Azərbaycanın təhsil
sistemində genişmiqyaslı islahatlar həyata keçirilir
Gülçöhrə Məmmədova: Bir neçə
ildən sonra biz bu gün həyata keçirilən
islahatların nəticələrini və ölkəmizdə
ali təhsilin keyfiyyətinin yüksəlməsini daha
aydın görəcəyik
Azərbaycan Memarlıq və
İnşaat Universitetinin rektoru, Milli Məclisin üzvü
Gülçöhrə Məmmədova www.yap.org.az saytına
müsahibə verib:
- Gülçöhrə
xanım, istərdik ilk olaraq, hazırda Azərbaycanda təhsil
sahəsində aparılan islahatlarla bağlı
danışaq. Son dövrlər bu istiqamətdə
görülən işləri necə qiymətləndirirsiniz
və bu islahatlara uyğun olaraq, sizin rəhbərlik etdiyiniz
Azərbaycan Memarlıq və İnşaat Universitetində
görülən işlərlə bağlı nə deyə
bilərsiniz?
- Hazırda Azərbaycanın
təhsil sistemində genişmiqyaslı islahatlar həyata
keçirilir. Burada əsas məqsəd təhsilimizin keyfiyyətini
artırmaq və təhsildə Qərb standartlarının tətbiqinə
nail olmaqdır. O da məlumdur ki, Azərbaycan Boloniya prosesinə
qoşulub və bu istiqamətdə mühüm tədbirlər
görülməkdədir. Ali təhsilin bakalavr pilləsi
üçün Nazirlər Kabineti tərəfindən yeni
İxtisaslar Reyestri təsdiq olunub. Magistratura pilləsi
üçün ixtisaslaşmalar siyahısı təsdiq
üçün təqdim edilib. Artıq Azərbaycanın
bütün ali məktəblərində kredit sisteminə
keçid baş tutub. İnşaat və Memarlıq
Universiteti də keçən tədris ilindən kredit sisteminə
keçib, I və II kurs tələbələri bu sistem
üzrə təhsil alır. Qeyd etmək istəyirəm ki,
bu sistemin bir çox mühüm üstünlükləri
var. Əvvəla, tələbənin biliyinin qiymətləndirilməsində
imtahanda verdiyi cavabla yanaşı semestr ərzində
topladığı ballar da nəzərə alınır. Bu
isə tələbənin dərs prosesində fəallığını
və məsuliyyətini artırır. Təhsildə şəffaflığın
təmin olunması baxımından bu, olduqca əhəmiyyətlidir.
Təhsil Nazirliyinin Əsasnaməsində Kredit sistemində
imtahanların hamısının yazılı üsulla
aparılması nəzərdə tutulub. Bu isə subyektivliyin
aradan qalxmasına, tələbənin biliyinin daha
düzgün qiymətləndirilməsinə, şəffaflığın
tam təmin olunmasına imkan yaradır. Kredit sistemində hər
bir tələbə fərdi plan əsasında təhsil
alır və fərdi planın tərtib edilməsində tələbənin
öz seçimi də nəzərə alınır. Bu isə
məsuliyyətin artmasına səbəb olmalıdır.
Bundan başqa, biz fənn
proqramlarımız üzərində də işləyirik və
proqramlarımızı yeniləşdiririk. Çünki
dünya sürətlə dəyişir, texnologiyalar
inkişaf edir, elmi-texniki tərəqqi informasiya
texnologiyalarının tətbiqi bütün sahələrdə
olduğu kimi inşaat sahəsinə də dəyişikliklər
gətirir və biz də bu böyük dəyişikliklərə
adekvat reaksiya verməliyik.
Boloniya prosesinə
keçidlə əlaqədar olaraq, beynəlxalq əlaqələrimizi
də genişləndirməyə
çalışırıq. Bir sıra tanınmış ali
təhsil ocaqları ilə müxtəlif səviyyəli əməkdaşlıq
əlaqələri qurulub. Hazırda əlaqələrimiz
qısamüddətli stajkeçmə, birgə
vökşoplar, müxtəlif birgə layihələrin
işlənməsi ilə bağlıdır. Gələcəkdə
isə bu əlaqələr tələbə və müəllim
mübadiləsinə geniş imkanlar yaradacaq.
Son illər ərzində təhsil
sahəsinə ayrılan böyük vəsaitlər
hesabına bütün tədris müəssisələrinin
maddi texniki təminatı xeyli dərəcədə
yaxşılaşıb. Universitetimizin I ¹-li tədris
binasında aparılan təmir və rekonstruksiya işləri
buna bir nümunədir. Bütün ali məktəblərin
müasir texnika və avadanlıqla təchiz olunması
üçün xeyli iş görülüb. Təhsil sahəsində
çalışanların əməkhaqqlarının
artırılması, sosial problemlərin tədricən aradan
qaldırılması təhsildə neqativ halların
qarşısının tam alınması üçün
imkan yaradıb. Hesab edirəm ki, bir neçə ildən sonra
biz bu gün həyata keçirilən islahatların nəticələrini
və ölkəmizdə ali təhsilin keyfiyyətinin yüksəlməsini
daha aydın görəcəyik.
- Azərbaycan dövlətinin
təhsilin inkişafına yönəlmiş tədbirlərindən
biri də tələbələrimizin müxtəlif ölkələrdə
təhsil almağa göndərilməsidir. Bu sahədə
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” qəbul edilib və hazırda icra olunmaqdadır.
Siz bu Proqramın əhəmiyyətini necə qiymətləndirirsiniz
və bu sahədə görülən işləri qənaətbəxş
hesab edirsinizmi?
- Hesab edirəm ki, bu,
Dövlət Proqramının icra olunması çox əhəmiyyətli
bir məsələdir və biz bunun nəticələrini
artıq görürük. Bu gün həyata keçirilən
təhsil siyasəti Ulu öndərimizin siyasətinin
davamıdır. Ümummilli liderimiz həmişə kadr
hazırlığı məsələlərinə
böyük diqqət yetirmişdir. Onun Azərbaycan KP MK-nin I
katibi kimi ölkəmizə rəhbərlik etdiyi 1969-83-cü
illərdə yüzlərlə gənc SSRİ-nin məşhur
ali məktəblərində təhsil almaq üçün
göndərilmişdir. 1970-80-ci illərdə Ulu öndərimiz
tərəfindən aparılan gələcəyə yönəlmiş
siyasət kadr hazırlığında böyük dəyişikliklərə,
respublikanın intellektual potensialının yüksəlməsinə
səbəb oldu. O zaman yetişən kadrların bu gündə
Azərbaycan dövlətinin inkişafında rolu çox
böyükdür.
Hazırda həyata
keçirilən Dövlət Proqramı ölkəmiz
üçün yüksək səviyyədə
hazırlıq keçmiş savadlı, müasir biliklərə,
elmlərə yiyələnmiş, müasir texnologiyaları dərindən
bilən kadrların hazırlanmasına şərait
yaradır. Eyni zamanda, dövlət bu kadrların ölkəmizdə
müvafiq sahələrdə işlə təmin olunmasına
da təminat verir. Bu o deməkdir ki, dövlət bu gənc
kadrların potensialından faydalanmaqda, onların
xalqımıza, dövlətimizə peşəkar xidmət
etməsində maraqlıdır. Mən bir məsələyə
diqqəti cəlb etmək istəyirəm. Fikrimcə, xaricdə
təhsil Proqram çərçivəsində magistratura və
doktorantura pillələrində təhsil alan gənclərin
sayı artmalıdır. Bu gələcəkdə universitetlərin
professor-müəllim heyətinin yeniləşməsi
üçün faydalı olar. Sirr deyil ki, ölkəmizdə
bəzi sahələr üzrə elmi məktəblər istənilən
səviyyədə deyil yaxud da yoxdur və bizim beynəlxalq təcrübəni
mənimsəmiş, bilikli, geniş
dünyagörüşünə malik elmi kadrlara böyük
ehtiyacımız var.
- Elmin səviyyəsindən
söz düşmüşkən, istərdik bu mövzuda da
sizin münasibətinizi öyrənək. Məlum olduğu
kimi, hazırda Azərbaycanda elmin inkişaf səviyyəsi ilə
bağlı tənqidi fikirlər səsləndirilir. Ötən
il Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən
müşavirədə də Azərbaycanda humanitar və
ictimai elmlər sahəsində yaranmış vəziyyət
bir daha müzakirə olunub, mövcud durumla bağlı real nəticələr
təhlil olunaraq çatışmazlıqlar barədə ətraflı
məlumat verilib. Siz, Azərbaycanda elmin inkişaf səviyyəsindən
razısınızmı və sizcə, bu sahədə
çatışmazlıqlar nədən ibarətdir?
- Bəli, inkar olunmaz bir həqiqətdir
ki, bu gün Azərbaycan yüksək sürətli inkişaf
tempinə malikdir və əldə edilən nəticələr
bütün sahələr üzrə inkişaf meyillərini
şərtləndirir. Biz bayaq, təhsildə həyata
keçirilən islahatlar, əldə olunan nailiyyətlər
və qarşıda duran vəzifələr haqqında
danışdıq. Hazırda elm sahəsində də
islahatlar həyata keçirilir. Elmi kadrların
hazırlığı sistemi yeniləşir. Milli Elmlər
Akademiyasının işində canlanma hiss olunur. Lakin problemlər
hələ çoxdur. Elmi kadrların hazırlığı
məsələsi bu gün problem olaraq qalmaqdadır.
Xüsusilə, bu elmi potensialı zəif olan bir sıra
ixtisaslara aiddir. Elmi tədqiqatların mövzuları
müasir tələblərə uyğun deyil, və ölkənin
bugünkü inkişafına cavab vermir. Sizin də qeyd
etdiyiniz kimi, bu məsələlər hörmətli
akademikimiz Ramiz Mehdiyev tərəfindən çox ciddi təhlil
olunaraq elmi ictimaiyyətə çatdırılıb. Problemlər
ifadə olunub və konkret təkliflər səsləndirilib.
Akademik R.Mehdiyevin fikirləri cəmiyyətdə də
geniş müzakirə olundu və bununla bağlı, elmin
inkişafına yönəlmiş müxtəlif fikirlər və
təkliflər səsləndi.
Əlbəttə, problemlər
təkcə, humanitar və ictimai elmlər sahəsində
deyil. Bir çox sahələrdə, o cümlədən,
inşaat elmində də oxşar
çatışmazlıqlar özünü göstərir.
Son illərdə bu sahədə böyük müasir problemlərin
həllinə yönəlmiş, tədqiqatlar
aparılmayıb. Bunun səbəbləri nədir? Təbii
ki, bu bir çox amillərlə bağlıdır. Onlardan
biri istehsalat tərəfindən elmi tədqiqatlara sifarişin
olmamasıdır. Ölkəmizin inşaat sahəsinə
texnika və texnologiyalar xaricdən hazır şəkildə
gətirilir və fəaliyyət göstərən şirkətlər
yerli elmi kadrlara ehtiyac duymurlar. İnşaat sahəsi inşaat
elminə sifariş vermir. Bu isə öz növbəsində
elmi fəallığın zəifləməsinə gətirib
çıxarır. Sifariş almaq həm də elmi
axtarışlar üçün maddi imkanların yaranması
deməkdir. Böyük tədqiqatlar böyük maliyyə tələb
edir və bu gün təhsil ocaqlarımızın bu maddi
yükü qaldırmağa imkanları yoxdur. Ona görə də,
bizim elmi kadrlarımız və yüksək səviyyəli
mütəxəssislərimiz daha çox ekspertiza və layihələndirmə
sahəsində fəaliyyət göstərirlər.
Bunlarla yanaşı, qeyd etməliyəm
ki, biz özümüz də elmi sahədə kadr
hazırlığı məsələlərinə daha ciddi
diqqət yetirməliyik. Bununla bağlı, dünya
praktikasında mövcud olan təcrübələrdən
faydalanmalı, müxtəlif dövlətlərlə elmi
kadrların mübadiləsini həyata keçirməliyik.
İnanıram ki, artıq bu sahədə ilkin addımlar
atılır və yaxın zamanlarda ciddi irəliləyişlər
müşahidə olunacaqdır.
- Gülçöhrə
xanım, bildiyimiz kimi, hazırda ölkəmizdə informasiya
və kommunikasiya texnologiyalarının inkişafı sahəsində
atılan addımlar nəticəsində çox ciddi nailiyyətlər
əldə olunub. Bu gün Azərbaycan vətəndaşlarının
böyük əksəriyyəti internetdən istifadə etmək
imkanına malikdir. Bu fakt çox qürurverici olsa da, bəzi
problemlərin yaşanmasını da müşahidə
edirik...
- Əsrimiz informasiya əsridir
və bu gün informasiya kommunikasiya texnologiyaları bizim həyatımızın
ayrılmaz tərkib hissəsinə çevrilib. Təhsildə
də İKT-nin imkanlarından geniş istifadə olunur. Bizim
universitetimizdə kompüter biliklərinin təkmilləşdirilməsi,
tələbə-müəllim heyətinin kompüter biliklərinə
yiyələnməsi istiqamətində bir sıra tədbirlər
həyata keçirilir. O cümlədən, biz
elektron-universitet layihəsini reallaşdırırıq. Bu
layihə çərçivəsində professor-müəllim
heyətinin kompüter biliklərinə tam yiyələnməsi
üçün Universitetimizdə kurslar
yaradılmışdır. Artıq müəllimlərimizin
70 faizi bu kursu keçib və sertifikat almışlar. İlin
sonuna kimi isə bütün müəllimlərimiz və tədris
köməkçi heyətin bu layihədə iştirakı
təmin ediləcək.
Tələbələrimizin
də kompüter biliklərini artırması
üçün müxtəlif istiqamətli tədbirlər
görürük. Ümumiyyətlə, bu gün ölkəmizdə
bu sahədə çox ciddi inkişaf müşahidə edilməkdədir.
Amma bir sıra problemləri də mütləq qeyd etməliyik.
Məsələn, bəziləri, xüsusilə, gənclər
kompüterə bir əyləncə vasitəsi, boş
vaxtını keçirmək üçün alət kimi
baxır. Onların kompüterə, internetə həddən artıq
aludəliyi müəyyən psixi pozuntulara səbəb olur.
Xüsusilə, zəif dünyagörüşlü gənclərimiz
internetin əsirinə çevrilirlər. Onlar müxtəlif
təbliğatların, təxribatların qurbanına
çevrilə bilər, bunu da yolverilməz sayıram. Bu
gün dünyada informasiya müharibəsi gedir və
böyük dövlətlər öz siyasətini həyata
keçirmək üçün, başqa dövlətlər
daxilində təxribatlar törətmək məqsədilə
də İnternet məkanından ustalıqla istifadə edirlər.
Hər birimiz bu hallara qarşı ayıq-sayıq
olmalıyıq. Bunun üçün isə internetdən, informasiya
məkanından məqsədyönlü şəkildə,
öz inkişafımız üçün və Azərbaycan
həqiqətlərini, Qarabağ problemini,
xalqımızın mədəniyyətini və tarixini
dünyaya çatdırmaq üçün istifadə etməliyik.
- Hazırda ölkəmizdə
rüşvətxorluq və korrupsiya, həmçinin, bu kimi digər
qeyri-qanuni hallara qarşı barışmaz mübarizə
aparılır. Bir sıra təhsil müəssisələrində
də bu hallara yol vermiş müəllimlər və digər
işçilər işdən uzaqlaşdırılıblar.
Sizin rəhbərlik etdiyiniz universitetdə bu sahədə
mövcud durum necədir və belə hallara qarşı
hansı tədbirlər görürsünüz?
- Mən bu prosesi yüksək
qiymətləndirirəm. Əminəm ki, bu siyasət
ardıcıl həyata keçiriləcək və uğurlu
nəticələr verəcəkdir. Çünki bu məsələdə
ölkə başçısı çox böyük iradə
ortaya qoyub və dövlət strukturları da ciddi şəkildə
fəaliyyət göstərirlər. Bizim universitetimizə gəldikdə
isə, deyə bilərəm ki, biz həmişə bu cür
qanunsuz hallara qarşı mübarizə aparmışıq.
Hesab edirəm ki, artıq şəffaflığın təmin
olunmasında müəyyən nailiyyətlərimiz var. Biz
çalışırıq ki, tələbələrlə
tez-tez açıq görüşlər keçirək və
onların problemlərini özlərindən dinləyək, tələbələrimizlə
aramızda etimad mühütü yaradaq. Rektorat həmişə
oxuyan tələbələrə hər cür yardım
göstərir, ədalətsizliklərlə mübarizə
aparır. Son dövrlər isə bu istiqamətdə daha ciddi
tədbirlər görməyə başlamışıq.
Neqativ hərəkətlərə yol verən müəllim-tələbə
münasibətlərini pozan müəllimlər işdən
uzaqlaşdırılıblar.
- Gülçöhrə
xanım, bir mütəxəssis və bu sahədə mütəxəssis
hazırlayan ali məktəbin rəhbəri kimi, paytaxt
Bakıda aparılan yenidənqurma və tikinti işlərini
necə qiymətləndirirsiniz?
- Bu gün paytaxtımızda görülən işləri qiymətləndirmək üçün 10-15 il əvvəlki vəziyyətlə müqayisə etmək lazımdır. Onda nə qədər böyük işlərin görüldüyünü daha yaxşı hiss edirik. Bir neçə gün öncə, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirə keçirildi və cənab Prezident bu müşavirədə paytaxtda görülən işlərlə bağlı çox ətraflı məlumat verdi. O çıxışı dinləyərkən, mən qürur hissi keçirirdim. Görün dövlətimizin başçısı quruculuq işlərinə nə qədər həssas yanaşır, nə qədər diqqət göstərir. Hər bir böyük tikinti, hər bir kompleks, yollar, körpülər, binalar, onun nəzarətindədir. Görülən genişmiqyaslı tikinti və abadlaşma işləri paytaxtımızın daha da gözəlləşməsinə və müasirləşməsinə xidmət edir. Dənizkənarı parkın rekonstruksiyası, orada insanların istirahəti, rahatlığı üçün yaradılan şərait yüksək qiymətə layiqdir. Son zamanlar paytaxtda tikilən bəzi obyektlər öz memarlıq və konstruktiv həllinə görə unikaldır. Bunlara Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi və başqaları aiddir. Bu gün Bakı dünyanın ən gözəl və sürətlə inkişaf edən şəhərlərindən birinə çevrilib. Əminəm ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu proses davam edəcək. Bakı gözəl, zəngin, müasir və rahat şəhərə çevriləcək.
Yeni Azərbaycan.- 2011.- 16 mart.-
S.5.