Heydər Əliyev abidəsi Azərbaycan xalqının qəlbində daim ucalacaq

 

Hüseyn Bağırov: Ulu öndərimizin liderlik bacarığı, potensialı çalışdığı bütün işlərdə, tutduğu bütün vəzifələrdə özünü bariz şəkildə göstərmişdir

 

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov www.yap.org.az saytına müsahibə verib:

- Hüseyn müəllim, bugünlər Azərbaycan xalqı Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü qeyd edir. Heydər Əliyev haqqında danışarkən Onun böyük siyasi və dövlət xadimi kimi tariximizdəki rolu haqqında nə demək istərdiniz?

- Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin otuz ildən artıq dövrünün Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi bir faktdır. Məhz bu illərdə Heydər Əliyev rəhbəri olduğu Azərbaycanın bütün məsulliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır. Ulu öndərimiz böyük işlər görmək, xalqını irəliyə aparmaq, Azərbaycanı dünyada tanıtmaq üçün yaranmışdı. Onun liderlik bacarığı, potensialı çalışdığı bütün işlərdə, tutduğu bütün vəzifələrdə özünü bariz şəkildə göstərmişdir.

Heydər Əliyevin balanslaşdırma siyasəti Azərbaycanın regional və qlobal səviyyədə təhlükələrdən qorunmasına xidmət etmiş və dövləti regional liderə çevirmişdir. Heydər Əliyevin siyasi kursu artıq 18 ildir ki, müstəqil Azərbaycanın inkişafına və tərəqqisinə xidmət göstərir və xalqımız heç vaxt bu yoldan dönməyəcəkdir.

Heydər Əliyevin dövlət rəhbəri və lider kimi tarixi fəaliyyəti nəsillər üçün böyük bir məktəbdir. Onun dərin yaddaşı, iti məntiqi, gərgin siyasi vəziyyətlərdən daim yalnız Ona məxsus olan şəkildə uğurla çıxmaq bacarığı, mürəkkəb siyasi situasiyalarda qəti qərar vermək qabiliyyəti, uzaqgörənliyi, intellektual gücü, sabaha analitik baxışı, sərt və qayğıkeş rəhbərlik xüsusiyyəti, cəmiyyətin siyasi, iqtisadi və mənəvi tarazlığını saxlamaq səriştəsi hələ uzun müddət öyrəniləcək və bu barədə çox tədqiqatlar aparılacaqdır. Onun həyatı, tarixi fəaliyyəti və təcrübələri xalqımızın yalnız bu günü deyil, işıqlı sabahı üçün də böyük perspektivlər açır və millətimizin gələcəyinə böyük nikbinliklər yaradır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin canlı əfsanəsi idi və bu gerçəkliyi bizimlə bərabər, bütün dünya etiraf edir. Sağlığında olduğu kimi, əbədiyyətə qovuşandan sonra da O, hər zaman yüksəklikdə, zirvədədir. Onun adı daim əbədi yaşayır, milyonların tükənməz sevgi və ehtiramını qazanıb və Ona ən böyük abidə də məhz xalqın qəlbində ucaldılıb. Heydər Əliyev fenomeni təhlil edilərkən, özünü büruzə verən ilk xarakterik cizgi Onun şəxsiyyət kimi bütövlüyüdür. Bu bütövlük qətiyyət və mərhəmət, humanizm və prinsipiallıq, milli mühafizəkarlıq və düşüncə müasirliyi, millətçilik və tolerantlıq kimi dəyərlərin uzlaşmasından yaranıb. Şübhəsiz ki, bu, müdriklik adlanan fərdi keyfiyyət göstəricisidir. Müdriklik isə yalnız təcrübə vasitəsilə əldə edilmir, bu fitri istedadlar kateqoriyasının ən üstün təmayülüdür. Heydər Əliyevin müdrikliyi həm də tariximizdən, dövlətçilik ənənələrindən qaynaqlanırdı.

- Sizcə, Heydər Əliyev ideyaları Azərbaycanın gələcək inkişaf perspektivində nə dərəcədə rol oynayır və bu ideyalar xalqımız üçün hansı imkanları açır?

- Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətində yalnız Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı prioritet yer tuturdu. O, böyük azərbaycanlı idi və bununla fəxr edirdi. Bu dahi şəxsiyyəti yaxından tanıyan hər bir siyasi xadim Onun haqqında danışanda Heydər Əliyevin xalqı, Vətəni üçün çox böyük işlər gördüyünü, müstəqil Azərbaycan dövlətini qurduğunu, onu qoruduğunu və inkişaf etdirdiyini xüsusi qeyd edirlər. Ümummilli liderimiz Azərbaycanın dövlətçiliyi üçün mümkün olan hər bir işi görmüşdür. Onun təməlini qoyduğu böyük ideyalar gerçəkləşdikcə çox xariqələrin şahidi, iştirakçısı olacağıq. Zaman keçdikcə, Onun ideyaları reallaşdıqca biləcəyik ki, böyük öndər Azərbaycanın çoxəsrlik inkişaf proqramını işləyib, bizim üçün miras saxlamışdır. Biz hər dəfə Onun uzaqgörənliyi, müdrikliyi, xalqa və Vətənə sonsuz sevgisi qarşısında heyrətlənəcəyik. Görəcəyik ki, ideyalarda da hər şey ardıcıl, mərhələ-mərhələ hesablanıb, yerləşdirilib.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə tarix tərəfindən adekvat qiymətini alan cəsarətli addımlar atmışdır. Heydər Əliyevin hələ sovetlər dönəmindən rəhbərlikdə olarkən atdığı uzaqgörən addımların Azərbaycanın gələcək inkişafına nə qədər dəqiq hesablandığını Azərbaycan müstəqillik qazanandan sonra gördük və dərk etdik. Azərbaycanın zəngin iqtisadi potensialı, intellektual sərvəti üçün əsaslı baza məhz o illərdə yaranırdı. Heydər Əliyev sovet idarəçilik prinsiplərindən və iqtisadi sistemindən maksimum istifadə edərək Azərbaycanın, hətta ittifaq dövlətinin tərkibində belə, güclü və qüdrətli olmasını təmin etməyə çalışırdı. Çünki O, realist siyasətçi idi.

Ulu öndər Heydər Əliyev bütün həyatını, varlığını doğma xalqına həsr edib. Dünya siyasətində böyük şəxsiyyətlər çoxdur. Amma xalqın tarixinə çevrilən, millətinin, dövlətinin adı çəkilən kimi yada düşən siyasi xadimlər nadirdir və Heydər Əliyev məhz belə şəxsiyyətdir.

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev gələcək nəsillərə müstəqil, inkişaf etməkdə olan Azərbaycan, böyük ideyalar və onların həyata keçməsi üçün gəncliyə örnək olan bir məktəb yaratmışdır. Taleyinə həyatı qədər sevdiyi Azərbaycana iki dəfə rəhbərlik etmək şansı düşən Ulu öndər, ömrünü dövrdən, tutduğu vəzifədən asılı olmadan, fəaliyyətinin hər iki mərhələsində yalnız Ona xas olan qətiyyətlə, ən çətin maneə və sədləri aşaraq, risklərə məhəl qoymadan, vətənin, xalqının maraqlarına xidmət etməyə həsr etmişdir. Bu gün Azərbaycanda hansı sahəyə diqqət yetirsək, Heydər Əliyevin zəkasının yaratdıqlarını və yadigarlarını görmək mümkündür.

- Hüseyn müəllim, Azərbaycanın təbii sərvətlərinin, ekologiyasının qorunması ilə bağlı Ulu öndərimizin fəaliyyəti haqqında da fikirlərinizi bilmək istərdik. Rəhbərlik etdiyiniz nazirlik Onun bu istiqamətdəki tövsiyələrini hansı səviyyədə yerinə yetirməkdədir?

- Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini qorumaq, lazım gəldikdə bərpa etmək üçün Ümummilli liderimiz Heydər Əliyevin tövsiyələrini rəhbər tutaraq vaxtilə görülən işləri davam etdirir və bu yöndə yeni-yeni layihələr həyata keçirir, ölkəmizin ən ciddi ekoloji problemlərinin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqətini cəlb etməklə dövlətin müəyyənləşdirdiyi ekoloji siyasəti həyata keçirir. Son illər ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən, faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Hələ 1969-cu ildə Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyə gəldiyi dövrdə “Azərbaycan təbiətinin mühafizəsi haqqında” Qanunun qəbul edilməsi mövcud qoruqların sayının artmasına təkan verdi. 1993-cü ildə hakimiyyətə gəldikdən sonra məhz Ulu öndərin qayğısı və təşəbbüsü ilə uzun illər ərzində yaranmış və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan 5 Milli və Dövlət Proqramları təsdiq edilərək icrasına başlanılmış, respublikamızda mövcud olan qoruq və yasaqlıqların əraziləri genişlənmiş və Milli Parkların yaradılması istiqamətində işlər görülmüşdür.

Təbiətin hər qarışına qayğı ilə yanaşmaq vətənə sevgimizin tərkib hissəsi olmalıdır və bu sevginin təzahürü kimi təbiəti, onun gözəlliklərini gələcək nəslə çatdırmağı hər bir vətəndaş özünə borc bilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bu istiqamətdə qarşıya çıxan bütün problemlərlə hərtərəfli maraqlanmaqla yanaşı, həm də onların həlli istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirir.

- Ümummilli lider Heydər Əliyev siyasətinin bu gün uğurla davam etdirilməsi nəticəsində ətraf mühitin mühafizəsi, təbii sərvətlərimizin qorunması məsələlərində ciddi nailiyyətlər əldə edilməkdədir. Bəs, qarşıda duran vəzifələrin həlli ilə bağlı nə deyə bilərsiniz?

- Hazırda Ümummilli liderimizin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. İqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz cənab İlham Əliyevin “Altıağac”, “Abşeron”, “Hirkan”, “Göygöl” “ və “Şahdağ” Milli Parklarının və “Korçay”, “Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu” Dövlət Təbiət Qoruqlarının yaradılması, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının və bir neçə dövlət təbiət qoruqlarının ərazilərinin genişləndirilməsi haqqında imzaladığı sərəncamlar ətraf mühitin mühafizəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Ölkə Prezidentinin Sərəncamı ilə Xəzəryanı ölkələr arasında ilk dəfə olaraq Xəzər dənizinin çirklənmədən təmizlənməsi sistemi yaradılmış və bu məqsədlə müvafiq olaraq dənizin sahilində modul tipli bioloji təmizləyici qurğular quraşdırılmışdır. Həmçinin, “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamına əsasən Kür-Araz boyu 18 rayonun 156 kəndində əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədi ilə sutəmizləyici qurğular quraşdırılaraq bu kəndlərdə yaşayan 300 mindən artıq əhali Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilmişdir və hazırda bu sahədə işlər davam etdirilir.

Ölkə Prezidentinin Sərəncamı ilə təqdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası olaraq ətraf mühitin qorunması və mövcud vəziyyətin bərpasına yönəldilmiş Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi, magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılması və s. tədbirlər həyata keçirilmişdir. Ətraf mühitin sağlamlaşdırılması istiqamətində indiyədək görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi üçün “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2010-2014-cü illər üçün əlavə tədbirlər planı” hazırlanmış və müvafiq qurumlarla razılaşdırılaraq Azərbaycan hökumətinə təqdim edilmişdir.

Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu ekoloji siyasət nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə daxil olan meşələrin, su hövzələrində bioloji resursların mühafizəsi və artırılması, ətraf mühitin mühafizəsi və monitorinqi, hidrometeorologiya, geologiya sahələrində də böyük işlər görülmüşdür və hazırda uğurla davam etdirilir.

Məhz Prezident İlham Əliyevin Ulu öndərin siyasi kursunu uğurla davam etdirməsi, onu daha da təkmilləşdirməsi Azərbaycanın ümumilikdə inkişafına gətirib çıxarmışdır və əminliklə demək olar ki, biz Ulu öndərin layiqli davamçısının rəhbərliyi ilə hələ çox uğurlar qazanacağıq.

 

 

Yeni Azərbaycan.- 2011.- 7 may.- S.5.