Gənclər Azərbaycan dövlətinin
qayğısı ilə əhatə olunub
Müstəqilliyimizin həmyaşıdı Sənan Həsənov
hesab edir ki, hər bir gənc ölkəmizin
yaratdığı geniş imkanlardan bəhrələnməyi
bacarmalıdır
Məlum olduğu kimi, bu il
Azərbaycan Respublikasının dövlət müstəqilliyi
əldə etməsinin 20 ili tamam olur. Prezident İlham Əliyevin
Sərəncamı ilə müstəqilliyimizin 20 illiyi
dövlət səviyyəsində qeyd olunacaq, bu münasibətlə
müxtəlif tədbirlər keçiriləcək. “Yeni Azərbaycan”
qəzeti də bu çərçivədə bir neçə
layihə həyata keçirir. Bunlardan biri də “Müstəqilliyimizin
yaşıdları” adlanır. Bu gündən başlayaraq bu
rubrika altında müstəqilliyimizlə yaşıd olan,
müstəqil ölkədə dünyaya gəlmək və
müstəqil ölkənin vətəndaşı olmaq
xoşbəxtliyini yaşayan gənclərimizin Azərbaycan
dövlətinin keçdiyi inkişaf yolu haqqında fikirlərini,
onların ölkəmizdə baş verən hadisələrə
münasibətini öyrənəcək, fikirlərini dərc
edəcəyik.
Layihəmizin ilk
qonağı Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasının 2-ci kurs tələbəsi Sənan
Süleyman oğlu Həsənovdur. 1991-ci ilin fevral ayında
dünyaya gələn S.Həsənov Azərbaycan
Respublikasının müstəqilliyi ilə həmyaşıd
olduğu üçün fəxr edir: “Mənim
uşaqlığım müstəqilliyimizin ilk illərinə
düşüb. O baxımdan, 90-cı illərin əvvəlini
yaxşı xatırlamıram. Amma bilirəm ki, 1993-cü ilə
qədər insanlar, o cümlədən, ölkəmiz
çox çətinliklər çəkib. Ümummilli
liderimiz Heydər Əliyev xalqın tələbi ilə yenidən
hakimiyyətə qayıdandan sonra ölkəmizin
başının üstünü almış təhlükələrdən
xilas olduq. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması
isə ölkəmizin inkişafının əsasını
qoydu. Ulu öndər Heydər Əliyevin neft strategiyası Azərbaycanı
xilas etdi. İndi kitablardan, qəzetlərdən oxuyuruq,
televiziyadan baxırıq ki, həmin vaxtlarda Azərbaycanın
müstəqilliyini qorumaq, iqtisadiyyatı bərpa etmək nə
qədər məsuliyyətli və çətin olub. Həqiqətən
də, Azərbaycanın müstəqillik və inkişaf yolu
həddindən artıq keşməkeşlidir”.
S.Həsənovun sözlərinə
görə, ötən 20 il ərzində Azərbaycanda demək
olar ki, hər gün dəyişiklik nəzərə
çarpıb. O, bu faktı öz həyatı ilə də
müqayisə etdi: “Biz uşaq olarkən oynamağa park,
istirahət yeri yox idi. Sovet dövründən qalan parklarda isə
oturacaqlar belə qırılmışdı. 1995-ci ildən
sonra isə ölkəmizdə iqtisadi durum get-gedə daha
yaxşı oldu və uşaqlar üçün istirahət
məkanları düzəldi. Bu amil bağça və məktəblərə
də şamil olunmalıdır. Bu gün ölkəmizdəki
məktəblərin yeni müasir tələblərə
uyğunlaşdırılması, kompüterləşdirilməsi
istiqamətində layihələr həyata keçirilir. Amma
90-cı illərin əvvəlində adi kitablar belə
çatışmırdı. İndi isə uşaqlar
üçün oxumağa hər bir şərait
yaradılıb. Dövlətimiz gənclərimizi
dünyanın ən nüfuzlu ali məktəblərində təhsil
alması üçün xaricə göndərir. Bu isə
ölkəmizin inkişafı üçün böyük
töhfədir. Bununla yanaşı gənclərin idmanla məşğul
olması üçün hər cür imkan var. Bu gün
ölkəmizdə gənclərin idmanla məşğul
olmasına xüsusi qayğı göstərilir və Azərbaycanın
hər yerində idman kompleksləri tikilib gənclərin
istifadəsinə verilib. Bu da Azərbaycanın 20 ildə
keçdiyi inkişaf yolunun gözəl nəticələridir”.
İdmandan söz
düşmüşkən qeyd etmək lazımdır ki, Sənan
da bu sahədə öz gücünü sınayıb və
xeyli uğurlar qazanıb. Belə ki, o, 2009-cu ildə boks
üzrə gənclər arasında keçirilmiş Azərbaycan
çempionatının qalibi olaraq qızıl medala sahib
çıxıb. Bundan əlavə, S.Həsənov Rusiya,
Qazaxıstan, Ukrayna, Türkiyə və digər ölkələrdə
keçirilən beynəlxalq turnirlərin
mükafatçısı olub. O, qazandığı
uğurları təsadüfi yox, məhz müstəqil
dövlətimizin qayğısının nümunəsi hesab
edir: “Əgər dövlətin gənclərə
qayğısı olmasaydı, idmançılara yüksək
şərait yaradılmasaydı bu uğurları qazana bilməzdik.
Təbii ki, bu qayğı bizi daha böyük qələbələr
əldə etməyə ruhlandırır”.
Onun fikrincə, hər bir gənc
yaradılmış imkanlardan öz gələcəkləri
naminə bəhrələnməyi bacarmalıdır.
“Gənclərin işlə təmin olunması məsələsi də ötən illər ərzində xeyli dərəcədə yaxşılaşıb” deyən müsahibimiz bildirdi ki, bu gün bütün bilikli və bacarıqlı gənclər özlərinə münasib iş tapıb işləyə bilirlər: “Müstəqilliyimizin ilk illərində, yəni 1992-93-cü illərdə hakimiyyətdə olan qüvvələrin “səyi” ilə bütün zavod və fabriklər dağıdılmış, infrastruktur yerlə yeksan olunmuşdu. Məhz 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının sonra istehsalat və sənaye müəssisələri yenidən qurulmağa başladı. Bu gün Azərbaycan vətəndaşlarının işlə təmin olunması olduqca yüksək səviyyədədir. Hətta bir məqamı xüsusi qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə xarici vətəndaşlar da işləməyə gəlirlər. Bu da 20 ildə qazandığımız uğurların sırasındadır”.
Müsahibimiz Azərbaycan xalqının ən ağır problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini də bizimlə bölüşdü: “Təəssüf ki, Azərbaycanın müstəqilliyi ilə yanaşı Dağlıq Qarabağ münaqişəsi də demək olar ki, mənim həmyaşıdımdır. Artıq uzun illərdir ki, bu problem həll edilməmiş qalır. Amma nəzərə almaq lazımdır ki, 1994-cü ildə atəşkəs haqqında müqavilənin imzalanmasının ardından Azərbaycan çox böyük inkişaf yolu keçib. O dövrdə ermənilərə xaricdən güclü dəstək olub ki, onların vasitəsilə ölkəmiz haqqında xaricdə yanlış təsəvvürlər oyadırdılar. Amma əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilən xarici siyasət kursu Azərbaycanın bu istiqamətdə böyük diplomatik uğurlar əldə etməsinə yol açıb. Mən inanıram ki, yaxın zamanlarda bu problemimiz də öz həllini tapacaq. Onu da bildirmək istəyirəm ki, Azərbaycan gəncliyi öz torpağı uğrunda müharibəyə hazırdır və möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Vətən uğrunda döyüşlərə səfərbər olacaq”.
Son 20 ildə ölkəmizin demokratik inkişaf baxımında da böyük yol keçdiyini deyən müsahibimizin sözlərinə görə, 1995-ci ildə qəbul olunan ölkə Konstitusiyası Azərbaycanda demokratik prinsiplərin bərqərar olmasında mühüm rol oynayıb: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Konstitusiyası insan hüquqlarının müdafiəsi baxımından dünyanın ən mütərəqqi konstitusiyalarından biridir. O baxımdan, bu gün Azərbaycan vətəndaşının hər bir hüququ Konstitusiya ilə qorunur. Ölkəmizdə azad söz, vicdan azadlığı, seçki hüququ mövcuddur. Gənclərin ictimai-siyasi prosesdə fəal iştirakı üçün münbit zəmin yaradılıb. Bu da Azərbaycanda sivil siyasi münasibətlərin inkişafına öz töhfəsini verir”.
Bütün bunlarla yanaşı, müstəqilliyimizin həmyaşıdı hesab edir ki, ötən 20 il ərzində böyük inkişaf yolu keçən Azərbaycan gələcəkdə daha güclü və qüdrətli dövlətə çevriləcək. Çünki hazırda həyata keçirilən siyasət bu fikri əminliklə söyləməyə əsas verir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2011.- 31 mart.-
S.5.