Gənclər Qubadakı soyqırımı qurbanlarının
xatirəsini yad edib
YAP Gənclər Birliyinin
təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların
soyqırımı gününə
həsr olunmuş dəyirmi masa keçirilib
Erməni daşnaklarının
Azərbaycan xalqına
qarşı 1918-ci ildə
gerçəkləşdirdiyi soyqırımının qurbanları
hər il
ölkə ictimaiyyəti
tərəfindən yad
edilir. Eyni zamanda, insanlıq
əleyhinə yönələn
bu qanlı faciənin beynəlxalq miqyasda tanıdılması
məqsədilə görülən
işlərin genişləndirilməsi
istiqamətində mühüm
addımlar atılır.
Dünən Yeni Azərbaycan
Partiyasının (YAP) Gənclər
Birliyinin (GB) fəallarının
xalqımıza qarşı
ermənilərin törətdiyi
vəhşiliklərin qanlı
izlərindən biri olan Quba məzarlığına
baş çəkməsi
də bu baxımdan əhəmiyyət
daşıyır.
Gənclərə məzarlıqla bağlı
ətraflı məlumat
verən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhrəman
Ağayev Heydər Əliyev Fondunun təşəbbüsü ilə
yaxın zamanlarda ərazidə muzeyin inşa olunacağını
bildirib. Q.Ağayev onu da deyib
ki, dörd il bundan
əvvəl aşkarlanan
kütləvi məzarlıqda
1918-ci ildə Hamazaspın
başçılıq etdiyi
erməni quldur dəstələri tərəfindən
qətlə yetirilən
400-dən artıq dinc
sakinin sümükləri
aşkarlanıb. Erməni vəhşiliyinin
danılmaz maddi sübutu olan və məlumatlara əsasən yerli sakinlərin özlərinə
qazdırılan 2 böyük
quyuda bir-birinin üzərinə yığılan
cəsədlərin 100-dən çoxu qadın, 50-dən
artığı uşaq,
qalanları isə əsasən yaşlı kişilərə məxsusdur.
Kəllə sümükləri üzərindəki balta və küt alətlərlə endirilən
zərbə izləri,
tapılan mismarlar, bir sıra hallarda
üst çənədəki
ön dişlərin çıxarılmış vəziyyətdə
olması və sümüklər üzərindəki
digər bir çox işgəncə
əlamətləri soyqırımı
qurbanlarının başına
gətirilən zülm
və vəhşiliklərin
mənzərəsini insan
təsəvvüründə canlandırır. Bir
sözlə, üzərindən
93 il keçməsinə
baxmayaraq, Quba məzarlığı 1918-ci ildə
azərbaycanlılara qarşı
törədilən soyqırımı
dəhşətlərini əyani
surətdə əks etdirir. Yəni, respublikamızın başqa regionlarında olduğu kimi, Quba ərazisində ermənilər tərəfindən
törədilən soyqırımı
da Azərbaycan xalqının ümumi faciəsidir. Çünki 1918-ci ildə Azərbaycan türklərilə yanaşı,
ərazidə yaşayan
ləzgi, avar, tat, yəhudi və digər etnik qrupların nümayəndələri
də amansızcasına
qətlə yetirilərək
məzarlıqda kütləvi
şəkildə basdırılıblar.
Daha sonra
YAP Quba rayon təşkilatının
sədri Ədalət Nəbiyev ermənilərin azərbaycanlılara
qarşı zaman-zaman həyata keçirdikləri
soyqırımı siyasəti və bunun acı nəticələrindən
bəhs edərək bildirib ki, ermənilərin azərbaycanlılara
qarşı soyqırımı törətməsinin dünya
ictimaiyyətinin diqqətinə çatdırılması
üçün Quba məzarlığında həm tarixi, həm
əyani vəhşiliyi sübut edən faktları görmək
mümkündür.
Daha sonra YAP GB-nin sədr
müavini Aygün Əliyeva, YAP Quba rayon GB-in sədri Rəşidə
Məhərrəmova, eləcə də, YAP GB-nin gənc fəalları-Anar
Cəfərov, Vüsalə Niftəliyeva, Lamiyə Cəlilova,
Sadiq Hacıyev və başqaları çıxış edərək
soyqırımı həqiqətlərinin bütün
dünya ictimaiyyətinə çatdırılmasının
vacibliyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan dövlət
müstəqilliyinə qovuşduqdan sonra soyqırımı
barədə həqiqətlərin beynəlxalq təşkilatlara
və dünya ictimaiyyətinə çatdırılması
istiqamətində məqsədyönlü iş
aparılıb, Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla
erməni millətçilərinin hərəkətlərinə
hüquqi-siyasi qiymət verilib. O da vurğulanıb ki, Ulu
öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması uğrunda informasiya mübarizəsində
hücum taktikası daha əzmlə davam etdirilməli, ermənilərin
əsl simasının bütün xalqlara
tanıdılması, bu soyqırımı hadisələrinə
beynəlxalq ictimaiyyət tərəfindən hüquqi-siyasi
qiymət verilməsi üçün ardıcıl iş
aparılmalıdır.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-
2011.- 30 mart.- S.3.