Azərbaycan gəncləri
Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə
dəstəkləyir
Seymur Orucov: Bizə ermənilərlə işbirliyində
olmuş Ruslan Bəşirli kimi gənclər lazım deyil. Biz
xaricdən idxal olunan dağıdıcı ideologiyaların
daşıyıcısına çevrilmiş gəncləri
qəbul etmirik
Yeni Azərbaycan
Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov
www.yap.org.az saytına müsahibə verib:
- Seymur müəllim, ilk
olaraq, istərdik ümumi bir suala cavab verəsiniz. Bu gün Azərbaycanda gənclərin özlərini
təsdiq etməsi üçün yaradılmış şəraiti
necə dəyərləndirirsiniz?
- Bu gün Azərbaycan MDB məkanında
gənclər siyasətinin miqyasına və effektinə
görə ön sırada qərarlaşıb. Respublikamızın hər bir gəncinin istənilən
sahədə özünü təsdiq etməsi və
potensialını reallaşdırması üçün
kifayət qədər əlverişli şərait
yaradılıb. Daha dəqiq olsun deyə,
burada qruplaşma da apararaq fikrimizin nə qədər doğru
olduğunu isbatlaya bilərik.
Hazırda
ölkəmizdə idman, elm-təhsil, mədəniyyət-incəsənət,
ictimai-siyasi və sosial-iqtisadi fəaliyyət sahələrində
gənclərin malik olduqları bacarıqları
nümayiş etdirməsi üçün infrastruktur və
maddi-texniki bazanın gücləndirilməsi baxımından
bütün lazımi işlər görülüb. Azərbaycanda
idman sahəsinə meyilli olan gənclərin uğurlu
çıxışları üçün 20-dən
artıq Olimpiya Kompleksləri inşa edilib və müxtəlif
güzəştlər tətbiq olunub. Buna
görədir ki, yaradılmış şəraitdən bəhrələnən
gənclər əldə etdikləri nailiyyətlərlə
Azərbaycanın idman ölkəsi kimi tanınmasına səbəb
olublar.
Elm-təhsil sahəsində
də ciddi addımla
rın atılması, elm
ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi,
gənc alimlərin bu sahədəki fəaliyyətlərini
stimullaşdıran güzəştlərin tətbiq
olunması, həmçinin, xaricdə təhsil almaq və Azərbaycanı
beynəlxalq səviyyədə təmsil etmək istəyənlər
üçün xüsusi Dövlət Proqramının qəbul
edilməsi sözügedən istiqamət üzrə də gənclərin
uğurlar əldə etməsinə səbəb olub. Eyni sözləri, mədəniyyət-incəsənət,
ictimai-siyasi və sosial-iqtisadi fəaliyyət sahələrinə
də aid etmək olar.
Bir sözlə,
bu gün ölkəmizdə gənclərimizin intellektual və
kreativ fəaliyyətinin düzgün istiqamətləndirilməsi
və nailiyyətlərin əldə olunması
üçün mükəmməl şərait
yaradılıb. Bu vəziyyətdən düzgün
istiqamətdə bəhrələnən gənclərimiz isə
hazırda respublikamızın ictimai-siyasi həyatında əhəmiyyətli
rol oynayırlar. Malik olduqları
potensialı reallaşdırmaqla, ölkəmizin
inkişafına öz töhfələrini verirlər.
- Dediklərinizdən bəlli
olur ki, hazırda respublika gəncləri sərbəst şəkildə
ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında əhəmiyyətli
rol oynayır. Bəs, belə olan təqdirdə,
nə üçün bəzi gənclər istər virtual,
istərsə də real həyatda itaətsizliyə sövq
edilir? Buna səbəb kimi nəyi
görürsünüz?
- Haqlısınız. Bu
gün Azərbaycan gənclərini düzgün olmayan istiqamətə
yönəltməyə çalışan bəzi xarici
qüvvələr var. Onlar ideoloji-informativ manipulyasiya vasitəsilə
cəmiyyətdəki “çatışmazlıqları” gənclərin
beyninə yeridərək, onlardan idarə olunan obyekt
hazırlamağa cəhd göstərirlər.
Ümumiyyətlə,
bəşər tarixindən də bəllidir ki, heç bir
zaman ideal cəmiyyət olmayıb. Əlbəttə ki,
hazırki Azərbaycan cəmiyyətində də müəyyən
çatışmazlıqlar olub. Ola bilsin
ki, hansısa səbəblər üzündən bir sıra
qabiliyyətli gənclər diqqətdən kənarda
qalıb.
Amma Yeni Azərbaycan
Partiyasının Gənclər Birliyi daim bütün
gücü ilə çalışıb ki, ölkəmizin
bütün kreativ gənclərini üzə
çıxarsın və onlara özlərini təsdiq etmək
üçün bütün şəraiti olan fəaliyyət
platforması versin. Hətta, deyim ki, biz artıq
buna nail olmuşuq. Mən
düşünürəm ki, artıq bu cür hallar cəmiyyətimizdə
mövcud deyil. Lakin çox təəssüflər
olsun ki, xaricdə yaşayan və düşmənlərlə
əlbir olan bəzi azərbaycanlı “gənclər” müxtəlif
vasitələrdən istifadə etməklə,
narazılıq fonu yaratmağa çalışırlar.
Xüsusilə də, internet üzərindən
bu fəaliyyəti həyata keçirərək, blef və
manipulyasiyalarla məşğul olurlar. Əlbəttə
ki, həmin qüvvələrə dəstək verən və
ölkəsinin inkişafının davamlı olmasını
istəməyən daxili satellitlər, radikallar da mövcuddur.
Onlar ölkəmizdə yaradılmış
demokratik şəraitdən sui-istifadə etməklə,
dediyiniz aqressiya fonunu yaratmağa cəhd göstərirlər.
Əslində isə vəziyyət tamamilə fərqlidir.
Biz gənclərlə daim ünsiyyətdə
olan və onlarla işləyən təşkilat olduğumuza
görə, Azərbaycan gəncliyinin nə
düşündüyünü çox yaxşı bilirik.
Hətta apardığımız söhbətlərdən,
sosial şəbəkələr üzərindən
keçirdiyimiz sorğulardan da bəlli olur ki, bu gün Azərbaycan
gəncləri Prezident İlham Əliyevin siyasətini birmənalı
şəkildə dəstəkləyir. Yəni,
düşmən qüvvələr nə qədər
çalışsalar da, gənclərdə hansısa aqressiya
və ya hakimiyyətə qarşı çıxış
hissi oyada bilməzlər.
- Məlum olduğu kimi, bir
neçə həftə öncə sosial şəbəkələrdə
gənclər arasında müəyyən təbliğat
işləri aparılırdı ki, hansısa günlə
bağlı aksiya keçirilsin. Sizin fikrinizcə, bu təbliğat
hansı məqsədlərə xidmət edirdi və
sözügedən oyunun arxasında kimlər dayanırdı?
- Bəli, belə bir hal da
yaşandı. Təşkilatçılarından 4-ü
xaricdə yaşayan və Azərbaycanın düşmənləri
ilə işbirliyində olan “gənclər” “Facebook” və
“Twitter” kimi sosial şəbəkələr üzərindən
müxtəlif aldadıcı xüsusiyyətləri
özündə birləşdirən qrup yaratdılar. Əlbəttə ki, bu qrupun necə
formalaşması və saxtakarlıqla ətrafına insan
toplaması barədə artıq cəmiyyətimiz məlumatlıdır.
Amma bu qrupla
bağlı bəzi yeni məqamlar üzə
çıxdığına görə, istərdim bu məsələnin
üzərində bir qədər dayanım.
Aparılan məqsədyönlü
təbliğat işlərindən sonra bu qrupla bağlı məlumatı
olmayan digər gənclər də bu kampaniyanın tərəfdarlarına
etiraz məktubları göndəriblər. Bu qrupun
yaradılmasının əsl məqsədini bu qrupa dəstək
verənlərə izah etməyə başlayıblar. Amma sonradan bizim bu qrupla araşdırma aparan gənclərimizin
elektron ünvanlarına daxil olmuş məktublarda bildirilib ki,
ermənilər aktiv şəkildə onların səhifələrinə
müdaxilələr ediblər, müxtəlif kanallar vasitəsilə
hədə və təhqir dolu şərhlər yazıblar.
Bundan sonra biz daha dəqiq bildik ki, bu
kampaniyanın arxasında Azərbaycanı sevməyən
xarici qərəzli qüvvələr, ilk növbədə
ermənilər dayanır.
Bu faktı
bütün Azərbaycan gəncləri həm media, həm də
sosial şəbəkələr vasitəsilə anladı və
bildi. Ona görə də, bu qrupun çirkin məqsədi
baş tutmadı. Mən əminəm ki, bundan sonra da bu
cür kampaniyalar təşkil edilsə, onların Azərbaycanda
gənclərlə dövlət arasında nifaq salmaq
imkanları sıfıra bərabər olacaq...
- Artıq son günlər ərzində
ərəb dünyasındakı çalxalanmalardan “ruhlanan”
radikallar bir sıra çağırışlarla
çıxış edirlər. Hətta,
universitet tələbələrini öz məqsədlərinin
reallaşdırılması alətinə çevirməyə
cəhdlər göstərirlər. Necə
düşünürsünüz, Azərbaycan gəncliyinin bu
gün üçün əsas məqsəd və hədəfləri
nələr olmalıdır?
- Bilirsiniz, Azərbaycan bu
gün regionun sürətlə inkişaf edən ölkəsidir.
Respulikamız həm siyasi, həm iqtisadi, həm
sosial, həm hərbi, həm də digər sahələr
üzrə uğurlar əldə etməkdədir. Bununla yanaşı, Azərbaycanda demokratik şəraitin
yaradılması, söz-mətbuat, özünüifadə
azadlıqlarının dövlət tərəfindən ciddi
şəkildə qorunması, vətəndaş-dövlət
münasibətlərinin sabit olması əldə olunan nailiyyətlərə
əlavə kapitallar gətirir. Amma
xalq-iqtidar birliyinin sarsılmaz olduğu Azərbaycanda
bütün proseslərin sabit və öz axarında davam etməsi
xarici qərəzli dairələri narahat edir. Onlar çalışırlar ki, Azərbaycan
xalqının malik olduğu sərvətləri mənimsəsinlər,
ölkəmizi parçalasınlar və dövlətçilik
tariximizi məhv etsinlər.
Etiraf etmək
lazımdır ki, həmin qüvvələr ərəb
dövlətlərində baş vermiş hadisələri Azərbaycana
transformasiya etməyə cəhd göstərirlər. Və
çox təəssüflər olsun ki, ölkəmizdə
onlara xidmət edənlər də tapılır. Öz keçmişini yaddan çıxarmış
radikal müxalifət düşmənlərin dəstəyilə
Azərbaycanı 1990-cı illərin əvvəllərindəki
vəziyyətə qaytarmağa, yenidən vətəndaş
qarşıdurmasının meydana gəlməsinə,
aclıq və səfalətin,
özbaşınalığın baş qaldırmasına
çalışırlar.
Axı
xalqımız bütün bunların acı nəticələrini
görüb.
Bilir ki, bu radikal müxalifət hakimiyyətdə
olarkən, Azərbaycan hansı ağır günləri
yaşayıb.
Biz gənclərə də
aydındır ki, radikal müxalifət gəncləri itaətsizliyə
çağırır. Qeyd etdiyiniz kimi, xüsusilə də,
universitetlərdə təhsil alan gənclərdən istifadə
etməyə cəhd edirlər. Mən tam əminəm ki, Azərbaycanda
heç bir gənc düşmənlərin maraqlarının
həyata keçirilməsinə imkan və radikallara da dəstək
verməz. Biz gənclər radikal müxalifətə sual
edirik: nə üçün bizim gələcəyimizi sonu
görünməyən tunelə salmağa
çalışırsınız? Niyə imkan vermirsiniz ki,
bizim üçün yaradılmış şəraitdən
maksimum şəkildə yararlanaq və dövlətimizə
layiq vətəndaş olaq? Hansı səbəblərə
görə, siz bizləri meydana çıxarıb Vətən
xaini etməyə cəhd göstərirsiniz? Radikallar və
onların xidmət etdikləri qərəzli qüvvələr
bilsinlər ki, Azərbaycan gəncləri dövləti hər
bir şeydən uca tutur və onun inkişafı
üçün əlindən gələni etməyə
hazırdır.
Bu gün biz gənclərin
düşmən mətbəxində hazırlanmış
siyasi oyunların baş tutması üçün mitinqlərə
çıxan vaxtımız deyil. Hazırda bizim əsas vəzifəmiz
dövlətimizin başçısının siyasətini dəstəkləməklə,
torpaqlarımızın işğaldan azad olunması
üçün səfərbər olmaq, ideoloji cəhətdən
silahlanmaqdır.
- Seymur müəllim, sonuncu
sualı da ümumi məsələ ilə bağlı vermək
istəyirəm. Siz, YAP GB-nin sədri kimi Azərbaycan gəncliyini
necə təsəvvür edirsiniz və onların əsas
funksiyası nələr olmalıdır?
- Əlbəttə ki, indi
söyləyəcəyim fikirlər təkcə mənə
deyil, respublikamızın bütün vətənpərvər
gənclərinə aiddir. Biz gənclər cəmiyyətimizin
aparıcı üzvləri olduğumuza görə, bir
sıra məsələlərdə məsuliyyət
çiyinlərimizə düşür. Hər şeydən əvvəl
statusumuzdan, vəzifəmizdən asılı olmayaraq,
hamımız Vətənimizə layiq vətəndaş
olmalıyıq. “Hər şey Vətən üçün”
devizi yaşam və fəaliyyət amalımıza
çevrilməlidir. Bizə ermənilərlə
işbirliyində olmuş Ruslan Bəşirli kimi gənclər
lazım deyil. Biz xaricdən idxal olunan dağıdıcı
ideologiyaların daşıyıcısına
çevrilmiş gəncləri qəbul etmirik. Həmin gənclər
Azərbaycan gəncliyinin adına ləkə salırlar.
Mən siyasi əqidəsindən
və fəaliyyət sahəsindən asılı olmayaraq,
bütün Azərbaycan gənclərini xalqımız
üçün qiymətli olan müstəqilliyimizə,
dövlətçiliyimizə təhdid olan halları qətiyyətlə
rədd etməyə və ölkəmizin inkişafı naminə
çalışmağa çağırıram.
Yeni Azərbaycan.- 2011.- 19 mart.- S.8.