Mübariz Qurbanlı: Onların
yeri siyasət deyil...
“Milli.az” saytı Yeni Azərbaycan
Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili
Mübariz Qurbanlının müsahibəsini yayıb:
- Mübariz müəllim,
Müsavat Partiyasının martın 12-də keçirdiyi
etiraz aksiyasını necə dəyərləndirirsiniz? Hakimiyyətə
dialoq təklif edən partiyanın radikal addımlara əl
atması iqtidar-müxalifət dialoqunu nə dərəcədə
mümkünsüz edir?
- Azərbaycanda dialoq
mühiti bütün siyasi partiyalar arasında mövcuddur. Sadəcə
müxalifətdə olan, məclisdə, hansısa bir
seçkili orqanda təmsil olunmağı bacarmayan, sosial
dayağı olmayan bir ovuc radikal özünü cəmiyyətdən
kənarda qoyur. Cəmiyyətdən kənarda qalan həmin
qrup Azərbaycanda iğtişaşlar törətmək,
Bakı şəhərində qanunsuzluqlar etmək, qanunsuz hərəkətlərə
yol vermək və əhalinin istirahətini, ictimai asayişi
pozmaq üçün təxribatlara əl atır. Martın
12-də onların Fəvvarələr meydanındakı hərəkəti
sadəcə təxribatdan başqa bir şey deyildi. 25-30 nəfərdən
ibarət bir ovuc qaragüruhçu insanların azad, sərbəst
gəzişdiyi bağa daxil olaraq orada həyasızcasına
müxtəlif şüarlar qışqırırdılar. Aydındır
ki, ictimai asayişi mühafizə etməli olan polis də
onları 10 dəqiqədən də az bir müddətdə ərazidən
uzaqlaşdırdı. Bu xalq, xalqın təmsilçisi olan
siyasi partiya deyil. Bu bir ovuc qaragüruhçudur. Bu bir ovuc
qaragüruhçunun da arxasında duranlar vaxtı ilə
siyasi hakimiyyətə hay-küylə gəlib sonradan hakimiyyəti
biabırcasına qoyub qaçanlardır. Ona görə də
bunların qarşısı ciddiyətlə, qətiyyətlə
alınacaq. Heç kim Bakı şəhərində ictimai
asayişi pozmağa imkan verməyəcək. Çünki cəmiyyət
bunun əleyhinədir. Mən özüm də həmin vaxt Fəvvarələr
bağında idim. Biz orada gəzişirdik. Orada müşahidə
edərək gördüm ki, vətəndaşlar bundan
çox narazıdır. İnsanlar onların yanındaca deyirdilər
ki, rədd olub gedin burdan, nə
qışqırıb-bağırırsınız. Bəlkə
bu sözləri onlar eşitməyiblər. Sadə insanlar
onları ərazidən qovurdu, nəinki polis. Dəyənəksiz
polis dəstəsi itələyib onları bağdan
çıxardı. Hətta bəzi xaricilər də öz
narazılıqlarını bildirirdilər ki, bura mitinq,
çıxış etmək yeri deyil. Eyni zamanda sadə
insanlar buna çox böyük etiraz edirdilər. Hamı
deyirdi ki, buna yol vermək olmaz. Sözləri var buyursunlar qanun
çərçivəsində onlara təklif edilən yerdə
yiğişıb nə qədər istəyirlər
danışsınlar. Öz mətbuatlarında yazsınlar,
televiziyalarda çıxış edib sözlərini desinlər.
Onsuz da internetdə ağızlarına gələni
danışırlar. Beş-altı gədə imzasını
gizlədərək internet vasitəsilə söyüş
yağdırır. Birləşmiş Ştatlar Konqresinin
ayırdığı pulla maliyyələşən
“Azadlıq” radiosu birtərəfli qaydada
azğınlaşmış qaragüruhçu dəstələrin
söyüş maşınına çevrilib. Buna yol vermək
olmaz. Tarazlığı gözləyir, buyursun, hərtərəfin
mövqeyini versin. Ona müsahibə verməyən adamın
şəklini qoyub orada hansısa bir disskusiya açır. Mən
də “Azadlıq”ın rəhbərliyini internetdə qoyub
diskussiya açacam, onların şərəfsiz, yaramaz, xəyanətkar
siyasətini ifşa edəcəm. Onlar mənim şəklimi
qoyub insanların müzakirəsinə çıxarırlar.
Sən kimsən ki, mənim şəklim ətrafında
disskusiya açırsan. Bu Birləşmiş Ştatların
tula pulu ilə yayılan radiodur. Sonra da deyirlər ki, bizə
fəaliyət göstərmək üçün imkan vermirlər.
Onlar konqresmenin şəkli ətrafında ictimai müzakirə
apara bilərlər? Həmin gün Amerikadan qovarlar. Biz buna yol
verməli deyilik. Bu gün Azərbaycanda bir ovuc
qaragüruhçu, dərnək səviyyəsinə enmiş
siyasi qruplaşmalar var. Onların yeri siyasət deyil. Onlar elə
qaragürühçuluqla məşğul olsunlar. Onlara mən
cəmiyyətdən qovulmuşlar deyirəm. Onlar
üçün nə Vətən, nə torpaq, nə də
erməni təcavüzünə qarşı birgə
mübarizə əzmi var. Bunların məqsədi yalnız
hay-küy salmaq və kimlərdənsə qrant yolu ilə pul
qoparmaqdır. Onu da böləndə bir-biriləri ilə
vuruşurlar. Hər bir ölkədə belə qaragüruh dəstə
ola bilər. Onları da cəmiyyət siyasətdən qovur.
- ATƏT sədrinin regiona səfəri
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinə nə dərəcədə
müsbət təsir göstərəcək?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in mandatındadır. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilir. Bu baxımdan ATƏT-in yüksək çinli məmurlarının, vəzifəli şəxslərinin regiona səfəri təbii ki, problemin həlli istiqamətindəı aparılan danışıqlar prosesinə müsbət təsir göstərə bilər. Eyni zamanda real faktların onlar tərəfindən eşidilməsi, dinlənilməsi bu məsələdə öz rolunu oynaya bilər. Mən bu səfəri müsbət qiymətləndirirəm.
Yeni Azərbaycan.- 2011.- 17 mart.-
S.3.