“Azərbaycan Respublikası
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin saytı təqdim edilib
Elnur Aslanov: Saytda erməni dilində materialların yerləşdirilməsi
tolerantlığımıza sübut, Dağlıq
Qarabağda ermənilərlə birgə yaşamağa
hazır olmağımız barədə dünya ictimaiyyətinə
mesajımızdır
Dünən “Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin “Karabakh.az.” saytı təqdim
olunub. Prezident Administrasiyası və Nazirlər Kabineti
nümayəndələrinin, Milli Məclisin
deputatlarının, İctimai Birliyin idarə heyəti
üzvlərinin, YAP Gənclər Birliyi, “İrəli”
İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqı təmsilçilərinin iştirak etdiyi tədbirdə
icmanın rəhbəri, Şuşa rayon İcra hakimiyyətinin
başçısı Bayram Səfərov saytın məqsəd
və məramı barədə məlumat verib.
Azərbaycan Prezidenti
Administrasiyası Siyasi təhlil və informasiya təminatı
şöbəsinin müdiri Elnur Aslanov bir neçə
gün əvvəl “Soyqırımı: Qaradağlı”,
“Qaçqın Anar Usubovun uzun səyahəti” filmlərinin təqdimatına
həsr olunmuş mərasimləri xatırladıb, belə tədbirlərin
əhəmiyyətini vurğulayıb və bildirib ki, həmin
filmlər ABŞ, İsrail və Almaniya ictimaiyyətinə də
təqdim olunub.
Elnur Aslanov deyib ki, xarici
ölkələrdən şöbəyə daxil olmuş
müraciətlərdən birində Xocalı faciəsi ilə
yanaşı, Sumqayıt hadisələrinin də
unudulmaması tövsiyə edilir. Çünki ermənilər
həmin hadisəni dünya ictimaiyyətinə tamamilə fərqli,
təxribatçı mövqedən, təhrif olunmuş şəkildə
çatdırırlar. Dünya ictimaiyyəti ilə bərabər,
gənc nəslin dolğun məlumatlandırılması
ümdə vəzifədir. İnformasiya
texnologiyalarının geniş yayıldığı indiki
dövrdə bu saytın yaradılması faydalı təşəbbüsdür
və Azərbaycan Prezidentinin qarşıya qoyduğu “Biz
informasiya müharibəsində qalib gəlməliyik” vəzifəsinin
yerinə yetirilməsinə töhfə olacaq. Sayt təkcə
icma barədə yox, həm də Qarabağ, onun mədəniyyəti,
coğrafiyası, tarixi haqqında məlumat almaq istəyənlər
üçün zəngin mənbə rolunu oynayacaq. Onun Azərbaycan,
ingilis və erməni dilində olması
alqışlanmalıdır. Saytda erməni dilində
materialların yerləşdirilməsi
tolerantlığımıza sübut, Dağlıq
Qarabağda ermənilərlə birgə yaşamağa
hazır olmağımız barədə dünya ictimaiyyətinə
mesajımızdır.
Prezident
Administrasiyasının şöbə müdiri müdafiə
sənayemizin inkişafı ilə əlaqədar son günlər
TV-də gedən süjetləri xatırladaraq
vurğulayıb ki, Azərbaycan inkişaf edir, gündən-günə
qüdrətlənir. Ermənistanın itkiləri isə bu
dövlətin yeritdiyi siyasətin məntiqi nəticəsidir.
Ermənilər tez-gec zəbt etdikləri Azərbaycan
torpaqlarından çəkilib sülh sazişini imzalamağa
məcbur olacaqlar.
Natiq vurğulayıb ki, yeni
sayt informasiya müharibəsində atdığımız
addımlardan biridir. Saytın sosial şəbəkələr
vasitəsilə yayılması üçün tədbirlər
görülüb. Əminəm ki, sayt siyasətçilər,
ümumiyyətlə regionla maraqlananlar üçün zəngin
məlumat mənbəyi olacaq. Bu saytı təkcə oxumaqla
kifayətlənmək olmaz, həm də oradakı
materialları sosial şəbəkələr vasitəsilə
dostlara göndərmək lazımdır. YAP Gənclər
Birliyi, “İrəli”, Azərbaycan Tələbə Gənclər
İttifaqları təşkilatı bu sahədə fəallıq
nümayiş etdirməlidirlər. Ona nail olmalıyıq ki,
tanınmış xarici siyasətçilər, analitiklər
Azərbaycana bizə lazım olan məlumatlarla silahlanıb gəlsinlər.
E.Aslanov məlumat verib ki, Fransada təhsil alan soydaşlarımızdan birindən alınmış məktubda o, saytın materiallarını fransız dilinə çevirməyə hazır olduğunu bildirib. Bu saytın fəaliyyətində bütün azərbaycanlılar iştirak etməlidirlər. Çıxışının sonunda Prezident Administrasiyasının rəsmisi saytın rus versiyasının da vacibliyini qeyd edib.
Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Fərhad Məmmədov sayt, onun strukturu haqqında ətraflı məlumat verib. Bildirib ki, yuxarıda adları çəkilən filmlər, “180 yaşlı Şuşa məktəbi” kitabı da sayta yerləşdirilib. Burada Qarabağın rəmzi olan qala və məscidlərin, alban kilsələrinin fotoşəkillərindən geniş istifadə olunub, “Muğamradio”nun banneri verilib. Sayğac isə Qarabağın işğalından keçən günlərin sayını göstərir. Əsas siyasi sənədlər erməni dilinə də tərcümə olunub.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov təklif edib ki, saytdan “www.sumqait.com” saytına keçid də mümkün olsun.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov tövsiyə edib ki, saytda yerləşdiriləcək materiallar əvvəlcədən ətraflı yoxlanılsın, faktlar dəqiqləşdirilsin. O, saytın fəaliyyətinə uğurlar arzulayıb.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev əmin olduğunu bildirib ki, sayt icmanın fəaliyyətinə yeni təkan verəcək. O, torpaqlarımızın geri qaytarılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, icmanın fəaliyyətinə şərait yaradılması üçün dövlət başçısına minnətdarlığını bildirib. Arzu edib ki, gənclərimiz xaricdəki gənc soydaşlarımızla ünsiyyəti canlandırsınlar.
İdarə heyətinin üzvü, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov diqqəti cəmiyyətimizin Qarabağ barədə məlumatlandırılmasının vacibliyinə yönəldib. Yeni saytın bu sahədəki boşluğu dolduracağına, həqiqətlərimizin dünyaya çatdırılmasında böyük rol oynayacağına əminliyini ifadə edib.
Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov saytın fəaliyyətinə uğurlar arzulayıb, yaradıcılarına təşəkkür edib, saytın təbliğində Təhsil Nazirliyinin fəaliyyətini canlandıracaqlarına ümidvar olduğunu bildirib. Təklif edib ki, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından bəhs edən və bir neçə dildə səsləndirilən film də saytda yerləşdirilsin. Digər çıxış edənlər də arzu və təkliflərini söyləyiblər.
Yeni Azərbaycan.- 2011.- 5 mart.- S.2.