Heydər Əliyev müzəffər siyasətçi idi

 

Anar: Çağdaş Azərbaycan, doğrudan da, Heydər Əliyevin əsəridir. Bizim borcumuz bu əsəri yaşatmaq, qorumaq, cilalamaq və gələcək nəsillərə yetirməkdir

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar www.yap.org.az saytına müsahibə verib:

- Anar müəllim, mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88 illiyi qeyd olunacaq. Bu ərəfədə istər ölkə daxilində, istərsə də xaricdə olan tanınmış şəxslər Ulu öndər haqqında fikirlərini və xatirələrini dilə gətirirlər. İstərdik ki, siz də Ümummilli liderimiz haqqında xatirələrinizi bizimlə bölüşəsiniz...

- Heydər Əliyevi tanıyanda çox gənc idim. Sonrakı illərdə Azərbaycan rayonlarına səfərlər zamanı, müxtəlif vaxtlarda Gəncədə, Naxçıvanda, Şuşada, habelə İstanbulda və Ankarada, Moskvada, Romada, Pekində, Şanxayda, Almatıda və Bişkekdə dövlət başçılarıyla söhbətlərində, sənətçilərlə ünsiyyətində, tarlalarda, yaxud da küçələrdə adi adamlarla görüşlərində Onu yaxından müşahidə etmək imkanım olub. Saysız-hesabsız toplantılarda, yubileylərdə Onu dinləmişəm. Yazıçılarla, sənət adamlarıyla görüşlərində iştirak etmişəm, 2-3 dəfə isə təkbətək çox ətraflı, məhrəm söhbətlərimiz olub. Ulu öndərlə bu görüşlər və söhbətlər mənim həyatımda dərin izlər buraxıb. Onu da deyim ki, Ulu öndərin 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəlməsi ilə respublikada elə ab-hava yarandı ki, sənətə sənət meyarlarıyla qiymət verilməyə başlandı. Beləliklə, bizdən yaşlı nəsil artıq müəyyən dərəcədə özünü təsdiq edib qoruya bilirdisə, bizim nəslin, 60-cılar nəslinin də - ədəbiyyata, kinoya, teatra, sənətimizin başqa sahələrinə gəlib öz sözünü demək imkanı yaranmışdı. Bu imkanı isə bizə məhz Heydər Əliyev yaratmışdı və Onun dəstəyini, yardımını başqa nəsildaşlarım kimi mən də daima hiss etmişəm. Mən Ulu öndər haqqında xatirələrimin qələmə alındığı “Unudulmaz görüşlər” kitabımda da qeyd etmişəm ki, Heydər Əliyev haqqında çox yazılıb, qalın-qalın kitablar çıxıb. İllər keçdikcə daha da çox yazılacaq, tarixin süzgəcindən keçmiş qiymətlər daha da dəqiqləşdiriləcək, dünyada və ölkəmizdə baş verəcək olayların, gələcək hadisələrin kontekstində Onun xidmətləri daha dərindən dərk ediləcək. Amma bu gələcək nəsillərin işidir. Bugünkü nəsillərin, Onun çağdaşlarının, özəlliklə Ulu öndərlə bu və ya digər dərəcədə təmasda olanların borcu isə Heydər Əliyevlə bağlı anılarını, xatirələrini yubanmadan qələmə almaq, Onun mürəkkəb və zəngin obrazının müxtəlif çalarlarını, ayrıntılarını sənəd kimi tarixin malı etməkdir. Heydər Əliyev haqqında danışarkən bir məqamı qeyd etməmək mümkün deyil. Şəxsiyyətlərin miqyası, bir tərəfdən onların öz zamanlarında gördükləri işlərin, yaratdıqlarının, etdiklərinin, dediklərinin, həyata keçirdiklərinin əhəmiyyəti ilə, əhatəsi ilə, təsir dairəsi ilə ölçülürsə, digər tərəfdən bu fəaliyyətin tarixdə əks-sədasıyla, uzun illər, dövrlər müddətində hadisələrin gedişatını yönəltməsi ilə müəyyənləşir. Hər iki meyarla Heydər Əliyev - tarixi şəxsiyyətdir. Bu danılmaz həqiqəti kimsə inkar edə bilməz. Bu gün dünya miqyasında tanınmış siyasi xadim olan Heydər Əliyev Azərbaycanın geniş siyasi meydanına 1969-cu ildə çıxdı. Doğrudur, bu tarixdən neçə illər qabaq da Heydər Əliyev təhlükəsizlik xidmətlərində məsul vəzifələrdə çalışmış və o dövrün yazılmamış qanunlarına uyğun olmayan bir şəkildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri də təyin olunmuşdur. Bu, o dövrün qanunlarına ona görə uyğun deyildi ki, adətən müttəfiq respublikalarda bu vəzifəni yerli millətin nümayəndələrinə etibar etmirdilər, həmin postu başqa yerlərdən göndərilmiş, əsasən rus kadrları tuturdu. DTK keçmiş rejimin ən qapalı idarələrindən biri idi və onun nəinki işçilərini, rəhbərlərini belə ictimaiyyət çox vaxt üzdən də tanımırdı. Heydər Əliyevin bu cəhətdən də məharətlə istifadə etdiyini yada salmaq istəyirəm. Mərkəzi Komitənin katibi seçiləndən sonra ilk vaxtlar çox adamın üzdən tanımadığı Heydər Əliyev “Şah Abbassayağı tərki-libas” olaraq bazarları, dükanları gəzir, qanunsuzluqları, əliəyrilikləri, pozuntuları özü öz gözləriylə əyani şəkildə müşahidə edir və yerindəcə müqəssirin cəzasını verirdi. Belə faktlar da əhalidə yeni ədalətli rəhbərin iş başına gəlməsi və hər cür ədalətsizliklərin kökünü kəsəcəyi haqqında fikirlərin geniş yayılmasına səbəb olurdu. Bu üsul təbii ki, ən qısa bir müddətdə davam edə bilərdi, çünki tezliklə respublikanın yeni rəhbərini hamı üzdən də tanımağa başladı və Heydər Əliyev qanun pozuntularına qarşı mübarizəsini başqa, daha geniş miqyasla davam etdirdi.

- Bu bir həqiqətdir ki, Ümummilli liderimiz Azərbaycanda bütün sahələrin, o cümlədən, ədəbiyyat və mədəniyyət sahəsinin inkişafı üçün misilsiz addımlar atıb. Ümumiyyətlə, Ulu öndərin konkret olaraq ədəbiyyat sahəsinin inkişafı istiqamətində atdığı addımlar barədə nə deyə bilərsiniz?

- Ulu öndər Heydər Əliyev Azərbaycan üçün gördüyü işlər qədər ədəbiyyat üçün də dəyərli işlər görüb. Təkcə bir faktı deyim ki, Azərbaycan Yazıçılar Birliyinin və ədəbi orqanların, tərcümə mərkəzinin dövlət büdcəsindən maliyyələşməsi Azərbaycan ədəbiyyatının yaşaması, var olması üçün atılan başlıca addımdır. Sağlığında bu böyük insan çox vacib işlərinin olmasına baxmayaraq, yazıçıların yubileylərində şəxsən iştirak edirdi. Təsadüfi deyil ki, yazıçıların, incəsənət adamlarının xatirə muzeylərinin açılması məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başladı. Bu addım isə birbaşa cəmiyyətin formalaşmasına, tərbiyəsinə hesablanmışdı. Ulu öndər Heydər Əliyev şəxsən bütün yazıçı və şairlərin yubileylərinə, yaradıcılıq gecələrinə gəlir, sonuna qədər oturur və özü də etiraf edirdi ki, belə məclislər Ona mənəvi rahatlıq gətirir. Qələm adamları da həmişə Onu diqqətdə saxlayıblar. Hətta işləmədiyi dönəmlərdə belə Ulu öndər Heydər Əliyev yadımızdan çıxmayıb. O zaman biz Moskvadan yenicə qayıtmış Heydər Əliyevi qurultayımıza dəvət etdik, gəldi. İkinci dəfə respublikaya rəhbərlik etməyə başlayanda yenə də ədəbiyyatımıza öz qayğı və diqqətini əsirgəmədi.

- Bir sözlə, Ümummilli liderimiz şair və yazıçılarımızın ən yaxın dostu, sirdaşı idi...

- Bəli. Azərbaycan Yazıçılar Birliyinin keçmiş tədbirlərindəki çıxışları, Heydər Əliyevin birliyin sədrləri ilə əlaqədar dəyərli fikirləri, Ulu öndərin 1983-cü ilin aprel ayında Yazıçılar Birliyinin Şüvəlan Yaradıcılıq Evinin açılışında iştirakı və digər bu kimi məqamlar bu dahi şəxsiyyətin bizlərlə necə dostcasına davrandığını təkrar-təkrar sübuta yetirirdi. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev böyük vəzifələrdən uzaqlaşdırıldığı dövrdə də yazıçılarımızla münasibətini davam etdirirdi. Rəhmətlik Mədinə Gülgünün dəfn mərasiminə gələndə də, Cəfər Cabbarlının yubileyinə təşrif gətirəndə də Onu böyük hörmətlə və sayğıyla qarşıladıq. Yazıçıların IX qurultayı ərəfəsində Elmira Axundovayla məsləhətləşdik ki, Heydər Əliyevi qurultaya dəvət edək və mənim imzaladığım dəvətnaməni Elmira Ona verdi. Sonralar, artıq müstəqil Azərbaycanın Prezidenti olarkən X qurultayımızda çıxışında Heydər Əliyev bunu belə xatırlayırdı: “Elmira xanım mənə bildirdi ki, Yazıçılar Birliyinin qurultayı var, məni oraya dəvət ediblər. Mən dedim ki, Elmira xanım, çox sağ olun, ancaq güman edirəm, mənim oraya gəlməyim lüzumsuzdur. Çünki indi mən burda kiməm ki, oraya gəlim? Yazıçı deyiləm ki, oraya yazıçı kimi gəlim. Eyni zamanda, elə bir dövr idi ki, o vaxt həm Sovet İttifaqının rəhbərliyində, həm də Azərbaycanın rəhbərliyində mənə qarşı çox ədalətsizliklər edirdilər. Mənim əleyhimə böhtanlar quraşdırırdılar və yayırdılar. Mən çox böyük təzyiq və təqib altında idim. Fikirləşdim ki, bəlkə, xatir naminə dəvət ediblər, bilirlər ki, gəlməyəcəm. Ondan xahiş etdim, dedim ki, sən bir daha dəqiqləşdir. Sonra o mənə zəng edib dedi ki, mən Anar müəllimlə bu barədə danışdım. Anar müəllim dedi ki, biz Onu ürəkdən dəvət etmişik, bu formal xarakter daşımır, ona görə də əgər gəlsə, biz məmnun olarıq. Mən bundan sonra ürəkləndim, dedim ki, əgər belədirsə, pis olmaz, gedim görüm yazıçılar necədirlər. Gəldim. Bunu burada xatırladılar, siz məni hörmətlə rəyasət heyətinə dəvət etdiniz. Bu təklifi gərək ki, şair Məmməd Aslan vermişdi. Ancaq mən təşəkkür edib dedim ki, indi də aşağıda oturub yuxarıya baxmaq istəyirəm. O vaxt mən salonda oturarkən çox düşünürdüm. Gərək mənim sağımda Xəlil Rza, solumda Rəfiq Zəka oturmuşdular. Ətrafımda da yazıçılar var idi, çox mehriban söhbət edirdik. Mən bu faktı niyə bir daha xatırlayıram: Çünki müqayisə etmək istəyirəm. Mən o dövrdə, fevral-mart aylarında Ali Sovetin sessiyasında olmuşdum. Xatirinizdədir, Ali Sovetin sessiyasında o salonda oturanların 99 faizi mənimlə bir yerdə və mənim rəhbərliyim altında işləmiş adamlar idi. Ancaq orada mənə çox hörmətsizlik etdilər, pis münasibət göstərdilər. Hətta, mənim çıxışımı da kəsdilər və mənim çıxışımdan sonra cürbəcür böhtançı çıxışlar da etdilər. Ancaq o vaxt cəsarət edib çox kəskin çıxış edən Bəxtiyar Vahabzadə oldu. O salonda oturanların əksəriyyəti ilə mən gecə-gündüz bir yerdə işləmişdim. Onlar böyük vəzifələr almışdılar. Bəxtiyar Vahabzadə şairdi, şair olaraq da qalıbdır, indi də şairdir. Onun şairlikdən savayı başqa bir vəzifəsi yoxdur. Ancaq baxın, o həmin insanların münasibəti, bu da şairin münasibəti. Yəni, mən yenə də ədəbiyyatla bağlılığımı və ədəbiyyatla məşğul olan şəxslərin başqalarına nisbətən daha sədaqətli olduğunu qeyd etmək istəyirəm... Orada mənə qarşı o qədər hörmətsizlik olduğu halda, filarmoniyanın salonunda, yazıçıların qurultayında mənə çox mehribançılıq, çox istiqanlılıq, çox yüksək hörmət göstərildi. O vaxt mənim imkanım olmadı ki, belə geniş təşəkkür edim. Altı il keçəndən sonra məhz o hadisəyə görə mən sizin hamınıza təşəkkür edirəm. Çox sağ olun”.

-Siz bu fikirlə razısınızmı ki, Heydər Əliyev təkcə ədəbiyyatımıza qayğı göstərmirdi, Ulu öndər, eyni zamanda, ədəbiyyatımızın, yazarlarımızın xilaskarı missiyasını da öz üzərinə götürmüşdü?

-Tamamilə doğrudur. Bunun belə olduğunu aşağıdakı söhbət açacağım maraqlı bir fakt da təsdiqləyir. Belə ki, Sovet dövründə Azərbaycanın bir neçə gənc şairi, yazıçısı, jurnalisti gizli bir təşkilat yaratmaq fikrinə düşüblər, yaradıblar, yaratmayıblar, bilmirəm, hər halda, belə bir niyyətləri olub və onlar hər hansı bir addımı atmazdan əvvəl bu barədə DTK duyuq düşüb, dərhal hamısı həbs edilib. Həmin vaxt onların başına min oyun açıla bilərdi, izləri-tozları qalmazdı. Amma Heydər Əliyevin şəxsi cəsarəti, nüfuzu və riski sayəsində onların heç biri nəinki cəzalandırıldı, hətta çox tez zamanda hamısı azadlığa buraxıldı. Bunları mənə vaxtilə (hələ Sovet dövründə) Tofiq Məhərrəmov danışmışdı. Deyirdi ki, Heydər Əliyev bizim hamımızı kabinetinə çağırdı, sütül, cılız cüssəli cavanlar idik. -”Sizsiniz bu hökuməti yıxmaq istəyənlər?”-deyə güldü-gedin ağlınızı başınıza yığın, öz işinizlə məşğul olun və xalqınıza “gördüyünüz xeyirli işlərlə xidmət edin-dedi”.

-Heç şübhəsiz ki, Ümummilli liderimizin xalqımız və dövlətimiz qarşısındakı ən böyük xidmətlərindən biri də möhkəm təməllər üzərində qurulan dövlət siyasətinin davam etdirilməsi ilə bağlı siyasi varis yetişdirmək oldu. Bu baxımdan hazırda Heydər Əliyev siyasətinin davam etdirilməsi haqqında nə deyə bilərsiniz?

-Əslində, başqa cür də ola bilməzdi. Çünki Heydər Əliyev bütün fəaliyyəti boyu dəfələrlə dövrün və mövcud sistemin ağır sınaqlarından uğurla çıxan müzəffər siyasətçi idi. Ulu öndər Heydər Əliyevin öz rəqiblərindən və müasiri olduğu digər siyasətçilərdən, ilk növbədə, üstün şəxsi-mənəvi keyfiyyətləri ilə seçilirdi. Məhz bu keyfiyyətlərinə, öz daxili tarazlığını hər zaman qoruduğuna görə Heydər Əliyevin siyasi və rəhbərlik karyerası sonadək uğurlu olmuşdur. Bu baxımdan Heydər Əliyev neçə-neçə siyasətçi nəsli, gələcəyin dövlət adamları üçün örnək sayılır və sayılacaq. Çağdaş Azərbaycan, doğrudan da, Heydər Əliyevin əsəridir. Bizim borcumuz bu əsəri yaşatmaq, qorumaq, cilalamaq və gələcək nəsillərə yetirməkdir. Konkret olaraq sualın cavabına gəlincə, qeyd etmək yerinə düşər ki, Heydər Əliyev, eyni zamanda, min bir zəhməti bahasına qurduğu dövlətin qorunub saxlanması və gələcəkdə daha da qüdrətli olması üçün siyasi varis yetişdirməyi də unutmamışdı. 2003-cü ildən keçən zaman ərzində cərəyan edən proseslər, Azərbaycanın Heydər Əliyev yolu ilə gedərək yeni-yeni uğurlar əldə etməsi dahi şəxsiyyətin bütün digər məsələlər kimi, siyasi varislik məsələsində də yanılmadığını sübuta yetirdi.

 

 

Yeni Azərbaycan.- 2011.- 7 may.- S.5.