartlara uyğun xidmətlər təklif edən bir neçə hotellər istifadəyə veriləcək. Xatırladım ki, bu yaxınlarda, “Turizm ili” elan edilməsi ilə bağlı, Mədəniyyət və Turizm Nazirliyində yaradılmış və AZTA-nın da təmsil olunduğu İşçi Qrupunun toplantısı keçirildi. Tərəfimizdən hazırlanan 30-a yaxın təklif İşçi Qrupuna təqdim olundu. Qeyd edim ki, bu təkliflərin 14-ü, məhz, mehmanxanaların fəaliyyətinə aid idi. Bunların sırasında hotel biznesinin inkişafı ilə əlaqədar Azərbaycan Turizm İnstitutunda hotelçilik fakültəsinin açılması, MDB, Avropa və dünyanın digər ölkələrində Azərbaycan turizminin inkişafının təbliği, hotel və restoran biznesində yeni texnologiyaların tətbiqi, turizm mütəxəssislərinə və turizm təhsili alanlara kömək məqsədilə AZTA-nın “Hotel” jurnalının nəşr olunması, turizm, hotel, restoran və ekskursiyaya aid dərs vəsaitlərinin hazırlanması, Mədəniyyət və Turizm Nazirliyinin yerli idarə və şöbələrinin köməyi ilə orta məktəb şagirdlərinin Bakıya və regionlara ekskursiyalarının təşkili, hotellər arasında müsabiqələrin, o cümlədən, hotel restoranlarında kulinariya müsabiqələrinin təşkili, milli yeməklərimizin təbliği və digərləri var idi. Hesab edirəm ki, bu təkliflərin reallaşması, Azərbaycan hotellərində göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə, eyni zamanda, ölkəyə turist axınının artmasına səbəb olacaq. Burada daha bir məqamı qeyd etmək istərdim. Məlum olduğu kimi, dövlət başçısının tapşırığı ilə Qusar rayonunda, Şahdağın ətəklərində Azərbaycanın turizm incilərindən biri - “Şahdağ” Qış-Yay Turizm Kompleksi inşa olunur. Möhtərəm Prezidentimiz ötən həftə kompleksdə 2 nömrəli kanat yolunun sınaq məqsədi ilə işə salınması mərasimində çıxışı zamanı qeyd etdi ki, yaxın illərdə burada bir sıra beynəlxalq standartlara uyğun hotel kompleksləri də tikiləcək. Düşünürəm ki, belə müasir hotellərin tikilməsi Azərbaycanın bir turizm ölkəsi kimi şöhrətini daha da artıracaq.

Son olaraq qeyd etmək istərdim ki, dövlət tərəfindən turizm sənayesinin inkişafı üçün bütün vacib olan şərait və hüquqi baza yaradılıb. Özəl sektorun da bu prosesə qoşulması Azərbaycanın turizm potensialını daha da gücləndirəcək və respublikamız dünyanın inkişaf etmiş turizm ölkələri sırasında öz layiqli yerini tutacaq.

 

 

Səlim LOĞMANOĞLU

 

Yeni Azərbaycan.- 2011.- 5 mart.- S.9.