Yeni elektrik stansiyalarının inşa edilməsi enerjisistemin səmərəlilik göstəricilərini yüksəltməklə yanaşı, sosial-iqtisadi inkişafa da güclü təsir göstərib

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev www.yap.org.az saytına müsahibə verib:

- Etibar müəllim, son illər respublikamızın energetika sektorunda uğurlu layihələr həyata keçirilməkdədir. Həyata keçirilən bu layihələr ölkəmizin enerji güclərinin artmasında hansı təsirə malikdir?

- Məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən, elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirmiş, bu sahədə misilsiz quruculuq işləri görmüşdür. Azərbaycanda müstəqil enerji sisteminin formalaşması, dövlətimizin enerji təhlükəsizliyinin təmin olunması Ulu öndərimizin şərəfli adı ilə bağlıdır. Məhz Onun şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 30 il ərzində ölkəmizin energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə yaxın elektrik ötürücü xətləri istifadəyə verilmiş və beləliklə də, enerjisistemin real imkanları iki dəfədən çox artırılmışdır.

Ulu öndərin müəyyənləşdirdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi inkişafı daha da sürətləndirmək strategiyası Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlmişdir. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən, elektrik energetikası üzrə mükəmməl proqramların işlənib hazırlanması və uğurla icra edilməsi nəticəsində ölkəmiz öz iqtisadi inkişaf sürətinə görə, dünya lideri mövqeyinə yüksəlmişdir.

Dövlət başçımız Azərbaycanın elektrik energetikası sistemində mühüm islahatlar və genişmiqyaslı quruculuq işləri həyata keçirir. Ölkə enerjisistemin yeni inkişaf mərhələsi kimi dəyərləndirilən bu dövr 2004-2008-ci və 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafına, həmçinin, 2005-2015-ci illərdə yanacaq-enerji kompleksinin inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, respublikamızda elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində dövlətimizin başçısının göstəriş və tapşırıqlarının uğurla yerinə yetirilməsi ilə əlamətdardır. Bütün bunların nəticəsində 7 il ərzində respublikamızda 10 elektrik stansiyası tikilərək 1500 MVt-dan artıq yeni generasiya gücləri istismara verilmiş və mövcud stansiyaların yenidənqurulması nəticəsində 600 MVt əlavə güc artımı əldə edilmişdir.

Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibinə 13 istilik elektrik stansiyası və 6 su elektrik stansiyası daxildir. Onların ümumi qoyuluş gücü 6400 MVt-a yaxındır. Ölkədə istehsal edilən elektrik enerjisinin 90 faizə yaxın hissəsi istilik elektrik stansiyalarının, qalan hissəsi isə su elektrik stansiyalarının payına düşür.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz elektrik enerjisi idxalından azad olmuş, ölkə enerjisistemin təhlükəsizliyi təmin edilmiş və qonşu ölkələrə də elektrik enerjisi ixrac etməyə imkan yaranmışdır. Eyni zamanda, mövcud stansiyalar modernləşdirilmiş, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz edilmişdir. Nəticədə, stansiyaların faydalı iş əmsalı artmış, 1 kVt-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarı əhəmiyyətli dərəcədə azalmışdır.

- 2005-2015-ci illər üçün Azərbaycan enerji sisteminin elektrik şəbəkəsinin inkişafına dair proqramın icra vəziyyəti hansı vəziyyətdədir?

- Dövlət başçımızın şəxsi təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatının potensial qüdrəti getdikcə artmaqdadır. İqtisadiyyatın sürətlə inkişafı, iqtisadiyyatın hərəkətverici qüvvəsi olan elektrik enerjisi sistemində də böyük nailiyyətlərin əldə olunmasına geniş imkanlar yaratmışdır.

Məlum olduğu kimi, ölkə iqtisadiyyatının sürətli inkişafına uyğun olaraq elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədi ilə Dövlət başçısı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nı təsdiq etmişdir.

Dövlət Proqramı 10 il ərzində ölkənin yanacaq-enerji resurslarına olan tələbatını tam ödəməklə bərabər bu sahənin yenidənqurulmasını, müasir avadanlıqlarla təchizini, modernləşdirilməsini, nisbətən güc çatışmazlığı ilə üzləşən enerjisistemi yaxın gələcəkdə kifayət qədər güc mənbəyinə malik sistemə çevirməyi nəzərdə tutur.

Bununla əlaqədar, “Azərenerji” ASC üzrə 2015-ci ilə qədər uzun müddətli və 2008-ci ilə qədər yaxın müddətli proqramlar müəyyən olunmuşdur. Yaxın müddətli proqram: - qısa müddət ərzində mövcud problem və çatışmamazlıqların aradan qaldırılmasını, enerji təchizatında çətinlik yaranmış bölgələrdə yeni generasiya güclərinin işə salınmasını, mövcud elektrik şəbəkələri infrastrukturun yenidənqurulmasını, müasirləşdirilməsini, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsini; uzun müddətli proqram isə sahənin qabaqcıl templə inkişaf etdirilməsini və respublikanın elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsini nəzərdə tuturdu.

Proqramda nəzərdə tutulmuş işlər qrafikə uyğun davam etdirilir. Belə ki, bölgələrdə enerji təchizatının yaxşılaşdırılması məqsədilə, 2005-ci ilin əvvəlindən enerjisistemin sistemtəşkiledici yarımstansiyalarında artıq yüklənmə rejimində işləyən transformatorları daha güclüləri ilə əvəz etməklə yenidənqurma işləri aparılmışdır. Proqram çərçivəsində blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının enerji təchizatının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilmişdir.

Ümumiyyətlə, Proqrama uyğun olaraq 2010-cu ilə kimi ümumi gücü 2500 MVA olan 600 transformator quraşdırılmış və ümumi uzunluğu 30 min km-dən artıq elektrik verilişi xətləri istifadəyə verilmişdir.

- Etibar müəllim, ölkəmizin mövcud elektrik stansiyalarının gücünün bərpa edilməsi və yenilərinin tikilməsi üzrə nə kimi tədbirlər həyata keçirilir?

- Dövlət başçımızın düşünülmüş, uzaqgörən siyasəti nəticəsində son yeddi il ərzində respublikanın enerji sisteminin generasiya gücünün artımı 2100 MVt-dan artıq olmuşdur. Yeni elektrik stansiyalarının müxtəlif bölgələrdə inşa edilməsi enerjisistemin səmərəlilik göstəricilərini yüksəltməklə yanaşı, həmin bölgələrin sosial-iqtisadi inkişafına da güclü təsir göstərmişdir.

Dövlət başçımızın rəhbərliyi altında həyata keçirilən 2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması və digər zəruri tədbirlər nəzərdə tutulur. Bu da öz növbəsində elektrik enerjisi sistemində generasiya güclərinin artırılmasını tələb edir. Bu məqsədlə, regionlarda yeni layihələr uğurla icra edilir. Belə ki, “Azərbaycan” İES-də yenidənqurma işləri 1,2,3,4,5 və 8-ci enerjibloklarında başa çatmış, 6 və 7-ci enerjibloklarında yekunlaşmaq üzrədir. Bu işlər başa çatdırıldıqdan sonra stansiyanın imkan gücü 2000 MVt-dan 2600 MVt-a yüksələcəkdir.

“Mingəçevir” SES-də yenidənqurmaya hazırlıq işləri aparılır, avadanlıqların gətirilməsinə başlanılmışdır. “Varvara” SES-də söküntü işləri və yenidənqurmaya hazırlıq işləri aparılır. Yenidənqurma işləri nəticəsində bu stansiyalarda 90 MVt əlavə generasiya gücü əldə ediləcəkdir. Eyni zamanda, vaxtilə istismarda olan, sonradan fəaliyyəti dayandırılmış bir neçə KSES-in bərpası üzrə tədbirlər hazırlanır. Bütün bunlarla yanaşı, yeni elektrik stansiyalarının tikintisi üzrə də layihələr həyata keçirilir.

Hazırda Şirvan şəhərində 780 MVt-lıq buxar-qaz qurğulu “Cənub” elektrik stansiyasının tikintisində işlər müəyyən edilmiş qrafikə uyğun davam etdirilir. Stansiya işə düşdükdən sonra ildə orta hesabla 700 min ton yanacağa qənaət ediləcəkdir. Cari ilin sonunda istismara verilməsi nəzərdə tutulan bu stansiya elektrik enerjisi sistemində mühüm rol oynayacaqdır.

Füzuli rayonunda Yuxarı-Mil suvarma kanalı üzərində inşa edilən 25 MVt gücündə Füzuli Su Elektrik stansiyasının tikintisi Aran bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi ilə yanaşı, pik güclərinin artırılmasına da kömək edəcəkdir. Stansiyanın tikintisi cari ilin ortalarında başa çatdırılacaqdır. Kür çayı üzərində ümumi gücü 400 MVt olan Tovuz su elektrik stansiyasının da tikintisinə başlanılması nəzərdə tutulmuşdur. Qeyd edək ki, bu çox böyük və mühüm layihədir və bu stansiyanın tikintisi su resurslarından daha səmərəli və çevik istifadə olunmasına imkan yaradacaqdır.

- Bölgələrdə KSES-nin tikintisi ilə bağlı layihələr hansı səviyyədədir?

- Dövlətimizin başçısının alternativ enerji mənbələri yaradılması ilə bağlı, qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində “Azərenerji” ASC tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, ilkin qiymətləndirmələr əsasında Azərbaycan Respublikasında kiçik çayların su kadastrı hazırlanmış və eyni zamanda, külək enerjisinin potensialı qiymətləndirilib, bu istiqamətdə texniki-iqtisadi əsaslandırmalar hazırlanaraq müvafiq strukturlara təqdim olunmuşdur.

Ümumiyyətlə, ölkəmizdə bərpa olunan enerji mənbəyi kimi ilk növbədə hidroenergetikanın inkişafı, o cümlədən, kiçik su elektrik stansiyalarının tikilməsi və yenidən qurulması prioritet təşkil edir. İlkin hesablamalara görə, respublika ərazisində bütün çayların nəzəri hidroenerji potensialı 40 milyard kilovatsaatdır. Kiçik su elektrik stansiyalarının nəzəri potensialı isə 28 milyard kilovatsaatdır. Ümumiyyətlə, çaylar üzərində və su təsərrüfatı obyektlərində orta hesabla 280 kiçik su elektrik stansiyasının tikintisi mümkündür. İlkin hesablamalara görə, onların ümumi gücü 700 MVt, enerji istehsalı isə 3,5 milyard kilovatsaat təşkil edir. O cümlədən, yaxın gələcəkdə səmərəliliyinə görə 36 su elektrik stansiyasının tikintisi daha məqsədəuyğundur.

Belə stansiyalardan olan “Göyçay-1”, “Balakən-1” və “Qusar-1” kiçik su elektrik stansiyalarında tikinti işləri qrafikə uyğun davam etdirilir. Hazırda bölgələrdə dağ çayları və kanalların üzərində kiçik su elektrik stansiyalarının tikintisi üzrə ilkin olaraq toplam gücü 16,3 MVt olan kiçik su elektrik stansiyalarının tikintisinə hazırlıq işlərinə başlanılmışdır. Bu stansiyalar üzrə mühəndis-geoloji axtarış işləri yerinə yetirilmiş, Texniki-İqtisadi Əsaslandırma hazırlanmış, layihə-smeta sənədləri hazırlanır.

Ümumiyyətlə, 2015-ci ilə kimi respublika üzrə iri və kiçik su elektrik stansiyalarının tikintisi layihələrinin həyata keçirilməsi 2 milyon tondan artıq şərti yanacağa qənaət olunmasına, eyni zamanda, atmosferə atılan karbon qazının miqdarının nəzərəçarpacaq dərəcədə azaldılmasına imkan verəcəkdir.

- Yüksəkgərginlikli elektrik xətlərinin dəyişdirilməsi, yeni xətlərin çəkilməsi, yeni yarımstansiyaların tikintisi ilə bağlı hansı işlər planlaşdırılır?

- Respublikanın enerji sistemində gərginliyi 110 kilovolt və ondan yüksək olan 200-dən artıq yarımstansiya vardır. Eyniadlı elektrik verilişi xətlərinin ümumi uzunluğu 8 min kilometrdən artıqdır. Gərginliyi 35 kilovolt və ondan aşağı olan paylayıcı xətlər də daxil olmaqla, elektrik verilişi xətlərinin ümumi uzunluğu 100 min kilometrdən çoxdur. Bu qəbildən olan 220 kV-lik Şirvan-Xırdalan xətti 60-cı illərdə, Şirvan İES-Ağdam-Gəncə-Ağstafa və Şirvan İES-Yaşma-Dərbənd yüksəkgərginlikli xətləri 1968-71-ci illərdə, 1-ci və 2-ci Abşeron EVX, 4-cü və 5-ci Mingəçevir, 3-cü Şirvan EVX-ləri isə 80-cı illərdə istismara verilmişdir. Göründüyü kimi, həmin elektrik verilişi xətləri uzun müddət istismar edildiyindən köhnəlmişdir ki, bu da öz növbəsində enerjisistemin işinə mənfi təsir göstərir. Bu səbəbdən də, istehsal olunan elektrik enerjisinin istehlakçılara verilməsi işinin keyfiyyətini daha da yaxşılaşdırmaq, bu sahədə digər lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.

Ötən il “Abşeron” yarımstansiyasına “Azərbaycan İES”-lə yanaşı, “Şirvan İES”-dən də enerji ötürmək məqsədilə IV Şirvan hava xəttinin bu yarımstansiyaya giriş-çıxışı təmin olunmuşdur. İndi təsadüf nəticəsində Mingəçevirdən gələn xətlərdə problem yaransa belə, təminat Şirvan İES vasitəsilə həyata keçiriləcəkdir. Digər tərəfdən, “Yaşma” xətti ilə 8-ci “Abşeron” xəttinin əlaqələndiyi “Dərbənd” hava xətti və ya Sumqayıt Elektrik Stansiyası vasitəsilə enerjinin ötürülməsi təmin oluna bilər.

Uzunluğu 12 km olan 110 kilovoltluq “Hövsan-Qala” hava xətti tikilib istifadəyə verilmişdir. Nəticədə, şəhərin enerjiötürücü şəbəkəsinin təhlükəsizliyi möhkəmləndirilmiş, o cümlədən, həmin ərazilərdə yerləşən mühüm infrastruktur obyektlərin elektrik enerjisinin keyfiyyəti və dayanıqlığı daha da yaxşılaşmışdır. 500 kV-luq “Samux” yarımstansiyası və 100 kilometrdən artıq 500 və 330 kV-luq elektrik verilişi xətləri də istismara verilmişdir.

Hazırda Mingəçevirdən Abşerona qədər uzunluğu 280 kilometr olan iki dövrəli 220 kilovoltluq elektrik verilişi xətləri və Ağdaşda yeni 220 kilovoltluq yarımstansiya tikilməkdədir. Uzunluğu 180 km olan 330 kilovoltluq Goranboy-İmişli xəttinin tikintisi isə ikinci enerji dairəsinin yaranmasında mühüm rol oynayacaqdır.

Digər mühüm layihələrdən biri isə uzunluğu 100 km olan, 220 kilovoltluq Sumqayıt-Zabrat-Şimal Elektrik Stansiyası-Hövsan xəttinin tikintisidir. Bu layihələrin həyata keçirilməsi Abşeron yarımadasında enerji təhlükəsizliyinin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaqdır. Uzunluğu 48 km olan “Səngəçal-Müşfiq” xəttinin tikintisi qrafikə uyğun davam etdirilir. Bu layihə başa çatdıqdan sonra şəhərin mərkəzi hissəsinin enerji təchizatının dayanıqlığı daha da möhkəmləndiriləcəkdir.

Bakı şəhəri ərazisində inşa olunan 110 kilovoltluq 227 saylı yeraltı yarımstansiyanın təkcə Cənubi Qafqazda deyil, Orta Asiya respublikalarında belə, analoqu yoxdur. Həmin yarımstansiyanın cari ildə istifadəyə verilməsi planlaşdırılır.

Ağdaş rayonunda yerləşən respublikanın aran və şimal-qərb bölgələrinin elektrik enerjisinə artan tələbatının ödənilməsində, eyni zamanda, enerjisistemin dayanıqlılığının artırılmasında müstəsna əhəmiyyət kəsb edəcək 220 kV-luq “Ağdaş” yarımstansiyasının tikintisi davam etdirilir.

Eyni zamanda, 220 kV-luq “Zabrat”, 110 kV-luq “Ləzə” və digər yarımstansiyaların tikintisi, bu layihələrlə paralel olaraq, 500 kV-luq “Muxranis-Vəli” hava xəttinin 70 km-lik hissəsinin, 220 kV-luq ikidövrəli 1-ci və 2-ci Mingəçevir və digər hava xətlərinin yenidən qurulması da planlaşdırılır.

Bütün bunlarla yanaşı, “Azərenerji”nin paylayıcı elektrik şəbəkə müəssisələrinin xidmət ərazilərinə daxil olan rayon mərkəzlərinin, kənd və qəsəbələrin yeni salınan məhəllələrində elektrik təchizatı şəbəkələrinin qurulması işləri yerinə yetirilir. 2010-2015-ci illər ərzində elektrik enerjisinin ötürülməsi sistemində planlaşdırılmış layihələrin həyata keçirilməsi nəticəsində yeni transformatorların ümumi gücü 4000 meqavoltamperə yaxın, 110-500 kV-luq yeni xətlərin ümumi uzunluğu təqribən 1500 km artacaqdır.

- Azərbaycanda alternativ enerji mənbələrindən istifadə ilə bağlı dövlət proqramının icrasına başlanılıb. Bu enerji növlərindən istifadə enerji sistemində nə kimi yeniliklərə səbəb olacaq?

- Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin prioritet istiqamətlərindən birini alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı təşkil edir.

Yanacaq-enerji ehtiyatlarının məhdudluğu, onların istehsal, ötürmə və paylanma prosesinin mürəkkəbliyi və zaman keçdikcə tədricən bahalaşması, eyni zamanda, Kioto protokolu üzrə ölkə qarşısında qoyulan öhdəliklər respublikanın yeni iqtisadi inkişaf mərhələsində alternativ və bərpaolunan enerji (ABE) mənbələrindən istifadə zərurətini yaradır.

Hazırda dünyanın bir çox ölkələrində növbəti 10 ildə bərpaolunan enerji mənbələrindən istifadənin səviyyəsi ümumi enerji istehlakının 15-20 faiz həcmində planlaşdırılır. Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrinin böyük potensialı mövcuddur. Bunların sırasında kiçik su elektrik stansiyaları ilə yanaşı, külək enerjisindən istifadə xüsusi yer tutur.

Bərpaolunan enerji mənbələrinin tətbiqi enerjisistemin texniki iqtisadi göstəricilərinin yaxşılaşdırılmasında müsbət təsiri vardır. Belə ki, kiçik güclü generasiya mənbələrinin istehlakçılara yaxınlaşdırılması yeni elektrik verilişi xətlərinin və böyük güclü yarımstansiyaların tikilməsinə zərurətin olmamasına, itkilərin azaldılmasına, qidalandırıcı şəbəkələrin yükburaxma qabiliyyətinin yüksəldilməsinə imkan verir. Eyni zamanda, bərpaolunan enerji mənbələrin tətbiqi karbohidrogen yanacağına (qaz) qənaət edilməsinə, atmosferə atılan zərərli maddələrin həcminin və parnik effektinin azalmasına, kapital qoyuluşunun nisbi azalmasına, investisiya risklərinin aşağı salınmasına da müsbət təsir göstərir.

- Enerji ixrac edən ölkə kimi Azərbaycanın bu sahədə perspektiv əməkdaşlığı haqqında nə deyə bilərsiniz?

- Azərbaycanın enerji sistemi respublikanın bütün ərazisini əhatə edir. Eyni zamanda, Rusiya, Gürcüstan, İran və Türkiyənin enerji sistemlərinə bağlanmışdır. Xarici iqtisadi əlaqələr iki istiqamətdə həyata keçirilir: - elektrik enerjisinin idxal-ixrac əməliyyatları; respublika ərazisindəki mövcud obyektlərin yenidən qurulması və yeni obyektlərin tikintisi zamanı xarici maliyyə institutları və dünyanın aparıcı elektrik energetikası şirkətləri ilə birgə fəaliyyət. Elektrik enerjisi sistemində Azərbaycan əsasən Rusiya ilə elektrik enerjisi mübadiləsi aparır. Hər iki ölkənin elektrik enerjisi sistemləri sinxronlaşdırılıb ki, bu da tələbatçılara verilən elektrik enerjisinin yüksək keyfiyyətdə olmasını təmin edir. Eyni zamanda, “Azərenerji” ASC Türkiyə və İran İslam Respublikası ilə əməkdaşlıq edir. İran və Azərbaycan, həmçinin, “Araz” SES-dən birgə istifadə edirlər.

Yuxarıda qeyd etdiyim kimi, ölkə elektrik enerjisi sistemində yaranmış ixrac potensialının reallaşdırılması istiqamətində də müvafiq layihələr həyata keçirilmiş və davam etdirilir. Onlardan aşağıdakıları qeyd etmək daha məqsədəuyğun olardı.

Gücü 400 MVt, gərginliyi 330 kV olan “Xaçmaz” yarımstansiyasının istismara verilməsi Azərbaycan enerjisistemi ilə Rusiya enerjisistemi arasında enerji mübadiləsini 250 MVt-dan 500 MVt-a çatdırmağa imkan vermişdir. Əgər əvvəllər biz elektrik enerjisinin təchizatında, müəyyən mənada, Rusiya və İrandan asılı vəziyyətdə olmuşuqsa, hazırda Azərbaycandan Rusiyaya ixrac edilən elektrik enerjisinin həcmi idxalında təxminən 10 dəfə çoxdur.

Ötən il 220 kilovoltluq Salyan yarımstansiyası istismara verilmişdir. Layihə çərçivəsində müvafiq elektrik verilişi xətlərinin tikintisi başa çatdıqdan sonra Azərbaycanla İran arasında elektrik enerjisi mübadiləsinin gücünü 240 MVt-dan 700 MVt-dək artırmaq mümkün olacaqdır.

Enerji ixracı üzrə ən əsas layihələrdən biri də “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü”dür. Bu layihə çərçivəsində Mingəçevir şəhərindən Gürcüstanın sərhədinə qədər tikilən 500 kV elektrik verilişi xəttidir. Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycandan Gürcüstan və Türkiyə ərazisi vasitəsilə Avropaya 600-700 MVt gücündə elektrik enerjisi ötürməyə imkan yaranacaqdır.

- Ölkəmizdə istehlak edilən elektrik enerjisinin sərfinə görə ödənişlərin faizi hansı səviyyədədir?

- Bildiyiniz kimi, “Azərenerji” ASC-nin əsas funksiyası Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalının və ötürülməsinin idarə edilməsini həyata keçirməkdir. Bununla yanaşı, Səhmdar Cəmiyyət hazırda Bakı şəhəri, onun rayonları və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin digər ərazilərində elektrik enerjisinin paylanmasını da həyata keçirir. Ölkə enerjisistemində aparılan məqsədyönlü tədbirlər nəticəsində “Azərenerji” ASC-nin xidmət göstərdiyi abonentlər əsasən sayğaclaşdırılmışdır. Bu da öz növbəsində istehlakçıların daha da keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinə imkan vermişdir.

Hazırda regional elektrik təchizatı mütəxəssislərinin xidmət ərazilərində olan elektrik təchizatı şəbəkəsinə malik olmayan yeni salınmış məhəllələrin elektrik şəbəkələrinin qurulması işləri davam etdirilir. Eyni zamanda, ayrı-ayrı şəhər və rayonlardakı mövcud transformator məntəqələri və elektrik verilişi xətləri də yenidən qurulur.

Həyata keçirilmiş yenidənqurma işlərinə baxmayaraq, istehlak etdikləri elektrik enerjisinin haqqını ödəməkdən yayınma və enerjidən qeyri-qanuni istifadə etmək məqsədilə sayğac sxeminə müdaxilə halları aşkar edilməkdədir. Belə halların aradan qaldırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Artıq 0,4-35 kilovoltluq şəbəkələr bir neçə bölgədə yenidən qurulmuşdur, 20-dən artıq rayonda isə ilkin ödənişli Smart-kart tipli sayğaclar quraşdırılmışdır. Bu işlər bir tərəfdən itkilərin əhəmiyyətli dərəcədə azalmasına, eyni zamanda yığım səviyyəsinin artmasına imkan verir. Növbəti 3-4 ildə bütün paylayıcı şəbəkələrdə də bu işin başa çatdırılması nəzərdə tutulur.

Qeyd edilməlidir ki, istehlak edilmiş elektrik enerjisinin haqlarının ödənilməsi səviyyəsinin yüksəldilməsi enerjisistemin dayanıqlılığının daha da möhkəmləndirilməsi istiqamətində müvafiq işlərin həyata keçirilməsinə təkan verir. Bu gün istehlakçılar tərəfindən istehlak edilən elektrik enerjisinin dəyərinin vaxtında və tam şəkildə ödənilməsi həlli vacib məsələlərdən biri olaraq qalmaqdadır.

2010-cu ilin yekunlarına görə Regional Elektrik Şəbəkələri üzrə ümumi ödəniş 94 faizə yaxın olmuşdur ki, bu da 2009-cu ilin göstəricilərindən 10 faiz çoxdur.

- Etibar müəllim, hazırda enerji sistemində əsas problemlərdən biri elektrik verilişi xətlərinin ətrafında və altında inşa olunmuş obyektlərin yenidənqurma işlərinə mane olmasıdır. “Azərenerji” bu istiqamətdə hansı işlər görür?

- Elektrik verilişi xətlərinin mühafizə zonaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları ilə tənzimlənir. Qaydalarla hava xətlərinin mühafizə zonaları gərginliyindən asılı olaraq, keçdiyi trassa boyu kənar məftillərindən hər iki tərəfə

- 35 kV-luq hava xətləri üçün - 15 metr

- 110 kV-luq hava xətləri üçün - 20 metr

- 220 kV-luq hava xətləri üçün - 25 metr

- 330 kV yuxarı gərginlikli hava xətləri üçün - 30 metr qəbul edilmişdir.

Mühafizə zonalarının pozulması hava xətlərinin təmir və istismarında ciddi çətinliklər yaratmaqla yanaşı, qəza hallarında zədələnmə yerinin müəyyənləşdirilməsini və qəzanın nəticələrinin aradan qaldırılmasını mümkünsüz edir. Bu da respublikanın, o cümlədən, paytaxtın enerji təhlükəsizliyini təhlükə altına qoyur. Məsələnin ciddiliyi nəzərə alınaraq, “Dövlət Yanacaq Energetika Kompleksi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi barədə Tədbirlər Planı”na uyğun olaraq Nazirlər Kabineti müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir. Tapşırığın icrası ilə bağlı “Azərenerji” ASC tərəfindən görülmüş tədbirlər nəticəsində hava xətlərinin mühafizə zonalarında 34 yaşayış evi, tikili, özəl müəssisə, təmir sexi kimi obyektlərin tikintisi dayandırılmışdır. 126 hüquqi və fiziki şəxsə rəsmi xəbərdarlıq edilmiş, 6 qum-çınqıl karxanasının başqa zonaya köçürülməsinə nail olunmuş, 13 fiziki şəxsə qarşı iddia qaldırılaraq məhkəməyə verilmiş, 6 fiziki şəxs məhkəmə qaydasında cərimə edilmiş, 55 şəxsə qarşı mülki iddiaların qaldırılması üçün sənədlər hazırlanmışdır. Təkcə son dövrdə hava xətlərinin mühafizə zonalarında olan 36 tikili, 4 ticarət obyekti, 8 fərdi yaşayış evi üçün ayrılmış ərazinin hasarları sökülmüşdür.

Bundan başqa, “Elektrik verilişi xətlərinin magistral neft, qaz, su və istilik kəmərlərinin, neft quyularının, kanalizasiya xətlərinin, dəmir yollarının, metro stansiyalarının, rabitə xətlərinin bilavasitə yerləşdiyi sahələrdə və onların mühafizə zonalarında olan tikililər barədə” keçirilən 3 mart 2010-cu il tarixli iclasın protokolun icrası ilə bağlı “Yarımstansiyaların ətraf sahələrində və elektrik verilişi xətlərinin mühafizə zonalarında yerləşən tikililərin qeydiyyata alınması haqqında” “Azərenerji” ASC üzrə tikililər haqqında kadastr məlumatları hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir. Elektrik verilişi xətlərinin mühafizə zonalarında olan tikililər haqqında kadastr məlumatları Bakı şəhəri və respublikanın regionları üzrə Gəncə, Sumqayıt və Abşeron rayonu ərazisini əhatə etmişdir. Hazırda yarımstansiyaların ətraf sahələrində və elektrik verilişi xətlərinin mühafizə zonalarında yerləşən tikililərin qeydiyyata alınması istiqamətində aparılan işlər respublikanın digər regionlarında davam etdirilir.

 

 

Yeni Azərbaycan.- 2011.- 29 mart.- S.4.