İslam Konfransı Təşkilatı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birmənalı mövqe nümayiş etdirir

 

Qurumun qəbul etdiyi qətnamədə ermənilər tərəfindən törədilən Xocalı soyqırımının anım gününün keçirilməsi ilə bağlı müddəa yer alır

 

Azərbaycanla İslam Konfransı Təşkilatı (İKT) arasındakı əməkdaşlıq münasibətləri xarici siyasət kursumuzun prioritet istiqamətlərindən sayılır. İKT 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılıb, 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İKT yanında müşahidəçi statusuna malikdirlər. İKT Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə sıx əməkdaşlıq edir. 1975-ci ildən bəri BMT yanında müşahidəçi statusu alıb. 1972-ci ildə qəbul edilmiş nizamnaməyə görə, İKT-nin ali orqanı dövlət və hökumət başçılarının konfransıdır. Baş katibliyin tərkibində bir sıra şöbələr, o cümlədən, sosial-iqtisadi, elm və texnika, Asiya məsələləri, Afrika məsələləri, beynəlxalq məsələlər, informasiya, insan hüquqları və azsaylı dini icma məsələləri, müsəlmanların qeyri-hökumət təşkilatları məsələləri şöbələri və başqa şöbələr fəaliyyət göstərir.

Ötən həftə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilmiş İslam Konfransı Təşkilatının (İKT) iqtisadi, mədəni və sosial məsələlər üzrə komissiyasının 34-cü sessiyasında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ İKGF) haqqında qətnamə layihəsi yekdilliklə qəbul olunub. DƏ İKGF-nin nümayəndəliyinin rəhbəri, Forumun baş katibi Elşad İsgəndərov bildirib ki, qətnamənin vacib maddələrindən biri “XX əsrdə İKT-yə üzv ölkələrində humanitar faciələr üzrə Anma günü proqramı” çərçivəsində “Xocalıya ədalət” Beynəlxalq kampaniyasına həsr olunub. Xüsusilə, qətnamə layihəsi dövlət nümayəndələrini, həmçinin, İKT institutlarını Xocalı kütləvi qırğınının insanlıq əleyhinə yönəlmiş cinayət kimi həm milli zəmində, həm də beynəlxalq səviyyədə tanınması istiqamətində öz fəaliyyətlərini gücləndirməyə çağırır. Bundan əlavə, qətnamə layihəsində BMT-nin Sivilizasiyaların İttifaqı uğrunda Alyansı prosesində gənclərin rolunun gücləndirilməsi sahəsində, xüsusilə, DƏ İKGF-nin İKT-nin tərəfdaşı kimi bu il aprelin 9-dan 11-dək Bakıda təsis edilən Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatının yaradılmasında Forumun rolu yüksək qiymətləndirilib.

Sessiyada çıxış edən E.İsgəndərov Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ilin noyabrında Bakıda təsis edilmiş hərəkatın davamı olaraq Qlobal Gənclər Hərəkatının əhəmiyyətindən, Forumun müsəlman gəncliyin inkişafına yönəlmiş fəaliyyətindən, o cümlədən, islamofobiya ilə mübarizədə Forumun aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlığından bəhs edib.

Ümumiyyətlə, vurğulamaq lazımdır ki, İKT ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəli və davamlı xarakterə malikdir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İKT-yə üzv olmaq barədə müraciət edib.

Qurumla ölkəmiz arasındakı münasibətlər Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ardından daha möhkəm xarakter alıb. 1994-cü ilin may ayından etibarən Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən, İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanılıb.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına səfəri Azərbaycan-İKT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında Onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırdı. Ümummilli liderin İKT baş katibi ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII Zirvə Konfransında iştirakı və İKT baş katibi, həmçinin, bir sıra üzv dövlətlərin xahişilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətdi və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırdı. Bunun nəticəsində, İKT Zirvə görüşləri tarixində ilk dəfə, Kasablankada “Ermənistan-Azərbaycan münaqişəsi haqqında” siyasi qətnamə qəbul edildi, həmin ildən etibarən İKT-nin BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına “Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunun mütəmadi salınmasına nail olunub.

Qeyd olunmalıdır ki, gərgin əməyin nəticəsi kimi, siyasi qətnamənin adının dəyişdirilərək daha da gücləndirilməsi və “Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında” başlığı ilə ilk dəfə, 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İKT xarici işlər nazirlərinin 24-cü Konfransı və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İKT dövlət və hökumət başçılarının 8-ci Zirvə görüşündə qəbul edilməsi bu məsələyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayıb. Xatırladaq ki, siyasi qətnamədə, üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmasının tələb edilməsi, bu problemə dair baş katibin ənənəvi illik hesabatları, İKT çərçivəsində keçirilən görüşlərdə qəbul edilən yekun bəyannamələrin müvafiq bəndlərində səsləndirilən müddəalar, habelə qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş müxtəlif qeyri-qanuni seçkilərin beynəlxalq hüquq normalarına zidd və İKT-yə üzv ölkələr tərəfindən tanınmayan amil kimi qiymətləndirilməsi erməni tərəfinin İKT dövlətlərinə narazılığını bildirməsi ilə müşayiət olunsa da, əks-rezonans doğurub və qeyd olunan qərar və qətnamələr əsasında həm İKT qurumları, həm də üzv dövlətlər tərəfindən Azərbaycana o zaman çox vacib olan geniş humanitar yardım fəaliyyəti həyata keçirilib.

Azərbaycan da öz növbəsində İKT çərçivəsində İslam dünyasının problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində, həmçinin, Fələstin probleminə münasibətdə daim konstruktiv mövqelərdən çıxış edib, birmənalı və dəyişməz mövqeyini nümayiş etdirib. Son illər Azərbaycan-İKT münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş 3-cü fövqəladə Zirvə görüşündə iştirakı, Onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İKT xarici işlər nazirlərinin növbəti 33-cü Konfransının keçirilməsi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il 10-11 iyun tarixlərində Bakıda “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum, İKT Turizm nazirlərinin Bakı Konfransı, Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu, digər konfrans və tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi yuxarıda qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Azərbaycan İKT-nin müxtəlif təşkilatları ilə də sıx əməkdaşlıq edir.

Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı ildə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim edib. Həmçinin, 2008-ci ilin iyununda Bakıda keçirilən “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda iştirak edən İKT baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim edib. Əlamətdardır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın məhz Azərbaycanın birinci xanımıdır.

Qurumun 11-ci Zirvə Konfransında İKT-nin yeni Nizamnaməsi qəbul edilib ki, bu beynəlxalq təşkilatın əsas sənədinin məqsəd və məramları bölməsində Azərbaycan nümayəndə heyətinin məqsədyönlü işi və israrlı mövqeyi nəticəsində işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəanın təsbit edilməsi ölkəmiz üçün gələcək xarici siyasət kursunun istiqamətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, 2008-ci ildə BMT Baş Assambleyasının 62-ci Sessiyasında Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi “Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyət” adlı qətnamənin qəbul edilməsində İKT-yə üzv olan dövlətlərin mövqeyi həlledici rol oynayıb.

Təşkilatın bu ilin fevralında keçirilən İKT xarici işlər nazirlərinin 36-cı iclasında da analoji mövqeyi bir daha vurğulanıb. İclasda bir daha qeyd olunub ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və BMT-nin məlum 4 qətnaməsini yerinə yetirməyib. Quruma üzv olan ölkələrin xarici işlər nazirlikləri Ermənistanı işğaldan əl çəkməyə çağırıb.

Təşkilatın Azərbaycanın bir nömrəli probleminin həllində ölkəmizə verdiyi dəstək bununla da yekunlaşmır. 2009-cu ildən İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası keçirilir. Kampaniya çərçivəsində Xocalı qətliamının adı İsveçdə yaradılmış və virtual aləmdə geniş vüsət almış “Beynəlxalq Müharibə Qurbanları Memorialı” arxiv layihəsinə daxil edilib. Layihədə kampaniyanın rəsmi saytına istinad edilərək Dağlıq Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində xüsusi amansızlıqla öldürülən qurbanların siyahısı yerləşdirilib, faciə saytın istifadəçilərinə XX əsrin ən dəhşətli qətliamı kimi təqdim edilib. Xocalı qətliamının adı Əlcəzair, Srebrenitsa, Darfur, Madaqaskar, Nigeriya, Ruanda, Vyetnam və başqa yerlərdə törədilmiş soyqırımları və qətliamlarla bir sırada çəkilib.

Bununla yanaşı, 2010-cu ilin yanvarın 31-də İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın Kambala şəhərində keçirilən və 51 ölkənin parlament nümayəndələrinin iştirak etdiyi VI konfransında “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edilib. Qətnamədə bildirilib ki, İslam Konfansı Təşkilatı Parlament İttifaqı İslam Konfransı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən və erməni hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönələn “Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəkləyir: “Üzv dövlətlərin parlamentlərini insanlığa qarşı bu cinayəti düzgün və müvafiq şəkildə tanımağa, sözügedən kampaniyaya milli və beynəlxalq səviyyədə tam dəstək verməyə çağırır”.

Qeyd etmək lazımdır ki, bu sənəd beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyan ilk qətnamədir. Qeyd edilməlidir ki, qətnaməni qəbul edən dövlətlərin sırasında Ermənistanın da üzv olduğu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Birliyinin nümayəndələri də iştirak ediblər. Bu isə Azərbaycan həqiqətlərinin daha bir beynəlxalq təşkilat tərəfindən də qəbulunun təməli sayıla bilər.

Qeyd olunmalıdır ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində əldə olunan ilk uğur İKT xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbul edilməsi sayıla bilər. 2009-cu ilin iyul ayında isə İKT Gənclər Forumu ilə İSESKO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə daxil edilməsi barədə razılıq əldə olunub. Bundan əlavə, ötən ilin dekabrında BMT çərçivəsində keçirilən konfransda Xocalı soyqırımı Ruanda, Srebrenitsa, Xolokost kimi dünya tərəfindən tanınmış soyqırımları ilə yanaşı, İnsan Haqları günündə gündəmə gətirilib və bununla əlaqədar BMT-də konfrans keçirilib.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2011.- 3 may.- S.7.