Erməni saxtakarlığını bütün dünyada ifşa etmək qarşımızda duran əsas vəzifələrdən biridir

 

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov www.yap.org.az saytına müsahibə verib:

 

- Kamran müəllim, dünyada əqli mülkiyyətin qorunması məsələsi ciddi müzakirə mövzusudur. Ümumiyyətlə, əqli mülkiyyət nə deməkdir və onun qorunması, sərəncamçılığı və müdafiəsi nədən ibarətdir?

- Əqli mülkiyyət mövcud biliklərdən və onların mənimsənilməsindən başlayır, əqli fəaliyyət nəticələri ilə başa çatır və yeni biliklərin yaranmasına gətirib çıxarır. Bu bilikləri insan həyatının istər sosial-iqtisadi, istərsə də mədəni-informasiya sahəsinə aid etmək olar. Biliklər isə obyektiv əks olunaraq, yəni “maddiləşərək” qeyri-maddi nemətdən maddi nemətə çevrilir və əqli mülkiyyət olur. Bir sözlə, əqli mülkiyyət biliklər dövranında əmələ gəlir. Təsadüfi deyildir ki, əcdadlarımızın yaratdığı ölməz söz abidəmiz olan “Qutaqdu-bilik”də insanlara səadət gətirənin əql və biliklər olması qeyd edilmişdir.

Əqli mülkiyyət - əqli mülkiyyət hüquqları deməkdir və burada “hüquqlar” anlayışı yaradıcı şəxsə məxsus olan mülkiyyət funksiyasını daşıyır və onu qoruyur. Çünki əqlin yaratdığı öz yaradıcısından ayrılandan sonra obyektivləşərək üçüncü şəxslər tərəfindən istifadə oluna, hətta mənimsənilə bilər. Deməli, bu hüquqlar cəmiyyət və onu təmsil edən dövlət tərəfindən tanınmalıdır. Bu isə qanunvericilik, normativ-hüquqi və qeydiyyat qaydasında həyata keçirilir. Odur ki, əqli mülkiyyət professional təcrübədə bütün növ əsərləri, ifaları, fonoqramları və yayım təşkilatlarının verilişlərini özündə birləşdirən müəlliflik hüququ və əlaqəli hüquqlara, ixtiraları, əmtəə nişanlarını və coğrafi göstəriciləri özündə birləşdirən sənaye mülkiyyətinə və ənənəvi mədəniyyət nümunələrini - folkloru, ənənəvi bilikləri, inteqral sxem topologiyalarını və məlumat toplularını və s. özündə birləşdirən qeyri-ənənəvi əqli mülkiyyətə bölünür. Hüquqların tanınması və qorunması adlandırdığımız fnnksiyalar, sənaye mülkiyyəti istisna olmaqla, Agentliyin vəzifələri dairəsinə daxildir. Müəlliflər öz hüquqlarının sərəncamçılığını sərbəst həyata keçirirlər - bu xüsusi hüquq sahəsidir. Amma bir çox hallarda, məsələn, musiqili, dramatik, audiovizual əsərlərin və istənilən rəqəmli hüquqların idarə olunması müəlliflər tərəfindən yaradılan cəmiyyətlər tərəfindən aparılır. Həmin cəmiyyətlər müəlliflər üçün onların əsərlərindən istifadəyə görə maddi mükafat - qonorar yığırlar. Cəmiyyətlərin fəaliyyətinin, onların təsir seqmentinin tənzimlənməsi, fəaliyyətlərinə nəzarət edilməsi - bütün bunlar da Agentliyin vəzifələrinə daxildir. Bu, hüquqların idarə olunması sahəsidir. Bəllidir ki, hüquqlar pozularkən məhkəmə baxışının predmetinə çevrilir. Bu zaman müəlliflərə hüquqi yardım göstərilməsi, iddiaların təmənnasız olaraq hazırlanması, məsləhət verilməsi, “qaynar xətt”, ekspert rəylərinin hazırlanması, üçüncü şəxs qismində məhkəmələrdə iştirak edilməsi və bir sıra digər işlər də Agentlik tərəfindən həyata keçirilir. Bu isə hüquqların müdafiəsi sahəsidir. Buraya, həmçinin, piratçılıqla mübarizədə koordinasiya işini, müxtəlif seqmentlərdə piratçılığın səviyyəsinin müəyyən edilməsi üzrə bazarda monitorinqlərin aparılmasını və s. aid etmək olar. Bir sözlə, əqli mülkiyyət hüququnun yaranma mənbəyi fərdin təbiətindən irəli gələn əqli fəaliyyətin və cəmiyyətə böyük fayda gətirməsinin dövlət tərəfindən dərk edilməsinin nəticəsidir. Burada “hüquq borcu doğmur, borc bu hüququ doğur”. Müəllif hüquqlarının bir incə məqamı da ondan ibarətdir ki, yaradıcılığa dəstək verərək, bu hüquq sərbəstliyin, azadlığın nəticələrini qoruyur. Özü də yaradıcılıq prosesinin muxtariyyətinə müdaxilə etmədən, çünki yaradıcılıq məkanında hüquq sərhəd qoymağa qadir deyil. Bununla yanaşı, hüququn ümumilik prinsipinə əsaslanaraq müəllif hüquqları və digər əqli mülkiyyət hüquqları cəmiyyətin hər bir üzvünə şamil olunur və bununla hər bir insanın bənzərsizliyini, təkrarsızlığını, unikallığını təsdiqləyir. Bu bir həqiqətdir ki, “kiminsə hüququ, digərinin vəzifəsidir” və digərləri qarşısına qoyulan məhdudiyyət çərçivələri “cəmiyyət-yaradıcı şəxs” tərəflərinin mənafelərinin tarazlığına gətirən sosial kontrakt kimi çıxış edərək, tərəflərin hər birinə fayda gətirir. Odur ki, müəllif-hüquq qanunvericiliyi “kompromislər məcmusuna” çevrilir. Azərbaycanın əqli mülkiyyət sisteminin yaradıcısı və müəllifi Ulu öndər Heydər Əliyevdir. Onun uzaqgörənliyi və Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanın əqli mülkiyyət sahəsində zəngin qanunvericilik bazası yaradılıb. Əqli mülkiyyət sahəsində 9 qanun qüvvədədir. Bunlardan “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” və “Məlumat toplularının hüquqi qorunması haqqında” qanunlar bilavasitə müəllif-hüquq sahəsi ilə bağlıdır və onların idarəçiliyini Respublika Müəllif Hüquqları Agentliyi həyata keçirir. “Patent haqqında” və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunlar sənaye mülkiyyətinə aiddir və onların idarəçiliyini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, kənd təsərrüfatına aid “Seleksiya nailiyyətləri haqqında” qanunun idarəçiliyini isə Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir. Göstərilən qanunlar əqli mülkiyyətin əsas qorunma xəttini təşkil edir. “Haqsız rəqabət haqqında” və “Kommersiya sirri haqqında” qanunlar isə əqli mülkiyyət hüquqlarının ikinci qorunma xəttini təşkil edir və bu qanunların inzibati idarəçiliyi İqtisadi İnkişaf Nazirliyindədir.

- Azərbaycanın əqli mülkiyyət üzrə Uzunmüddətli Milli Strategiyasının hazırlanması hansı məqsəd güdür və bu istiqamətdə hansı işlər görülüb?

- Bu suala cavab verməzdən öncə bir vacib məqama nəzər salmalıyıq. Müasir dövrün çağırışlarından biri ölkəmizin iqtisadi məqsədləri, prioritetləri və resursları bir tərəfdən və digər tərəfdən əqli mülkiyyətin istifadəsi aralarında daha mükəmməl əlaqələrin formalaşması həddindən artıq vacibdir. Yəni, müasir dövrdə əqli mülkiyyət xidmət edən iqtisadi şərtlər və sosial kontekst dilində danışmağı öyrənməlidir. Bu məsələnin yeganə həll yolu əqli mülkiyyət üzrə milli strategiyaların hazırlanmasından ibarətdir.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı dövlətlərin əqli mülkiyyət üzrə milli strategiyalarının formalaşmasına böyük önəm verir və bu sahədə aparılan işləri dəstəkləyir. Bunun da səbəbləri var: Əqli mülkiyyətin milli inkişaf strategiyası özlüyündə başlıca sənəddir, hansı ki, bu və ya digər ölkənin əqli mülkiyyəti tərəfindən yeni çağırışlara cavab verərək, yaranmış yeni problemlərin həlli yollarını araşdıraraq qarşıda duran hədəflərə nail olmaq imkanlarını və istiqamətləri üzə çıxarır. Digər tərəfdən, Milli Strategiyanın hazırlanması kompleks amillərdən asılı olan sistemli işdir. İlk növbədə, milli maraqlara əsaslanaraq və beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycanın Əqli Mülkiyyət proqnoz sistemi qurulmalıdır. Bu proqnoz bir tərəfdən axtarış proqnoza əsaslanmalıdır, yəni əqli mülkiyyət sisteminin inkişaf meyillərinin aşkar edilməsinə və bu evolyusiyanın təhlilini tələb edir. Bir sözlə, proqnoz modelinin gerçəkdən gələcəyə qurulması deməkdir. Digər tərəfdən, normativ proqnoz, yəni ekspertlər tərəfindən müəyyən edilmiş məqsədlərə nail olan yolların və imkanların quruluşu (gələcəkdən gerçəyə).

Milli İnkişaf Strategiyası uzunmüddətli olaraq qısa müddətli Dövlət proqramları və Tədbirlər Planları ilə daim təmasdadır. Bunun başlıca səbəbi ondan irəli gəlir ki, strategiya seçilən məqsədlərə əsaslanan uzun müddətli inkişaf istiqamətini müəyyənləşdirir, Proqram isə Strategiyanın məqsədlərinə nail olan addımlar kompleksidir. Azərbaycan dünyanın ilk dövlətləri sırasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsində Uzunmüddətli Milli Strategiya əsasında müəlliflik hüququ və digər oxşar hüquqları sahəsində 2011-2014-cü illər üzrə Dövlət Proqramının qəbul edilməsinə hazırlaşır. Milli Strategiya və Dövlət Proqramı ÜƏMT və Avropa Komissiyasının əqli mülkiyyət üzrə mütəxəssislərinin iştirakı ilə müzakirə edilmiş və bəyənilmişdir. Proqram təxminən 30 məqsədli istiqamətlərdən ibarət olaraq 90-a qədər konkret tədbirləri özündə cəmləşdirir. Ümumiyyətlə, kompleks şəklində Milli Strategiya Əqli Mülkiyyətin iki ən yayılmış qolunu - müəlliflik hüququ və digər oxşar əqli mülkiyyət və sənaye mülkiyyətini özündə əks etdirməlidir. Odur ki, bu istiqamətdə koordinasiya məqsədi ilə Agentliyin və Standartlaşma, Metrologiya və Patent üzrə Komitənin birgə Komissiyası yaradılıb. Düşünürəm ki, digər aidiyyəti dövlət orqanlarının əməkdaşlığı və birgə dəstəyi nəticəsində bu mühüm iş başa çatdırılacaq.

- Siz tez-tez söyləyirsiniz ki, XXI əsrdə “betona və dəmirə əsaslanan iqtisadiyyat” öz yerini artıq “biliklərə əsaslanan iqtisadiyyata” və ya “kreativ iqtisadiyyata” vermişdir. Bu, nə ilə izah olunur və “kreativ industriya” dedikdə nə başa düşülür?

- Kreativ sənayenin inkişafına və ümumiyyətlə, əqli mülkiyyətin getdikcə artan iqtisadi əhəmiyyətinə dəstək vermək Agentliyin vacib işlərindən biridir. Öncə dünyada gedən tendensiyalardan qısaca məlumat verim. XX əsrin sonunda yaranmış “yeni iqtisadiyyat” informasiya cəhətdən silahlanmış zəkalı, intellektual investor və istehlakçılardan ibarət iqtisadiyyat kimi təsvir etmək mümkündür. “Yeni iqtisadiyyat”ın əsas xüsusiyyətlərindən biri İKT bazarına artan tələbat idi. Bu iqtisadiyyatın digər xüsusiyyəti o idi ki, kommersiya əhəmiyyətinə malik əqli mülkiyyət obyektlərinə də tələbat artmağa başlamaqda idi. Bəllidir ki, əqli mülkiyyət də xüsusi informasiya örtüyünü tələb edir. Getdikcə “yeni iqtisadiyyat” betona və dəmirə əsaslanan iqtisadiyyatı əvəzləyərək, XXI əsrdə “biliklərə əsaslanan iqtisadiyyata” çevrildi və yeni xüsusiyyətlərlə zənginləşərək biliklərin kapitallaşmasını təsdiqlədi. Bununla yanaşı, son illərdə isə texnologiyaların, iqtisadiyyatın və qlobal cəmiyyətin inkişafı əqli mülkiyyətin beynəlxalq institutu qarşısında bir sıra ciddi çağırışlar irəli sürüb. Bunların ən kəskini və ən çox nəzərə çarpanı əqli mülkiyyət fenomenidir və ona artan ictimai diqqətdir. Xüsusiyyət və spesifikasına görə bu fenomen uzun illər kölgədə qalsa da, son iki onillikdə əqli mülkiyyət ictimai diqqətin və təhlillərin fokusuna çevrilmişdir. Əqli mülkiyyətin dünyadakı dəyişmiş iqliminin idarə olunması hal-hazırda ÜƏMT-nin üzv dövlətlərinin prioritet məqsədlərindən birinə çevrilmişdir. Betona və dəmirə əsaslanan iqtisadiyyatın “biliklərə əsaslanan iqtisadiyyata” və ya “kreativ iqtisadiyyata” əvəzlənməsinin də səbəbi əqli mülkiyyət rolunun inqilabi xarakter daşımasıdır. İndi əqli mülkiyyət innovasiyalara, yeniliklərə və yaradıcılığa, innovasiyalı məhsul və xidmətlərin geniş yayılmasına əlverişli mühit formalaşdıran əsas vasitədir. Hazırda isə inkişaf etmiş ölkələrin iqtisadi artım tempinin 80-90%-i yeni biliklər əsasında təmin edilir, ÜDM-də isə inkişaf etmiş ölkələrin mədəni (kreativ) sənayenin payı 5-12%-dir.

Ümumiyyətlə, ÜƏMT tərəfindən aparılan axtarışlarda əqli mülkiyyət, yəni qorunan biliklər və birbaşa investisiyalar arasındakı müsbət əlaqələr müəyyən edilərək göstərilir ki, güclü inkişafda olan ölkələrin ÜDM-dəki investisiyaların payı 35%-ə çatmış, inkişaf etmiş ölkələrdə isə 20%-dən aşağı olmamışdır. Dünya Bankının isə “Dünya inkişaf meyillərin göstəriciləri” son illərdə açıqlanmış hesabatında göstərildiyi kimi, əqli mülkiyyətin qorunması ölkənin iqtisadi vəziyyətindən asılı olmayaraq (istər ən kasıb, istər inkişafda olan və istərsə də inkişaf etmiş ölkə), müvafiq iqtisadi fayda gətirir: ən kasıb ölkələrdə - kənd təsərrüfatında, inkişafda olanlara - sənayedə, inkişaf etmişlərdə - xidmət sektorunda. Makroiqtisadi dəyişikliklərlə yanaşı, mikroiqtisadi dəyişikliklər də nəzərə çarpır. Son 30 ildə əqli mülkiyyət hesabına firmaların maddi-qeyri-maddi aktivlərinin nisbəti 60:40-dan qeyri-maddi aktivlərin xeyrinə dəyişərək 30:70 olmuşdur. Qeyri-maddi aktivlərin 60-65%-i isə ƏM-dən ibarətdir. Onu da qeyd edək ki, biliklərə əsaslanan iqtisadiyyatı çox vaxt “kreativ iqtisadiyyat” da adlandırırlar və bu iqtisadiyyatda aparıcı rolu “kreativ” və ya “mədəni sənayeyə” məxsusdur. Bu yaxınlarda UNKTAD (BMT-nin Ticarət və İnkişaf Konfransı), UNDP (BMT-nin İnkişaf Proqramı), YUNESKO, WIPO və Ticarət Mərkəzi ilə birgə 2010-cu ildə hazırlanmış “Kreativ iqtisadiyyat” Hesabatı açıqlanıb. Bəllidir ki, “kreativ iqtisadiyyat” kreativ industriyaya əsaslanır, yəni, müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayedir. Bu sıraya kompüter və digər İKT məhsulları, kitablar və digər nəşrlər, yeni media, musiqi, film istehsalatı, tətbiqi incəsənət, dizayn və s. daxildir. Hesabatda göstərildiyi kimi, kreativ industriya digər ənənəvi sənaye sahələri ilə müqayisədə dünyanı bürüyən qlobal iqtisadi böhrana qarşı daha böyük müqavimət, davamlılıq göstərə bilib, belə ki, qlobal iqtisadiyyatın bərpasını stimullaşdıran yeni iqtisadi tendensiya, meyil kimi qiymətləndirilib. 2002-2008-ci illərdə kreativ industriya mallarının eksportu 2 dəfə artaraq, 600 mlrd. ABŞ dollarına çatmış, 2008-ci ildə böhran nəticəsində beynəlxalq ticarətin 12 faiz aşağı düşdüyü halda, kreativ industriya məhsulların eksportu 2002-2008-ci illərdə 14 faizlik illik artımla dinamik inkişaf meyilini saxlaya bilib. İnkişafda olan ölkələr kreativ industriya vasitəsi ilə çoxşaxəli iqtisadiyyat yarada bilmişlər. Odur ki, BMT məsləhət görür ki, hər bir dövlət kreativ sənayeni inkişaf etdirsin və bununla sosial-iqtisadi inkişafını təmin etsin. Dünya iqtisadiyyatının davamlı inkişafında əqli mülkiyyətin güclü amil kimi çıxış etməsi Azərbaycanda da müşahidə olunmaqdadır. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında ən dinamik inkişaf edən dövlətlər sırasındadır və dünyanı bürümüş böhran vəziyyətinə baxmayaraq, Azərbaycanın ÜDM-i 2009-cu ildə 9,3 faiz, 2010-cu ildə isə 5 faiz artmışdır. Bu, tarixi nailiyyətdir, çünki Azərbaycan böhran vəziyyətindən minimal itkilərlə çıxaraq yüksək iqtisadi artımı saxlaya bilmişdir. 2010-cu ildə 15,5 milyard dollar yatırım vəsait qoyulmuşdur. Özü də bunlardan 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan, o cümlədən bilik sahəsinə, təhsilə, mədəniyyətə qoyulan yatırımlardır. Bu nisbət 2005-ci ildə neft sektorunun xeyrinə 34,8:65,2 faiz olduğu halda, 2010-cu ildə 70:30 faiz qeyri-neft sektorunun xeyrinədir. Artıq ÜDM-dəki qeyri-neft sektorunun payı neft sektorunun payından kiçik deyil. Azərbaycan iqtisadiyyatının davamlı inkişafı üçün böyük miqdarda sərmayələrin tələb olunduğunu və həmin investisiyalarının təhlükəsizliyinin təmin edilməsi, habelə bunların əqli mülkiyyət hüquqlarının qorunma səviyyəsi arasındakı sıx əlaqəsi Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində öz bəhrələrini verir. Belə ki, əqli mülkiyyət sahəsi prioritet istiqamətlərin birinə çevrilib.

Bir sözlə, ölkə başçısının dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan keçid dövrünü bitirərək artıq inkişafda olan dövlətlər sırasına daxil olmuşdur.

Azərbaycanın dinamik iqtisadi inkişafı “biliklərə əsaslanan iqtisadiyyat” üçün zəmanət yaratmışdır. Müəllif Hüquqları Agentliyinin araşdırmaları göstərir ki, kreativ industriyanın ÜDM-dəki payı 2,4 faizdən 3,6 faizə yüksəlmişdir və 2003-cü ilə nisbətən 2009-cu ildə 5 dəfədən çox artmışdır və əksər yüksək templə inkişafda olan ölkələrlə, hətta inkişaf etmiş ölkələrlə müqayisəlidir. Davamlı iqtisadi artım Solou modeli əsasında aparılan araşdırmalar göstərir ki, texnoloji nailiyyətlər və elmi-texniki tərəqqi hesabına ÜDM-dəki artım (buna yenilikçilik Solou indeksi deyilir) 2000-2004-cü illərdə 2004-2008-ci illərlə müqayisədə 7,2 faizdən 20,6 faizə qədər yüksəlmişdir. Bütün bunlar Agentlikdə yaradılan xüsusi model və metodikalar əsasında hesablanıb. Bu rəqəmlər təsadüfi deyil. “Biliklərə əsaslanan iqtisadiyyatın” aparıcı qüvvələrindən biri əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sistemidir. Bunların təsdiqi kimi Agentlikdə yaradılmış xüsusi metodika əsasında müəyyən edilmişdir ki, ÜDM-in həcminin artmasında siyasi sabitlik və qanunçuluğa riayət edilməsi, düzgün fiskal və monetar siyasət aparılması və əlverişli investisiya mühitinin yaradılması ilə yanaşı, əqli mülkiyyət faktorunun da mühüm rolu olmuşdur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, məqsədimiz “qara qızıl”ı insan sərvətinə çevirməkdir, xalqımızın intellektual kapitalını ən yüksək zirvələrə çatdırmaqdır.

- KİV-də yayılan məlumatlardan görünür ki, Müəllif Hüquqları Agentliyi erməni plagiatçılığına qarşı fəal mövqedən çıxış edir, lakin erməni oğurluqları səngimir. Bunun səbəbləri nədən irəli gəlir?

- Əqli mülkiyyət bilik sahəsinin, mədəniyyətin və iqtisadiyyatın inkişafına xidmət edir. Lakin bədnam qonşularımız tərəfindən bu sahəyə ciddi zərbələr vurulur. Erməni plagiatından, riyakarlığından, absurdlarından danışanda, ilk növbədə, onun köklərinə nəzər salmaq lazımdır. Cənubi Qafqazda gəlmə etnos olan ermənilərin “böyük Ermənistan” mifik xülyası və torpaqların əsl sahibi olan xalqın maddi və qeyri-maddi mədəni irsini mənimsəmək və erməniləşdirmək iddiası açıqlanmalıdır. Bəllidir ki, ermənilər tarixdə olmayan “böyük Ermənistan” və “böyük erməni mədəniyyəti” niyyətlərini reallığa çevirmək üçün bir sıra çirkin üsullara əl atırlar. Ermənilərin intellektual və maddi mədəniyyət oğurluqları, tarixi-coğrafi uydurmaları və saxta tarix formalaşdırmaları “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsinə” çevrilmişdir. Ermənilər özlərinə mədəniyyət yaratmaq üçün dastan, bayatı, atalar sözləri, nağıl və lətifələrimizi, aşıq yaradıcılığını, musiqi, mahnı və rəqslərimizi mənimsəyir və “özününküləşdirir”, xalçalarımızı və onların naxışlarını, mətbəx reseptlərimizi və xörəklərimizin adlarını özlərinə çıxırlar. Daş-at və Daş-balıq abidələrimizin ermənilərə aid olmasını “sübut” etmək üçün “dənizkənarı” ermənilər, “atlı” ermənilər, tarixdə bəlli olmayan erməni çarları sülaləsi və Gəmiqaya barədə uydurmalar və absurd fikirlər irəli sürürlər. Nizaminin Şirininin erməni, Xosrov Pərvizin sarayındakı musiqiçilərin başçısı Sərkeşin “Sarkis” olması, Möminə-Xatun türbəsinin “ermənilər tərəfindən tikilməsi” və Dədə Qorqudun müəyyən fəsillərinin ermənilər tərəfindən yazılması haqqında absurd “elmi-tarixi fikirlər” də ermənilərin “yaradıcılığıdır”. Bu gün, üstəlik Bakı şəhərinin yaranması və tikilməsini də erməniçilik öz adına çıxarır. Bütün bunlara qarşı geniş cəbhədə mübarizə aparmaq borcumuzdur. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Mən dəfələrlə demişəm və təkrar edirəm ki, biz informasiya hücumuna keçməliyik”. Ölkə başçısının bu sözlərinə əməl edərək erməni oğurluqlarına qarşı müdafiə mövqeyindən imtina edib, hücum mövqeyini seçərək ermənilərin əməllərini, oğurluq ənənələri onların öz dili ilə və mənbələri əsasında ifşa etməyə çalışırıq. Agentlikdə hazırlanmış erməni plagiatçılığını ifşa edən “Gəldim, gördüm,... mənimsədim” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birlikdə ingilis və fransız dillərində yenidən nəşr edilmiş, Agentliyin məsləhəti və dəstəyi ilə Azərbaycan, ingilis, rus və türk dillərində “Azərbaycan musiqi alətləri” və “Uydurulmuş tarixdə erməni soyqırımı” kitabları bir neçə dildə çapdan çıxarılmışdır. “Armyanskiye inarodnıe skazki” (“Erməni yadelli nağılları”) kitabı isə rus və ingilis dillərində yenidən çap edilmiş, Azərbaycan və türk dillərində isə çapa hazırlanmışdır.

Ancaq bu gün bir daha qeyd etməliyik ki, Azərbaycan ərazisinin 20 faizi işğal altındadır və Ermənistan tərəfindən buradakı mədəni irsimizin maddi nümunələri talan edilir, üstəlik, qeyri-maddi, mədəni irsimiz, mədəni ənənələrimiz, hətta müəlliflik hüququ ilə qorunan əsərlərimiz mənimsənilir. Lakin bu, Azərbaycan mədəniyyətinə vurulan yeganə zərbə deyil. Bildiyiniz kimi, mədəni ənənələrdə etnosun həm təbii-bioloji, həm də yaradıcı - mənəvi gücü və qüdrəti təbiət və doğma torpaqla bağlıdır, müvafiq coğrafi arealda inkişaf edərək qorunub saxlanılır.

“İnsan - yaşadığı iqlim və məkan”, “bədii şüur - doğma torpaq”, “yaradıcı təfəkkür - təbiət” kimi etnoloji və etnoqrafik üzvü əlaqələr yaradıcılığı və mədəni ənənəni yaşatdırır. 1 milyon qaçqın və köçkünü olan azərbaycanlılar öz coğrafi məkanında yaradıcılıq və ənənələrini yaşatmaqdan da məhrum olub. Azərbaycanın təkrarolunmaz guşəsində, dünya ictimaiyyəti tərəfindən konservatoriya kimi qəbul edilmiş Qarabağda musiqi mədəni ənənələrimizi yaşatmaq mümkün olmur. Bu isə Azərbaycanın mədəni müxtəlifliyinə vurulan digər zərbədir.

Nəhayət, liberalizmin klassiki Fridrix fon Xayekin dediyi kimi mədəni ənənələr, instinkt və zəka arasında yerləşərək, instinktdən nisbətən cavan, zəkadan isə daha qədimdir. Belə ki, mədəniyyət nə təbii, nə də süni məhsuldur, ortaq bir yaranmadır. Xayekin göstərdiyi və son elmi araşdırmalar əsasında təsdiqini tapmış mədəni ənənələrin daxili qüdrəti ilə yanaşı, böyük iqtisadi gücü də vardır. Bunların təbii yaranma və inkişaf yolu müəyyən ərazidə iqlim, flora, faydalı qazıntıların yoluna bənzəyir və tarixi proses bu ənənələri vacib təbii resursa və milli sərvətin çox dəyərli hissəsinə gətirib çıxarır. Bununla ənənələr nəinki mədəni, eləcə də, iqtisadi, ərazi inkişafı alətinə çevrilir. Bu da bizə işğalçı siyasət nəticəsində vurulan digər zərbədir. Odur ki, ərazilərimizə göz dikən, “Böyük Ermənistan” xülyası ilə yaşayanlara və ərazi iddialarını “əsaslandırmaq” üçün maddi və qeyri-maddi irsimizə təcavüz edərək, “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsinə” çevirənlərə qarşı mübarizə aparılıb və aparılacaq. Çünki “mədəniyyətin qəlbi, qəlbin mədəniyyətidir”sə, işğalçı qəlbinə mədəniyyət yaddır. Erməniçiliyin çirkin əməllərini ifşa etmək məqsədi ilə bayaq qeyd etdiyim qabaqlayıcı tədbirlərlə yanaşı, digər işlər də aparılır. Misal üçün bu yaxınlarda, aprel ayında Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı ilə birgə keçirdiyi konfransın “Müəlliflik hüququ, mədəni hüquqlar və insan haqları: erməni riyakarlığı” mövzusuna həsr edilməsi təsadüfi deyil. Erməni ədəbi oğurluqlarının ifşa edilməsi, bu sahədə işlərin sistemli, ardıcıl və peşəkar səviyyədə aparılması Agentliyin fəaliyyətinin ən vacib istiqamətlərindən biridir. Və yaxud 26 apreldə keçirilən birbaşa web-yayım istifadə olmaqla beynəlxalq simpozium tanınmış alim və mütəxəssislərin geniş spektrə malik olan çıxışları erməni uydurmaları və saxtakarlıqlarına qarşı bizim etiraz səsimiz idi. Uzun illər boyu gizli saxlanmış bir çox həqiqətlərin açılmasına müxtəlif yollarla maneə törədən erməniçiliyin iç üzü və riyakarlıqları mənbələr və elmi sübutlar əsasında göstərilmişdir. Bu məruzələrdə ermənilərin qədim və müasir dövrə aid tarixi yalanları, ərazi iddiaları və coğrafi uydurmaları, maddi və qeyri-maddi, mədəni irsimizə təcavüzü və mənimsəmələri haqqında elmi əsaslı məlumatlar səslənmişdir və üç dildə yayılmışdır. Ümumiyyətlə, ermənilərin oğurluq faktlarının ifşası üçün müxtəlif üsullardan istifadə edirik. Məsələn, folklor nümunələrimizin ermənilər tərəfindən oğurlanması faktları barədə dəfələrlə ÜƏMT-yə, YUNESKO-ya və digər beynəlxalq təşkilatlara məlumatlar göndərmişik. Bu mövzuda genişformatlı konfransların təşkili, erməni plagiatçılığı barədə çoxsaylı məqalələrin dərc edilməsi də aparılan işin tərkib hissəsidir. Bununla belə, hesab edirəm ki, əsas iş mədəni irsimizin təbliğidir və bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etməliyik.

Biz çalışmalıyıq ki, 11 il ərzində bir yekuna gələ bilməmiş ÜƏMT-nin Əqli Mülkiyyət və Genetik Resurslar, Ənənəvi Biliklər və Folklor üzrə hökumətlərarası komitəsi bu il beynəlxalq Konvensiya mətnini qəbul etsin və bu Konvensiyaya qoşulan dövlətlər öz üzərinə müvafiq öhdəliklər götürməli olsun. Məsələ ondadır ki, Azərbaycan Avropa məkanında ilk dövlətdir ki, 2003-cü ildən başlayaraq öz folklor nümunələrini qanun səviyyəsində qoruyur. Beynəlxalq Konvensiyaya hazır olmaq məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanuna dəyişikliklər Milli Məclisdə qəbul edilib. Dəyişikliklər qəbul edildikdən sonra Azərbaycan folkloru nümunələrindən Azərbaycan Respublikasının hüdudlarından kənarda başqa dövlətlərin hüquqi və fiziki şəxsləri kommersiya məqsədləri ilə istifadə etdikdə müvafiq icra hakimiyyəti orqanından icazə almalı və istifadəyə görə haqq ödəməlidirlər. Haqqın məbləği və ödəniş qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Bununla yanaşı, Agentliyin təklifi əsasında 2010-cu ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna bəzi dəyişikliklər edilmişdir.

 

 

Yeni Azərbaycan.- 2011.- 18 may.- S.8.