Beynəlxalq təşkilatlar Ermənistana
qarşı beynəlxalq hüquq çərçivəsində
tədbirlər görməlidir
“Azərbaycan
Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin sədri Bayram Səfərov
“www.yap.org.az” saytına müsahibə verib:
- Bayram müəllim, ölkəmizdə səfərdə olan ATƏT-in sədri Audronyus Ajubalis “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüş haqqında məlumat verməyinizi xahiş edirik...
- Görüşdə biz Dağlıq Qarabağın azərbaycanlı icmasının fikrini, münaqişə ilə bağlı düşüncələrimizi, tarixi həqiqətləri, Dağlıq Qarabağın Azərbaycan xalqının tarixi torpaqları olmasına dair faktları diqqətə çatdırdıq. Həmçinin, qəti şəkildə bildirdik ki, Azərbaycan dövləti Dağlıq Qarabağın və digər işğal olunmuş torpaqlarımızı hansı yolla olursa-olsun azad edəcək. Qeyd etdik ki, biz öz torpaqlarımıza qayıtmaq istəyirik. Əgər beynəlxalq təşkilatlar insan hüquqlarının təminatını ali dəyər kimi qəbul edirsə, onda bizim, 1 milyon insanın öz doğma torpaqlarında yaşamaq hüququnun bərpa olunmasına ciddi dəstək verməlidirlər. İnsanların bu hüquqlarını pozan işğalçı Ermənistana qarşı beynəlxalq hüquq çərçivəsində sərt tədbirlər görülməlidir. Belə bir inam ifadə etdik ki, Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində biz öz torpaqlarımıza qayıdacağıq.
Qarşı tərəf də öz növbəsində, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlara malik olduqlarını, məsələnin beynəlxalq hüquq çərçivəsində həllinə nail olunması üçün çalışacaqlarını vurğuladı.
- Məlum olduğu kimi, martın 5-də Soçidə Rusiya prezidentinin təşəbbüsü və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısının görüşü keçirildi. Dağlıq Qarabağın azərbaycanlı icması bu növbəti üçtərəfli görüşün nəticələrini necə dəyərləndirir?
- Prezidentlərin martın 5-də keçirilən görüşü bir sıra məqamları ilə seçildi. O baxımdan ki, ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi öz aktivliyi ilə seçilmişdi. Ona görə də, prosesin 2011-ci ildə hansı istiqamətdə inkişaf edəcəyinin müəyyənləşməsində bu görüşün xüsusi əhəmiyyəti vardı. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bəyan edib ki, biz sadəcə danışıq xatirinə danışıq aparmaq fikrində deyilik. Çünki artıq Ermənistan tərəfi öz qeyri-konstruktiv mövqeyi ilə onsuz da münaqişənin həlli prosesini xeyli vaxtdır ki, uzadır. O baxımdan, martın 5-də keçirilən görüş böyük əhəmiyyətə malik idi. Belə demək mümkündürsə, bu görüş Ermənistanın münaqişənin həlli ilə bağlı mövqeyinə bir açıqlama verəcəkdi. Görüşdən sonra səsləndirilən fikirlərdən də belə məlum olur ki, Ermənistan tərəfi artıq müəyyən qədər öz qeyri-konstruktiv mövqeyindən əl çəkmək fikrindədir. Təbii ki, burada bir sıra məqamlar var ki, ermənilər bunu açıq şəkildə görürlər. Birincisi, ölkəmizin iqtisadi, hərbi və diplomatik üstünlükləri bu gün açıq-aşkardır. Ermənistanın dövlət büdcəsini formalaşdıran bir sıra terror qruplarının da xarici ölkələrdə ifşa edilməsi onların işini əməlli-başlı çətinə salıb. Yardımlar hesabına dolanan bu ölkə artıq Azərbaycan dövlətinin Dağlıq Qarabağ məsələsində tutduğu mövqenin prinsipial olduğunu anlayıb. O baxımdan, martın 5-də keçirilən görüşü problemin həlli prosesində Prezidentimizin rəhbərliyi altında aparılan diplomatik mübarizənin növbəti raundu kimi qiymətləndiririk. Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, biz Prezidentimizin münaqişənin həlli istiqamətində gördüyü işləri hər zaman dəstəkləyirik və dövlət başçısının prinsipial, dönməz mövqeyini təqdir edirik.
- Prezidentlərin görüşündən bir neçə gün sonra erməni hərbçiləri tərəfindən azyaşlı uşağın öldürülməsi sülh prosesinin pozulmasına yönələn məqsədli hərəkət deyilmi?
- Bu fakt bir daha ermənilərin uşaq qatili olmasını təsdiq edir. Biz, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi olaraq bütün dünyanı bu fakta qarşı biganə olmamağa çağırırıq. Bu, adi bir hadisə deyil. Erməni silahlı birləşmələri dinc əhaliyə qarşı terror həyata keçirir. Bu, ermənilərin etdiklərinin cavabsız qalmasının nəticəsidir. BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin yerinə yetirilməməsi, digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi sənədlərin icra olunmaması, o cümlədən, ATƏT-in Minsk qrupunun işğalçı ölkəyə qarşı loyal münasibəti onları yeni-yeni cinayətlərə sövq edir. Cəbhə bölgəsindəki kənddə yaşayan 9 yaşlı uşağın qətlə yetirilməsi Ermənistan tərəfinin sülh haqqında verdiyi bəyanatların yalan olmasını, yeni təxribatlar törətməsini ortaya qoyan faktlardır. Bu gün ermənilər ölkəmizin vətəndaşlarına qarşı hələ də terror həyata keçirirsə, bütün dünya isə bu faktın qarşısında susqunluq nümayiş etdirirsə, nə üçün Azərbaycanın hərb yoluna əl atacağı ilə bağlı bəyanatlarından narahatlıq keçirdiklərini söyləyirlər? Azərbaycan sülhə sadiqdir, amma ermənilərin etdikləri bizim səbrimizi tükəndirir və baş verə biləcək hər hansı hadisələrə görə, məhz, ermənilər məsuliyyət daşıyacaqlar. Təşkilatımız bir daha bütün beynəlxalq aləmi bu fakta qarşı ciddi münasibət göstərməyə və mövqe bildirməyə çağırır.
- Sizcə, bir sıra beynəlxalq təşkilatların münaqişə ilə əlaqədar qəbul etdiyi sənədlər prosesə nə dərəcədə təsir edə bilər?
- Bir fikri vurğulamaq istəyirəm ki, ötən il münaqişə ilə bağlı bir sıra beynəlxalq təşkilatlar bir daha öz mövqelərini açıqladılar. Məsələn, ötən il NATO kimi nüfuzlu bir təşkilatın Lissabon sammitinin yekun bəyənnaməsində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı müddəalar öz əksini tapdı. Bundan başqa, ötən il münaqişənin həlli prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Astana sammitində iştirak edən Prezident İlham Əliyev bir daha Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasəti ilə bağlı çıxış etdi. Qeyd olundu ki, Ermənistan tərəfi bütün hüquqi normaları pozaraq Azərbaycanın sərhədlərini zorla dəyişdirməyə cəhd göstərir və artıq 20 ildir ki, torpaqlarımızı işğal altında saxlayır. Onu da xatırladım ki, münaqişə ilə bağlı Avropa Parlamentinin qəbul etdiyi sənəddə Ermənistanın işğalçı olması vurğulanıb və bu ölkədən Azərbaycan torpaqlarını boşaltması tələb edilib. Bu cür faktların sayını artırmaq olar. Ümumilikdə isə, onu demək mümkündür ki, Ermənistan artıq dalana dirəndiyini anlayıb. Çünki bütün dünya problemlə bağlı həqiqəti bilir və Ermənistanın yalançı təbliğatı artıq heç bir effekt vermir. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində qüvvələr balansı Azərbaycanın xeyrinə dəyişib. İnanırıq ki, bu, münaqişənin həllini tezləşdirəcək amillərdəndir.
- Bayram müəllim, bu yaxınlarda rəhbərlik etdiyiniz ictimai birlik tərəfindən Qarabağla bağlı internet saytı yaradıldı. Bu sayt Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından informasiya-təbliğat mübarizəsinə nə kimi töhfələr verə bilər?
- Bu internet
saytı Qarabağ həqiqətlərinin dünyaya
çatdırılması işində bizim üçün
böyük əhəmiyyətə malikdir. Münaqişənin
başlandığı dövrdə Azərbaycanın
dünyanın informasiya məkanına çıxmaq
üçün vasitələrinin olmamasından istifadə
edən düşmənlərimiz yalanlar vasitəsilə
özlərinə “təbliğat” qurublar. Bu gün,
Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında
aparılan siyasət bu yalançı təbliğatı
ifşa edib. Artıq bütün dünya ermənilərin təcavüzkar
siyasətindən, Xocalıda törətdikləri
soyqırımından xəbərdardır. Bu internet saytı da məhz
aparılan informasiya mübarizəsinin bir komponentidir. Prezident
İlham Əliyev düşmənlə hər bir cəbhədə
mübarizə aparılmasının əsas şərt
olduğunu söyləyib. Biz də, məhz, bu amili
özümüzə rəhbər tutaraq bütün sahələrdə
mübarizəni daha da gücləndirməyə
çalışırıq.
Yeni Azərbaycan.- 2011.- 15 mart.-
S.4.