Müstəqil Azərbaycanda
güclü insan kapitalının
formalaşdırılması modernləşmə
strategiyasının tərkib hissəsi kimi
Dinamik tərəqqi yolunda hər
bir xalq gələcək inkişaf prioritetlərini
düzgün müəyyənləşdirmək
üçün, ilk növbədə, konkret zaman çərçivəsində
keçdiyi yolun uğurlu nəticələrindən bəhrələnməyə
çalışır. Bu həqiqət
işığında bir daha aydın görünür ki, Azərbaycan
cəmi 20 illik müstəqillik tarixi ərzində çox
ağır sınaqlardan, çətinliklərdən
üzüağ çıxmış, bir çox inkişaf
etmiş dövlətlərin onilliklər boyu qət etdiyi
inkişaf mərhələlərini geridə qoymuşdur.
90-cı illərin əvvəllərində obyektiv və
subyektiv səbəblər üzündən xaos, anarxiya,
iqtisadi tənəzzül dövrünü yaşayan Azərbaycan
bu gün Cənubi Qafqaz regionunun ən sürətlə
inkişaf edən, qlobal enerjiko layihələrinin lokomotivinə
çevrilən, bütün sahələrdə sürətlə
modernləşən dövləti kimi tanınır.
Müstəqillik tariximizin ən
mühüm uğuru isə respublikamızın heç bir
dövlət və beynəlxalq təşkilatdan asılı
olmadan müstəqil siyasət yeritməsi, milli maraq və mənafeyini
qətiyyətlə müdafiə etməsidir. Möhtərəm
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümü haqqında” 21 yanvar 2011-ci il tarixli Sərəncamında
da qeyd olunduğu kimi, dövlət müstəqilliyinin bərpasının
20 yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət
daşıyan ictimai-siyasi hadisə olduğu nəzərə
alınaraq, Azərbaycanın keçdiyi zəngin inkişaf
yolunda qazandığı parlaq nailiyyətlərin təbliği
son dərəcə vacibdir. Sərəncamda, eyni zamanda,
keçid dövrünü başa vuran respublikamızın
bu gün özünün uzunmüddətli inkişaf
strategiyasının istiqamətlərini müəyyən edən
ölkə olduğu vurğulanır: “Azərbaycan dünya
miqyasında iqtisadi artım sürətinə görə
ön sıralarda gedərək islahatçı ölkə
kimi tanınır. Respublikamızda neft və qeyri-neft
sektorlarının yüksəlişi, çoxşaxəli
iqtisadiyyatın ahəngdar inkişafı təmin
olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta
ehtiyatları ildən-ilə artmaqdadır. Güclü
sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın
enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni
infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara
verilir, minlərlə kilometr yol və müasir körpülər
salınır” .
Sürətli intibah yolunda
olan, qarşıya qoyduğu hədəflərə inamla
yetişən, bütün sahələrdə yeniləşən
respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə
möhkəmləndirir, ümumregion əhəmiyyətli
qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir.
Aparıcı dünya dövlətləri Cənubi
Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan
kənarda görmür, respublikamızla hesablaşırlar.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümü haqqında” Sərəncamda”
da göründüyü kimi, əsası Ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş davamlı inkişaf və
tərəqqi kursu bu gün bütövlükdə müstəqil
Azərbaycanın siyasi simasını müəyyən edir.
Hər bir xalqın
davamlı sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna
çıxaraq sabit dövlətçilik ənənələri
formalaşdırması milli lider fenomeni ilə sıx şəkildə
bağlıdır. Müdrik xalqımızın XX əsrdə
dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət,
dərin zəkası, fitri idarəçilik keyfiyyətləri
və xarizması ilə Ümummilli liderlik zirvəsinə
yüksəlmiş Heydər Əliyev də müstəqil
respublikamızın milli inkişaf modelinin banisi kimi bu gün
böyük ehtiramla xatırlanır.
Məlumdur ki, ötən əsrin
90-cı illərinin əvvəllərində müstəqilliyin
əldə olunması Azərbaycanın qarşısında
diktaturadan demokratiyaya, komanda iqtisadiyyatından sərbəst
bazar iqtisadiyyatına, iki əsrlik
işğalçılıq tarixi olan imperiyanın bir hissəsindən
milli dövlətə çevrilmək, dünya miqyasında
özünü təsdiq etmək vəzifəsini qoymuşdu.
Bu mürəkkəb proses keçid dövrünün ilkin mərhələsində
cəmiyyətin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında
ciddi kataklizmlərlə müşayiət olunmuş, bir tərəfdən
yeni ictimai-iqtisadi formasiyanın doğurduğu yeniliklərin
ictimai şüurda “həzm olunmaması”, digər tərəfdən
isə cəmiyyətin mənafeyini təmin edən legitim
siyasi hakimiyyətin yoxluğu dövlət idarəetmə
sistemini iflic vəziyyətinə salmışdı.
1990-1992-ci illərdə hakimiyyəti zəbt etmiş diletant
qüvvələrin yarıtmaz fəaliyyəti nəticəsində
dövlətin iqtisadi-siyasi dayaqlarının laxlaması, cəmiyyət
həyatının bütün sahələrində tənəzzül
və böhran meyillərinin güclənməsi, ölkənin
vətəndaş qarşıdurması həddinə
çatması, bölgələrdə dövlətçilik
üçün potensial təhdidə çevrilən
separatçı meyillərin baş qaldırması cəmiyyətin
həlledici qismində haqlı olaraq belə bir qəti rəy
formalaşdırmışdı ki, yaranmış
acınacaqlı vəziyyətdən çıxış
yolu hakimiyyətə müstəqil Azərbaycan dövləti
quruculuğunun mürəkkəb məsələlərini həll
etməyi bacaran yeni qüvvələr gəlməlidir.
1993-cü ilin iyununda
xalqın təkidli tələbi ilə hakimiyyətə gəlmiş
Ulu öndər Heydər Əliyevin qarşısında
ölkəni siyasi və iqtisadi tənəzzüldən, hərcmər-clikdən,
müstəqilliyin itirilməsi təhlükəsindən
çıxarmaq, sabit və tarazlı milli inkişaf
strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirmək,
bütün sahələrdə modernləşməni həyata
keçirmək kimi taleyüklü vəzifələr
dayanırdı. Şübhəsiz, kommunizm
ideologiyasının zehinlərdəki və sosial gerçəklikdəki
yaşantılarını aradan qaldırmaq, sürətlə
yeni ictimai-iqtisadi münasibətlər sisteminə keçmək,
cəmiyyət həyatının müxtəlif sahələrində
demokratikləşməyə nail olmaq, yeni mərhələnin
tələblərinə uyğun mükəmməl hüquqi
baza formalaşdırmaq, qanunun aliliyini bütün səviyyələrdə
təmin etmək ardıcıl və davamlı səylər
göstərilməsini tələb edirdi. Ulu öndər
müdrik siyasi addımları ilə ilk gündən
sübuta yetirdi ki, demokratiya heç də
özbaşınalıq və hərc-mərclik deyil,
qanunların aliliyinə söykənən idarəetmə
forması və siyasi mədəniyyətdir. Onun müəyyən
qanunauyğunluqlarından kənara çıxdıqda,
demokratiya insanların, dövlətin inkişafına deyil,
demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə
gətirib çıxarır.
Ümummilli lider Heydər Əliyevin
müdrikliklə yaratdığı milli dövlətçilik
modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə,
xalqın gələcək yaşam fəlsəfəsini, milli
inkişaf prioritetlərini müəyyənləşdirmiş,
demokratik dəyərləri özündə maksimum dərəcədə
ehtiva etmişdir. Azərbaycanın prioritet inkişaf yoluna
çevrilmiş milli iqtisadi modeli özünəməxsus
uzaqgörənliklə əsaslandıran Ümummilli lider bu
spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan
möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı
nəticələr verə biləcəyini diqqətə
çəkmişdir.
Böyük strateq mərkəzi
planlaşdırma və bölgü prinsiplərinin hakim
olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına
optimal keçid modelini irəli sürmüş, onun mərhələlərlə
həyata keçirilməsinə
çalışmışdır. Ümummilli lider
müdrikliklə bildirmişdir ki, Azərbaycan
könüllü olaraq qoşulduğu demokratiya yolunun iqtisadi
bazisə əsaslanan təkamül modelini özünün
alternativsiz inkişaf yolu hesab edir. Keçid dövrünü
yaşayan respublikamızda demokratik proseslərin iqtisadi
islahatlara adekvat şəkildə tətbiqi bu modelin diktə
etdiyi başlıca şərtlərdən olmuşdur. Heydər
Əliyev milli gəliri yüksəltmədən, ümumi
daxili məhsulun artımına, vətəndaşların
yaşayış tərzində əsaslı dəyişikliklərə
nail olmadan, təşəbbüskarlığa və maddiləşən
işgüzar fəallığa təkan verən əlverişli
biznes mühiti yaratmadan, milli sahibkarlığın
inkişafını təmin etmədən vətəndaş
cəmiyyəti və hüquqi dövlət ideyasının
mümkünsüzlüyünü bildirmişdir.
Ulu öndər Heydər Əliyev
bir ictimai iqtisadi formasiyadan digərinə keçid prosesi ilə
bağlı xarici ölkələrin təcrübəsinin mənimsənilməsinin
vacibliyini də önə çəkmiş, xüsusən də
Avratlantik məkana, dünya təsərrüfat sisteminə
inteqrasiyanı vacib saymışdır. Bu istiqamətdə ən
mühüm addımlardan biri də məhz 1994-cü ildə
11 xarici neft şirkətinin iştirakı ilə “Əsrin
müqaviləsi”nin imzalanması olmuşdur. Azərbaycanın
maliyyə imkanlarının məhdud olduğu bir şəraitdə
imzalanmış bu müqavilə ölkə iqtisadiyyatına
xarici investisiyaların qoyuluşu istiqamətində ilk
uğurlu presedent yaratmaqla yanaşı, ictimai həyatın
modernləşməsinə, Qərbin mütərəqqi
texnologiyalarının istehsalatda tətbiqinə də
geniş imkanlar açmışdır. Bu mütərəqqi
proses özlüyündə demokratik proseslərin genişlənməsinə
də təkan vermiş, respublikamızın dünya siyasətinə
əsaslı təsir imkanları olan Avropa Şurası, ATƏT,
Avropa Birliyi və s. kimi beynəlxalq təşkilatlarla
münasibətləri yüksələn xətlə
inkişaf etmişdir. Beləliklə, iqtisadi, siyasi, hüquqi
sahədə aparılan islahatlar modernləşmə
strategiyasının həyata keçirilməsi
üçün münbit zəmin
formalaşdırmış, hər bir fərdin mənafeyinə
yönələn pozitiv dəyişikliklər geniş vüsət
almışdır.
Bu mərhələdən
demokratikləşmə prosesi dövlətin siyasi, iqtisadi,
sosial-mədəni həyatının modernləşdirilməsi,
əhalinin maarifləndirilməsi, təfəkkürünün
və vərdişlərinin tədricən dəyişdirilməsi,
ictimai davranış normalarının yeniləşməsi ilə
həyata keçirilmişdir. Müstəqilliyin ilk illərində
cəmiyyətdə həllini gözləyən bir sıra
problemləri - yeni iqtisad-isiyasi sistemin qaçılmaz
reallıqlarının ictimai rəydə hələ
yaxşı “həzm olunmadığını”, dövlətçilik
üçün daxili və xarici təhdidlərin aradan
qalxmadığını, sivil siyasi münasibətlər
sistemin formalaşmadığını nəzərə alan
Ulu öndər Heydər Əliyev bir müddət “dəmir əl”
siyasətinə üstünlük vermək məcburiyyətində
qalmış, totalitar düşüncə tərzinin
ziyanlı komplekslərindən azad olmamış cəmiyyətin
liberal demokratik islahatlara tədricən hazırlanmasını
vacib saymışdır. Bunun üçün dövlət
idarəetmə sistemində institusional xarakterli islahatların
həyata keçirilməsini təmin edən, iqtisadi
inkişaf üçün etibarlı zəmin hazırlayan,
qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirən
böyük strateq demokratiyanı üstqurum kimi dəyərləndirərək
onun bazisində, ana axarında iqtisadiyyatın
dayandığını böyük müdrikliklə
vurğulamışdır.
Uğurla
reallaşdırılan bu strategiya nəticəsində ölkə
iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi
baxımdan köklü surətdə dəyişdirilmiş,
bir sıra mərkəzi və dövlət idarəetmə
orqanları ləğv edilmiş, digərlərinin tənzimləmə
funksiyaları saxlanılmaqla təsərrüfat
funksiyaları dayandırılmışdır. Ulu öndər
Heydər Əliyevin rəhbərliyi altında iqtisadi sahədə
həyata keçirilən islahatların başlıca qayəsini
həm də dövlətsizləşdirmə prosesinin sürətləndirilməsi
- iqtisadi cəhətdən güclü və müstəqil
milli şirkətlərin yaradılması, insanların biznes
təşəbbüskarlığının,
özünüifadə imkanlarının
artırılması, demokratik dəyərlərin ictimai
şüurda möhkəmlənməsi kimi mühüm
prinsiplər təşkil etmişdir.
Böyük müdrikliklə
əsaslandırılmış bu inkişaf modeli spesifikliyi ilə
fərqlənməklə, demokratik dəyərləri
özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini
müəyyənləşdirmişdir. Məhz bunun nəticəsidir
ki, Azərbaycan cəmi 20 il müddətində inanılmaz
inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin
onilliklər ərzində zərrə-zərrə əldə
etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə,
vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və
azadlıqlarının təminatı sahəsində müəyyən
uğurlar əldə etmişdir. Demokratiyanın davamlı
milli inkişaf baxımından
qaçılmazlığını və müstəsna əhəmiyyət
daşıması fikri ictimaiyyət tərəfindən də
birmənalı qəbul olunmuşdur.
70 il inzibati-amirlik sistemində
yaşamış, milli ideallardan
uzaqlaşdırılmış, iqtisadiyyatı səmərəsiz,
köhnə texnologiya və infrastruktur üzərində
qurulmuş bir respublikanın qısa müddətdə
qazandığı nailiyyətlərin miqyası Azərbaycanla
genişmiqyaslı əməkdaşlığa maraq göstərən
beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb
dövlətlərində də heyrət doğurur.
Respublikamızın iqtisadi yüksəliş, demokratikləşmə
və modernləşmə sahəsində həlledici nailiyyətlərə
imza atmasını şərtləndirən amillər təbii
olaraq siyasi və elmi-fəlsəfi çevrələrdə də
geniş diskussiya mövzusuna çevrilmişdir.
Azərbaycanın
ictimai-siyasi fikir tarixinin görkəmli tədqiqatçısı,
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyev “Vestnik aktualnıx proqnozov. Rossiya: tretye
tısyaçaletiye” jurnalının 23-cü nömrəsində
dərc edilmiş “Azərbaycanın kursu: sabitləşmədən
modernləşməyə doğru” məqaləsində
düzgün olaraq göstərilir ki, keyfiyyətcə yeni mərhələdə
Azərbaycanın üstünlük verdiyi modernləşmə
xətti özünün ilkin uğurlu əsasını
ölkədə sabitləşmə və iqtisadi inkişaf
istiqamətində həyata keçirilmiş tədbirlərdən
götürür. Şübhəsiz, ötən əsrin
90-cı illərində Ulu öndərin böyük siyasi
iradə və qətiyyəti hesabına
formalaşdırdığı siyasi sabitlik iqtisadi və
hüquqi islahatlara başlamaq üçün uğurlu zəmin
formalaşdırmış, cəmiyyətin normal inkişaf
harmoniyası təmin olunmuşdur.
Ötən 8 ildə Heydər
Əliyev siyasi kursunu bütün sahələrdə inamla
davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ilk
gündən geosiyasi reallıqlardan çıxış edərək
demişdir ki, sürətli demokratik yeniliklər cəmiyyətdə
yalnız təkamül yolu ilə, mərhələli şəkildə
bərqərar ola bilər. Bu qənaəti tamamilə
haqlı saymaq olar ki, kənardan süni şəkildə ixrac
edilən demokratiya modelləri transformasiyalı cəmiyyətlərdə
şəraitə uyğunlaşmağa heç də həmişə
hazır olmur. Müasir dünyada demokratikləşmə
prosesinin müəyyən universal tələbləri,
meyarları olsa da, hər bir ölkənin özünəməxsus
milli mentaliteti, tarixi, sosial-iqtisadi, siyasi və mədəni
inkişaf xüsusiyyətləri, qeyri-bərabər
başlanğıc imkanları nəzərə
alınmalıdır. Bu gün Avropa dövlətlərində
eyni demokratiya modelinin mövcudluğundan danışmaq
mümkün deyildir. Bu baxımdan bizə eyni vaxtda həm
demokratiyaya, həm də bazar iqtisadiyyatına keçidi zorla
qəbul etdirmək səyləri iqtisadi və siyasi dəyişikliklər
arasında əsrlər boyu yaranmış
qarşılıqlı əlaqələr modelini dəyişmək
cəhdi, tarixi presedentləri olmayan eksperiment deməkdir.
Təcrübə göstərir
ki, iqtisadi cəhətdən inkişaf etməmiş
hansısa dövlətdə demokratikləşməyə və
vətəndaş cəmiyyəti quruculuğuna yönələn
cəhdlər isə uğursuzluqla nəticələnir.
Çünki tətbiqinə cəhd göstərilən
mütərəqqi yeniliklər vətəndaşların real
yaşayış səviyyəsi, həyat tərzi ilə
uzlaşmır. Məhz bu reallıqdan çıxış edən
Azərbaycan Prezidenti İlham Əliyev hər iki təmayülə
vəhdət şəklində yanaşmış, ölkənin
uzunmüddətli inkişafı üçün məhz
demokratik və iqtisadi islahatların paralel davam etdirilməsini
real hesab etmişdir: “Əsl açıq demokratik cəmiyyəti
ancaq maddi rifah əsasında qurmaq mümkündür.
İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə
demokratik proseslər də geridə qalır. O ölkələr
ki, onlar iqtisadi cəhətdən güclüdürlər, o
ölkələrdə demokratiyanın inkişafı da
çox yüksək zirvədədir. Ona görə iqtisadi
islahatların davam etdirilməsi xalqın maddi rifahının
yaxşılaşdırılması, demokratik cəmiyyətin
qurulması və formalaşması üçün
başlıca şərtdir. Ancaq bununla bərabər, əgər
sadəcə olaraq iqtisadi məsələlərə diqqətimizi
yönəltsək və siyasi islahatlarda hansısa bir yubanma
olarsa, bu da Azərbaycan qarşısında duran vəzifələrin
həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi
islahatlar mütləq aparılmalı və Azərbaycan
müasir ölkəyə çevrilməlidir”.
Müasir dövrdə Azərbaycanın
milli inkişaf yoluna çevrilmiş suveren demokratiya modeli
xalqımızın sosial-iqtisadi, mədəni və
intellektual baxımdan bu prosesə hazırlığı ilə
üzvi surətdə bağlıdır. Şübhəsiz,
demokratik dəyər və normaların hər hansı cəmiyyətdə
möhkəmlənməsi, özünə güclü
dayaqlar tapması üçün, ilk növbədə,
insanların maddi rifah halı, yaşayış və
düşüncə tərzi mütərəqqi dəyişikliklərə
məruz qalmalıdır. Demokratiyanın fundamental şərti
azadlıqdır - insanın tam azadlığı isə təkcə
qanunun və hüquq qaydalarının deyil, həm də
iqtisadi müstəqilliyin hökm sürdüyü cəmiyyətlərdə
mümkün olur. S.Hantinqton hələ 1984-cü ildə
yazırdı: “Millətin maddi rifahı ilə onun demokratikləşməsi
arasında qarşılıqlı əlaqə kifayət qədər
möhkəmdir”.
Hər bir ölkə
üçün üstün siyasi təsisatların
formalaşmasını xeyli dərəcədə məhz
iqtisadi inkişafın səviyyəsi müəyyən edir.
İnkişaf səviyyəsi yüksək olan ölkələr
postindustrializm dövrünün tələblərinə
uyğunlaşma məsələlərini yalnız müasir
demokratik cəmiyyətin kifayət qədər inkişaf
etmiş təsisatları mövcud olduqda həll edə bilər.
Yəni, siyasi liberallaşmaya xidmət edən islahatlar iqtisadi
inkişaf və adambaşına düşən gəlirlər
müəyyən bir həddə çatdığı zaman
praktik səmərə verə bilər. Son illər Azərbaycanda
da milli gəlirin artım tempi ilə siyasi-hüquqi
islahatların həyata keçirilməsi prosesi mütənasiblik
təşkil etməyə başlamışdır.
Adambaşına düşən milli gəlirin 5000 manata,
dövlət büdcəsinin 15 milyard dollara yüksəlməsi
ölkə iqtidarına liberallaşma və modernləşmə
istiqamətində daha qətiyyətli addımlar atmağa, vətəndaş
maraqlarına xidmət edən çoxşaxəli islahatlar həyata
keçirməyə imkan vermişdir.
Amerikalı nəzəriyyəçi
T.Fridman yazırdı ki, əgər ötən əsrdə
böyük dövlətlər kiçikləri udurdularsa, XXI
əsrdə “sürətli” dövlətlər “ləng”,
“astagəl” dövlətləri öz təsiri altına
salacaqlar. Bu baxımdan respublikamız əldə etdiyi sürətli
inkişafı ilə çevik ölkələr
sırasındadır: son illər ölkədə həyata
keçirilən sosialyönümlü iqtisadi siyasət vətəndaşların
maddi rifah halını yüksəltmiş, sosial infrastrukturun
inkişafını, yoxsulluğun azaldılmasını,
işsizliyin minimuma endirilməsini təmin etmişdir. Həmçinin
iqtisadi sahədə keçid dövrünü
yekunlaşdırmaq yönündə qəti, çevik
addımlar atılmış, zəruri işlər
görülmüşdür.
2009cu ilin noyabrında BDU-nun
90 illik yubileyində dərin məzmunlu nitq söyləyən
dövlət başçısı İlham Əliyev tarixi bəyanatla
çıxış edərək ölkədə ötən
əsrin 90-cı illərindən başlanmış
keçid dövrünün artıq geridə
qaldığını, Azərbaycanın bu mərhələdən
uğurla çıxdığını diqqətə
çatdırmışdır. Söhbət ictimai-iqtisadi
formasiya dəyişkənliyi ilə bağlı Sovet təsərrüfat
sistemindən, planlı iqtisadiyyatdan miras qalmış
bütün iqtisadi seqmentlərin bazar prinsiplərinə
uyğun tamamilə yenidən qurulması prosesinin başa
çatmasından gedir. Respublikamız son 15 ildə - özəlləşdirmədən,
torpaq, vergi, gömrük islahatından tutmuş səmərəli
idarəçiliyin vacib şərti olan struktur
islahatlarınadək - böyük bir iqtisadi mərhələni
inamla geridə qoymuşdur. Qarşıdakı dövrdə isə
formalaşmış bu möhkəm təməl üzərində
bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar
olmasına çalışmaq, iqtisadi sahədə
liberallaşdırma prosesini davam etdirmək hökumətin
qarşısında duran ciddi vəzifələrdən biridir.
Eyni zamanda, sabitləşmə və liberallaşma sahəsində
uğurlar cəmiyyəti labüd olaraq modernləşməyə
aparır.
Modernləşmə ənənəvi
aqrar cəmiyyətdən müasir, industrial cəmiyyətə
keçid prosesidir. O, sənayeləşmə və ya
kapitalizmə keçidlə müqayisədə daha geniş
siyasi proses kimi səciyyələnir. “Modern”
anlayışı Avropada yeni zaman epoxasından
başlanmış iqtisadi, siyasi, fəlsəfi, elmi, dini və
mədəni təkamülün gedişində
yaradılmış həyat şəraitinin məcmusu kimi
başa düşülür.
Modernləşmənin
iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət
kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə
iqtisadiyyatın inkişafı problemlərini həll edir.
Prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə,
dünya təsərrüfatı sisteminə inteqrasiya etməyə
yönəlmiş iqtisadiyyat qurur. Bu isə, ictimai
şüurun daha da demokratikləşməsinə aparır, vətəndaş
cəmiyyətinin bazisinin təşəkkülü mərhələsini
başa çatdırmağa, “azad vətəndaş -
güclü dövlət” konseptinin şüurlu şəkildə
başa düşülməsinə şərait yaradır.
Akademik Ramiz Mehdiyev “Modernləşmə
xətti yenə də gündəlikdədir” əsərində
haqlı olaraq yazır ki, modernləşmənin
funksionallığını: birincisi, siyasi mədəniyyətin
və inzibati idarəetmə şüurunun dəyişməsi
və təkmilləşdirilməsi; ikincisi, kütləvi
şüurun korreksiyası, yəni, cəmiyyətin lider
qrupunun modernləşdirmə potensialının
reallaşdırılmasına mane olan ideya və
davranış stereotiplərini tədricən aradan
çıxarmaq məqsədilə liberal-demokratik dəyərləri
kütləvi şüura yeritməsi;
üçüncüsü, müəyyən ideoloji
konstruksiyalara və milli ideyalara uyğun olaraq modernləşdirmə
siyasətinin həyata keçirilməsi kimi səciyyələndirmək
olar.
Müasir Azərbaycan cəmiyyəti
modernləşməni milli inkişaf prosesində sosial
sifariş kimi qəbul edir. Bu yanaşma yeni dəyərlərin
və demokratik transformasiyaya xas olan davranış
normalarının mərhələlər üzrə, təkamül
yolu ilə tədricən ictimai, kütləvi şüura
tranzitinin başa düşülməsini və dərk
olunmasını özündə ehtiva edir. Lakin hər bir
proses kimi, Azərbaycan cəmiyyətinin modernləşməsi
milli ənənə və resurslar, tarixi reallıqlar nəzərə
alınmaqla baş verir. Uzun illər dəyişməz siyasi
imperativlərə əsaslanan cəmiyyətdə siyasi, sosial
və mədəni mühitin fundamental şəkildə dəyişməsi
həm də nəsillərin dəyişməsi amilləri nəzərə
alınmaqla həyata keçirilir.
Siyasi sistem o halda uğurlu fəaliyyət
göstərir ki, yetişməkdə olan gənc nəslin cəmiyyətin
həyatında qurucu rolu tam şəkildə nəzərə
alınır. Bu baxımdan Azərbaycanda modernləşmə
prosesinin sürətlə aparılması üçün
yeni düşüncəli, intellektual səviyyəli, kreativ
baxışlı gəncliyin yetişdirilməsi, maddi
resursların insan kapitalına çevrilməsi istiqamətində
də kompleks tədbirlər həyata keçirilir. Ulu öndərin
bu sahədə müəyyənləşdirdiyi siyasəti
keyfiyyətcə yeni mərhələdə inamla davam etdirən
Azərbaycan Prezidenti İlham Əliyev elmin, təhsilin problemlərinin
həlli istiqamətində inamlı addımlar atır.
Dövlət
başçısı yeni idarəçilər
üçün zəruri bazis formalaşdırmaq, ölkəni
müasir dünya nizamı kateqoriyaları ilə
düşünməyə qadir olan, dövlətin mənafelərini
qorumağı bacaran kadrlarla təmin etmək vəzifəsini
qarşıya qoymuşdur. Akademik Ramiz Mehdiyev “Azərbaycan:
qloballaşma dövrünün tələbləri” əsərində
bu vəzifəni belə səciyyələndirir: “Sadə dildə
desək, əgər biz hamımız eyni bir təyyarədə
uçmalı olsaq, pilotu onun sosial və ya maddi statusuna görə
deyil, təyyarəni idarə etmək bacarığına
görə seçməliyik. Deməli, bizə təşəbbüskar,
intellektual, kreativ (yaradıcı) və həqiqi vətənpərvər
insanlar lazımdır. Bu strateji məqsəd üç əsas
amilə söykənir: modernləşmə xəttinin
uğurunu təmin etmək cəhdi, siyasi təsisatları və
ənənələri möhkəmlətmək və intensiv
qərbləşmə və qloballaşma şəraitində
milli mənlik şüurunu qoruyub saxlamaq. Biz yaddan
çıxarmamalıyıq ki, öz kökündən məhrum
olmuş xalq yalnız instinktlər və ehtiraslarla
yaşayır”.
2003-cü ildən dövlət
büdcəsi vəsaitlərinin ilbəil əhəmiyyətli
dərəcədə artımı təhsil sahəsində məhz
maliyyə çatışmazlığı səbəbindən
uzun illərdən bəri yığılıb qalmış
bir çox problemlərin məhz hazırkı mərhələdə
həlli məsələsini aktuallaşdırmış, elm və
təhsillə bağlı dövlət investisiyalarının
həcmcə artımını təmin etmişdir. Ötən
7 ildə Avroatlantik məkana inteqrasiya kursu seçməklə
dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda ali təhsilin
müasirləşdirilməsi və problemlərinin mərhələli
həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki
zəngin təcrübəsinin dərindən mənimsənilməsi,
universitetlərdə tədris prosesinin maddi-texniki
bazasının yaxşılaşdırılması,
kompüter və informasiya texnologiyalarının geniş tətbiqi,
yeni korpusların inşası kimi fundamental problemlərin həlli
xüsusi diqqət mərkəzindədir. Ötən illərdə
bu məqsədlə imzalanmış çoxsaylı
mühüm Fərman və sərəncamlar, Dövlət
proqramları da Azərbaycanda ali təhsil sisteminin təkmilləşdirilməsinə
və müasirləşdirilməsinə xidmət
etmişdir.
Azərbaycanda ali təhsil
sistemində həyata keçirilən islahatların
mühüm istiqamətlərindən biri də dünya təhsil
sisteminə inteqrasiyanın təmin edilməsidir.
Respublikamız yeni iqtisadi münasibətlər kursunu
götürərək öz təhsil sisteminin inkişaf
prioritetlərini, dünyada, o cümlədən, Avropa məkanında
gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir.
Milli təhsil sisteminin Avropa standartlarına
uyğunlaşdırılması məqsədilə “Bolonya
prosesi” çərçivəsində qəbul olunmuş təhsil
standartlarının mənimsənilməsi olduqca vacibdir. “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə
bağlı bəzi tədbirlər haqqında” 31 yanvar 2008-ci
il tarixli Sərəncam bu baxımdan vacib əhəmiyyətə
malikdir. Sərəncama əsasən, “2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı” layihəsi, habelə,
YUNESKO və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə
uyğun hazırlanmış ixtisasların yeni siyahısı
hökumətə təqdim edilmişdir. Layihədə ali təhsil
sistemində keyfiyyətin təmin olunması məqsədilə
normativ-hüquqi bazanın, məzmunun və təlim
texnologiyalarının yeniləşdirilməsi, ali təhsil
müəssisələrinin strukturunun və idarə
olunması sisteminin müasir tələblər
baxımından modernləşdirilməsi, əmək
bazarının tələbatına uyğun kadr
hazırlığının təkmilləşdirilməsi,
elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi,
maddi-texniki və tədris bazasının müasir tələblərə
uyğun qurulması, müasir maliyyələşdirmə
siyasətinin hazırlanıb həyata keçirilməsi və
digər bu kimi aktual istiqamətlər əksini tapmışdır.
2008-ci il 10 aprel tarixli “Azərbaycan
elmində islahatların aparılması ilə bağlı
Dövlət Komissiyasının yaradılması haqqında”
Sərəncam da məhz bu zərurətlə şərtlənir.
Sərəncama əsasən, 2009-2015-ci illər üzrə
elm sahəsində aparılacaq islahatların, habelə, elmin
inkişaf strategiyasının konkret proqram modelində
hazırlanması üçün hökumət və elm
adamlarından ibarət dövlət komissiyasının
yaradılması da təqdirəlayiqdir. Bir sıra problematik məsələlərin
önə çəkildiyi Sərəncamda Azərbaycan
Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi,
tədqiqatların müasir standartlar səviyyəsində
aparılması və maliyyələşdirilməsi, ölkənin
elmi kadr potensialının artırılması və onun
sosial müdafiəsinin gücləndirilməsi,
bütövlükdə elmin inkişafı üzrə milli
strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin
beynəlxalq elm məkanına inteqrasiyasının təmin
olunması məsələləri əksini
tapmışdır.
Dövlət
başçısının 4 may 2009-cu il tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı” elm sahəsində həyata
keçiriləcək islahatların konseptual əsaslarını
özündə əks etdirir. Elmin inkişafını nəzərdə
tutan Milli Strategiyanın əsas məqsədi ölkənin
mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan
elminin strukturunun müəyyənləşdirilməsi, Azərbaycan
elminin dünya elmi, texnika və texnologiyasının prioritet
istiqamətlərinə müvafiq şəkildə təşkili,
respublikanın iqtisadi inkişafında elmin rolunun
artırılması, yüksəkixtisaslı kadrların
hazırlanmasının təmin edilməsi; mühüm
sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədi
ilə, Azərbaycan Respublikasında fundamental və tətbiqi
tədqiqatların prioritetlərinin müəyyən edilməsindən
ibarətdir.
Dövlət
başçısı İlham Əliyevin rəhbərliyi
altında gerçəkləşdirilən səmərəli
islahatların nəticəsi kimi, respublikamızın iqtisadi
sahədə keçid dövrünü uğurla başa
vurması, elm və təhsil sahələrində də
adekvat modernləşməni, əsaslı keyfiyyət dəyişikliklərini
zərurətə çevirir. Sürətli iqtisadi və
sosial-mədəni tərəqqi yolu keçən Azərbaycanda
elmin inkişaf təmayüllərinin respublikanın müasir
reallıqlarına nəzərən müəyyənləşdirilməsi,
bu sahədə mövcud problemlərin aradan
qaldırılması, elmlə idarəçiliyin səmərəli
vəhdətinin təmini, bu sahəyə yönəldilən
vəsaitlərin rentabelliyinə nail olunması yeni mərhələdə
qarşıda ciddi vəzifələr kimi durur.
Dövlət
başçısının 22 may 2009-cu il tarixli
“2009-2013-cü illərdə Azərbaycan Respublikasının
ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın
təsdiq edilməsi barədə Sərəncamı da ali təhsil
sistemində islahatlar üçün əsaslı baza rolunu
oynayır. Dövlət Proqramının məqsədi ölkənin
ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası,
onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun
qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin
təmin edilməsi, ölkə iqtisadiyyatının
inkişaf tələblərinə uyğun ali təhsilli
kadrlara yaranan tələbatın ödənilməsi, habelə,
informasiya cəmiyyətinin və biliklərə əsaslanan
iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr
potensialının yaradılması, əhalinin müasir tələblərə
cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi
üçün iqtisadi və sosial baxımdan səmərəli
ali təhsil sisteminin formalaşdırılmasıdır.
Azərbaycanda elmin
inkişafı üçün geniş maddiintellektual
resurslardan səmərəli istifadə də cənab
İlham Əliyevin müəyyənləşdirdiyi
başlıca prioritetlərdən biridir. Dövlət
başçısının 2009-cu il oktyabrın 21-də
imzaladığı Sərəncamla Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun yaradılması da tədqiqatların
stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi
diqqəti çəkir. Fondun yaradılması fundamental elmi tədqiqatların
stimullaşdırılması, ölkənin təbii
resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin
gücləndirilməsi, elmin müxtəlif sahələrində
aparılan araşdırmaların səmərəliliyinin
artırılması məqsədi ilə əsaslandırılır.
İnformasiyalı cəmiyyət
quruculuğu da ölkədə modernləşmənin əsas
tələblərindən biri kimi nəzərdən
keçirilir. Belə bir cəmiyyətin formalaşmasında
“texnoloji yükü” üzərinə götürən
İKT müasir dövrdə hər bir cəmiyyətin tərəqqisinin,
o cümlədən, “insan inkişafı indeksi”nin vacib
göstəricilərindən birinə çevrilmişdir.
Başqa sözlə, İKT hər bir dövlətin
demokratiklik səviyyəsini müəyyən edən əsas
amillərdən olaraq cəmiyyətdə şəffaflıq
və hesabatlılığın yüksək səviyyədə
qorunmasına, insanların dövlət və qeyri-dövlət
strukturlarından operativ informasiya almaq, onlara birbaşa
müraciət etmək imkanlarının genişlənməsinə
imkan yaradır.
İKT-nin cəmiyyətə,
sosial-iqtisadi, siyasi, mədənimənəvi inkişafa təsiri
XXI əsrin yeni insanını - fərdlər arasında
münasibətləri və yeni istehsal vasitələrini
formalaşdırır. Beləliklə, İKT yeni
sosial-iqtisadi formasiyanın -informasiya cəmiyyətinin
yaranması və formalaşmasının əsasını,
bünövrəsini qoyur. İnformasiya cəmiyyətinin
strateji hədəfi isə yaşından, dilindən, dinindən,
irqindən, sosial və siyasi mənsubiyyətindən, həmçinin
zaman və məkandan asılı olmayaraq, bütün
insanların informasiya, bilik tələbatını ödəməkdən,
onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik
və düşüncələrini, istədikləri məlumatı
ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bu
baxımdan, son illər Azərbaycanın adı İKT-nin
inkişafı və informasiyalı cəmiyyətin
formalaşması üzrə reytinq göstəricilərində
MDB məkanında öncüllər sırasında çəkilir.
Son illər ölkədə həyata keçirilən məqsədyönlü
və ardıcıl dövlət siyasəti informasiya
kommunikasiya texnologiyalarının yeni bir prioritet sahə kimi
inkişafına əlverişli şərait
yaratmışdır. İnformasiya kommunikasiya texnologiyaları
müasir cəmiyyətin ən vacib infrastrukturu,
iqtisadiyyatın real sektoru, məhsuldarlığın artım
amili və müasir humanitar inkişafın katalizatoru olaraq, Azərbaycanda
energetika sektorundan sonra ən dinamik inkişaf edən ikinci sahədir.
“İqtisadi inkişaf sürətinə
görə, Azərbaycan qabaqcıl ölkələr
sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi
potensialımızı insan kapitalına çevirməliyik.
Çünki insanın savadı, biliyi onun gələcək
həyatını müəyyən edir, ölkənin hərtərəfli
inkişafına xidmət edir və beləliklə, ölkənin
intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir
ki, biz məhz bu sahəyə sərmayələr qoyaq” - deyən
Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən neftdən
əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi
istiqamətində məqsədyönlü siyasət həyata
keçirir. Dövlət başçısı haqlı
olaraq bildirir ki, neft Azərbaycan üçün məqsəd
deyil, davamlı iqtisadi tərəqqini təmin etmək
üçün vasitədir. Dünya təcrübəsində
iqtisadiyyatın yalnız neft üzərində qurulması,
habelə, neft gəlirlərindən həddən artıq asılılıq
nəticəsində iqtisadi sistemi iflic edən “Holland sindromu”
kimi mənfi presedent də var. Məhz buna görə də,
ölkə başçısı iqtisadi inkişafa yalnız
neft amili hesabına nail olmağı məqbul saymır,
tarazlı və davamlı tərəqqi naminə qeyri-neft
sektoruna, elmtutumlu iqtisadiyyata, xüsusən də, İKT-nin
inkişafına xüsusi diqqət yetirilməsini önə
çəkir.
Bu da təsadüfi deyildir
ki, cənab İlham Əliyev Prezident seçildikdən sonra
ilk xarici səfərə BMT-nin mandatı altında Cenevrədə
təşkil edilmiş İnformasiya Cəmiyyəti üzrə
Dünya Sammitində iştirakla başlamışdır. Azərbaycan
Prezidenti həmin Sammitdə bəyan etmişdir ki, XXI əsrdə
informasiya və kommunikasiya texnologiyalarının
inkişafı Azərbaycanın sosial-iqtisadi inkişafında
prioritet sahələrdən biri kimi nəzərdən
keçirilir. Cənab İlham Əliyevin “Qara
qızılı insan qızılına, intellektual potensiala
çevirək” tezisi İKT-nin Azərbaycan cəmiyyətindəki
inkişafını stimullaşdıran ən başlıca
amildir. Bu gün Azərbaycanda uğurlu neft
iqtisadiyyatının estafetinin qəbulu, neftdən sonrakı
iqtisadi prioritet sahə yüksək texnologiyalar, o cümlədən,
İKT sayılır.
2005-ci il noyabrın 16-18-də
Tunisdə İnformasiya Cəmiyyəti üzrə Sammitin Təşkilat
Komitəsinin üzvü və sponsorlarından biri də məhz
respublikamız olmuşdur. Bu Sammitdə XXI əsrin yeni
çağırışı “İnformasiya kommunikasiya
texnologiyalarının cəmiyyətin demokratikləşməsində
və insan hüquqlarının qorunmasında rolu” elan
olunmuşdur. Həmin tezisin əsas müəlliflərindən
biri də məhz Azərbaycandır.
Respublikamızda təbii sərvətlərin
hasilatından əldə olunan vəsaitlərin böyük
qisminin məhz elm və təhsilə, informasiya
texnologiyalarının inkişafına yönəldilməsi
inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində
özünü doğrultmuşdur. Elm və təhsil,
yüksəkixtisaslı kadr potensialı bu gün hər bir
dövlətin davamlı sosial-iqtisadi, mədəniintellektual
yüksəlişinin əsas təminatı qismində
çıxış edir. Bunu ABŞ, Almaniya, Yaponiya,
Şimali Koreya, Finlandiya, İsrail və digər dövlətlərin
iqtisadi inkişaf strategiyasına nəzərən əminliklə
demək olar. Yalnız bir faktı vurğulamaq kifayətdir ki,
bu gün Finlandiyanın tanınmış “Nokia” şirkətinin
informasiya texnologiyaları sahəsində əldə etdiyi gəlirlər
müsəlman ölkələrinin, karbohidrogen ehtiyatları
istisna olunmaqla digər gəlirlərindən çoxdur.
Hazırda dövlət səviyyəsində
həyata keçirilən innovasiya siyasətinin başlıca
hədəfi İKT infrastrukturunun iqtisadi bazasını
durmadan yüksəltmək, bu sahənin inkişafı ilə
ümumi daxili məhsulun formalaşmasındakı xüsusi
çəkisini artırmaqdır. İKT sahəsində lider
olmaq və iqtisadi inkişafı təmin etmək
üçün informasiya cəmiyyətini səciyyələndirən
informasiya və kommunikasiya, habelə, innovasiya
texnologiyalarının ilk mərhələdə istifadəçisi,
daha sonra istehsalçısına çevrilmək son dərəcə
zəruridir. “Elektron imza və elektron sənəd haqqında”,
“Elektron ticarət haqqında”, “İnformasiya əldə etmək
haqqında” və “Telekommunikasiya haqqında”, “Poçt rabitəsi
haqqında” qanunlar kimi mühüm sənədlər, “Azərbaycan
Respublikasında telekommunikasiya sahəsinə dair siyasət
planı”, “Azərbaycan Respublikasının inkişafı
naminə informasiya və kommunikasiya texnologiyaları üzrə
Milli Strategiya” və “Azərbaycan Respublikasında rabitə və
informasiya texnologiyalarının inkişafı üzrə
2005-2008-ci illər üçün Dövlət Proqramı
(Elektron Azərbaycan)” qəbul edilmişdir. Bütün bu sənədlər
rabitə və informasiya texnologiyaları sahəsi üzrə
geniş islahatların aparılmasını, tənzimləmə
prosedurunun təkmilləşdirilməsini, telekommunikasiya şəbəkələrində
geniş modernləşmə işlərinin
aparılmasını, internetin sürətli
inkişafını təmin etmişdir.
Dövlət
başçısının 22 oktyabr 2005-ci il tarixli Fərmanı
ilə “Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər
üçün Dövlət Proqramı Elektron Azərbaycan”nın
imzalanması isə bu sahədə kompleks tədbirlərin həyata
keçirilməsini nəzərdə tutan, rabitə və
informasiya texnologiyalarının hökumətin fəaliyyətində
geniş tətbiqinə imkan yaradan, habelə, bölgələrdə
geniş yayılmasını təmin edən təkmil fəaliyyət
konsepsiyasıdır. Proqramda nəzərdə tutulmuş tədbirlər
nəticəsində 2008-ci ildə Azərbaycan informasiya
texnologiyalarının inkişafı sahəsində
umumdünya orta göstəricilərinə
çatmış, bu sektorun inkişafına 150 milyon ABŞ
dolları yönəldilmişdir. Dövlət Proqramı eyni
zamanda “rəqəmsal uçurum”un, yəni informasiya uçurumu
təhlükəsinin aradan qaldırılmasına xidmət
etmişdir. Etiraf etməliyik ki, yəni paytaxtda və digər
iri şəhərlərdə müasir texnologiyalar sürətlə
inkişaf etdiyi halda, rayonlarda bu proses nisbətən
yubanırdı. Bu baxımdan, regionlarda rəqəmsal sistemin
tətbiqi, internetin, müasir rabitə və kommunikasiya
texnologiyalarının inkişafı olduqca vacib idi. Bu istiqamətdə
atılan addımlar sosial-iqtisadi deyil, həm də mədəni-intellektual
inkişafa, elmi tərəqqiyə öz müsbət təsirini
göstərir.
Məktəblərin
kompüterləşdirilməsi, gənclərin virtual
dünyaya çıxışının təmini və
informasiya texnologiyaları ilə işləmək vərdişlərinə
yiyələnmələri üçün atılan məqsədyönlü
addımlar da xüsusi qeyd olunmalıdır. 2004-cü il 21
avqust tarixində “Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı Proqramının
(2005-2007-ci illər) təsdiq edilməsi haqqında” Fərman
imzalayan dövlət başçısı İlham Əliyev
gənclərin müasir bilikləri və informasiya
texnologiyalarını dərindən mənimsəməsinə
elmi-texniki zəmin yaratmışdır. Bu proqramın
2005-2007-ci illəri də uğurla həyata keçirilməsinin
nəticəsidir ki, orta ümumtəhsil məktəblərinin
V-XI siniflərində hər 29 şagirdə 1 kompüter
düşür. Halbuki, 2003-cü ildə bu göstərici hər
1000 nəfərə cəmi 1 kompüter idi. 2008-ci il iyunun
10-da təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı” Azərbaycan Respublikasında müasir informasiya və
kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə
vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin
bütün təbəqələri üçün keyfiyyətli
təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə
xidmət etmişdir.
Dövlətin
apardığı siyasətin məqsədi
respublikamızı regionda rabitə və informasiya texnologiyaları
sahəsində tranzit və mərkəzi ölkəyə
çevirməkdir. Azərbaycanın yaxın illərdə
informasiya ixrac edən ölkələrdən birinə
çevrilməsi də aparılan islahatların
başlıca qayəsini təşkil edir. Azərbaycan
fibrooptik kanalların keçdiyi əlverişli coğrafi məkanda
yerləşir və bu baxımdan, respublikanın Şərqlə-Qərb
arasında əlverişli informasiya tranziti məkanına
çevrilməsi ehtimalı kifayət qədər yüksəkdir.
Məhz buna görə də, son zamanlar dünyanın ən
böyük kommunikasiya şirkətləri Azərbaycana
böyük maraq göstərirlər. İri şirkətlərin
rəhbərlərinin respublikamıza səfərləri və
hər ilin yanvar ayında İçveçrənin Davos
şəhərində təşkil olunan dünya iqtisadi
forumları dünyanın aparıcı informasiya kommunikasiya
texnologiyaları şirkətlərinin (“Microsoft”, “Cisco”,
“İntel” və s.) prezidentlərinin təşəbbüsü
ilə cənab Prezident İlham Əliyevlə
görüşlər bir daha göstərir ki, Azərbaycanın
İKT sektoru potensial investorların diqqət mərkəzindədir
və bu imkanlardan səmərəli istifadə etmək
lazımdır. Bunda məqsəd, ilk növbədə, texnoparkların
yaradılması, daha sonra isə Azərbaycanda elektron
avadanlıqların istehsalı və ixracatın təşkilidir.
Böyük investisiyalar isə hökmən iri istehsal və
ixracatın təşkilini tələb edir.
İKT-nin qlobal əməkdaşlığın
bir bünövrəsi kimi inkişafında dövlətlər
və xalqlar arasındakı qeyri-normal münasibətlər və
konfliktlər ən böyük maneələrdir. Bu gün Azərbaycan
ərazisinin 20 faizinin Ermənistan tərəfindən
işğalı və işğal olunmuş ərazilərdən
bir milyona qədər qaçqın və köçkün
düşmüş azərbaycanlıların problemi regionda
bir çox sahələrdə olduğu kimi, İKT sahəsində
də regional və beynəlxalq layihələrin həyata
keçirilməsində böyük maneədir. Təkcə
Dağlıq Qarabağ adı ilə tanınmış bu
konfliktin yox, dünyada mövcud olan digər konfliktlərin həlli
üçün də real informasiyanın yayılmasında,
sülh danışıqlarının aparılmasında,
konfliktlərin qurbanları olan sadə xalqların
düzgün məlumatlandırılmasında İKT
böyük rol oynaya bilər və biz bundan istifadə etməliyik.
Bütün bunlar deməyə
əsas verir ki, modernləşmə mürəkkəb proses olaraq
cəmiyyətin ayrılıqda götürülmüş
hansısa bir sahəsini əhatə etmir, onun hüdudları
son dərəcə genişdir. Ən ümumi formada desək,
modernləşmə yeni əsrdə ictimai həyatın
bütün sahələrində ciddi kəmiyyət və
keyfiyyət dəyişikliklərini, ictimai şüur və
vərdişlərin müasirləşməsini nəzərdə
tutur. Azərbaycanın hazırkı dinamik inkişafı deməyə
əsas verir ki, Ulu öndərin modernləşmə
strategiyasının gerçəkləşdirilməsi
üçün təməlini qoyduğu islahatlar möhtərəm
Prezident İlham Əliyev tərəfindən qətiyyətlə
davam etdirilir. Bu siyasət isə yeni əsrdə Azərbaycanı
inkişaf etmiş ölkələr sırasına daxil
olmasını təmin etmək məqsədinə
hesablanmışdır.
İradə Hüseynova,
Azərbaycan Respublikası təhsil
nazirinin müavini, tarix elmləri doktoru,
professor,
YAP Siyasi Şurasının üzvü,
Əməkdar müəllim
Yeni Azərbaycan.- 2011.- 7 may.- S.6-7.