Günü-gündən yeniləşən
Yevlax
Öz inkişaf tempinə görə region
üçün nümunə sayıla biləcək Yevlax bu
gün Azərbaycanın ən qabaqcıl rayonlarından
biridir
Bu, bir həqiqətdir ki,
hazırda öz inkişafına görə, Cənubi Qafqazda
lider dövlətə çevrilən Azərbaycanda bütün
sahələrdə tərəqqi müşahidə edilir. Əsası
Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilən siyasət nəticəsində təkcə paytaxt
Bakı deyil, eyni zamanda, bütün bölgələrimiz
yüksək inkişaf dövrünə qədəm qoyublar.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda həyata
keçirilən sosialyönümlü siyasət nəticəsində
digər bölgələrdə olduğu kimi, Yevlaxda da
sosial-iqtisadi inkişafın sürətləndirilməsi
üçün genişmiqyaslı, əhatəli, real nəticələrlə
müşayiət olunan işlər görülüb.
Hazırda özünün tərəqqi dövrünü
yaşayan Yevlaxda bu uğurlara məhz dövlət
başçısının imzaladığı Fərman, Sərəncam
və təsdiqlədiyi dövlət proqramlarından irəli
gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində
nail olunub. Hər halda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin dövlət
başçısı kimi 8 ildə Yevlağa 6 dəfə səfər
etməsi, həmçinin, dövlət
başçısının 14 aprel 2009-cu il tarixli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”na Yevlağın həyatının
bütün sahələrini əhatə edən 15 tədbirin
daxil olması belə deməyə əsas verir. Belə demək
mümkünsə, 2010-cu ili də uğurlarla başa vuran
Yevlax inkişaf tempinə görə region üçün
nümunə sayıla bilər.
Qala kompleksindən başlanan Novruz tədbirləri
Yevlağa budəfəki səfərimiz
Novruz bayramı günlərinə təsadüf edirdi.
Özü də bu Novruz yevlaxlıların həyatında təkcə
yeni ilin başlanması kimi deyil, həm də yeni Qala
kompleksinin istifadəyə verilməsi ilə əlamətdar
oldu. Elə Novruz şənliklərinə də şəhərin
Nizami prospektində yenicə istifadəyə verilmiş Qala
kompleksindən alovun götürülməsi ilə start
verildi və bayram tədbiri Yevlağın mərkəzi
meydanında davam etdirildi.
Novruz tonqalının
yandırılmasından sonra yevlaxlıları təbrik edən
şəhər İcra Hakimiyyətinin
başçısı Qoca Səmədov “İnanırıq
ki, növbəti Novruz atəşfəşanlığının
məskəni bütün Qarabağ olacaq” dedi.
İH
başçısı əlavə etdi ki,
xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən
əsasları möhkəm təməl üzərində
qurulmuş Azərbaycan dövləti getdikcə qüdrətlənir:
“Biz belə bir qüdrətli dövlətin vətəndaşı
olmaqdan şərəf duyuruq. Ulu öndər Heydər Əliyevin
ideyalarının layiqli daşıyıcıları olmaq
uğrunda çalışır və yurdumuzu Onun arzu etdiyi
bir məkana çevirmək üçün əlimizdən
gələni edirik. Biz baharı qarşılamağa
hazırlaşırıq. Bahar deyəndə gözlərimiz
önünə gül-çiçək, bar- bərəkət,
gözəllik gəlir. Amma ölkə Prezidenti möhtərəm
İlham Əliyev cənablarının respublikamıza rəhbərlik
etdiyi 8 il ərzində ölkəmiz ilin bütün fəsillərində
gülüstanı xatırladır. Geniş quruculuq və
abadlıq işləri sayəsində yurdumuzun hər yerində
olduğu kimi, şəhərimizdə də bu Bahar, müqəddəs
və əziz Novruz bir ayrı büsatda qarşılanır.
Geniş, yaraşıqlı prospektlər, küçələr,
bir-birindən gözəl parklar, xiyabanlar yazın ilıq nəfəsinin
duyulduğu günlərdə daha füsunkar
görünür”.
Yevlax getdikcə daha da gözəlləşir
Yeri gəlmişkən,
çalışdıqları sahələrdə fərqlənən
yevlaxlıların fəxri fərman və müxtəlif hədiyyələrlə
mükafatlandırılması mərasimindəki
çıxışlar zamanı xüsusi olaraq qeyd edildi ki,
2010-cu ildə şəhərin həyatında baş verən
ən yaddaqalan hadisə Azərbaycanın dövlət
başçısının bir ildə iki dəfə
Yevlağa səfər etməsidir. Ümumiyyətlə isə,
yuxarıda da vurğuladığımız kimi, 8 ildə 6 dəfə
Yevlağa səfər etmiş Prezident İlham Əliyevin hər
dəfə söylədiyi fikirlər yevlaxlıların
yaddaşında dərin izlər buraxıb.
Məsələn, 2007-ci il
oktyabrın 23-də Yevlaxda olan Azərbaycan Prezidenti İlham Əliyev
“Azərbaycan inkişaf edir, Azərbaycan çiçəklənir.
Azərbaycanın bütün bölgələrində
işlər elə gedir və getməlidir ki, ən yüksək
dünya səviyyəsi Azərbaycana gəlsin və biz buna
nail oluruq. Mən Yevlaxın timsalında bunu görürəm”
deyib.
2009-cu ilin martın 2-dəki
səfəri zamanı dövlət başçısı
Yevlağın Azərbaycanın ən qabaqcıl
rayonlarından biri olduğunu bildirib: “Yevlax getdikcə daha da
gözəlləşir, daha da müasirləşir, çox
gözəl binalar tikilir, çox gözəl abadlıq
işləri aparılır”.
Dövlət
başçısının 2010-cu il oktyabrın 14-də
Yevlağa səfəri zamanı söylədiyi fikirlər isə
yevlaxlıların əməyinə verilən ən yüksək
qiymətdir: “Bu gün Azərbaycan qüdrətli dövlətdir.
Bu gün Azərbaycan təkcə təhsildə deyil,
bütün sahələrdə böyük işlərə
qadirdir. Hara baxsan, bunu görmək mümkündür. Elə
Yevlağın yeniləşən simasına baxın. Siz
burada yaşayırsınız, bəlkə öyrəşmisiniz.
Amma mən Prezident kimi buraya beşinci dəfədir ki, gəlirəm.
Ondan əvvəlki dövrlərdə də burada olmuşam. Mən
də yaxşı xatırlayıram burada vəziyyət necə
idi. Yevlax bu gün Avropanın ən qabaqcıl şəhərlərindən
bir addım geri qalmır”.
2010-cu il də Yevlax üçün uğurlu olub
Beləliklə, əvvəlki
illərdə olduğu kimi, 2010-cu ildə də Yevlax rayonunda
sosial-iqtisadi sahədə uğurlu nəticələr
qazanılıb. Tikinti-quruculuq işlərinin miqyası
genişləndirilib, infrastrukturun
yaxşılaşdırılmasına, əhalini narahat edən
problemlərin həllinə xüsusi fikir verilib. Şəhər
İcra Hakimiyyətindən verilən məlumata görə,
2010-cu ildə rayonda ümumi daxili məhsulun (ÜDM) həcmi
569,9 milyon manat olub. Bu, 2009-cu ilə nisbətən 143,2 milyon
manat və yaxud 33,5 faiz çoxdur. ÜDM-in 11,4 milyon
manatını sənaye, 68,2 milyon manatını kənd təsərrüfatı,
287,6 milyon manatını tikinti, 162,2 milyon manatını ticarət,
4,1 milyon manatını nəqliyyat, 0,8 milyon manatını
rabitə, 35,6 milyon manatını digər xidmətlər təşkil
edib. Sənaye məhsulunun 5 milyon 129,3 min manatlığı
ixrac olunub. Bu, satılmış sənaye məhsulunun 49,7
faizini təşkil edir. İl ərzində adambaşına
4753,4 manat ÜDM istehsal olunub ki, bu da 2009-cu ilə nisbətən
1149,7 manat, yaxud 31,9 faiz çoxdur.
2010-cu ildə əhalinin pul
gəlirləri də artıb ki, bu da öz növbəsində
yevlaxlıların iqtisadi və sosial rifah halının
yaxşılaşması, yaşayış səviyyəsinin
daha da yüksəlməsi deməkdir. Hesabat ilində
bütün maliyyə mənbələri hesabına kapital
qoyuluşunun həcmi 336,6 milyon manat olub. Bu, 2009-cu ilə nisbətən
155,2 milyon manat və yaxud 85,6 faiz çoxdur.
Hesabat dövründə kənd
təsərrüfatı məhsullarının istehsalı əvvəlki
illə müqayisədə 13,6 faiz artıb. 2009- cu ilin eyni
dövrü ilə müqayisədə mal-qara 221 baş,
qoyunlar 1812 baş, quşlar 1246 baş artıb, 72 ton ət,
291 ton süd, 115,2 min ədəd yumurta, 4,2 ton yun, 498 ton
çox pambıq istehsal edilib.
Su, qaz və elektrik enerjisi ilə təminat yüksək
səviyyədədir
Yevlaxda əhalinin su, qaz və
elektrik enerjisi ilə təminatı ötən ildə də
diqqət mərkəzində olub. Belə ki, 17 kənddə
içməli suyu təmizləyən qurğular
quraşdırılıb, 85 km. uzunluğunda kəndarası
su xətləri çəkilib və 175 bulaq tikilib. Bu isə
əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin
olunmasıdır. Yeri gəlmişkən, içməli sutəmizləyici
qurğuların quraşdırılmasının səviyyəsi
respublikanın digər rayonlarına nisbətən Yevlaxda daha
yüksəkdir. Hazırda şəhərin 7 küçəsində
1550 p/m uzunluğunda kanalizasiya xətlərinin çəkilişi
aparılır ki, bu da əhalinin məişət şəraitinin
yaxşılaşması, komfortun təmin olunmasıdır.
2010-cu ildə əhalinin
elektrik enerjisi ilə təminatı sahəsində də bir
sıra işlər görülüb, abonentlərin keyfiyyətli
və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi
istiqamətində ardıcıl tədbirlər həyata
keçirilib. Təkcə onu demək kifayətdir ki,
hazırda Yevlaxda şəhər və kənd
yaşayış məntəqələrinə 24 saat elektrik
enerjisi verilir.
Bu inkişafı rayonun təbii
qazla təmin edilməsi sahəsində də müşahidə
etmək olar. İl ərzində rayonun 10 yaşayış məntəqəsi
təbii qazla təmin edilib və insanların bu yerlərdə
yaşam tərzi, həyat səviyyəsi yüksəlib,
güzəranları yaxşılaşıb. Bu işlərin
görülməsi üçün 32,5 km təzyiqli
daşıyıcı, 28 km paylayıcı qaz xətləri
çəkilib.
Bütün təbəqələr diqqət mərkəzindədir
Ötən il Yevlaxda
sahibkarlara, iş adamlarına 15 milyon 480,9 min manat kredit verilib,
1218-i daimi olmaqla 1843 iş yeri açılıb. Ümumilikdə,
2004-2010-cu illərdə rayonda 14822 iş yeri yaradılıb
ki, onlardan da 8004-ü daimi iş yerləridir. Sosial müdafiəyə
ehtiyacı olan 2605 ailəyə 3 milyon 148 min manat
ünvanlı sosial yardım ödənilib. Onu da xüsusi
olaraq vurğulamaq yerinə düşər ki, məhz rayonun
daxili imkanları hesabına şəhid ailələrinə,
Qarabağ müharibəsi əlillərinə və digər
imkansız şəxslərə 307,4 min manat yardım edilib.
Quruculuq-abadlıq işləri davam edir
Ötən il Milli Təhlükəsizlik
Nazirliyinin Yevlax şöbəsinin, Əhalinin Sosial Müdafiə
Mərkəzinin, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz
Miqrantların Saxlanması Mərkəzinin, “Bank of
Azerbaijan”ın Yevlax filialının, Baytarlıq idarəsinin
inzibati binaları, “Azərtoxum” MMC toxum emalı müəssisəsi,
saatda 60 kubmetr beton istehsal edən zavod, Qarabağ müharibəsi
əlilləri və şəhid ailələri
üçün 36 mənzilli bina, 4 məktəb, məcburi
köçkünlər üçün 612 mənzilli 10 ədəd
beşmərtəbəli bina, 480 şagird yerlik orta məktəb,
uşaq bağçası və digər infrastrukturdan ibarət
yaşayış məhəlləsi istifadəyə verilib,
sahibkarlar tərəfindən hər biri 72 mənzilli 2 ədəd
altımərtəbəli binanın inşası başa
çatdırılıb. Şəhərdə 37 binanın
dam örtüyü təmir olunub. Hazırda 235
çarpayılıq regional klinik xəstəxananın, “Lalə
Tekstil” MMC- nin II növbəsinin, Laminat parket zavodunun,
ayaqqabı fabrikinin, dekorativ plitə istehsal edən sexin, Azərbaycan
Beynəlxalq Bankının Yevlax filialının, Fövqəladə
Hallar və İqtisadi İnkişaf nazirliklərinin regional
idarələrinin, Yevlax şəhəri üzrə Maliyyə
İdarəsinin, Qaz istismar idarəsinin, Mərkəzi
Bankın Yevlax ərazi idarəsi və ehtiyatların idarəetmə
mərkəzinin binalarının, Könüllü Hərbi Vətənpərvərlik
Texniki İdman Cəmiyyətinin birləşmiş avtomobil məktəbinin,
Kür çayının sağ sahilində bulvar kompleksinin,
5 ulduzlu mehmanxananın, Avtovağzal binasının, 5 və 6
mərtəbəli yaşayış binalarının,
açıq havada muzeyin, Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri üçün 36 mənzilli
binanın, Xaldan-Yevlax yolunun tikintisi, Dəmiryol
vağzalının və “Yevlax-beton” ASC-nin yenidən
qurulması, K-11 kollektorunda nasos stansiyasının tikintisi və
təzyiqli xətlərin çəkilişi davam etdirilir.
Şəhər ərazisindən keçən Xaldan-Mingəçevir,
Xaldan-Zaqatala avtomobil yollarına, Nizami prospektinə, 9
küçəyə, Xaldan, Nemətabad, Nərimanabad,
Hacıselli, Varvara, Kövər kəndlərinin giriş və
daxili yollarına asfalt örtüyü salınıb. 28 kənddə
99,6 kilometr kənddaxili yollara, şəhərdə 9
küçəyə çınqıl döşənərək
hamarlanıb.
Təhsil, səhiyyə və mədəniyyət sahələrində
də inkişaf qeydə alınıb
İcra Hakimiyyətindən
onu da bildirdilər ki, ötən ildə də Yevlağın
təhsil, səhiyyə və mədəniyyət sahələrində
inkişaf qeydə alınıb. Təhsilin maddi-texniki
bazasının möhkəmləndirilməsi, təhsilin məzmunca
yeniləşməsi, müasir tələblər
baxımından təşkili, müasir düşüncə
tərzinin formalaşması istiqamətində əvvəlki
illərdə həyata keçirilmiş tədbirlər
hesabat ilində də davam etdirilib. Dünyanı iqtisadi
böhran bürüdüyü bir zamanda şəhərdə
3 yeni məktəb binası inşa edilib. Şəhər 1
saylı orta məktəbi üçün tikilmiş, ən
müasir texniki avadanlıqlarla və məktəb
inventarları ilə tam təchiz edilmiş 600 şagird yerlik
yeni məktəb binası 2010-cu il oktyabrın 14-də öz
qapılarını məktəblilərin üzünə
açıb. Sevindirici faktdır ki, məktəbin
açılış mərasimində ölkə
başçısı İlham Əliyev və xanımı
Mehriban Əliyeva iştirak ediblər. Cırdaxan və Xaldan kəndlərində
hər cür avadanlıqlarla təchiz edilmiş 180 şagird
yerlik məktəb binaları tikilib istifadəyə verilib. Şəhər
Uşaq-gənclər idman məktəbi, Meyvəli kənd
ibtidai məktəbi, uşaq bağçası-körpələr
evi əsaslı təmir edilərək yenidən qurulub. Təhsilin
səviyyəsinin yüksəldilməsi, IX və XI sinif
şagirdlərinin buraxılış imtahanlarına
hazırlanması, onların bilik səviyyəsinin
artırılması istiqamətində Şəhər Təhsil
Şöbəsi tərəfindən bir sıra tədbirlər
həyata keçirilib.
Hesabat ilində rayonun səhiyyə
müəssisələrində əhaliyə göstərilən
tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində
həyata keçirilən tədbirlər də əhəmiyyətli
olub. İl ərzində 1720 nəfər xəstəxanalarda
stasionar müalicə olunub, 64270 nəfər ambulator müayinədən
keçib. Səhiyyə nazirinin “Yevlax rayonunun tibb müəssisələri
şəbəkəsində dəyişikliklərin edilməsi
barədə” 5 avqust 2009-cu il tarixli 95 saylı əmrinə əsasən
9 kənd xəstəxanası həkim məntəqəsinə,
Yuxarı Qarxun kənd feldşer-mama məntəqəsi tibb məntəqəsinə
çevrilib, Cırdaxan kəndində və İrəvanlı
qəsəbəsində yeni tibb məntəqələri
yaradılıb. Ana və uşaqlara göstərilən səhiyyə
xidmətinin yaxşılaşdırılması, bu sahəyə
vahid nəzarətin əlaqəli təşkili, cərrahiyyə
xidmətinin yaxşılaşdırılması
üçün ginekologiya və doğum şöbələrinin
əsasında 40 çarpayılıq mamalıq-ginekologiya
şöbəsi yaradılıb, Ailə
Planlaşdırılması və Reproduktiv Sağlamlıq Mərkəzi
Qadın məsləhətxanasının binasına
köçürülüb, xəstələrin əlaqəli
müalicəsinin təşkili məqsədilə xəstəxanada
60 çarpayılıq vahid cərrahiyyə şöbəsi
təşkil edilib.
2010-cu il Yevlaxda əhaliyə
göstərilən mədəni-maarif xidmətinin səviyyəsinin
yüksəldilməsi ilə də yaddaqalandır. Bu məqsədlə,
Şəhər Mədəniyyət və Turizm Şöbəsi
tərəfindən tədbirlər həyata keçirilib. Yeni
yaradılan Elektron kitabxanada, əsaslı təmirdən
çıxmış Uşaq kitabxanasında oxuculara göstərilən
xidmətin keyfiyyəti yüksəlib, onların kütləviliyi
artıb. Mevvəli kənd kitabxanası, klubu əsaslı təmir
edilib, yeni avadanlıqlarla, latın qrafikası ilə nəşr
olunmuş ədəbiyyatlarla təchiz edilərək istifadəyə
verilib.
Yeri gəlmişkən,
ötən il hər üç sahədə fərqlənən
Yevlax fəalları üçün xüsusilə yaddaqalan
olub. Belə ki, Prezident İlham Əliyevin sərəncamları
ilə üç nəfər həkim “Əməkdar həkim”
adına, üç nəfər mədəniyyət
işçisi “Əməkdar mədəniyyət
işçisi”, 4 nəfər müəllim “Əməkdar
müəllim” fəxri adına layiq görülüb, 1 nəfər
isə “Tərəqqi” medalı ilə təltif olunub.
Nadir AZƏRİ
Bakı-Yevlax-Bakı
Yeni Azərbaycan.- 2011.- 30 mart.- S.6.