Azərbaycan kardioloqları
dünya kardiologiya sahəsinə ciddi töhfələr verəcəklərinə
əmindirlər
Kamran Musayev: Prezident İlham Əliyevin
apardığı siyasətin nəticəsində Azərbaycan
kardiologiya və ürək-damar cərrahiyyəsi bu gün
dünya ilə rəqabət aparacaq səviyyəyə
yüksəlib
Mayın 13-dən 15-dək
“Gülüstan” sarayında II “Bakı Ürək Günləri”
beynəlxalq konqresi keçirildi. Tədbirdə
dünyanın 25 ölkəsindən 600-dən artıq
nümayəndə iştirak edirdi. Üç gün davam edən
toplantıda kardiologiya və ürək-damar cərrahiyyəsi
sahəsində dünyada qazanılan üstün təcrübə,
ən son yeniliklər barədə fikir mübadiləsi
aparıldı. Tədbirin təşkilatçısı olan
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin
sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi
Kamran Musayev konqreslə bağlı təəssüratlarını
əməkdaşımızla bölüşüb.
- Kamran müəllim konqresin
keçirilməsində əsas məqsəd nə idi?
- Bildiyiniz kimi, Azərbaycan
Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC)
2004-cü ildə təsis edilib. Cəmiyyəti yaratmaqda əsas
məqsədimiz o idi ki, Azərbaycanda kardioloqları və
ürək-damar cərrahlarını bir araya toplayıb,
AÜDCC-nin bayrağı altında onların fəaliyyətini
təşkil edək, eləcə də, həkimlərimizin
elmi-praktik səviyyələrini yüksəldə bilək.
Müasir dövrdə bunun ən asan yollarından biri də,
məhz, belə elmi-praktik tədbirlərin keçirilməsi,
eləcə də, kardioloqlarımızın xarici ölkələrdə
təşkil olunan analoji tədbirlərdə
iştirakını təmin etməkdir. Elə bu məqsədlə
də ölkəmizdə “Bakı Ürək Günləri”
adı altında konqres keçirməyə qərar verdik və
buna nail olduq. Artıq ikinci dəfədir ki, bu
missiyamızı uğurla həyata keçirə bilirik.
- Maraqlıdır, bəs nə
üçün konqresi Ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr etməyə qərar verdiniz?
- Konqresi Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin anadan
olmasının ildönümü ərəfəsində təşkil
etməyimiz heç də təsadüfi deyil. Yeri gəlmişkən
qeyd edim ki, iki il əvvəl təşkil etdiyimiz analoji konqres
Ulu öndərimizin anadan olmasının 86-cı
ildönümünə, builki tədbirimiz isə Ümummilli
liderimizin anadan olmasının 88-ci ildönümünə həsr
olunmuşdu. Mən belə hesab edirəm və inanıram ki,
bugünkü Azərbaycan kardiologiyası və ürək-damar
cərrahiyyəsi, ümumilikdə götürdükdə isə,
Azərbaycan tibb sahəsinin bu gün gəldiyi yüksək səviyyə
məhz Ulu öndərimizin adı ilə bağlıdır,
Onun uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Hələ
respublikamıza birinci dəfə rəhbərlik etdiyi illərdə
Ulu öndər Heydər Əliyev digər sahələrdə
olduğu kimi, tibb kadrlarının hazırlanmasına da
çox ciddi diqqət verirdi. Gənclərimizin
keçmiş SSRİ-nin aparıcı tibb universitetlərində
təhsil almalarını təmin edirdi. O, əmin idi ki, həmin
tələbələr 5 ildən, 10 ildən sonra yüksək
ixtisaslı kadrlar kimi respublikamıza dönəcək və
soydaşlarımızın sağlamlığının
keşiyində dayanacaqlar. Ulu öndərimiz xalqın təkidli
tələbi ilə ikinci dəfə respublikamıza rəhbərliyə
gələndə Azərbaycanda vəziyyət çox gərgin
idi. Ölkə demək olar ki, vətəndaş müharibəsi
ilə üz-üzə dayanmışdı. Lakin Onun
müdrik siyasəti nəticəsində, tez bir zamanda ölkədə
stabillik bərqərar oldu, cəbhədə atəşkəs
elan edildi, ordu quruculuğuna başlanıldı. Ölkə
iqtisadiyyatının dirçəldilməsinin təməli
qoyuldu. Sözsüz ki, həmişə olduğu kimi, kadr
hazırlığı məsələsi yenə də
Ümummilli liderimizin diqqətindən yayınmadı. Hər
zaman olduğu kimi, səhiyyə sahəsinin dirçəldilməsi,
milli kadrların hazırlanması yenidən diqqət mərkəzində
oldu. Gənclərimiz yenidən ali tibb təhsili almaq
üçün dünyanın nüfuzlu universitetlərinə
göndərildilər. Məhz Ulu öndərin ikinci dəfə
siyasi hakimiyyətə gəlişindən sonra atılan həmin
təməllərin üzərində inkişaf edən Azərbaycan
səhiyyəsi, o cümlədən, kardiologiya və ürək-damar
cərrahiyyəsi bugünkü səviyyəsinə yüksəlmişdir.
Ulu öndərimizin siyasətini uğurla davam etdirən
möhtərəm Prezidentimiz İlham Əliyevin ölkədə
apardığı məqsədyönlü siyasət nəticəsində
bu gün artıq Azərbaycan kardiologiyası və kardiocərrahiyyəsi
dünya ilə rəqabət aparacaq səviyyəyə
yüksəlib. Təvazökarlıqdan uzaq da olsa, deyərdim
ki, respublikamızda öz inkişaf tempinə görə
kardiologiya və kardiocərrahiyyə səhiyyə sahələri
arasında ilk sıradadır.
- Yeri gəlmişkən,
Ümumdünya Səhiyyə Təşkilatının
hesabatlarında dünyadakı ölüm hallarının 50
faizdən çoxunun məhz ürək
çatışmamazlığı xəstəliyi
ucbatından baş verdiyi göstərilir. Bəs Azərbaycanda
bu statistika necədir?
- Tamamilə doğru deyirsiz.
Çox təəssüf ki, tibb elminin bu qədər
inkişafına rəğmən, dünyada ölümə və
hətta əlilliyə səbəb olan xəstəliklər
ararsında ürək-damar xəstəlikləri birinci
sırada gəlir. Dünya üzrə ümumi ölüm
hallarının 50-60 faizi məhz bu xəstəlik
ucbatından baş verir. İkinci sırada isə onkoloji xəstəliklər,
o cümlədən, şiş xəstəliyi gəlir. Amma
Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) 2010-cu il üçün
açıqladığı statistikaya diqqət yetirsək,
onkoloji xəstəliklərlə müqayisədə ürək-damar
xəstəliklərindən ölənlərin sayı
arasında ən azı iki dəfədən artıq fərq
olduğunu görərik. Bu hal, təbii, Azərbaycanda da
müşahidə olunur. Konqresin açılışında
çıxış edən səhiyyə nazirinin müavini
Elsevər Ağayevin də söylədiyi kimi ötən il
respublikamızda 29400 insan ürək xəstəliyi nəticəsində
dünyasını dəyişmişdir. Keçən il qeydə
alınmış ölüm hallarına diqqət yetirsək,
bu xəstəlikdən ölənlərin sayının,
dünyadakı tendensiyaya paralel olaraq, birinci sırada
olduğunu görərik. Təkcə ötən il 105 min nəfər
yeni ürək xəstəsi qeydə
alınmışdır. Bu isə göstərir ki, dünya
ölkələrində olduğu kimi, Azərbaycan
üçün də bu xəstəlik çox aktualdır və
bütün səhiyyə təşkilatlarımızın ən
vacib diqqət yetirməli olduğu sahə də elə, məhz,
kardiologiya və ürək-damar cərrahiyəsidir.
- Statistikadan söhbət
düşmüşkən, bəs, ürək-damar xəstəliyinin
yaş dövrü haqda nə demək mümkündür? Bu
xəstəlik respublikamızda “cavanlaşırmı”?
- Ümumiyyətlə,
ürək-damar xəstəlikləri, əsasən, nisbətən
yaşlı nəslə məxsus olan xəstəlikdir. Həm
bizim, həm də xarici ölkələrdəki həmkarlarımızın
müayinə və müalicə etdiyi xəstələrin
böyük əksəriyyəti yaşlı nəslin
nümayəndələridir. Amma təəssüflə qeyd
etmək istərdim ki, bu xəstəliyin yaşı həm
respublikamızda, həm də dünyada getdikcə
“cavanlaşır”. Biz indi daha cavan xəstələri
müayinə və müalicə edirik. Burada söhbət
uşaqlarda rast gəlinən anadangəlmə qüsurlardan
getmir, bu ayrı bir söhbətin mövzusudur. Dünya alimlərinin
gəldiyi qənaət belədir ki, ürək-damar xəstəliyinin
“cavanlaşmasının” əsas səbəbi XXI əsrdə
insanların daha çox stressli, yüksək temperamentli bir həyat
tərzi yaşaması, qidalanma rejiminə diqqət yetirməməsi,
fiziki aktivliyin, təəssüf ki, azlıq təşkil etməsi,
tütün məmulatları və alkoqollu içkilərə
alüdəçilik, eləcə də, hazır qidalardan
daha artıq miqdarda istifadə edilməsidir. Bütün bunlar
son nəticədə ürək-damar xəstəliklərinin
daha da “cavanlaşmasına” gətirib çıxarır.
- Sizcə, Bakıda
keçirilən bu tədbirin səviyyəsi, eləcə də,
konqresdə müzakirə olunan məsələlər, dinlənilən
məruzələr dünya ölkələrində
keçirilən analoji toplantılarla eynilik təşkil
edirdimi?
-Tam səmimiyyətlə və
əminliklə söyləyə bilərəm ki, bəli, II
“Bakı Ürək Günləri” beynəlxalq konqresi hər
cəhətdən - istər iştirakçılar
baxımından, istər müzakirə olunan məsələlər
baxımından - dünyada keçirilən bu tip konqreslərlə
eynilik təşkil edirdi. Bunu iki cəhətdən dəyərləndirmək
lazımdır. Birincisi, bu, nəticə etibarilə bir elmi
konqres idi. Bizim burada müzakirə etdiyimiz məsələlər
kardiologiya və ürək cərrahiyyəsi sahəsinin ən
aktual mövzuları idi. Biz bir tərəfdən amerikalı
həmkarlarımızla ürək köçürülməsi
sahəsində ən son nailiyyətləri müzakirə edərkən,
digər tərəfdə Belçikadan gəlmiş həmkarlarımız
robotlarla ürək cərrahiyyəsinin aparılmasından
danışırdılar. Və ya başqa sessiyada hazırda
dünyada hansı xəstələrin necə açıq əməliyyata
ehtiyacı olmadan müalicə olunmasını müzakirə
edirdik. Bu məsələlər dünyanın istənilən
yerində keçirilən analoji konqreslərin əsas
mövzularıdır. Mən, Amerika və Avropa Ürək Cərrahiyyəsi
cəmiyyətlərinin üzvü kimi, vaxt tapdıqca ildə
ən azı iki-üç dəfə ABŞ və digər
ölkələrdə keçirilən konqreslərdə
iştirak edirəm.Tam əminliklə söyləyə bilərəm
ki, Bakıda müzakirə olunan mövzular dünya tibb elmini
narahat edən ən aktual məsələlərə həsr
olunmuşdu.
İkinci isə, konqresin təşkilatı
işini xüsusi olaraq qeyd etmək istərdim. Toplantıda iştirak
edən xarici qonaqlar öz çıxışlarında dəfələrlə
vurğuladılar ki, Bakıdakı tədbir, həm
iştirakçıların sayı və tərkibinə
görə, həm də müzakirə olunan mövzular
baxımından çox yüksək səviyyədə təşkil
olunub.
Sadəcə bir faktı qeyd
etmək istərdim ki, bizim konqresdə rəsmi qeydiyyatdan
keçən iştirakçıların sayı 1400 nəfərdən
artıq idi. Dünya praktikası belədir ki, əgər tədbir
üçün 1000-dən artıq iştirakçı
qeydiyyatdan keçibsə, bu, artıq beynəlxalq konqres hesab
olunur və dünya üzrə uyğun kataloqlara
düşür.
- Bəs dünyada
tanınmış kardioloq-alimlərin konqresdə
iştirakı haqda nə deyə bilərsiniz?
- Builki konqresdə 24 ölkədən
170-dən artıq xarici alim-kardioloqlar iştirak edirdilər.
Bunların sırasında ABŞ-dan gəlmiş, dünyada
ürək xəstəlikləri sahəsində ilk sıralarda
olan xəstəxananın cərrahı və direktoru professor
Riçard Daly da vardı. Mənə elə gəlir ki,
kardiologiya və ürək-damar cərrahiyyəsi ilə
maraqlananlar üçün bu ad kifayət qədər
tanışdır. Bundan əlavə, dünyada ən
çox ürək köçürmüş cərrahlardan
biri - İngiltərədən olan professor-doktor Asghar Khaghani
konqres iştirakçıları arasında idi. Digər
qonağımız isə Belçikadan olan professor Jean-Luis
Jansens- dünyada robotla ən çox ürək əməliyyatı
icra etmiş mütəxəssisdir. Siyahını uzadıb
vaxt aparmaq istəməzdim. Qısası onu deyə bilərəm
ki, Bakı konqresində iştirak edənlər, öz ölkələrində
bu sahədə məşhur olan, dünyanın bir nömrəli
avtoritet sahibi olan alimlər, bu işin ən qabaqcıl həkimləri
idilər.
- Bəs Azərbaycanda bu sahədə
vəziyyət necədir? Kadr potensialımızı nəzərdə
tuturam..
- Əlbəttə, ürək-damar
xəstəliklərinin müalicəsində ölkədə
lazımi kadr potensialının olması bu sahənin
inkişafının ən vacib şərtidir. Bəs, bir qədər
əvvəl, əbəs yerə o ifadəni işlətmədim
ki, Ulu öndərimizin uzaqgörən siyasəti respublikada lazımi
sayda tibb mütəxəssislərinin hazırlanmasını
da əhatə edirdi. Əgər bu siyasətin nəticəsində
biz həkimlər ötən əsrin 90-cı illərinin əvvəllərində
təhsil almaq üçün xarici ölkələrə
göndərilməsəydik, 2000-ci illərdən sonra ölkədə
yüksək ixtisaslı kadrları tapmaq müşkül
olardı. Mən özüm Türkiyədə təhsil
almışam, İstanbul Universitetinin məzunuyam. Ürək-damar
cərrahiyyəsi üzrə rezidentura müdafiə işlərini
də Türkiyədə bitirmişəm. Bir müddət
İstanbul, daha sonra isə Londonda fəaliyyət göstərmişəm.
90-cı illərdə xaricə
təhsil almaq üçün göndərilən tələbələr
artıq 2000-ci illərin əvvəllərində vətənə
qayıdaraq öz bilik və bacarıqları ilə səhiyyəmizin
inkişafına töhfələr verməyə
başladılar, müstəqil Azərbaycanımızda
kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına
səbəb oldular. Sonrakı illərdə bu kadrların
sayı daha da artmağa başladı. İndi onlar özləri
Azərbaycanda kadrlar yetişdirməkdədirlər. Əgər
10 il geriyə baxsaq, müqayisə aparsaq, indi respublikada ürək-damar
cərrahiyyəsi sahəsi üzrə yetərincə kadrlarımızın
olduğunu görərik. Mən inanıram ki, bizim dövlətimiz
səhiyyə islahatlarını bu şəkildə davam etdirəcəyi
təqdirdə, 5 ildən sonra ölkəmizdə kardiologiya və
ürək-damar cərrahiyyəsi sahəsində kadr
hazırlığı bügünkündən qat-qat
üstün olacaqdır.
- Yəni, başqa sözlə
desək, bu gün respublikadakı mövcud xəstəxanalarda
ürək cərrahiyyəsi sahəsində problemlər
aradan qalxıb və bu tip xəstələrin müalicə
üçün daha xarici ölkələrə getməyə
ehtiyacı qalmayıb?
- Tam əminliklə deyə
bilərəm ki, bu gün heç bir ürək əməliyyatı
üçün xarici ölkəyə getməyə ehtiyac
yoxdur. Bu gün respublikamızda, təkcə Mərkəzi
Klinik Xəstəxanada (MKX) deyil, bir sıra digər tibb mərkəzlərində
də kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində
çox uğurlu əməliyyatlar aparılır və onlar
dünya standartlarına uyğun şəkildə icra
olunurlar. Artıq bizim vətəndaşlarımızın əməliyyat
üçün xarici ölkələrə getmələrinə
ehtiyac qalmayıb. Çox yaxşı xatırlayıram,
2000-2001-ci illəri. O zaman, MKX-da fəaliyyətə
başladığım ilk illərdə, belə xəstələrimizin
böyük əksəriyyəti xaricə üz tuturdular.
Sevindirici haldır ki, üstündən 10 il keçdikdən
sonra respublikada vəziyyət tamamilə dəyişib.
İndi xəstələrimiz ölkəmizdə müayinə
və müalicə olunmağı üstün tuturlar. Bu zaman
həm pullarına qənaət etmiş olurlar, həm də
vaxtlarına. İndi ürək-damar xəstələrinin cərrahiyyə
əməliyyatı üçün xaricə üz
tutulmasına çox nadir hallarda rast gəlirik. Amma
ümumilikdə götürdükdə, xəstələrimiz,
başda MKX olmaqla, yerli şəraitdə müalicə
olunmağa üstünlük verirlər.
Və indi biz tam tərsini
söyləyirik. Azərbaycan həkimlərinin kardiologiya və
ürək-damar cərrahiyyəsi sahəsində
qazandıqları uğurların nəticəsidir ki, bu
gün qonşu dövlətlərdən olan xəstələr
əməliyyat olunmaq üçün ölkəmizə
üz tuturlar. Mənim MKX-da əməliyyat etdiyim xəstələr
arasında ABŞ, İngiltərə, Hindistan, Pakistan, Rusiya,
Ukrayna və digər ölkələrin vətəndaşları
da var. Doğrudur, onlar burda çalışan və müvəqqəti
yaşayan xarici ölkə vətəndaşlarıdır. Hətta,
əməliyyat etdiyim xəstələr sırasında xarici
ölkələrin səfirləri də var. Bu da faktdır
ki, əgər onlar burada əməliyyat olunmağa
razılıq verirlərsə, demək Azərbaycan həkimlərinin
peşəkarlığına etibar edirlər. Bundan əlavə,
əməliyyat etdiyimiz xəstələr arasında Orta Asiya
respublikalarından gələnlər də var. Doğrudur, bəzən
belə söz-söhbətlər eşidirik ki, guya bizdə əməliyyatlar
çox bahadır. Amma tam səmimi söyləyirəm, Azərbaycanda
ürək-damar cərrahiyyəsi sahəsində aparılan əməliyyatlar
xarici dövlətlərdə, o cümlədən, Türkiyədə
aparılan əməliyyatlardan qat-qat ucuz başa gəlir.
Yeri gəlmişkən,
söyləyim ki, doğrudur, Azərbaycan ürək
köçürülməsi, süni ürək qoyulması
əməliyyatlarına hələlik öz imzasını
atmayıb. Amma MKX-da bununla bağlı xüsusi bir proqram
hazırlanıb. Hazırda bu iş artıq son mərhələsinə
gəlib çatıb. Biz artıq süni ürək cihazlarını
ölkəyə gətirmişik. Əminəm ki, çox
yaxın vaxtlarda xəstələrə süni ürək
cihazlarının implantasiyasına da başlaya biləcəyik.
- Kamran müəllim, konqresdə
diqqət çəkən məqamlardan biri də burada
türkdilli ölkələrdən olan çoxlu mütəxəssislərin
iştirak etməsi idi. Gələcəkdə həmin mütəxəssisləri
birləşdirən vahid bir qurum yaratmaq niyyətiniz varmı?
- Bəli, belə bir fikrimiz
var. Buna həm biz, həm də Türkiyə və Orta Asiya
respublikalarından olan həmkarlarımız tərəfdardırlar.
Ötən ilin oktyabrında Antalyada keçirilən
Türkiyə Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin
konqresində həmin respublikalardan olan nümayəndələr
toplaşaraq, Türk Dünyası Ürək-Damar Cərrahiyyəsi
Birliyi adı altında konfederativ bir təşkilatın
yaradılması haqda qərar verdilər, bunun
üçün ilkin müzakirələr aparıldı.
Bakıda keçirilən bu konqresdə isə biz təkrar
toplaşaraq yenidən bu məsələni müzakirə
etdik. Əminəm ki, Bakı görüşündən sonra
bu istiqamətdə daha bir inamlı addım atılmış
oldu və çox yaxın illərdə biz
qarşımıza qoyduğumuz bu məqsədə nail ola biləcəyik.
- Adətən analoji beynəlxalq
tədbirlərdə səslənən məruzələr
sonradan kataloq halında nəşr olunur. Bu sahə ilə
maraqlanan mütəxəssislər internet vasitəsi ilə həmin
materiallarla tanış olurlar...
- Sözsüz, bizim konqres də
tam şəkildə beynəlxalq standartlar səviyyəsində
təşkil olunmuşdu. AÜDCC-nin saytından əlavə,
ötən ilin dekabrında konqresə məxsus
“www.bakuheartdays.az” ünvanlı ayrıca bir sayt
yaradılmışdı ki, burada konqresdə səslənəcək
məruzələr, müxtəlif hesabatlar yerləşdirilmişdi.
Bundan əlavə, kitab şəklində çap olunmuş həmin
məruzələri qeydiyyat zamanı konqres
iştirakçılarına paylanılırdı ki,
iştirakçılar həmin məruzələrdən daha
çox yararlana bilsinlər. Hesab edirəm ki, yerli mütəxəssislərimiz
həmin məruzələrdən çox fayda əldə etdilər.
Əgər ümumiləşdirsək, deyə bilərəm
ki, II “Bakı Ürək Günləri” beynəlxalq konqresi Azərbaycan
kardiologiyası və ürək-damar cərrahiyyəsinin
keyfiyyətcə yeni mərhələyə keçməsinə
səbəb oldu. Və inanıram ki, artıq II “Bakı
Ürək Günləri” konqresindən sonra, özüm də
daxil olmaqla, bütün azərbaycanlı mütəxəssislər
öz praktik fəaliyyətimizdə mütləq müəyyən
şeyləri dəyişdirəcəyik, burada
topladığımız təcrübəni öz əməli
işlərimizdə tətbiq edəcəyik.
- Maraq doğuran məsələlərdən
biri də o idi ki, konqres iştirakçıları
arasında gənc həkimlər üstünlük təşkil
edirdi. Bunu necə şərh edərdiniz?
- Məsələyə
ümumi yanaşsaq, respublikamız gənc olduğu kimi,
kardiologiya sahəsi də gəncdir. Odur ki, ölkəmizdə
kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində
çalışan həkimlərimiz də nisbətən gənc
nəslin nümayəndələridir. Bunu çox müsbət
hal kimi qiymətləndirirəm. Digər tərəfdən isə
gənc həkimlərimizin bu konqresə belə böyük
maraq göstərməsini məni çox fərəhləndirir.
Azərbaycan kardiologiyasının gələcəyi
üçün mən çox ümidliyəm. Və bizim
konqresin faydalarına gəldikdə isə, hesab edirəm ki,
burada bir çox elmi-praktiki nəticələr oldu. Birincisi,
Azərbaycandan olan həmkarlarımız kardiologiya və
ürək-damar cərrahiyyəsi sahəsində dünyada
tanınmış mütəxəssislər-alimlərlə
birbaşa təmasda olmaq şansı əldə etdilər,
onların fikirləri ilə tanış oldular, ikitərəfli
əməkdaşlıq, münasibətlər qurmaq fürsəti
qazandılar. İkincisi isə, kardiologiya və ürək-damar
cərrahiyyəsinin ən aktual problemlərini dünyanın
bu sahədəki qabaqcıl mütəxəssisləri ilə
birgə müzakirə etmək fürsəti qazandılar.
Konqresdə hər məruzədən sonra, sual-cavab
bölümü olurdu və hesab edirəm ki, bu müzakirələrdə
iştirak edən həkimlərimiz öz təcrübə və
biliklərini artırmaq üçün yetərincə
faydalana bildilər. Əminəm ki, azərbaycanlı həkimlər
bu konqresə qatılmaqla kardiologiya və ürək-damar cərrahiyyəsi
sahəsində çox ciddi biliklər əldə etmiş
oldular və burada qazandıqları təcrübələri
öz gündəlik praktik işlərində tətbiq edə
biləcəklər. Bu isə respublikamızda kardiologiya və
ürək-damar cərrahiyyəsi işinin daha yüksək səviyyəyə
qalxmasına səbəb olacaqdır.
Yeri gəlmişkən,
konqresin başqa bir üstün cəhətini də qeyd etmək
istərdim. Tədbir çərçivəsində biz
qonaqlar üçün sosial proqram da
hazırlamışdıq. Buraya dənizkənarı Milli
parkda gəzinti, tariximizin daş yaddaşı olan İçərişəhərə
səyahət, eləcə də, gəmi ilə dəniz səyahəti
daxil idi. Qonaqlar Xəzər dənizindən
günü-gündən inkişaf edən gözəl
Bakımızı seyr etməkdən, xüsusən də onun
gecələr valehedici gözəlliyindən doya bilmirdilər.
Tam əminliklə deyə bilərəm ki, xarici ölkələrdən
gəlmiş mütəxəssislər, buradan Azərbaycan
kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsinin
inkişafı haqda məlumat almaqla yanaşı, Azərbaycandan
çox böyük təəssüratlarla ayrıldılar.
Belə ki, onlar dövlətin səhiyyə sisteminin
inkişafına göstərdiyi diqqət və qayğı
ilə bərabər, buradakı inkişafı, paytaxtda
aparılan böyük tikinti və quruculuq işlərini,
abadlığı, insanların firavan həyat tərzini
öz gözləri ilə görmüş oldular.
İnanıram ki, onlar öz ölkələrinə
qayıtdıqdan sonra Azərbaycan haqda, onun mədəniyyəti,
xalqı, adət-ənənələri, milli mətbəx
nümunələri haqda zəngin təəssüratlarını
öz ailələrində, dost-tanışları ilə
bölüşəcəklər, respublikamız haqda müsbət
fikirlər səsləndirəcəklər, həkim
olmalarına baxmayaraq, Azərbaycanın təbliğatçısına
çevriləcəklər.
- Kamran müəllim, əgər
ümumiləşdirmə aparsaq, konqresin faydasını necə
xarakterizə edərdiz?
- Bu suala birbaşa cavab vermədən
öncə bir haşiyə çıxmaq istərdim. Biz təşkilatçılar
üçün ən önəmlisi o idi ki, konqresə
dövlət tərəfindən xüsusi diqqət
ayrılmışdı. Və konqres
iştirakçıları bunun canlı şahidi oldular. Bu dəstəyin
bariz nümunəsi isə cənab Prezidentimiz İlham Əliyevin
təbrik məktubu idi. Səhiyyə nazirinin müavini Elsevər
Ağayev cənab Prezidentin konqres iştirakçılarına
ünvanladığı məktubu oxudu. Bu zalda olan hər bir
iştirakçını sevindirdi. Fürsətdən istifadə
edərək, cənab Prezident başda olmaqla, Səhiyyə
Nazirliyi, eləcə də, Xüsusi Tibb Xidmətinin rəhbərliyinə
dərin minnətdarlığımı bildirirəm. Məhz
onların dəstəyi ilə biz bu konqresi belə yüksək
səviyyədə təşkil edə bildik. Və əlbəttə
ki, cənab Prezidentin konqresə belə diqqət yetirməsi,
təbrik etməsi, bizi həm ciddi olaraq ruhlandırdı, həm
də bizə stimul verdi. Digər tərəfdən isə
üzərimizə çox ciddi məsuliyyətlər qoydu.
Odur ki, Azərbaycan kardioloqları olaraq, önümüzdəki
illərdə öz fəaliyyətimizi daha da yüksək səviyyəyə
qaldırmaq, respublikamızdakı kardiologiya və ürək-damar
cərrahiyyəsinin adını dünyayada daha çox
eşitdirmək üçün bir növ
özümüzü borclu hesab edirik.
O ki qaldı
sualınızın birbaşa cavabına,
düşünürəm ki, II “Bakı Ürək Günləri”
beynəlxalq konqresinin ən böyük faydalarından biri də
o oldu ki, biz Azərbaycan kardiologiyası və ürək-damar
cərrahiyyəsini dünyaya yetərincə təbliğ edə
bildik. Əminliklə qeyd etmək istərdim ki, mən Azərbaycan
kardiologiyası və ürək-damar cərrahiyyəsinin gələcəyini
çox parlaq görürəm. İnanıram ki, yaxın
beş ildə Azərbaycan kardiologiyası və ürək-damar
cərrahiyyəsi II “Bakı Ürək Günləri”
konqresindən sonra qədəm qoyduğu yeni keyfiyyət mərhələsində
çox ciddi nailiyyətlər əldə edəcək və
bu nailiyyətlər həm Azərbaycan səhiyyəsinə,
Azərbaycan kardiologiyasına, həm də dünya
kardiologiyasına ciddi töhfələr verəcək.
- Sizə gələcək
işlərinizdə uğurlar arzulayırıq.
- Mən də öz növbəmdə,
konqresə göstərdiyiniz diqqətə görə qəzetinizin
kollektivinə təşəkkür edirəm,
oxucularınıza isə sağlam həyat və
cansağlığı arzulayıram.
Yeni Azərbaycan.- 2011.- 18
may.- S.5.