Tarixdən bu günə Novruz ənənələri
“Yeni Azərbaycan” qəzetinin redaksiyasında
folklorşünas və etnoqrafların iştirakı ilə
keçirilən dəyirmi masada bu mövzu ətrafında
müzakirələr aparılıb
Mənəvi və maddi
mədəniyyətimizin göstəriciləri,
xalqımızın qan yaddaşından süzülüb gələn
adət və ənənələr zaman-zaman öz ilkinliyindən
uzaqlaşsa və çağdaş təsirlərə məruz
qalsa da, ən qiymətli sərvət kimi qorunub
saxlanılmalıdır. Çünki qloballaşan dünyada
bir xalqın yaşaya bilməsi və özünü təsdiq
etməsi üçün çox vacib amillərdən biri də,
məhz, onun mənəvi mədəniyyətinin qorunması və
təbliğ olunmasıdır. Son illər
xalqımızın ən müqəddəs bayramı olan
Novruz bayramı, həmçinin, çərşənbələrlə
bağlı ziyalılarımız arasında müxtəlif
fikirlər səslənməkdədir. Daha çox fərqlilik
isə çərşənbələrin adları və qeyd
olunması ilə bağlıdır. Səslənən fikirlər
və fərqli yanaşmalarla bağlı danışmaq
üçün folklorşünas və
etnoqraflarımızı redaksiyamıza dəvət
etmişik. Dəyirmi masanın qonaqları Sibir türk
tayfalarının mədəniyyətini araşdıran tarix
elmləri doktoru, etnoqraf Güllü Yoloğlu, cənub
bölgəsi üzrə etnoqraf, tarix üzrə fəlsəfə
doktoru Tahir Şahbazov və AMEA-nın Folklor İnstitutunun əməkdaşı,
Şəki-Zaqatala bölgəsi üzrə
araşdırmaların müəllifi Ləman
Süleymanovadır.
- Tədqiqatçıların
da borcu xalqın bu günə qədər min bir əzab-əziyyətlə
yaşatdığı dəyərləri tədqiq etmək və
elmi şəkildə radio, televiziya, qəzetlər vasitəsilə
xalqa qaytarmaqdır. Amma nədənsə son illər ərzində
ziyalılar arasında çərşənbələrin necə
adlandırılması və qeyd olunması ilə bağlı
fərqli fikirlər mövcuddur.
Güllü Yoloğlu: Novruz
çərşənbələri - tarixi kökləri və
regional özəllikləri mövzusu artıq bütün
ziyalıları narahat etməkdədir. Əvvəla, onu qeyd
edim ki, çərşənbələrin Su, Od, Torpaq, Yel
adları ilə sıralanması 1980-ci illərin sonlarından
gündəmə gəlməyə başlayıb. Əsasən
folklorşünas alim Azad Nəbiyevin, Kamil Vəli Nərimanoğlunun
və Əzizə Cəfərzadənin tədqiqatlarında
rast gəlinən bu sıralamaya diqqət yetirsək
onların da arasında fikir ayrılığının
olduğunu görərik. Azad Nəbiyev 3-cü çərşənbəni
Yel, 4-cünü Torpaq adlandırır. Əzizə Cəfərzadə
3-cüyə Torpaq, 4-cüyə Yel deyir. Kamil Vəli Nərimanoğlu
3-cüyə Hava, 4-cüyə Torpaq deyir. Məsələ
burasındadır ki, qəzetçilər və televiziya
işçiləri də çərşənbələrlə
bağlı yazılarında bu üç tədqiqatçının
araşdırmalarına istinad edirlər. Bu isə
qarışıqlığa və yanılmalara gətirib
çıxarır ki, həmin tendensiyanı biz bu gün də
müşahidə edirik.
Tahir Şahbazov: Çərşənbələrin
dörd ünsürlə adlandırılması məsələsi
Azərbaycanda nə regionlara əsaslanır, nə də tarixi
mənbələrə. Əslində isə, biz- milli adət
və ənənələri öyrənən elm adamları
bir regionda hökm sürən adət və ənənələrə
başqa regionlarda rast gəlmiriksə, onu qeydə
almırıq. Novruz bayramı ilə bağlı adətlər
kiçik fərqlər və əlavələrlə Azərbaycanın
bütün regionlarında, hətta bütün türk
boylarında belə eynidir. Evlər təmizlənir, bayram
günü süfrə eyni yeməklərlə bəzədilir,
eyni-Günəşin, baharın rəmzi olan şirniyyatlar
bişirilir, hamı əyin-başını təzələyir,
tonqal qalanır və sair. Amma Novruz adətlərini öyrəndiyimiz
regionların heç birində bu su, torpaq, yel, od
sıralamasına rast gəlməmişik.
G.Y: 4 ünsür məsələsinin
bizim folklorumuzda Aşıq Ələsgərin
yaradıcılığında yer aldığını iddia
edirlər. Amma ab, atəş, xaki, bad sıralamasına rast gəliriksə,
bu, çərşənbələrə aid deyil. Bu ancaq həyatın
var oluşuynan, dünyanın yaradılışıynan
bağlı olan bir məsələdir. Bütün
aşıq yaradıcılığını, şifahi xalq ədəbiyyatındakı
Yel, Od və daha iki ünsürlə bağlı
mahnıları, bayatıları götürüb bu 4 çərşənbəyə
pərçimləmək məntiqsizlikdən başqa bir
şey deyil. Bu hala daha çox Azad Nəbiyevin kitablarında
rast gəlirik. Və maraqlıdır ki, yellə bağlı
mahnıların hamısı xırman sovrulanda səsləndirilən
nəğmələrdir. Bu mövsüm nəğmələri
hara, Novruz bayramının qeyd olunduğu tarix hara?
- Güllü xanım, siz
iddia edirsiniz ki, 4 çərşənbənin 4
ünsürün adı ilə adlandırılması 80-ci
illərin sonuna təsadüf edir. Bu tendensiyanın meydana gəlməsində
səbəb nə idi?
G.Y: Azərbaycanda “Novruz
ensiklopediyası” çap olunub. Amma nədənsə qəzetlər
və televiziyalar bu ensiklopediyadan istifadə etmirlər. Orada
çərşənbələrin otuza qədər adı
var. Bölgələr üzrə məlumatlar toplanıb.
1947-ci ildə Təhmasib müəllim namizədlik
dissertasiyası yazıb, orada cəmrələr, oğru
buğlar, doğru buğlar və s. öz əksini tapıb.
Həmin ensiklopediyada 4 ünsürlə bağlı heç
bir qeyd yoxdur. Bu günlərdə biz bir elmi konfrans
keçirdik və professor Məhərrəm Qasımlı da
bu mövzuda geniş açıqlama verdi. O, dedi ki, ilk dəfə
bu işlə 1988-1989-cu illərdə Ə.Vəzirovun siyasi rəhbərlikdə
olduğu dövrdə rastlaşırıq. O aralarda Azərbaycan
Dövlət Televiziyasında axır çərşənbə
ilə bağlı çıxışlar olurdu. 1990-cı
ildə Azərbaycanda qarışıqlıq oldu və Novruz
söhbətləri də
yığışdırıldı. Sonradan 1991-ci ildə
birdən-birə bütün etnoqraflar, tədqiqatçılar
və folklorçular bir kənarda qaldı, həmin vaxt
prezidentin müşaviri olan Fuad Qasımzadə
hazırlanmış materiallar əsasında televiziyadan ilk dəfə
bu çərşənbələr ilə bağlı məsələləri
xalqa təqdim etdi. Növbəti il eyni ssenari davam etdi və
folklorçular məəttəl qaldılar ki, bu materiallar
hardandır, nə məqsəd güdür? Məhərrəm
Qasımlı həmin elmi konfransda söylədi ki, o zaman
prezidentə etiraz məktubu da yazılıb ki, bu
tendensiyanın qarşısı alınsın. Amma bir səs,
səda çıxmayıb. Üstəlik, Azad Nəbiyev
özünün bir il əvvəl çap etdirdiyi “Novruz
çərşənbələri” kitabını təkzib edən
ikinci bir eyniadlı kitabını yazdı və yuxarıda
söylədiyim kimi, folklorumuzda su, od, yel, torpaqla bağlı
nə ki mövsüm nəğmələri var, həmin
kitaba daxil etdi. Azad müəllim ikinci kitabının təqdimatında
açıq-aydın yazır ki, bu kitab Fuad Qasımzadənin
tövsiyəsi ilə yazılıb. Kitabın ərsəyə
gəlməsində isə ona informasiya dəstəyi verən
“Kommunist” qəzetinə təşəkkür edir. Fuad müəllimin,
bəzi folklorçuların köməyi ilə əsasını
qoyduğu o sistem hələ də davam edir. Bütün
bunların hamısı efirdə, televiziya vasitəsilə
baş verib. Bu gün bütün orta məktəb dərsliklərində
bu cür materiallar yer alıb. Bu mənada “böyük yalan”
baş verib. Amma, bunun qarşısını almağa
çalışmalıyıq. Çərşənbələrimizi
birmənalı olaraq xalqdan gələn adlarla
adlandırmalıyıq.
Mütləq bu məsələyə
dövlət səviyyəsində
yanaşılmalıdır. Çünki mənəviyyatın,
tarixin, etnoqrafiyanın saxtalaşdırılması prosesi
gedir.
T.Ş: Xalq arasında 1-ci
çərşənbə heç vaxt qeyd olunmayıb. Buna
yalançı çərşənbə deyiblər. Adətən,
7 çərşənbədən danışırlar. Onun
3-ü oğru, 3-ü doğru, 1-i yalançı çərşənbədir.
(Kiçik çillə gedib öz yerini boz aya verən zamana
düşən çərşənbəni qeyd etmirlər.
Boz ay fevralın 20-də girir və Boz ay girən günü
də günəş havaya baxır. Türkiyənin TRT
kanalında da bunu elan etdilər. Fevralın 27-də Günəş
havaya baxır, martın 6-da Günəş torpağa
baxır və bununla da proses tamamlanır. İkinci çərşənbədən
etibarən evlərdə bayram təmizliyinə
başlanıb. Bu iş sonuncu çərşənbəyə
qədər bitməlidir. Yeni ili tər-təmiz ev-eşik, əyin-başla
qarşılamaq lazımdır. Belə bir adət var idi, evdən
çıxan zir-zibillərin hamısını toplayar, ondan
tonqal qalayardılar. Və o tonqalın külünü
aparıb tarlalara səpərdilər. Üçüncü
çərşənbə ölülər çərşənbəsi
adlanır. Bəzi bölgələrdə bu günə qəbirüstü,
ata-baba günü, qara çərşənbə də
deyirlər. Qara çərşənbədə, adətən
kişilər qəbirlərin ətrafını təmizləyər,
qadınlar əzizlərinin məzarı üstünə
bayram şirniyyatı qoyulmuş xonça aparır, şam
yandırırlar. Axşamlar qapı-pəncərələr
açıq qoyulardı ki, doğma ruhlar gəlib evləri
ziyarət edə bilsinlər. Evdə dünyasını dəyişən
əzizlərin adına qazan asılardı. Axır çərşənbədə
isə ən yaxın qonşular qırmızı
boyanmış yumurtalardan pay tutaraq ölüsü düşən
evlərə gedib süfrəni bəzəyər, həyətdə
tonqal qalayar və ailəni yasdan çıxarardı.
Çünki Novruz bayramında qəmli olmaq, yaslı qalmaq
olmaz. Hökmən bütün evlərdə bayram tonqalı
qalanmalı, süfrə bəzənməlidir. Və bu adətlərin
əksəriyyəti indi də öz varlığını
qoruyub saxlayır.
Ləman Süleymanova: Mən
Folklor İnstitutunun əməkdaşı və tədqiqatçı
kimi öz aid olduğum bölgədən danışmaq istəyirəm.
Şəkidə, eləcə də, bir sıra şimal
bölgələrində çərşənbələrin
xüsusi adları yoxdur. Yəni, bizdə sadəcə çərşənbələr
deyirlər. Bir tək axır çərşənbəyə
İlaxır çərşənbəsi deyilir ki, bu da
regionların hamısında eyni adla tanınır. Tonqalın
qalanması, pəhləvanların güləşməsi, su
ilə fala baxma, qapıpusma və bütün bayram adətlərini
toplam şəkildə İlaxır çərşənbədə
yerinə yetirirlər. Şəkinin yerli əhalisindən
başqa, orada məskunlaşan bir sıra məcburi
köçkünlərlə də bu barədə söhbət
apararkən məlum oldu ki, regionundan asılı olmayaraq,
çərşənbələr bu cür sıralanır.
Birinci çərşənbə-yalançı, ikinci
çərşənbə-xəbərçi,
(muştuluqçu) üçüncü çərşənbə-qara,
dördüncü çərşənbə isə
ilaxır çərşənbəsi adlanır. Hətta
Borçalı mahalında, Marneuli rayonunda əhali ilaxır və
yeni ilin ilk çərşənbəsini bayram kimi qeyd edir.
- Son illər Novruz süfrəsinin
bəzədilməsi ilə bağlı da, müxtəlif
fikirlər səslənir. Süfrəyə 7 cür təamın
qoyulması, S hərfi ilə başlayan yeməklərin ortaya
gəlməsi adəti də müzakirə mövzusu olub.
L.S: Yeməklər bölgədən-bölgəyə
dəyişsə də, adətən bayram süfrəsinə
şirniyyat və aşın qoyulması mütləqdir. Hər
bir bölgənin özünəməxsus şirniyyatı
olur ki, bayramda həmin şirniyyat hökmən bişirilir.
Şəkidə, eləcə də, əksər şimal
bölgələrimizdə sonuncu çərşənbə
Novruz bayramından da təmtəraqlı qeyd olunur və burada
çığırtmalı plov, Gədəbəydə isə
əriştəplov bişirilir. Özbəklərdə və
Ordubadda uçar və səbzi plov adlı yemək növləri
bişirilir. Bütün bölgələrdə səməni
göyərdilir, qovurğa qovrulur. Şəkidə balaca qara
xirniyi qovurğanın içinə qatırlar ki, şirin
olsun. Ağdamlılar qovurğaya qanqal toxumu qatırlar. Şəkərburanın
adı bölgələrə görə fərqlənir, bəzi
yerlərdə şəkərburaya fındıq çörəyi,
qoz əppəyi də deyirlər. Fəsəli, qatlama, halva
çörəyi, şirin kömbənin bişirilməsi də
regionlara görə dəyişir. Səməniylə rəftar
da çox önəmlidir. Bayram bitəndən sonra səməni
halvası hazırlanır. Halva bişirilməyəndə isə
səməni müqəddəs hesab olunduğundan təmiz yerə
qoyulur, onu heç vaxt zibilliyə atmırlar. Marneulidə,
Qubada, Qusarda səmənini axar suya verirlər. Ancaq Şəkidə
səmənini suya atmaq əvəzinə bar gətirən bir
ağacın dibinə qoyurlar. Bir sıra bölgələrdə
axır çərşənbədə bənövşə
yığmaq, Şəkidə yelləncəydə yellənmək
kimi adətlər var.
G.Y: “S” hərfi ilə
bağlı nemətlərin süfrəyə
qoyulmasının bizə aid olan cəhəti yoxdur. Farslar buna
həft sin deyirlər. Milli baxımdan bu o qədər də
doğru deyil, ikinci aspektdən yanaşsaq, biz deyirik ki, çərşənbələrdə
və bayramda bir-biri ilə acı danışmaq, acı olan
nemətlərdən dadmaq olmaz. Amma “S” hərfli nemətlər
sırasında əsl acılıq rəmzi olan soğan və
sarımsağın süfrəyə qoyulmasının vacib
olduğunu demək məntiqsizlikdən başqa bir şey
deyil.
T.Ş: Belə deyirlər
ki, bu, əvvəlcə “Ş” hərfi ilə başlayan yeməklərin
olub, sonra şərab sözünə görə “S” hərfi
ilə əvəz edilib. Mən də, bir tədqiqatçı
kimi, düşünürəm ki, qonşularımızdan bizə
əxz olunmuş bu qayda onu təqdim edənlərin təxəyyülü
hesabına “zənginləşməkdədir”.
Bir şeyi qeyd edim ki,
bölgələrin adətləri arasında fərqlər
çox olsa da, tədqiqatçısı olduğum Cənub
bölgələrində belə adətə rast gəlməmişəm.
Aran və dağ hissəyə ayrılan cənub regionun bir
hissəsində -aranda bayram süfrəsində
balığın olması vacibdir. Hətta bayram
üçün balıq əvvəlcədən
alınır. Dağlıq yerlərdə isə
axrıncı çərşənbədə südlü
aş bişirmək vacib hesab olunur. Çünki bu ərazidə
bayram günü qan tökmək yasaq olduğundan ov
quşlarını vurmaq, toyuq-cücə kəsmək olmaz.
Odur ki, “S” hərfi ilə bağlı məsələnin
gündəmə gəlməsinin və bu dərəcədə
yaddaşlara hopmasının qarşısını almaq
lazımdı və düşünürəm ki, vacibdi.
Çünki yad, qondarma ənənələr yaradıb, bunu
xalqa sırımaq olmaz.
- Bəs Novruz tonqalı ilə
bağlı hansı fikirlər gündəmdədir? Bilirik
ki, tonqal faktoru Novruzun atəşpərəstlərin
bayramı olduğunu iddia edənlərin əsas arqumentidir.
G.Y: Novruz bayramını atəşpərəstliklə
əlaqələndirirlər, amma bunun o dinlə heç bir
bağlılığı yoxdur. Bütün Türk
dünyasında ailə ocağı, baba ocağı ifadəsi
var, bunun atəşpərəstliklə nə əlaqəsi?
Zamanla hakimiyyətdə olan hökmdarlar bu milli bayramı məhv
etməyə çalışdılar, alınmadıqda isə
özününküləşdirirdilər. Bir sıra təzadlı
və fərqlı cəhətlərin olması normaldır.
O saflaşdırıcı, təmizləyici, soyuqdan qoruyucu
rola malikdir. Bəzən tonqal üzərindən tullanan zaman
“ağırlığım, uğurluğum” deyib
tullanırlar. Bu doğru deyil. Sadəcə xalq dilində
sözlərin uyğunlaşmasından yaranıb ki, biz də
fərqinə varmadan istinad etməyə
başlamışıq. Uğurluq-uğur deməkdir, niyə
biz onu ağırlığımızla birgə uğurumuzu
da tonqala atırıq ki? Güney Azərbaycan türklərində
də araşdırmalarım zamanı mən bu məqama diqqət
yetirmişəm. Onlar da tonqaldan “ağırlığım,
azarım, bezarım, xəstəliyim odda yansın” deyirlər.
“Sarılığımı al,
qırmızılığını mənə ver” deyən
bölgələr də var. Bəzi mənbələrdə
“Saxlasın Allah bizi, sən sarı, mən qırmızı”
kimi də ifadə edirlər.
L.S: Naxçıvanda Novruz
tonqalının üzərinə üzərlik atırlar.
Tonqal yanıb qurtarandan sonra bir qız uşağı o
tonqalın külünü aparıb hasarın, barının
dibinə tökür, qayıdıb gəlir, qapını
döyür, ev yiyəsi soruşur ki, kimsən, hardan gəlirsən,
nə gətirmisən? Cavab verir ki, mən toydan gəlmişəm,
xoşbəxtlik gətirmişəm.
Novruz bayramında dünyaya
gələn körpəyə ad seçimi də maraqlı
olur. Bayram münasibətilə dünyaya gələn körpə
qızlara Bahar, Səməni, oğlan uşaqlarına isə
Bayram, Novruz adları verilir. Bu fakt Şəki, Quba, Qusar ərazisində
də qeydə alınıb. Bizə çox vaxt irad tuturlar
ki, hər kəs öz bölgəsindən
çıxış edir. Maraqlıdır, görəsən,
başqa necə olmalıdır? Folklor xalqın
yaratdığı xəzinədir və biz tədqiqatçılar
da həmin xəzinəyə istinadən
çıxış edirik.
Bölgələrdə
küçədə yanar lopaların havaya atılması,
küçələrdə, məhəllərdə
tonqalın qalanması, el şənlikləri düzənlənməsi
kimi adətlər var. Məsələn, Şəkidə
bayram şənliklərində qara zurna, Zaqatala, Balakən
zonasında təmburdan istifadə olunur. Doğrudur, artıq təmburun
işlənmə çevrəsi daralıb. Bununla belə
Novruz şənliklərində hökmən bu
çalğı aləti də istifadə olunur. Bundan
başqa bütün bölgələrdə şalatma,
papaqatdı adəti yaşamaqdadır. Əzizə Cəfərzadənin
əsərlərində “dan atma” adı ilə qeyd olunan, bəzi
yerlərdə isə “çillə çıxardı” deyilən
gözəl bir Novruz adəti öz ilkinliyini qoruyub
saxlamaqdadır. Sadəcə olaraq İslam dini bir az Novruz adətlərinə
təsir edə bilib ki, bu da çox kəskin şəkildə
hiss olunmur. Çünki bizim xalqın özəlliyi ondadır
ki, dindən gələn qaydalarla el adətlərini
qaynayıb qarışdırıb və elə bir hala gətirib
ki, bunun el adəti və ya dini adət olduğunu ayırmaq
ilk baxışda çox çətin olur. Bir tədqiqatçı
kimi mən düşünürəm ki, bu da öz milli ənənələrini
qoruyub saxlamağa çalışan xalqın istifadə
etdiyi üsuldur.
T.Ş: Birinci əsas mənbə xalqdır, ikinci əsas mənbəmiz isə bizim yazılı və şifahi xalq ədəbiyyatımızdır. Gəlin, “Kitabi-Dədə Qorqud”dan bu yana bütün kitabları vərəqləyək, görək hansı kitabda çərşənbələrin adları bu şəkildə-su, od, torpaq və hava adları ilə əks olunub? Novruz bayramının qeyd olunması var, çərşənbələrin bu gün təbliğ olunmaqda olan təsnifatı isə yoxdur. Maraqlıdır ki, 4 çərşənbənin 4-də də tonqal qalanır. Bəs onda ayrıca od çərşənbəsi kimə lazımdı. Bütün ünsürlər İlaxır çərşənbədə özünü əks etdirir, od, su, hava və torpaq.
G.Y: Əslində Novruz iqlimlə bilavasitə əlaqəli bayramdır və sırf Türk tayfalarının bayramıdır. Gəlin, fikirləşək, görək niyə Afrikada Novruz qeyd olunmur? Onların belə bir bayram keçirmələrinə ehtiyac yoxdur, çünki Afrikanın iqlimi onsuzda istidir. Novruzu o yerlərdə qeyd edirlər ki, orada yaşayan insanlar soyuğu hiss edirlər, qışın dondurucu havasından canlarının qızmasını səbirsizliklə gözləyirlər. Sibir türkləri, Altay, Xakasiya türkləri nisbətən cənubda yaşadıqları üçün Novruzu mart ayında keçirirlər, daha şimalda yaşanlar isə Novruzu iyun ayında qeyd edirlər. Çünki buzun nisbətən əridiyi vaxt yay aylarına düşür. Ümumiyyətlə isə, mən belə hesab edirəm ki, bu məsələ çox ciddi şəkildə elmi dairələrdə müzakirə edilməli və qonşu xalqlardan gələn yad ənənələr aradan qaldırılmalıdır. Daha çox isə bu məsələnin təbliğatı ilə məşğul olan telekanallarımızda folklorçu alimlərimizin, tədqiqatçılarımızın disskusiyalarını keçirmək lazımdır.
Sonuncu çərşənbə ərəfəsində keçirdiyimiz dəyirmi masada aparılan müzakirələrlə mənəvi xəzinəmizə azacıq da işıq sala bilməyimizdən məmnunluq duyaraq biz də qonaqlarımıza təşəkkür edirik.
P.S. Sonda isə onu qeyd edək ki, bu gün İlaxır çərşənbəsidir. Çərşənbəniz, eləcə də, qarşıdan gələn Novruz bayramınız mübarək. Qoy bu bayram ölkəmizə bolluq, firavanlıq, sülh və əminamanlıq gətirsin.
Dürrə Həsən,
Kəbutər HAQVERDİYEVA
Yeni Azərbaycan.- 2011.- 15 mart.-
S.7.