Müstəqillik bizə, ilk
növbədə, azad şəkildə düşünmək
imkanı verdi
Arif Həşimov: Azərbaycan hazırda özünə
lazım olan, milli-mənəvi dəyərlər əsasında
tərbiyə almış, yüksək kreativ və
intellektual keyfiyyətlərə malik kadrları müstəqil
şəkildə hazırlaya bilir
Məlum olduğu kimi,
bu il Azərbaycanın dövlət müstəqilliyinin əldə
olunmasının 20-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin Sərəncamına
əsasən, bununla bağlı dövlət səviyyəsində
müxtəlif tədbirlər həyata keçiriləcək.
“Yeni Azərbaycan” qəzeti olaraq, biz də müstəqilliyimizin
ildönümü ilə əlaqədar bir sıra layihələr
icra etməkdəyik. Bu istiqamətdə əsasını
qoyduğumuz növbəti rubrikamız isə “Bu mənim
mövqeyimdir” adlanır. Bu rubrikada Azərbaycanın görkəmli
elm adamlarının, cəmiyyətdə nüfuzu olan ictimai,
siyasi xadimlərin dövlətimizin müstəqillik tarixi,
inkişaf yolu ilə bağlı fikirlərini dərc edir, bu
şərəfli tarixi fərqli rakurslardan dəyərləndirməyə
çalışırıq. Rubrikamızın növbəti
qonağı isə AMEA-nın I vitse-prezidenti, akademik Arif Həşimovdur.
- Arif müəllim, Azərbaycanın
müstəqilliyi dedikdə nəyi başa
düşürsünüz? Və bu müstəqillik
hansı proseslərin məntiqi nəticəsi olaraq, meydana
çıxdı?
- Əvvəla, müstəqillik
hər bir xalqın arzuladığı bir nemətdir. Bu,
xalqın elə bir qazancıdır ki, onun sayəsində
insanlar müstəqil şəkildə öz müqəddəratını
həll edir, qərarlar qəbul edir, nə
yaxşıdırsa, onu da öz həyatında tətbiq edir.
Müstəqillik zamanı insanların həyatına müsbət
mənada təsir edən qərarların qəbulu
üçün kimsə kənardan göstəriş vermir.
Yəni, sovetlər dövründə Azərbaycan
xalqının həyatına və güzəranına
müsbət mənada təsir edə biləcək qərarların
qəbulu Moskvadan asılı idi. Amma bu gün biz müstəqil
şəkildə qərar qəbul edirik, ölkəmizi
qurub-yaradırıq.
Hər kəsə bəllidir
ki, keçmiş SSRİ bir növ siyasi-iqtisadi mənada
“ümumi yaşayış məkanı” idi. Həmin sistem
çərçivəsində formalaşmış
münasibətlər ayrı-ayrı respublikaların
sosial-iqtisadi, mədəni-elmi inkişafına müsbət mənada
təsir göstərirdi. Amma siyasi baxımdan bir mərkəzdən
asılılıq mövcud idi. Buna görə də, məhz
totalitar, sonradan isə avtoritar rejimə transformasiya edən
ittifaqın daxilindəki xalqlar mövcud vəziyyətlə
barışmayaraq, XX əsrin 60-cı illərindən etibarən,
müstəqillik uğrunda savaşa başlamışdı.
Amma 80-ci illərin sonunda yetişmiş siyasi vəziyyət nəticəsində
xalqlar müstəqillik əldə etdilər.
Azərbaycanda da xalq hərəkatı
başlamışdı və xalqımız hamılıqla həmin
hərəkatda iştirak edirdi. Yəni, bu gün “müstəqilliyi
bizim səylərimiz nəticəsində əldə
etmişik” deyənlər həddindən artıq
yanılırlar. Onlar müstəqillik əldə etdikdən
sonra hakimiyyəti qəsb edə bildilər. Amma dövləti
az qala parçalayacaqdılar. Əldə etdiyimiz nailiyyətlər
isə məhv olacaqdı...
-Həmin səriştəsiz
siyasətçilərin yarıtmaz idarəçiliyinin elmi
sahəyə də böyük zərbələr vurduğu heç
kəsə sirr deyil. Bu arada bir qədər Azərbaycanın
elminin inkişafı tarixindən danışaq. Bu sahədə
inkişaf hansı mərhələlərdən keçib?
Enmələr və qalxmalar hansı mərhələlərdə
baş verib?
- Bildiyiniz kimi, Azərbaycan
elmi hələ Sovet dövründə təbiət elmləri
sahəsində, xüsusilə, hərbi sferada inkişaf
edirdi. Əlbəttə ki, sözügedən sahədə
Sovet elmi çox yüksək səviyyədə inkişaf
edirdi və keçmiş ittifaqda əldə olunmuş
ümumi nailiyyətlər içərisində Azərbaycan
elminin də payı var idi. Bu səbəbdəndir ki, 1945-ci
ildə aparılan elmi tədqiqatların sistemləşdirilməsi
üçün Azərbaycan Elmlər Akademiyası
yaradıldı. Humanitar və ictimai elmlər sahəsi isə
mövcud siyasi quruluşun təbiətindən irəli gələrək,
məhdud çərçivədə inkişaf edirdi. Bu elmlər
əsasən marksizm-leninizm nəzəriyyələri üzərində
irəli gedirdi. II Dünya müharibəsindən sonra isə
sosializm ideyalarının dünyanın bir çox yerlərinə
yayılması nəticəsində müxtəlif ölkələrdə
humanitar və ictimai elmlər eyni xətt üzərində
inkişaf etməyə başladı. Həmin dövrdə
Avropanın bir sıra dövlətlərində, eləcə
də Çində, Monqolustanda və digər ərazilərdə
artıq marksizm-leninizm fəlsəfəsi özünün təsirini
göstərirdi. Bir sözlə, həmin dövrdə elmlər
ictimai-siyasi quruluşun tələbindən asılı olaraq,
müvafiq istiqamətdə inkişaf edirdi.
Bu baxımdan da, deyə bilərik
ki, müstəqillik qazandıqdan sonra elmimizin inkişafı
üçün əlverişli zəmin və baza var idi. Hətta
o zaman, belə bir deyim də var idi ki, SSRİ-nin tərkibində
olmuş respublikalardan yalnız bir neçəsi
özünü müstəqil şəkildə saxlaya və
inkişaf etdirə bilər. Onlardan da biri məhz Azərbaycan
Respublikası idi. Çünki ötən əsrin 70-ci illərindən
etibarən respublikamızda kənd təsərrüfatı və
sənaye sahəsində sürətli inkişaf
tendensiyası müşahidə olunmağa
başlamışdı. Bu prosesin nəticəsi olaraq, güclü
sənaye və kənd təsərrüfatı bazası
formalaşmışdı. Məhz həmin illərdə
respublikaya rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyevin
həyata keçirdiyi işlər nəticəsində Azərbaycan
keçmiş ittifaq çərçivəsində ən
güclü kənd təsərrüfatına və rəqabət
qabiliyyətli sənayeyə sahib olmuşdu. Eyni zamanda, sürətli
inkişaf edən kənd təsərrüfatı və sənaye
sahələrilə ayaqlaşan, müasir
çağırışların tələblərindən
irəli gələn elmi potensial da
formalaşdırılmışdı.
Lakin müstəqillik əldə
olunduqdan sonra hakimiyyətə səriştəsiz qüvvələrin
gəlməsi nəticəsində bütün sahələrdə
mövcud olan potensial dağılmağa
başlamışdı. Müstəqillik əldə olunandan
sonrakı 2 il ərzində bütövlükdə ölkədə
hansısa sahənin inkişafı müşahidə
olunmadı. Əksinə, elmi sahədə həm maddi-texniki,
həm infrastruktur, həm də kadr potensialı
baxımından kəsirlər əmələ gəlməyə
başlamışdı. Yəni, Azərbaycan elmi XX əsrin
70-ci illərindən başlayaraq, yüksəliş
dövrünü yaşasa da, sonradan müstəqilliyimizin ilk
illərində bu sahədə enmələr müşahidə
olunmağa başladı...
- Bəlkə də, bir
çoxları indi aparacağımız bölgü ilə
razılaşmaz. Yəni, Azərbaycanın inkişaf mərhələlərini
şərti olaraq, 3 dövrə bölək: birinci mərhələ
1991-1993, ikinci mərhələ 1993-2003,
üçüncü mərhələ isə 2003-cü ildən
bu günlərə qədər. Məhz bu bölgüyə əsaslansaq,
elmin inkişafını necə xarakterizə edərsiniz?
- Mən birinci mərhələni
keçid dövrü kimi xarakterizə edirəm və
düşünürəm ki, bu dövrdə
formalaşdırılmış elmi potensialın qorunub
saxlanılması vacib idi. Amma təəssüflər olsun ki,
öncə qeyd etdiyim kimi, bu potensial nəinki qorunurdu, hətta
sürətlə dağıdılırdı. Siyasətçilərin
yarıtmaz fəaliyyəti nəticəsində alimlər,
elmi işçilər sabit və davamlı inkişaf edən
ölkələrə axışırdılar. Siyasi hakimiyyətə
qarşı olan inamsızlıq, AXC-Müsavat hakimiyyətilə
vəziyyətin dəyişəcəyinə olan ümidlərin
tamamilə ölməsi Azərbaycan elminin potensialına daha
möhkəm və dağıdıcı zərbələr
endirirdi.
Digər tərəfdən,
elmi-tədqiqat institutlarının, universitetlərin
dağılması prosesi başlamışdı. Qeyd edim ki,
1991-1992-ci illərdə elmi-tədqiqat institutlarında və
digər elm sahələrində bir neçə qram qiymətli
metallara görə, bahalı avadanlıqlar
sökülürdü. Hətta elmin inkişafına töhfə
verə biləcək tədqiqat avadanlıqları hissə-hissə
xarici ölkələrə satılırdı. Bununla da, nə
tələbələrin normal təhsil alması, nə də
alimlərin fəaliyyət göstərməsi
üçün stabil maddi-texniki bazaya malik elmi infrastruktur var
idi.
Nizamsız şəkildə
yaradılan və dövlət elmi mərkəzlərinin
maddi-texniki bazasından istifadə edən özəl
universitetlər isə vəziyyəti daha da ağırlaşdırmışdılar.
Bir sözlə, sosial-iqtisadi, ictimai-siyasi sahədə
yaranmış xaotik vəziyyət elmi sferada da
özünü aydın şəkildə göstərirdi.
Lakin 1993-cü ildə Ulu
öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi
ilə elmi potensialın tamamilə məhv olmasının
qarşısı alındı. Çünki bir tərəfdən
ölkədən köçüb getmiş alimlər
Ümummilli liderə olan inamına görə geri
qayıdırdılar, digər tərəfdən isə, Heydər
Əliyevin 70-ci illərdən başlayaraq, elmi sahəyə
göstərdiyi xüsusi diqqət və qayğı hər kəsin
yaddaşında idi. Məhz sadaladıqlarımız amillərə
görə, elmimizin tamamilə məhv edilməsinin
qarşısı alındı.
Artıq inkişafın
ikinci mərhələsində elm ictimaiyyəti dövlətin
diqqəti altında mövcud olan potensialı saxlamaqla irəli
baxmağa başladı. Etiraf etmək lazımdır ki,
AXC-Müsavat hakimiyyəti dövründə elmə o qədər
ciddi zərər vurulmuşdu ki, biz elmi potensialı və
intellektual sərvətimizi qoruyub saxlamaq, bu sahədə vəziyyəti
stabilləşdirmək üçün uzun müddət
işləmək məcburiyyətində qaldıq. Bu mərhələdə,
həmçinin, qarşımızda duran əsas vəzifələrdən
biri gəncləri elm sahəsinə dəvət etmək və
onları burada saxlamaq idi. Çox çətin və
ağır olsa da, bu mərhələni keçə bildik.
Üçüncü mərhələdə isə artıq
elm və təhsilimiz həqiqətən inkişaf etməyə
başladı.
- Arif müəllim, müstəqillik,
ümumiyyətlə, Azərbaycan xalqına nə verdi? Və
bu amil elmin inkişafında özünü necə göstərir?
- Heç çəkinmədən
söyləmək istəyirəm ki, müstəqillik bizə,
ilk növbədə, azad şəkildə düşünmək
imkanı verdi. Bunu istənilən sahəyə aid etmək
olar. Həm siyasi, həm iqtisadi, həm sosial, həm də hərbi
sferalarda heç bir asılılıq olmadan qərarların
qəbulu buna misal ola bilər.
Eyni zamanda, müstəqil
düşünmək qabiliyyəti elm sahəsinə də
öz müsbət təsirini göstərdi. Yəni, elmi tədqiqatçının
düşünməsi üçün müstəqil
mövzu, bazis və digər keyfiyyətlər vacibdir.
Çünki hələ Sovet vaxtında elmi tədqiqatlar
üçün müəyyən qədər hazır
mövzular təqdim olunurdu və o istiqamətdə
araşdırmalar aparılırdı. Bir sözlə, birliyin
inkişafı üzrə prioritet istiqamətlər
hansılar idisə, o sahədə də elmi işlər yazılırdı.
Amma bu gün müstəqil Azərbaycanın azad vətəndaşları
olaraq, elmi araşdırmalara başlayarkən, elə
mövzulara müraciət etməliyik ki, o, həm Azərbaycanın
inkişafına, həm də dünya elmlərinə öz
töhfəsini versin.
Yəni, əsas fəlsəfə
ondan ibarətdir ki, Azərbaycan elmi milli dəyərlərə
söykənərək inkişaf etməlidir. “Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı”nda söylənilən
istiqamət üzrə bütün məsələlər
öz əksini tapıb.
Əlbəttə ki, cənab
Prezident İlham Əliyev bu siyasi kursla Azərbaycanın gələcək
inkişafı üçün mühüm və
dayanıqlı platforma formalaşdırır. Bu, o deməkdir
ki, neftdən gələn gəlirlərin intellektual sahələrə
yönəldilməsilə elmin, təhsilin inkişafı təmin
edilir və innovativ bazar formalaşdırılır. Burada gənclərə
həm ölkədə, həm də xaricdə təhsilin
müxtəlif pillələrində oxumaq imkanı
yaradılır.
Əsas istiqamətlərdən
biri də ölkədəki universitetlərin dünya səviyyəsində
rəqabət qabiliyyətini artırmaqdır. Bilirsiniz ki, Azərbaycanın
universitetləri dünya təhsil ocaqları ilə müqayisədə
heç də onlardan geri qalmır. Bugünkü universitetlər
10-20 il əvvəlki təhsil ocaqları deyil. Artıq bizim
universitetlərin, elm ocaqlarının maddi-texkini bazası
kifayət qədər gücləndirilib, elmi
araşdırmaların aparılması üçün
lazımi avadanlıqlar alınıb.
- Arif müəllim, Azərbaycan
hazırda müstəqil ölkə kimi modernləşmə
mərhələsindədir. Modernləşmənin isə əsasını
insan, daha doğrusu, intellektual potensialın
reallaşdırılması təşkil edir. Bu istiqamətdə
Prezident İlham Əliyevin siyasi kursunu necə xarakterizə edərdiniz?
- Neftdən gələn gəlirlərin
insan kapitalına çevrilməsi siyasəti birbaşa olaraq,
Azərbaycanın gələcəyinə hesablanıb. Bir
neçə onilliklərdən sonra Azərbaycan öz
inkişafını məhz sözügedən siyasi kurs əsasında
yaradılacaq platforma üzərində quracaq. İnsan
kapitalının formalaşdırılması dedikdə,
intellektual və kreativ baxımdan aktiv fəaliyyət göstərən
təbəqənin yaradılması nəzərdə tutulur.
Bu siyasət isə, ilk növbədə,
başlanğıcını təhsil sistemindən
götürür. Həm daxili, həm də xarici universitetlərdə
bakalavrların, magistrlərin və ya doktorantların
hazırlanması işi daha da sürətlənir, keyfiyyət
baxımından dəyişikliklərə yol
açılır.
Bununla yanaşı, həm
dövlətimizdə, həm də qlobal mənada gedən
inkişaf tendensiyası ilə ayaqlaşan elmi baza
formalaşdırılır. Bu istiqamətdə dövlət
tərəfindən atılan addımlar və əldə
olunan nailiyyətlər göz qabağındadır. Heç
kəsə sirr deyil ki, Azərbaycanın bugünkü
universitetləri qeyd etdiyim kimi, 20 il bundan əvvəlki vəziyyətlərindən
tamamilə fərqlənirlər. Bu gün universitetlərdə,
elmi-tədqiqat mərkəzlərində aparılan
araşdırmalar qənaətbəxşdir. Əlbəttə
ki, bütün bu sadaladıqlarımız həmin siyasi kursun
həyata keçməsi nəticəsində əldə
olunub.
Bildiyiniz kimi, aprel
ayının 26-da Azərbaycan Milli Elmlər
Akademiyasının illik ümumi yığıncağı
keçirildi və bu iclasda cənab Prezident İlham Əliyev
də iştirak etdi. Həmin yığıncaqda proqram
xarakterli nitq söyləyən dövlətimizin
başçısı bir daha ölkəmizin inkişaf istiqamətlərinə
nəzər saldı. Prezident İlham Əliyev “əgər
inkişaf etmiş ölkələrin təcrübəsinə
nəzər salsaq görərik ki, həmin ölkələrin
uğurlarının təməlində ideya, fikir, innovasiya,
elmi-texniki tərəqqi dayanır... Müasir dövlətin
qurulması elmin inkişafı olmadan mümkün deyildir”
söyləyərək, dövlətimizin perspektiv
inkişafının məhz elmin inkişafı ilə
bağlı olduğuna işarə verdi.
Bu gün məhz
sözügedən istiqamətdə ciddi işlər gedir, səmərəli
addımlar atılır. Misal olaraq, cənab Prezident İlham Əliyevin
son bir neçə gün ərzində imzaladığı sərəncamları
göstərə bilərəm. Dövlətimizin
başçısı İlham Əliyev Milli Elmlər
Akademiyasının illik ümumi yığıncağında
səslənmiş təklifləri nəzərə alaraq, Azərbaycan
Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət
büdcəsindən maliyyələşdirilən elm və
elmi tədqiqat müəssisələrində
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında, “Azərbaycan Milli Elmlər
Akademiyası işçilərinin əməkhaqlarının
artırılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 1 iyul tarixli 967 nömrəli Sərəncamına
dəyişiklik edilməsi barədə, Azərbaycan Milli Elmlər
Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında, Azərbaycanda aqrar sahədə idarəçiliyin
təkmilləşdirilməsi və aqrar elmin inkişaf
etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın
yaradılması barədə imzaladığı sərəncamlar
elmin və təhsilin inkişafının dövlətin
prioritet sahələri olduğuna işarədir.
Mən əminəm ki, cənab
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən bu siyasət nəticəsində Azərbaycanda
dünya səviyyəsində gedən inkişafla ayaqlaşan
elm, təhsil sistemi yaranacaq. Beləliklə də, artıq bir
müddətdən sonra Azərbaycan intellektual inkişaf
baxımından dünyanın qabaqcıl ölkələrinə
çatacaq.
- Ümumiləşdirsək,
ötən 20 il müddətində elmin inkişafına
verilmiş töhfələri necə sıralamaq olar?
- Birinci olaraq, mən Azərbaycan
dilində yaradılmış elmi-informasiya vasitələrini,
digər tərəfdən, Azərbaycanın elmi-kadr
potensialının qorunub saxlanmasını və inkişaf
etdirilməsini göstərmək istərdim. Bununla
yanaşı, milli strategiyaya əsasən, prioritet elmi istiqamətlərin
müəyyələşdirilməsini və planlı şəkildə
elmi-tədqiqat işlərinin aparılmasını, dünya
səviyyəli elmi-tədqiqat konfranslarında alimlərimizin
iştirakını sadalamaq olar. Xüsusi bir məqamı da
vurğulayaq ki, Azərbaycan hazırda özünə
lazım olan, milli-mənəvi dəyərlər əsasında
tərbiyə almış, yüksək kreativ və
intellektual keyfiyyətlərə malik kadrları müstəqil
şəkildə hazırlaya bilir. Bütün bunlar onu
göstərir ki, Azərbaycan dünyaya inteqrasiya edən sivil
və intellektual baxımından zəngin dövlətlərdən
biridir.
- Arif müəllim, bir
ziyalı kimi, istərdik, son vaxtlar bəzi radikal
qruplaşmaların ölkədə qarışıqlıq
yaratmaq cəhdlərinə də münasibət bildirəsiniz?
- Ümumiyyətlə,
dünya miqyasında gedən ictimai-siyasi və ya iqtisadi prosesləri
təhlil etmədən fərqli ictimai-siyasi sistemə malik
ölkəyə tətbiq etmək ən böyük səhvlərdən
biridir. Məsələn, Yaxın Şərq və Şimali
Afrika ölkələrində baş verən hadisələrin
Azərbaycanda təkrarlana biləcəyini düşünmək
belə cahillikdən xəbər verir. Təəssüf ki,
bizim ölkəmizdə də bu cür düşünən
bəziləri tapıldı. Amma onlar xalqın nə fikirləşdiyini
nəzərə almadılar. Elə xaricdən daxil olan
sifarişləri həyata keçirmək haqqında
düşünən bu qüvvələr həmişə
olduğu kimi, məğlubiyyətə uğradılar. Mən
əminəm ki, bizim cəmiyyətdə belə
düşüncəli insanlara yer yoxdur və onlar heç
zaman insanların dəstəyini ala bilməyəcək.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2011.- 14 may.- S.8.