Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 92-ci ildönümü qeyd olunub

 

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasından 92 il ötür. Peşə bayramı münasibətlə milli təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla nazirliyin şəxsi heyəti Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını ziyarət edib. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, bayram mərasimi nazirliyin Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Milli təhlükəsizlik naziri Eldar Mahmudov mərasimdə çıxış edərək şəxsi heyəti, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının 92-ci ildönümü münasibətilə təbrik edib. Qeyd olunub ki, gənc zabit korpusunun yetişdirilməsi üçün maddi-texniki imkanları ildən-ilə artan Akademiyada hər cür şərait yaradılıb.

Nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarına, onun şəxsi heyətinə göstərdiyi gündəlik diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Eldar Mahmudov son vaxtlar bütün ölkə miqyasında neqativ hallara, xüsusilə korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi ümumən insanların öz sabahlarına olan inamlarını daha da artırdığını deyib: “Bu mühüm tədbirlərin uğurla həyata keçirilməsində Milli Təhlükəsizlik Nazirliyinin də üzərinə böyük vəzifələr qoyulub. Ümumi məqsəd ölkənin iqtisadi inkişafına yönəlmiş bütün səylər və islahatlar üçün əlverişli şərait yaratmaqdır. Sözsüz ki, ən mühüm vəzifə düşmən işğalında olan Azərbaycan torpaqlarının azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunmasıdır. Milli Təhlükəsizlik Nazirliyi ölkə rəhbəri tərəfindən həyata keçirilən çoxsahəli fəaliyyətlərdə, o cümlədən informasiya mübarizəsində yaxından iştirak edir. Bu təhsil ocağının üzərinə Azərbaycanın təhlükəsizliyinə cavabdehlik daşımağa qadir gənc kadrların yetişdirilməsi kimi mühüm vəzifə düşür”.

Nazir, son bir il ərzində görülmüş işlər və əldə edilmiş uğurlar barədə də danışıb.

Budan sonra MTN-də Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 92-ci ildönümü münasibətilə geniş təntənəli mərasim keçirilib. Əvvəlcə mərasim iştirakçıları nazirliyin müasir tələblərə cavab verən yeni inşa olunmuş inzibati binasının açılışında iştirak edib. Binanın foyesində Azərbaycanın təhlükəsizlik orqanlarının fəxri rəhbəri Heydər Əliyevin tanınmış heykəltəraş Fuad Salayev tərəfindən hazırlanmış büstü önünə əklil qoyulub.

Sonra tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə tarixə qəhrəmanlıq salnaməsi yazmış milli təhlükəsizlik orqanlarının əməkdaşları olmuş Azərbaycan Milli Qəhrəmanlarının xatirəsinə yaradılmış guşəyə baxıblar.

Mərasim MTN-in akt zalında davam etdirilib. E. Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları peşə bayramı münasibəti ilə təbrik edib. Qeyd olunub ki, peşə bayramı ərəfəsində MTN-in yüksək standartlara malik yeni inzibati binasının istifadəyə verilməsi xüsusilə əlamətdardır. Bildirilib ki, ötən il ərzində Nazirliyin qapalı idman kompleksi istifadəyə verilib, Hərbi Hospitalda və İstirahət evində tikinti işləri isə plan üzrə aparılır.

Qeyd olunub ki, Ermənistan xətti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması prioritetdir. Ermənistanın terror siyasətini ifşa edən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran müxtəlif sənədli filmlər, 25 mindən çox kitab və digər vəsait hazırlanmış, xarici dillərə tərcümə edilmiş və yayılıb. Bütün bu işlərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının xüsusi rolu olub.

Yığıncaqda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edib, MTN tərəfindən həyata keçirilən tədbirlərin, əldə olunan uğurların cəmiyyətdə rəğbətlə qarşılandığını bildirib. Sonra təbrik sözü ilə çıxış edən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısının da şəxsi heyətə təbriklərini çatdırıb, dövlətçiliyin və milli maraqların təhlükəsizliyinin təmin olunmasında MTN-in rolunun yüksək qiymətləndirildiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.

Mərasimdə MTN əməkdaşlarına ali hərbi rütbə və təltiflərin verilməsi barədə Prezidentin sərəncamları elan edilib. Xidmətdə fərqlənmiş əməkdaşların mükafatlandırılması barədə nazir Eldar Mahmudovun əmrləri elan olunub, təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilib. Tədbirin sonunda MTN-in arxiv materialları əsasında kinorejissor Vaqif Mustafayevin hazırladığı “Təxribat” sənədli filmi nümayiş olunub.

 

 

Yeni Azərbaycan.- 2011.- 29 mart.- S.3.