“Heydər Əliyev və Azərbaycanın
müasirləşmə strategiyası”
Yeni Azərbaycan Partiyası Ümummilli liderimiz Heydər
Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr
olunmuş konfrans keçirib
Yeni Azərbaycan Partiyası
(YAP) mayın 7-də “Gülüstan” sarayında partiyanın
yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümünə həsr
olunmuş “Heydər Əliyev və Azərbaycanın
müasirləşmə strategiyası” mövzusunda konfrans
keçirib.
Konfrans iştirakçıları
öncə Fəxri Xiyabana gedərək Ulu öndərimizin
xatirəsini yad edib, məzarı önünə əklil və
gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın da xatirəsi anılıb, məzarı
üstünə gül-çiçək düzülüb.
Konfransı giriş
sözü ilə açan YAP Sədrinin müavini-İcra
katibi, millət vəkili Əli Əhmədov bildirib ki,
2003-cü ildən başlayaraq, Yeni Azərbaycan Partiyası
Ümummilli lider Heydər Əliyevin zəngin irsinin ətraflı
öyrənilməsi və təbliği məqsədi ilə
hər il Onun anadan olduğu gün ərəfəsində
çoxsaylı tədbirlər, həmin günə həsr
edilmiş konfrans keçirir. Bu il də əvvəlki illərdə
olduğu kimi, müxtəlif tədbirlər təşkil
edilib, konfransın materialları isə partiyanın İcra
katibliyi tərəfindən toplanaraq eyniadlı kitab şəklində
çap olunub.
YAP Sədrinin müavini qeyd edib ki,
xalqımız Ulu öndərin doğum gününü
ümummilli bayram kimi qeyd edir. Onun sözlərinə görə,
ölkəmizin hər yerində, dünyanın azərbaycanlıların
yaşadığı hər bir ölkəsində Heydər Əliyevin xatirəsi bu il də geniş şəkildə
anılır, Ümummilli liderə insanların dərin
hörmət və ehtiramı bir daha vurğulanır.
Əli Əhmədov bildirib
ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf strategiyası bu gün özünün müsbət
nəticələrini verməkdədir. Ölkəmizin sürətlə
inkişaf etdiyini deyən YAP Sədrinin müavini qeyd edib ki,
artıq Azərbaycan yeniləşir, müasirləşir və
modernləşir. “Ulu öndər Heydər Əliyevin ölkəmizə
rəhbərlik etdiyi dövrdə Azərbaycanın müasirləşməsi
məsələsi Onun fəaliyyətində əhəmiyyətli
yer tutub. Ulu öndərin baxışları prizmasından
yanaşsaq, müasirləşmə, modernləşmə Azərbaycanın
iqtisadiyyatından tutmuş həyatımızın
bütün sferalarının müasir tələblər
baxımından yeniləşməsi məfkurəsini və təcrübəsini
özündə ehtiva edir. Modernləşmə hər
şeydən əvvəl iqtisadiyyatın sürətli
inkişafının etibarlı və əzəmətli
resursu kimi qavranılır. Eyni zamanda, modernləşmə
dedikdə, istehsalın müasir rəqabət tələblərinə
uyğunlaşmasını təmin edən amillər nəzərdə
tutulur. Digər tərəfdən, modernləşmə insan fəaliyyətinin
bütün sferalarında elmin və yeni texnologiyaların tətbiqini
özündə ehtiva edir. Həmçinin, modernləşmə
ictimai kommunikasiyanın ən müasir yeni formalarının tətbiq
edilməsi kimi başa düşülür. Nəhayət,
modernləşmə təbii ki, insanın yeni həyat keyfiyyətinin
təmin edilməsi amillərinin məcmusudur”, - deyə Əli
Əhmədov vurğulayıb
Azərbaycanın müasirləşmə
strategiyasının həyata keçirilməsi istiqamətində
əhəmiyyətli addımlar atıldığını,
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiyanın Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirildiyini deyən YAP Sədrinin
müavini bildirib ki, bu strategiya dövlətimizin daha da
güclənməsinə, insanların yüksək
rifahına xidmət edir.
Əli Əhmədov əmin
olduğunu deyib ki, bu konfransın keçirilməsi, tədbirdə
səslənən dəyərli ideyalar qarşıdakı
dövrlərdə ictimai fikrimizdə Azərbaycan cəmiyyətinin
müasirləşməsi məsələlərini ciddi
araşdırmalar və tədqiqatlar obyektinə çevirəcək.
Sonra konfransda Baş nazirin
birinci müavini, YAP Siyasi Şurasının üzvü Yaqub
Eyyubov “Heydər Əliyev iqtisadi modeli, müasir
inkişafımızın əsasıdır” mövzusunda məruzə
ilə çıxış edib Ümummilli liderlə
bağlı xatirələrini bölüşüb. Talenin
onun həyatını Ulu öndər Heydər Əliyevlə
bağladığına görə özünü xoşbəxt
hesab etdiyini vurğulayan Y.Eyyubov hələ tələbə
olduğu zaman dahi şəxsiyyətin daim Azərbaycanın gələcəyini
düşünərək gəncliyə göstərdiyi
böyük diqqət və qayğının şahidi
olduğunu bildirib: “Həyatımın müxtəlif sahələrində,
təhsildə, dövlət qulluğunda Ulu öndərlə
birgə işləmək mənə nəsib olmuşdur. Bu
gün də bu yola sadiq qalan Ulu öndərin layiqli
davamçısı cənab İlham Əliyevin rəhbərliyi
altında üzərimə düşən vəzifəni
yerinə yetirməyə çalışıram”.
Azərbaycan xalqının
Ümummilli lideri haqqında danışmağın heç də
asan məsələ olmadığını qeyd edən
Y.Eyyubov vurğulayıb ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam”
deyib mənalı ömrünü xalqına bəxş
etmiş bir insan haqqında söz demək həm şərəfli,
həm də məsuliyyətlidir: “Onun fəaliyyət dairəsi
o qədər geniş və əhatəlidir ki, bu haqda nə
qədər də danışsaq, azdır. Ulu öndər
Heydər Əliyev son bir neçə əsrdə
xalqımızın yetirdiyi ən nadir şəxsiyyət və
qüdrətli dövlət xadimi kimi Azərbaycanın tarixində
çox dərin izlər qoyub. Ümummilli lider hakimiyyətdə
olduğu bütün zamanlarda var qüvvəsi ilə ölkəmizin
gələcək inkişafı, firavanlığı və
müstəqilliyi naminə yorulmadan çalışıb”.
Heydər Əliyevin birinci dəfə
hakimiyyətdə olduğu dövrdə sosial-iqtisadi sahədə
əldə edilən uğurlar barədə konkret faktlarla
danışan Baş nazirin birinci müavini qeyd edib ki, dövlət
idarəçiliyində Ulu öndərin özünəməxsus
dəst-xətti, dəmir prinsipiallığı, proseslərə
müntəzəm şəxsi nəzarəti, tələbkarlığı
və obyektivliyi tezliklə öz nəticələrini verirdi.
Baş nazirin birinci müavini vurğulayıb ki, bütün
bu işlər yalnız Heydər Əliyevin fenomenal uzaqgörənliyinin
və bacarığının, şəxsi əzmkarlığının,
Vətənə böyük sevgisi sayəsində
mümkün olmuş, reallığa çevrilmişdi. O, əminliklə
deyib ki, məhz həmin dövrlərdə yaradılan iqtisadi
potensial çox sonralar özünün dövlət müstəqilliyini
bərpa etmiş Azərbaycanın inkişafı
üçün yaxşı təməl idi.
Baş nazirin birinci
müavini məruzəsində Ulu öndərin rəhbərliyi
ilə Azərbaycan iqtisadiyyatının müstəqillik illərində
də qazandığı uğurları qeyd edib, sosial-iqtisadi
inkişaf ilə bağlı qarşıda duran vəzifələr
haqqında ətraflı məlumat verib.
Y.Eyyubov inamla bildirib ki, Azərbaycanın
güclənən mövqeləri, iqtisadiyyatının
inkişafı, beynəlxalq nüfuzunun artması, xüsusən
Prezident İlham Əliyevin siyasi iradə nümayiş etdirməsi,
xalq-iqtidar birliyi 2011-ci ildə qarşıda duran vəzifələrin
uğurla yerinə yetiriləcəyinə, o cümlədən,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüququn tələbləri səviyyəsində və
ölkəmizin maraqları çərçivəsində həll
olunacağına əsas yaradır. O, 2011-ci ilin də ölkəmizin
inkişafı üçün uğurlu olacağına əmin
olduğunu deyib: “Bu, həm də o deməkdir ki, Ulu öndərin
sosial-iqtisadi inkişaf konsepsiyası, məhz, Onun
arzuladığı kimi, uğurla davam etdirilməkdədir.
İndi bu böyük siyasəti xüsusi əzmkarlıq və
iradə ilə yeni düşüncəli, müasir tipli bir rəhbər
davam etdirir. Ölkənin davamlı inkişafına, milli
maraqlarımıza, xalqın rifahının
yaxşılaşdırılmasına xidmət edən
iqtisadi-sosial strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi
altında davam etdirilərək, Onun ardıcıl, məqsədyönlü
və praqmatik siyasəti sayəsində müvəffəqiyyətlə
reallaşdırılmaqdadır. Biz tam əminliklə deyə
bilərik ki, Prezident İlham Əliyev Ulu öndərimizin
müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf xəttini
inamla davam etdirərək ölkəni irəliyə, intibaha
doğru aparacaq”.
Konfransda Prezident
Administrasiyasının (PA) İctimai-siyasi məsələlər
şöbəsinin müdiri, YAP İdarə Heyətinin
üzvü Əli Həsənov “Heydər Əliyev və Azərbaycanın
müasir geosiyasi inkişafı” mövzusunda
çıxış edərək müasir dövrdə
ölkəmizin dünyada və bölgəmizdəki
mövqeyi barədə geniş məruzə edib. Müasir
müstəqil dövlətimizin formalaşması,
inkişafı və dünyada tanınmasında Ümummilli
lider Heydər Əliyevin əvəzsiz rolundan söz açan
şöbə müdiri bildirib ki, qısa zaman kəsiyində
Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa edilməsi,
ardıcıl milli dövlət quruculuğu və
sosial-iqtisadi siyasətin həyata keçirilməsi, bazar
iqtisadiyyatı mexanizmlərinin yaradılması, dövlət
mülkiyyətinin özəlləşdirilməsi və
biznes mühitinin liberallaşdırılması həyata
keçirildi.
Ümummilli lider Heydər Əliyevin
geosiyasi təlimindən çıxış edən Əli Həsənov
hazırkı onillikdə və növbəti yüz ildə
Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi
və hərbi-geostrateji vəzifələri, ölkənin gələcək
geosiyasi uğurlarını təmin edəcək milli strateji
xəttin təsnifatını verib. O, bildirib ki, buraya birinci
növbədə Cənubi Qafqazın lider dövləti
geosiyasi statusunun qazanılması, möhkəmləndirilməsi
və qorunub saxlanması daxildir. PA-nın şöbə
müdiri vurğulayıb ki, Azərbaycan öz iqtisadi
inkişaf potensialına və milli resurslarına görə
faktiki olaraq regionun lider ölkəsinə çevrilib.
Məruzəçi bildirib
ki, növbəti addım Avropa və dünyanın enerji təhlükəsizliyi
sahəsindəki mövqeləri qorumaq, gücləndirmək
və ölkənin milli maraqları ilə sıx əlaqələndirməkdən
ibarətdir. Ə.Həsənov deyib ki, Avropa
İttiqafının enerji təhlükəsizliyində həm
tranzit ölkə, həm də neft və qaz təchizatçısı
kimi tanınması XXI əsrdə Azərbaycanın geosiyasi dəyərini
artırması üçün geniş perspektivlər
yaradır.
Məruzəçi bildirib ki, növbəti geostrateji xətt
geosiyasi mövqelərin möhkəmləndirilməsi
taktikasının çevikləşdirilməsi və sistemli
təminatından ibarətdir. Ə.Həsənovun sözlərinə
görə, Dağlıq Qarabağ probleminin həllinə
dinc yolla nail olunması növbəti geosiyasi xətti təşkil
edir. O, bildirib ki, hazırda Azərbaycan özünün və
ümumilikdə regionun geosiyasi, geoiqtisadi maraqları və
perspektivi baxımından, bütün daxili və xarici
münaqişələrin tezliklə, yeni müharibəyə
əl atmadan - sülh yolu ilə nizamlanmasının tərəfdarı
kimi çıxış edir: “Lakin Ermənistanın
qeyri-konstruktiv mövqeyinin 20 ildən artıq davam etməsi və
beynəlxalq aləmin buna ikili standartlar çərçivəsində
yanaşması Azərbaycanın təkcə səbrini
tükətmir, həm də getdikcə müharibəyə
başlamaq ehtimalını artırır”.
Şöbə müdiri
vurğulayıb ki, növbəti geosiyasi vəzifələrə
Qərblə əməkdaşlığı zəiflətmədən,
Türkiyə ilə strateji münasibətlərin dərinləşdirilməsi,
Rusiya və İranla qarşılıqlı maraqlara söykənən
tərəfdaşlıq münasibətlərinin
yaradılması və inkişaf etdirilməsi; ABŞ-İran
geosiyasi ziddiyyətləri fonunda hər iki dövlətlə
dostluq və tərəfdaşlıq münasibətlərinin
qorunması; yeni geosiyasi reallıqlara və bundan irəli gələn
qlobal çağırışlara operativ reaksiya verilməsi,
strateji tərəfdaşlarla geosiyasi münasibətlərə
xələl gətirmədən daha praqmatik siyasət
yürüdülməsi; dünyada baş verən son qlobal dəyişikliklərin
mahiyyəti, Cənubi Qafqazda formalaşmış geosiyasi
reallıqlar və onun yeni təzahür formalarının
ciddi təhlil olunması, proseslərə təsir göstərən
amilləri, onların meydana gəlməsi səbəblərini
və digər məsələlərin
araşdırılması, mövcud şəraitdə Azərbaycanın
geosiyasi və geoiqtisadi addımlarını, transmilli layihələrlə
bağlı prioritet vəzifələrini, onların təmin
olunması yollarını və vasitələrini praqmatik
şəkildə dəyərləndirməkdən ibarətdir.
Ə.Həsənov bildirib
ki, ermənilərin zaman-zaman azərbaycanlılara
qarşı törətdiyi soyqırımı siyasətinin
ifşa edilməsi və dünyada effektli antierməni siyasətinin
aparılması da geosiyasi vəzifələr sırasında
xüsusi yer tutur.
PA-nın şöbə
müdiri xüsusi qeyd edib ki, Ulu öndər Heydər Əliyev
tərəfindən müəyyən edilmiş bu geosiyasi vəzifələr
Onun böyük tarixi xidmətlərindəndir və həmin
xətt bu gün dövlət başçısı İlham
Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfransda Milli Məclis sədrinin
müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova
“Müasir Azərbaycan: Heydər Əliyev ideyaları ilə
uğurlu inkişaf yolunda” mövzusunda məruzə ilə
çıxış edib. B.Muradova bildirib ki, bu gün ölkəmizin
qazandığı nailiyyətlərin əldə olunması,
müasir Azərbaycanın ərsəyə gəlməsi,
müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin
inkişafı Ulu öndər Heydər Əliyevin ideyaları
əsasında hazırlanan, ölkəmizin milli maraqlarına
söykənən dövlət quruculuğu xəttinə əsaslanır.
Azərbaycanın müstəqilliyinin
əbədi olacağını vurğulayan B.Muradova qeyd edib
ki, Heydər Əliyevin yaratdığı iqtisadi model bu
gün uğurla həyata keçirilməkdədir. “Cənubi
Qafqaz regionunun lider dövləti olan, ildən-ilə Avropanın
enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli
tərəfdaşa çevrilən və dünya
miqyasında nüfuzu artan Azərbaycanın əldə etdiyi
inkişaf trayektoriyası istər dünya ölkələri,
istərsə də beynəlxalq təşkilatlar tərəfindən
xüsusi olaraq vurğulanır. Bir neçə il öncə başlayan qlobal maliyyə
böhranının fonunda ölkəmizdə müşahidə
olunan dayanıqlı iqtisadi inkişaf Azərbaycanda həyata
keçirilən uğurlu daxili iqtisadi-sosial siyasətin bəhrəsi
sayıla bilər. Bu, ölkəmizin inkişafının əsas
təməl prinsipini özündə əks etdirən Ulu
öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycanda
paralel olaraq bütün sahələr üzrə
inkişafını təmin etməsini əsaslandıran
amildir. Dayanıqlı iqtisadi siyasət, habelə, müstəqil
və tarazlı şəkildə həyata keçirilən
xarici siyasət kursu Azərbaycan dövlətinin hər bir
müstəvidə - istər daxili sabitliyin, inkişafın təminatında,
istərsə də beynəlxalq dayaqların möhkəmləndirilməsində
mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan sferalarda
qısa zaman kəsiyində iqtisadi, mədəni, sosial və
hərbi-siyasi sahədə qazanılan uğurlar ilk növbədə
xalqımızın Ümummilli lideri Heydər Əliyevin
adı ilə bağlıdır. Xüsusi olaraq
vurğulanmalıdır ki, sadalanan nailiyyətlərin əldə
olunması, müasir Azərbaycanın ərsəyə gəlməsi,
müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin
inkişafı Ulu öndərin ideyaları əsasında
hazırlanan, dövlətimizin milli maraqlarına söykənən
dövlət quruculuğu kursuna əsaslanır”, - deyə
vitse-spiker vurğulayıb.
Konfrans plenar iclasdan sonra
bölmələrdə öz işini davam etdirib. “Heydər Əliyev
siyasəti və müasirləşmə” adlanan birinci
bölmənin iclası YAP Səbail rayon təşkilatının sədri,
partiyanın İdarə Heyətinin üzvü Zahid Qaralovun rəhbərliyi
ilə keçirilib.
Z.Qaralov bildirib ki, ümumiyyətlə,
strateji hədəflər, ideoloji dayaqlar, sosial baza
düzgün təyin olunandan sonra inkişaf
strategiyasını formalaşdırmaq üçün maddi və
mənəvi bazalar nəzərdən keçirilir, qiymətləndirilir.
Beləliklə, beş mühüm parametr: strateji hədəflər,
ideoloji dayaqlar; sosial, maddi (iqtisadi) və mənəvi bazalar əsasında
inkişaf strategiyası əsaslandırılır, ölkədaxili
bütün qüvvələr, imkanlar bir istiqamətə-strateji
parametrlərin reallaşdırılmasına yönəldilir.
YAP İdarə Heyətinin
üzvü, professor Şahlar Əsgərov
çıxışında deyib ki, Ulu öndər Heydər Əliyevin
həyatına nəzər salanda, Onun hər gün onlarla, ildə
minlərlə, ömrü boyu isə yüz minlərlə
hadisə və proseslərin içərisindən
keçdiyini təsəvvür etmək olar.
YAP İdarə Heyətinin
üzvü Kərim Kərimov isə
çıxışında bildirib ki, Heydər Əliyevin zəngin
dövlətçilik təcrübəsini dərindən mənimsəmiş
cənab İlham Əliyev Ulu
öndərin möhkəm təməllər üzərində
formalaşdırdığı idarəçilik ənənələrini
əzmlə davam etdirir: “Heydər Əliyevin müəllifi
olduğu yeni neft strategiyasının davam etdirilməsi,
ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar
olması, xarici investisiyaların, neft
istehsalından əldə edilən gəlirlərin əhəmiyyətli
hissəsinin qeyri-neft sektoruna yönəldilməsi, işsizlik
problemlərinin həlli, əhalinin maddi-rifah halının
yaxşılaşdırılması kimi mühüm işlər
Prezidentimiz İlham Əliyevin yeritdiyi sosial-iqtisadi siyasətin
aparıcı istiqamətlərindəndir”.
O, qeyd edib ki, yüksək
intellektli, enerjili, praqmatik düşüncəli, təşəbbüskar,
yenilikçi keyfiyyətlərinə, yüksək zövqə
malik, xalq arasında “qurucu, yaradıcı İlham”
adını qazanmış siyasi varis qarşıda duran
böyük işlərin öhdəsindən müvəffəqiyyətlə
gəlmək üçün yeni iş metodları tətbiq
etdi. “İlk növbədə, sovet dövründən miras
qalmış, uzun sürən sürəkli alqışlarla
müşayiət olunan təntənəli iclasların,
istehsalat və zona müşavirələrinin keçirilməsi
praktikasına son qoydu. Sadə adamlarla canlı əlaqə yaratdı. Bu məqsədlə
rayon, şəhər əhalisi mərkəzi meydana
toplaşır, cənab Prezident də onlara
yaxınlaşıb hal-əhval tutur, qayğıları,
problemləri ilə maraqlanır, aidiyyəti olan halimiyyət
nümayəndələrinə tapşırıq və
göstərişlər verir. Seçki ərəfəsində
ətraf kəndlərin yol ətrafında toplaşmış
əhalisi qarşıda dayanır, söhbətlər,
çıxışlar edir. Bu cür görüşlərin
əhəmiyyəti ondan ibarət olur ki, cənab Prezident əhalinin
yaşayış vəziyyətini hansısa məmurun dilindən
yox, birbaşa xalqın özündən eşidir”, - deyə
K.Kərimov vurğulayıb.
“İki sahil” qəzetinin
baş redaktoru, YAP Siyasi Şurasının üzvü
Vüqar Rəhimzadə isə bildirib ki, xalqın, millətin
böyüklüyü say tərkibi ilə deyil,
soy-kökünün qədimliyi, tarixinin, mədəniyyətinin,
milli-mənəvi dəyərlərinin zənginliyi, ən əsası
bəşəriyyətə bəxş etdiyi tarixi şəxsiyyətləri
ilə müəyyənləşir: “Ölkəmizdən
çox-çox uzaqlarda şöhrət tapmış
dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi
ilə tanınan müdrik şəxsiyyətlər haqqında
söz düşəndə ilk növbədə, Ümummilli
lider Heydər Əliyevin adı çəkilir. Ulu öndər
Heydər Əliyev xalqımızın dünya tarixinə bəxş
etdiyi elə qüdrətli dövlət xadimlərindəndir
ki, yeni-yeni nəsillər zaman-zaman Onun ömür yoluna
müraciət edəcək, zəngin irsini araşdıracaq,
təhlil edəcək, öyrənəcək, liderlik məktəbindən
dərs alacaqlar. Hər bir xalq, millət keçmişinə
hörmət bəslədikdə onun gələcəyi parlaq
olur, dünyada özünü yüksək səviyyədə
təsdiq edir. Ulu öndər Heydər Əliyev Azərbaycanın
keçmişi deyil, ölkəmizin bugünkü
uğurları və perspektivləri Onun adı ilə
bağlıdır”.
YAP Qadınlar
Şurasının sədri, Dövlət Pedaqoji Kollecinin
direktoru Nurlana Əliyeva isə çıxışında
bildirib ki, Heydər Əliyevin siyasi və dövlətçilik
irsi misilsiz bir xəzinədir. Onun sözlərinə görə,
müstəqil dövlətimiz, xalqımız Heydər Əliyev yolu ilə gedərkən bu xəzinəni
öyrənməli, onun dərslərini təhlil etməli və
bütün bunlardan xalqımızın sürətli tərəqqisi
üçün istifadə etməlidir.
YAP Siyasi Şurasının
üzvü, millət vəkili Aydın Mirzəzadə isə
bölmə iclasında çıxışı zamanı
Dağlıq Qarabağ problemi ilə bağlı ölkəmizin
həyata keçirdiyi siyasətdən bəhs edib. O, bildirib
ki, Azərbaycanın düzgün seçdiyi inkişaf xətti
onu bütün parametrlər üzrə Ermənistandan əhəmiyyətli
dərəcədə önə çıxartdı. A.Mirzəzadə
qeyd edib ki, Azərbaycan dövlətçiliyinin
inkişafına Heydər Əliyev töhfəsi bu gün də
öz müsbət nəticəsini verməkdədir:
“Böyük idarəçilik təcrübəsinə, dəmir
məntiqə, prosesləri düzgün təhlil etmək
qabiliyyətinə malik Heydər Əliyev Dağlıq
Qarabağ probleminin haradan qaynaqlandığını
yaxşı bilirdi. Tarix sübut etdi ki, Heydər Əliyevin
problemin həllini ilk növbədə güclü və
qüdrətli Azərbaycan dövlətinin qurulmasında
görməsi çox düzgün siyasət idi. Məhz Onun
birbaşa iştirakı ilə cəmiyyətdəki
demokratiya, güclü iqtisadiyyat, güclü sosial müdafiə
sistemi, güclü ordu Azərbaycanı problemin həllində
qətiyyətli etməyə imkan verdi. ATƏT-in Minsk qrupu
adlı beynəlxalq vasitəçi qurum və onun ABŞ,
Rusiya və Fransa kimi nüfuzlu ölkələrdən ibarət
həmsədrlər institutu müntəzəm olaraq bu problemin
həlli ilə məşğuldurlar. Onların fəaliyyəti
Azərbaycan cəmiyyətini tam təmin etməsə də,
ortada Azərbaycan dövlətinin ərazi
bütövlüyünü tanıyan və Ermənistan beynəlxalq
hüquq müstəvisinə çəkmək istəyən
üç dövlətin birgə səyi var”.
Bölmə iclasında
çıxış edən digər natiqlər də Ulu
öndər Heydər Əliyevin həyat və fəaliyyəti
haqqında fikirlərini bildiriblər.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2011.- 11 may.- S.4.