Azərbaycanlıların 1918-ci il
mart soyqırımı
Ümummilli liderimiz Heydər
Əliyevin “Azərbaycanlıların soyqırımı
haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı
imzalamasından 13 il keçir. Həmin Fərmana
əsasən 31 mart - Azərbaycanlıların
soyqırımı günü elan olundu. Qeyd
edək ki, bu sənədin ermənilər və onların
tarixi havadarlarının yurdumuzun və
yurddaşlarımızın başına gətirdikləri
müsibətlərin həm ölkə, həm də beynəlxalq
ictimaiyyətin mühakiməsinə
çıxarılmasında rolu böyük və əhəmiyyətlidir.
Fərmanda deyilir: “Azərbaycan
Respublikası müstəqillik qazandıqdan sonra
xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini
yaratmaq imkanı əldə edilmişdir. Uzun illər
gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər
açılır, təhrif edilmiş hadisələr
özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə
törədilmiş və uzun illərdən bəri öz
siyasi-hüquqi qiymətini almamış soyqırımı da
tarixin açılmamış səhifələrindən
biridir”.
Ulu öndər
Heydər Əliyevin bu Fərmanında ermənilərin azərbaycanlılara
qarşı törətdikləri soyqırımı ilə
bağlı proqram tezisləri öz əksini tapıb. Sənəd,
eyni zamanda, ermənilərin Türk dünyasına
qarşı yönəlmiş düşmənçilik hərəkətlərinin,
cinayətlərinin, “Böyük Ermənistan” yaratmaq kimi
boş və cəfəng ideyalarının tədqiqatını
da zəruri edib.
Yəni, soyqırımın
birinci növbədə milli düşmənçilik zəminində
türklərə, daha sonra Türk dünyasının tərkib
hissəsi olan azərbaycanlılara qarşı yönəldilməsi
mərhələ-mərhələ
araşdırılmalı, türk-Azərbaycan torpaqları
hesabına “Böyük Ermənistan” yaratmaq ideyalarının
ermənilərin beyninə yeridilməsinin səbəbi və
şəraiti, öz xeyirlərinə tarixi
saxtalaşdırmaları xalqımıza, dünya ictimaiyyətinə
çatdırılmalı, onların bu iyrənc arzu və
istəkləri açıqlanmalıdır.
Erməni
ideoloqları, siyasətçiləri uzun onilliklər boyu
dünyaya car çəkərək “bu məzlum millətin”
türklər tərəfindən guya soyqırımına məruz
qalmasını sübuta yetirmək üçün dünya
ictimaiyyətində fikir formalaşdırmağa, “erməni
soyqırımının” dünya dövlətləri tərəfindən
tanınmasına nail olmağa çalışırlar. Lakin
onların bu iddialarının əsassız olduğu hər kəsə
bəllidir. Bunun üçün sadəcə
tarixə ekskursiya etmək kifayətdir. Bu
zaman aşağıdakı suallara da cavab tapılar. Həqiqətən qədim erməni dövləti
olubmu? Onlar türklər tərəfindən
soyqırıma məruz qalıblarmı? Qafqazda,
o cümlədən, Azərbaycanda ermənilər nə
vaxtdan məskunlaşmağa başlayıblar? İndiki Ermənistan Respublikası əzəli Azərbaycan
torpaqları hesabına süni olaraq necə yaradılıb?
Bunların tarixi, hüquqi-siyasi əsası
olubmu?
Bütün bu
suallara, tarixi qaynaqlara və hüquqi sənədlərə
söykənməklə tutarlı cavablar vermək
mümkündür. Tarixi qaynaqlar isə sübut edir ki,
heç vaxt qədim Ermənistan dövləti olmayıb.
Belə ki, məşhur yunan alimi Strabonun məlumatlarına
görə, Türkiyə ərazisində Van gölü ətrafında
qədim zamanlar “Armeniya” adlı coğrafi anlayış kimi
kiçik bir ərazi olub. Burada müxtəlif dillərdə,
o cümlədən, türk dillərində danışan əhali
ilə birlikdə “hay”lar da (indiki ermənilər)
yaşayıblar. Sələvki hökmdarı III Antioxin (e.ə.220-180)
vəfatından sonra onun iki sərkərdəsi “hay” etnik
qruplarından olan Artaksi və Zaridar xəyanətkarlıq edərək
Cənubi Azərbaycan və Gürcüstan torpaqlarının
bir hissəsini işğal etsələr də, Azərbaycan
hökmdarları tezliklə öz torpaqlarını geri
qaytardılar.
Ermənilərin
torpaq iddialarını qanuniləşdirməyə
çalışan müəlliflər iddia edirlər ki, guya
eramızdan əvvəl I əsrdə Armeniya hökmdarı II
Tiqran (e.ə.95-55) indiki Qarabağı (Qədim Arsax və
Uti) tutub Armeniyaya qatıb. Lakin tarixi qaynaqlarda bu
barədə heç bir məlumat və mənbə yoxdur.
Əksinə, tarixi mənbələrdə II
Tiqranın yürüşlərinin Roma dövlətinin
hakimiyyətinə daxil olan Aralıq dənizi istiqamətində
yerləşən torpaqlara yönəlməsi göstərilir.
Lakin tezliklə Roma ordusu tərəfindən II
Tiqran məğlubiyyətə uğrayıb, e.ə.66-cı
ildə bağlanmış müqaviləyə görə, Armeniya
adlanan hakimiyyət ləğv olunub, II Tiqran əsir kimi Romaya
aparılıb. Haylar (indiki ermənilər)
ərazilərində yaşadıqları dövlətə,
böyük millətlərə xəyanətkarlıq etdiklərinə
görə, həmin illərdə romalılar tərəfindən
ayrı-ayrı ərazilərə deportasiya olunub, onun
şovinist rəhbərləri süni dövlət yaratmaq
imkanlarından məhrum ediliblər. Ümumiyyətlə,
haylar vaxtaşırı sığınacaq tapdıqları
dövlətlərə və millətlərə xəyanətkarlıq
edib, milli ədavət saldıqlarından, süni dövlət
yaratmağa cəhd etdiklərindən həmin dövlətlər
tərəfindən deportasiya edilərək, dünyanın
bir çox yerlərinə yayılıblar.
Bir sözlə,
tarixi qaynaqlarla sübut olunur ki, XVI əsrə qədər
haylar (indiki ermənilər) birləşib öz
şovinist-millətçi niyyətlərini həyata
keçirmək imkanı əldə edə bilməyiblər,
çünki heç vaxt onların vətəni olmayıb. Qul titulu
almış bu millət yer kürəsinin ayrı-ayrı ərazilərinə
səpələnib və həmin ərazilərdə də
milli ədavət toxumu səpərək, bəşəriyyətə
yönələn cinayətlər işləyib həyata
keçiriblər. Bu cinayət əməllərinə
görə ayrı-ayrı dövrlərdə cəzalandırılsalar
da, tarixi unutqanlıqdanmı, ermənilərin yaltaqlıq,
süni cildlərə girib özlərini vətənsiz,
yazıq millət kimi göstərmələrindənmi onlara
yenidən meydan verilib. Tarixin ibrət dərslərindən
nəticə çıxara bilməyən bu millət sonradan əlverişli
məqam düşəndə öz çirkin niyyətlərini,
xəyanətkarlıqlarını və erməniyə xas
olan cinayətlərini davam etdirsələr də, bu əməllərinin
dəfələrlə acı nəticələrini
dadıblar.
Həmin
dövrlərdən başlayaraq, haylar (ermənilər) əsasən
Türkiyə, daha sonra İran ərazisində məskunlaşıb,
qalan hissəsi isə Yaxın Şərq və Qərb
ölkələrinə səpələnib. Türklərin
ədalətli və humanist mövqelərindən istifadə
edən ermənilər yenidən dünyanın
ayrı-ayrı yerlərindən bu ölkəyə üz
tutmağa başlayıb, sənətkarlıqla, ticarət
işləri ilə məşğul olub, özlərini sadiq
nökərlər kimi göstərərək, məkrli məqsədlərini
həyata keçirmək üçün əlverişli
tarixi şərait gözləməyə başlayıblar.
Erməni kilsələri, din xadimləri bu sahədə
böyük rol oynayıb, bu millətin beynini zəhərləyiblər.
XVI əsrdən başlayaraq, onlar ermənilərin
torpaq iddialarını həyata keçirmək
üçün yığıncaqlar keçirib, təbliğata
başlayıblar. Onu da qeyd edək ki, ermənilər
İrəvanda, Göyçədə, Zəngəzurda, Şəmsəddində,
Qarabağda özlərinə yer etdikdən sonra bu
torpaqların qədim sakinlərini öz dədə-baba
yurdlarından didərgin salmaq istiqamətində çox fitnə-fəsad,
faciələr, soyqırımı törədiblər və
bu işlər bu günə kimi bir çox mərhələlərdə
həyata keçirilib.
Fikrimizcə,
Azərbaycan-Türkiyə torpaqları hesabına
“Böyük Ermənistan” yaratmaq ideyasını həyata
keçirmək üçün ermənilərin türklərə,
azərbaycanlılara qarşı törətdikləri cinayətləri,
soyqırımını 5 mərhələyə bölmək
olar.
Birinci mərhələ
- XVII əsrdən -1905-ci ilə kimi olan dövr.
İkinci mərhələ
- 1905-ci ildən -1914-cü ilə kimi olan dövr.
Üçüncü
mərhələ - 1914 ildən -1920-ci ilə kimi olan dövr.
Dördüncü
mərhələ - 1948 ildən -1953-cü ilə kimi olan
dövr.
Beşinci mərhələ
- 1988-ci ildən sonrakı dövrlər.
Birinci mərhələ ilə
bağlı erməni-Azərbaycan münasibətlərini tədqiq
etmiş ABŞ professoru Castin Makkarti “Genosid olmuşdurmu?”
kitabında qeyd edir ki, 1828-1854-cü illərdə ruslar iki dəfə
Şərqi Anadoluya hücum edərkən yerli ermənilər
onların tərəfini saxlayıblar. Hər
iki halda ruslar çıxıb getməli olanda özləri ilə
100 min ermənini Qafqaza gətirib və onları qovulmuş
müsəlmanların evlərində yerləşdiriblər.
İrəvan xanlığında da 1828-ci ilə
kimi əhalinin 80 faizindən çoxu azərbaycanlı olub.
Professor qeyd edir ki, 1820-ci ildən 1920-ci ilə
kimi bu ərazilərə 600 min erməni
köçürülüb, 2 milyon müsəlman isə həmin
əraziləri tərk edib və ya məhv olublar.
“Böyük
Ermənistan” yaratmaq ideyasını həyata keçirmək
üçün süni olaraq onlar bu ərazilərdə tarixən
ermənilərin çoxluq təşkil etdiyini sübuta
yetirmək istəyirlər. Lakin informasiyalar elə
erməni müəlliflərinin, tədqiqatçılarının
özləri tərəfindən təkzib olunub. Belə
ki, Z.Korkodayan 1932-ci ildə İrəvanda çap etdirdiyi
“Sovet Ermənistanın əhalisi 1831-1931” adlı əsərində
göstərir ki, həmin illərdə indi Ermənistan
adlanan Qərbi Azərbaycanda 2310 yaşayış məntəqəsi
və kəndlərdən 2000-dən çoxu azərbaycanlılara
məxsus olub, erməni əhalisi isə əsasən
1828-1836-cı və 1915-1918-ci illərdə Türkiyədən,
İrandan köçürülərək gətirilib. Bu həqiqəti 1986-cı ildə İrəvan
Universitetinin dərc etdirdiyi “Ermənistan və ətraf
rayonlarının toponimlər lüğəti”ndə verilən
faktlar bir daha təsdiq edib.
N.İ.Şavrov “Zaqafqaziyada
rus işinə təhlükə” kitabında göstərir
ki, “1826-1827-ci illər müharibəsindən sonra 1828-ci ildən
1830-cu ilədək Zaqafqaziyaya 40 min İran, 84600 Türkiyə
ermənisi köçürülüb, onlar əsasən
Yelezavetpol (Gəncə) və İrəvan
quberniyalarının ən yaxşı torpaqlarında yerləşdiriliblər”.
Onu da qeyd edək
ki, I Pyotr hakimiyyətdə olduğu dövrdə erməniləri
dəstəkləyib, onları müdafiə edib. I Pyotrdan sonra
ermənilərə bu istiqamətdə rus
hökmdarlarından II Yekaterina, daha sonra isə I Nikolay
böyük köməklik göstəriblər. I Nikolay
21 mart 1828-ci il tarixli fərmanı ilə
ermənilərin üstündən qul adını
götürüb. Həmin vaxta kimi ermənilər
yer üzündə rəsmən qul adlanan millət olaraq
qalıb.
Yaranmış
tarixi şəraitdən istifadə edən ermənilər XIX
əsrin 60-90-cı illərində Türkiyədə və
Zaqafqaziyada gizli erməni cəmiyyətləri yaratmağa
başlayıblar. 1885-ci ildə “Armenikan inqilabçı
partiyası” və “Armeniya” qəzeti təsis edilib. 1887-ci ildə “Hnçaq”, 1890-cı ildə
“Daşnaksütyun” partiyaları yaradılıb. Belə ki, ermənilərin ən qanlı təşkilatı
sayılan “Daşnaksütyun” və “Erməni inqilabı cəmiyyətləri
federasiyası” 1890-cı ildə Tiflisdə təsis olunub.
Liderləri erməni şovinistləri Mikelyan,
Zavaryan, Rostom (S.Zorin) və başqaları idi.
Ermənilər
XIX əsrin 90-cı illərində qiyamlar törətməklə
qırğınlar həyata keçiriblər. Həmin
dövrdə İstanbulda Fransa səfiri olmuş Kaban
1894-cü ildə erməni məsələsini təsvir edərək
yazırdı ki, müstəqil Ermənistan yaratmaq haqqında
heç düşünməyə dəyməz,
çünki ermənilərin digər xalqlardan az-çox
üstün olduğu ərazi tapmaq mümkün deyil, ermənilər
Türkiyənin dörd tərəfinə səpələnibdir.
1894-cü ildə Sasunda ermənilər qiyam
qaldıraraq türklərin kütləvi
qırğınını apardılar və car çəkdilər
ki, guya bu zaman türk hökuməti tərəfindən 10 min
erməni öldürülüb.
Lakin
fransız, ingilis və ruslardan ibarət komissiyanın məruzəsində
bu hadisədə ermənilərin özlərinin günahkar
olduğu, minlərlə türkün erməni
qiyamçıları tərəfindən vəhşicəsinə
qətlə yetirilməsi bildirilib.
Sasunda baş
vermiş erməni qırğını ilə əlaqədar
ilk dəfə ABŞ senatında məsələ müzakirə
olunub. Amerika senatoru Treyn Senata məlumat verir ki, Türkiyənin
bu ərazilərində ermənilər azlıq təşkil
edir və Ermənistan dövləti yaratmaq əsassız bir ideyadır.
I Dünya müharibəsi başladıqdan sonra
1915-ci ilin fevral ayında Tiflisdə keçirilən
“Daşnaksütyun” partiyasının IX qurultayı cəbhədəki
əlverişli məqamlardan istifadə edib sərhədboyu
türk əhalisini sıxışdırıb məhv etməyə
qərar verib. Qurultayda Türkiyə
dövlətinə xəyanət etmiş erməni generalı
Ozanyan Andranik (1865-1927) erməni hərbi dəstələrinin
sayının artırılmasını tələb edib.
1915-ci ildə
Ermənilər
1915-ci ildə uydurma “soyqırımın” təbliğinə
başlayaraq, 300 min erməninin məhv edildiyini göstəriblər. Saxtakarlıqlara
söykənən, tarixi həqiqətlərdən uzaq olan erməni
tarixçiləri və siyasətçiləri, erməni təbliğatı
bu rəqəmi XX əsrin 80-ci illərində süni olaraq 2
milyona çatdırıblar.
Tarixi sənədlər, hərbi,
statistik məlumatlar sübut edir ki, həmin dövrdə
ümumiyyətlə, Türkiyə ərazisində cəmi 1
milyon 200 min erməni olub ki, onların da çoxu sonradan
Rusiya, İran, Livan ərazilərinə köçüb. Deməli, “erməni soyqırımı” olmayıb,
ermənilərin bu uydurması tarixi həqiqətlərə əsla
uyğun deyil.
Ən dəhşətli
olaylar isə 1918-ci ilin mart ayının 30-31-i və aprel ayının
ilk günlərində Bakıda baş verdi.
Bakıda soyqırımı planı hələ
1917-ci ildə “Daşnaksütyun” partiyası və Erməni
Milli Komitəsi tərəfindən hazırlanırdı.
Onlar dəfələrlə müsəlmanları
bolşeviklərə qarşı silahlı
çıxışa təhrik etməyə cəhd göstərirdilər.
Fitnəkarlıq yalnız 1917-ci ilin
dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri
V.İ.Leninin S.Şaumyanı Qafqazın fövqəladə
komissarı təyin etdikdən sonra baş tutdu. Ermənilərin məqsədi bolşeviklərin əli
ilə müsəlman əhalisini cismən məhv etmək
idi. Adamların qətlə yetirilməsi və
müsəlman məhəllələrinin darmadağın
edilməsi mütəşəkkil erməni hərbi hissələri
tərəfindən planlı surətdə həyata
keçirilirdi. Bakı Sovetinin qüvvələrinə
rəhbərlik edən S.Şaumyanın erməni hərbi hissələrindən
istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdi.
Daşnaklar müsəlman fəhlələrin
orduya qəbul edilməsinə hər vasitə ilə əngəl
törədirdilər. Ona görə də,
Bakı Soveti, onun yaratdığı ordu əsas etibarilə
ermənilərdən ibarət idi.
Azğınlaşmış
erməni quldurlar dinc azərbaycanlı əhalini
qırıb-çatmaq üçün ən amansız
üsullara əl atırdılar. Fövqəladə Təhqiqat
Komissiyasının üzvü A.Y.Kluqe bu komissiyanın sədrinə
ünvanladığı məruzədə yazırdı:
“Yaxşı silahlanmış, təlim keçmiş erməni
əsgərlər çoxlu miqdarda pulemyotların
müşayiəti ilə hücum edirdilər. Ermənilər
müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini
qırır, onları qılınc və xəncərlərlə
doğram-doğram və süngülərlə
deşik-deşik edir, uşaqları yanan evin alovları
içərisinə atır, üç-dörd günlük
çağaları süngünün ucunda oynadır, öldürülən
valideynlərin südəmər körpələrinə rəhm
etmir, hamısını qırırdılar”.
Təhqiqat
Komissiyasının sənədlərindən məlum olur ki,
1918-ci ilin mart soyqırımı zamanı təkcə
Bakıda 12 mindən çox türk-müsəlman
öldürülüb. Onların çoxunun meyitləri
tapılmayıb. Ermənilər meyitləri
od-alova bürünmüş evlərə, dənizə,
quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Bakı əhalisindən 400 milyon manatlıq
daş-qaş və əmlak qarət olunub. Bir çox ziyarətgahlar və tarixi abidələr
yerlə-yeksan edilib. Memarlığın
incilərindən sayılan İsmailliyənin binası
yandırılıb. Mart talanlarında
yaxşı təşkil olunmuş hərbi hissələrlə
yanaşı, erməni ziyalıları, gəncləri də
iştirak edirdilər.
Təhqiqat
Komissiyasının materiallarında göstərilirdi ki, “erməni
əhalisinin bütün siniflərini təmsil edən
nümayəndələr bu “müharibədə” iştirak
etməyi özlərinə borc bilirdilər. Burada
neftxudalar, mühəndislər, həkimlər, kontor
işçiləri var idi, bir sözlə, erməni əhalisinin
bütün təbəqələri öz “borcunu” yerinə
yetirirdi”.
1918-ci ilin mart
hadisələri zamanı qədim Şamaxı şəhəri
də dəhşətli talanlara və vəhşiliklərə
məruz qalıb. Ermənilərin bu şəhərdə
və ümumən Şamaxı qəzasında törətdikləri
vəhşiliklər haqqında 7 cilddən ibarət təhqiqat
materialları toplanıb. 1919-cu il
martın 30-da “Azərbaycan” qəzetində Fövqəladə
Təhqiqat Komissiyasının
“Çağırış”ı dərc olunub. Komissiyanın
sədri Ə.Xasməmmədovun imzaladığı bu sənəddə
deyilirdi: “Şamaxının yalnız xarabalıqları
qalmışdır. Şəhərin müsəlman hissəsindəki
bu xarabalıqlarda məscidlərin ən qədimi olan, 800 ildən
çox tarixə malik Cümə məscidinin ancaq yanıb
qaralmış minarələri görünür, şəhərin
15 minlik müsəlman əhalisindən sağ qalanlar isə
bütün Zaqafqaziyaya dağılmış, əllərində
qoltuq ağacı və bellərində torba qapı-qapı
düşüb dilənirlər ki, acından ölməsinlər.
Adlarını “bolşevik” qoyan qaçaq-quldur dəstələrinin
əlindən qaçıb can qurtaran əhalinin qalan hissəsi
türk qoşunları Azərbaycana gəldikdən sonra
öz el-obalarına qayıtmışdır. Onlar,
qayıdıb gəldikdə əsrlərdən bəri
yaşadıqları ocaqlarını yandırılmış
və yerlə-yeksan edilmiş halda görmüşlər”.
Təhqiqat
Komissiyasının sənədlərindən aydın olur ki,
Şamaxı şəhərinin azərbaycanlı əhalisinə
vurulmuş ziyan orta hesabla 1 milyon manatdan çox olub. Ermənilər Qubada, Lənkəranda
və digər qəzalarda da qırğınlar törədiblər.
Ermənilər Quba qəzasında da
qırğınlara geniş hazırlıq işləri
görmüşdülər. Çünki
qırğına başlamaq üçün bəhanə
milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın
hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən
sıxışdırıldığı barədə
teleqramlar göndərirdilər. Qubada yaşayan
M.Kasparov, H.Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən
göndərilmiş teleqramda iddia olunurdu ki, Qubada müsəlmanlar
milli ədavət, milli qırğın törədir, erməni
və rus kəndlərini dağıdır, kilsələrə
od vurub yandırırlar.
Təhqiqat materiallarından
məlum olur ki, 1918-ci il mayın 1-də
Qubaya girən daşnak-bolşevik birləşmələrinin
sayı 5 mindən artıq olub. Ona görə də,
onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta
biliblər. İki gün ərzində
yalnız Quba şəhərində 4 minədək müsəlmanın
öldürüldüyünü xatırlamaq kifayətdir.
A.Novatski qeyd edir ki, müsəlmanların
dini heysiyyətinə toxunaraq, məscidlərə od vurub yandıran daşnaklar təkcə Quba,
Qusar və Xaçmaz ərazisində 26 məscidi
yandırıblar. Hamazaspın vəhşilikləri nəticəsində
1918-ci ilin ilk beş ayı ərzində
Quba qəzasında üst-üstə 16 mindən çox
insan məhv edilib. Ayrı-ayrı mənbələrə
əsasən, qırğın zamanı 12 minədək ləzgi,
4 mindən çox azəri türkü və tat əhalisi
öldürülüb. 1918-ci ilin
qırğınları zamanı daşnak-bolşevik birləşmələri
Quba qəzasında 162 kəndi dağıtmışdılar
ki, bunlardan 35-i hazırda mövcud deyil.
Xalqımıza
qarşı 1918-ci ildə törədilən mart
soyqırımı kimi faciəli bir tariximizin Sovet
tarixşünaslığında
saxtalaşdırılması və ört-basdır edilməsini
təkcə tarixi bir anın unudulması kimi qəbul etmək
olmaz. Mart hadisələrinin saxtalaşdırılması
xalqımıza qarşı tarixən düşmən
münasibət bəsləyən erməni xislətinin gizlədilməsi
oldu. Bu isə özlüyündə XX əsr
tariximizdə yeni-yeni qanlı səhifələrin
açılmasına gətirib çıxarıb.
Azərbaycanlıların
soyqırımı tarixinə nəzər salaraq bildirmək
istəyirəm ki, monoetnik dövlət yaratmağa nail olan Ermənistan
rəhbərləri keçmiş SSRİ-nin hərbi-sənaye
potensialına arxalanaraq Azərbaycan Respublikası
Dağlıq Qarabağ Muxtar Vilayətini, o cümlədən,
7 ətraf rayonu, Laçın, Kəlbəcər, Zəngilan,
Qubadlı, Cəbrayıl, Ağdam və Füzulini
işğal edib xarabazara çeviriblər. Ermənistanın
hərbi təcavüzü təkcə Dağlıq
Qarabağı və onun ətraf rayonlarını deyil, eyni
zamanda, Azərbaycanın qərbində yerləşən Gədəbəy,
Tovuz, Ağstafa rayonlarını da əhatə edib.
İşğal edilmiş ərazilərdə
800 yaşayış məntəqəsi, 6 min sənaye və
kənd təsərrüfatı obyekti, ümumi ərazisi 9
min kvadratmetr olan 150 mindən artıq mənzil və şəxsi
ev, 4366 sosial-mədəni obyekt, o cümlədən, 850 məktəbəqədər
təlim-tərbiyə müəssisəsi, 690 orta məktəb,
490 tibb müəssisəsi, 927 kitabxana, 22 muzey, 6 teatr, konsert
zalı və s. obyektlər erməni vandalları tərəfindən
dağıdılıb.
Təəssüf
ki, Ermənistan silahlı birləşmələrinin zəbt
etdiyi Azərbaycan torpaqlarından çıxarılmasına
dair BMT Təhlükəsizlik Şurasının 1993-cü illərdə
qəbul etdiyi 4 qətnamənin (822, 853, 874, 884) tələblərinə
indiyədək əməl edilməyib. Müstəqilliyimizin
ilk illərində özlərini Azərbaycan milli azadlıq hərəkatının
baniləri hesab edən yalançı demokratların hakimiyyəti
dövründə bu məsələlərə rəsmi
münasibət bildirən bir sənəd, bir qərar və
ya fərman verilməyib. Halbuki məhz həmin dövrdə
ermənilərin dünya ictimaiyyətinə azərbaycanlıları
vəhşi, qaniçən bir xalq, özlərini isə əzabkeş,
genosidə məruz qalmış məzlum bir millət kimi təqdim
etmələri nəticəsində Azərbaycan dünya
ictimaiyyətinin dayağından məhrum olub, ABŞ Konqresi
isə Azadlığı müdafiə aktına 907-ci düzəlişi
daxil edib.
Tarixi
keçmişimizə düzgün siyasi qiymət vermək
istiqamətində də ilk addımı yenə məhz Ulu
öndər Heydər Əliyev atdı. 1997-ci il
18 dekabr tarixində imzalanmış “1948-1953-cü illərdə
azərbaycanlıların Ermənistan SSR ərazisindəki
tarixi-etnik torpaqlarından kütləvi surətdə
deportasiyası haqqında” Fərmanla tarixi həqiqətləri
dünya ictimaiyyətinin nəzərinə
çatdırılmış oldu.
Ermənilər
XX əsrin sonlarında da azərbaycanlıların misli
görünməmiş soyqırımını həyata
keçiriblər. Təpədən-dırnağadək silahlanmış
erməni daşnakları 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə
hücum edərək dinc əhaliyə divan tutub, 613 nəfəri
vəhşicəsinə qətlə yetirib. Həmin
gün erməni daşnakları azərbaycanlıların
növbəti soyqırımını xüsusi qəddarlıqla
həyata keçiriblər.
Ermənilərin
millətimizə, vətənimizə qarşı törətdikləri
cinayətlər və vəhşiliklər bunlarla bitmir. Onların
ciddi tədqiqatlara, araşdırmalara ehtiyacı var. Bu işdə
hər kəs yaxından iştirak etməli, Ermənistanda
dövlət siyasəti səviyyəsinə
qaldırılmış soyqırım faktları
bütün dünya ictimaiyyətinə
çatdırılmalıdır. Onu da
qeyd etmək lazımdır ki, dövlətimiz tərəfindən
bu istiqamətdə artıq ciddi uğurlara imza
atılmaqdadır. Ölkə Prezidenti cənab
İlham Əliyev ən yüksək tribunalardan dünya
ictimaiyyətini erməni vəhşilikləri haqqında
arqumentləşdirilmiş şəkildə məlumatlandırmaqdadır.
Dövlətin yaxından təşkilatçılığı
ilə bu gün demək olar ki, Azərbaycan ictimaiyyətinin
böyük bir qismi bu istiqamətdə fəal mübarizəyə
qoşulubdur. Artıq ciddi
uğurlarımız göz qabağındadır. Məsələn,
“Xocalıya ədalət” beynəlxalq informasiya kampaniyasına
məhz 2008-ci il mayın 8-də Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə start verilib. Bu gün XX əsrin ən qanlı faciələrindən
biri olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin
üzə çıxarılması və dünya ictimaiyyəti
tərəfindən siyasi-hüquqi və mənəvi qiymətləndirməyə
nail olunması istiqamətində bu möhtəşəm
kampaniya dünyanın 30-dan çox ölkəsində
yüzlərlə könüllü tərəfindən
uğurla həyata keçirilir.
Elşad Mirbəşiroğlu,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının müəllimi, siyasi elmlər
üzrə fəlsəfə doktoru
Yeni Azərbaycan.- 2011.- 31 mart.- S.6.