Azərbaycan dövlətində
uğurlu qadın siyasəti həyata keçirilir
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr
müavini, YAP Siyasi Şurasının üzvü Sədaqət
Qəhrəmanova “www.yap.org.az” saytına müsahibə verib:
- Sədaqət xanım,
qarşıdan 8 Mart - Beynəlxalq Qadınlar Günü gəlir.
Bu bayram ərəfəsində istərdik ki, Azərbaycanda
gender siyasəti ilə bağlı məlumat verəsiniz.
Ümumiyyətlə, dövlətimizin qadın siyasəti
haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, gender məsələsi
cəmiyyətdə hər bir sahədə kişilərin və
qadınların bərabərliyinin təminatını
özündə ehtiva edir. İlk olaraq qeyd etmək istəyirəm
ki, Azərbaycanda qadınlar tarixin hər bir dönəmində
ağır, məsuliyyətli vəzifələrin yerinə
yetirilməsindən çəkinməyiblər. Hətta elə
qadınlarımız olub ki, onlar siyasi xadim kimi yüksək
diplomatik qabiliyyətə malik olub, qəhrəmanlıqları
ilə tarixin yaddaşına həkk olublar. Ulu öndər
Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycanın
inkişafında da kişilərlə qadınların rolu mən
deyərdim ki, eynidir. Təbii ki, cəmiyyətdə gedən
proseslərdə qadınların rolunun
artırılmasını təmin etmək üçün
dövlət səviyyəsində çox mühüm tədbirlər
həyata keçirilib və keçirilməkdə davam edir.
1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin Fərmanı
ilə yaradılan Qadın Problemləri üzrə Dövlət
Komitəsi ölkəmizdə gender bərabərliyi məsələsinə
dövlətin münasibətini əks etdirirdi. Daha sonra, bu bərabərliyin
daha da inkişaf etdirilməsi istiqamətində dövlət
siyasətinin həyata keçirilməsinə
başlanıldı. 2000-ci ilin martında Ulu öndərimiz
Heydər Əliyev tərəfindən dövlətimizin
qadın siyasəti, bu sahəyə daha çox diqqət
ayrılması ilə bağlı Fərman imzalandı. Bu Fərmanın
imzalanmasında əsas məqsəd Azərbaycan
qadınlarının ictimai-siyasi fəallığını
artırmaq, onların dövlət və digər strukturlarda təmsilçiliyini
daha yüksək səviyyədə təmin etməkdən
ibarət idi. Təbii ki, qeyd olunan bu siyasət Qadın Problemləri
üzrə Dövlət Komitəsi tərəfindən həyata
keçirilirdi. Bu gün isə artıq həmin siyasətin
daha genişləndirilmiş düsturu özünü
üç istiqamətin birləşdiyi Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
yaranmasında göstərir. Möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən 2006-cı ildə
yaradılan bu qurum qeyd olunan istiqamətlərdə siyasətin
inkişaf etdirilməsini təmin edir. Nəzərə almaq
lazımdır ki, qadın ictimai işlə məşğul
olmaqla yanaşı, anadır, övladlarına həm tərbiyə
verən, həm də onları cəmiyyətə təqdim
edən valideyndir. Bu baxımdan, qadının fəaliyyət
göstərdiyi ictimai sahə ilə ana olaraq üzərinə
düşən məsuliyyət paralel şəkildə
inkişaf etdirilməlidir, onlar bir-birilərinə mane
olmamalı, əksinə, kömək etməlidir. Bu səbəbdəndir
ki, Azərbaycanda qadınların ictimai fəaliyyətlə məşğul
ola bilməsi ilə əlaqədar ailədə hansısa
problemlərinin yaranmaması istiqamətində mühüm
siyasət aparılır. Biz regionlarımızda bu istiqamətlərdə
maarifləndirici proqramlar, tədbirlər həyata
keçiririk. Bu çox vacib bir məsələdir. Mən
xatırlayıram ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən
millət vəkilliyinə namizədliyim irəli
sürüldüyü zaman Ulu öndərimiz Heydər Əliyevlə
görüşüm olmuşdu və həmin
görüşdə Onun qadın siyasəti ilə
bağlı fikirləri mənim xatirimdə dərin izlər
buraxıb.
Hesab edirəm ki, qadınlar
vəzifələrə irəli çəkildiyi, ictimai məsuliyyətli
işlərə başladıqları zaman onların ailə
problemləri ilə maraqlanmaq lazımdır. Bu amil mütləq
şəkildə nəzərə alınmalıdır. Bizim
regionlarda keçirdiyimiz görüşlərdə də bu
məqam qırmızı xətlə vurğulanır ki,
qadınlar ictimai fəaliyyətlə məşğul olduqda
öz müqəddəs missiyalarını-analıq
missiyalarını unutmamalıdırlar.
- Bəs Azərbaycan qadınları
ictimai proseslərdə nə dərəcədə fəaldır?
- Ölkəmizdə gender
siyasəti olduqca uğurla davam edir. Bu uğurlar son bələdiyyə
seçkilərində bir daha özünü qabarıq şəkildə
göstərdi. Qadınların bələdiyyələrdə
təmsilçiyi 4 faizdən 27 faizə qədər artıb.
Bu qadınların ictimai fəaliyyətə
marağının artmasının göstəricisidir. Digər
tərəfdən, bu həm də, bizim komitənin yerlərdə
qadınlar arasında apardığı maarifləndirmə
işinin müsbət nəticəsi sayıla bilər.
Sevindirci haldır ki, artıq qadınlarımız öz
yaşadıqları kəndlərdə müəllimə, həkim
və ya hər hansı bir işdə işləməklə
yanaşı, bələdiyyələrdə təmsil
olunmağa da maraq göstərirlər. Bizim bələdiyyələrə
seçilən qadınlarımızla bu gün də
çox yaxşı əlaqələrimiz var, bu əlaqələri
davam etdiririk, onların problemləri ilə yaxından
tanış oluruq, müəyyən mənada dəstək
olmağa çalışırıq. Qadınların bələdiyyələrdə
təmsilçiliyi olduqca vacib məsələdir. Bu gün əgər
biz kəndlərdə qızlarımızın erkən
nigahı problemindən və ya kənddə yaşayan
qadınların ortaya çıxan problemlərindən, o cümlədən,
kəndlərdəki sosial problemlərdən
danışırıqsa, sözügedən
çatışmazlıqların aradan qalxmasında həmin
qadınların böyük rolu ola bilər.
Ölkəmizdə keçirilən sonuncu parlament seçkisinin nəticələrinə əsasən də qadın millət vəkillərimizin sayının artdığını müşahidə etdik. Bəzən gender balansı dedikdə həmin anlayışı yarı-yarıya kimi qavrayırlar. Bu heç də belə deyil. Məsələyə kompleks şəklində yanaşılmalıdır. Əsas odur ki, qadınlar ictimai fəaliyyətlə məşğul olmağı tam varlıqları ilə istəsinlər, öz işlərinə can yandırsınlar. Bu istək olduğu halda həmin qadın həm evindəki analıq, həyat yoldaşı olmaq kimi məsuliyyəti tam həyata keçirər, həm də tutduğu postda öz işini uğurla icra edər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, hər bir dövlət postu qadın üçün ikiqat məsuliyyətdir. Bu baxımdan, gender məsələsinə incə yanaşma sərgilənməlidir.
- Azərbaycanın bu yöndə həyata keçirdiyi siyasət beynəlxalq təşkilatlar tərəfindən necə dəyərləndirilir?
- Bu gün beynəlxalq aləmdə də gender, qadın məsələsinə çox güclü diqqət yetirilir. Azərbaycan dövləti bu istiqamətdə beynəlxalq təcrübə ilə yaxından tanış olub, biz qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya üzv olmuşuq, hər 4 ildən bir BMT-nin müvafiq komitəsi qarşısında hesabat veririk. Təsadüfi deyil ki, artıq BMT kimi nüfuzlu bir beynəlxalq təşkilat Azərbaycanı inkişaf edən dövlət kimi görür və bu dövlətdə qadınlara qarşı münasibətin yüksək olmasını təqdir edir. Yeri gəlmişkən, bizim sonuncu, dördüncü hesabatımız da qurum tərəfindən çox yüksək qiymətləndirilib. Həmin hesabatın ardından bizə yeni tövsiyələr də verilib.
- Bu sahə ilə bağlı mövcud qanunvericilik bazasını necə qiymətləndirmək mümkündür?
- Öncə vurğulamaq istəyirəm ki, gender bərabərliyi məsələsi araşdırılması zəruri olan böyük bir elmdir. Azərbaycanda gender bərabərliyi məsələsi ilə bağlı yüksək səviyyədə tədbirlərin həyata keçirilməsi təsadüfi deyil. Bir müsəlman ölkəsi olaraq qadınlar və kişilər arasında sosial bərabərlik məsələsi bizim dinimizdən başlayır. Allahın insanlara bəxş etdiyi müqəddəs kitabların sonuncusu olan “Qurani-Kərim”də ailəyə və qadına çox yüksək dəyər verilib. Hətta qadınların cəmiyyətdə və ailədəki rolu ilə bağlı ayrıca surə də var. Bu gün İslamdan danışarkən bəzi hallarda qadınlara müəyyən qadağaların qoyulduğunu söyləyirlər, bu belə deyil. Sadəcə, dinimizə elmi cəhətdən yanaşılsa, gender bərabərliyinin əsasının oradan gəldiyini görərlər. Bu baxımdan, elm adamları, QHT nümayəndələri, o cümlədən, dinə bağlı olan insanlarımız bu məsələyə daha dərindən yanaşmalı, daha elmi mövqe nümayiş etdirməlidirlər. Bu gün Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında gender bərabərliyi haqqında qanun qəbul olunub. Ötən il isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib. Gender bərabərliyi bilavasitə cəmiyyətdə kişi və qadın bərabərliyinin təmin olunmasına xidmət edirsə, məişət zorakılığı ilə bağlı qanun müəyyən stereotiplərin qarşısının alınmasında əhəmiyyətli rola malikdir. Hesab edirəm ki, bu qanunların təsdiqi, onların həyata keçirilməsi cəmiyyətdə mövcud olan stereotiplərin aradan qalxmasına böyük imkanlar yaradacaq.
- Dövlət Komitəsi ardıcıl olaraq bölgələrdə qadınlarla görüşlər keçirir. Aparılan maarifləndirmə işləri hansı səviyyədədir?
- Qeyd etdiyim kimi, 2000-ci ildə əsası qoyulan dövlət qadın siyasətinin həyata keçirilməsi ilə bağlı fərman gender bərabərliyinin ölkəmizdə təminatının təməlini qoydu. O zaman hələ bu məsələ ilə bağlı xüsusi qanun qəbul olunmamışdı. Bu gün qadınlarımızın istər dövlət, istərsə də digər strukturlarda təmsilçiliyi mövcuddur. Cəmiyyətdə müəyyən stereotiplər, fərqli yanaşmalar var ki, onların hamısını aradan qaldırmaq olduqca çətindir. Bunun üçün davamlı iş aparmaq lazımdır. Bu baxımdan, regionlarda maarifləndirmə işləri daha da gücləndirilib, bölgələrdə insanlarla görüşürük. Digər tərəfdən, aparılan maarifləndirmə proqramlarında hədəflərin seçilməsi də vacib şərtdir. Bu hədəflər düzgün seçilməlidir. Bəzi hallarda bu müzakirələr həmin problemi bilən insanlarla aparılır, yəni, özümüz özümüzlə diskussiya edirik. Problemdən çıxış yolunun həlledici variantının seçilməsi üçün görüşlərin kəndlərdə keçirilməsi qərarına gəlmişik. Problemlə yaxından tanış olmaq, ondan çıxış yolu tapmaq üçün mütləq kəndlərdə yaşayan qadınlarla görüşmək lazımdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu gün gənc ailələrdə gender nöqteyi-nəzərdən yaranan fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində iş aparır. Ümumiyyətlə, maarifləndirmə məsələsi o qədər incə bir məsələdir ki, auditorya genişləndirilməlidir. Biz regional televiziyalar vasitəsilə təbliğat kampaniyaları aparırıq, fikirlərimizi bölgələrdə yaşayan insanlarla bölüşürük.
- Bu maarifləndirmə tədbirləri nə dərəcədə effekt verir?
- Əlbəttə ki, tədbirlərimiz müsbət nəticələr verir. Əgər beş il öncə regionlarda apardığımız görüşlərdə passiv auditoriya ilə qarşılaşırdıqsa, bu gün əksinə, keçirdiyimiz görüşlərdə dinləyici rolunda çıxış edirik. Yəni, artıq qadınlarımız problemlərdən danışırlar. Bütün sahələr üzrə qadınların təşkilatlanması prosesi olduqca intensiv şəkil alıb, regionlarda qadın sahibkarların assosiasiyası yaradılıb. Yəni, artıq bölgələrdə fəal qadınlar yetişir. Vətəndaş cəmiyyəti səviyyəsində inkişaf olduqca yüksək səviyyədədir, qadınlar təşkilatlanırlar. Bu gün biz qadınlarımızın ayrı-ayrı istiqamətlərdə QHT-lərdə birləşdiklərini, ümumi bir problemin həllində yaxından iştirak etdiklərini görürük. Belə demək mümkündürsə, problemin həlli istiqamətindəki ideyalar mərkəzdən regionlara köçür və bu məsələlər orada inkişaf etdirilir. Hətta kəndlərdə fəal qadınlar tərəfindən müəyyən təşəbbüslər irəli sürülür. Aparılan işin də nəticəsi budur. Demək qadınlarda artıq özünəinam yaranıb. Biz hər il TQDK ilə iş aparırıq və rayonlardan ali məktəblərə qəbul üçün sənəd verən qızlarımızın sayı ilə maraqlanırıq. Bəzi rayonlarda qızların sayı oğlanların sayını üstələyir. Bunların hamısı o deməkdir ki, apardığımız iş öz bəhrəsini verir.
- Dövlət Komitəsinin qadın məsələləri ilə məşğul olan QHT-lərlə əməkdaşlığı hansı səviyyədədir?
- Bu gün Azərbaycanda qadın problemləri üzrə ixtisaslaşmış təxminən 90 QHT fəaliyyət göstərir. Bu təşkilatların hər biri ayrı-ayrı istiqamətlər üzrə layihələr həyata keçirirlər. Bu layihələr çoxşaxəlidir. Onların arasında qaçqın və köçkün düşmüş, əsir və ya girovluqda olan qadınlarla bağlı layihələr də var. Bununla yanaşı, gənc qızlarla bağlı, onların təhsil almaları üçün həyata keçirilən layihələr də mövcuddur. Bu gün həmin layihələri həyata keçirən təşkilatlara da dövlət tərəfindən yüksək səviyyədə dəstək verilir, onlara maliyyə dəstəyi ayrılır. Həmin təşkilatlar öz layihələrini Dövlət Komitəsi ilə birgə həyata keçirirlər. Bu QHT-lərin bəziləri bir sıra beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq həyata keçirirlər. Komitəmiz bu məsələləri diqqət mərkəzində saxlayır.
Yeni Azərbaycan.- 2011.- 5 mart.- S.8.