Zəriflik jurnalının təqdimatı
keçirilib
Dünən Ramada otelində YAP Qadınlar Şurasının təşkilatçılığı ilə nəşr olunan Zəriflik jurnalının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva ilk olaraq, Novruz bayramı münasibəti ilə bütün qonaqları, eləcə də, Azərbaycan xalqını təbrik edib.
N.Əliyeva bildirib ki, təqdimatı keçirilən Zəriflik jurnalının ünvanı Azərbaycan anası, Azərbaycan qadınıdır: Bu qadın tarixin ən çətin anlarında canından keçərək öz sözünü deyib, şərəfli yol keçərək, XXI əsrə qədəm qoyub. Üçüncü minillik isə qadının cəmiyyətdəki mövqeyini daha da gücləndirib. Bu qadın böyük qüvvə olduğunu bir daha diktə edib. Bu gün Azərbaycan qadın hərəkatındakı fəallaşma və canlanma hamımızı sevindirir. İndi cəmiyyətin bütün sahələrində aparıcı mövqeyə malik qadınlar öz bilik və bacarıqlarını dövlətimizin güclənməsinə, daha da çiçəklənməsinə və inkişaf etdirilməsinə sərf edirlər. Onların hərtərəfli fəaliyyəti üçün isə ölkəmizdə mühüm şərait mövcuddur. Bunun üçün biz ən əvvəl Azərbaycanda qadın dövlət siyasətinin əsasını qoyan Ulu öndər Heydər Əliyevə borcluyuq. Bu gün isə Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu, ona münasibət çox ucadır. Buna görə Ümummilli liderimiz Heydər Əliyevin dövlət, qadın siyasətini qətiyyətlə davam etdirən Prezident İlham Əliyevə minnətdarıq.
Təqdimat mərasimində çıxış edən YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov qonaqları, həmçinin, bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib: Azərbaycan mətbuat tarixi böyük ənənələrə malikdir. Bu ənənələr illərin, zamanın sınağından keçərək, özünü təsdiq etmiş və dünya mətbuatının tərkib hissələrindən birinə çevrilmişdir. Təbii ki, söz sənətimiz rəngarəng, çoxşaxəli olduğu kimi, bu sözə könül verənlər də müxtəlif cinslərin, müxtəlif zümrələrin nümayəndələridir.
Əli Əhmədov qadın hərəkatında fəallaşmanın yüksək olduğunu vurğulayıb: Ölkə əhalisində qadınlara olan münasibət mətbuat aləminə təqdim olunan Zəriflik jurnalının adına uyğun seçilib. Bu adın özü qeyd etməyə imkan verir ki, Şərq qadını, Azərbaycan qadını həmişə zərif, həmişə ülvi olub. Xatırlatmaq yerinə düşər ki, müstəqil Azərbaycanın azad söz meydanı xalqına və dövlətçiliyinə xidmət edən hər kəsin üzünə açıqdır.
Qeyd edək ki, jurnalın ilk nömrəsində Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva haqqında Xeyirxah əməllərin davamçısı adlı məqalə dərc olunub. Bu məqalədə Mehriban xanım Əliyeva insanlığa əsas münasibət örnəyi, qadın hüquqlarının müdafiəçisi, millətinə, xalqına sədaqət nümunəsi kimi səciyyələndirilir.
Tədbirin sonunda Azərbaycan Dövlət Pedaqoji Universititenin tələbələrinin rəqsləri və muğam müsabiqəsi qaliblərinin ifaları dinlənilib.
Yeni Azərbaycan.-
2011.- 17 mart.- S.3.