Azərbaycanın dövlət
müstəqilliyini əldə etməsi xalqımızın
tarixi nailiyyətidir
XX əsrin 60-70-ci illərindən başlayaraq, dünya miqyasında imperialist idarəçiliyinə qarşı mübarizə dalğası milli dövlətlərin formalaşması kimi məntiqi sonluğa doğru irəliləməyə başlamışdı. Hantinqton, Toffler və digər mütəfəkkirlər bu tendensiyanı demokratikləşmə dalğası kimi təsvir etsələr də, ümumilikdə bunu xalqların azadlıq hərəkatı hesab etmək olar. Çünki 70-ci illərdə İspaniyada, Portuqaliyada və digər Avropa ölkələrində avtoritar idarəçiliklərin ləğv edilərək xalq hakimiyyətlərinin qurulması özünün domino effektini göstərməklə, 80-ci illərdə də digər xalqların oyanışına təkan vermişdi. Artıq ikiqütblü dünyanın, ideoloji və siyasi-iqtisadi sistemlərin qarşıdurmasından əziyyət çəkən xalqlar milli dövlət qurmaq arzusu ilə imperialistlərin hegemoniyasına qarşı etiraz səsini ucaltmağa başlamışdı. Bu proses əlbəttə ki, totalitar siyasi sistemin, planlı iqtisadiyyatın, polis terrorunun və ideoloji məhdudiyyətlərin olduğu “Xalqlar həbsxanasında” - keçmiş SSRİ-nin ərazisində də başlamışdı.
“Politbüro”nun Heydər Əliyevə mane olmaq cəhdləri nəyə xidmət edirdi?
SSRİ daxilindəki müxtəlif rıçaqlar vasitəsilə mərkəzə bağlanılmış xalqlar artıq mərkəzin siyasətinin əsas məğzini başa düşdükləri üçün ayrılmağa qərar vermiş və hərəkatlara başlamışdılar. İlk olaraq, Baltikyanı dövlətlərin müstəqilliklərini elan etməsi imperiya ərazisindəki digər xalqların mübarizə ruhunu daha da alovlandırmışdı. Əlbəttə ki, müstəqillik əldə etmək istəyi digər siyasi məkanlardan fərqli olaraq, SSRİ-də xalqların çox böyük itkilər verməsi ilə nəticələnmişdi.
Çünki hələ 1985-ci ildən başlayaraq, “Yenidənqurma” planları əsasında avtoritar idarəçiliyi perspektivi bilinməyən, siyasi idarəçiliyə transformasiya etmək istəyən Qorbaçovun komandası, əslində, xalqlararası, etnoslararası müharibələrə, torpaq iddialarının ortaya atılmasına rəvac vermişdi. SSRİ xüsusi xidmət orqanları imperiya xalqlarının daim qarşılıqlı mübarizə şəraitində saxlanılması üçün çirkin planlar işləyib hazırlamışdı. Moldovada Dnestryanı, Ukraynada Krım və Zakarpatye, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Azərbaycanda Dağlıq Qarabağ, Orta Asiyada isə bütün dövlətlərin bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməsi həmin planların əsas elementlərini təşkil etmişdi.
Əlbəttə ki, dünyada baş verən qlobal ictimai-siyasi proseslər fonunda milli-azadlıq hərəkatları XX əsrin əvvəllərində SSRİ imperiyasının tərkibinə silahlı müdaxilə nəticəsində qatılmış Azərbaycandan da yan keçməmişdi. Amma çox təəssüflər olsun ki, bəlkə də, SSRİ ərazisində bu tendensiya çərçivəsində ən çox itkiyə məruz qalan da elə Azərbaycan oldu. Çünki mərkəzin SSRİ-ni müxtəlif siyasi və hərbi vasitələrdən istifadə etməklə qoruyub saxlamaq və ermənilərin Azərbaycanın torpaqlarını işğal etmək istəyi ölkəmizə və xalqımıza qarşı böyük fəlakətlər yaşatdı. Təbii ki, biz bu məsələləri təhlil edərkən, Qorbaçovun və ermənilərin ayrı-ayrı planlar əsasında hərəkət etdiklərini deyə bilmərik. Ona görə ki, həm Azərbaycan xalqına qarşı qırğın planları, həm də Dağlıq Qarabağın işğal edilməsi ssenarisi bir mərkəzdə hazırlanmışdı və işə salınmışdı...
Qeyd edək ki, o zaman ermənilər müxtəlif resurslardan istifadə edərək, mərkəzdəki dəstəkçilərinin də yardımı ilə Qarabağın ilhaq edilməsi və Azərbaycan torpaqları hesabına Ermənistan ərazisinin genişləndirilməsi üçün ciddi səylər ortaya qoyurdurlar. Təbii ki, SSRİ rəhbərliyində bu işə Qarabağın ermənilərə verilməsi planlarını alt-üst edə biləcək yeganə siyasətçi Ümummilli lider Heydər Əliyevin vəzifədən kənarlaşdırılması ilə başlandı. Ona görə ki, Heydər Əliyev Azərbaycan xalqını bu planlardan qoruya biləcək yeganə siyasi avtoritet və lider idi. Əgər Heydər Əliyev həmin zamanlarda siyasi hakimiyyətdə qalsaydı, nə Əsgəran faciəsi, nə Sumqayıt hadisələri, nə 20 Yanvar, nə Xocalı soyqırımı, nə də ki, Dağlıq Qarabağın işğalı baş tutmayacaqdı.
Məhz bu məqsədlə də, ermənilər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması üçün xüsusi kampaniya işə salmışdılar. Həmin vaxt erməni separatçıları Karen Dəmirçiyanın da köməyindən istifadə etmişdilər. Ancaq belə kiçik qüvvə ilə Heydər Əliyevə qalib gəlmək mümkün olmadığı üçün bu prosesə SSRİ rəhbərliyində mühüm postlar tutmuş Aqanbekyan, Sitaryan və nəhayət, xaricdəki nüfuzlu erməni lobbisinin nümayəndələri də qoşularaq M.Qorbaçovu da məsələyə cəlb edə bilmişdilər. Beləliklə də, 1987-ci ilin yayında Heydər Əliyevi vəzifədən kənarlaşdırdılar və həmin ilin oktyabrında O, Siyasi Bürodan rəsmi olaraq istefa verməyə məcbur edildi. Həmin vaxt Dəmirçiyan siyasi karyerasına son qoyulmuş əsas rəqibin vəzifədən uzaqlaşdırılması ilə bağlı sevincini gizlədə bilməmişdi. Tomas de Vaal “Qara bağ” əsərində yazır ki, ümumi bir tanış Dəmirçiyanın ürək sözlərini bu cür ifadə etmişdi: “Qarabağ hərəkatının başlanmasına qədər biz əsas işi - Heydər Əliyevi SSRİ rəhbərliyindən kənarlaşdıra bildik. Bu çox vacib idi”.
Yeri gəlmişkən,
qeyd edək ki, Ulu öndər Heydər Əliyevə
qarşı təxribatlar, Ona mane olmaq cəhdləri bununla da
bitmirdi. O zaman Azərbaycana rəhbərlik edən SSRİ-nin
“əl buyruqçuları” ciddi cəhdlərlə Heydər Əliyevin
Azərbaycana qayıtmasına mane olur, mərkəzdən
aldıqları təlimatlarla bu dönüşü əngəlləməyə
çalışırdılar. Sadəcə, Bakıda və
Naxçıvanda bu məqsədlə törədilmiş
müxtəlif təxribatları sadalamaq bunu sübuta yetirir.
Xalq hərəkatı proseslərə
dinamizm verən əsas güc kimi
Bu planla paralel olaraq, erməni separatçıları “Daşnaksütyun” radikal-millətçi partiyanın terrorçu üzvlərilə əlaqəyə girərək, Dağlıq Qarabağa silah gətirilməsinə də nail olmuşdular. Hətta 1986-cı ildə silahların ilk partiyası artıq separatçıların əlində idi. Çexiya istehsalı olan yüngül atıcı silahların gətirilməsi sonradan adi hal aldı. Bütün erməni qruplaşmaları Dağlıq Qarabağ hərəkatının başladığı vaxtda tam silahlı idi. Bununla, ermənilər ehtiyat plan kimi müharibəyə hazırlaşırdılar...
Bütün hazırlıqlardan sonra ilhaq məsələsi siyasi müstəviyə gətirildi. Artıq Dağlıq Qarabağda hadisələr getdikcə kəskinləşirdi. Ermənilər bilərəkdən təxribatlara yol verir və çalışırdılar ki, etnik qarşıdurma başlasın.
Belə ki, 1988-ci ilin 13 fevralında Xankəndində bir qrup erməni sanksiyalaşdırılmamış aksiya keçirdi. Meydana yığılmış bir neçə yüz erməni Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdi. Mitinqçiləri isə yerli milislər əhatəyə almışdılar.
Qeyd edək ki, bu mitinq də reallaşdırılan vahid planın tərkib hissəsi kimi həyata keçirilirdi. Nədənsə, həmin mitinqin keçirilməsi Moskvadan səfərdən qayıtmış erməni ziyalılarının Qarabağa gəldiyi vaxta “təsadüf” edirdi. Ziyalı nümayəndə heyətinin rəhbəri Janna Qalstyan çıxış edərək, ermənilərin separatçı əməllərinə haqq qazandırdı. Bundan sonra isə, kütlə arasında ermənicə “miatsum” (birlik) sözləri eşidilməyə başlandı.
Məlumat üçün bildirək ki, bədnam iqtisadçı akademik A.Aqanbekyan və Fransa erməniləri də bu məsələdə təxribatçı rolunu oynayırdılar. Bundan bir həftə sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Soveti hadisələrin dramatikləşməsinə səbəb olacaq qərarı vermək üçün işə başladı. 1988-ci ilin 20 fevralında DQMV-nin Xalq Deputatlar Soveti Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibindən çıxarılaraq Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərarı qəbul etdi. Sessiyada iştirak etmiş 110 erməni deputat yekdilliklə sənədə səs verdilər. Məlumat üçün bildirək ki, həmin dövrdə Dağlıq Qarabağda yalnız ermənilər yaşamırdı. Həmin zaman bölgə əhalisinin yarıdan çoxunu azərbaycanlılar təşkil edirdi. Şuşanın əhalisinin 90 faizi isə azərbaycanlı idi. Məhz bu faktı nəzərə alaraq, ermənilər xüsusi plan üzrə hərəkət edirdilər. Xalq Deputatları Sovetinin verdiyi qərar səhərki qəzetlərin manşetlərində yer almışdı. Bu isə azərbaycanlılarda narazılıq doğururdu. DQMV Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə birləşməklə bağlı qərarından 2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayon sakinləri dinc nümayiş keçirdilər. Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci - 23 yaşlı Əli Hacıyevi və 16 yaşlı Bəxtiyar Quliyevi qətlə yetirdilər.
1988-ci ilin 22 fevralında ilk qanın tökülməsini SSRİ-nin baş prokurorunun birinci müavini F.Katusev Mərkəzi Televiziyada çıxışı zamanı etiraf edib. İki azərbaycanlı gəncin erməni və azərbaycanlı icmalar arasındakı savaşın ilk qurbanı olması və ilk qətli ermənilərin törətməsi ilə bağlı mötəbər mənbələr az deyil. İki gəncin intiqamını almaqdan ötrü Ağdamdan Xankəndinə yürüşə gedən, daş və ağacla silahlanmış ağdamlı gənclərin qarşısını Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova yaylığını yerə atmaqla alıb. Fevralın 22-də Dağlıq Qarabağda, Əsgəranda ermənilərin tökdüyü ilk qan 6 gün sonra Sumqayıtda onların növbəti fitnəsinə başlanğıc oldu. Sumqayıtda ermənilərə qarşı zorakılığı və qətlləri də elə ermənilər özləri törətdilər. Məqsəd isə hadisələri gərginləşdirmək, dialoqa gedəcək körpüləri yandırmaq idi.
Azərbaycanın həm ermənilər, həm imperiya
rəhbərliyi tərəfindən təhdid və təhqirlərə
məruz qalması xalqın etirazını daha da
alovlandırmışdı. Artıq minlərlə azərbaycanlı
milli-azadlıq hərəkatına qoşularaq meydanlarda Azərbaycanın
haqqını tələb etməyə
başlamışdı. SSRİ rəhbərliyi isə
Litvada, Almatıda, Tbilisidə sınaqdan keçirdiyi metoddan
Azərbaycanda da istifadə etmək qərarına gəldi və
1990-cı ildə qanlı 20 Yanvar faciəsini törətdi.
Bununla Azərbaycan xalqının milli-azadlıq hərəkatını
boğacağını düşünən Qorbaçov və
onun ətrafı çox böyük səhvə yol
vermişdi. Bu qanlı faciədən sonra Azərbaycan
xalqı azadlıq, milli dövlətçilik uğrunda daha
mübariz oldu və 1991-ci ildə bu istəyinə nail oldu.
Beləliklə, Azərbaycan xalqı o dövrün qlobal
prosesləri şəraitində müstəqillik əldə
etdi. Buna baxmayaraq, xalq hərəkatı Azərbaycanın
müstəqilliyinə gedən yolda çox önəmli
rolun sahibi, proseslərə dinamizm verən əsas güc kimi
çıxış etmişdi.
Totalitarizmdən neototalitarizmə, yaxud “marionetka”ların
imperiya təəssübkeşliyi
Beləliklə, 1991-ci ildə
nəhəng geosiyasi vahid olan və tərkibində 15
respublikanı birləşdirən SSRİ-nin iflasından
sonra yeni yaranmış müstəqil dövlətlərin, o
cümlədən, Azərbaycanın qarşısında
çox ciddi vəzifələr dururdu. Belə
ki, ilk növbədə, formal müstəqillik əldə
etmiş dövlətin təməl komponentləri və
atributları formalaşdırılmalı, dirçəldilməli,
daha sonra isə ictimai, siyasi, ideoloji və iqtisadi münasibətlər
sisteminin substratlarını müəyyənləşdirəcək
sistem-struktur islahatları həyata keçirilməli idi.
Ümummilli liderimiz Heydər Əliyevin də
qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə
qədər çətindirsə, onun saxlanılması,
daimi, əbədi olması bundan da çətindir. Bunun
üçünsə, ilk növbədə, uzun müddət
SSRİ mühitində və şəraitində dominant
(başqa sözlə, vahid) ideologiya və idarəetmə
rejimi olan totalitarizmin qalıqlarından (əslində,
hökmranlığından) qurtulmalı, ideoloji-siyasi rejim
transformasiyasını milli münasibətlər sisteminə və
mövcud duruma müvafiq olaraq həyata keçirməli,
ictimai-siyasi münasibətləri yeni şəraitə
uyğun formada tənzimləmək üçün sosial
strukturlar və siyasi təsisatların fəaliyyətinə
legitim şərait yaradılmalı, milli identiklik və
özünüdərk üçün təməl komponent və
mexanizm olan universal ideoloji formula - milli ideologiya
formalaşdırılmalı, ondan siyasi-ideoloji və etno-siyasi
bütövlüyü təmin edəcək resurs qismində
istifadə edilməli, cəmiyyətdaxili inteqrasiya prosesi
sürətləndirilməli, sosial stratifikasiyalararası
ictimai münasibətlər sağlam dəyərlər əsasında
təşkil edilməli və nəticə etibarilə
qeyri-formal milli dövlət quruculuğu prosesi tədrici
transformasiya fonunda davam etdirilməli idi. Bütün
bunlara real əlverişli zəmin yaradacaq başlıca amil isə
özündə yeni və daha təkmil struktur elementlərini,
sağlam milli münasibətləri birləşdirən,
ehtiva edən siyasi sistemin təşəkkül tapması idi.
Belə ki, bunun üçün rasional seçim
strategiyası əsasında ictimai-siyasi təsisatlanma prosesi
formalaşdırmalı, bu, tendensiya halını almalı,
ictimai, siyasi, hüquqi, informativ, normativ resurslar sistemindən səmərəli
istifadə mexanizmi təşəkkül tapmalı, idarəetmə
forması və onun xüsusiyyətlərində kardinal
reformativ dəyişikliklər edilməli, sərvətlərin
simmetrik bölgüsü həyata keçirilməli və bu
kimi bir çox fundamental səciyyə daşıyan vəzifələr
həyata keçirilməli idi. Bununla da, təşəkkül
tapmış siyasi sistemin fonunda milli dövlət və yeni cəmiyyət
quruculuğu prosesinin əsası qoyulmalı və bu tendensiya
real şəraitin qanunauyğunluqlarına və tələblərinə
müvafiq surətdə davam etdirilməli idi...
Beləliklə, bütün
bu vəzifələrin yerinə yetirilməsi yeni müstəqillik
əldə etmiş Azərbaycan dövlətinin
siyasi-hüquqi əsaslarının təşəkkül
tapması və davamlı xarakter alması, tendensiya
halını almış kataklizmlərin
neytrallaşdırılması və aradan
qaldırılması, sistem transformasiyasının milli
münasibətlərə və mövcud dəyərlərə
müvafiq surətdə həyata keçirilməsi
üçün xüsusi önəm kəsb edirdi. Burada əsas məsuliyyət isə o zamanki ölkə
rəhbərliyinin üzərinə düşürdü.
Amma müstəqilliyin ilk illərində ölkəyə “rəhbərlik”
edən qüvvələrin totalitar təfəkkürlə hərəkət
etmələri və xarici imperialist güclərin
maraqlarına xidmət etmələri nəinki qeyri-formal milli
dövlət quruculuğunun həyata keçirilməsini
mümkün etmədi, eləcə də, ölkəni fərqli
korporativ maraqlara malik olan subyektlərin mübarizə
meydanına və ideoloji poliqonuna çevirdi. Bunun
fonunda ictimai-siyasi münasibətlərdə meydana
çıxan xaos daha da dərinləşdi və kataklizmlər
bütün sahələrə sirayət etdi. Bunun təməlində duran əsas amil isə qeyd
etdiyimiz kimi, hakimiyyətdə olan qüvvələrin sistem
transformasiyası vəzifəsinin əksinə mövqe sərgiləmələri,
yəni, birpartiyalı idarəetmə sisteminə əsaslanan
totalitar rejimin saxlanılması yönündə mövqe
tutmaları idi. Həmin qüvvələr
Azərbaycanı idarəetmə xüsusiyyətlərinə
görə fiaskoya uğrayan imperiyanın kiçik ideoloji
modeli kimi mühafizə etmək niyyətlərini gizlətmirdilər.
Daha doğrusu, bəhs edilən “marionetka”lar
imperialist güclərin tapşırıqlarına əsasən
hərəkət etməklə Azərbaycanın müstəqilliyini
sual altına almaqdan çəkinmirdilər. Bu ərəfədə
bəhs edilən niyyəti bariz surətdə sübut edən
əsas dəlil 1991-ci il martın 17-də
SSRİ-nin saxlanmasına münasibəti öyrənən
referendumun keçirilməsinə və onun nəticələrinə
yönəlik Azərbaycan hakimiyyətinin sərgilədiyi
mövqedir. Belə ki, o dövrdə Azərbaycana
rəhbərlik etmiş Ayaz Mütəllibov komandası bu
referenduma dəstək verməklə Azərbaycanın
müstəqil dövlətçilik niyyətlərini
puç etmək və ölkəni ənənəvi surətdə
imperialist güclərin müstəmləkəsinə
çevirmək niyyətində olan qüvvələrə
razılıq vermiş oldu. Bu fakt o zamanki
ölkə rəhbərliyinin müstəqillik və milli
dövlət quruculuğu prosesinə yönəlik
reaksiyasını bir daha nümayiş etdirdi. Yəni, sözügedən qüvvələr Azərbaycanın
qeyri-formal müstəqilliyinə və onun davamlı xarakter
almasına qarşı aşkar mövqedən
çıxış etdilər. Bunun sayəsində isə
totalitar idarəetmə sistemi və onun neqativ nəticələri
ölkədə hökm sürən kataklizmlərin daha kəskin
xarakter almasına və siyasi sistemin təşəkkül
tapması vəzifəsinin “baltalanması”na
səbəb oldu...
Amma
bütün bu mənfi hal və tendensiyalara baxmayaraq, Azərbaycan
xalqı imperiyanın bərpası və sonradan formal müstəqilliyin
davam etdirilməsi cəhdlərinə qəti etirazını
nümayiş etdirdi. Belə ki, ilk növbədə
Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev
imperiyanın qorunub saxlanmasına çalışan qüvvələrə,
Kommunist Partiyasına və SSRİ-yə etirazını
bildirdi. 1991-ci il iyulun 19-da Kommunist
Partiyası sıralarını tərk edən Heydər Əliyev
Azərbaycanın rəhbərliyini xalqın haqlı tələblərini
dinləməyə, Kommunist Partiyasının totalitar idarəçiliyinə
son qoymağa çağırdı. Amma ölkə
rəhbərliyinin antimilli mövqeyi davam etdi və müstəqilliyin
ilk illərində daha da kəskinləşdi.
Müstəqilliyin ilk illəri xarici qüvvələrin
dəstəklədiyi etnik separatçılıqla
müşayiət olundu
Baş verən
bu neqativ hadisələr nəticə etibarilə ölkədə
ciddi institusional kataklizmlərin daha da dərinləşməsinə
gətirib çıxardı. Bunun göstəricisi
idi ki, 1992-93-cü illərdə siyasi kataklizmlər yerini ciddi
vətəndaş qarşıdurması təhlükəsinə
vermiş, müxtəlif ambisioz qüvvələrin də
iştirakı ilə vətəndaş müharibəsi əslində
reallığa çevrilməkdə idi. Bir
tərəfdən qiyama qalxmış qüvvələr, digər
tərəfdən isə o zamankı hakimiyyətin
özündə parçalanmanın yaşanması ölkədə
əsl xaos yaratmışdı. 1993-cü il iyunun 4-də
Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin
Qarabağ üzrə xüsusi nümayəndəsi Surət
Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi
ilə bağlı qərarın imzalanmasının
ardından o zamankı müdafiə naziri Dadaş Rzayevin
imzaladığı bu əmrə və təhvil-təslim
alması barədə qərara tabe olmayan Surət Hüseynov
tabeçiliyində olan qoşun hissələrinin Bakıya
doğru istiqamət götürməsi əmrini vermişdi. Gəncədə, o cümlədən, Bakıya qədər
bəzi rayonlarda silahlı qarşıdurmalar
yaşanırdı. 709-cu briqadanı tərki-silah
etmək üçün Gəncəyə göndərilən
Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi
altında olan silahlı birlik arasında döyüş
olmuşdu. Artıq ölkədə vətəndaş
müharibəsinin simptomları görünürdü.
Belə ağır bir vəziyyətdə, məsuliyyətli
anda Ulu öndər Heydər Əliyev xalqın və
respublikanın hakim dairələrinin təkidli dəvətini
qəbul edib, iyunun 9-da Bakıya gəldi, çox az zamanda Azərbaycanda
vətəndaş müharibəsinin qarşısını
aldı. Ulu öndər beləliklə, Azərbaycan
bir əsrdə ikinci dəfə müstəqillik əldə
etdiyi bir məqamda tarixin təkrarına-müstəqilliyin
itirilməsinə yol vermədi, Azərbaycan dövlətinin
varlığını qorudu.
Bununla belə,
ölkədə hələ də dövləti
parçalamağa, xarici təcavüzün daha da gücləndirilməsinə
yardım etməyə çalışan qüvvələr
mövcud idi.
Şimal bölgələrində “Sadval” adı
altında yaradılan qruplaşmalar bir sıra maraqlı xarici
dairələr tərəfindən maliyyələşdirilirdi.
Təbii ki, burada bir sıra məqsədlər
vardı. İlk növbədə tarixi Azərbaycan
torpaqlarında yeni bir separatçı hərəkatın
başlanması, silahlı qarşıdurmanın yaranması
Azərbaycanın inkişafına maneə törədəcəkdi.
Separatçı qüvvələri dəstəkləyən,
onları maliyyə və silahla təmin edən həmin xarici
qüvvələr isə Ulu öndər Heydər Əliyevin
siyasi bacarığına yaxından bələd idilər.
Onlar bilirdilər ki, Azərbaycanda siyasi sabitliyin
yaranması qısa müddət ərzində yeni inkişaf
konsepsiyasının hazırlanmasına və Azərbaycanın
qüdrətlənməsinə yol açacaq. Məhz bunun qarşısını almaq
üçün onlar hər vasitədən istifadə edir,
AXC-Müsavat hakimiyyətinin etnik ayrı-seçkiliyi
özündə əks etdirən bəyanatlarından
ustalıqla istifadə edirdilər.
Həmin
dövrdə Azərbaycanın daxilində ən təhlükəli
separatçı hərəkatlardan biri də ölkənin cənubunda
yaranmışdı. 1993-cü il avqustun 7-də
separatçı Əlikram Hümbətov Azərbaycanı
parçalamaq məqsədilə qondarma “Talış-Muğan
Respublikasının” yarandığını “elan etdi”. Avqustun 7-də Bakıya nota göndərən
separatçı rəsmi Bakının onunla
hesablaşmasını tələb edirdi. Xatırladaq
ki, qondarma respublikanın tərkibinə 7 rayonun adı daxil
edilmişdi. Onun belə bir mövqedən
çıxış etməsi respublikanın cənub bölgəsində
yaşayan talışların əksəriyyətinin hiddətinə
səbəb oldu. Əhalinin ayağa
qalxdığını görən Ə.Hümbətov Cəlilabad,
Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara
rayonlarında kütləvi repressiyalar həyata keçirdi.
Lənkərandan çıxarılan Rusiyaya məxsus
“N” saylı hərbi hissənin ölkənin Müdafiə
Nazirliyinə deyil, Ə.Hümbətovun tabeliyinə keçməsi
həmin dövrdə baş verən hadisələrin
üstünə müəyyən dərəcədə
işıq salırdı. Həmin
dövrdə ölkənin sabiq müdafiə naziri Rəhim
Qazıyevin tez-tez Lənkərana gedib Ə.Hümbətovla
danışıqlar aparması isə vəziyyəti daha da gərginləşdirdi.
Amma bu məsələdə Ulu öndər Heydər
Əliyevin tutduğu qəti mövqe separatçıların
planını alt-üst etdi. Avqustun 23-də
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin
Sədri Heydər Əliyev Azərbaycan milli televiziyası ilə
xalqa müraciət etdi. Müraciətdə bildirilirdi
ki, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad,
Biləsuvar rayonlarında baş verən hadisələr
qanuna, konstitusiyaya zidd hərəkətlərdir və
onların çox ağır nəticələridir: “Həmin
rayonlarda camaat artıq ayağa qalxmışdır. Adamlar Əlikram Hümbətovun bu çirkin hərəkətlərinə
dözə bilmirlər”.
Bəli, həmin
dövrdə cənubda silahlı separatizmə qalxan Ə.Hümbətov
bir sıra hallarda xarici ölkələrin müəyyən
dairələrinin nümayəndələri ilə də gizli
görüşlər keçirirdi. Həmin xarici qüvvələrin
Ə.Hümbətovdan öz maraqları üçün
istifadə edərək Azərbaycana qarşı təzyiq
kampaniyası aparmaq istəyirdilər. Digər
tərəfdən, bu həm də Ermənistanın dəyirmanına
su tökmək üçün yaranan ən münbit şərait
idi. Məhz bunun nəticəsi idi ki,
Hümbətov kimi antimilli qüvvələrin
dağıdıcı fəaliyyəti zamanı ermənilərə
cəbhə bölgəsində daha güclü
işğalçı siyasət həyata keçirməyə
şərait yaradılırdı. Bunun nəticəsi
idi ki, həmin günlərdə Füzuli və Cəbrayıl
rayonları ermənilər tərəfindən işğal
olundu.
Amma Azərbaycanı
parçalamaq istəyənlər öz arzularına çata
bilmədilər. Separatçılarla yanaşı, onlara
havadarlıq edənlər Azərbaycanda Ulu öndər Heydər
Əliyevin yaratdığı milli birliyə məğlub
oldular. Xalq dövlətini yad mənafelərin
ucuz oyunlarına qurban vermədi, öz rəhbərinin ətrafında
sıx birləşdi. Televiziya ilə xalqa müraciətində
Azərbaycanın vahid və bölünməz olduğunu bir
daha bəyan edən Umummilli iliderimiz Heydər Əliyev Azərbaycanda
hər bir vətəndaşın qanun qarşısında
eyni huquqlara malik olduğunu söylədi: “Bizim Azərbaycan
vahid Azərbaycandır. Onun vətəndaşlarının
hamısı eyni hüquqlara malikdir. İndiyədək
Azərbaycanda heç vaxt talış-azərbaycanlı,
türk və sair söhbəti olmamışdır. Bu, süni surətdə ortaya atılmış
şeydir. Onları bir-birindən
ayırmaq olmaz. Bu, əti dırnaqdan
ayırmağa bərabərdir. Ayrı-ayrı
avantüristlərdən savayı buna heç kəs yol verməz.
Bizim birliyimizi heç kəs poza bilməz, bizi
bir-birimizdən heç kəs ayıra bilməz”.
Ulu öndər Azərbaycan dövlətini yox olmaqdan
xilas etdi
Beləliklə, bu gün tam
qətiyyətlə deyə bilərik ki, 1991-ci il, oktyabrın
18-də “Azərbaycan Respublikasının Dövlət
müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul
olunmasına baxmayaraq, Azərbaycan xalqı əsl müstəqillik
sevincini yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra yaşadı. Daha
dəqiq desək, 1993-cü ilin iyununda Ümummilli lider Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
gəlişindən sonra Azərbaycan cəmiyyətində
dövlətçilik ideyalarının bərqərar olması
fundamental mahiyyət kəsb etməyə başladı. Ölkə xaos, vətəndaş müharibəsi,
etnik separatizm, hakimiyyət böhranı, bir sözlə,
dövlətçiliyini itirmək təhlükəsindən
qurtuldu.
Dahi şəxsiyyət
müxtəlif dövlətlərin ölkəmizə yönələn
geostrateji maraqlarını uzlaşdırmaqla Azərbaycanda
demokratik cəmiyyətin inkişafına təminat yaratdı. Eyni zamanda, erməni
işğalının qarşısının alınması
istiqamətində əhəmiyyətli strateji və taktiki
gedişlər edildi. 1994-cü ildə atəşkəsin
əldə olunması ilə Ermənistanın
işğalçı ekspansiyasi dayandırıldı. Bununla da, dövlət quruculuğu prosesinin
ardıcıl surətdə davam etdirilməsi, ölkədaxili
sabitliyin təmin olunması və möhkəmləndirilməsi
baxımından əlverişli siyasi zəmin yaradıldı.
1994-cü ilin
oktyabr, 1995-ci ilin mart hadisələrində (dövlət
çevrilişlərinə cəhd) Heydər Əliyev
özünün qətiyyəti və xarizması ilə Azərbaycan
dövlətçiliyini ağır faciələrdən xilas
etdi. Ümummilli lider siyasi sabitliyi təmin etməklə
yanaşı, demokratik dövlət modeli konsepsiyasını
da uğurla həyata keçirməyə başladı.
1995-ci ildə
qəbul olunmuş Konstitusiya ilə Azərbaycan demokratik,
hüquqi, dünyəvi dövlət kimi ilk olaraq insan
haqlarının prioritetliyini və hakimiyyət
bölgüsünü özünün gələcək
inkişaf yolu kimi seçdi. Ulu öndər Heydər Əliyevin
müəllifliyi ilə hazırlanmış və ümumxalq
səsverməsi nəticəsində qəbul olunmuş bu ali - hüquqi, siyasi sənəd müstəqil
Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı.
Daha sonra parlament seçkilərinin
keçirilməsi dövlətçiliyin siyasi-hüquqi əsaslarının
möhkəmləndirilməsinə mühüm töhfə verdi. Bu proseslərə paralel
olaraq vətəndaş cəmiyyətinin
formalaşdırılması və hüquqi dövlətin
fundamental komponentlərinin mütləq surətdə bərqərar
olunması yönündə əhəmiyyətli addımlar
atıldı. Ulu öndər Heydər Əliyevin humanist
siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və
amnistiya təsisatları bərpa edildi. Buna
paralel olaraq insan hüquqlarına riayət olunması üzərində
parlament nəzarətini təşkil etmək
üçün insan hüquqları müvəkkili (Ombudsman)
təsisatı yaradıldı.
1993-cü ildən Ulu öndərin
şəxsi təşəbbüsü ilə icrasına
moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, insan və vətəndaş
hüquq və azadlıqlarının əhatə dairəsi
genişləndirildi. Ölkə daxilində
atılan bu addımlarla yanaşı, Ulu öndər Heydər
Əliyevin məqsədyönlü və uzaqgörən
xarici siyasət strategiyası sayəsində Azərbaycan beynəlxalq
hüququn tamhüquqlu subyektinə və beynəlxalq
münasibətlər sisteminin müstəqil aktoruna
çevrildi. Bununla yanaşı, ölkəmiz regionda
reallaşdırılan transmilli layihələrin mərkəzi
oyunçusu qismində çıxış etməklə, Cənubi
Qafqazda yeni formatlı və keyfiyyətli əməkdaşlıq
platformalarının gerçəkləşməsinə təkan
verdi. Bir sözlə,
Ümummilli lider Heydər Əliyevin praqmatik xarici siyasət
strategiyası Azərbaycanı dünya siyasətinin layiqli təmsilçilərindən
birinə çevirdi.
Ulu öndərin dövlətçilik
konsepsiyasının uğurlu istiqamətlərindən biri də
ölkəmizin 2001-ci il, yanvarın 25-də
Avropa Şurasına tamhüquqlu üzv qəbul
olunmasıdır. Təşkilata üzvlük
Azərbaycanda hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu prosesini bir qədər də
sürətləndirdi.
Ulu öndərin
həyata keçirdiyi iqtisadi tədbirlər nəticəsində
yenicə müstəqillik əldə etmiş və
müharibə şəraitində yaşayan bir ölkə
olan Azərbaycan beynəlxalq aləmdə etibar qazandı. Həyata
keçirilən məqsədyönlü siyasət əksər
iri beynəlxalq şirkətlərin, xarici investorların diqqətini
ölkəmizə yönəltdi. Ulu öndərin gərgin
əməyinin və möhkəm iradəsinin bəhrəsi
olan “Əsrin müqaviləsi”nin
imzalanması ilə Azərbaycanın bir müstəqil
dövlət kimi beynəlxalq arenadakı mövqeyi möhkəmləndi.
Azərbaycan iqtisadiyyatı sürətlə
dünya iqtisadiyyatına inteqrasiya olmağa başladı.
Azad bazar iqtisadiyyatına uğurlu keçid sayəsində
ölkədə orta və xırda sahibkarlıq sürətlə
inkişaf etməyə başladı.
Təbii ki,
ölkədə demokratiyanın inkişafı
üçün dövlətin səyləri ilə
yanaşı, vətəndaş cəmiyyətinin, siyasi
partiyaların da bu işə dəstək verməsi vacib idi. Lakin çox
təəssüflər olsun ki, Yeni Azərbaycan
Partiyasından savayı heç bir siyasi partiya Azərbaycanda
demoratik dəyərlərin təkamülü, liberallaşma,
siyasi sistemin inkişafı üçün heç bir səy
göstərmədi.
Yeni Azərbaycan Partiyası zamanın təxirəsalınmaz
tələbindən yaranmış partiyadır
Yeri gəlmişkən,
bu məqamda birmənalı olaraq vurğulamaq yerinə
düşər ki, Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmlənməsində Ulu öndər tərəfindən
əsası qoyulan Yeni Azərbaycan Partiyasının
özünəməxsus rolu olub. Yeni Azərbaycan
Partiyası keçən əsrin 80-ci illərin sonu 90-cı
illərin əvvəllərində ölkəmizdə meydana
çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən,
zamanın təxirəsalınmaz tələbindən, həmçinin,
Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi
kimi yaranan partiyadır. Belə bir siyasi
qüvvənin yaranmasını tələb edən tarixi zərurət
mövcud zaman kəsiyində ölkəmizin
düşdüyü mürəkkəb, fəlakətli,
ümidsiz vəziyyətdən onu xilas etmək kimi misilsiz
tarixi vəzifənin yerinə yetirilməsi arzusu və istəyi
ilə əlaqədar idi.
Azərbaycanın
düçar ola biləcəyi fəlakətlərin
qarşısını almaq məqsədilə xalqın
sağlam qüvvələrinin, geniş təbəqələrinin
böyük tarixi şəxsiyyət Heydər Əliyevə
müraciəti, 1992-ci il, oktyabrın 24-də
ziyalıların müraciətinə cavab məktubunda Onun
yaranmış vəziyyəti dərindən təhlil etməsi
və çıxış yolunu göstərməsi
noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan
Partiyasının təsis edilməsi zərurətini
reallaşdırdı.
Yarandığı gündən
Yeni Azərbaycan Partiyasının Ümummilli lider Heydər Əliyev
tərəfindən müəyyənləşdirilən və
uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın
dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən,
ərazi bütövlüyünün təmin edilməsindən,
demokratik, hüquqi, dünyəvi dövlət qurulmasından,
əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik,
güclü və sosial yönümlü iqtisadiyyat yaratmaqdan
ibarət olub və bu on doqquz ildə öz proqram məqsədlərinə
(müstəqillik dövlətçilik prinsipi, qanunçuluq
prinsipi, azərbaycançılıq, vətənçilik
prinsipi, yaradıcı təkamül prinsipi, konstruktiv əməkdaşlıq,
vətəndaş həmrəyliyi prinsipi, sosial ədalət
prinsipi) sadiq fəaliyyət göstərib. Bu
gün Azərbaycan, məhz həmin prinsiplərə istinad edərək
inkişaf edir. Qürurverici fakt ondan ibarətdir ki,
ölkəmizin mövcud ictimai-siyasi mühiti və
sosial-iqtisadi rifah səviyyəsi, Yeni Azərbaycan
Partiyasının bu tarixi vəzifənin öhdəsindən
layiqincə gəlməsinə və olduqca əhəmiyyətli
siyasi kampaniyanı uğurla başa vuraraq, əsl ümumxalq
partiyası olduğunu bir daha sübut etməsinə imkan
verib.
Beləliklə, tarixi hadisələr
də sübut edir ki, 1993-cü ildə Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmizdə
hakimiyyətə gəlməsindən sonra Azərbaycan
dövlət müstəqilliyini, mövcudluğunu itirmək
təhlükəsindən xilas oldu və ölkəmizdə
dövlət quruculuğu prosesinə başlanıldı.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Yeni Azərbaycan.- 2011.-
12 mart.- S.4-5.