Heydər Əliyev azərbaycançılıq
ideyasını həyata keçirmiş bir dövlət
xadimi olaraq Azərbaycan tarixində yaşayır
Nizami Cəfərov: Heydər Əliyevin ideyaları həmişə
Azərbaycanın inkişafının önündə gedəcək
Azərbaycan Atatürk Mərkəzinin
rəhbəri, Milli Məclisin Mədəniyyət komitəsinin
sədri, AMEA-nın müxbir üzvü, filologiya elmləri
doktoru, professor Nizami Cəfərov
www.yap.org.az saytına müsahibə verib:
- Nizami müəllim, məlum
olduğu kimi, may ayının 10-da Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin anadan olmasının
88-ci ildönümü tamam olur. İstərdik ki, Ulu öndərimizin
Azərbaycanın inkişaf və tərəqqisi istiqamətindəki
xidmətləri haqqında fikirlərinizi bildirəsiniz...
- Ötən əsrin 80-ci
illərinin sonu, 90-cı illərinin əvvəllərindən
ümumən dünyada çox böyük hadisələr
baş verdi. Mən
düşünürəm ki, bu hadisələri belə səciyyələndirmək
olar ki, dünyada milli azadlıq hərəkatlarının
artıq aşkar şəkildə getməsi və
imperiyaların dağılması prosesi getdi. O cümlədən,
dünyanın ən böyük imperiyası olan sovetlər
birliyində də bu istiqamətdə hadisələr cərəyan
etdi. Ümumiyyətlə, sovetlər birliyinin
dağılması sırf zəruri proses idi. Bunu
da şərtləndirən müxtəlif səbəblər
vardı. Əvvəla, sovetlər birliyi
“xalqlar həbsxanası” adlanırdı. Və
bu həbsxana həm siyasi, həm də sözün geniş mənasında
polis nəzarətilə ciddi mühafizə olunurdu. Amma əsrin ortalarından başlayaraq tədricən
sovetlər birliyinin rəhbərləri də
görürdülər ki, bu birlik dağılmaq üzrədir.
Baxmayaraq ki, müəyyən inersiyalarla bu birlik
yaşadılırdı. Hətta bu
birliyin dağılmaması üçün həm xaricdən,
həm də daxildən ciddi təzyiqlər vardı. Amma bu təzyiqlər get-gedə öz
gücünü itirirdi. Sovetlər
birliyinin dağılacağını birliyin rəhbərləri
bəlkə də daha yaxşı
proqnozlaşdırırdı. Heydər Əliyev
də belə bir dövrdə dövlət təhlükəsizlik
orqanlarında çalışırdı və
görürdü ki, sovetlər birliyi daxilindəki millətlərin
düşüncələri nədən ibarətdir. Yaxşı bilirdi ki, birlik artıq xeyli dərəcədə
öz möhkəmliyini itirirdi. Ona görə
də, gənc yaşlarından istedadlı, tarixi yaxşı
bilən, tarixi prosesləri düzgün dəyərləndirmə
qabiliyyətinə malik bir insan olaraq diqqəti daha çox
xalqın milli xüsusiyyətlərinə və onların
müdafiəsinə verirdi. Biz bəzən
Azərbaycanın Heydər Əliyevi deyirik. Amma Heydər Əliyev o qədər
genişmiqyaslı fəaliyyət göstərirdi ki, bu fəaliyyətində
də o qədər uğurlu nəticələr əldə
etmişdi ki, istər-istəməz Azərbaycanın
özü Heydər Əliyevin Azərbaycanına
çevrilmişdi.
Heydər Əliyevin
seçdiyi taktika bu məqsədlərə xidmət edirdi: Azərbaycanın
iqtisadiyyatını, onun imperiya daxilindəki mövqeyini
gücləndirməklə, Azərbaycan keçici
qırmızı bayraqlar almalı, Azərbaycan sovetlər
birliyi səviyyəsində tanınmalıdır ki, bu
tanınma Azərbaycanı dünyaya çıxardan faktora
çevrilsin. Heydər Əliyev böyük
dövlət xadimi olduğuna və milli maraqları müdafiə
etməyin texnologiyalarını yaxşı bildiyinə
görə, 1960-cı illərin sonu, 1970-ci illərdə milli
inkişaf meyillərinin geniş miqyasda yayılmasına nail
oldu. Bir mühüm məsələ də
ondan ibarət idi ki, Ulu öndər Azərbaycanı sovetlər
birliyində tanınan bir respublikaya çevirdi.
Heydər Əliyev
bütün gücünü toplayaraq dövlət
quruculuğundan daha çox xalq, millət quruculuğu işinə
diqqət yetirirdi. Yəni, O bilirdi ki, mütəşəkilli olan bir millət
dövlətsiz ola bilməz, gec-tez o,
özünəməxsus dövlətini quracaq. Məhz
1980-ci illərin sonlarında xalq hərəkatı baş
qaldırarkən hamı bilirdi ki, bu xalq Heydər Əliyevin
sayəsində mütəşəkkillik tapıb və ancaq
bu iradə bu mütəşəkkilliyi idarə etmək
bacarığına malikdir. Çünki
Heydər Əliyevin xalq, millət quruculuğundakı xidmətləri
artıq müəyyən bir tarixə malik idi. Və bu tarix bütün dəqiqliyi ilə göstərirdi
ki, bu təmənnasız bir tarix idi. Yəni,
Heydər Əliyevin fəaliyyəti, içdən, daxildən
gələn, xalqın mütəşəkkillik enerjisini
özündə ifadə edən bir fəaliyyət idi və
burda heç bir konyuktura yox idi. Amma təbiidir ki, müəyyən
məqamlar oldu ki, bu məqamlarda bəzən tarixi şəxsiyyət
obyektiv səbəblərdən hadisələrin mərkəzində
ola bilmir. Burada hər
dövrün öz konyukturasının böyük rolu olur.
- 1991-ci ildə Azərbaycan
dövləti öz müstəqilliyini elan etdi. Amma bu, ölkəmizə çox baha başa gəldi.
Bunun səbəbləri nə idi və niyə
Azərbaycan digər Sovet respublikaları ilə müqayisədə
bu yolu daha çətin keçdi?
- Burada bir neçə səbəb
göstərmək lazımdır. Birincisi, elə
əvvəllər də, xüsusən, XIX əsrin sonu, XX əsrdən
başlayaraq regionda Azərbaycana irticaçı maraq həmişə
böyük olub. Çünki Azərbaycan
xalqı Cənubi Qafqazın aparıcı xalqıdır və
proseslərdə həmişə fəallıq göstərib.
Azərbaycanın coğrafiyasına həmişə
müxtəlif iddialar olub. Bu iddialar da
regionda yaşayan müxtəlif xalqlar vasitəsilə irəli
sürülüb. Təbii ki, burada da
aparıcı işi Moskva görüb ki, regionda Rusiyanı
qoruyacaq xristian mühiti yaratsınlar. İkincisi,
1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində
Azərbaycanda siyasi qüvvələr arasında ortaq
mövqenin olmaması, nəticə etibarilə prosesləri
daha da gərginləşdirmişdi. Eyni
zamanda, Heydər Əliyev kimi, Ümummilli liderimiz adını
qazanmış böyük şəxsiyyətin də fəaliyyəti
məhdudlaşdırılmışdı. Ona görə də, istər-istəməz eyni
gücə sahib olan çoxlu sayda qüvvələr
toqquşmalı oldu. Xüsusi nüfuzu
olan bir qüvvə yox idi ki, siyasətin məqbul bildiyi hər
hansı bir formula ilə Azərbaycanda mərkəzləşmə
yaratsın. Üçüncü səbəb
isə o idi ki, sovetlər birliyinin dağılma ərəfəsində
Moskva heç bir respublikanı əlindən buraxmamaq
üçün müxtəlif təxribatlara əl
atırdı. Moskvanın son müqaviməti
Azərbaycanda daha çox tətbiq olundu. Çünki
Moskva üçün Azərbaycan daha böyük strateji əhəmiyyətə
malik idi. Bir də ölkəyə rəhbərlik
edən siyasətçilərin bir faktor kimi rolunu
düzgün qiymətləndirmək lazımdır. Məsələn,
1980-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki
liderlərə nəzər salsaq, Əbülfəz Elçibəydən
başlamış, gənclərə qədər, onların
fəaliyyəti çox təəssüf ki, normal bir tarixi təhlilini
tapmayıb. Görünür, tarix, zaman buna
imkan verməyib. Bu gün onların fəaliyyətinin
xarakterinin nədən ibarət olduğunu təhlil etmək
lazımdır. Mən onların
hamısı üçün ortaq olan, onları ümumiləşdirən
bir xarakterik xüsusiyyəti deyə bilərəm ki,
onların fəaliyyəti belə idi ki, bu, ancaq qısa zaman
çəkə bilərdi. Yəni, bu
cür fəaliyyət, bu liderlər arasındakı
münasibət, “ünsiyyət” sistemi uzun zaman gedə bilməzdi.
Ona görə ki, burada hər cür iddialar var
idi. Çox zaman da şəxsi maraqlar,
şəxsi iddialar üstünlük təşkil edirdi.
Xüsusilə, gənclər arasında. O
dövrün gənc siyasətçilərinin, gənc liderlərinin
heç biri bir-birini qəbul etmirdi. Hətta
liderlik nüfuzu o qədər aşağı səviyyədə
idi ki, bu aşağı nüfuz yerindən qalxan hər kəsdə
liderlik və rəhbərlik iddiası doğururdu. Çünki görürdü ki, elə həmin
işi o özü də görə bilər. Bu dövlət quruculuğunda, millət
quruculuğunda ən təhlükəli cəhətdir ki, hər
kəs özünü lider hiss edir. Belə
bir məqamda, təbiidir ki, Heydər Əliyev Azərbaycanda dərhal
hakimiyyətə gələ bilməzdi. Çünki
o zamanlar Azərbaycanda gedən proseslər tam
dağıdıcı, mərkəzdənqaçma əhval
ruhiyyəli idi. Burada əsl lideri etiraf etmək
psixoloji cəhətdən müşkülə
çevrilmişdi. Və yenicə
azadlıq, müstəqillik əldə olunmasından irəli
gələn bir eyforiya da var idi. Bu həyəcanda
hər kəs nə qopardacaqsa, onun barəsində
düşünürdü. Ona görə
də, ölkənin təsərrüfatına, idarəçilik
sisteminə, təhsilinə, mədəniyyətinə
böyük ziyan vuruldu, ölkənin ziyalıları cəmiyyətin
ən çox təhqir olunan hissəsi idi. Elm adamları, yazıçılar, incəsənət
xadimləri ən pis vəziyyətə düşdülər.
Amma dağıdıcılıq da uzun zaman davam
edə bilməz. Çünki bu elə bir proses idi ki, nə
vaxtsa yekunlaşmalı idi. Dağılan şey
də nə vaxtsa qurtarır, tükənir. Artıq bölünməli, dağılmalı nəsə
qalmayanda, cəmiyyətin özünə lider
axtarışları, onu idarə edə biləcək
gücü axtarmaq meyilləri başladı. Hamının diqqəti artıq öz fəaliyyəti
ilə xalqın lideri olduğunu, bu gücə sahib
olduğunu sübuta yetirmiş Heydər Əliyevə yönəldi.
- 1993-cu ildən sonra Azərbaycanda
hər şey dəyişdi. İstər siyasi,
istər iqtisadi, istərsə də sosial sferalarda
böyük inqilabi dəyişikliklər yarandı. Amma istərdik sizə daha yaxın olan bir sahədə
- ideoloji sahədə müşahidə olunmuş dəyişikliklər,
qəbul olunmuş böyük qərarlar haqqında
danışaq.
- Həmin dövrdə müəyyən adamlar Azərbaycan xalqının Ümummilli lideri haqqında çirkin təbliğat aparırdı. Ona qarşı ən müxtəlif iddialar səsləndirməkdə idilər. Deyirdilər ki, o kommunist olub, sovet respublikalarından birinə rəhbərlik edib. Hətta belə bir konyuktur iddia irəli sürürdülər ki, guya Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın demokratikləşməsi istiqamətində gedən prosesin qarşısını alacaq. Amma bütün hallarda onlar Heydər Əliyevin böyük şəxsiyyət olması reallığını inkar edə bilmirdilər. Hətta ən inkarçı adam belə, bilirdi ki, Heydər Əliyev böyük şəxsiyyət idi. Amma heç kəs deyə bilməzdi ki, Heydər Əliyev ölkədən hansısa neqativ hallar üçün istifadə edib, çünki Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyət göstərdiyi dövrlərdə ancaq quruculuq işləri ilə məşğul olub. Ona görə də, Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycan artıq müstəqil dövlətdir və həm daxili, həm də xarici siyasətdə müstəqil hərəkət etməlidir. Amma Heydər Əliyev onu da yaxşı bilirdi ki, yeni tarix əvvəlki tarixin davamıdır. Yəni, xalq kökündən dəyişilməyib, Azərbaycana başqa xalq gətirilməyib, əvvəlki xalq tarixə çevrilməyib. Və bu xalqı da Heydər Əliyev yaxşı tanıyırdı. Ona görə də, Heydər Əliyev üçün yeni dövr nə qədər yeni olsa da, O, əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Bilirsiniz ki, Onun gördüyü böyük işlər, planlar, istiqamətlər var idi və bu proqramlar, tamamilə inkar olunardısa, istər-istəməz xalqı bir yerə toplamaq, yeni dövlət quruculuğu proqramı həyata keçirmək, iqtisadiyyatı dirçəltmək, cəmiyyəti, onun milli - mənəvi gücünü toplamaq mümkün olmazdı. Ənənə davam etməli idi. Heydər Əliyev əvvəlcədən bir azərbaycançı idi. Amma artıq azərbaycançılığın önündə yeni üfüqlər açılmışdı. Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində yaransa da, onu həyata keçirmək mümkün olmamışdı. Gözəl ideyalar hər bir xalqın tarixində olub. Böyük siyasi xadi, dövlət adamı ona deyirlər ki, həmin ideyaları həyata keçirsin. İdeya irəli sürmək kiçik bir iş deyil. Amma ən böyük iş ideyanı həyata keçirməkdir. Heydər Əliyev azərbaycançılıq ideyasını həyata keçirmiş bir dövlət xadimi olaraq Azərbaycan tarixində yaşayır. Bu xüsusi bir hadisədir. Heydər Əliyev həm də sözün həqiqi mənasında bir yenilikçi idi. Onun bu xüsusiyyəti həmişə özünü göstərib, istər Sovet dövründə, istərsə də yeni dövrdə. Ümumiyyətlə isə, Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən addımları bir neçə sahə ilə məhdudlaşmırdı. Bütün sahələrdə çox genişmiqyaslı tədbirlər görüldü, islahatlar aparıldı. Heydər Əliyevin fəaliyyəti, Onun Azərbaycan dövlətçiliyi, xalqımız qarşısındakı xidmətləri o qədər zəngindir ki, bunu təhlil etməklə, yazmaqla, araşdırmaqla sonuna gedib çıxmaq mümkün deyil. Zaman keçdikcə, biz Ümummilli liderimizin fəaliyyətinin məntiqini, mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq. Heydər Əliyev heç bir işini yarımçıq qoymurdu. O hansı işə başlayırdısa, yüz ölçüb bir biçib, tələsmədən və gecikmədən həyata keçirirdi. Bu ən müxtəlif sahələrə aid olan məsələlərdə - hərc-mərcliyin aradan qaldırılmasından başlanmış, təsərrüfat həyatının qaydaya salınmasına qədər özünü göstərdi. Bu ancaq böyük dövlət adamlarına aid xüsusiyyətdir. Heç də təsadüfi deyil ki, Heydər Əliyev bu fəaliyyət tipologiyası ilə dünyanın ən böyük dövlət xadimləri ilə müqayisə olunur. Məsələn, bəziləri Heydər Əliyevin fəaliyyətini Atatürkün fəaliyyəti ilə müqayisə edirlər. Mən Heydər Əliyevin bir fikrini həmişə xatırlayıram. O Atatürkün xidmətlərindən danışarkən demişdir ki, Türkiyə Cümhuriyyəti Atatürkün sadəcə fəaliyyətinin nəticəsi deyildi. Türkiyə Cümhuriyyəti həm də Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsi idi. Eynilə, Azərbaycan dövlətinin yaranması, Azərbaycan müstəqilliyinin möhkəmlənməsi, sadəcə bir dövlət başçısı kimi Heydər Əliyevin fəaliyyətinin yox, həm də Heydər Əliyevin mübarizəsinin, cəsarətinin, böyük siyasi iradəsinin nəticəsidir.
Bu gün isə bu işləri Prezident İlham Əliyev uğurla davam etdirir. Doğrudur, XX əsrin sonlarında və XXI əsrin əvvəllərində Azərbaycan hələ təşkilatlanma dövrü keçirdi və ölkədə iqtisadi səviyyə o qədər də yüksək deyildi. Amma son illər bu təşkilatlanma dövrü də başa çatıb və Azərbaycan artıq yüksək səviyyədə inkişaf yoluna qədəm qoyub. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın dövlət büdcəsi 1 milyard manatdan 14-15 milyard manata qədər yüksəlib. Əhalinin milli gəlirləri xeyli artıb və vətəndaşların sosial rifah halı əvvəlki dövrlərlə müqayisə olunmayacaq qədər yüksəkdir. Qazanılan bu uğurlar bütün sferalarda özünü göstərir. Təbii ki, bütün bu uğurlar və bundan sonrakı dövrlərdə qazanacağımız uğurlar Ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir. Heydər Əliyevin ideyaları isə həmişə bu inkişafın önündə gedəcək.
Yeni Azərbaycan.- 2011.- 7 may.- S.8.