Muğam Azərbaycan xalqına xas
olan ən gözəl xüsusiyyətlərin
daşıyıcısıdır
Bizi millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəniyyəti
yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi
borcudur
Muğam dünya musiqi xəzinəsinin
incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli
olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin
formalaşmasında və bugünkü dövrə qədər
gəlib çatmasında mühüm rol oynayıb. Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın
söylədiyi kimi, təbiət hər zaman təkrarsız
canlandığı kimi, muğam sənəti də heç
bir sərhədlərə sığışmayan, azad,
özü-özündən bəhrələnən bir sənətdir.
Muğam sənəti əsrlər boyu Azərbaycan
xalqının milli tanıtma nişanlarından biri kimi milli-mədəni
irsimizin əsas hissəsini təşkil edib. Bu mənada, bizi
millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəniyyəti
yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi
borcudur.
Muğamın fəlsəfəsi və ya ruhumuzun
qidası...
Muğam sadəcə
hansısa bəstəkar tərəfindən bəstələnmiş
sadə bir musiqi və ya avaz deyil. Muğam insan ruhunu
oxşayan, onun psixologiyasına müxtəlif istiqamətli təsirlər
göstərə bilən unikal bir vasitədir. Dərin fəlsəfi
məna daşıyan poeziyaya əsaslanan hər hansı
muğamı diqqətlə dinləyərkən, Füzuli, Nəsimi,
Seyid Əzim Şirvani, Vahid və başqalarının qəzəllərinin
mənası üzərində düşünərkən,
insan sehrli bir aləmə dalır, keçirdiyi hisslər həmin
muğamın musiqi obrazlarına uyğun gəlir. Bəli,
söylənildiyi kimi, bu heyrətamiz musiqi bütün hallarda
bizim daxili ovqatımıza təsir edir. O, həmişə
yerinə düşür - kədərli və qüssəli
anlarımızda da, sevinc və sevgi duyğuları
aşıb-daşanda da. Muğam bizi həyatımızın
əvvəlindən sonuna qədər daim müşayiət
edir. Muğam fenomeni də məhz ondan ibarətdir ki, o, əsrlər
boyu insanı müşayiət edib, ona ruhi saflıq və
ucalıq bəxş edərək, ən qədim dövrlərdən
bu günə və gələcəyə körpü olub.
Əlbəttə, muğam
ifaçılığının əsas keyfiyyət
meyarı xanəndənin peşəkarlığıdır.
Lakin mütəxəssislər haqlı olaraq hesab edirlər
ki, xanəndənin ustalığı, onun muğam ifa edərkən
dinləyicini başqa bir aləmə aparmaq bacarığı
da az rol oynamır. Muğam sənətinin
ecazkarlığı, sehri məhz bundadır. Burada səsin
gözəlliyi çox vacib amildir. Yaxşı deyiblər ki,
muğamda dinləyicini ovsunlayan birinci amil ifaçının
gözəl səsidir. Ruhu oxşayan ifa dinləyicinin qəlbində
ülvi duyğular oyadır, onu xəyallar aləminə
aparır, ruhlandırır.
Muğamın əhəmiyyəti
söylədiklərimizdən qat-qat artıqdır.
Muğamı daha dolğun şəkildə ifadə etmək
üçün yeni fikirlər tapmaq getdikcə çətinləşir.
Amma bir şey məlumdur ki, muğam bizim həyatımızın,
varlığımızın bir hissəsidir. Mehriban xanım Əliyeva
muğamı obrazlı şəkildə çox dəqiq səciyyələndirib:
“Biz muğamı gələcək nəsillərə qəlbimizin
və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz, muğam
bizim varislərimizdə köklərə bağlılıq,
milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi
və başqalarının iztirabına şərik
olmağı bacarmaq, muğamın özünün malik
olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər
aşılamağa qadirdir”.
Yazılı musiqi əsərindən
fərqli olaraq, muğam kompozisiyası fərd tərəfindən
bəstələnmir, müəyyən mövcud şifahi sxem
üzrə yaradılır. Əslində, muğam mücərrəd
fikir kimi mövcuddur, ifa edilməyənə qədər o
yoxdur. İfaçı muğamı ifa edən zaman bir
növ ona nəfəs verir. Muğam nə vaxtsa kimlərsə
tərəfindən bəstələnən melodiyalardan ibarətdir.
Amma ümumilikdə muğam sənəti anonimdir. Əvvəllər
olduğu kimi, indi də yaradıcı istedada malik olan
ifaçılar eyni zamanda, ayrı-ayrı melodiyalar, əsasən
təsniflər və rənglər yaradırlar, amma geniş
kütlə üçün onları bəstələyən
sənətçinin adı bir qayda olaraq qeyri-müəyyən
qalır. Beləliklə, xalqın nəzərində bu
havaların müəllifi muxtəlif fərdlər yox, xalq
özüdür.
“Müğənni, qədim bir hava çal, muğlar
kimi bir muğan havası çal”
N.Gəncəvi
Şərq xalqlarının
musiqi mədəniyyətində ümumi cəhətlər
daha bariz şəkildə özünü göstərir.
Çünki, bu mədəniyyət böyük bir region əhalisinin
müxtəlif formalı və çalarlı əlaqə
prosesi əsasında təşəkkül tapıb. Məhz,
bu səbəbdən də onlara bir çox mühüm
ümumşərq xüsusiyyətləri xasdır. Bu mənada,
şərq xalqlarının mədəni həyatında
mühüm əhəmiyyət kəsb edən, onların mənəvi
dünyasının formalaşmasında müstəsna rolu
olan muğam sənəti əsrlər boyu olduğu kimi,
müasir dövrümüzdə də dünya
musiqişünaslarının, sənətsevərlərinin
diqqət mərkəzindədir.
Muğam Azərbaycan klassik
xalq yaradıcılığı musiqisinin əsas
janrıdır. Bizim eranın VI əsrində Azərbaycanda Ərdəbildə
muğamların ifa olunması sübut edir ki, muğam sənəti
ərəb ölkələrində yayılmamışdan əvvəl
Azərbaycan və İranda mövcud olub.
Qeyd edək ki, Azərbaycan
xalqının qədim etnik soy-kökündə
özünüməxsus yer tutan tayfaların adının həm
də qədim musiqi janrı-muğamda öz əksini
tapması xalqımızın malik olduğu bu xəzinənin
qiyməti haqqında ilk andaca lazımi təsəvvür
yaradır. Tarixi faktlar sübut edir ki, muğ-mağ kahinləri
dövlətin idarə olunmasında, elmdə, incəsənətdə,
təbabətdə, musiqi sənətində mahir istedada malik
insanlar olublar. Onların, eyni zamanda, çox qədim tarixə
malik olmaqla yanaşı, ilk səmavi allahların
yaradıcıları olduqları da isbatlanıb. Dünya tibb
elminin insan qəlbinə nüfuz edən musiqi ilə xəstələri
müalicə etməyin, hətta cərrahi əməliyyat
aparmağın mümkünlüyünün isbatına
qalxması muğ kahinlərinin belə qabiliyyətə malik
olmaları haqda nəticələri təsdiqləmiş olur.
Və musiqişünas alimlərin yekdil qənaəti budur ki,
müalicə üçün istifadə edilən musiqi məhz
kahinlərin allahlarla təmasında körpü rolunu oynayan
muğam olub.
Muğam havalarının
Muğanla bağlı olması görkəmli filosof-şair
Nizami Gəncəvinin “İqbalnamə” əsərində də
öz əksini tapıb: “Müğənni, qədim bir hava
çal, muğlar kimi bir muğan havası çal”.
İskəndərin yeddi
filosofla xəlvətə çəkilməsi səhnəsində
şairin yenə də muğam havasına işarə edərək
onu qədim hava adlandırması bu fikri bir daha təsdiq edir.
Digər mənbələrə
görə isə, muğam sözü iran-ərəb-türk
dilində işlədilən “məqam” sözündən
yaranıb. “Məqam” sözü simli alətlərdəki pərdə
mənasına gəlir. Hər muğamın da əsas notu alətin
bir pərdəsində olduğu üçün bu ad ona
verilib.
Muğam təxminən, XIV əsrə
qədər Yaxın Şərq xalqlarının vahid musiqi
janrı olub, lakin, sonralar baş verən ictimai-siyasi dəyişikliklər
səbəbindən bu vahid musiqi janrı xalqların mədəniyyətinə
uyğun parçalanıb.
Klassik şərq
muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olub. Əsas
muğamlara Üşşaq, Nəva, Busəlik, Rast, Əraq,
İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi,
Hüseyni və Hicaz, avazatlara isə Şahnaz, Mayə, Səlmək,
Novruz, Kərdaniyə, Güvaştdan aid olub. Azərbaycanda isə
xalqımızın qədim irsi olan muğamın 7 əsas, 3
köməkçi növü var. Əsas muğamlar “Rast”,
“Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”,
“Şüştər” və “Humayun”, köməkçi
muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ
Çahargah”dır...
Ümumiyyətlə,
muğamın elmi baxımdan açımı həmişə
bir sirri özündə ehtiva etsə də, son illər onun
sirli və sehirli, mürəkkəb quruluşu
araşdırmaçıların ciddi marağına səbəb
olub. Tarixi mənbələrdə göstərilir ki,
musiqişünaslar, ədəbiyyatşünaslar,
tarixçilər, qədim yunan və orta əsr filosofları
Şərqdə inkişaf edən bu unikal sənətin sirlərini,
muğamların bəşərin inkişafında rolunu və
gərəkliyini daha dərindən öyrənmək
üçün çoxlu araşdırmalar aparıblar.
Muğam şərq
xalqlarının fəlsəfəsində, ruhunda mühüm
yer tutan fenomen olduğu üçün daim mütəfəkkirlərin,
filosofların araşdırma mövzusu olub. Əbu Nəsr Fərabi,
Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin
Urməvi və başqaları hələ o zaman, klassik şərq
muğamı barədə nəzəri fikirlər söyləyiblər.
Azərbaycanda isə bəstəkar, professional musiqisimizin
görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov
XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə
dair əsas fikir sahiblərindən biri kimi tanınır.
Ölkəmizdə ən
tanınmış muğam ifaçılarından olan Seyid
Şuşinski muğamı bütöv bir ümmana bənzədirdi.
Xan Şuşinskinin fikrincə isə, muğam yaralı
ürəklərin məlhəmi, insanlara təsəlli verən,
onları ruhən yüngülləşdirən bir sənətdir.
Həqiqətən, bu böyük sənətkarların
ifasında səslənən muğam məhz belə təsirə
malik idi. Xalqımızın əhval-ruhiyyəsini, onun
xarakterini ifadə edən ecazkar muğam melodiyalarını
dinlədikcə insan sanki saflaşır, qürur hissi
keçirir. Təsadüfi deyil ki, akademik Vasim Məmmədəliyevin
dediyi kimi, musiqimizin Quranı olan muğam Avropa və Amerikada
özünə yüzlərlə, minlərlə pərəstişkar
tapıb. Azərbaycan muğamlarının bənzərsiz
ifaçısı Alim Qasımovun xarici ölkələrdəki
çıxışlarının necə qəbul edilməsi
buna əyani sübutdur. Vaxtilə bəstəkar Əfrasiyab Bədəlbəyli
tamamilə haqlı olaraq muğamatı Azərbaycan musiqi
dilinin lüğət fondu, musiqimizin təməli kimi səciyyələndirib.
Firəngiz Əlizadə isə muğamı Azərbaycanın
genetik kodu, ümumbəşəri irs adlandırıb.
Muğam gələcək nəsillərə qəlbimizin
və ruhumuzun bir hissəsi kimi miras qoyulur
Qədim və orta əsr
Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində
bu gün də əsas amillərdən biri kimi tədqiqatçıların
təhlil obyektinə çevrilən muğam bir sənət,
elm olaraq, daha çox Azərbaycanda inkişaf edib. Bunu
muğama yönələn dövlət qayğısı, bu
sənətin qorunub saxlanılması və inkişaf etdirilməsi,
dünya miqyasında Azərbaycanın milli irsinin incisi kimi
tanıdılması yönündə irimiqyaslı layihələrin
həyata keçirilməsi söyləməyə əsas
verir. Mehriban xanım Əliyeva muğamla bağlı
çıxışlarında bildirib ki, Azərbaycanın zəngin
mədəniyyətinin və tarixinin ən gözəl incilərindən
biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir:
“Muğam Azərbaycan xalqına xas olan ən gözəl
xüsusiyyətlərin daşıyıcısıdır.
Torpağa, köklərə bağlılıq, vətənpərvərlik,
milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət,
emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin
əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin
və məhəbbətin rəmzidir - səhv etmərəm”.
Gözəllik və məhəbbət
rəmzi olan muğamın yüksəlişi Azərbaycanın
müstəqillik illərinə təsadüf edir. Son 10 ildə
aparılmış məqsədyönlü işlərin nəticəsi
olaraq, muğam sənəti bir daha dünya musiqi incisi kimi təsdiqini
tapdı.
Əlbəttə ki, hər kəs
iddia edə bilər ki, muğam Azərbaycanda hər zaman olub.
Məlumdur ki, muğam müasir dövrümüzə qədər
konsert salonlarından, toy məclislərindən kənara
çıxa bilmirdi. İnkar etmirik ki, hələ ötən
əsrin 70-ci illərdə muğamdan bir sıra dünya
şöhrətli kinolarda istifadə olunurdu. Amma burada
muğam sənətinin prestijinin qorunub saxlanılması və
inkişaf etdirilməsi, eyni zamanda, dünya miqyasında Azərbaycanı
xalqının milli-mədəni irsinin bir parçası kimi
tanıdılmasının səviyyəsindən,
görülən işlərin miqyasından danışmaq
lazımdır.
Azərbaycan xalqının
muğamı Şərq xalqlarının muğamları
içərisində özünəməxsus yer tutur. Azərbaycanda
muğam sənətinə böyük əhəmiyyətin
verilməsi bütövlükdə Azərbaycanın öz
muğamına sahib çıxması deməkdir. Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində
muğamımız toyxana, kiçik konsert salonları səviyyəsindən
çıxarılıb YUNESKO səviyyəsinə
qaldırılıb, muğama layiq olduğu beynəlxalq
statusu verilib.
Bu gün Avropanın
böyük dövlətlərinin, ABŞ-ın bir çox
ştatlarının, Yaxın Şərq və Orta Asiya
ölkələrinin səhnələrində Azərbaycan
muğamı sevilərək dinlənilir və sürəkli
alqışlarla qarşılanır. Niyazinin “Rast”, Fikrət Əmirovun
sözün həqiqi mənasında sensasiyaya
çevrilmiş “Şur”, “Kürd ovşarı”,
“Gülüstan-Bayatı Şiraz” əsərləri o vaxta qədər
mövcud olmayan simfonik muğam janrının ilk nümunələri
kimi bütün musiqi dünyasını heyran edib. Təsadüfi
deyil ki, son illərdə İngiltərə, Fransa, Almaniya,
Yaponiya və ABŞ-da muğama maraq xeyli artıb, bu ölkələrdə
muğamı çox yüksək səviyyədə qəbul
edirlər. Görünür, bu fakt onunla izah edilməlidir ki,
qədim Azərbaycan muğamı bu əsrin əvvəlinə
qədər milli ənənələri xalis şəkildə
qoruyub saxlayıb və mütəxəssislərin fikrincə,
kifayət qədər inkişaf edib, mədəni dəyərlərin
yüksək bədii ifadə formasına çevrilib.
Bu gün Ümummilli lider Heydər
Əliyevin ortaya qoyduğu ideyaların
reallaşdırılması, “Muğam Azərbaycanın milli
sərvətidir”, - deyən Prezident İlham Əliyevin dəstəyi,
diqqət və qayğısı, “Biz muğamı gələcək
nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi
kimi miras qoyuruq”, - söyləyən Mehriban xanım Əliyevanın
təşəbbüsləri nəticəsində muğam sənəti
yeni inkişaf mərhələsini yaşayır.
Dövlət
başçısının Sərəncamı əsasında
Beynəlxalq Muğam Mərkəzinin inşası, beynəlxalq
musabiqələrin keçirilməsi, kompakt disklərin
hazırlanması, elmi simpoziumların təşkili və eyni
zamanda, muğamın YUNESKO səviyyəsində təbliği
muğama olan marağı artırır, insanların,
xüsusilə də, gənc nəslin muğama münasibəti
yaxşılığa doğru dəyişir.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2011.- 16 mart.- S.2.