“Modern cəmiyyət quruculuğu: nəzəri və praktik varislik”

 

“Modern cəmiyyət quruculuğu: nəzəri və praktik varislik” başlıqlı ikinci bölməyə sədrlik edən YAP İdarə Heyətinin üzvü Nizami Xudiyev məruzə üçün ilk sözü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucova verib.

“Ulu öndərin din siyasəti və müasirləşmə” adlı məruzəsində Ümummilli liderimiz Heydər Əliyevin din siyasətinin bütün aspektlərinə toxunan komitə sədri qeyd edib ki, Ümummilli liderin hakimiyyətə qayıdışından sonra milli-mənəvi dəyərlərimizə, zəngin tarixi abidələrimizə yüksək qayğı ilə yanaşı, güclü qanunvericilik bazası da formalaşdırılaraq, respublikada insan hüquq və azadlıqlarına, xüsusilə, vicdan və dini etiqad azadlığının bərqərar olmasına, ölkəmizin inkişafına və müasirləşməsinə, mənəvi dəyərlərimizin qorunmasına böyük önəm verildi: “Ulu öndərin məqsədyönlü siyasətinin nəticəsidir ki, Azərbaycanda bütün dinlərə bərabərhüquqlu şərait yaradılmışdır” – deyən komitə sədrinin sözlərinə görə, konfessiyalar öz dini bayram və mərasimlərini sərbəst və təntənəli şəkildə qeyd etməklə yanaşı, bir-birinin dini bayram və tədbirlərində, o cümlədən, respublikanın ictimai-mədəni həyatında yaxından iştirak edirlər.

H.Orucov onu da qeyd edib ki, bu gün Prezident İlham Əliyev böyük tarixə malik dini məbədlərimizin bərpası və müasirləşdirilərək xalqımızın istifadəsinə verilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Onun sözlərinə görə, dövlət başçısı yalnız İslama aid ibadət ocaqlarına deyil, digər səmavi dinlərə məxsus dini-tarixi abidələrə də böyük diqqət və qayğı göstərir: “O, həm Prezident, həm də bir vətəndaş kimi ölkədəki bütün dini konfessiyalara diqqət və qayğı ilə yanaşır, istər yəhudilərə, istərsə də xristianlara məxsus tarixi-dini abidələrin, sinaqoq və kilsələrin bərpasına lazımi köməyini əsirgəmir. Dini-tarixi abidələrin bərpası, yeni-yeni məbədlərin-məscid, kilsə və sinaqoqların tikilib dindarların ixtiyarına verilməsi ənənəsi bu gün də uğurla davam etdirilir”.

Milli Məclisin deputatı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova “Şəhərsalma tariximizdə Heydər Əliyev dövrü” başlıqlı məruzəsində ötən əsrin 70-80-ci illərində Ulu öndərin rəhbərliyi ilə ölkəmizdə aprılan şəhərsalma işlərindən ətraflı bəhs edib: “Bütün tarixçilərin etiraf etdiyi kimi, ötən əsrin 70-80-ci illəri Azərbaycanın yeni tarixində ən məhsuldar və əhəmiyyətli quruculuq dövrü olub. Həyata keçirilən böyük dəyişikliklər, iqtisadi və sosial sahələrdə tətbiq olunan tutumuna və həcminə görə, böyük islahatlar Azərbaycan xalqının maddi rifahının keyfiyyətcə yeni mərhələyə çatmasına böyük təkan verib. Respublikamızın bu inkişaf dövrü Ulu öndər Heydər Əliyevin adı ilə, Onun xalqımızın və ölkəmizin inkişafı, dövlətimizin möhkəmlənməsi yolunda yorulmaz fəaliyyəti ilə bağlıdır”.

G.Məmmədovanın sözlərinə görə, məhz, həyata keçirilən layihə və tikinti işlərinin miqyasına və əhəmiyyətinə görə, XX əsr tariximizdə fərqlənən 70-80-ci illərdə Azərbaycanda yeni, o dövr üçün qabaqcıl şəhərsalma fəaliyyəti həyata keçirilirdi: “Məhz Heydər Əliyevin siyasi rəhbərlik istedadı, uzaqgörənliyi və qətiyəti nəticəsində bu dövrdə şəhər quruculuğu sahəsində Azərbaycan böyük uğurlara nail olub. Bütün bunlar XX əsrin 70-80-ci illərini Azərbaycanın şəhərsalma tarixində Heydər Əliyev dövrü adlandırmağa əsas verir”.

“Heydər Əliyev siyasi irsi: dövlətçilikdə uğurlu siyasi varislik ənənəsi” başlıqlı məruzə ilə çıxış edən YAP İdarə Heyətinin üzvü Nizami Xudiyev isə deyib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü mahiyyətcə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və yeni, müstəqil Azərbaycanın qurulması dövrüdür: “Bu dövrdə Heydər Əliyev doğma xalqının önündə gedərək Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bildi. Vətənin qurtuluş savaşına başçılıq etdi və Azərbaycan tarixinə qurtuluş mübarizəsinin qalibi kimi daxil oldu. Azərbaycan dövlətçiliyini- siyasi varlığımızı yox olmaq təhlükəsindən xilas etdi və tariximizdə, həm də, Azərbaycan dövlətçiliyinin xilaskarı kimi çox şərəfli bir ad qazandı. Bu şanlı missiyanı Heydər Əliyev son dərəcə çətin, mürəkkəb və ziddiyyətli tarixi şəraitdə yerinə yetirdi. Məhz o zaman-1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş başlandı”.

N.Xudiyev əlavə edib ki, Ümummilli liderimiz Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin çözülməsində həlledici sözünü deyə bilən nadir siyasətçilərdən idi.

Tədbirdə iştirak edən Çexiyanın Brno Texnologiyalar Universitetinin professoru İvan Meznik isə deyib ki, ümumiyyətlə, azərbaycanlıların gözlərinə baxanda onların nə qədər həyatsevər insan olduqları açıq şəkildə hiss olunur: “Bütün bunlar onların həyat tərzinin və ölkələrindəki inkişafın real təsirləridir. Sözsüz ki, bu reallığın, bu firavan həyatın bünövrəsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Bünövrəsi möhkəm olan bu siyasət çox böyük müvəffəqiyyət və uğurla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir”.

Çexiyanın Brno Texnologiyalar Universitetinin professoru, həmyerlimiz Azər Kərimov da Ulu öndərin xalqımız üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb: “Biz bu il Ulu öndərin anadan olmasının 88-ci ildönümü münasibətilə keçirilən konfransın qonaqları olaraq YAP-ın dəvəti ilə Azərbaycana gəlmişik və bunun üçün hakim partiyaya öz səmimi təşəkkürümüzü bildiririk”.

Milli Məclisin komitə sədri Nizami Cəfərov isə “Azərbaycançılıq ideologiyası: müasirləşmənin metafizikası, yaxud metafizikanın müasirləşməsi” başlıqlı məruzəsində Ulu öndər Heydər Əliyevin əsasının qoyduğu azərbaycançılıq ideologiyasının mahiyyətini açmağa çalışıb: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq ideologiyasınm inkişafında, yeni tarixi şəraitə uyğun interpretasiya edilməsində, modern səviyyədə təfsirində və həmin ideologiyanın tarixdə ilk dəfə əbədi (və dönməz) olaraq həyata keçirilməsində mənsub olduğu millətlə birlikdə apardığı mübarizə (göstərdiyi qəhrəmanlıq), ən nihilist “dostlarımızın” (və düşmənlərimizin) belə inkar edə bilməyəcəyi bir hadisədir. Heydər Əliyevin nə səviyyədə bir azərbaycançı olması, milli ideologiyamızın inkişafı, həyata keçirilməsi tarixindəki rolu barədə danışarkən yalnız bircə gerçəkliyi yada salmaq kifayətdir ki, O, məfkurə olaraq meydana çıxandan bəri həmişə istər ədəbi, istər siyasi romantik təsəvvürlərin tərənnüm obyekti olmaqdan o yana keçməmiş azərbaycançılıq ideallarına bir millətin müqəddəratını təyin edəcək qədər rəsmi məzmun-mündərəcə verdi”.

Onun sözlərinə görə, Heydər Əliyevdən sonra azərbaycançılıq ideologiyasının Heydər Əliyev dövrü davam edir.

Milli Məclisin komitə sədri Hadi Rəcəblinin məruzəsi isə “Sosial sabitlikdən sosial rifaha doğru” adlanırdı. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkəni düşdüyü tənəzzüldən çıxarmaq üçün bir sıra cəsarətli və ardıcıl addımlar atdı. Bu siyasətin mərkəzində əhalinin sosial güzəranını yaxşılaşdırmaq, yoxsulluğunq səıviyyəsini azaldtmaq, sığorta-pensiya sisteminin modernləşməsi, bir sözlə, sosial siyasətin transformasiyası dururdu. Sevindirici haldır ki, Ulu öndərimiz Heylər Əliyev dühasının demokratik cəmiyyət və liberal iqtisadiyyat qurmaq istiqamətində məharətlə apardığı uzunmüddətli siyasət bu gün özünün yüksək nəticələrini verir və həyatın bütün sahələrində uğurlar qazanır”.

“Milli enerji, milli dövlət və milli elita: müasir cəmiyyət quruculuğuna doğru” başlıqlı məruzə ilə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, yüksək inkişaf və tərəqqi mərhələsinə qədəm qoymuş müasir Azərbaycan bu tarixi mərhələyə asan yolla çatmayıb: “Respublikamız qazandığı sosial-iqtisadi, ictimai-siyasi uğurlara və bu sahədə nümayiş etdirdiyi artım templərinə, yerli resursların səmərəli istifadəsi və sosial ədalət prinsiplərinə uyğun bərabər bölüşdürülməsi, xüsusən də, düşünülmüş mükəmməl iqtisadi strategiyanın həyata keçirilməsi yolu ilə nail olub. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanın dinamik iqtisadi tərəqqisini özündə ehtiva edən inkişaf strategiyasının hazırlanaraq, həyata keçirilməsi yalnız Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün olub. Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlanıb. Zaman bu strategiyanın nə dərəcədə böyük uzaqgörənliklə düşünüldüyünü, Azərbaycanın hərtərəfli tərəqqisini təmin etdiyini konkret nəticələr əsasında təsdiqləyib”.

Məruzəsinin sonunda aşağıdakı ümumi nəticəyə gələn baş redaktor “beləliklə, cəmiyyətin və dövlətçiliyin inkişaf tendensiyaları üzrə aparılan tədqiqat paralellərinin nəticəsi olaraq belə bir fikir ifadə etmək olar ki, 1993-cü ildən başlayaraq həyata keçirilən yeni cəmiyyət quruculuğu prosesində kifayət qədər ciddi məsafə qət edilib. Bu nailiyyəti təmin edən başlıca əsas isə Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyası və bu təməl üzərində Prezident İlham Əliyevin iqtisadi, ideoloji və sosial-mədəni faktorları modern cəmiyyət quruculuğu prosesinə düzgün istiqamətləndirməsi və tətbiq etməsi olub”, – deyə əlavə edib.

Bölmə iclasında həmçinin, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov “Maliyyə şəffaflığının təmin edilməsi və ictimai nəzarət”, YAP Siyasi Şurasının üzvü Xeyrəddin Qoca “Heydər Əliyev və müasir həyatımız”, Dövlət İqtisadi Universitetinin prorektoru Əvəz Bayramov “Milli inkişaf modelinin nəzəri-metodoloji arxitekturası” və Dövlət İqtisadi Universiteti yanında İqtisadi Araşdırmalar İnstitutunun direktoru Rasim Həsənov “Tənəzzüldən stabilliyə, stabillikdən tərəqqiyə doğru təkamülün xüsusiyyətləri və perspektivləri” başlıqlı məruzələrlə çıxış ediblər.

 

 

Yeni Azərbaycan.- 2011.- 11 may.- S.5.