“Eurovision-2011” mahnı müsabiqəsində
qələbəmiz xalqın təmsilçilərinin
gözü ilə
Millət vəkilləri bu qələbəni yüksək
qiymətləndirirlər
“Eurovision-2011” mahnı
müsabiqəsində Azərbaycanın qələbəsi
millət vəkilləri tərəfindən də
böyük sevinclə qarşılanır. Belə ki, Milli Məclisin
dünən keçirilən iclasında
çıxışlar, eləcə də, söhbət
etdiyimiz zaman millət vəkilləri bu sevinci bütün
ölkə vətəndaşları ilə
bölüşüblər.
Milli Məclisin sədri Oqtay
Əsədov bütün millət vəkillərini bu uğur
münasibətilə təbrik edib. Spiker bu hadisəni
bütün Azərbaycanın qələbəsi kimi dəyərləndirib.
Milli Məclis sədrinin
müavini Bahar Muradova da Eldar Qasımov və Nigar Cemalın
“Eurovision” yarışmasında qələbəsini Azərbaycanın
çox böyük uğuru kimi qiymətləndirib.
B.Muradova, eyni zamanda, bu hadisəni təkcə sənət,
musiqi sahəsində qazanılan uğur kimi deyil, Azərbaycanın
dünyada tanıdılması istiqamətində əldə
edilən bir nailiyyət olaraq hesab etdiyini bildirib. Onun sözlərinə
görə, Azərbaycanın ikinci dəfə müstəqillik
qazanmasından sonra bütün istiqamətlərdə - həm
siyasət, həm iqtisadiyyat, həm mədəniyyət sahəsində,
həm də başqa ölkələrlə
qarşılıqlı münasibətlər zəminində
atılan çoxsaylı addımların müsbət nəticələri
məhz bu qələbənin qazanılmasını təmin
edib. “Eyni zamanda, bu qələbəni Nigarla Eldarın da
özlərinin həm zahirən çox gözəl, cəlbedici,
həm çox səmimi və sərbəst olmaları, həm
də öz ifalarını maksimum peşəkarlıqla etmələrinin
nəticəsi hesab edirəm. Düşünürəm ki,
onların bu çıxışını təmin edən
komanda çox yaxşı işləyib, ona görə
İTV-nin, onun baş direktoru İsmayıl Ömərovun bu
sahədəki fəaliyyətini də xüsusi vurğulamaq
istəyirəm. Bununla yanaşı, bütövlükdə
Azərbaycan dövlətinin bu məsələyə ciddi diqqətini
və dəstəyini xüsusi qiymətləndirirəm” - deyə,
B.Muradova qeyd edib. Vitse-spiker hesab edir ki, bu, bütövlükdə
Azərbaycanın, xalqımızın və dövlətimizin
uğurudur. “Bu hadisə bütün dünya azərbaycanlılarının
Azərbaycan adı, dövləti ətrafında birləşməsinə,
vahid məqsədlər uğrunda toparlanmasına çox
ciddi bir təkan olacaq və bizə belə ardıcıl qələbələr
çox lazımdır. Biz bu qələbələri bundan əvvəl
idmanda və digər sahələrdə çox
qazanmışıq, indi isə bu bizim növbəti-musiqi sahəsində
uğurumuzdur” - deyə, o, bildirib. Vitse-spiker deyib ki,
qarşıdakı 2012-ci il bütövlükdə dünyada
Azərbaycanın bu işi təşkil etməsi ilə əlaqədar
tanınmasına, daha çox ölkəmiz barəsində
müzakirələrin aparılmasına və Azərbaycanın
bu işi çox yüksək səviyyədə təşkil
edəcəyindən sonra onun haqqında nəzərəçarpacaq
rəylərin formalaşmasına kömək edəcək.
“Bir sözlə, bu çox gözəl uğurdur, sevinirəm,
hər birimizi, xalqımızı təbrik edirəm və
qürur hissi keçirirəm” - deyə, vitse-spiker bildirib.
Yeni Azərbaycan
Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət
vəkili Əli Əhmədov isə hesab edir ki, Azərbaycanın
“Eurovision” mahnı müsabiqəsində qalib gəlməsi
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərin dünyaya
çatdırılmasına da xidmət edəcək. Əli Əhmədov
deyib ki, “Eurovision” müsabiqəsindəki qələbə Azərbaycanın
böyük uğurları içərisində əhəmiyyətli
mərhələ kimi qeyd oluna bilər: “Azərbaycan
ifaçılarının yüksək
professionallığı qeyd olunmalıdır. O ki qaldı
ayrı-ayrı ölkələrin Azərbaycana
simpatiyasının özünü göstərməsinə,
hesab edirəm ki, bu, qürur hissi ilə bildirilməlidir”.
YAP-ın Sədr
müavininin fikrincə, mahnı müsabiqəsində qələbənin
təmin edilməsinin başlıca faktoru Azərbaycan,
xalqın mədəniyyəti, ölkə təmsilçilərinin
ifası, həmçinin, Azərbaycanın olduğu kimi
dünyaya, Avropaya təqdim edilməsidir: “Bəzi hallarda ikili
standartlar mövqeyindən yanaşırlar. Bunu qəbul
etmirik. Bunun ziyanlı olduğunu dəfələrlə
demişik. Azərbaycanın Avropa müsabiqəsində qalib
olması onu göstərdi ki, sadə insanlar, sadə
avropalılar Avropanın bir sıra siyasətçilərindən
daha ədalətli və daha obyektivdirlər”.
Əli Əhmədov
müsabiqədən ortaya çıxan digər nəticələrdən
də danışıb: “Avropalılar və dünya Azərbaycan
mədəniyyəti ilə yanaşı, onun gerçəkliklərinin
nədən ibarət olması barədə də məlumatlanmaq
imkanı qazandılar. Bu, əhəmiyyətli məqamdır.
Azərbaycanın hər bir uğuru ölkəmizin
qarşısında duran problemlərin, o cümlədən,
Dağlıq Qarabağ probleminin həll olunmasına müəyyən
qədər kömək göstərə bilər. Hesab edirəm
ki, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ədalətli mövqeyin təqdim edilməsində
bu qələbənin müsbət əhəmiyyəti olacaq”.
Milli Məclisin Sosial siyasət
komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, “Eurovision”
mahnı müsabiqəsində Azərbaycanın qalib gəlməsi
qürur doğuran hadisədir. Bu, bütövlükdə Azərbaycan
xalqının, dövlətinin qələbəsidir və
şübhəsiz ki, bu qələbənin əldə
olunmasında xidməti olan hər kəsin qələbəsidir.
“İlk növbədə, bu qələbəni Azərbaycan
xalqına daddıran bizim gənc ifaçılar Eldar və
Nigarın uğurudur. Bu, Azərbaycan Prezidentinin gənclərin
inkişafına, mədəniyyətimizin inkişafına
xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Bu, həmçinin, Heydər Əliyev Fondunun, Gənclər və
İdman Nazirliyinin, İctimai Televiziyanın uğurudur. Təbii
ki, Azərbaycanın musiqisinin, incəsənətinin dünya
dövlətləri tərəfindən yüksək qiymətləndirilməsi
xalqın nə qədər yüksək mədəniyyətə
malik olduğunu göstərirsə, digər tərəfdən,
Azərbaycan dövlətinin beynəlxalq aləmdə
mövqeyi, imici ilə bağlıdır. Bu uğur, eləcə
də, Azərbaycanın xarici siyasətinin böyük
uğuru kimi qiymətləndirilməlidir. Artıq
bütün dünya neçə gündür ki, Azərbaycandan
danışır. Bir il ərzində “Eurovision” mahnı
müsabiqəsində iştirak edən dövlətlərin
diqqəti Azərbaycanda olacaq.
Azərbaycana dünyanın hər yerindən insanlar
axışıb gələcəklər, bir daha ölkəmiz
özünü dünyaya təqdim etmək imkanı qazanacaq.
Azərbaycan dünyaya özünün mədəniyyətini,
mətbəxini, milli mentalitetini təqdim edəcək və
Azərbaycanın necə bir dövlət olduğunu dünya
görəcək. Bu mənada bu qələbə böyük
uğurdur. Hesab edirəm ki, bu, Azərbaycanın qələbələrinin
başlanğıcıdır, bundan sonra bizim idman, incəsənət,
ictimai-siyasi həyatımızın digər sahələrində,
o cümlədən, hərbi sahədə də qələbələrimiz
olacaq” deyə M.Quliyev vurğulayıb.
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri Nizami Cəfərov isə deyib ki,
“Eurovision - 2011” mahnı müsabiqəsində ölkəmizin
təmsilçilərinin qələbəsi
bütövlükdə Azərbaycan mədəniyyətinin
uğurudur. N.Cəfərov bildirib ki, son illər ölkəmizdə
mədəniyyət və incəsənət sahəsində
ciddi nailiyyətlər qazanılmaqdadır. Onun sözlərinə
görə, dövlətimiz bu sahələrin
inkişafına xüsusi diqqət yetirir. “Bu gün Azərbaycan
digər sahələrdə olduğu kimi mədəniyyət
sahəsində də dünyada öz sözünü deməkdədir.
“Eurovision -2011” mahnı müsabiqəsindəki qələbəmiz
çox böyük hadisədir. Bu uğur Azərbaycanın
Avropada nüfuzunu xeyli artıracaq. Hesab edirəm ki, 2012-ci ildə
bu nüfuzlu musiqi yarışmasının ölkəmizdə
keçirilməsi də Azərbaycanın dünyada təbliğ
olunmasında ciddi rol oynayacaq” - deyə komitə sədri
vurğulayıb.
“Şübhəsiz ki, mən
Azərbaycan təmsilçilərinin “Eurovision” mahnı
müsabiqəsindəki nəticələrini yüksək
qiymətləndirirəm. Çünki bu qələbə həm
də Azərbaycanın dünya miqyasındakı yerini bir
daha göstərdi”. Bu sözləri isə Milli Məclisin Mədəniyyət
komitəsinin üzvü, Bakı Slavyan Universitetinin prorektoru
Sahibə Qafarova söyləyib. Onun sözlərinə görə,
əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilən Azərbaycanın mədəniyyət
siyasəti ümumbəşəri mənəvi dəyərlərlə
zəngin olan milli mədəniyyətimizin inkişafına
çox böyük töhfələr verib: “Siyasi, iqtisadi,
sosial sahələrdə əldə olunmuş böyük
nailiyyətlər mədəniyyət sahəsində də
effektiv tədbirlərin görülməsinə, inkişaf
meyillərinin yaranmasına stimul verib. Biz bunu son illər
atılmış addımlarda və əldə edilən
çoxşaxəli nailiyyətlərdə dəfələrlə
görmüşük. lEurovision»dakı qələbə isə
bunların zirvəsidir”.
O, daha sonra deyib ki, təmsilçilərimizin
belə yüksək nəticə əldə etməsinin
kökündə çox böyük əmək, zəhmət
dayanır: “Sadəcə 4 dəfə
qatıldığımız bir yarışda birincilik qazanmaq
asan başa gələn uğur deyil. Burada təbii ki, müxtəlif
faktorların rolu olub. Amma ən böyük rolu şübhəsiz
ki, Azərbaycan dövlətinin mədəniyyətə, gənclərə
yüksək diqqət və qayğısı, bu beynəlxalq
müsabiqəyə hazırlıqla bağlı görülən
işlər oynayıb. Bu mənada ölkəmizin birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
xidmətləri xüsusi təqdirəlayiqdir”.
S.Qafarova deyib ki, bu cür böyük nailiyyətlərdən sonra Azərbaycan mədəniyyətinin daha uca mərtəbələrdə qərar qılacağını söyləyə bilərik: “İndi bizim üçün daha məsuliyyətli bir dövr başlayır. Gələn il paytaxtımızda keçirələcək müsabiqəyə Azərbaycanın yüksək səviyyədə hazırlaşacağına, ən yaxşı şəkildə bu müsabiqəyə ev sahibliyi edəcəyinə heç kəsin şübhəsi yoxdur. Bu isə Azərbaycanın daha geniş arealda təbliğ olunacağına, mədəni dəyərlərimizin Avropada daha yaxşı səviyyədə tanıdılacağına dəlalət edir”.
Bu müsabiqədə ölkəmizə böyük qələbə qazandıran təmsilçilərimizdən biri olan Eldar Qasımovun Bakı Slavyan Universitetinin magistri olduğunu xatırladan S.Qafarova əlavə edib ki, universitetin kollektivi onun bu möhtəşəm qələbəsindən böyük qürur hissi keçirir: “Amma hesab edirəm ki, bu gün Eldar və Nigarla təkcə Bakı Slavyan Universitetinin çoxminli kollektivi deyil, bütün Azərbaycan xalqı haqlı olaraq fəxr edir. Çünki onların qələbəsi Azərbaycan dövlətinin, Azərbaycan xalqının böyük qələbəsi, uğurudur”.
Millət vəkili Sahib Alıyev isə bildirib ki, düşmənlərimizi neytrallaşdırmaq siyasəti bu gün uğurla həyata keçirilir: “Yəqin, izləyənlər bilirlər, erməni saytlarında “Eurovision” yarışmasında yaşananları az qala milli faciələri kimi qiymətləndirərək buna iki Azərbaycan musiqiçisinin uğurundan daha çox iki ölkə arasında gedən ideoloji savaşda diaspor ilə iş məsələsində Azərbaycanın Ermənistanı üstələməsi kimi yanaşırlar”.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev də bu hadisəni Azərbaycanın böyük qələbəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanın birincilik əldə etməsi erməniləri bərk dilxor edib. Millət vəkili qeyd edib ki, gələn il müsabiqənin Azərbaycanda keçirilməsi Qarabağ problemini dünyanın diqqətində saxlamaq üçün ciddi imkandır. “Əminəm ki, gələn il Azərbaycanda “Eurovision” müsabiqəsi çox gözəl təşkil olunacaq” - deyə, Q.Həsənquliyev qeyd edib.
Millət vəkili Jalə Əliyeva da bildirib ki, “Eurovision” mahnı müsabiqəsində qazanılan uğur xalqımızın möhtəşəm qələbəsidir. O əmin olduğunu bildirib ki, Azərbaycan belə qələbələrin təntənəsini Qarabağda, Cıdır düzündə də yaşayacaq.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2011.- 18 may.- S.6.